Ana Sehife Secilmislere elave et E-mail

© 2007-2022 Bütün
 hüquqlar qorunur


ejderol@rambler.ru


Saytın yaradılması və dəstəyi: «AzeriArt.Net ™» studiyası

Powered by Retro SaytAzeriArt.Net ™



XƏBƏRLƏR


 Əlirza HƏSRƏT - BURAXMADILAR

17.05.2023

(Şair Əjdər Olu azadlıqda görmək arzusuyla)

İçimdə kükrəyən doluyam, qaram,
Divanə ney kimi sızlayır yaram.
Xəbərin oldumu, Ağalar Bayram,
Yenə Əjdər Olu buraxmadılar.

Keçdi,dayanmadı ümid qatarı,
Neynirlər budaqdan kal düşən barı?
Görəsən bildimi "şair dostları",-
Yenə Əjdər Olu buraxmadılar.

Əl-ayaq soyudu əkin-biçindən,
Bir durna ayrılıb qərib köçündən.
Qazamat od tutub yanır içindən,
Yenə Əjdər Olu buraxmadılar.

Nağıl qurtarmamış düşdü alması,
Yamandır dibçəkdə gülün solması.
Dəhşətdir şairin dustaq olması,
Yenə Əjdər Olu buraxmafılar.

Ov perik düşübsə, ovçu çoxalıb,
Yalançı çoxalıb, gopçu çoxalıb.
Bəlkə aramızda qoçu çoxalıb,
Yenə Əjdər Olu buraxmadılar.

Zəvvarı gəlməyən ocaq,pir yetim,
Açanı yoxdursa, demək sirr yetim.
Neyləsin bu qələm, bu şeir yetim,
Yenə Əjdər Olu buraxmadılar.

...Ədalət qələbə çalacaq sonda,
Günəş parladıqca, açılar don da.
Əlirza, gün gələr demərik onda,
Yenə Əjdər Olu buraxmadılar…


 Əjdər Olun "Kan İşığı" romanının 2-ci nəşri gerçəkləşib

17.05.2023

Tanınmış yazar Əjdər Olun "Lo" romanı türk dilinə tərcümədə "Kan işığı" adı altında 2-ci dəfə 2023-cü ildə nəşr olunub.

 

 

 

 


 Zəhirəddin Məhəmməd Baburun rübailəri ilk dəfə ana dilimizdə

17.05.2023

Şair və nasir Əjdər Olun tərcüməsində Monqol (Moğol) imperiyasının qurucusu, görkəmli sərkərdə və şair Zəhirəddin Məhəmməd Baburun (1483 - 1530) “Rübailər” kitabı bu günlərdə işıq üzü görüb.
Özbək dilindən çevrilən 140 lirik rübainin toplandığı kitabın baş redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair Səlim Babullaoğludur.
Z.M.Baburun anadan olmasının 540-cı ildönümünə həsr olunan kitab AYB-nin təşkilatçılığıyla “Yeni DƏB” seriyası çərçivəsində “Mücrü” nəşriyyatında çap olunubdur.
Daha öncə Əjdər Olun tərcüməsində “Latış xalq nağılları” (1990 və 1998), “Qumuq atalar sözləri” (2000), Maqvala Qonaşvilinin şeirlərindən ibarət “Məndən arxayın olun” (2009), Səid Faiq Əbasıyanığın iki hekayə kitabı (“Bir yaz hekayəsi” və “Sakarya balıqçısı”) kitabları nəşr edilibdir.


 Səid Faiq Əbasıyanığın hekayələri Əjdər Olun tərcüməsində çap olundu

17.05.2023

Şair və nasir Əjdər Ol tərcümə sahəsində də uğurla çalışır. 2021-ci ildə “Alatoran yayınları” onun dilimizə çevirdiyi iki hekayə toplusunu çap edib. Onu da vurğulayaq ki, müvafiq olaraq 21 və 22 hekayənin yer aldığı “Bir yaz hekayəsi” və “Sakarya balıqçısı” kitablarının nəşri Türkiyə Cümhuriyyəti Kültür və Turizm Bakanlığı tərəfindən, habelə türk ədəbiyyatının dünyada təbliği üçün qurulan TEDA qurumu tərəfindən dəstəklənibdir.
1906-1954-cü illərdə yaşamış Səid Faiq Əbasıyanıq qələm dostu Ömər Seyfəddin ilə birlikdə türk ədəbiyyatında lirik-psixoloji hekayə janrının tanınmış ustası sayılır. Öz qələmini şeir, roman, publisistika və tənqid sahələrində sınasa da, S.Faiq milli ədəbiyyat tarixində məhz hekayə ustası kimi qalacaqdır.
İndiyədək onun ayrı-ayrı hekayələri dilimizə çevrilib. Əjdər Olun tərcümə etdiyi kitablar sözügedən yazarın ümumi sayı 11-ə çatan hekayə kitablarından sadəcə ikisidir və inanırıq ki, bu sahədə işlər ardıcıl şəkildə davam etdirilərsə, böyük ustadın digər qısa nəsr topluları da tezliklə Azərbaycan oxucusuna təqdim edilə bilər.


 Əjdər Olun məşhur kitabı İranda çap olundu

20.09.2022

Tanınmış yazar Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabı İranda çapdan çıxıb. Kitabı fars dilinə Əli Nuruş (Çağlar) tərcümə edibdir. Sözügedən kitab 2004-cü ildə “Çaşıoğlu”, 2015-ci ildə nisbətən işlənmiş və genişlənmiş versiyada “Qanun” nəşriyyatında çap olunub. 2016-cı ildə isə həmin kitab Səyavuş Məmmədzadənin tərcüməsində Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatı tərəfindən rusdilli oxuculara təqdim edilib. Kitab “Azərbaycan fıkraları” adı ilə 2014-cü ildə İmdat Avşarın çevirişində İstanbulda işıq üzü görübdür. Kitabda Azərbaycanın əsasən ötən yüzildə yaşayıb-yaradan və kifayət qədər böyük ictimai-siyasi nüfuza malik şəxsiyyətləri (dövlət xadimləri, alimlər, yazıçılar, rəssamlar və digər incəsənət nümayəndələri) ilə yanaşı, sadə insanların həyatı ilə bağlı dodaqqaçıran canlı lətifələr, əhvalatlar və sərrast deyimlər yazıya alınıbdır