Ana Sehife Secilmislere elave et E-mail

© 2007 Bütün
 hüquqlar qorunur


ejderol@rambler.ru


Saytın yaradılması və dəstəyi: «AzeriArt.Net ™» studiyası

Powered by Retro SaytAzeriArt.Net ™


HAQQINDA


İsmayıl Şıxlı
Xalq yazıçısı


“Poeziyamıza təzə nəfəs gətirən Əjdər Cəbiyevin (Əjdər Olun red.) və Namizəd Xalidoğlunun yaradıcılığı üçün obrazlılıq, duzlu dil, şeirdə ənənələrin yeni formalarla möhkəm bağlılığı səciyyəvi haldır.”
“Gənc yazıçıların Şüvəlanda keçirilən yaradıcılıq seminarı” məqaləsindən

Nəbi Xəzri
Xalq şairi


Bu gün gözəl dəstxətləri olan şairlərimiz daha çoxdu... Əjdər Olun şeirləri zövqümü oxşayır.

Fikrət Qoca
Xalq şairi


Əjdər Olu mən tanıdığım on beş ildən artıq olar. Tanıdığım gündən də onun istedadına inanmışam. Bu gün də inanıram, inanıram ki, ömrün son anına kimi yeni nəfəsini, özünəməxsus yazı üslubunu qoruyub saxlayacaq. Bu kor-koranə inam deyil. Hər şeyin əsası olduğu kimi inamın da gərək bir əsası olsun. Yoxsa mənim bu söylədiklərim könül görmək üçün deyilmiş əsassız tərif olardı.
Mən ədəbiyyat aləmində Əjdər kimi dostlarımı xatırlayanda özümü gümrah hiss edirəm. Mənə bu hissi keçirməyə imkan yaratdığına görə Əjdər Ol deyirəm, həmişə ol. Həmişə sağlam ol.

Fikrət Sadıq

Bu şairin imzasını ilk dəfə görəndə mən istər-istəməz dedim Əjdər Ol doğrudan da şeirimizə od-alov gəldi. Lo gəldi. Qədim gəraylımızı sındırıb bugünləşdirdi. Mahnıya bənzəyən bir zərifliyə bürüdü şeirimizi. Öz şeir dili, sadəliyi, səmimiliyi var Əjdər Olun. Deyir cəsur olun, igid olun, Əjdər olun.
Söz ən qədim silahdır. Sözlə silahlanın, sözü hədəfə düz atın.
Əjdər Ol bir də yığcamlığı, bədii təsvir vasitələrinin təzəliyində özünü tanıtdı. Kitablarını bəyənirəm. Gördüyü işləri də! Gənc istedadları axtarıb tapır. Onlara qayğı göstərir. Elə təkcə buna görə də o, çörək tapacaq. Şeir də yazacaq.
Mən ona şeirdə, həyatda uğurlar arzulayıram.
Günü-gündən Günəş nurundan içib, işıqlı şeirlər yazsın, dostlarını və oxucularını, elini-obasını sevindirsin.


Nüsrət Kəsəmənli
OL!


Bu, tanrının əmridir. Bir «Ol!» kəlməsiylə bəşəriyyəti yaradan Allah sevdiyi, seçdiyi bəndələrinə də yəqin ki, hələ ana bətnində olanda «Şair ol!» nidasını eşitdirmişdir. Elə həmin andan başlayan, sehirli bir qaranlıqdan keçən yol Dünya nuruna atılandan sonra hamının həsrətinə, intizarına, mübarizlik ruhuna şərik doğulur.
«Ol» - sədasını eşidənlər hamı kimi doğulsa da hamı kimi böyümür, hamı kimi ağlasa da, hamı kimi düşünmürlər.
Əjdər Olu tanıdığım gündən şair olduğuna inanmışam. Dünyanın məlum mənası onun yazılarında yeni mənalar kəsb etməyə başladı. Şairin «ayaqları ürəyini bir cüt oğrutək, fikir dustağı başına əlləri çörək, gözündən qaçan yuxularını isə kəpənəklər aparmağa başladı»…
«OL!» sözü sənə nəsib olub, Əjdər. Kim olursan ol, istər şair, istər rəssam, istər bəstəkar. Amma özün ol. Yəni – Əjdər Ol!
Belə də var…


Adil Cəmil

Mən Əjdər Olu illər ərzində «bir bayraqlı», bir üzlü, bir sözlü söz adamı kimi tanımışam.

 

Vaqif Yusifli
tənqidçi


Ümumiyyətlə, bir şair kimi Əjdər hansı hisslərlə yaşayır? Qısaca olaraq belə izah edə bilərik: Əjdər özü ilə dünya, ətraf mühit, cəmiyyət, real varlıq arasında münasibəti müəyyənləşdirməyə çalışır. Öz taleyinin, daha doğrusu, damcının və qətrənin dünya və cəmiyyət nəhrində izini hiss eləmək, ömrünün mənasını aydınlaşdırmaq istəyi onun şeirlərinin başlıca motivləridir. Şair həddindən artıq narahatdır və biz onun narahatlığını yaxşı başa düşürük: o, taledən beş can istəyir:, çünki öz «yarıcanı» istəklərinə yetə bilmir.


Əli Əmirli
yazıçı-dramaturq


Həyatın bir üzünə çox tez bələd olmuş şairin «Nə az, nə çox, vur-tut on beş yaşında, Dünya mənə xeyli köhnə göründü» misralarını oxuyanda bir daha əmin oldum ki, Əjdərin yaradıcılığı həqiqətin özünə çox oxşayır, onun şeirləri də dünyanı çox erkən dişinə vurub, bərkliyini-boşluğunu dişində yoxlayıb. Yaxşı ki, bu gərdişdə o, qüvvətli çıxıb, şikayəti, giley-güzarı yaxına buraxmayıb, özünün dediyi kimi «dərdlərini yaxşı çəkir», sızıldamır, bunu şeirlərinə də rəva bilmir, yəqin elə buna görədir ki, onun ilham pərisi dipdiri şeirlər gətirir poeziyamıza…

Ağalar Bayramov
Əməkdar artist



Repertuarımda şair dostum Əjdər Olun vətənlə bağlı şeirləri də vardır. İrili-xırdalı bütün auditoriyalarda Əjdərin «Can Azərbaycan» şeiri ilə özümü güclü və arxalı hiss eləyirəm.


Arif Əmrahoğlu
tənqidçi

İçi olmayan, yaxud da olan içini görməyən çölündə qüsur tapmaqla çölündən utanar.
İçini görən, içindən artıq görünməyə çalışmayan zat isə nə çölündən, nə də özündən utanar. Xüsusən də sənətkar. Sənətkar əsərində, içi ilə çölü eyniləşən, bütövləşən yaradıcılıq məhsulunda gözəldir. Onun gözəlliyi özü olmağındadır. Sənətkarda mən özümü görüb tapanda, içimə bələdəmsə, əsəri vasitəsilə yenidən özümlə tanışlığıma ehtiyac, həvəs qalmır. İşıqlı dünya ilə birgə yaranmış bəzi həqiqətlərin inkarından başqa əsərində bütün məsələlərə orijinal, hətta mümkün yalnış münasibətləri ilə birlikdə özü görünən sənətkar sənət üçün də, adi oxucu üçün də daha maraqlıdır.
Əjdər Olu mən belə tanıyıram: öz sözünü özü bildiyi, istədiyi, bacardığı kimi deyən, hətta çoxları üçün gözlənilməz dərəcədə fəqli bildirməkdən çəkinməyən şair kimi – öz Sözündən utanmayan şair dostum kimi.


Tofiq Nurəli

Əjdər Ol bütün parametrlərilə mənsub olduğu ədəbi nəslin layiqli təmsilçisidir. Ən öndə gedənlərindəndir…

 

Vaqif Bəhmənli
... Oldur


Qəribədir, təxminən iyirmi illik dostum, istedadlı şair Əjdər Olun bir çox şairlərdə rast gəlinən sadəlövh, o qədər də ciddi poetik məna daşımayan, «ilk qələm təcrübəsi» deyilən şeirlərini xatırlamıram. Əksinə o, ədəbiyyata lap gənc yaşından mükəmməl və peşəkar şair kimi gəlib. Bəlkə də Əjdərin «ilk qələm təcrübələri» olub, var. Görünür, şair qardaşımda hər zaman bəyəndiyim hədsiz məsuliyyət duyğusu onu oxucuyla ala-yarımçıq, tələm-tələsik görüşdən saxlayıb.
Əjdər Olun kitablarını, mətbuatda dərc olunmuş silsilə şeirlərini maraqla oxuyub bəyəndiyimi etiraf etməyə borcluyam.
Hər dəfə Əjdərin şeirlərini, hətta ən kədərli şeirlərini oxuyanda, nədənsə ürəyim yüngülləşir, ovqatım durulur.
Əjdərin şeirlərində adi, eyni zamanda təbii insan danışığının intonasiyası var, başqa sözlə bu şeirlər məhz adam dilindədir.
 


Ələkbər Salahzadə

Əjdər öz səsi, öz nəfəsi olan, başqalarına bənzəməyən, iddiasız, özünü gözə soxmayan şairlərdəndir. Təbii, səmimi şeirləri həm xalq yaradıcılığı axarında, həm də çağdaş nymunələrin istiqamətindədir. Təvəzökar, yaşıdlarının təbliğinə ürəkdən, böyük şövqlə qoşulan, dost sevincini öz sevinci, kədərini öz kədəri sayan həssas bir insandır. «Ədəbi klub»dakı fəaliyyəti onu ədəbiyyatımıza canıyanan bir yazı adamı, vətəndaş kimi səciyyələndirməyə kifayətdir.


Əlisəmid Kür

Səhrada bitən çiçəyi döşə taxmırlar, heç onu görən olmur. İllah da ki bu çiçək gecələr aça…
Əjdər Ol özü kimi olub həmişə, çoxları ya onu görmək istəməyiblər, ya da əllərini üzlərinə tutub mən səni görmürəm deyiblər. Onu görmək, ətrini duymaq üçün gərək poeziya ilə nəfəs alasan.
Əjdər Olun şeirləri səhrada gecə açan çiçəklər kimidir. Gecə açan çiçəkləri çoxumuz görmürük. Bu aran balası dağı-daşı da, çəməni-gülü də, göy üzü kimi aydın görür, adamı isə yeddi arxa dönənini tanıyan kimi iliyinə qədər tanımağa çalışır, bir kəlmə danışmadan sakitcə öz işini görür, yəni taleyin ona bəxş etdiyi qismətə arxa çevirmədən qarışqa əzabı ilə POEZİYAMIZIN bir zəhmətkeşi olaraq qalır. Və indi mənim bu sözlərimə dodaq büzənlər neçə illərdən sonra (Əlisəmid Kürün diaqnozu həmişə dəqiq olur) dilimdən çıxan kəlmələrin həqiqət olduğunu görəcəklər.


Ağacəfər Həsənli

İnsanın rəngarəng daxili dünyası, mənəvi saflığı ilə bütövlüyü, tarixə səyahəti, ətraf aləmə özünəməxsus baxışı, nifrəti, sevgisi bütün çılpaqlığı ilə Əjdər Olun şeirlərinin ruhuna hopub.


Sabir Sarvan

Əjdər Ol bizim nəslin içində öz dəsti-xətti ilə seçilən və sevilən şairlərdəndir. Ən yaxşı cəhəti isə «sənət sərçələri»nin arxasınca nə deməsinə fikir vermədən, məhəl qoymadan arı kimi öz işini görməsidir.


Qardaşxan

Şair dostum Əjdər Ol, şübhəsiz, sözün qədir-qiymətini biləndir, ciddi qələm sahibidir. O, şeirdə hələm-hələm mövzuya girişməz, girişdisə o mövzu mütləq poetik həllini yüksək şəkildə tapmış olacaq.
 Rafael Hüseynov
filologiya elmləri doktoru,
professor

ƏJDƏR OLMAQ
(Əjdər Olun “Könül vuruşu” kitabına ön söz)


Günlərin birində Namiq Abdullayev vəfat etdi.
Dərdli bir həyat bitdi.
Sahibinin çoxdan arzuladığı ölüm gəlib illərdən bəri həsrətlə onu gözləyən qurbanını apardı.
Namiq müəllim yazıçıydı, yüksək istedad sahibi idi, çox bilən və əqidəsi saf ziyalı idi, pak bir varlıq idi, uşaq kimi xıltsız idi və ömrü boyu o qədər içmişdi ki, onun mənəvi ləkəsizliyinə vücudunun spirtlə yuyulub arıtlanmış sterilliyi, təmizliyi də qovuşmuşdu.
Yaradıcılıqda özünə də, başqalarına da çox ciddi, tələbkar Namiq müəllim nisbətən cavan yaşlarında «Balaca Kiberin macəraları» adlı fantastik povest yazmışdı, kitab çıxmışdı, bəyənilmişdi, ancaq yazıçı sonra uzun illər susmuşdu, özünü elmi fantastikaya həsr etməyi qərara aldığından çoxlu mütaliə etməyə başlamışdı.
Ahıl yaşlarında çoxillik öyrənişlərinin və düşüncələrinin yekunu olaraq bir kitabı da çıxdı. Misilsiz fantastik hekayələr toplusu idi bu. Lakin artıq o vaxtlar yazıçının ömrü xeyli vardı məhvərindən çıxmışdı. O, evsiz-eşiksiz, ailəsiz, geyim-keçimsiz, pulsuz idi. Laübalı yaşayırdı. Elə bil özü də hansısa fantastik aləmdən qopub gəlmiş sirli bir məxluq idi.
Heç unutmaram. Hələ o, son kitabının çıxmasından xeyli əvvəl – 1984-cü ilin qızmar avqust günlərindən birində onunla səhər tezdən, işin başlamasına xeyli qalmış Telestudiyanın həyətində rastlaşdım.
Bir az pərişan, bir az hirslə ötən gecə başına gələni nağıl elədi: «Gecə dəniz vağzalının yanında skamyada yatmışdım. Milis gəlib oyatdı ki, dur get burdan. Dedim axı orda it yatıb, ona heç nə demirsən, məni niyə qovursan? Qayıtdı ki, onun sənə dəxli yoxdur, o itdir.»
Və ürəyində kin-kudurət, intiqam hissinin yoxluğuna inandığım Namiq müəllim ona xas olmayan və məni təəccübləndirən sözlər dedi: «Mən bunun hayıfını mütləq alacağam!.»
Və qisasını aldı Namiq müəllim.
O gecə onu dəniz vağzalındakı skamyada yatmağa qoymayıb qovan milisdən yox.
İtdən!
Bir hekayə yazdı. İti döndərib adam elədi. Adama çevrilmiş itin başına heyvanlardan qat-qat qəddar adamların arasında nələr gəldiyini təsvir elədi. İtə adam olub adamlar arasında yaşamağın nə müsibət olduğunun əzabını «başa saldı».

Nə səs olur olsun, gecə keçəndə
Deyirsən hənirdir,
Xoşuna gəlir.
Olmuş əhvalat tək qərib gecən də,
Elə hey təzədən başına gəlir.


Kimsəsiz, səs-səmirsiz gecələrin tənha adam üçün nə zillət olduğunu son dərəcə sərrast təsvir edən bu misralardakı şeiriyyət bir yana, bu anda mənim üçün həmin sətirlərin bir başqa qiyməti onların Namiq Abdullayevə həsr olunmasıdır.
Hamı üçün gündüzün davamı və sonu olan gecələr məhz Namiq kimi faciəvi insanlar üçün adicə saat, vaxt hadisəsi deyil. Doğrudan da bu sətirlərdə şairin tam haqlı və dəqiq söylədiyi kimi Namiq kimi adamların başına hər gecə sanki hər dəfə qəfildən gəlir. Təkliyi xüsusi vurğulayan, bütün əyaniliyi ilə ortaya qoyan qaçılmaz bir bəla kimi təzədən gəlir.
Və o təkliyin, qulaq cingildədən, ruhu üşəndirən sükunətin içində ən eybəcər səsdə həyatı yada saldığı üçün, səni müdhiş yalqızlıqdan xilas etdiyinə görə doğma görünür.
Dünya köhnə dünyadır və bir zamanlar üzücü gecələrin pəncəsində qıvrılan, yeganə həmnəfəsinin öz «ah»ları olduğunu qəmli Füzuli də yanıqlı misralarıyla anlatmışdı…
Dünya başına dar gələn, bu dar aləmə sığmayan, ölüm diləyən Namiq Abdullayevə «O biri dünyadan əl çək» şeirini Əjdər Ol yazıb.
Namiq Abdullayevin sağlığında yazıb.
Və «sağlıq dostuna» artıq onun sağ olmadığı və daha sağlığına sağlıqlar demək də, onu ölüm arzularından çəkindirmək mümkünsüz olduğu vaxtlarda – Namiq Abdullayev dünyadan köçəndən sonra – Əjdər Ol bir şeir də yazıb.


Yasına gələnlərin hamısı
Sağlığında səndən qaçırdı.
Qəribədir, xətrinə dəymirdi
Bu, səni açırdı.


Düppədüz yazıb. Bu müşahidəsi də dəqiqdir şairin.
Namiqin yasına sağlığında ondan qaçanların yığıldığını seçdirməsini, düz tapmasını demirəm. Bunu hər tanıyan müşahidə edə, yaza bilərdi. Amma Əjdərin müşahidəsinin sərrastlığı, bu müşahidədəki əsl şeir – həyat acısı odur ki, o mənzərəni Əjdər Namiqin gözüylə görə bilib.
Həqiqətən Namiq müəllim ona üstən aşağı, hərdən ikrahla baxan, onu görməməzliyə vuran tanışlarından inciməzdi və yasında hansı möcüzəyləsə dirilib söz demək imkanı olsaydı, onları indi özü olmayanda gəlmələrinə görə riyakarlıqda ittiham etməzdi, qınamazdı. O, həyatı da, insanı da tanıyırdı və olduğu kimi də qəbul edirdi.
Onun dünyada, insanlarda nəyisə dəyişməyə nə heyi vardı, nə həvəsi.
O, mübariz deyildi.
O, alim xislətli, dərviş təbiətli nurlu bir kimsə idi. Cavanlığından öz içərisindəcə qocalmış, piraniləşmiş məxluq idi.
Əjdər nə qədər düz deyir – öz yasında ruhu ilə yox, elə vücudu – gendən səfil təsiri buraxan görkəmi ilə iştirak edə bilsəydi, Namiq Abdullayev özünü məhz bu cürə aparardı:

Bir kimsəyə baxmadan
ehsanından yeyirsən.
Arabir də lələşinə göz vurub,
Xəlvət-xəlvət yüz vurub
Özün-özünə rəhmət deyirsən.


Əjdər Olun təzə kitabına ön söz başlayarkən Əjdəri və şeirlərini bir kənara qoyub ayrı mətləblərdən, ayrı yaradıcıdan bəhs etdiyimçün qınamayın.
Mənim nəzərimdə şeir odur ki, o sözə dönməzdən, şairin içərisindən qələminə çatmazdan öncə onun ürəyini qanadır.
Əjdərin zahirən ən fərəhli, ən qüssəsiz, lap şuxluq, məzə çökmüş şeirlərində də mən həmin şeir kağıza yetişənəcən çəkilmiş əzabın əks sədasını duyuram.
Ürəyi qanada-qanada yazılmış şeirlərin sayı çox az ola bilməz.

Əjdər Olun şerlərinin miqdarı azdır.
Kitablarından birinin ünvanını «Beş-on şeir» qoyub.
Şeirlərinin toplam sayı 5-10-dan «bir qədər» çox olsa da, hər halda bu deyim elə təxminən doğru kimi səslənir.
İndi kitab nəşrinin, şeir çap etdirməyin asanlaşdığı, şeir adlandırılan sicilləmələrin, horraların zay bolluğunda Əjdərin nazikcə kitabları elə 5-10 şeirdir ki, var.
Amma 5-10-nun hamısı şeirdir.
Çünki Əjdər mənim hiss etdiyim dərəcədə şeiri yazmır, bir ana kimi ağrı çəkir və şeiri doğur.
Doğmaq da elə işdir ki, onun ən dəyərlisi övladdır, o da 5-6-nı aşandan sonra şitləşir.
Gərək az ola.
Lap ixtiyar çaglarında Əjdər bütun şeirlərini bir kitaba toplayıb ona «50-100 şeir» ünvanı qoysa, buna təəccüblənmərəm. Əslində şerlərinin sayı o rəqəmlərdən bir qədər çox ola bilər. Amma elə o həndəvərdə dolanar.
Çünki Əjdərdə şeir yazmağın abrı var və şeir yazmaq abrı-həyası olan adam da heç vaxt sözü incitməz, həddi aşmaz – ürəyi qoymaz ki, çızıqdan qırağa çıxsın.
Əjdər Ol şeiri dərd kimi içərisindən damcı-damcı sıxıb çıxarmasaydı, bu 8 milyonluq Azərbaycanda şeir ithaf eləməyə ayrı adam da tapardı – gedib, istedad, dərd, məsumluq mücəssəməsi olan Namiq Abdullayevi seçməzdi.
Daxilində nəbz kimi döyünən həmdərdlik duyğusu olmasaydı, Əjdər dərd heykəli Namiqə üz tutmazdı.
Rəhmətlik Namiq müəllimlə dostluqlarının baş tutması da ibrətlidir.
Namiqdə olan saflıq, sadədillik, səmimilik Əjdərdə də var.
Özündə də, şerində də.
Əjdər Ol ənənəvi olaraq şairlər məkanı sayılmayan, təbiəti yavan, dağsız, meşəsiz, yalın, yaşılsız torpağı Günəşin qarsıb qovurduğu Muğanda doğulub.
Bəlkə göz açıb dünyanı rənglər, boyalar arxasında deyil, çılpaq, ovuc içərisindəki kimi açıq gördüyündən və təbiətin gözlərinə verdiyi bu tərbiyədəndir ki, Əjdər nədən yazırsa yazsın bər-bəzəksiz təsvir edir.
Mahiyyətə enə bilir.
Xəsis cizgilərlə, boyu qısa, sayı az misralarla bir təsirli ömür qırpımını canlandırmağa müvəffəq olur.
Təbiiliyə, təbiətə, saflığa, ilkinliyə daimi mailliyindəndir ki, aylar, illər, sərf edib öyrəndiyi latış diliylə latış ədəbiyyatından ana dilimizə latış nağıllarını çevirib bir də latışların bayatılarımız kimi saya daynlarını.
Bu cazibədir.
Həmin cazibə ki, Əjdəri Namiq Abdullayev haqqında şeirlər yazmağa sövq edib, həmin cazibədi ki, Əjdərə «Ol» təxəllüsünü götürtdürüb.

Nə məhşər qur, nə qal elə,
nə sinəni təbil elə.
Əjdər Olsan, qəbul elə
hamını olduğu kimi.

Hamını və hər şeyi olduğu kimi qəbul eləmək azdır.
Müşkül olan, qədimlərdən süzülüb gələn «Ya göründüyün kimi ol, ya olduğun kimi görün» düsturuna əməl etməkdir.
Qəlizi olduğu kimi qəbul etdiklərini elə olduğu kimi şeirə gətirməkdir.
Əjdər hər şair kimi şerinin əvvəlindəmi, axırındamı, mütləq adını yazmalıdır və aydın məsələdir ki, adının yanında da təxəllüsünü.
Və təxəllüsü də hər dəfə Əjdərin yadına bir daha salır ki, sən Əjdərsən, Əjdər olduğunu unutma və həyat səni hansı havasıyla dəyişibsə, o havanın təsiriylə özünü unudub bu şeirin içində bir az çaşmısansa, özünə gəl, özünə qayıt – Əjdər Ol!
Amma insanın bezmək, yorulmaq adəti də var.
Həmin rəhmətlik Namiq Abdullayevin özünəməxsus hikmətlərindən idi – deyirdi ki, içkini yaradanlar onu adamın hərdən özü olmaqdan bezməyinə bir dərman kimi ixtira ediblər.
İçirsən, azacıq da olsa öz adi halından aralanırsan.
Şeirdəsə bu dopinqə yer yoxdur.
Bezmək və özündən ayrılmaq ixtiyarın yoxdur.
Əjdərsənsə, gərək həmişə Əjdər olasan və Əjdər olduğunu unutmayasan.
Şairsənsə və şair olmağın ali qaydasına riayət edirsənsə – sözə sədaqətdəsənsə, sənə zaval yoxdur.
Lap Allahla da öcəşsən də, lap ölüm mələyi Əzrayılla dirəşsən də, haqqın var. Çünki, haqq-təala özü də olanın olduğu kimi olmasının və olduğu kimi söyləməsinin tərəfindədir (hələ «Quran»dakı «Şüəra» - «Şairlər» surəsində təşbehlərə, mübaliğələrə, istiarələrə bol-bol meyl edib şeri gerçəklikdən uzaqlaşdıranlara, «etmədiklərini etdim deyən» şairlərə Allah istehza da etmişdi).
Axı Allahın özünün də ilk sözü «Ol» olub.
Axı O dünyanı «Ol» kəlməsiylə yaradıb.
Və Əjdər hər şeirinin ya əvvəlində, ya axırında «Ol!» yazır.

Cənab Əzrayılı kim tanımır, kim,
onun nə birliyi, nə dirliyi var.
Baş qoşmur şairə Allah müəllim,
çünki, Allahın da şairliyi var.

Əjdərin ilk şeirlər kitabı çıxanda 1987-ci il idi, onda əsrin sonuna çox qalırdı. Əjdər gənc idi, hər halda indikindən cavan idi, qarşıdakı illər – artıq yaşamış olduğumuz illər hələ gəlməmişdi. Və kitabçanın adı: «Gələcəkdə yaşayıram» idi.
4 il ötdü. Əjdərin bir kitabı da çıxdı və o kitabda da Əjdər gələcəkdə yaşayırdı.
Ona görə ki, baxtı, taleyi dəyişmək niyyətində idi və kitabçasına da niyyətini ad eləmişdi: «Alın yazıma düzəliş».
Xəyalən yaşamış olduğu illəri bir də – artıq gerçəkdən yaşaya-yaşaya, taleyi, alın yazısını dəyişməyə cəhd edə-edə, nəyisə pozub, qismətindəki nəyisə təzədən yazmağa çalışa-çalışa Əjdər və onun şeiri gəlib yetişdilər 2000-ci ilə, əsrin sonuna, minilliyin axırına.
Əjdər hamımız kimi arzulasa da, bu dünyanı dəyişə bilmədi, alın yazısını pozub təzədən yaza bilmədi.
Amma hər halda ömrünün şeirlə baş-başa yaşadığı 20 ildən artıq parçasında «5-10» yaxşı şeir yaza bildi.
Poeziyamızın iqlimi o şeirlərlə bir az da xoşlaşdı, bir az da canayatan oldu.
O sadə, səmimi, duru şeirlər tam haqla Azərbaycan şeirinin yaxşı şeirləri cərgəsinə qoşula bilər.
O şeirlərin yuvasından – Əjdərin ürəyindən uçub şeir fəzamıza qanadlanmış o qoşquların – bundan belə yaşamaq haqqı var.
Əjdərli də, Əjdərsiz də.
Əsrin son çərəyində poeziyamızda ölüm-itim mövzusunun qəribə bir dəbə düşdüyü çağlarda Əjdərin həyatla, gələcəklə, ümidlə dolu şeirləri adamı həm də işığının bolluğu ilə sevindirir.
Bəlkə də poeziyamıza gələn cavanların beynində və qələmindəki qara-qura ölüm yaşantılarının bədbin ovqatını dağıtmağa sövq-təbii bir canatmanın diqtəsiylə Əjdər bu illərdə şeirlərini yaza-yaza sənət və qələm adamlarımızın ömründən məzəli, mənalı, dodaq qaçıran, ürək açan, eyni zamanda öyüdlü olan əhvalatlardan ibarət 3-4 kitab da buraxıb.
Əslində elə onlar da özünə görə şeirdir.

Gecəmiz xeyrə qalsın!
Gecəmiz şeirə qalsın!


Bu alxışlı, dualı misralar da şair Əjdər Olundur və qarşıdan sabahlar gəlir.
Sabah – gələcək, gələcəyin içində ondan daha gələcəkdə yaşamaq arzusu, gəlməmiş günlərdə ola biləcəkləri dəyişmək istəyi.
Əjdərin bu dünyada heç kəsdən asılı olmadığı, tam asudə, güclü, xoşbəxt olduğu ada – Şeirdir.
Əjdərin bu kitabı bu əsrdən ömrünə düşən şeirli illərdə doğurduqlarıdır.
Bu kitab yekundur və inanıram gələcək gözəl şeirlərin müqəddiməsidir.
Qabaqdan sabah gəlir.
Sabahın xeyr olsun, sabahın şeir olsun deyirəm!
Və daim Əjdər olmağın bugünəcən büdrəmədən gəldiyin çətin yolunda ol deyirəm!
Ol!


“Çaşıoğlu” - 2000


Rafiq Tağı
İçi lirikalı polad
(Portret)


Əjdər Ol mənə, kənardan təəccüblü görünəcək tərzdə, yaxın insandır. Xarakterimiz yerlə göy qədər fərqli; yəqin elə bizi birləşdirən də vəhdətdə olan bu dialektoloji əksliklərdir. Təsadüfi coğrafilik-zad yox, onu mənə “Alın yazıma düzəliş”(1991) kitabı doğma etmişdir. Şeirlərini oxuyub, sanki dostluğa gecikərəm deyə, tez-tələsik özüm onu tapdım.
Əjdər Ol zahirində bəlkə maraqsızdır da, batinindəsə vacibən maraqlıdır. Zahirdə hökümlü-imperativ, dövlətinki, batindəsə zərif-həssas, bizimkidir. Bax, Əjdər bu yerdə deyə bilər: bəs dövlət də sizinki deyilmi? Doğrudan da, onun dövlətçi və dövlətcil olmağı dolayısıyla bizim kimi xalq insanlarına xeyirlidir. Şəxsən mənim adım həmişə “xalq” məfhumu içində gedir və mən bundan fəxarət duyuram. Bilirik və çox arxayınıq da: Azərbaycana bir şey olsa, Əjdər Ol çataçat onun yanındadır. Azərbaycan hay desə, o, huy deyəcək. “Azərbaycana olan olub, ta indən sonra nə olasıdır?” – haqlı-haqlıca söylənə bilərlər. Ancaq bu haqlı-haqlıcanın içində mülki şəxsdən hərbi şücaət gözləmək nahaqcası var. Şeirlərindən görübsünüz: onun sevdiciyi - Azərbaycandır. O, əlini ağdan-qaraya vurmayanlarımıza bənzəməz, əksinə, Azərbaycanın nəfinə ən qarasından ən ağınacan – hər işin qulpundan can-başla yapışar. Özü də bir təmənna güdmədən. Lakin ən çox amiranəliyə maildir və inzibati-təşkilati işlərdə özünü suda balıq kimi hiss edir. Məni qınağa çəkməyin, ictimai həyatda inzibati-təşkilati işlər də, məsələn, bənnalıq-dülgərlik, həkimlik-dəlləklik qədər qaçılmaz və vacibdir. Onun gördüyü, ya görəcəyi işləri mən bacarmır (deyə bilərlər: səndən söhbət getmir), üstəlik, heç xoşlamıramsa da, bacaranlara və xoşlayanlara dilimdən ancaq alqış eşidilər. İnzibati-təşkilati şövqlü işlər heç də poeziyadan əskik deyil. Saltıkov-Şedrin yaxşı bir çəkməçini yüz Puşkindən üstün tuturdu. Hələ Dostoyevski – o, bəşəriyyətə çörək daşıyan arabacığı Rafaelin Madonnasından faydalı sanırdı.
Əjdər Ol Azərbaycanın təşkili işlərində poetik uçuşludur. Ondakı vəzifə canatımları əslində öz vətənsevərliyini dolğun reallaşdırmaq cəhdi, birbaşa Azərbaycanın dərdinə yanmaq istəyindəndir. O, mistik-melanxolik, asketik-hücrə dərdəyanmaları anlamır, bu insanlarsız-mücərrəd çabalara yaddır və kökündən belə yalanların əleyhinədir. Vəzifə onun üçün fəaliyyət arealının genişlənməsi, əməkçi azadlığı imkanıdır. Vəzifə tanıtımı Cəbiyev Əjdər olan dostum hamımızın arzuladığı, görmək istədiyi yeni tipli dövlət məmurlarındandır. Ay balam, vəzifə başında bir əzazil-qansız oturunca, qoy qəlbi qəlbimizdən olan Əjdər otursun daa. Onusa burunlamayaq!
Əjdər bəyin vəzifə kürsüsünü poeziyası rövnəqləndirir. O, Azərbaycana - “belə upuzun adın yaxşı yatır dilimə”, “həmişə ərk et mənə, özünküyəm, balanam”, deyir. O, deqradant dekadentlərimiz sayağı ağlamağı-sıtqamağı xoşlamır. Mən onun fikrindən keçənləri sözə çevirirəm: siçovullar da andeqraunddur. Əjdər Ol “Mersedes” oxşarlı partylərdə əyləşən üzü və özü qırmızı siyasilərimiz kimi də gözbağlıcalığı-rəmmallığı yox, belə deyək, vəzifə hambalçılığını peşə seçib və bu dəqiqənin özündə “oturub palanın üstündə hambal”(S.Vurğun).
Açığı, 15 ildən çox olar, az olmaz ki, mən onun dövlətçilik tərbiyə məktəbinin müdavimiyəm. Təhsilimizin vermədiyi dövlətçilik tərbiyəsini mənə Əydər bəy verib. Onun sayəsində mən artıq (söhbət səndən getmir, hökmən deyəcəklər) nihilistlərə qəşəng-qəşəng sözlər söyləmək imkanındayam: Vətən bizim evimiz, müstəqil Dövlət milli uğurumuzdur; biz dünyanın ən nəcib millətlərindənik.
Kim düzgün həyat “rels”lərinə düşmək istəyirsə, gərək Əjdər Olla dost ola; əgər Əjdərin bu dostluğa vaxtı çatarsa. Çünki artıq çoxdandı o, biz köhnə dostlarını da növbəylə və reqlamentlə danışdırır. Sanki həyatı çatışmır, ömrü ona azlıq edir deyə. Biz ondan incimirik, qorxumuzdan incimərik də. Buna haqqımız-icazəmiz yox. Onsuz sonradan könlümüzü alacaq, axı, boş-boşuna niyə inciyək?
Deməliyəm və dərhal deyirəm də ki, Əjdər bəy üzdən ancaq xoş günün dostu kimi görsənir, əslindəsə yalnız ağır günün dostudur. O, xoş günündə bəlkə sənə vaxt tapmaz da, amma agır günündə mütləq tapacaq. Yazarlar arasındakı 3-dən 2 “yıxılana balta çalan”larımızla müqayisədə Əjdər Ol xeyirəməl dahisi, Comolunqma mərdlik zirvəsidir. Burda zəiflik göstərib şəxsi həyatımdan bir misal çəkmək istərdim. Cild-cild qalınüz kitablarıyla insanda, ya elə inək-dana, at-eşşək başında da, qapalı kəllə-beyin travması törətmək mümkün olan, balaca respublikada tez-tez rastlaşdığımızdan, artıq dost qələmində gedən gönüqalın birisi mən həbsdən çıxandan bir ay sonra “mobil”imə çağrı atası: qoy ona zəng çalım, o da məni şit-boyat sevinclərlə təbrikləsin. Konturlarına qənaət edib. Vallah, dünyanın ən şortu arvadları da bunu eşitsə, gülər – “utanaq yerinə”, ona deyər. İndi mən çəkilim qırağa, siz qiymət verin, bu cür molyuskların əsərlərini ədəbiyyat adıyla şərəfləndirmək dürüstdürmü? Onları hansı həvəslə və niyə oxuyasan? Qardaşlar, insanların vaxtını alan kitabları müəllif ədəbsizliyi adlandırmaq daha düzgün olar. Bəli, vaxt gəlir, vədə yetişir, dar gündə sınaqdan çıxmayan, ömrü boyu sənə istismarçı burjuy gözüylə baxmış psevdodostlarla vidalaşmalı olursan. Qoy girib-çıxmış yoldaş kimi də bəyan edim ki, bu, insana cənnət yüngüllüyü gətirir.
Psevdolara dair xatirələrsə də daha şirin olmur.
Artıq mən əxlaqı naqis ədəbiyyat məxluqatından iyrənirəm. Onlar məni qurbağalar kimi çimçəşdirir.
Əxlaq bəşəriyyətin ən vacib, ən nəhəng kəşfidir və mən onun aludəsiyəm.
Yenə sağ olsun dünyanın hörmətli təkləri, insanı ölməyə-itməyə qoymayanları! Əjdərolları!
Əjdər Ol həm karlı vətəndaşdır, həm barlı şair. Lakin məncə, onun poeziyası vətəndaşlığından önəmlidir. Burda Əjdər bəy deyə bilər: bəs poeziya da vətəndaşlıq təzahürü deyilmi? Düz sözə nə deyəsən. İlk poetik tumurcuqlar həmişə Vətən ağacında tin vurur. Gəl, burasını da vurğulayaq ki, elə biz də onun kimi vətəndaş ola bilərik, kim demiş, hətta buna borcluyuq və bəlkə onun kimi, ya bir az ondan fərqli, varıq da. Ancaq onun kimi sərt-lirik şair olmaq mümkünatımız xaricindədir. İstəsək də, ola bilmərik, çünki belə şey istəməklə olmur. Onun poetik dünyası bizimkinə bənzəməz. Onun poeziyasının Azərbaycan ədəbiyyatında əlahiddə və çox mühüm yeri var.

Elə xoşum gəlir, eyvanımızda
Sakitcə oturub oxuyum, yazım.
Bir qom çiçək olsun güldanımızda,
Çiçəyin ətrini qoxuyum, yazım.

Görəm bir kəpənək – köynəyi mil-mil,
Uzaqdan bilinir şehdə çimdiyi.
Görəm ki, misramın üstündə deyil,
Altından xətt çəkib sərçə dimdiyi.

Günüm çiçəklərdən yoğurulanda,
Ətəyim yarpaqdan, yaxam kağızdan.
Elə xoşum gəlir, çağırılanda,
Boylanam qələmdən, baxam kağızdan.


Əjdər Ol zahirində soyuq mərmər sütunlu, batinindəsə olduqca təbii, təzəcə şumlanmış torpaq ətirlidir. Duyğuları - sımsıcaq. Onun özünə də batini daha xoşdur. Batinində azad, zahirindəsə dustaq kimidir; ancaq hər ikisindən həvəslə danışacaq.
Onun azadlıgı, hər zaman gözlənilməz güllər açırsa da, dustaqdır.
Əjdər Ol zahirlə çörək qazanır, batinlə - əbədiyyət. Dostum çörək də qazana bilir, əbədiyyət də.
...Əjdər Ol taleyin zərbələrindən az yeməmişdir. Lakin mən onu şaşdırası zərbəni qəti görmədim. Mənim nəzərlərimdə o, hiperşəxsiyyətdir. Bəlkə qəzavü-qədər özü onun qarşısında təhriflərə, demontaja uğrayar da, heyrətdən şoka düşər. Onun polad iradəsiylə müqayisədə qəzavü-qədər şaltay-baltay, formasız-ləng bir şeydir. Əjdər bəy alın yazısı üzrə hərəkət etmir, belə şeyi sevmir də. Yeri gəlsə, alın yazısı tabeçiliyinə düşənləri aciz-avara, bir az da irəli gedib şalğam-çuğundur adlandırar. İkimizin də dostu Qorxmaz Şıxalıoğlu demiş, o, kökü dərinlərə işləyən, torpaqdan qoparmağın müşkül bir iş olduğu, ya qoparılarkən əli didib-qanadan çöl-səhra bitkiləri kimi hədsiz yaşarıdır. Aramızda sevə-sevə “çinovnik” adlandırdığımız bu adamı - dəyirmanın boğazına ölü at, diri çıxacaq, deyirik. Əlbəttə, bu bir aksiomdur və mən bir dəfə yazmışam da ki, diribaşlıq ölüvaylıqdan mütləqa üstündür. Düzü, bizdəki milli ölüvaylıq artıq beynəlxalq ikrah doğurur. Əksər şairlərimizdəki düzəlməz ölüvay poza isə çox dözülməz və həm yalançı qaraçı şikəstliyi kimi idbar bir şeydir. Əjdər Olu sındırmaq namümkündür. O, içi lirikalı poladdır. Polad içrə lirikası həmişəlik yaşıl sular kimi cilvələnir.
Mən onu qardaşının ölüm xəbərini alan anlarda görmüşəm. Əjdər bəy özünü heç nə olmayıbmış kimi aparırdı. Əslində də, axı, nə olmuşdu – qardaşının ruhu sanki bir quşdu, uçub bir budaqdan başqasına qonmuşdu. Əjdər sal qaya duruşuyla, baş barmağı sərt yana, qalan dördü bitişik, “dayan” işarəli, kəsici-yastı bir sağ əl tənzimi ilə dekorativ sel-suyun, şorhaşor axası timsah göz yaşlarının qabağını kəsdi. Onun qardaşı haqqında lirik həqiqətləri polad içində bir tək mənə görsənirdi.

Qəni-qəni rəhmət olsun,
Yuxumuza girmişlərə!
Dərib cənnət baxçasından
Bizə buta vermişlərə.

Onlara kimdən danışım?
Hansı tilsimdən danışım?
Qəm nədir, qəmdən danışım
O dünyanı görmüşlərə?

Açılıram puçur-puçur,
Könlüm haqqa uçur-uçur.
Haqq sirrini kimə açır?!
Səfillərə, dərvişlərə.

Hərdən mən Əjdər Olun özünü sancıramsa da, poeziyasına heç cür toxuna bilmirəm. Ürəyim gəlmir. Etiraf etməliyəm də ki, mən onun bu lirik ricətini ağlaya-ağlaya, ağlamağımı evdəkilərdən gizlədə-gizlədə oxumuşam. Tənqidçilər ağlamağı, ya ağlatmağı poeziya meyarı saymırlarsa da, oxucular sayır. Yeri gəlmişkən, ən avam oxucu ən savadlı tənqidçidən müdrikdir. Bu barədə çəkişmələri sonraya saxlayaq.
Onun lirikası mənim üçün rəngi skeletə çalan ağ-məşum, olduqca qorxunc, insanlara cəhənnəmin daha çox vəd edildiyi bu dünyada yaşıl budaq kimi sevimlidir.
Mən üstü həyat naxışlı yaşıl budaqların heyranıyam.
Əziz dostum Əjdər Ol haqqında bu sözləri mən sanki qəriblikdə yazdım.

“525-ci qəzet”
19 avqust, 20008-ci il


 

Nəriman Əbdülrəhmanlı
Özünə oxşayan adam
(Əjdər Olun insani və yaradıcılıq portretinə cizgilər)


…Ha fikirləşirəm, Əjdər Olla nə vaxt, harda, hansı şəraitdə tanış olduğumu yadıma sala bilmirəm. Sonra ağlıma gəlir ki, qəfildən o tarixi, o günü, o yeri xatırlamağım da heç nəyi dəyişməyəcək. Başlıcası odu, elə bil Əjdəri yüzillərdi, min illərdi tanıyıram, bir-birimizə dost olmaq, yaxşı münasibət saxlamaq, tez-tez görüşmək barədə öhdəlik qoymamışıq, mətbuatda şeirləri, hekayələri, publisistik yazıları rastlaşanda oxumuşam, uğurlu əsərlərinə sevinmişəm, Əjdər də özünəxas vicdanla, səliqə-səhmanla mənim yazı-pozumu izləyib, zəng vurub fikrini söyləyib, rastlaşanda düşündüklərini gizlətməyib.
Mən Əjdər Olun poeziyasından, nəsrindən, publisistikasından, dramaturgiyasından, xarakter cizgilərindən yerli-yataqlı, klassik və ağıllı ibarələrlə yazmaq fikrindən uzağam. Ən azı ona görə ki, tənqidçi təfəkkürüm yoxdu, elmi baqajım da istənilən səviyyədə deyil, tənqidçilərə əlcək atmaq fikrinə də düşməmişəm. Bununla belə, Əjdərin həmişə öz qələmdaşlarına, onların əsərlərinə, üstəlik, talelərinə olan diqqəti qarşısında özümü həqiqətən borclu sayıram, sözarası yazılarıyla bağlı fikirlərimi bildirsəm, gərək kimsə məni qınamasın. Çünki qələm adamının yazılarıyla şəxsiyyətini ayrı-ayrılıqda yazıya gətirmək çətindi: onun xarakter cizgiləri istər-istəməz yazılarında özünü büruzə verir; əgər belə deyilsə, deməli, şəxsiyyətində saxtalıq var, o saxtalıq qələmə aldıqlarında özünü bildirəcək. Xoşbəxtlikdən, Əjdər şəxsiyyətində də, yazılarında da özünə oxşayan adamdı, kövrəkliyi, həssaslığı, sərtliyi, qəddarlığı (portretlərini oxuyun!), başlıcası səmimiliyilə…
Artıq boynuma aldım, poeziya barədə sanballı fikir söyləmək mənlik deyil. Amma bir həqiqət də var: tənqidi məqalə yazmağı qarşıma məqsəd qoymamışam. Əjdərin bağışladığı iki poetik toplusunu oxumuşam, ilk rastlaşdığım şeirlərindən aldığım təəssürat dəyişməyib: o, «Orijinallıq» xətrinə əlləm-qəlləmlik eləmir, yazdığını başdan-başa mücərrəd obrazlarla bəzəməyə çalışmır, yaxud son misraların «yükü» hesabına gözdən pərdə asmır, üstəlik, qələmə aldığıyla oxucunun boynuna çəkilməz minnət qoymur; yazdıqları içini qəfil titrədən, başqa ölçüyə-biçiyə sala bilmədiyi, səsə, rəngə, cürbəcür konstruksiyalara çevirə bilmədiyi duyğulardı. Şəxsən mənə görə, poetik mükəmməllik klassik poeziyanın mülkiyyətidi, ona kimsənin iddia eləməsi yersiz şeydi, çağdaş poeziyanın mülkiyyətisə fraqmentallıqdı, bütövün hissələrini mümkün qədər ustalıqla sözə çevirməkdi. Başqalarına sırımaq fikrində olmadığım bu qənaətimə söykənib Əjdərin şeirlərini həmişə məmnuniyyətlə oxuyuram.
Əjdər Ol nəsrində də, publisistikasında da qəddar naturalistdi, obrazlarına qarşı münasibətdə əsl cəllad soyuqqanlığıyla hərəkət eləyir: onları özünəxas səliqə-sahmanla, ardıcıllıqla, həvəslə hisslərə, davranışlara, xasiyyətlərə doğrayır, hər hissənin bütün ruhi və anatomik gizlinlərini üzə çıxarır, axırda həmin parçaları cərrah dəqiqliyilə yerinə tikir və… bu vaxtacan gördüyün, amma bu cür tanıya bilmədiyin bir adamın portretiylə rastlaşırsan. «Börüsoy» hekayəsini oxuyanda neçə illərdən bəri tanıdığım personajın psixoloji cizgilərini bu qədər dəqiq bildiyinə səmimi-qəlbdən heyrətləndim. O personaj neçə illərdi, qələm adamlarının arasındadı, neçələriylə oturub-durur, neçələrini o biçarə rəssam kimi, səmimi qəlblə «işə salıb», amma kimsə Əjdərəcən ondakı tipajı görə bilməmişdi. Qaynatdığı işin içindən ötəri dediyi «Bu külək mənimçün əsirmiş» sözləriylə çıxmağı bacaran Börüsoy Əjdərin qələmində elə onun sifariş elədiyi Bozqurdun portreti kimi naturadan çəkilmiş portretdi.
«Şər Nizi»də də eləcə. İşi-peşəsi onu-bunu şərləyib, gözünü qorxudub cibxərcliyi almaq olan Niyaz kişinin – Şər Nizinin portretini əvvəl profildən (dostu göstərir, sonra da haqqında bir əhvalat danışır) görür, öz içində o portreti tamamlayır, üzbəüz gələndə daha əlavə ştrixlərə ehtiyac qalmır. Ya elə «Fa…» hekayəsindəki bir müddətdən sonra başına hadisə gəlmiş qızı üz cizgilərindən tanıyıb, onun portretini yaratmaq Əjdərin özünəxas ustalığıdı. «Usta Yusifin kamançası», «Qatillə görüş» hekayələri tamamilə fərqli mövzularda, fərqli yanaşmayla yazılıb, amma bu hekayələrdəki psixoloji ovqatın dəqiq təsviri diqqəti çox çəkir.
Əjdər kitablarından sonuncusunu «Ölümlə zarafat» adlandırıb (amma mənə yazdığı avtoqrafda kitabını adının arasına «nə», sonuna sual və nida işarələri artırıb: «Ölümlə nə zarafat?!»). Bu, hekayəsinin adıdı, 2006-cı ildə «525-ci qəzet»də çap olunanda zəng vurub fikirlərimi söyləmişdim. Əjdər 2005-ci ilin sonunda Praqa-Bakı təyyarə reysində baş verənləri qələmə alıb, heç yol yoldaşlarının adını dəyişməyib (dəyişsəydi, şübhəsiz, hekayə çox şey itirərdi): Sabir Rüstəmxanlı, Paşa Qəlbinur, İlhamə Quliyeva, Əmir Pəhləvan, Rüstəm Behrudi… bir də elə Əjdərin özü dramatik əhvaların qəhrəmanına çevrilirlər, yazıçı qələmi o əhvalatdan yaxşı bir hekayə çıxarır: ekstremal situasiyalara düşən adamların özlərini necə aparmaları natural cizgilərin dəqiq təsviriylə yanaşı, bədii üslub hüdudlarına da ustalıqla sığışdırılıb. «İnsanlar faciəli sonluqla bitməyən hadisələri tez unudurlar» - hekayənin bu son cümləsi əslində, müəllifin fəlsəfi ümumiləşdirməsi: nasaz təyyarənin hamını sarsıdıb, sonra sağ-salamat yerə enməsini başqa cür necə mənalandırmaq olar?!
Əjdər Olun hekayələrindəki naturallıq publisistikasında, esselərində və ədəbi portretlərində daha aydın görünür. «Adam heç öz-özünü hər işdə yarıtmaq gücündə deyil…» («Gücümüz çatmırsa…»), «Öz başına gələnlərdən ibarət dərsi götürmək asandır. Əsl ibrət dərsi odur ki, sən onu başqasının həyatından götürəsən» («Ardıcıllıq»), «İnsan ona arxalanana xəyanət edib müvəqqəti də olsa, necə deyərlər, «çulunu sudan çıxardanda», ikiüzlülüklə boynundan məsuliyyəti atıb yüngülləşəndə, ürəyindəki bədxah fikirləri dilinə gətirməyib yalan danışanda, tamah ucbatından qan tökməyə də hazır olanda şər əməllərə şərik çıxır…» («Qarışıq zəmanə» həqiqətləri təkcə olanları demək istəyi deyil, ziyalı narahatlığından doğulan fikirlərdi. Əjdər həmişə gücü çatan işləri görməyi, özü demiş, «boş oturmaqdansa, havayı işləməyi» dil qoçağı olmaqdan, çayxanalarda qənd yerinə işlədib, tüstü kimi havaya üfürməkdən üstün tutub. Televiziyada «Gülüstan» ədəbi verilişi açıb beş-üç namuslu söz adamını ekrana çıxarmaq, ya da vaxtına qızırğalanmayıb sənət adamlarının baş verən maraqlı əhvalatları toplayıb kitab (özü də bir yox, iki kitab) buraxdırmaq ilk baxışda kiməsə ötəri iş kimi görünə bilər. Amma bu cür işlərin əziyyətini də, dəyərini də bilən adam kimi, Əjdərin havayı işləsə də, xeyirxah yolunu tutduğuna əminəm.
Oxuduğum üç ədəbi portreti («Yazıçı Namiq Abdullayevin axırı», «Rafiq Tağı ki, Rafiq Tağı», «Kür Əlisəmid») Əjdər Olun dönə-dönə qeyd elədiyim «naturallıq kredosu»nda doğulub. «Ya həqiqəti danış, ya da sus» deyiminin müəllifini unutmuşam, amma mənə elə gəlir, Əjdər bu sözləri iri hərflərlə yazıb gözünün qabağından – divardan asıb. O, elə adamlar barədə yazır ki, onların barəsində bildiyi həqiqəti söyləməyi özünə borc sayır. Düzdü, mən Əjdərin ədəbi portretlərindəki müəyyən məqamlarla (məsələn, «Kür Əlisəmid»dəki bir para ştrixlərlə) şərik deyiləm, mənə görə, elə şeylər var, lap həqiqət də olsa, onları başqalarının bilməsinə ehtiyac yoxdu – ola bilsin, bu mənim xasiyyətimdən, xarakterimdən irəli gəlir. Amma Əjdər ən acı həqiqəti belə, söyləməyə özündə güc tapa bilir, ona görə, dərman nə qədər acı olsa, xəstəyə o qədər çox xeyir eləyər. Ən gözəli də odu ki, onun bu portretlərində bir damcı da olsun, bədxahlıq, nifrət, gözügötürməzlik yoxdu, əksinə, qəlbən ağrıdığı adamlara heyrətamiz insani sevgi var, bu sevgini heç o portretlərin yiyələri də dana bilməzlər.
Bir neçə il əvvəl Gənc Tamaşaçılar Teatrında əməkdər incəsənət xadimi Bəhram Osmanov Əjdər Olun «Molla Nəsrəddin və Əmir Teymurun filləri» pyesini tamaşaya qoydu. Təəssüf ki, müxtəlif səbəblərdən o tamaşaya baxa bilmədim. Amma eyni rejissorun Milli Dram Teatrında Əjdərin «Son məktub» pyesinə verdiyi quruluşa baxdım, sonra hər iki pyesi «Ölümlə zarafat» kitabında oxudum. Boynuma alım, teatr tamaşaların barədə yazmaq səriştəm yoxdu. Amma Stefan Sveyqin «Yad qadının məktubu» hekayəsi əsasında qələmə alınmış «Son məktub» pyesini də, tamaşanın rejissor həllini də bəyəndim, məndə belə fikir oyandı ki, bu pyes Əjdər Olun səhnəylə axırıncı təması olmayacaq.
Əjdər Olla aramızda cəmi-cümlətanı iki ay yarım yaş fərqi var, ədəbiyyata da eyni vaxtda – 80-cı illərdə qədəm qoymuşuq – yəni 80-cı illər ədəbi nəslinə mənsubluq. 80-90-cı illərin çalxantılarından yaşıdlarımızın çoxu salamat çıxa bilmədi: şəxsiyyətləri də, yaradıcılıqları da xeyli ziyan çəkdi. O çoxlarından fərqli olaraq, Əjdər Ol açıq dövrdən, özü demiş, «qarışıq zəmanə»dən özünü də, yazı-pozusunu da salamat çıxarmağı bacardı. Düzdü indi də hələ müharibə vəziyyətindəyik, torpaqlarımız qaytarılmayıb, qaçqınlarımız var, amma daha o qarışıq zəmanə deyil, bir az qabiliyyəti, bir az da qeyrəti olan öz başını da, ailəsini də saxlaya bilir. Bununla belə, həmişə Əjdər yaşıdlarından kiminsə qayğısını çəkir, gücü çatan köməyi eləyir – bu, artıq onun həyat tərzinə çevrilib.
Əjdər Olun ən yaxşı cəhətlərindən biri də həmişə, hər yerdə öz yerini dəqiq, səhvsiz bilməsidi: xoşlamadığı adamla oturub-durmaz ki, nüfuzuna xələl gələr; hörmətli, müdrik adamlarla ünsiyyət saxlamağı sevir; kimsənin bezdirmir, özünün də, başqasının da vaxtına, heysiyyatına hörmətlə yanaşır; nəyisə eləmək istəyəndə qəti söz vermir, amma onu yerinə yetirməkdən ötrü bütün imkanlarını sınaqdan keçirir. Əjdər həyat təcrübəsindən ibrət dərsi almağı, üstəlik başqalarının hərəkətindən düzgün nəticə çıxarmağı bacarır.
Bircə onu bilirəm ki, Əjdər Ol həmişə özünə oxşayacaq…
Bu ömrü yaşamış Adam bundan sonra dəyişə bilməz!
 


Sabir Əliyev
Filologiya elmləri doktoru, Beynəlxalq Füzuli mükafatı laureatı
Əjdər Olun kitabları


Əjdərgilin qrupu universitetdə mənim ən sevimli qruplarımdan biri idi. Əvvəllər şairlik istedadını gizləyən bu oğlan təhsildə də çox üzdə idi. Təkcə onu deyim ki, fərqlənmə diplomundan onu yalnız sonuncu dövlət imtahanı ayırırdı: Bakıdan gəlmiş komissiya sədri Arif Zeynallı özünəməxsus müəyyən mülahizələrlə onun cavabını «yaxşı»ya layiq bilmişdi… Amma Əjdər 1965-1975-ci illərdə orta məktəbdə də əla qiymətlərlə oxumuşdu. Nə isə…
Anadangəlmə şairliyi olan Əjdər öz gərgin zəhməti və təbii istedadı hesabına kitab çapına münbit şərait tapır. Əvvəlcə 1980-1990-cı illərdə şeir və lətifə kitabları nəşr olunur: «Gələcəkdə yaşayıram» (1987), «Alın yazıma düzəliş» (1991), «Könül vuruşu» (2000), «Əjdər Olun kitabı» - lətifələr (1997), «Latış daynları» (1998), «Habil Əliyevin lətifələri» (1998), «Müdriklik anları» (1996), «İndidən» (1996), «Əjdər Olun kitabı» (2000), müğənni Flora Kərimova haqqında «Səsindən tanınan» (1993) və s. Lakin Əjdər Olu istedadlı bir şair kimi tanıdan və sevdirən onun və samballı «Könül vuruşu» kitabıdır. Bu kitab Əjdər Olun şairliyini təsdiq edib ortaya qoyan və onu daha yeni mövzular axtarışına çıxaran maraqlı bir kitabdır.
Bu zəngin və rəngin kitab Rafael Hüseynin «Əjdər Olmaq» adlı ön sözü ilə başlayıb, Ağalar Mirzənin «Qələm qardaşım» başlıqlı son sözü ilə bitir. Hər iki müəllif vətəndaş şair Əjdər Olu axıracan və dediklərini haqqı deyiblər. «Könül vuruşu»!… Kimə qarşıdır bu vuruş? Nəyin uğrundadır bu vuruş? Bu sualların cavabı vətəndaş şairin ilk və son mövqeyidir!

Kölnümü vuruşa çıxartmışam mən,
Səf-səf, qoşun-qoşun kədərlə, qəmlə.
Mənim ürəyimin hər döyüntüsü
Təzə bir hücumdur, yeni bir həmlə.
Bütün vuruşlardan uzundur, uzun,
Bu saat, bu fəsil, bu il vuruşu
Dönük zəmanəmlə öz aramdakı
Könül vuruşudur, könül vuruşu.

Dönük zəmanə! Könül vuruşu! Könül – insanın özüdür, onun mənliyi, şərəfi və ləyaqətidir! Deməli, «bütün vuruşlardan uzun» olan və arası kəsilməyən könül döyüşləri sanki əbədidir. Mütləq istiqlala qədərdir! Hətta, bitməzdir!

Mən öz ürəyimə yaxşı bələdəm,
Döyüşər döyüşün sonuna qədər.
İnsanlar, mən sizin aranızdayam,
Günəşli qiyamət gününə qədər!

Bir şair, bir insan və bir vətəndaş kimi Əjdər Olda rüşeym halında gördüklərim indiki – böyümüş və bərkimiş halında görməyi çox arzulayırdım və bu arzularıma, qismən çatdım da. Nə idi mənim Əjdərdə gördüklərim və ondan umduqlarım?
Əvvəldən budur ki, Əjdər, şeiri bir gün üçün və ya bir dövr üçün yazmır, onun zaman ölçüsü – əbədiyyətdir. İkincisi belədir ki, Əjdər şeirin predmetini butunluklə mənimsəməmiş yazmır. Üçüncü tərəfdən onun qiymətini bilmək lazımdır. Hər saat, hər zaman yaxşı şeir yazılmaz.
«Könül vuruşu»nda mövzuca olduğu kimi, şəkilcə də mütəmadi bir əlvanlıq görürük. Sözün düzü, mən elə bilirdim ki, Əjdər təkcə heca havasına köklənib, yalnız heca vəznli şeirlər yazır. Lakin kitabı oxuyandan sonra məlum oldu ki, Əjdərin gümrah və coşğun əruz damarı da var. Onun sərbəst üsullu şeirlər yazmağı da az deyil. «İstiqlal» rədifli müxəmməs, istiqlalın fəlsəfi mənasını açmaqla bərabər, şaqraq oxunan və oxuyanı daim mütəəssir eləyən qaynar bir sənət nümunəsidir:

Ey salam tək hamıya
söylədiyim istiqlal!
Rəngini yaxşı ayırd eylədiyim istiqlal!
Tən gəlir qan çeşidim
bayrağımın al qanına,
Nə yapaq cansız ölüm
məsləkinin qəltanına,
Döşümü qalxan edib
girdim onun meydanına,
Öz içimdən doğulub,
etdi zühur istiqlal!
Sözdə iş, işdə qürur,
məncə, budur istiqlal!


Gözlədiyimizin təmamilə əksinə olaraq, Əjdər Ol nəyinki klassik şeir ənənələrinə yabançı deyil, hətta, ən qədim poetik şəkillər olan qəzəl və qəsidəyə də yeri gəldikcə müraciət edir: onun 14 beytlik «Mənlik» həmin ənənəvi formanın müasir ruhda davamı kimi diqqəti xüsusi cəlb edir; bundan əvvəl, Əjdər predmetin məzmununu – mənlik duyğularını dərindən tədqiq edir və yalnız bundan sonra yazıya girişir:

Qəlbimiz çox yuxadır,
bir sözlə ağlatmaq olur,
Dibimiz bərkiməyib,
boşları laxlatmaq olur.
Bizə kəf gəlsə biri
bir də dönüb aldadacaq,
Bizləri bir dəfə yox,
yüz dəfə aldatmaq olur.
Mənə dardır bu vətən,
yerlibaz axmaq, duy, eşit,
Bağlanıb bir mahala,
bir obaya, artmaq olur?
Heyvərə, lovğa, düdük,
şortu siyasətçilərin
Dilini kündələmək,
ağzını bağlatmaq olur?!
İşimi tərsə yozan
münsifə neynim, qardaş,
Münsifin münsifi yox,
münsifi yoxlamaq olur?!
Bir əli rusda, biri farsda
olan rəsmiləri
İngilis bayrağı tək
hər yerə mıxlatmaq olur.


Bu beytlərin odlu vətənpərvərlik mənası bir yana, ahəngi də insanı riqqətə gətirir. Yeri gəlmişkən, onu da deyək ki, Azərbaycan yazılı və şifahi (bəli, şifahi!) şeirində işlənən 12 bəhrdəki şeirlərdən 45 faizi həmin rəməl bəhrindədir. Füzulidə də belədir, Vaqifdə də, xalq şeirində də, əruzlu bayatımızlarda da. bu son şeirlərin hər ikisi əruzun rəməli – müsəmməni – (müsəddəs, mürəbbe), məxbuni-məhzuf ölçüsündədir ki, bu da dörd (üç, iki) bölümlü qısa incə rəmələ uyğundur.
«Könül vuruşu» kitabı Əjdər olun 150 şeirlik seçmələridir. Kitabda təbiət, fəsillər, dostluq, insanlıq, işiq, bulud, yağış, külək, qar, sevgi və bütün varlıq haqqında bir-birindən təzə və gözəl, isti və tökmə şeirlər var ki, hamısı haqqında danışmaq və xoş sözlər demək olar. Kitabdakı «Azərbaycan», «Güneylilərə», «Bakı-istiqlal küçəsi», «Füzuli qırığı», «Çaşmayın», «Sağlıq dostum» şeirləri haqqında xeyli geniş söz açmaq mümkündü. Əjdər Ol «Bir bayraq, doqquz əsgər» əsəri ilə poemanı qısa yazmaq nümunəsi göstərmişdir.
Şairin «İndidən…» kitabının gürşad dilindən və axıcı şeriyyətindən çox şeylər danışmaq olar. Əsas olan budur ki, həmin kitab Əjdərin yetişməsində önəmli rol oynayıb. Əjdərin qələmi, dostlarının da təsdiq etdiyi kimi, universaldır, hər şeydən yazmağa qadirdir. Müğənni Flora Kərimovadan yazdığı «Səsindən tanınan» kitabça-müsahibəsi ağıllı və müdrik sual-cavabları ilə diqqəti ayrıca cəlb edir.
Sözün doğrusu, mən Əjdər kimi zahirən ciddi, təmkinli, susqun, və az danışan bir adamda yumor hissinin olacağına inanmırdım. Amma indi inandım. Sən demə o, içəridən közərən bir vulkan imiş.
Onun «Əjdər Olun kitabı» (müxtəlif təkliflərlə iki dəfə nəşr olunub) və «Habil Əliyevin lətifələri» kitabları mənim zənnimi dəyişib tələbəmizin daha geniş zövqünü nümayiş etdirir.
Əjdər Ol 1980-ci illərdə bir müddət Latviyada olmuş və latış dilini öyrənmişdir. Həmin illərin yadigarı olaraq Əjdərin «Latış daynları» kitabı nəşr olunmuşdur.

Arı qonub çiçəyə, çiçək arılarındır,
Qızları gizlətməyin,
qızlar oğlanlarındır.

***
Qonşu havayı yerə
gəl üz-göz olmayaq biz,
Sənin kəkilli oğlun
mənim qızımı sevir.

***
Qızlar inək sağırlar,
oğlanlar, gedin, baxın;
Südü köpürüb daşan
yaxşı evdar olacaq.


Əjdər xoşbəxt şairdir, çünki Əjdər üçün bir Allah var, bir də bir şeir Allahı – Füzuli! O, bu həqiqəti idrak pilləsinə qalxdığı üçün xoşbəxtdir. Əjdər şeirə və əruza münasibətdə o qədər Füzuliləşib ki, özünün bir şeirində dediyi kimi az qala «Füzuli qırığına» çevrilib. Şeirdə Füzuli yolu, möcüzələr yoludur, müdriklik yolu, həssaslıq yolu, məhəbbət yoludur. Bu yolda Əjdərə uğurlar diləyirik. Əjdər sevmək və sevməməyi (Məcnunluqla İbn Səlamlığı) insanların ən qabarıq Milli Fərqi hesab edir və bütünlüklə düz deyir:

Dünyada ikicə millət olacaq:
Sevməyən, bir də ki, sevən milləti.

Bax bu, sənətin Füzuli pilləsidir.

Günlərim bir bezin qırağı kimi,
Dava-dalaşlardan yorulacağam.
Mən də bir Füzuli qırığı kimi
Gedib bir gözələ vurulacagam.

Əjdər milli qeyrət və qürur təşnəsidir:

Can candan olub, ağlama can, can!
İndi şan-şan elədin könlümü, şan-şan!
Düşmən deyəcək: «Boynunu əy, əy!»
Əysən, deyəcək, «əslini dan, dan!»
«Qan-qan demirəm, dönmədə məna,
Qan! Qan! Eşidib, haqqını qan, qan!»
Bir söz ki, yanır, söz deyil, Əjdər,
Sözdən alışıb, söz kimi yan, yan!



Misralarının əvvəli və sonu qafiyələrlə dolu olan bu şeir artıq, yanğı pilləsidir. Böyük Cavidin «İblis»i də belə coşğun hadisə ilə başlayırdı:
Dəryalərə hökm etmədə tufan!

Bu da bir ayrı əruz: Həzəci – müsəddəsi – əxrəbi – məkfufi – məhzuf!
Əjdər ol uğurlu yoldadır. Bu yol fərəhli olduğu qədər də daşlı-kəsəkli, ağrılı-acılıdır. Biz ona inanırıq ki, Əjdər Olan kəs bütün bu əzablara dözəcək və özünün dediyi kimi gələcəkdə yaşayacaqdır.


“İnsan və zaman” qəzeti,
20-31 mart 2004-cü il


 


Mübariz Cəfərli
Adını tapa bilmədiyim yazı



Bir gün nədən ötrüsə şair dostum Əjdər Ola zəng vurmuşdum. Sağollaşanda ərkyana:
- İtmə, Mübariz, hərdən heç olmasa zəng elə…- dedi.
Üstündən bir həftə ötəndən sonra Əjdərə zəng vurdum. Hal-əhvaldan sonra araya sükut çökdü və mən dedim:
- Qardaş, elə bilirsən səbəbsiz zəng eləmək asandı, hə, nədən danışaq?!
Əlbəttə, bu bir zarafat idi, bilirdim ki, onunla saatlarla ədəbiyyat, sənət söhbəti eləmək olar. Əjdər Ol şeirə, sənətə xəyanəti bacarmayan şairdi. Mən bu sətirləri yazanda qəsdən Əjdər Olun evimdəki kitablarını vərəqləmirəm. Məqsədim onun şeirlərinin təhlili də deyil. Qoy bununla tənqidçilər daha dərindən, daha məsuliyyətlə və daha vicdanla məşğul olsunlar. Amma lazım gələndə yaddaşımı da sınağa çəkmək mümkündü. Məsələn, onun «Elə xoşum gəlir» şeirini oxuyandan sonra şairin rəssamlığına, şeirdəki nasiranəliyə və sözlərin sərrast, yerində işlənməyinə heyrətlənməyə bilmirsən.

Elə xoşum gəlir tənəkdən dərəm,
yuyub
qoyub gedəm sarı salxımı.
Əllərim belimdə qayıdıb görəm
quşlar dimdikləyib yarı salxımı.

Görəm bir kəpənək köynəyi mil-mil
uzaqdan bilinir şehdə çimdiyi.
Görəm ki, misramın üstündə deyil,
altından xətt çəkib sərçə dimdiyi.


Təsvir olunan məkanın rəngləri də, salxımdakı üzümləri dənələyən sərçənin cikkiltisi də aydın və ürəyə yatandı.
Xatirimdədi ki, mən bu şeiri oxuyandan sonra qələm dostum Rafiq Tağıya zəng eləmişdim, şeiri telefonda Rafiqə oxumuşdum və azı yarım saat Əjdərin poeziyasından danışmışdıq. Elə şeirlər hər zaman yazılmır. Hay-küydən uzaq, giley-güzarsız, zəmanədən şikayətsiz, sakit, sadə və sərrast…
Həqiqətən «sözlü-səsli» şeir… Prozaik şeir… Yalnız səsin, sözün, misranın əsl dəyərini, çəkisini bilən sənətkar o şeiri yaza bilərdi. Əslində mən Əjdər Ol haqqında yaza-yaza, onun şeirlərini xəyalımda canlandıra-canlandıra necə deyərlər «öz ölümə» ağlayıram. Yazacağım növbəti əsərə hazırlaşıram, köklənirəm. Deməli, şairin misal gətirdiyi şeirini də, xatırlamağımda qanunauyğunluq varmış.
Əjdər barlı-bəhrəli şairdir, binayi qədimdən barlı, meyvəli ağaclara daş atıblarsa, onda vay adamların, barlı-meyvəli adamların halına! Hərdən bir onun da, bostanına daş atıblar, amma bunları üzə vurmayıb, üstündən sükutla keçib… Cəmi bircə dəfə mən onun nurla dolu çöhrəsində kölgə sezmişəm. Akademik Milli Dram teatrının foyesində… yanılmıramsa, «Hamlet» tamaşasına baxmağa hazırlaşırdıq. Daha susmağa yer yoxdu, açdım sandığı, tökdüm pambığı..
- Mənim dalımca danışırlar, sənin qabağınca. – Bir az fikrə gedib gülümsündü. – Sən də mənim günümdəsən, dal-qabaq gedirik… - səsini yavaşıdıb pıçıltıya keçdi, elə bil nə isə bir sirr açacaqdı mənə. – Mənim dayaq nöqtəm öz içimdədir, səni bilmirəm. – dedi.
Onda mən zarafatyana onun bir şeirindən iki misranı dilə gətirdim.

Əjdər gərək Əjdər ola,
Olmursa, neynirsən onu?


…Birinci gün bir şeir, ikinci gün üç-dörd misra, üçüncü gün mənəmlik azarı, ucuz şöhrət düşkünlüyü… və heç nə… (Eyni analogiyanı nəsrə, yaxud sənətin digər növlərinə aid eləmək mümkündü). Böyük – kiçiyin qalmadığı, yalançı inkarçıların ayaq tutub yeridiyi bir ədəbi mühitdə – nədənsə bu mühit mənə not bilmədən yönsüz-yöndəmsiz çığırışan xoru xatırladır – Əjdər Olmaq həqiqətən çətindi. Əjdər Olmaq və sakitcə öz yolunla irəliləmək… Ətrafdakı dedi-qodulara məhəl qoymadan… Ucuz şöhrət dalınca qaçmadan… Ədəbiyyata, şeirə-sənətə xidmətdən usanmadan…
Günlərin birində Yazıçılar Birliyinin Natəvan klubunda gənc şairlər şeir oxuyurdu. Məclisi Əjdər Ol aparırdı. Biz də dinləyirdik. Şairlik həvəsinə düşmüş xanımlardan biri yanılmıramsa: «Qoymayın məni şair olmağa» - adlı şeirini oxuyanda Əjdər kimi mədəni, soyuqqanlı adamın təhəri əməlli-başlı dəyişdi və o, xanımın sözünü kəsdi:
- Ay xanım, hansı axmaqdı sizi zorla şair etmək istəyən, zəhmət olmasa buyurun, elə bu gündən gedin ədəbiyyatdan!
Qəribədir, yəqin ki, hündür boy-buxununa görə Əjdər Olu həmişə antik dövrün filosoflarına, ən çox Pifaqora bənzədirəm. Guya ki, Pifaqor mənim tayım-tuşumdu, Pifaqorla oturub durmuşam, yeyib içmişəm. Düzünə qalsa, bir elə yeyib içən də deyiləm, bərkdə əlim yoxdu. Amma hər dəfə Əjdəri görəndə Pifaqorun bir deyimi ağlıma gəlir:
«Getdinsə, dala baxma…»
Əjdərsə uzun, sonsuz bir ədəbi-əbədi yol gedir…
Kimdir o yolçu?
Dost uğuruna sevinəndi…
Abırına qısılandı…
Sözə qiymət verəndi…
Zəhmətkeşdi…
Şairdi, sənətkardı…
Redaktəni sevir, sözə həssasdı…
Hərdənbir alın yazısında da düzəlişlər eləyir…
Boynuma alıram ki, onun şeirlərini oxuyanda mən də yazmaq istəyirəm. Təkrar eləyirəm, Əjdərdən yazmağımın özü də bir növ özünəxidmətdir. Haqqını halal elə, qardaşım!
P.S. Gecə beşin yarısıdı, yazı masamın üstündə nələr yoxdu, ilahi! Qəndqabı, stəkan, fincan, kəsilmiş tort, qrip dərmanı, kibrit, bıçaq, yenicə nəşr olunmuş kitabım, dostumun bizdə unutduğu kepkası və bir də Əjdər Olun mənə bağışladığı kitabları. Mən çəkindiyimdən o kitabları üzü üstə yığmışam. Mənə elə gəlir ki, o kitabları bir də oxusam, indicə yazdıqlarımı cırıb tullayacam. Çünki ordakı misralar mənim yazdıqlarımdan qat-qat yüksəkdədi…
P.P.S. Ancaq bir təsəllim də var. Mən onun poeziyasından yazmadım. Özündən yazdım. Bir dost, qardaş və hərdənbir gecələr onun şeirini oxumağa ehtiyacı olan adi bir oxucu kimi…


“Sənət” qəzeti,
1-15 avqust

 

Ağalar Mirzə
Əməkdar İncəsənət xadimi
Qələm qardaşım


Əjdər Ol imzası və yaradıcılığı ilə daim diqqət, maraq dairəsində olan şairdir. O, əvvəl Cəbiyev idi. Sanki özünü, sözünü qətiləşdirən bir inamla adına qeyri-adi təxəllüs götürdü: «Ol». Adidən aliyəcən şairlər bu sözün mənasını yozmağa çalışdı, dost bəyəndi, qısqancsa dodaq büzdü. Əjdərsə təkcə yaradıcılığına yox, imzasına da müxalifəti səbrlə, təmkinlə qarşılamağıyla ilk qələbələrini çalırdı.
Uzun illərin dostluğu Əjdərlə mənim aramda sirr qoymayıb. Bəlkə də heç deyiləsi sirrimiz olmayıb; danışılıb söhbət mövzusuna çevrilənlər dərdlərimiz olub. Bu dərd dolanışıq, ailə qayğılarından çox-çox ucalarda dolanan «ali» dərdlərdi. Mən indi o dərdlərin sevilən misralara çevrildiyini görəndə Əjdərlə sürəkli söhbətlərimizin, şeir-sənət, dünya, həyat haqqındakı bilgilərimizin gizli bir enerji koduna çevrildiyinə sevinirəm. Əslində Əjdərin şeirlərindən öz yaradıcılığının həzzini, sevincini duyuram. Çünki, onun yaradıcılığı təkcə uğurlu misraların, amal və düşüncənin bədii ifadəsi olan qəlbi sərinlədib səngiyən şeirlərin toplusu deyil. Bəlkə də belə olsaydı, Əjdər Ol qəzetlər bolluğunda parlayıb düşən sənət sevdalılarından heç nəylə seçilməzdi. Burda mətləb çox ciddidir. Birinci onun vətəndaşlığı gəlir, sonra istedad, sənətkarlıq, insanlıq, humanizm, kövrəklik, sərtlik… hər şey də ölçüsündə.
Əjdər Olun şeirləri onun özünə bənzəyir; odu odundan, suyu suyundan. Təvəllüdü, mənşəyi, yeri-yurdu, tarixi, şəcərəsi.
Şeirlərinin hər misrasını sıxsan, Şirvan çöllərinin yovşan ətrini yaxandan asar. Səni Əjdərin uşaqlığı keçən sərt, qaraqabaq, qarağanlı, yulğunlu, ilğımlı çöllərlə, ğözünün «ilk ovu asfalt, stansiya, şoran düz» olan dostlarıyla həmsöhbət edər. Özü də Əjdər bu dostlarını şeirlərində böyüdüb «qocaltmış», kənddən şəhərə, xırda, darısqal komalardan dolanışıq ünvanlı Rusiya bazarınacan izləyir. Tale yollarında ağrılar və ayrılıqların göz yaşları içindən parlayan zəif və zərif ümüd qığılcımlarını Əjdər Olun şeirlərindən aydınca görmək olur. (Mən şeirlərdən sitat gətimirəm. Çünki, misralar bir-birindən ayrılmır. Şeir qırılmır, tam parçalanır.)

«Şair cəmiyyətin barometridir» - indi bu bəlkə bu şablon səslənir. Amma, vallah, belədir! Zaman insanı yaddaşsız edir. Dünən başımızı kəsənə bu gün, yaxud sabah qardaş, dost deməyə məcbur oluruq. Şeirdə, şair taleyindəsə konkret günün, güzaranın, ədlin, cinayətin qiyməti verilir. Bu vaxt şairin (Əjdərin) gözünü qan tutur, qan başına vurur, təslimçiliyi, məğlubiyyəti , işğalı bağışlamır. O qədər sərtdi, barışmazdı ki…
Başqa bir şeirindəsə aşiqi (Əjdərin) bir gül ləçəyi ilə vursan yıxılıb ölər – o qədər zərifdi, kövrəkdi. Sevdiyi insanla görüşün həsrətində dəqiqələri gül ləçəyi kimi qırıb-tökür, tənhalıqdakı saatları ömründən silir.
Belə incə, lirik hissləri Əjdər Ol qırx-qırx bir yaşında yazır – bir çiynində «Azərbaycan» adlı məmləkətin qayğıları, o biri çiynindəsə sevda mələklərinin həyata, gələcəyə, yaşamağa ruhlandıran ilhamı. Azərbaycanla «can»ı çıxır, Azərbaycanla «can»ı qayıdır. Dost bir yana, düşmənin dilindən «can»ını alır.
İndi durub təhlil eləsən, Əjdər Olun yaradıcılığında hər cür mövzu verən, müzakirə müstəvisinə çıxası şeirə rast gələrsən. Amma, məqsəd bu şeirləri təhlil etmək deyil. Axı, bir də bu təhlil nə verəcək. Əjdər ömrünü-gününü yazıb. Ona necə deyəsən ki, elə yazma, belə yaz. Bu şeirləri Əjdər qonşudan borc almayıb, öz övladı, qolu-budağıdır. Əslində bu şeirləri Əjdərin əlindən alsan, yaxud bir gün hesab eləsən ki, Əjdər bu şeirləri yazmayıb, onda bu boylu-buxunlu, görkəmində ciddi vəzifə adamlarına xas ötkəmlik olan oturaq yaşlı Azərbaycan vətəndaşının əsli-kökü, soyu-şəcərəsi haqda deyilənləri də qatlayıb bir daş altına qoymaq lazım gələrdi.
Şair Əjdər Olun sənətdəki uğurlarına müxtəlif baxış bucaqlarından baxanların gizli-aşkar təsəvvürlərində onun obrazı bəzən həqiqətin konturlarından kənarda çəkilir. Ciddiliyi və şairliyi bir məxrəcdə görə bilməyənlərə Əjdər Olun ağayana münasibəti məni bir dost kimi sevindirib, əsl şair, insan şəxsiyyətinin bəlkə də belə mübahisəli, qısqanc məqamlardakı rəftarı zamanı formalaşması qənaəti çıxardılan son, doğru nəticə olub.
Əjdər Olun şeirlərində səhvlərindən də gen-bol bəhs olunur. Bəzən Əjdər bu səhvi bilə-bilə edir, mövzu xətrinə, kövrəklik, incəlik xətrinə. Çünki, dünyanın olayları insanı çox sərtləşdirib. Bu sərtlikdən şeir süzülmür, ilham dəmirləşir. Bu vaxt Əjdər dostluğa layiq olmayanla da ünsiyyət yaradır, əl tutur, onu sevgi mərtəbəsinə ucaldır. Və səhv elədiyini görür, sınır, misra-misra qırılır. Dost itgisini özünə dərd eləyir, belə «dərd»li şeirlərində Əjdər «qanlı» şeirlərindən daha ucaboy görünür. Çünki, insanın, cəmiyyətin qanı təkcə döyüşlərdə, müharibələrdə tökülmür. Bu tərəfdə dost kələyi düşmən daşından daha çox qan tökür.
Əjdərin şəxsi portretində iki cizgi: ciddi və kövrək xətlər qabarıq boy göstərirsə, yaradıcılığında səmimilik, adi həqiqətlərin fəlsəfi yozumu daha çox diqqəti çəkir. O, təkcə yaradıcılığında deyil, həyatda da orijinal görünməyə çalışır. Məsələn, qəzet səhifələrindəki şeirlərini övladı ilə birgə çəkdirdiyi şəkillərlə çap etdirir. Mən deməzdim ki, bu Əjdərin övladcanlılığı ilə bağlıdı, amma həm də belədi.
Onun dostlarla münasibətində də bir ritm var. Bu vaxt şairliyi tamam arxa plana keçir. Öz aramızdı, bu vaxt şairliyin heç yeri də yoxdu axı. Yadıma gəlmir ki, biz oturub bir –birimizə şeir oxuyaq… Dərdi-sər azdı bəyəm?! O, dostu zərrə-zərrə yığır, od içindən, su içindən çıxarır. Bəzən onun səbrinə, naz çəkməsinə əsəbləşirəm. Əjdər xətrin xoş olsun deyə belə vaxtlarda mənimlə razılaşır. (Düzdü, bu razılıq zamanı o, heç nə itirmir. Amma, heç məni də itirmək istəmir). Nəhayətdə, Əjdərin bu məsələdə daha haqlı olduğunu hiss edirəm və qiymətləndirirəm. Bütün bunlar adi, normal insani keyfiyyətlərdi. Həm də şairliyin üstünə gələndə şəxsiyyəti bütövləşdirən cəhətlərdi.
Əjdər Ol mənim dostumdu! Bunu var səsimlə deməyə heç çəkinmirəm də. Çünki, bu dostluq sınaqlar dövrünü keçib qurtarıb. «Müqavilə» pozulsa özümüz heç, özgələrin gözündən düşərik. Əjdər Ol həm də mənim sevdiyim şairlərdəndi, bəyəndiyim, qiymətləndirdiyim, adını, imzasını fəxrlə çəkdiyim qələm qardaşımdı. Söz yox yeni yazılan bu kitab da Əjdərin oxucularla ünsiyyətini artırmaqla, bizim əzəli dostluğumuzu yeni mərhələyə çıxaracaq.
Belə işə uğurlar olsun!


Əjdər Olun “Könül vuruşu”
(“Çaşıoğlu” - 2000) kitabına son söz


 


İntiqam Mehdizadə
Əjdər Olun könül vuruşu


Əjdər Ol poeziya məkanımıza çox maraqlı, milli rəngli, təmkiniylə seçilən, müdrükanə bir yol-ərkan gətirib gəlib. Özünə məxsus ziyası, deyim tərzi, hardansa qaiblərdən sızılıb gələn havacatıyla. Sözünün arxasında özündən savayı kimsə yoxdur, kiməsə güvənmir, kimdənsə «komanda» almır və bu «kimsəsizliyi» onu qorxudub çəkindirmir, sözünü şax deyir, şux deyir, mərdanə söyləyir. Özü də anlaşıqlı, ürəyə yatımlı, birbaşa. Poetik çalarlar, təşbehlər, qafiyəpərdazlıq arxasınca düşmür (bunlar təbii, texniki olaraq onun dəstxəttində peyda olur) və hiss eləyirsən ki, Əjdər Ol daha çox ideya, söz, fikir çatdırmaq, bir fərd olaraq Azərbaycan mühitini (təkcə ədəbi mühitimizi yox ha) daha da dolğunlaşdırmaq, onu daha urvatlı, abırlı, əsil dədə-babalarımıza layiq kökdə görmək istəyiylə yazı-pozu işinə baş qoşub. Sözlə bol, fikirlərlə zəngin dünyasına baş vurmaq istəyən oxucusunun elə ilk anlardanca qabağına özü boyda çıxır, deyir bu mənəm, ürəyincənəmsə buyur, qonağım ol. Və bir növ həm özünün, həm yaradıcılığının xarakteristikasını verir. Özü də necə:

Ağrılara, əzablara darılma,
Öz işindən bərk-bərk yapış, yorulma,
Çalış ölmə, çalış itmə, vurulma,
Canım-gözüm, ömür elə budur, bu!
Tale, qismət deyirdin ha, odur, bu!

Yağlı vədlər, yaman «ayır-buyur»lar,
Demə mənə nə ad, nə san qıyırlar,
Tez artmağa axı kimi qoyurlar?
Canım-gözüm, ömür elə budur, bu!
Yarışmağa meydan budur, cıdır bu!..

Neynəyəsən də hər gələn gün xoş olmaz,
Adam gedib ağlağana qoşulmaz,
Fors eləmə, dünya sənsiz boşalmaz,
Canım-gözüm, ömür elə budur, bu!
Səni, məni diri-diri udur bu!
(“Ömür”)

Gərgin, əsəbi, qayğılarla ləbaləb ötüşən bu günlərimizin içindən necə də ümid qoxuyan, işıq saçan, ilıq, məhrəm bir bahar nəsimi kimi keçir bu misralar. Və sadə, təmtəraqsız deyilişiylə bizi necə də inandırır.

Adamsan də, incidərlər adamı,
O dünyadan haraylama atanı,
Alan yoxsa, dur özün al qadanı
Canım-gözüm, ömür elə budur, bu!
Dadına bax, gör nə şirin dadır bu!

(“Ömür”)

Sanki skeptikə, hər şeyə qara eynək arxasından baxana, gələcək barədə qara-qura proqnozlar verənə demək istəyir ki, canım-gözüm, insanlara ümid vermirsən-vermirsən, onu ümiddən niyə məhrum eləyirsən? Əjdər oxucusunu, dolayısıyla millətini çətinliklər, bəlalar, fəlakətlər müqabilində müdrik, dözümlü olmağa çağırır və bu məqamlarda patetikaya, şüarçılığa varmır, çətinliyin daim yan-yörəmizdə labüd olub və olacağından da bizləri xəbərdar eyləyir, öz həyatından, şəxsi müsibətlərindən, həmçinin həyatda rast gəldiyi dramatik, komik, lətifəyə bənzər situasiyalardan söhbət açmaqla sanki oxucusunu uzağa getməyib elə özündəncə nümunə götürməyə səsləyir, daha böyük imtahana bir növ hazırlayır. Yəni, ey insan, sən bu dünyaya gəldiyin gündən getməkdəsən və gedəcəksən, buna çarə yox. Üstəlik də sapsağlam köçməyəcəksən ha, bunun azar-bezarı var, qəfil qəzaya ürcah olmağı var, bir sözlə ölüm-itimi var. İntəhası bütün bunları dərk eyləyib də bacardığın bir işin qulpundan yapış, özünü bu dünyada təsdiq eləməyə, Allahın sevimli olduğunu sübuta çalış. Bunları bacarmasan, heç olmazsa ona-buna yamanlıq eləmə, təmiz adınla, xeyirxah əməllərinlə yadda qalmağa müvəffəq ol. Və bütün bu sadaladıqlarımdan hördüyü şeirləriylə Əjdər Ol Füzuli babamızın:

Bu aləm kim, könül, qeydin çəkərsən
möhnətü qəmdür
Fəna sərmənzilin seyr eylə kim,
bir xoşca aləmdir.

Anıb tənhalığı qəbr içrə nifrət qılma
ölməkdən
Təriqi-üns tut kim, hər ovuc torpaq
bir adəmdir –

misralarındakı fəlsəfəsini özünə xas olan təşbehlər, mənalar, bəyanlarla yaşadır, irəli aparır, süsləyir.
Əjdər Ol 2000-ci ildə çapdan çıxmış «Könül vuruşu» və bu yaxınlarda işıq üzü görmüş «Günəbaxan zəmisi» şeirlər toplusuyla öz oxucularına yalnız özünün əkib-becərdiyi şeir baxçasının güllərindən ibarət bir çələng bəxş edib. Ona görə də ətri, rayihəsi də seçiləndi, ürəyə sərinlik gətirən, ruha qida verəndi. «Günəbaxan zəmisi»nin ilk səhifəsində qəfil yaz yağışı, bahar nəsimi kimi oxucunu haqlayan «Azərbaycanım» şeiriylə şair sanki butün kitabı boyu hansı mətləblərdən və hansı tonallıqda, hansı «tezlikdə» söhbət açacağının bir növ kodunu açıqlayır. Və həmin koddan hali oluban səhifələri bir-bir çevirdikcə əlvan mənzərələrin şahidi olur, şairin «Qeyrət məsələsi»nə, «Bir bayraq, doqquz əsgər» vaqeəsinə, «Akvarium»da cərəyan eləyənlərə, «Söz azadlığı»na, bir sözlə onlarla «vaqeəyə» qeyri-adi, orijinal rakurslardan yanaşdığının şahidi olursan. Məsələn, bir misralıq şeir oxumusunuzmu? Adı da belədir: «Yarımçıq beyt»
Əjdər Ol kitabındakı şeir qonağlığına dəvət elədiyi oxucusunu bir an belə darıxmağa qoymur, onunçun əlindən gələn hər şeyi edir ki, bu qonaqlıqdan nə isə bir şey aparsın özüylə; şair fantaziyasının gücüylə axıb-gedən zamanın ayrı-ayrı məqamlarını tutub saxlayır, dondurur və sən Əjdərin şeir « malikanəsində» sanki rəsmlər, surətlər qalereyasına baxır, yaxud ağlı-qaralı, bəzənsə əlvan rəngli filmi seyr edir, dünyaya bir kərə gəlib getmiş bir ixtiyar kişinin cazibəli söhbətini dinləyirsən. Qəribədir, bəzən hətta uyğun gəlməyən, artıq yük, gərəksiz təfərrüat kimi görünən, digər ədəbi janrlar üçün təbircaiz sayıla biləcək sözlər, ifadələr, frazeoloji birləşmələr belə Əjdər Olun əlində işlək mexanizmə çevrilir, yumşalır, çevikləşir, hay-küysüz, sakit şair təhkiyəsiylə şeiriyyət səviyyəsinə yüksələ bilir, beləcə ədəbi aləmə ən azı özünü göstərir.

- Dilin dolaşmasın
az belə hıqqan.
- Sənə qurban olum?
- Ol, amma çıqqan.
- Qoy bir az çox olum
- Dedim: yox, çıqqan!
- «Çox» de, inciyərəm!
- Yaxşı, çox çıqqan.

(“Çıqqan”)

Nikbin sevinci şişirdir,
bədbin qəmi.
Sevinci meynə kimi,
qəmi öynə kimi
Sinirə bilir
müdrik əmi.
(“Müdrik”)

Adi, yavan həqiqətdir:
Dövlət şərəf və qüdrətdir!
Adil,
Azğın,
Qarğa-quzğun,
İri, xırda…
Ən axırda
hamı görür
və eşidir.
Var onun da hər çeşidi-
halalı var,
haramı var.
Müdrik dövlət başçısına
Əjdər Olun salamı var.

(“Müdrik dövlət başçısına”)

Əjdər Olu ilk dəfə Ramiz Rövşənin atasının yas mərasimində görmüşdüm. İkinci kərə 60 illik yubileyimdə rastlaşdıq. Bu iki mərasim arasında isə özünün «Könül vuruşu» kitabını mənə bağışlamışdı. Nə gizlədim, ilk görüşümüzdə onun təhər-töründən şairlik mənsimədim, üstəlik də çox şairlərə nəsib olmayan «babat» vəzifə daşıdığını biləndə dalağım sancmışdı. Düşünmüşdüm ki, belə vəzifəni daşıyan, üstəlik də yuxarı eşalona məxsus məmurların geyim-keçimində gəzib-dolaşan (Allah artıq eləsin!) kimsədən urvatlı şair olmaz, heç şeir yazmağa vaxtı da qalmaz. Amma kitaba baş vurmağımı gördüm. Demək olar bir nəfəsə oxudum onu. Və ilk qənaətim belə oldu ki, deyəsən Əjdərin şeir yazmaqdan savayı bir peşəsi yox. Yəni mənə əyan oldu ki, Əjdər Ol həddindən çox şeir yazır. Qəribədir, mən bu fikrə niyə gəlmişdim? Axı bu şeirlərin daxilində gizlənmiş, sanki hər an partlamağa hazır olan ekspressiya, gərginlik (nə qədər sakit tonallıqla yazılsalar belə), şairin seçdiyi mövzulara ayıq, soyuqqanlı, praqmatik münasibəti gərək belə bir fikrə rəvac verəydi ki, bu sayaq şairlər az yazmalıdır. Yəni çox yazsalar, yorular, nəfəsləri çatlayar. Amma yox, Əjdərin şeirlərini oxuduqca əvvəlki qənaətimdə yanıldığımı duydum. Əksinə, məndə onun hədsiz çox yazdığına inam yarandı. Ona görə yarandı ki, mən onun açdığı şeir yolunun məhz özününkü olduğunu dərk elədim və onu da özlüyümdə qətiləşdirdim ki, bu yolun üstündə onun əl-ayağına dolaşası heç bir əngəl ola bilməz. Sənətkar öz orbitində azaddır və azad olan kəs mütləq çox yazmalıdır. Əjdər də o sarıdan. O, gözgörəsi özü-özüylə könül vuruşuna çıxıb və önəmlisi budur ki, bu vuruş, bu mücadilə barədə öz oxucusuna, böyük mənada xalqına söz açmaq həvəsi, ehtirası, ehtiyacı Əjdər Olda intəhasızdır. Məşhur şeirində söhbət bu mücadilədən gedir.

Könlümü vuruşa çıxarmışam mən
Səf-səf, qoşun-qoşun kədərlə, qəmlə.
Mənim ürəyimin hər döyüntüsü
Təzə bir hücumdur, yeni bir həmlə…

Mənim ürəyimin döyüş marşı var,
Hər an eşidirəm, hər an o marşı.
Belə vuruşmayıb İmamsöyün də
Bir könül milyona, milyarda qarşı…

Yerindən oynayıb, yurdundan olub
Qəlbin sevər yeri hara bağlıdır?
Bədənə-çadıra sığışa bilmir
Elə bil qaçqındır, qarabağlıdır.

Mən öz ürəyimə yaxşı bələdəm
Döyüşər döyüşün sonuna qədər
İnsanlar, mən sizin aranızdayam
Günəşli Qiyamət gününə qədər.


(“Könül vuruşu”)

Bilmirəm, hansı bir yazımdasa belə bir fikir işlətmişəm ki, Əli Kərim o şairlər sülaləsinə mənsubdur ki, yaradıcılığında bir dənə zəif şeiri yoxdur. Əlbəttə, bu mənim oxucu qənaətimdir və öz fikrimdə sabitqədəməm. Və Əjdər Olun məndə olan iki kitabını oxuyub başa vurandan sonra həmin fikir bir daha beynimdə dolaşdı: Əjdər Olun kitablarında zəif şeirə rast gəlmədim. O, bundan sonra da çox şeir yazıb çox da kitablar çıxaracaq. Yaxşı da eləyəcək. Çox istərdim Əjdər ahıl çağlarına, mən də qismət olsa ixtiyar çağıma gəlib yetişəndə inamla deyə biləm: - «Əjdər Olun bir dənə də olsun zəif şeirinə rast gəlmədim!»

“525-ci qəzet”,
24 iyun 2006-cı il


Aslan Quliyev
GÜNƏBAXAN ƏTRİ


Bakı qaşqabağını tökəndə dözülməz olur, illah ki, öz ovqatın da Bakının ovqatına köklənə. Ağaclar, evlər, nəmli səkilər, adamlar tutqun dumana bürünüb, sənə bomboz üz göstərir. Evlərin bomboz divarlarına, çılpaqlaşıb soyuqda üşüyən ağaclara, ürək sıxan qara yollarla ağır-ağır sürünən maşınlara yağış hiddətlə çırpılır, başa düşmürəm, niyə belə qəzəblənib? Nə olub, nə məsələdi, yerinizi dar eləmişəm, çıxıb öz dağlarımıza getmək üçün saatları sayıram. Mən gedəndən sonra bəlkə üzünüz güldü. Belə anlarda həmişə qəlbimdən hekayələrimdən birinin qəhrəmanının arzuladığı kimi bir istək keçib, ola nəhəng süpürgən, siləsən göyün üzünü, qovasan buludları, bu qara tutqun pərdəni silib-süpürüb atasan bir tərəfə, altından üzügülər Bakını, şəkilləri, ağacları üzə çıxarasan. Xəyal idi, gülər üz, şən, gülüşlər, cingiltili səslər içərisində ilğımlanan Bakı əlçatmaz illərin o üzündə düşüb qalmışdı. Hansı süpürgəylə süpürsən də üzə çıxan deyildi.
Yazıçılar Birliyindən çıxanda ovqatım beləydi, burda girəcəkdəki balaca foyedə kitablar satılır və yolum bura haçan düşdü ki, mütləq yeni çıxan kitablardan, qəzet və jurnallardan alıram. Bu dəfə də Əjdər Olun «Günəbaxan zəmisi» kitabı diqqətimi cəlb elədi. Tutqun və hirsli qış günü bir anlığa dalğalanan, günəşin arxasınca boylanan günəbaxanlar xəyalımda canlandı. Günəbaxan zəmisi ilə bağlı acı xatirəm də vardı, povestimin qəhrəmanı şəhərdən ucqar bir bölgəyə ğedir, günəbaxan zəmisinin kənarında çadır qurub orda yaşayır. Povesti hansı jurnala verdimsə, ilk iradları bu oldu, bu nədi, Azərbaycanda günəbaxan zəmisi var? Adam günəbaxan zəmisi görməmişdi və elə zənn eləyirdi ki, bir halda o görməyibsə, demək yoxdu. Deyirdim, oturaq taksiyə, mən sizi aparım birbaşa günəbaxan zəmisinə, yəni taksidən birbaşa günəbaxan zəmisinə düşün.
Əjdər Olun ayrı-ayrı qəzet və jurnallarda çıxan şeirlərini, son vaxtlar hekayələrini, haqqında yazılanları da oxumuşam. Mübariz Cəfərlinin «Sənət» qəzetində «Adını tapa bilmədiyim yazı…» adlı yazısında Əjdərdən gətirdiyi iki bəndlik nümunə bir xeyli müddət düşüncələrimə hakim kəsildi, qulaqlarımdan çəkilmədi. Nikbin şeirdi, ancaq hardasa kədərə köklənmişdi, anlaşılmayan bir niskil var idi hər sətrində, rəngi işıqlıydı, səsi də rənginə uyuşurdu və bu şeirdə kədər içində şən, yüngül səslər cingildəyirdi.

Elə xoşum gəlir tənəkdən dərəm,
yuyub qoyub gedəm sarı salxımı.
Əllərim belimdə qayıdıb görəm
quşlar dimdikləyib yarı salxımı.

Görəm bir kəpənək köynəyi mil-mil
uzaqdan bilinir şehdə çimdiyi.
Görəm ki, masamın üstündə deyil,
altından xətt çəkib sərçə dimdiyi.

Mübarizəyə razıyam ki, belə şeirlər hər zaman yazılmır, hər şair də yaza bilmir, bunun üçün incə müşahidəçilik, rəngləri görmək, bir-birindən ayırmaq, səsləri eşitmək qabiliyyəti, həssas təxəyyül lazımdı.
Əjdərin kitabını oxuduğum isə ilk dəfəydi. Motstart can verən kor qocanın son arzusunu yerinə yetirərək ona çıçəkləyən alma bağını göstərə bilmişdi. O tutqun qış günü kitabdakı şeirləri oxuduqca «dalğalanan, çalxalanan günəbaxan zəmisi»ni, «şeh qonan ətirli limanı», «kürən günəbaxanları» gördüm, bahar rəngləri, biçilən otun, yağışın, küləyin, çölün, çəmənin qoxusu bir anlığa da olsa qış qayğılarını unutdururdu.
Bu şeirləri mənə doğmalaşdıran müəllifin Vətən sevgisi, torpağa məhəbbəti, millətinə bağlılığıydı. Bir çox həmkarlarımızın – çox təəssüf ki, cavan həmkarlarımızın Vətənlərinə, millətlərinə qara yaxma, az qala millətlərindən, dinlərindən imtina eləmə arzuları ilə yazdıqlarının fonunda bu şeirlərin əhəmiyyəti daha da artır. Bu ayrıca yazının mövzusudu, ancaq üzərində dayanmadan da keçmək olmur. Gündəmdə qalmaq, özlərini yadlara sevdirmək naminə millətə, Vətənə çamur atmaq zərərli tendensiyadı, namərdlikdi. Yaxşıdı, pisdi, sənindi! Yoxsa əlinə qələm götürüb yazan kimi yadlarına düşür ki, vah bə, ayağı çarıqlı, əli təsbehli millətin nümayəndəsiymişik, dinimiz də sən deyən xoşa gələn deyilmiş, Vətənimiz isə, vay səni, heç də Avropada yox, Asiyada imiş, avropalılardan xeyli geridə qalmışıq. Olurmu belə? Ədəbiyyatın məramı, məqsədi, amalı, vəzifəsi var axı.
Ədabazların, qəlbində Vətən sevgisi olmayanların acığına Əjdər hər cümləsində bütün varlığıyla, sevgisiylə hayqırır, çağırır, Vətənə olan sevgisi hər misrasında aşıb daşır. Bu şeirlərdə rəng parlaq, aydın, səs güclü, işıq boldu.

sən mənim canım Vətən!
Azərbaycanım Vətən!


və ya

Məni çəkib aparır bircə ağız holavar,
köynəyimi şişirdir dəli xəzri, gilavar,
islanmışam gur yağan yağışda,
nə var, nə var,
səsini duyum, Vətən!
Məst olum, uyum, Vətən!


Bu misralarda sadə, xalqdan gələn deyimlər sətraltı mənanın gücünü artırır, şüarçılıqdan qaçma, süni, təntənəli, ümumi sözlərdən istifadə eləmədən yazmaq mövzunu oxucuya doğmalaşdırır.

bicəciyim, birdənəm,
sevgilim, dədəm-nənəm,
balam, Azərbaycanım!
Salam, Azərbaycanım!


«Əlimə dəryaz alıb iki vər ot biçmişəm, iyini alım Vətən!» misrasını oxuyanda çalınan otun qoxusunu belə duydum. Əyalətdə böyüməyən, ömründə heç olmaya bircə dəfə ot çalmayanlar burda bəlkə də müəllifi olduğu kimi duymayalar. Amma həqiqət budur ki, yazın sonunda, havalar isti olanda biçilən otun qoxusu düzü-dünyanı başına götürür, dəryazlara, tozlu yollarla, ot biçənlərə belə hopur. Dağlardan əsən küləklər bu qoxunu bütün dünyaya yayır. Bu torpaqlardan çıxıb gedənlər dünyanın harasında olurlarsa olsunlar bu qoxunu özləriylə gəzdirirlər, ömürlərinin sonuna kimi unutmurlar. Əjdərlə tanışlığım yoxdu, harda böyüdüyünü bilmirəm, amma bu qoxunu indiyə kimi unutmayıbsa, yəqin ot biçib və biçibsə, demək, biçilən otun qoxusunu heç vaxt da unutmayacaq.
Vətənə, torpağa sonsuz məhəbbətlə yazılan şeirlərdəki qəlb ağrısı, ürəyi didən kədər, acı qüssə misralara elə hopur ki, oxuduqca qəlbini didir. Bu qüssə «Bir bayraq, doqquz əsgər» poemasında daha güclüdür, reallığın fərqində olan şair burda bədbinləşir, ürəyini sona qədər açmır, amma faciəmizin, məğlubiyyətimizin ağırlığını, ağrı-acısını verə bilir. Əsgərlər «dumana bürünüb, yamacda sürünürlər», «doğmaca torpalarında əsir düşməyi» ağıllarına da gətirmirlər. «Otdan, sudan, havadan qan qoxusu» gələn bir vaxtda «Allaha qarşı olanlar, Allah adamlarını gülləyə tuturlar». Əsgərlər az, düşmən çox, kilsəyə sığınırlar, ancaq kilsə də onları qoruya bilmir. «Kilsə də dindən dönür, yəqin Allah da evindən qaçaq düşür». Əsgərlər hamısı ölür, sonuncu əsgər də əsir düşür, bayrağını alıb cırırlar, sındırırlar. Sonuncu əsgərimizin də qaldırdığı bayraq enir.

Bir bayraq, doqquz əsgər
şəhid tək öldü, itdi.
Bilmədilər
Qarabağ
savaşı necə bitdi.

Nə qədər qəribə olsa da şair doğma torpaq uğrunda sonuncu güllələrinə qədər vuruşub həlak olan, əsir düşən qəhrəman əsgərlərin savaşın necə bitdiyini bilmədikləri ilə təsəlli tapır. Bilsəydilər, nə deyərdik? Bu qədər axıdılan qanlarımızın, verdiyimiz itkilərin hesabına qazandığımız nə oldu? Əjdər Olu bu poemada daha çox duydum. Mənə tanış olan ovqatdır, «Keçmiş döyüşçü və oğlan» adlı povestimdə hər dəfə «Müqəddəs Azərbaycanın qəhrəman zabiti» yazanda gözlərim yaşarırdı və Əjdərin də bu misraları yazarkən hansı hissləri kəçirdiyi mənə tanışdır.
Qənaətimcə Əjdərin özünəməxsusluğu, onu digərlərindən fərqləndirən üslubu ilk baxışdan sadə, diqqəti cəlb eləməyəcək mövzularda böyük mənalar axtarması, şeirlərinin sadəliyi, toxunduğu, müraciət elədiyi hər bir canlı, cansız əşyanı şeirə çevirə, gətirə bilməsidir. Tənqidçi İnqeman Andersen haqda yazırdı: «O çirkli suda dürr tapmaq qabiliyyətinə malikdir». Əjdər toxunduğu bütün mövzuları oxucusuna doğmalaşdıra bilir, birbaşa ürəklərdəki sarı simə toxunur. Oxucusunu özünə cəzb eləyən güclü sətiraltı mənalar misraların arxasından elə boy verir ki, onu görməmək, duymamaq sadəcə mümkün deyil.

Məni çölün düzündə qoruyur
günvurmadan
bapbalaca sərçənin bapbalaca kölgəsi.

Nikbin, şən şeirdi. Sərçə kölgəsinə belə baxıb təsəlli tapdığımız anları dəqiqliklə təsvir edib. Bu şeirlərdə «yağışın ayaqları bir-birinə dolaşır», «payız solur… qışı qəfil şaxta vurur», «vaxt getmir ki.. vaxt ya qaçır, ya da uçur».
Çoxumuzun ürəyindən keçən, çoxumuzu nə vaxtsa düşündürən, anlaşılmayan bir həsrətlə varlığımıza hakim kəsilən, ancaq yazıya almadığımız, ala bilmədiyimiz hissləri Əjdər yazıya elə məharətlə gətirir ki, oxuyanda diksinirsən.

Yoruldum, bezmədim,
uzaq bir şəhərdə bilmirəm niyə,
boylanıb küçədə səni gözlədim.

Uzaq bir şəhərdə küçədə dayanıb gözləmişəm və ürəyimdə məhz bu misraları pıçıldamışam. Əjdər Olun əksər şeirləri beləcə xəfif niskilə, xiffət dumanına bürünüb. Bəzən heç hiss eləmirsən, ancaq oxuyandan sonra qəlbinə bir niskil çökür. Rəssam Levitan gəncliyində yağış içində boğulan payız bağının yanından keçib gedirmiş və bağda da həmişə bir qız romans oxuyurmuş. «Mənim səsim yorar səni, oxşar səni…». Ömrünün sonuna kimi yağışlı payız bağı Levitanın xatirələrindən boy verdi, nə o yağışı, payız bağını, bağda oxuyan naməlum qızı, nə də onun oxuduğu romansı unuda bilmədi. Bu şeirdə də Əjdər unudulması mümkün olmayan gözəl bir rəsm çəkib. Dayanıbsan uzaq, yad bir şəhərin yad küçəsində, boylanırsan və ancaq onu gözləyirsən…
Əjdəri başa düşmək o qədər də asan deyil, bəzən oxucu üzdəki mənanın cazibəsinə düşə, şeiri məhz bu anlamda qəbul eləyər, amma Əjdər sözünü, demək istədiklərini üzdə demir.

Tutulub ğöy üzü,
payızdır, gün gödək
Görmürəm öy üzü,
evimizə gedək!

Hansı evimizə? İllər öncəsi tutqun torpaq yollara düşüb gəldiyimiz, o illərin arxasında boşalan kəndlərimizdə, sözalan yurd yerlərimizdə düşüb qalan, gözü yolda, qulağı səsdə olan evimizəmi? Yaşadığımız evəmi? Ya xəyallarımızda qurduğumuz, arzularımızda yaşatdığımız isti, işıqlı, doğma evimizəmi? İçimizdəki evimizəmi? Şairin öz bildiyi xüsüsatdı amma hər kəs istədiyi kimi qəbul eləyə bilər.
Əjdər Ol sevgi şeirlərində də səmimidir, bir nəfəsə oxunan şeirlərdə qulaq gələn səs yoxdur, yenidir, nostalji hisslər indinin şən ovqatına ciddi xələl gətirmir. Böyük məhəbbət gurultulu, təmtəraqlı sözlərlə yox, hamıya tanış olan gündəlik həyatımızın içindən gələn adidən-adi sözlərlə təsvir olunur. İlk oxunuşdan bəlkə də oxucu alışa bilmir, illərlə oxuduqlarının təsiri altında formalaşan hisslərinə, duyğularına bu yeni yanaşma tərzi qəribə gəlir, ifrat klassik mühafizəkarlığın qəlblərdə hakim olduğu bir əsnada Əjdər bütün bu tabulara son verir. «Sənin ucbatından maşınımı əzdim, sənin ucbatından axsadım işdə», «Amma zalımın qızı, ayrı aləmsən, adam ölər səninçün…», «Hərdən sevilməyin yadına düşsə, mən sənin yadında yaxşı qalaram!» Yəni Əjdər sevdiyini günəşlə, ayla müqayisə eləmir, bircə tükünü dünyaya dəyişmir, məcnunluq xülyasına düşmür. Soyuqqanlı bir ovqatla yazılan bu şeirlər daxili gücünə, təsirinə, səviyyəsinə görə çılğın, isti ovqatla yazıdan ibarəli şeirləri kölgədə qoyur. Kövrək, romantik ovqatla yazılanlar da yerindədir.

Dayanmışam,
qızarmışam,
köz kimiyəm.
Sən – şəkil,
mən – şəkilaltı
söz kimiyəm.

Bu sətirləri artıq rayonda yazıram. Qar yağmaq üçün hazırlıq görür, şaxta güclənib, soyuq günəş günahkarcasına gülümsəyir, qışın əlində aciz qaldığını çətinliklə də olsa etiraf eləyir. Bu ilki qış namərdlik eləmir, xəbərdarlıq eləyərək addım-addım gəlir, gəlirəm deyir, odununuz, otunuz, ocağınız, suyunuz, ərzağınız varmı? Pəncərədən qarlı zirvələrə, qırov bağlamış akasiyalarla baxıram, günəş küləklərin qarı sovurduğu ağ təpələrinin arxasına əyilir. Qış çöllərinə baxıb yazmağı çox xoşlayıram.
Əjdər Olun yazılarında isə qış yoxdu, yaz var, yaz rəngləri ilğımlanır, yaz sevincləri kükrəyib daşır, yaz yağışları yağır, «xırdaca çəmən gülləri boylanır», «quşların cəh-cəhi, quşların pıç-pıçı» dünyanı yaz səsləriylə doldurur, «zəngçiçəyinin zəngini çalan» şair şeiri də yazda yazmağı xoşlayır:

Elə xoşum gəlir, eyvanımızda
sakitcə oturub oxuyum, yazım.
Bir qom çiçək olsun güldanımızda
çiçəyin ətrini qoxuyum, yazım.

Axşam düşür. Gecə qanadlarını bu əyalət mərkəzinin üzərinə gəlir. Ay çıxmayıb, qar şəfəqləri havanı xəfifcə işıqlandırır. Bir azdan işıqlar da sönəcək. Belə məqamda ən yaxşısını Əjdər Ol deyib.

Salamat qall, tərpənəsi qatarım,
can verirəm, yoxsa yuxu aparır?
Yuxum gəlir…

“Sənət” qəzeti,
15 dekabr 2006-cı il


 

Əli Daşqın, professor
“Günəbaxan zəmisi”

Şair Əjdər Olun bu yaxınlarda İran İslam Respublikasında – Təbrizdə “Günəbaxan zəmisi” adlı şeirlər kitabı çapdan çıxıb. Nəfis tərtibatla, yüksək poliqrafik icrada işıq üzü görən kitabın tərtibçisi, çevirib çapa hazırlayanı və müqəddimə müəllifi professor Əli Daşqındır. Quzey Azərbaycan ədəbiyyatının klassik və müasir mənzərəsi ilə güneyli soydaşlarımızı vaxtaşırı tanış edən, yeri gəldikcə müxtəlif dərgilərdə və nəşr məhsullarında ulu söz sənətimizlə bağlı dəyərli məqalələrini dərc etdirən Əli Daşqının “Günəbaxan zəmisi” kitabına yazdığı giriş sözü də maraqlı və aktualdır. Əjdər Olun bir şair kimi hansı məziyyətlərə malik olduğunu öz yazısında təhlilə cəlb edən alimin giriş məqaləsini olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Hörmətli oxucular və şeir həvəskarları!
Əldəki toplu, şeir məcmuəsi Azərbaycan Cumhuriyyətində yaşayıb-yaradan və bizə dil, habelə din qardaşı sayılan Əjdər Olun ayrı-ayrı şeirlərindən seçmələrdir. Necə ki, bilirsiniz , yazar və şairlərin oxşar cəhətləri çox olsa da onların hər birinin özünəməxsus səliqə və yol-yöntəmləri vardır. Bu isə onların təbii coşqu, zövq, dünyagörüşü, savad, yaşadığı mühit və aldığı təlim-tərbiyə və bu kimi şərait, habelə bildiyi dildən asılıdır. Misal üçün, Xaqaninin şeiri və şeir dili Nizaminin, Füzulininki, Nəsiminin, Şəhriyar və Hafiz kimi şairlərinki də öz çağdaşlarından seçilir.
Bu o deməkdir ki, şeir var düşüncə məhsulu və şeir var könül ağrısı, yaxud da sevgi acısıdır. Həmin şeir və kəlam yaradıcılığı birində açıq-aydın, çılpaq və sadə şəkildə ortaya çıxır, birində isə mürəkkəb, örtülü, söz içində söz və elmi olaraq yaranır. Bu adət və səliqə oxucu və şeirsevərlərdə də görünür. Birinin sevdiyi şeiri başqa birisi xoşlamayır, onunku kimi böyük və dərin sanmayır və yaxud şeir kimi qəbul etməyir. Buna görə də belə bir deyim vardır ki, filan şairin, yazarın qələmi ağırdır, filan şair, yazarınkı yüngül, ya da sadədir.
Bu şeir məcmuəsində seçib tərtib etdiyimiz və yayınladığımız şeirlər də əziz dostum Əldər Olun özünə və öz düşüncə tərzinə məxsus olan şeir çeşidi və deyimi, yol-yöntəmi, habelə səliqə-biçimidir. Onlar öz görüş və baxışlarını bu biçimdə öz oxucularına təqdim etmək və onlarla əlaqə saxlamaq istəmişlərdi. Bu topluya seçilmiş şeir növləri bizim şəxsi seçim və istəyimizlə deyil, ola bilsin ki, həmin şeirlərin bir neçəsi, yaxud da bəzisi bizim zövq və şeir, ya da deyim tərzimiz ilə üst-üstə düşməsin. Məcmuənin şeirlərinin heç birisi bizim şəxsən təsdiq, yaxud inkar etdiyimizi göstərmir, bəlkə şair istəyini yerinə gətirməyimizdən irəli gəlir. Çünki cənab Əjdər Ol öz şeirlərindən seçmə olaraq bir məcmuənin İran İslam Cumhuriyyəti və Təbrizdə çap olunub oxucuya çatmasını arzu etmişdir və biz həmin arzunu yerinə yetirib gerçəyə qovuşmasına həm də könüllü olaraq təlaş etmişik.
Demək, biz də digər oxucular kimi, məcmuəni oxuyar və sevdiyimiz şeiri dönə-dönə göz və könlümüzdən keçirə bilərik. Bu isə hər kəsin təbii haqqı və özünəməxsus düşüncə tərzidir. Yaradıcı zövqləri fərqli olduğu kimi, oxucu zövqlərinin də fərqi vardır. Bu da bir bağçanın rəngarəng çiçəklərini xatırladır.
Bəli, birisi ağ çiçəyi və digəri qırmızısını və… bu böyük Allahın insana bəxş etdiyi çeşidli istedad və düşüncə sahəsindən asılıdır və təkrarolunmazdır.
Beləliklə də şeir toplusunu oxucuya, oxucunu isə ona tapşırır, şairin arzusunu yerinə yetirmək istəyirik və bir sözü də çatdırmağı lazım görürük ki, şair Əjdər Ol öz şeirlərində yumşaq və dostyana tənqid, duyğu və sevgi, vətənsevərlik, ölkəsinə olan təcavüz, şəhidin ulu məqamı, dilin və şeirin sadəliyi, ölkə üçün səmimi çalışmaq, sevgiyə sayğı və hörmət, insana, habelə təbiətə də yer vermək, şifahi xalq dilini qorumaq və sözü onun düşündüyü kimi demək yollarını axtarıb, bu yol ilə könlünün saf və təravətli yağışını oxucularının zövqünə çiləmişdir.


Təbriz şəhəri 13.03.2007
“Ədəbiyyat” qəzeti,
25 yanvar 2008-ci il



Tofiq Hüseyn
Günəbaxan zəmisində ağladığım gün



Hərəsinin arası bir il çəkməklə Əjdər Ol mənə son vaxtlar iki kitabını hədiyyə eləyib. Birincisi “Günəbaxan zəmisi” idi, avtoqraf yazıb mənə verdi. Adətim belədir ki, yazılan avtoqrafı müəllifin yanında oxumuram. Sözdür, birdən olmadı elə, oldu belə, ya xoşuma gəlmədi, ya müəllif nəsə bir səhv buraxdı... Dərhal üzümün mimikasından hiss eləsə, yaxşı çıxmaz.
Əjdər Olun avtoqrafını bir az aralanandan sonra oxudum; “Ustadım Tofiq Hüseynə...”
Bu söz məndən ötrü sözün əsl mənasında xəcalət idi. Özü də Əjdər Ol kimi ədəbi kluarlarda artıq çoxdan tanınan, ictimai fəallığı olan bir qələm sahibi tərifindən yazıldığı üçün...
Sözün düzü, “Günəbaxan zəmisi”ndəki avtoqraf məni ani sevindirsə də, yaddaşım yaxamdan əl çəkmədi, bəzi şeylər yadıma düşdü. Cavan vaxtı nəşriyyatlarda işləyən vəzifəli dostlarımın yanına gedirdim. Onlar mənim yanımdaca özlərindən bir neçə yaş böyük, bəzən də, lap elə yaşıdı olan şair və yazıçılara zəng edib onlara “Ustadım” deyirdilər, deyə-deyə də mənə göz vururdular ki, yəni sən belə şeylərə fikir vermə, mən filankəsə yalandan “paçka” basıram.. Başa düşürdüm ki, oturduğu kreslo bu adamı özündən bir pillə yuxarıda əyləşən, yaxud yuxarıda əyləşənlərin qohum-əqrəbası olan kəsləri ”ustad” çağırmağa məcbur edir.
Mənim möhkəm qənaətimə görə Əjdər Ol belələrindən olmamalı idi. Ən azı ona görə ki, biz eyni ərazidə doğulmuşuq, Əjdərin yaxınları mənim dostlarımdır. İkincisi, Əjdərlə mənim tanışlığımın yaxşı xatırlanan tarixi var. Mən, neçə illər bundan əvvəl Əli Bayramlıda (Şirvan) çıxan “İşıq” qəzetində bədii yazılara baxırdım, deyək ki, şeir şöbəsinin müdiri idim. Əjdər bir dəfə yanıma gəldi. Şeirlərini oxudum, bəyəndim, yadımda deyil, deyəsən onlardan qəzetdə dərc olunanı da oldu, amma o yadımdadır ki, biz, şeirdən, poeziyadan xeyli söhbət etdik, fikirlərimizi bölüşdürdük.
Həmin o söhbət zamanı Belinski sayağı ağzımdan elə bir fikir, ya ideya çıxa bilərdi ki, bu fikir-ideya Əjdər Ola bütün yaradıcılığı boyu yaxın köməkçi ola, yaxud, sənət aləmində ona yol göstərən mayaka çevrilə bilərdi. Bəlkə onda adım onun yaddaşına “ustad” kimi düşmüş olardı. Bir balaca mümkün variant olsa da, bu qənaətim özümə inandırıcı görünmədi.
“Ustadım” sözü mənim uğursuz yaradıcılığıma təsəllifason bir şeyin görüntüsünə oxşasa da, Əjdər Ol özü buna yol verməzdi. Belə münasibət adamın xətrinə dəyən şeydi və ərz elədiyim kimi o, mənim kefimə soğan doğrayanlardan deyildi.
Əjdər Olun əyalət şəhərində yaşayan Tofiq Hüseyndən heç bir keçəcəyi də yoxdur. Əksinə, mən özüm ona bu və ya digər məsələlərdən sarı dəfələrlə əziyyət verməli olmuşam.
Əyalət demişkən... Mən, əyalətdə yaşayanın ədəbiyyat aləmində Parlaq Zat olmağına heç vaxt inanmamışam. Müntəzəm, ardıcıl, təmənnasız çap olunmaq bir yana. Ədəbi tənqid deyilən şey əyalətdə yaşayan yaradıcı adamı heç vaxt öz-özünə axtarıb görməyib, yaxud görmək istəməyib.
Kim idi bizi itirib axtaran, kimin bizdən işi keçir. Yaradıcılığımıza qiymət verəsi adamlarla heç olmasa üz-üzə də gəlmirik ki, üz-üzdən utansın. Redaktəyə ehtiyacı olsa da, vurun məni öldürün, bu fikirdəyəm ki, Azərbaycan ədəbiyyatında namuslu, vicdanlı, tərəfsiz ədəbi tənqid elə-belə, asanlıqla yaranmır. İnanmıram və inanmamışam ki, bir tənqidçi öz ürəyinin hökmü ilə heç kəsin sözünə qulaq asmadan, ətraf mühiti, elitanı, bütün kimləri və kimsənələri saya salmadan əlinə qələm alıb kimdənsə məqalə, pessenziya, yaxud buna oxşayan nəsə bir şey yazsın.
Vurun öldürün, inanmamışam. Kimlər təriflənibsə, altında nəsə məqsəd olub, tənqid olunanlar da kimlərin, nələrinsə güdazına gedib. Əjdər Olun, əğstəxfürullah, mənim nə tərifimə, nə də tənqidimə ehtiyacı yoxdur, heç vaxt da olmayıb.
Bəs elə isə bu “ustadım” nə deməkdir?
“Günəbaxan zəmisi”ndə bu barədə bir qədər fikirləşsəm də, ərz elədiyim kimi, çox baş sındırmadım, sözdür də, deyilib. Yazıçı öz avtoqrafı ilə “Ölümlə zarafat” adlı başqa bir kitabını mənə hədiyyə edəndə məsələ ciddiləşdi; “Ustadım Tofiq Hüseyn üçün”...
“Ölümlə zarafat” kitabını birnəfəsə, sonsuz maraqla, ləzzətlə oxudum, ünvanıma deyilən qeyri-adi dərəcədə qiymətli sözün əsl mənbəyini, mənasını tapmış oldum.
Bəri başdan Əjdər Ola bu böyük ehtiram üçün dərin təşəkkürümü bildirirəm, sağ olsun.
Keçək məsələnin mahiyyətinə.
“Ölümlə zarafat”a bir neçə hekayə, esse, hətta pyeslər də daxil edilib. Bunların hər biri haqqında ayrıca danışmaq olar, sözün həqiqi mənasında hər biri gözəl sənət nümunəsidir. Buradaca deyim ki, Əjdərin nəsr qələmi də itidir, onun nəsrində bədii ümumiləşdirmə güclü, dil son dərəcə gözəldir. Bunlar ayrıca söhbət mövzusudur. Əjdərin “Ölümlə zarafat”da 3 ədəbi portreti var.
“Ədəbi portret”, “Ədəbi oçerk” - ədəbiyyatda yüzlərlə belə şeylər var. Əksəriyyəti də bu cür başlayır: ”Səməd Vurğun (Vəkilov Səməd Yusif oğlu) 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur”. Ədəbi oçerklərdə bu şablon əvvəldən axıra kimi davam edir və yazıçı cansız məxluq, robot kimi təsvir olunur, onun həyatı quru rəqəmlərdən ibarət tərcümeyi-haldan kənara çıxmır. Özü də bu janr yalnız və yalnız müəyyən titulları, ədəbiyyat aləmində zəngin xidmətləri olan ədəbiyyat bosslarına-parlaq simalara məxsus olur. Yerdə qalanlar-hətta istedad sahibi olsalar belə, bu cür yazılardan məhrumdurlar. Bir yazıçının istedadı varsa, lakin o, deyək ki, türmədə yatıbsa, yaxud cibində marixuana gəzdirirsə, beləsi ədəbiyyat aləmində ümumiyyətlə küfrlə qarşılanır. Sovet rejimindən qalma ənənə var. Əsl yazıçı dövlət tərəfindən fəxri ad, orden-medal almalı, vəzifə daşımalı, millət vəkili olmalı, bahalı kostyumlar geyinib, bahalı qalstuklar taxmalıdır. Hərçənd dünyanın bir nömrəli yazıçısı Qabrel Qarsia Markesin “Bir də hərdən fikirləşirəm ki, işdir mən, yazıçı yox, terrorçu olsaydım, bəşəriyyət məndən daha çox fayda götürərdi” kimi məşhur sözlərinin bizim ədəbiyyat yaradanlara heç bir dəxli yoxdur. Yaşlı nəsil öz müəllimlərini xatırlayanda çox vaxt “onların hətta çörək yediklərinə inanmadıqlarını” deyirlər. Bizdə bir çox adamlar ola bilsin ki, indinin özündə də, yazıçının, şairin yeyib-içib sərxoş olduğuna, bazlıq-lotuluq etməsinə, dələduzluq üstündə iş alıb türməyə düşməsinə inanmır, yaxud inanmaq istəmir. Amma belələri var, özü də az deyil. İntəhası biz onları görə bilmirik. Haradan görəcəyik? Belələri haqqında nəinki yazı yazılmır, onlarla heç kəs durub-oturmur, salam verib salam almır.
Əjdər Olun ədəbi portretlərinin qəhrəmanları məhz belələridir. Allah qəni-qəni rəhmət eləsin, fantast yazıçı (həm də bir alkoqolik) Namiq Abdullayev, yazıçı-həkim Rafiq Tağı (həm də bir radikal), şair Əlisəmid Kür (həm də bir dəlisov) kimi adamlardır. Əjdər Ol bu yazıçıların portretini elə yaradıb ki, anatomiya dərsliyində şagirdlər insan bədəninin skletini necə görürlərsə, oxucular da bu şəxslərin də daxili aləminə eləcə tamaşa eləyib, gah gülür, gah təəssüflənir, gah da sadəcə olaraq fikrə gedirlər.
Vallah bilməmişəm. Namiq Abdullayev istedadlı yazıçı və son dərəcə maraqlı insan imiş. Yazıçıların Şüvəlandakı yaradıcılıq evində ac-yalavac, his-pas içində yaşayan, gecəli-gündüzlü sərxoş olan bu adamın daxili aləmini, iç dünyasını biz görə bilməmişik. Amma bu istirahət evinə öz xanımı ilə Donetskdən gələn birisi bir neçə saatlıq söhbətdən sonra bu yazıçıya necə vurulursa, vaxtını səmərəli keçirmək üçün öz xanımın ona təklif edir. Namiq Abdullayevin bir əcnəbidə oyatdığı bu boyda məhəbbəti görmək üçün bizim gözlərimiz niyə kor olub, ilahi?
Dediyi Söz üstündə Rafiq Tağını incidirlər, türməyə atırlar, başına itin oyununu açırlar. Bəlkə bir az əl saxlayaq, bəlkə özümüzü Rafiq Tağını necə varsa elə görməyə alışdıraq. Allah-Tala Əlisəmid Kürə istedaddan başqa həmdə yemək üçün ağız verib. Və ədəbi portretində o, dəfələrlə nəfsinin güdazına gedir, amma yenə öz bildiyindən qalmır.
Bunlar Əjdər Olun sevə-sevə yaratdığı portretlərdir. Ona görə ”sevə-sevə” deyirəm ki, belə gözəl yazıları sevmədən, portretini cızdığın adama bir könüldən min könülə vurulmadan yaza bilməzsən.
İndi keçək başqa bir məsələyə.
Əjdər Ol niyə həyatda bəxti gətirməyən, cəmiyyətdə heç bir nüfuzu-hörməti olmayan, bərkgedənlərin nəzərində isə ümumiyyətlə qarışqa qismində görünən bu qələm sahiblərini özünə qəhrəman götürüb?
Nə çoxdur bu gün ad-sanı yer-göy titrədən, gecə-gündüz təriflənən, tərifləndikcə şişən ədəbiyyat generalları, ədəbiyyat oliqarxları.
Əsas məsələ də bunlardır.
Namiq Abdullayevi, Rafiq Tağını, Əlisəmid Kürü axtarıb tapmaqda Əjdər Olun məqsədi bir az gecikmiş olsa da, bu adamların istedadını qiymətləndirmək, qəbul
olunmayan xasiyyətləri ilə yanaşı bu adamların talant sahib olmalarını cəmiyyətə təqdim etməkdir.
Başqası yox, məhz Əjdər Ol Namiq Abdullayevin, Rafiq Tağının, Əlisəmid Kürün istedadı keşiyində dayanıb, onlara ədəbi portret həsr edirsə, bundan ötrü əziyyətini əsirgəmirsə, Tofiq Hüseynə “ustadım” deyə bilər. Tofiq Hüseyn də Namiq Abdullayevin, Rafiq Tağının, Əlisəmid Kürün biridir. Fərqi ondadır ki, badəpərəst deyil, dahilərin bostanına insafsızcasına daş atmır, özündən çıxıb dostuna təcəvüz etmir. Əvəzində əyalətdə yaşayan mağmın, ifallı bir qələm adamıdır.
Ağlıma belə fikir gələndə bədənimdən soyuq gizilti keçir. Yer üzündə nə qədər zəmilər varsa, hamısından qəşəngi günəbaxan zəmisidir. İlahi, adamın ürəyindən nələr keçmir. Bir yaxşı günəbaxan zəmisi ola, hündür günəbaxanların dibində, heç kəsin görmədiyi yerdə dizini qucaqlayıb doyunca ağlayasan. Həm özünün, həm də Namiq Abdullayevin, Rafiq Tağının, Əlisəmid Kürün yerinə ...

“525-ci qəzet”,
26 iyul 2008-ci il


 


İlham Abbasov, tənqidçi
ADİ HƏQİQƏTLƏRİN POEZİYASI


Dünyada şairi oxucuya təqdim etməkdən mənasız bir iş yoxdur. Çünki şeirin, bəlkə də, ilk vəzifəsi müəllifini, onun duyğu və düşüncələrini oxucuya «təqdim etməkdir». Əgər müəllif həqiqətən ŞAİRdirsə, həyatda adi adamların görə bilmədiyi bir tərzdə bu şeiriyyəti ifadə edə bilirsə, yazdıqları onu bizə hər şeydən yaxşı tanıdır.
Əjdər Ol həyatın adi həqiqətlərinin özündən böyük mənasını adi sözlərlə poeziyaya çevirməyi bacaran şairdir.
Bəlkə də, bu fikir zamanlardan bəri düşüncələrdə yer tapmış – «poeziya həyatın qeyri-adiliklərinin deyimlərlə ifadə edilməsidir» - inamı ilə düz gəlməyəcək. Ancaq Əjdər Olun yaradıcılığından söhbət gedəndə «adi həqiqətlər», «adi sözlər» ifadələrinin əksi kimi real həyatın süni parıltılı boyalarla çəkilmiş mənzərəsi, bu mənzərənin süni pafoslu, saxta dəbdəbəli ifadəsi başa düşülməlidir.
Bir az dərindən düşünəndə görürsən ki, həyat, doğrudan da adi həqiqətlərin toplusudur. Problemlərin mürəkkəbliyi çox zaman adi həqiqətləri anlaya bilməkdən, ya da anlamaq istəməməkdən törəyir. Sənət əsərinin «qəlizliyi» çox zaman adi həqiqətləri mürəkkəb üsullarla (mürəkkəb üslubla!) ifadə etməkdən, daha doğrusu, sadə ifadə edə bilməməkdən doğur. Birincisi nə qədər zəkasızlıqdırsa, ikincisi bir o qədər istedadsızlıqdır.
Sənətkar və sənət münasibətlərini incələyən ən müdrik fikirlərdən birində deyilir: «Üslub – insanın özüdür». Əjdər Olun şəxsiyyəti, xarakteri ilə onun poeziyasını bütöv bir baxışla əhatə edəndə bu fikrin doğruluğuna bir daha inanırsan. Elə şairlər var ki, onların şeirlərini oxuyanda mən daha çox özümü görürəm, ruhuma, ovqatıma süzülən misralar bir oxucu kimi mənə zövq verir. Amma sonra düşünürəm ki, bu misralar müəllifin özü barədə mənə heç nə demədi. Əjdərin şeirlərini oxuyanda isə ilk növbədə onun özünü görürəm – necə var, eləcə – boyasız, bəzək-düzəksiz.
Əlbəttə, bu yolun hər ikisi məqbuldur. Söhbət yaxşı-pisdən getmir. Şübhəsiz ki, sənətdə keyfiyyət göstəricisini üslub yox, istedad müəyyənləşdirir. Söhbət sənət üçün çox vacib bir məsələdən – xislətinə, xarakterinə uyğun ifadə (özünüifadə!) tərzinin tapılmasından gedir.
Çoxdan tanıdığım, xasiyyətinə, əsərlərinə yaxşı bələd olduğum Əjdər Ol həyatda da özü kimi olmağa, olduğu kimi görünməyə cəsarəti çatan bir insandır.
Ədəbi nəsillər sənətə toplu halında gəlsələr də, zaman keçdikcə istedad və şəxsiyyət fərdiliyi onların sıralarından öz səsi,öz sözü olan tək-tək seçilmişləri ədəbiyyat aləmində saxlayır. Əjdər Ol poeziyamızın 80-cı illər nəslinin çoxsəsli, çoxahəngli xorundan bir solist kimi seçilib fərqlənən şairlərdəndir.
Bəlkə də, yaradıcılıqda ən çətin məqamlardan biri «hamı kimi», yaxud «dəbdə olan kimi» yazmamaqdadır. Bu cəhətdən Əjdərin şeirləri nəinki təmsil etdiyi ədəbi nəslin nümayəndələri, eləcə də bütün çağdaş poeziyamız içərisində seçilir, fərqlənir.
Şairin bu kitabına toplanmış şeirlər əsasən doğma yurd, Vətən mövzusundadır. Xəqanidən üzü bəri ədəbiyyatımızda Vətən haqqında minlərlə şeir yazılıb. Belə baxanda, bu mövzuda yeni söz demək, həm də yeni cür demək ağlasığılmaz dərəcədə çətin görünür. Ancaq Əjdər Ol bunu bacarır. Onun qələmində vətənsevərlik mövzusu zahiri «axar-baxardan», patetikadan, bəlağətdən uzaq, ancaq çox dəqiq, konkret deymlərlə ifadə olunur. «Azərbaycan», «Oxşama», «İstiqlal», «Bəs bu Vətən?!», «Qəlyanaltı», «Vətəndaşlıq işi», «Güneylilərə», «Öz aramızdır», «Aran balası», «Dədə-baba yurdunda», «Küdrünün yazı» şeirlərində olduğu kimi.
Mən Əjdərin şeirlərindən fikrimi təsdiqləyən çoxlu misallar gətirə bilərdim, ancaq şairin «Hamı sənə can deyir» kitabı əlinizdədir və dediyim kimi, onun şeirləri müəllif haqqında dolğun təsəvvür yaratmağa qadirdir.
Həyatda olduğu kimi sənətdə də Əjdər Ol pozaçılıqdan, süni ədalardan, stereotip davranış və deyim tərzindən qaçmağı bacarır. Məncə, bu, itirilmiş oxucusunu, deməli, həm də həyatımızdakı mövqeyini qaytarmaq marağında olan çağdaş poeziyamız üçün vacib bir amildir.
«İndiki oxucu başqadır» deyimini ədəbiyyat adamları bütün dövrlərdə işlədiblər. Ancaq bizim günlərin Azərbaycan oxucusu, doğrudan da tamam başqadır. Bu oxucu çox qısa zaman kəsiyində gözünün qabağındaca ən zəhimli ideoloji ehkamların uçulub-dağıldığının şahidi olmuş azad bir insandır. Bütün problemləri, həm də azadlığın özündən doğan problemləri ilə birgə, hər halda azaddır. Ən azı şablonçu komplekslərdən azaddır. Ən azı zövqünə və düşüncə tərzinə görə azaddır. Azad insan isə həm də stereotiplərdən azad olan insan deməkdir. İnsanı azad edən amillərdən biri də yaxşı ədəbiyyatdır. Deməli, bu ədəbiyyatı yaradan müəllif də azad olmalıdır. Həm də stereotiplərdən… Əjdər Ol mənliyi və qələmi ilə bunu bacaran şairdir.
Mənası həyatın, varlığın özü qədər möhtəşəm olan adi həqiqətlərin poeziyasını yaratmaq sadə boyalardan min bir çalarlı peyzaj yaratmaq qədər çətindir.
Xəyallarımızda, təsəvvürlərimizdə mürəkkəbləşdirdiyimiz, qəlizləşdirdiyimiz həyatı, dünyanı olduğu kimi adicə görmək, buna baxmayaraq ona heyran kəsilmək, heyrətlənməyi bacarmaq, onu adi, sadə sözlərlə vəsf etmək Əjdərin şairlik missiyasıdır.
Bu hünərin hesabına o, Əjdər OLub, həmişə də Olacaq!


(Şirvannəşr - 2000) kitabına ön söz




Şair qələminin nəsri

Əlli yaş həddində şairlərin nəsrə və dramaturgiyaya meyl etməsi ədəbi yaradıcılıq mühütümüzdə geniş müşahidə olunan bir hadisədir. Əslində burada qəribə və gözlənilməz bir şey də yoxdur. Daha çox insan (müəllif və oxucu) ruhunun emosional təəssüratlarına, şövqünə əsaslanan poeziyadan fərqli olaraq, nəsr, xüsusən də dramaturgiya insandan (müəllif və oxucudan) həm də həyat təcrübəsi, yetkin dünyagörüşü, ədəbi səriştə, emosianal tarazlıq və intellektual zəhmət tələb edir.
Bir çiçəyin görünüşündən, bir gözəlin baxışından əla bir şeir yarana bilirsə, nəsrdə yalnız duyğu potensialı ilə keçinmək mümkün deyil. Yəqin poeziyamızda həm təcrübə, həm də yenilik mənasında gözə dəyən nümunələrin hər zaman müşahidə olunması həm də bununla bağlıdır. Təəssüflə etiraf etmək lazımdır ki, nəsrimizə yanaşmada bunu təsdiqləmək heç də həmişə asan olmur.
Son bir-iki ilin ədəbi məhsullarını nəzərdən keçirəndə də görürük ki, müxtəlif nəsillərə, müxtəlif üslublara məxsus şairlərin qələmindən çıxmış yüksək keyfiyyətli poeziya nümunələrindən fərqli olaraq nəsr və dramaturgiya örnəkləri o qədər də çox deyil. Nəsrdə ilk olaraq Kamal Abdullanın “Yarımçıq əlyazma”, Elçin Hüseynbəylinin “Don Juan” və bir də Aqil Abbasın bu yaxınlarda çapdan çıxmış “Dolu” romanları yada düşür. Dramaturgiyada isə “fərqlənən” imzalar bundan da seyrəkdir. Təkcə son illər yox, axırıncı iki onillikdə çağdaş dramaturgiyamız yalnız xalq yazıçısı Elçinin, Əli Əmirlinin, Feyruz Mustafa və Elçin Hüseynbəylinin adları ilə təmsil olunur.
Sevindirici haldir ki, Əjdər Olun “Ölümlə zarafat” adlı sonuncu kitabına toplanmış əsərlər həm nəsr, həm də dramaturgiya sahəsində müasir ədəbiyyatımızın ciddi uğuru sayıla bilər. Əjdər Olun poeziyadan nəsrə və dramaturgiyaya (nəsrlə yazılış dram əsərlərinə) keçidi yeni yaradıcılıq axtarışlarının məntiqi nəticəsidir. Onun bu yaxınlarda nəşr olunmuş “Günəbaxan zəmisi” adlı şeir kitabı şair kimi də yüksək “formada” olduğunu, nəsrə məcburiyyət üzündən keçmədiyini bir daha sübut edir. Həm də xüsusi qeyd etmək lazımdır ki, Əjdər Olun nəsrə keçidi onun poeziya yaradıcılığının zəminində hazırlanmış təbii bir hadisədir. Əjdər Ol şairliyində də “nasiranədir”, yəni xülyalar aləminə qapılan deyil, ayıq, rasional düşüncəli bir insandır. Onun şairliyi də təxəyyüldən daha çox həyati müşahidələrə əsaslanır – həyat, təbiət, cəmiyyət, zaman, insan və özü üzərində fəal analitik müşahidələrə. Bu mənada Əjdər Olun nəşrə keçidi, sadə olaraq, “50 yaş sindromu” kimi yox, təmamilə qanunauyğun bir hal kimi qiymətləndirilməlidir.
“Ölümlə zarafat” kitabına toplanmış hekayələr, ədəbi portret və esselər, eləcə də “Molla Nəsrəddin və Əmir Teymurun filləri”, “Son məktub” pyesləri müəllifin yetkin qələm sahibi olduğunu əyani şəkildə təsdiq edir. Detallardan, ştrixlərdən ustalıqla, dəqiqliklə istifadə etmək bacarığı, dil səlisliyi və rəvanlığı Əjdər Ola surətlərin və onları əhatə edən mühitin, böyük mənada isə insanın və zamanın təsvirində müasir nəsrimiz üçün xarakterik olan sözçülük və uzunçuluq mərəzindən qaçmaq imkanı verir. Təsvir olunan hadisələrə (istər bədii, istərsə də real planda) yanaşma sərbəstliyi müəllifin özünün daxili “məni”nin sərbəstliyindən, müxtəlif xarakterli psixoloji komplekslər və yaradıcılıq stereotiplərin məngənəsində sıxılmasından irəli gəlir.
Kitaba toplanmış nəsr əsərlərini həyat reallıqlarına münasibət baxımından iki qrupa ayırmaq mümkündür. “Usta Yusifin kamançası”, “Fa…”, “Qatillə görüş”, “Şər Nizi” hekayələri müəllifin həyat müşahidələrinin bədii ümumiləşdirilməsi şəklində, klassik Azərbaycan hekayələrinin ənənələrinə uyğun realist zəmində qələmə alınmışsa, “Börüsoy”, “Ölümlə zarafat” hekayələri, eləcə də “ədəbi portretləri” silsiləsinə daxil olan “Yazıçı Namiq Abdullayevin axırı”, “Rafiq Tağı ki, Rafiq Tağı”, “Kür Əlisəmid” yazılarında yazıçı müasirimiz olan konkret insanların canlı portretini sənədli hekayə üslubunda çox dəqiq detallarla əks etdirə bilmişdir.
Kitaba daxil edilmiş dram əsərləri haqqında ayrıca söz açmağa ehtiyac duyulur. Molla Nəsrəddin və Əmir Teymur obrazları bizim həm şifahi, həm də yazılı ədəbiyyatımızda dəfələrlə işlənmiş, müxtəlif rakurslardan, müxtəlif çalarlıqda öz əksini tapmiş personajlardandır.
Əjdər Ol “Molla Nəsrəddin və Əmir Teymurun filləri” pyesində bu mövzu ilə bağlı həm də şifahi (lətifə), həm də yazılı (faciə) ədəbiyyat ənənələrinin ən səciyyəvi cəhətlərini bir süjet daxilində birləşdirməyi bacarmışdır. Qeyd etmək lazımdır ki, əsərin Gənc Tamaşaçılar Teatrında oynanılan tamaşası da uğurla keçmişdir.
Görkəmli Avstriya yazıçısı, XX əsr dünya ədəbiyyatının ən məhşur novella ustalarından biri sayılan Stefan Sveyqin “Yad qadının məktubları” hekayəsinin motivləri əsasında yazılmış və Akademik Milli Dram Teatrının səhnəsində müvəffəqiyyətlə tamaşaya qoyulmuş “Son məktub” pyesində Əjdər Ol çətin bir yaradıcılıq vəzifəsinin öhdəsindən gəlmişdir. Yəni o, nəsr əsərini sadəcə olaraq səhnələşdirməmiş, məhşur hekayənin orijinal cəhətləri ilə seçilən və maraq doğuran dram ekvivalentini yaratmağa müvəffəq olmuşdur.
Əjdər Olun əsasən günümüzün reallıqlarının, müasirimiz olan insanın psixoloji portretinin əks etdirilməsinə əsaslanan nəşr üslublu əksər oxucuların alışdığı, vərdiş etdiyi, xüsusən də “şair nəsri” üçün səciyyəvi olan “axar baxarlı” ifadə tərzindən ciddi şəkildə fərqlənir. O, şeirdə olduğu kimi, nəsrdə də adaptasiya tələb edən bir yazıçıdır, yəni oxucunun onun düşüncə və deyim tərzinə, poetik duyum və yazı üslubuna alışmasına ehtiyac duyulur. Əjdər Ol adi həqiqətlərin qeyri-adi harmoniyasının kodlarını, sadə insanın mürəkkəb dünyasının qapılarını açmağı bacarır. Kökə, milli düşüncəyə, milli əxlaqa, xarakterə bağlılıq, doğmalıq mənasında, təsvir materialına və ifadə manerasına görə ənənəçi; həyatın, dünyanın, insanın görünməyən tərəflərini görmək və göstərməkdə bənzərsizlik mənasında yenilikçidir. Bu baxımdan yazıçının özünün “Ardıcıllıq” adlı essesində ifadə etdiyi fikirlər onun yaradıcılıq kredosunu çox dəqiq əks etdirir: “Öz başına gələnlərdən ibrət dərsi götürmək asandır. Əsil ibrət dərsi odur ki, sən onu başqalarının həyatından götürəsən. Sən dostunun, tanışının haqqında eşitdiklərini həyatının qabarıq tərəflərini özünə görk edəndə, onların naqis cəhətlərindən çəkinəndə insanlıq yoluna çıxmış olursan. Belə olanda sən min il əvvəl yaranmış xeyirxah bir ideyanın təəssübünü çəkə bilirsən. Başının üstündəki adamın deyil, min yaşlı müdrikin dediyini yerinə yetirməyə çalışırsan. Kiminsə dediklərinə kor-koranə əməl etmək çox asandır, müdriklərin vəsiyyətinə əməl etmək çətindən çətin”.
İndiki dövrdə - müasirlərimizin kitab oxumaq vərdişindən demək olar ki, əl çəkdiyi bir zamanda oxucunu ünsiyyətə cəlb etmək, onu bir-birinin ardınca hər səhifəni, hər abzası, hətta hər cümləni oxumağa “vadar etmək” ilk baxışda göründüyü qədər də asan məsələ deyil. Belə bir şəraitdə Əjdər Olun “Ölümlə zarafat” kitabının birnəfəsə oxunduğunu vurğulamaq xüsusilə sevindiricidir.


“Xalq qəzeti”,
20 iyun 2008- ci il



Sadiq Elcanlı
O yazılar yazılacaq…


«525-ci qəzet»in neçə ay əvvəlki saylarından bir neçə səhifənin surətini çıxarıb göndərdilər mənə. Vaxtında macal tapıb oxumadığım həmin səhifələrdə istedadlı yazıçı mərhum Namiq Abdullayevə ünvanlanmış silsilə yazılar çap olunmuşdu. Yazıların müəllifi saf ədəbi mövqeyinə, istedadına inandığım şair-publisist Əjdər Ol idi. Onun bir vaxtlar Şüvəlan Yaradıcılıq Evində Namiq Abdullayevə qayğı göstərdiyini, çox xeyirxahlıq etdiyini bilirdim. Onu da bilirdim ki, ədəbiyyata, millətin ədəbi şüur hərəkatına həmişə namusla xidmət edən Əjdər Ol heç vaxt boş yazı yazmayıb; o, adətən hamının gördüyü adiliklərdəki heç kimin görə bilmədiyi qeyri-adilikləri ön plana çəkir, aşkarlıqdakı gizlinləri yazıb göstərir. Adi torpaq necə qeyri-adi gül bitirirsə, onun ilk baxışda adətən adi görünən şeirləri də qəfildən duyğuları ovsunlayır, heyrətləndirir, təzə poetik söz deyir. Yadımdadır ki, neçə il əvvəl onun «Könül vurğusu» adlı təzə poeziya kitabını («Çaşıoğlu», Bakı-2004) oxuyarkən xoşuma gələn şeirləri qeyd eləyirdim və bir də gördüm ki, kitabın az qala bütün şeirləri qeyd olunub. (Və bu yazını yaza-yaza təəssüflə düşünürəm; neçə ildir ki, Əjdər Olun özünəməxsus, dəyərli poeziyası haqqında yazmaq istədiyim yazını hələ də yazmamışam). Nə isə, mətləbdən uzaqlaşmayaq, «525-ci qəzet»in neçə ay əvvəlki saylarının həmin səhifələrini görəndə faciəli tale yaşayan yazıçı dostumuz rəhmətlik Namiq Abdullayevin sanki ruhunun gülüşünü eşitdim.
«Yazıçı Namiq Abdullayevin axırı» adlandırılan hekayə-portreti oxuyanda daha çox o axıra gətirib çıxaran əvvəllər haqqında düşünürsən. Düşünürsən ki, Namiq Abdullayev cəmiyyətin «olar-olmazlarına», gizli-aşkar qayda-qadağalarına əməl edərək yaşasaydı, heç olmasa baş redaktor vəzifəsini qoruyub saxlaya bilsəydi, yazmaq istədiyi əsərləri yazmağı bacarsaydı, onsuz da fantastika janrında həmişə kasıbçılıq çəkən ədəbiyyatımızı bir neçə sanballı romanla zənginləşdirsəydi, günlərin bir günü «Əməkdar jurnalist», «Xalq yazıçısı» adları alsaydı… bəli, bütün bunlar olsaydı, Namiq Abdullayev Şüvəlanda yazıçılar evinin həyətindəki tənha qaranlıqda, sirli bir işıgın zülmətində oturub xumarlandığı anlar qədər xoşbəxt ola bilərdimi… Bir dəfə bu sualın cavabını, inciməsin deyə, bir qədər mədəni şəkildə onun özündən soruşmuşdum; çiyinlərini çəkib mat-mat baxmışdı, «Çox çətin sualdır» demişdi. Əjdər Ol Namiq Abdullayevin taleyi fonunda həmin çətin sualı müasir bədii-estetik düşüncənin gündəminə gətirir. İnsanın dünyaya gəlişi, gedişi, missi-yaşı, yaşamaq səlahiyyəti, mənzil başına çatmaq, taleyinə yazılan enerji qismətini sərf etmək xoşbəxtliyi, həmin enerjinin işıqlı zülmətlərində azıb qalmaq bədbəxtliyini analitik düşüncənin bədii dərk meydanında görürük.
Xatirə memuar istiqaməti Azərbaycan ədəbiyyatının, adətən, geridə qalan sahələrindən olub. Əlbəttə, dahi Cəlil Məmmədquluzadənin «Xatiratım» kimi sanballı, zirvə əsərlərinin bədii çəkisini azaltmaqdan, onun dünya memuar ədəbiyyatı mənzərəsində mövqeyinin zəifliyindən söhbət gedə bilməz; söhbət ondan gedir ki, milli memuar ədəbiyyatımızda varislik, davamlılıq adətən pozulub, bu sahədə ədəbi hadisəyə çevrilən əsərlərimizin kasadlığı bütün dövrlərdə hiss olunub. Bu, bəlkə də ondan irəli gəlir ki, onları xatırlamaq, onları ümummilli mövqe və maraqlar baxımından bədii-analitik təhlilə cəlb etmək, dəyərləndirmək təzə əsər yazmaqdan daha çox vaxt, diqqət, yaddaş enerjisi və fədakarlıq tələb edir. Ciddi memuar ədəbiyyatı ciddi ədəbiyyat adamının mənəvi məsuliyyət meydanı, vətəndaşlıq səngəridir. Və mən bunu şair Əjdər Olun yazıçı Namiq Abdullayevin ruhuna ünvanlanan «Canlı lətifələr, əhvalatlar, deyimlər» kitabını oxuyarkən hiss etmişdim, onun «525-ci qəzet»də çap olunan silsilə yazılarını oxuyarkən bir daha hiss etdim.
Günlərin bir günü Namiq Abdullayev mənim böyük rəssam Mircavadın ölümünə yazdığım kiçik bir yazını oxuyub demişdi: «Yazdığın elə kədərlidir ki, kədər külçəsi kimi əllə toxunmaq olar; mən öləndə də belə bir ürək yazısı yazarsan…» Və mən kövrəkliyi göz göynədən qoca yazıçının sözünü zarafata saldım, - sən o qədər çox yazacaqsan ki, o vaxta qədər bu söhbət unudulacaq, - dedim. Lakin elə gətirdi ki, həmin söhbətdən iki ay sonra o qəribə sifarişli yazını yazmalı oldum. «Fikirlər qəbiristanının böyük yazıçısı» adlı həmin yazı Namiq Abdullayevin özünün sağlığında da boş qalan yeri, əkib-biçilməyən ədəbi ümidləri, arzuları haqqında elegiya idi. Namiq Abdullayev yazmaq istədiklərini yaza bilməmək ustasıydı; onun sinəsi, duyğu və düşüncələri yazılmaq istəyən, amma yazılmayan ölü əsərlər qəbiristanlığıydı.
Əjdər Olun yazıçı «Namiq Abdullayevin axırı» adlı hekayə-portretində Namiq Abdullayevin yazıçı kimi faciəsi ön planda görünür. Bu, yazmaq istəyən, ancaq yaza bilməyən, gündəlik məişət qayğılarının dəyirmanında üyünə-üyünə, araq adlı kəmfürsətin tor-tələsində çırpına-çırpına ömrünü xərcləyən bir yazıçının faciəsidir. Bu faciənin içində Kefli İsgəndərlik də, Don Kixotluq da, Oblomovçuluq da var. Bu faciənin küçələrində Molla Nəsrəddinlik də, Bəhlul Danəndəlik də, Çarli Çaplinlik də görünür. Namiq Abdullayev «anlamaq dərdinə» tutulanlardan idi. Onunla bir-iki ürək söhbəti kifayət idi ki, Kantı, Hegeli, Nitsşeni dərk edən fəlsəfi dərinliyinə, bu dərinlikdəki rahatlığına və ailə-məişət qayğılarının boz-bulanlıq dayazlığındakı narahatlığına heyrətlənəsən. Əjdər Ol qeyri-adi müşahidə qabiliyyəti, özünəməxsus bədii-publisistik yanaşma manerası ilə Namiq Abdullayevin iç dünyasında, yaşam tərzindəki tragik təzadları diqqət mərkəzinə çəkir, realist, bəzən hətta naturalist qələmlə onu tanıyanlara və tanımayanlara yenidən təqdim edir. Və bu bəzək-düzəksiz, çılpaq təqdimatın acı həqiqətlərinə şahid ola-ola, təəssüflənə-təəssüflənə düşünürsən ki, yazıçının ətrafı, dostları, tanışları, həmkarları, üzvü olduğu Yazıçılar Birliyi, bir vaxtlar baş redaktoru, sonralar ştatdankənar müəllifi olduğu Azərbaycan televiziyasının kollektivi N.Abdullayevi xilas etmək üçün bütün imkanlardan istifadə etdimi, edə bildimi görəsən? Əslində, Əjdər Olun güzəştsiz, rəngsiz, sərt və çılpaq təqdimatında bir fərd, yazıçı və insan tragediyasının doğurduğu sualdan daha çox, belə demək mümkünsə, Namiq Abdullayevçiliyin (eynən Oblomovçuluğun, Kefli İsgəndərliyin) dərk və xilası ilə bağlı suallara meydan verilir. Günlərin bir günü, daha doğrusu gecələrin bir gecəsi açarı təhvil verib evindən çıxan, şəhərin qara-qaranlıq küçələrində dolana-dolana bulvara gələn, taxta oturacaqda dərdinə bürünüb gecələməyinə polis (milis) tərəfindən icazə verilməyən və o taxta oturacağın altında xoşbəxtcəsinə yatan küçə itinə paxıllığı tutan Namiq Abdullayev taleyinin bu göynəməli səhifəsi, tragik epizodu haqqında bəlkə də yaradıcılığının şah əsəri olacaq bir hekayə yazmağı düşünür… günlərlə, aylarla, illərlə düşünür və yaza bilmir. Hətta bəzən ona elə gəlirdi ki, (mənə danışdıqlarına istinad edirəm – S.E.) o, həmin hekayəni yazıb və sonralar itirib. Lakin acı da olsa, deməliyəm, Namiq müəllim heç o gözəl hekayəni yazmamışdı; o hekayə dahi fitrəti ilə doğulacaq, təəssüf ki, doğulmadan, ana bətnində ölən uşağa bənzəyirdi…
Əjdər Ol Namiq Abdullayevin yazmaq istəyə-istəyə unutduğu, yaza bilmədiyi o unudulmuş, bədbəxt hekayə haqqında kədərlə, ruh üşüdən bir köynəklə yazır. Soruşa bilərlər, olmayan bir hekayə haqqında bu qədər təfsilata ehtiyac vardımı? Əslində, bir dostumun irad qismində verdiyi bu suala «Bəli» deyirəm; yazının bədii-fəlsəfi məntiqi, qoyulan problemin anatomiyası bu təfsilatı vacib, qaçılmaz edir. Beləliklə, həmin təfsilatla Namiq Abdullayevçiliyin qapısı qıfıllı qırxıncı otağına açar tapılır. Məhz bu məqamdan başlayaraq şair Əjdər Olun nasiranə qələmi, orijinal yazı manerası məni V.Hüqonun «Səfillər»i, M.F.Dostoyevskinin «Alçaldılmış və təhqir edilmiş insanlar»ı, C.Məmmədquluzadənin «Ölülər»i haqqında yenidən düşünməyə məcbur edirdi. Yəni söhbət təkcə Namiq Abdullayevin şəxsi və ədəbi faciəsindən getmir; haqqında danışılan hekayə-portretin bədii-fəlsəfi düşüncə, dərk meydanı daha genişdir.
Bu, istər ədəbi-mədəni, istər sosial-içtimai həyatın zirvəsinə layiq ola-ola dibinə yuvarlananların, okeanlara sığmayan böyük duyğularla kiçik gölməçələrdə çabalayanların və bu tradik təzadların əlbəyaxa qanlı döyüşlərindən qaçaraq araq şüşələrinin içində gizlənənlərin faciələr meydanıdır. Bu, fərdlə toplum, insanla cəmiyyət arasındakı duyğu, düşüncə, dərk döyüşlərində, anlaşılmazlıq burulğanlarında birincilərin məğlubiyyət matəmgahıdır.
Yadıma beş-altı il əvvəlin maraqlı bir hadisəsi düşür. Respublika günü münasibəti ilə televiziyada ədəbi kompozisiya hazırlamışdıq. Otuz dəqiqəlik verlişdə, əsasən, Əjdər Olun vətənpərvərlik mövzusunda yazılan, Azərbaycana, İstiqlala üz tutan şeirlərindən istifadə olunmuşdu. İstedadlı aktyorların ifa etdiyi şeirlərin müəllifi göstərilməmişdi.
Bəli, səhərisi gün gözlənilməz, maraqlı bir hadisə baş verdi. Bir neçə nüfuzlu ədəbiyyat adamı ayrı-ayrılıqda zəng edərək verilişi təriflədilər və hərəsi də özünəməxsus bir tərzdə etiraf etdi ki, bu gözəl şeirləri hardan seçmisiz. Bəxtiyar Vahabzadənin, Məmməd Arazın bu şeirlərindən xəbərim yoxdur…
Mən onlara həqiqəti dedim, onlarsa əməlli-başlı heyrətləndilər…
Və mən o gün Əjdər Ol poeziyasının sevincinin də, kədərinin də şahidi oldum. Sevinci ondan irəli gəlirdi ki, ciddi ədəbiyyat adamları Əjdər Ol şeirlərini ustad sənətkarlarımız Bəxtiyar Vahabzadənin, Məmməd Arazın ədəbi uğurları səviyyəsində qiymətləndirirdilər. Kədərli halsa bu idi ki, onların təriflədikləri şeirlərin gerçək müəllifindən xəbərləri yox idi. Halbuki, şeirləri Əjdər Ol mətbuatda çap etdirmişdi, kitablarına salmışdı…
Əjdər Olun haqqında danışdığım şeirlərindən tək birini xatırlayaq: «İstiqlal». Həmin şeir mənim şəxsi mövqeyim belədir ki, böyük türk şairi Mehmet Akif Ərsoyun «İstiqlal» marşından sonra bu mövzuda yazılan ən uğurlu poetik nümunədir. Həmin şeirin poetik düşüncə səngərində, ümummilli maraqlar meydanında baş qaldıran konkret suala və cavaba fikir verin:

Söyləyim mənmi daha
neyləyəcək İstiqlal?
Mən-mən oldum,
bizi biz eləyəcək İstiqlal!


Bu poetik, konkret, sual-cavab bütöv bir tarix kitabının deyə biləcəyi həqiqəti söyləyir. 1746-cı ildə Nadir Şah Əfşarın ölümüylə süqut edən Səfəvilər dövlətindən sonra Azərbaycan xanlıqlara parçalana-parçalana, tayfa didişmələrində zəifləyə-zəifləyə, mənəm-mənəmlik qovğalarında diz çökə-çökə, nəhayət «ağ və qara» imperiyalara yem oldu, Araz boyunca ikiyə bölündü, «Gülüstan», «Türkmənçay» faciələrinin az qala 250 illik qanlı poliqonuna çevrildi. Şair bircə misrada bu trafik hadisələri, «Mən-mən oldum» müsibətini yada salır, milli dövlətçiliyin, milli istiqlalın ən böyük xidmətini – xalqı ruhən birləşdirib, bütövləşdirib xilas etmək, «bizi biz eyləmək» qüdrətini bəyan edir. Dahi M.Ə.Sabirin «Fəxriyyə» şeirində, satirik, tragik meydanda ön plana gətirdiyi həqiqəti Əjdər Ol realist vətəndaşlıq ağrılarıyla birbaşa deyir; belə birbaşa və «çılpaq» şəkildə ona görə deyir ki, onu daha tez etsinlər. Şairin sanki poetik bənzətmələrə, «gözəl ədəbi priyomlara» vaxtı yoxdur; o, həqiqəti birbaşa rəngsiz deyir. Və deyir ki, xalq birbaşa eşitsin, eşidib dərk və qəbul etsin. Bu, sənətin, indiki halda poeziyanın xalqa şərəfli xidmət nümunəsidir! Bu, ciddi, fədakar ədəbiyyat adamının öz ömründən kəsib əsərinə ömür verməsinin, ömrünü əsəri uğrunda xərcləməsinin nümunəsidir.
Əjdər Olun ilk baxışda çox adi, bəlkə də bəsit görünən, lakin məğzinə, məna qatlarına vardıqca az qala fəlsəfi traktat təsiri bağışlayan «Yazıçı Namiq Abdullayevin axırı» hekayə-portretini, bu bənzərsiz memuar ədəbiyyatı nümunəsini oxuduqca rəhmətlik Vidadi Məmmədovu da xatırladım. O da istedadlı yaza bilməmək «xəstəsiydi». Ədəbiyyata bir-iki hekayə ilə gəlib, ədəbi ictimayətin diqqətini uğurlu bir nasir kimi cəlb eləmişdi; lakin illər, on illər ötdü və Vidadi Məmmədov öz böyük ədəbi potensialını ciddi əsərlərlə reallaşdıra bilmədi. O, «Ulduz» jurnalı redaksiyasının dar dəhlizlərində, qonşu küçələrində dolanan şifahi hekayələr ustası kimi daha çox məhşurlaşdı və yaddaşlarda da belə qaldı. Onun danışdığı şifahi hekayələr, pritçalar, nəşr epizodları bazasında roman və povest yazanlar da oldu, amma özü heç nə yazmadı, yaza bilmədi. Belə demək mümkünsə, o, Namiq Abdullayevçilik azarını daha «sivil» formada yaşadı və günlərin bir nəhs günündə qəfil avtomabil qəzasında həlak oldu…
Qəlbində, duyğularında böyük ədəbi obrazlar, yazılmaq istəyən əsərlər yaşadan sənət adamlarının ölümü ikiqat faciədir. Namiq Abdullayev, Vidadi Məmmədov kimi istedad sahiblərinin ölümünə, bəhərsiz ədəbi taleyinə güzgü tutan, yazmaq istəyib yaza bilməmək xəstəliyinin anatomiyasını açıb göstərən «Yazıçı Namiq Abdullayevin axırı» hekayə-portreti şair Əjdər Olun nasir səviyyəsini də ortaya qoydu. Onun poeziyası kimi nəsri də adiliklərin harmoniyasında qəfildən peyda olan qeyri-adilik məqamları ilə oxucunu heyrətləndirir. O, Namiq Abdullayevin həyatı, sənət taleyi, uğurları ilə uğursuzluqları haqqında «mənfi», «müsbət» ölçüləri ilə danışmır, nəyinsə yaxşı, yaxud pis olduğunu demir; o, müraciət etdiyi «obyekti» bütün yönlərdən, prizmalardan olduğu kimi göstərir, bədii-publisistik analiz və sintezi paralel şəkildə, assosiativ vəhdətlə inkişaf etdirərək ədəbi-bədii nəticəyə nail olur. Bu nəticə bütün ruhu, qanıyla oxucunu ələ alan, onu düşündürən, heyrətləndirən nələrdənsə uzaqlaşdırıb, nələrəsə sövq edən, insana, cəmiyyətə xidmət göstərən, canlı şəkildə yaşamağa haqqı olan əsər deməkdir. Bir vaxtlar dahi Cəlil Məmmədquluzadə «gül-bülbül poeziyasını» mədfəni-fikrə-fikir qəbrinə bənzətmişdi. Əjdər Olun «Yazıçı Namiq Abdullayevin axırı» hekayə-portretini oxuduqca fikir beşiyini, fikir tarlasını düşünürdüm. Əsər oxucu qəlbində körpə fikir beşikləri yellədə bilirsə, fikir tarlalarını sünbül-sünbül göyərdə, dalğalandıra bilirsə, deməli çəkilən zəhmət boşa getməyib. Mən ona qəti əminəm ki, haqqında danışdığım yazı saf, halal mövqeyi ilə unudulmaz dostumuz, istedadlı fantast yazıçı və telejurnalist Namiq Abdullayevin ruhunu şad edib, o dünya ilə bu dünya arasındakı tanrı gizli yollarına işıq salıb. Yolların həmişə işıqlı olsun, mənzil başına yetişsin, murada çatsın, Namiq müəllim! Və bir də bu dünyanın yollarında haçansa yazmaq istəyib yaza bilmədiklərini nə vaxtsa yazmağı arzulayıram sənə. Və ona da əminəm ki, o yazılar yazılacaq, nə vaxtsa yazılmayanların da oxunacağı kimi…

“525-ci qəzet”,
19 may 2007-ci il

 

 

Tehran Əlişanoğlu,
filologiya elmləri doktoru, tənqidçi
Tərcümanı özüdür


Şairin əhvalını, ovqatını, durumunu şeirlərindən soruş. Mən hər dəfə Əjdərin yeni şeirlərini oxuyanda onu eynən görürəm: mətin, diri, əzim, sızqısız, azacıq fikirli… Şahid lazım deyil ki: əsl «könül vuruşu»dur…
Əjdər Ol şair taleyini çoxdan tapmış, çağdaş şeirimizə imzasını yazmış qələm sahibidir. Hətta, az əvvəl «Alın yazısına düzəliş» edib, birdəfəlik bu yolun yolçusu oldu. Əjdər Cəbiyev adı ilə çıxmış «Gələcəkdə yaşayıram» adlı ilk kitabından (1987) sonra növbəti kitabını «Alın yazıma düzəliş» (1991) adlandırıb bu imza ilə tanınmağa başladı. Ondan bəri şair qətiyyəti, Əjdər Ol sözü daha bizi diksindirməyib, birdəfəlik qəlbinin hənirinə, ürək döyüntülərinə tərcüman oldu. Daha bir şeirlər kitabını xatırlasaq: - «İndidən»… (1996) gələcək, keçmiş və bu gün, - Zamanla müşairənin Əjdər Ol üçün heç də təsadüf olmadığını, hələ bəlkə elə poetik ömrün zəminində durduğunu görərik: «Çalış ölmə, çalış itmə, vurulma…» Burda kəşflik nə var ki: hər bir şeirin mənası şairin zamandan qopardığı, qopara bildiyi ədəbiyyətdir…
Məni Əjdər Olun şeirlərində nə çəkir: bu şerin duruluğu, peşəkar bütövlüyü, fikir-hiss tənasübü – «bişmişliyi»… - sən şairlə qabaq-qənşərsən, girdinmi, onun dünyasında, hökmünün altındasan… Desəm ki, şair məxsusi bədii-estetik və poetik axtarışlardadır, yalan olar: Əjdər Ol şair ömrünün o durumundadır ki, mövzu və ideyası, fikir-mətləbi, ya ani toxunuşu ilə poeziya, şeir özü onu tapır, qəlb süzgəcindən keçərək, həmincə oxucusuna yönəlir. Əjdər Ol şeirinin birqatlı obrazlardan hörülmüş divarı şairlə dünya arasındakı ən yaxın ilgilərlə vəsilə olduğu kimi, oxucunun bura sirayət etməsinə əngəl törətmir…
Əjdər Olun şeirlərində mövzu əlvanlığını dərhal sezmək olur; bu rəngarəngliyi şair həyatının ölçü və səciyyəsi, hüdud və gəzişmələri müəyyən edir. Budur, bax, şair könül həqiqəti barədə etirafa dalmışkən, digər anda ömrün mənası barədə düşüncələrdə təskinlik tapır; üçüncü bir məqamda M.Ə.Sabir tonallığına girib ictimai həqiqətlərdən deyir; ən nəhayət onun lirik ballada söyləməyə məgər haqqı yoxmu?!. Və təbii, bu şeirin yekcinsliyini şair qəlbinin hər dəfə eyni vuran ritmi təyin edir; üst qatda kükrəyən sözün altında şeir boyu gəlişən intim bir ağrının sevinci: - «Canım-gözüm, ömür elə budur, bu!» Hər dəfə də mövzuya uyğun ölçü-vəzn tapan, dördmü, beşmi, yeddimi, ya qoşma misralarda bəndlənən, yaxud da sərbəst buraxılan şeir lirik «mən»in nəfəsində isinib, bura gəlir…
Əjdər Olun ənənəvi-ritorik şeirdən alıb qəribə bir israrla gəlişdirdiyi «Vətən şeirləri» məxsusi diqqət istəyir. «Mən yarıdım, yarımadım, Vətənimi qarğımadım…» - hələ bəlkə bir az da hislərin xırdalanması, fərdiyyətçilik duyğularının meydan almasına qarşı vurğulanmış bu şeirlərində Əjdər Ol öz ampulasını axtarıb-tapır; bəzən çətin duyulan, təfərrüatlarda gizlənmiş, sanki həmən «fərdiyyətçiliyin» acığına məhz fərdi-lirik kodları tribun şeirin ixtiyarına verir: «Havasını uddum, uddum, Dadmalısın daddım, daddım. Necə şaddım, Necə şaddım, «Vətən dedim, Vətən, Vətən!»…
Əjdər Olun şeirləri mənə duyğu verir, sevgi aşılayır; nikbinlik oyadır, eləcə yaşamaq, çalışıb-çarpışmaq istəyirsən. Oxucuya nə deyəsən, tərcümanı – bu şeirin özüdür…


Əjdər Olun “Beş-on şeir”
(Şirvannəşr - 2000) kitabına ön söz





Klassik hekayəçilikdən modern həzzə

Əjdər Olun hər təzə kitabının oxusuna böyük həvəslə girişirəm. Çünki tərəddüdsüz-filansız bilirəm ortada ədəbiyyat söhbəti olacaq. Və söhbət o yerdən başlayacaq ki, Əjdərin ötən kitabında qalmışdıq; Əjdər Ol o yazarlardandır ki, həmişə oxucuya nə söylədiyini, nə qədər və necə söylədiyini yaxşı xatırlayır; belə ki, hər yeni kitabında onu gözləyir, ünsiyyətə yenə həsəd duyursan.
Şair kimi tanıdığımız Əjdər Ol bu dəfə hüzurumuza nəsr kitabı ilə gəldi: «Ölümlə zarafat» (Adiloğlu», Bakı. 2007). Həmişəki kimi də: səliqəli, incə zövqlə işlənmiş, dizaynı da qəşəng (qapaq dizaynı Murad Fərəclinindir); kitab boyu mündəricəyə müvazi, amma müstəqim rəssam işləri ortada (tərtibatda əməkdar rəssam Sakit Məmmədovun boyakarlıq əsərlərindən istifadə olunub). Kitabın formatı da yığcam, ələ yapışıqlı: yolda, hərəkətdə, işarası, həyat-içi oxumaqdan ötəri; əgər səfərin-səyahətin olsa, qulaq yoldaşı – bu Ə.Ol formatıdır, düşünülmüş bir taktikə bağlı: başqa cür indi kim ədəbiyyat oxuyur ki.
Doğrudur, Əjdərin ayrı-ayrı hekayələri, portret yazılarıyla əvvəldən də tanışdım – «Alatoran» jurnalından, «525-ci qəzet»dən; amma kitab mədəniyyəti ayrı şeydir; «Ölümlə zarafat»ı birnəfəsə, bircə həftəyə-yollarda, Qaraçuxur-şəhər arası başa vurub: Əla! – müəllifinə özlüyümdə afərin söylədim. Klassik hekayəçiliyimiz üçün bu qədər qəribsədiyimi bilməzdim, «Ölümlə zarafat»da Əjdər Ol bir daha janr ustası olduğunu təsdiqləyir.
Kitabda səkkiz hekayə var, hər birinin də ayrıca mətləbi; klassikada tərbiyə almış oxucuların yadına salıram: deyək, Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini hamımız oxumuşuq; hekayələrin hərəsi bir başqadır: birində səni məşğul edən birbaşa süjetdir, digərində – qəhrəmandır, üçüncüsündə – sadəcə vəziyyətdir; fərqinə varmırsan, çünki – ilk sətirlərdən, cümlələrdən, cümlə quruluşu-düzülüşündən ortada təhkiyə var, hekayə var, mətləb var.
Başlıcası, əlbəttə, mətləbdir. Kitaba daxil olan hekayələri Əjdər son iki-üç ildə qələmə almışdır; amma mətləb bir qədər uzağa gedir, 1990-cı illərdən bəri yaşadığımız müxtəlif vəziyyətləri, əhvalatları, ab-havanı yada gətirir. Bu zaman nasir Əjdər Ol realistdir, milli insanın xarakteri, milli həyatın mənzərələri onu hər şeydən çox məşğul edir; və realist qələmin ədəbiyyatımızda topladığı təcrübədən məharətlə bəhrələnib, onu yeniləyir, günün (oxu: oxucunun) xidmətinə yönəldə bilir.
«Börüsoy» hekayəsində yaxın günlərimizdən məzəli bir əhvalatla tanış oluruq. Məhz məzə, həm də ciddi bir hadisənin içindən, qəfil ortaya çıxan məzə olmasa, əslində mahiyyət etibarilə bizə çox tanış həmin bu əhvalat darıxdıra da bilərdi. Burada bizə tanış – personajlardır, bir qədər əvvəl yaşadığımız günlərin ictimai-siyasi-məişət mənzərəsilə birgə. Əhvalat dolanışıq ucbatından ucuz sifarişə qol qoyan sənətçi-rəssamın başına gəlir; məzəyə imza atan isə Börüsoydur, mitinq hərakatının sadəzəmir milli tühaflarından biri. Məhz onun, mənsub olduğu partiya qarşısında Bozqurdun iri portretini çəkdirəcəyini öhdəsinə götürməsilə – vaveyla rəssam Nadirin qapısı döyülür və oxucu maraqlı bir süjetə «daxilolur»
Əhvalat nə ilə qurtaracaq sanki əvvəlcədən təxmin edirik; çünki Börüsoy ümumiləşmiş şəkildə məzədir, adından tutmuş, iddiasına uyğun görünməyən hərəkətləri, entuziazmi ilə - müəyyən ştrixlərlə müəllif bunu görükdürür də, amma şarja keçməyə qəti yol vermədən, çünki təhkiyəni ciddi plandan – rəssam Nadirin başına gələnlərdən aparır. Hekayə boyu biz məhz «şarj»ın ictimai kazusunun (yəni Börüsoyları yetirən və bəsləyən zəminin) ifşa olunacağı dəmi gözləsək də, hər şey daha başqa – daha fəci məzəilə qurtarır. Hecəmi? – hekayəni oxuyub da Bakı küləyinin (oxu: çərxi-fələyin) personajların başına gətirdiyi oyundan ləzzət almaq gərək: gülməli olan ən ağlamalısıdır. Təhkiyə klassik realizmə xas bir priyomla (yəni bizi bütünlükdə hadisədən keçirib də) mətləbə son qoyur: «Nadir bunları mənə danışanda əhvalatın baş verdiyi gündən üç ay, doqquz gün keçmişdi». Əvəzində Börüsoy adlı milli tipajlardan daha biri yaxın tariximizdən nəsrimizə yadigar qalır.
«Ölümlə zarafat» hekayəsi olmüş əhvalat üzərində qurulub; poetikası etibarilə də sənədli reportaja meyl edir. Yazıçının – Əjdər Olun dilindən aparılan təhkiyə birinci cümləsindənsə bizi «yol əhvalatı»na kökləyir: «Biz Praqa hava limanından Bakıya uçan Çex hava yollarına məxsus təyyarəyə minəndə artıq Əmirin tini taraz idi.» Bu şən, məzəli, əhlikef not daha sonra, hekayə boyu ölümlə zarafat leytmotivini saxlamaq üçündür; çünki bir azdan baş verəcək qəzanın psixoloji gərginliyinə yalnız bu kökdə tablamaq mümkün. Əsərdə sənədlilik oxucunun real həyatdan bu və ya digər qədər tanıdığı personajlarla əlaqələnir. Əmir – yazıçı- publisist Əmir Pəhləvan, Rüstəm – şair Rüstəm Behrudi, Sabir müəllim – şair, millət vəkili Sabir Rüstəmxanlı, İlhamə xanım – xalq artisti İlhamə Quliyeva və b.-ları – təhkiyəçi bu mühitə yaxın oxucu auditoriyasına kökləndiyindən mətndə personajlar barədə lazım olduğundan artıq məlumat vermir. Bir onu bilirik ki, həmin bu mötəbər icma «uç gün Parisdə vaxtilə Avropa İttifaqının fəaliyyətə başladığı binada dünyanın çox yerindən gəlmiş soydaşlarımızla və xarici qonaqlarla birgə 1946-cı ildə Güney Azərbaycanda baş verən Milli azadlıq hərakatına həsr olunmuş simpozium» dan qayıdırlar. Və budur qəfil təyyarədə yaranmış qəza vəziyyəti bir qədər əvvəl ən ali duyğuların təntənəsini yaşayan insanları adi insani instinkt – ölüm qorxusu qarşısında qoyur; hadisələr də elə bundan sonra başlanır.
Gerçəklər eksteremallıqda necədir; yol əhvalatını nəql eləmək heç də asan gəlməsin; burda geri dönüb «olduğu kimi» məqamına nöqtəbənöqtə riayət etmək çətinliyi var. Əjdər Ol buna nə qədər nail olur – ardınca gedib gözləmək fikrim yox; bunu bilməkdən ötrü hekayənin hər kəsin özünün oxuması daha asan olar zənnindəyəm. Bircə yazıçının sonda , ümumən «yazı» barədə gəldiyi qənaətləri bölüşmək istərdim: «Təyyarədən enəndə düşünürdüm ki, başıma gələn hadisəni kimə danışsam, az-maz heyrətlənsə də o qədər təsirlənməyəcək, çünki hadisə başlasa da, bitməmişdi. Nasaz təyyarəmiz sağ-salamat yerə enmişdi, biz ölməmişdik. İnsanlar faciəli sonluqla bitməyən hadisələri tez unudurlar».
Əjdər Ol haqlıdır. Ümumən Yazını yazan-yazır , yazıçılıq isə yaşadığını yazmaq sənətidir. Qərbdə bu peşənin fəlsəfəsini daha yaxşı mənimsəmişlər; mən həmişə qibtə eləmişəm, bizdən fərqli olaraq, Qərb hekayəçiliyi həyatın bütün sferalarına necə də nüfuz etmiş, o qədər ki, ən prozaik adiliklərə, təfərrüatlaracan asanca yazıya gətirmişlər; nəticədə ortada Qərb həyatının alternativ – roman tarixi var. Bizim ilk realistlər qələmin bu borcunu yaxşı əxz eləmişdilər; Mirzə Cəlili, Ə.Haqverdiyevi, Yusif Vəziri ansaq bəsdir. Topluda iki hekayə təmamən bu ənənələr üzərindədirn: «Usta Yusifin kamançası» və «Şər Nizi»; milli «marallar» sırasını zənginləşdirir. Birincisi – pozitivlər qismindən (tacir Fərmanla çəkməçi Qadir arasında baş tutmuş «səhər zarafatı» hardasa Haqverdiyevin «Çeşmək» hekayəsinin havasını yada salır), ikincisi – neqativlər qismindən milli xarakterlər kəşf edir: Şər Nizi – Niyaz balaca əyalət şəhərinin yeritdiyi böyük şər hadisəsidir; bir odur ki, münbit şərait tapıb ictimai kazus qazanır.
Bununla belə, Əjdər Olun təhkiyə tərzində birbaşa Qərb hekayəçiliyindən alınma məqamlar da var: bu və ya digər şəkildə müəllif-yazıçı obrazını daxil etməklə hekayənin həyatiliyinə diqqət artırması, oxucu marağını cəlb etmək və saxlamaqdan ötəri macəra, gözlənilməzlik, hətta dedektiv ünsürlərindən maksimum istifadə buna misal ola bilər. Bunu biz «Şər Nizi» hekayəsində görürük. «Dostum dedi: - Bu kişini yadında saxla, bir gün o, sənin də qapını döyə bilər» və həqiqətən də, elə olur ki, hekayənin sonunda Şər Nizi təhkiyəçi-müəllifin qapısını döyür.
Amma daha da çox «Fa» və «Qatillə görüş» hekayələri bu təcrübəyə üz tutur. «Həmişə kəsədən getmək olmur, bu hekayəyə bir balaca təfərrüatla başlamaq istəyirəm» - «Fa» beləcə məxsusi notda başlayır və sonacan da həməncə: «fa…» (konkret halda… fahişəlik) notunun sosial-ictimai məğzinə varmaq cəhdləri üzərində gəlişir; vaxtilə kapitalizm aləmi üçün adi bildiyimiz motivin yozumu primitiv də görünə bilər, heç təhkiyəçi- müəllif də həmin məqamda israr etmir, axı bu sadəcə bir priyom – Azərbaycan qadınının acılarını, uğraşdığımız həyatın həqiqətlərini ortaya qoyan üsuldur.
«Qatillə görüş» də də cinayət var, qətl var, yabancı həyat tərzinin fəsadları təsvir olunur. Amma yazıçı bu məqamları hekayəyə o qədər gözlənilməz və ötəri daxil edir ki, oxucu həmin an mətləbin yox, priyomun işlədiyinin çox da fərqinə varmır. Mətləb isə bütün situasiyalardan yüksəkdə duran insan xarakterinə diqqət cəlb etməkdən ibarətdir; təhkiyə fabulanı süjetin hərəkətindən ayırmaqla, zahir və batin arasındakı təzadlardan məharətlə yararlanır. İndi bizdə heç bir yazar bu həvəslə təhkiyə qurmur və bu cəhəti də mən nasir Əjdər Olun yaradıcılıq balansına uğur gətirən dividendlərdən bilirəm.
Əjdər Ol insan xarakterinin müşahidəsi və təsvirinin ustasıdır. Bunu onun kitaba daxil etdiyi «Ədəbi portretlər»i xüsusən görükdürür; «Yazıçı Namiq Abdullayevin axırı», «Rafiq Tağı ki, Rafiq Tağı», «Kür Əlisəmid». Hər üç bədii oçerkin predmeti – yazıçı obrazlarıdır; bununla – yazıçı fərdi və mühitinin astarına varmaqla Əjdər Olun nasir qələmi sanki peşənin sirlərinə bir köynək də yaxın olduğunu təsdiqə yetirir; həm də necə yazıçılar – son dərəcə fərdi ömür və dəstxəttilə özünü bu dünyadan ayıran (fantast Namiq Abdullayev), dünyaya qarşı qoyan (nasir Rafiq Tağı) və hətta ona xox gələn (şair Əlisəmid Kür) kimsənələr. Mən burda «son dərəcə» vurğusunu özümdən əlavə eləmirəm, əvvəla ədəbi mühitdən və yazılarından bu və ya digər dərəcədə həmin yazarların portretlərinə bələd olanlar bilir və üstəgəl oxucunun bilib-bilmədiklərinə Əjdər Olun israrlı müşahidələrindən doğan detalları, cizgiləri, mahiyyətli ştrixləri – «fərdiliklər»i də, portret orijinallığını da ortaya qoyan budur.
Oçerklərin hər birini müəllif məxsusi düşünülmüş planda – portretin çeşidini və bütövlüyünü, hər biri bir ayrı ritmdə gəlişən dinamikasını bəlirləyən əsl hekayə (hekayət) səpkisində qurur.Yaxşı keyfiyyətli prozada olduğu kimi, burda təhkiyə həm bir anlıq macal vermədən hadisələri təqdim edir, eyni qarşılıqla da oxucunu söhbətə çəkir, təhlilə, bölüşməyə dəvət edir. Deyim ki, Əjdər Ol portretlərini sevgiylə, məxsusi isti ilə, nəvazişlə cızır, yox bu azdır; portretlərini o, daha böyük azartla, sərt-soyuq ağılla rəsm edir. Hətta mən burda oçerk qəhrəmanları ilə bir savaş, bəhsabəhs də duydum; azdırmı – ədəbiyyatda ən istedadlıları yazıya gömmək hünəri və qalibiyyətinə imza atmaq asanmıdır?
Stixiyaya verilməyə nə var ki; əsl çətinlik dünyanı anlamaq və onunla dil tapmaqda, yükünün ağırı altına çiyin verib yüngülünə də «eh» deməməkdədir. Əjdər Ol lap əvvəldən belə anlaqlı birisidir; həyatda və elə ədəbiyyatda da. Onun kitaba daxil etdiyi üç essesi: «Gücümüz çatmırsa», «Ardıcıllıq» və «Qarışıq zəmanə» hələ on altı il öncə qələmə alınsada bugünlü kontekstdən qəti ayrılmır: həmən fikir sərrastlığı, mətləb konkretliyi və üslub rahatlığı oxucunu alıb aparır; bir müsahibəsində təsdiqlədiyi kimi: Əjdər Ol «başa düşülməkdən qorxmur» da.
Ədəbiyyatda olmaq, onun hər bucağına baş vurmaq başarığı heç də asan olmayıb, əlbəttə ki, yaradıcılıq sevdasıdır. Şeir və nəsrdən başqa, Əjdər Ol səhnə üçün də əsərlər yazmağa qərar vermişdir. Kitaba daxil edilmiş iki pyes barəsində bəhs açmayacağam. Pyes – səhnədə gərək. Amma deyim ki, tamaşasını uğursuz saydığım (2005, Dövlət Gənc Tamaşaçılar Teatrı) «Molla Nəsrəddin və Əmir Teymurun filləri» oxu üçün pyes statusunda mənə daha xoş, aktual təsiri bağışladı. «Son məktub» pyesinin Dövlət Milli Akademik Teatrında tamaşaçılardan (2007) aldığım təəssürat barəsində isə artıq yazmışam (Tənqid.net jurnalı, 2007, №4).
Və gərək ki, «Ölümlə zarafat»dan yazmalı olduğum daha nəsə qalmadı. Yeni görüşlər, dialoq və söhbətlər əzmiylə.


“525-ci qəzet”
Qəşəm İsabəyli

 


DEYİRDİLƏR “ŞAİR”Dİ...

Əjdərlə tanışlığımın “Ol”dan əvvəl tarixi var; mən “İşıq” nəşriyyatında redaksiya müdiri işləyirdim, Əjdər də istehsalat şöbəsinə təzəcə gəlmişdi. Hərəkətindən, davranışından istehsalat işçisinə oxşamırdı; heç tələsiyən görmürdüm onu, idarəyə də, istehsalat tapşırıqlarına da ağır gedib, ağır gəlirdi.
Bir dəfə şöbə müdiri Elmira Tahirovadan soruşdum:
–Təzə işçin gözümə birtəhər dəyir ey, yarıdır səni!?
Elmira xanım da bakılı qızıydı, söz altda qalmaqla arası olmazdı. Hərdən mübahisəmiz düşəndə deyərdi, Qəşəm müəllim, küsərəm ha səndən. Bilirsən ki, küsməyim asan, barışmağım ondan da asandı. O da vardı ki, Elmira xanım məni və Əjdəri nəşriyyata Məmməd İsmayılın gətirdiyini də bilirdi (kim bilmirdi ki?! M.İsmayılın gizlin işi olmazdı). Odur ki, sualımdan şübhələndi və elə başa düşdü, ondan söz çəkmək istəyirəm, siyasətlə danışdı:
– İstehsalat işçisinin başının döörəsi (ətrafı) “dil” olsun gərək (yəni, mətbəə rəhbərliyinin qılığına girib, sifarişləri aşıra bilsin), o isə, deyirlər ... “şair”di...
Şairlik dəbdə olduğundan və Əjdərin qabiliyyətinə bələd olmadığımdan bu deyimə ötəri bir təqdimat kimi baxmışdım...
Bir müddət sonra, yəni 1992-ci ildə Məmməd İsmayılın xeyirxahlığıyla məni Polad Bülbüloğlu Mədəniyyət Nazirliyinin “Şur” nəşriyyatına direktor qoydu. Sadəcə tapşırıq adamı olmadığımı sübut etmək üçün gecəni gündüzə qatdım. İşə başladığım birinci həftə ilk çap məhsulunu qoydum nazirin qabağına. O da kollegiya iclasında məni bərk tərifləyib, nəşriyyatımızın hesabına xeyli pul köçürtdü. Onda Əjdər artıq Prezident Aparatında işləyirdi. Bir müddət keçəndən sonra hansısa özəl qəzetdən zəngi gəldi. Təəccüb qaldım:
–Qarda-a-aş, orda neyləyirsən?!
–Buranın baş redaktoruyam.
–Bəs Prezident Aparatı?..
–Prezident Aparatı öz yerindədir...
İş elə gətirdi ki, Əjdər bir az sonra yaxın ətrafından xəyanət görüb, durub yanıma gəldi. Mən də ağına-bozuna baxmadan, yəni Mədəniyyət Nazirliyindən iznsiz-filansız ona nəşriyyatın baş redaktoru vəzifəsini həvalə elədim. Bu sətirləri oxuyanda yəqin qımışacaq ki, bəs bir az yekə çıxır ey, qardaş...
Düz sözə zaval neyləyə bilər. Əslində mənim rəhbər olduğum yerdə direktor, baş redaktor ştatı olsa da, vəzifəsinə ehtiyac olmur. Bir vəzifə olur, o da fəhləlik. Və Əjdəri də qoşdum özümüzə. Girişdik işə... işlədik ha, necə deyərlər, az oldu, amma oldu... cəmi... üç ay...
Hərdən qardaşımın sağ əlinin cibinə getdiyini də görürdüm; dəsmalını çıxarıb boyun-boğazına çəkirdi. Yalançılar sözü, bəlkə də Əjdər Sovet hökumətinin qulluğunda belə durmamışdı.
Bir gün də məni verəcəyi “bəd” xəbərə hazırlayıb-eləmədən, acıq çıxırmış kimi, qızıl-qırmızıca üzümə dedi, bəs sabahdan Maliyyə Nazirliyinə işə gedirəm. Amma yaxşı da tərifimi verdi:
–Qardaş, adam bir sənin yanına işə girəndə sevinir, bir də işdən çıxanda.
Gülüşdük.
Mən də borclu qalmadım:
- Üzün ağ olsun!
Qeybətçi adamlar demişkən, “İşıq” nəşriyyatından danışırdım axı. İş elə gətirdi ki, Məmməd İsmayıl Əjdəri bizim “Sifariş ədəbiyyatı” redaksiyasına kiçik redaktor yolladı. Balaca-böyüklüyümüz yox idi, ikimiz də bir boyda olardıq; bir-birimizə quşumuz qondu. Ünsiyyət bağladıq, yoldaşlıq elədik, ova getdik, çöl çörəyi yedik, aylı-ulduzlu səma altında gecələdik. İkimizin də cavan qardaşlarımız – Abdulbağı və Mirzə haqq dünyasına qovuşdu. Bir-birimizin xeyir işlərində olmasaq da, bir-birimizin doğmalarının yasında olduq...
Hərdən onun bəzi işlərinə “paxıllığım” da tutdu. Kəndlərinə ova gedəndə gördüm Əjdər maşın sürməyi də bilir.
O da yadımdan çıxmaz ki, bir gün də iş yoldaşımız, rəhmətlik Eyvaz Həsənovdan xahiş elədik, bizi maşınıyla Salyana – Ceyran qoruğuna balıq tutmağa aparsın. İşi-peşəsi deyib-gülmək olan Eyvaz birdən ciddiləşdi:
–Bilirsiniz də şair Ağacavad Əlizadə nə deyib?
–Yox, – dedik,– deyərsən, bilərik.
–Ağacavad müəllim deyib ki, maşını olanın qanacağı yoxdu, qanacağı olanın maşını. Allaha şükür, məndə ikisi də var.
Əjdər qımışdı. Eyvaz tərs-tərs baxdı ona, bir söz demədi. Çünki özü də balıq tutmaq həvəsindəydi. Onu da deyim ki, hamının zarafatına zarafatla cavab verən Eyvaz Əjdərin balaca bir eyhamına qızıb çıxardı özündən. Əjdər də bunu bildiyindən hərdən onu sancardı.
Redaksiyamızın kiçik redaktoru olan Eyvazın bir işi vardı, o da sifarişçilərlə müqavilə bağlamaq. Tez-tez də deyərdi: “Bir də görəcəksiniz Eyvazı asıblar – sifarişlə... boynunda da müqavilə”.
Bəli, Ceyran qoruğunda təzəcə ocağın başında gecəni səhər eləmişdik, birdən yerin yiyəsi – yeger gəlib çıxdı; nəşriyyat işçisi olduğumuzu bilən kimi hörmət-izzətlə salam verib, buyurdu ki, bəs müdir sizi görmək istəyir. Mən ayağa duranda, baxdım ki, Eyvaz məndən qabağa düşüb. Əjdər də ocağın qırağında oturub, xəyala daldı. Eyvaz cəld sükanın arxasına keçdi, maşını işə saldı, mən qabaqda – şax, yeger də arxada, təzəcə tərpənmişdik ki, Eyvaz qəfil əyləci basıb, başını çıxartdı bayıra və bağırdı:
–Əjdər, kartofdan muğayat ol... yanar!
Başım sinəmə düşmədimi!? Yer yarılsaydı, girərdim... Qayıdandan sonra məzəmmət elədim, ay Eyvaz, yeger nə bilirdi ki, qazanda nə var, biabır elədin bizi.
–Niyə? Yeger belə qudurub, kartof yemir!?
Belə günlərimiz olub...
Yaxşı söz gəldi, saxlamayasan gərək. Rəhmətlik Adıgözəl Qəmbərov idi, Eyvaz idi, Əjdər idi, mən idim, birgə oturmuşduq. Əjdər Eyvaza balaca bir söz atdı. Eyvaz partlamadımı!? Dedi... dedi.. dedi... axırda da ağzından hörmətsiz bir söz çıxdı. Adıgözəl müəllim pərt oldu. Qayıtdı ki:
– Eyvaz, adam elə sözü danışmaz.
Səhvini başa düşən Eyvaz əlüstü dilləndi:
–Adıgözəl müəllim... adam... – Yəni mən adam deyiləm...
Günlər atlı olub çapırdı. Bir gün də Əjdər ilk şeirlər kitabını bağışladı mənə; oxudum. Bu ilk kitabıyla da o, qəlbinin bir çox sirlərini faş eləmişdi. Onun şeirlərində misranın fikir tutumu, ağır deyim ahəngi, yerinə-yurduna düşən sözlər könlümü açdı.
Əjdər həmişə fikir axtarışında olub. Şair var ki, təzə qafiyələrlə fikrinə gözəllik gətirir. Əjdər isə əksinə, orijinal fikirləriylə hamının işlətdiyi adi qafiyələrə yeni nəfəs bəxş etməyi sevir. Necə deyərlər, Əjdər fikrə xəsislik eləməyən şairlərdəndir.
İl ildən ondan ötrü bəhrəli olub. Bir sıra kitablarını oxumuşam, bir sıra kitablarının isə naşiri olmuşam. Bu naşirlik məsələsində isə az qala hər dəfə pərtləşmişik. Vaxt olub ki, Adıgözəl müəllimin sözü olmasın, Əjdər bir tatar cəncəli çıxarıb, gəl görəsən. Hər dəfə də ürəyimdə and içmişəm, day Əjdərin kitabını yaxına qoymayacağam. Hər dəfə də “...allooo, qardaş...” sözündən sonra bu andın sehri sınıb.
Maşallah, ayaq üstədi bəxti də. Hələ kitablarının gecikdiyini görməmişəm. Kitabının nəşr sürəti və keyfiyyətindən üzdə razı qaldığını da görməmişəm desəm, günah eləmiş olmaram.
Əjdər kitabının ki nübar nüsxəni əlinə alırdı, rəngi açılmaq əvəzinə get-gedə boğulurdu. Az qala bir yarım saat kitabı öyürür-çöyürür, altdan vurub üstdən çıxır, əlləşdirib-əncələşdirib nöqsan gəzirdi. İstəyinə çatmayanda isə incik bir “pis deyil” çıxırdı dilindən. “Sağ ol”un heç həndəvərinə də yaxın düşməzdi. Çox fikirləşirdim ki, görəsən bu bəyənməzlik hardandı Əjdərdə!?
Bir gün indi Şirvan şəhəri olmuş Əli Bayramlıya getmişdik. Girdik bazara. Mən elə qabağıma çıxanlardan tez-tələsik alıb, qayıdanda, gördüm Əjdər bayaq bazara girəndə necə əyilmişdisə göy-göyərti topasının üstünə, həmin vəziyyətdədir; qaşlarını çatıb, ciddi-cəhdlə göy dəstəsinin birini götürüb, birini qoyur... Gərək ki, beş-on dəqiqə çəkdi. İmanım Allah amanatı... deyəsən aldı...
Onda barmağımı dişlədim və Əjdərin öz kitablarının nəşrinə qarşı tələbkarlığına haqq qazandırmalı oldum. O öz yaradıcılığına da məhz belə tələbkarlıqla yanaşır. Qardaşım hər şeyin gözəlini istəyirmiş, demə.
Bu illər ərzində Əjdərin nasirliyi də, tənqidçiliyi də yaxşı yöndən özünü göstərib. Kəsə demiş olsaq, gözəl publisistikası var. Tənqidçiliyi isə özünəməxsusluğuyla seçilir.
Təbii ki, tənqidçilərimiz oxuduğu əsərlərin məddi-mənasını duya bilmədiklərindən ya tərif yazır, ya da bir-iki anlaşılmaz termini, başa düşməsinlər deyə, oxucuların qabağına atıb, öz savadlarını gözə soxmağa çalışırlar. Əjdər isə, tənqidçi olmasa da, haqqında söz demək istədiyi kitabın az qala şah damarından tutur. Mən bunu “Nənəm təkdi” kitabıma yazdığı “Ön söz”lə yəqin elədim. Həmin o “Ön söz”dən sonra gördüm mən nə boyda bir savab yiyəsi olmuşammış, sadəcə xəbərim olmayıb. Sağ olsun ki, bunu Əjdər mənə xatırlatdı:
–Bina gündən bizim poeziyamızda vətənin unudulan yerləri olub. Şeirimizin gözü təkcə çəmənləri, bulaqları, ...sözün kəsəsi, yurdumuzun axar-baxarlı mənzərələrini görüb. Ancaq yayında ilanlar mələşən, qışında yalquzaqlar dolaşan çöllərin şeiri yazılmayıb. Əgər vətənin tozu-torpağı, palçığı dizə çıxan aranından yazılmayıbsa, onda bu yerlərdə dirilik tapmış, həqiqətin özü kimi sərt, ...yoxdan var yaradan insanlar da yada düşməyib.
Qəşəm İsabəylinin bu kitabını oxuyanda çox qəribsədim. Şirvanın ağacı – yulğun kolları, otu – qarağan, quşotu, yovşan olan şoran düzləri üçün burnumun ucu göynədi. Yayda, istinin cırhacırında «su» deyib, ilğımına qaçdığımız boz düzlər gözümün önünə gəldi. Günəşdən yanıb qaralmış, şaxtadan əlləri çat-çat olmuş, qarışqa kimi qaynaşan... tanış üzləri andım.”
Sonralar haqqımda söz deyən bir neçə yazıçı məhz Əjdərin bu fikirlərini əllərində tutalqa eləyib, məni bərk təriflədilər.
Əjdər bəlkə də məndən cavan yeganə adamdır ki, aramızdakı yaş fərqini unudanda kefimə dəymir. Amma bir dəfə bərk incidim ondan. Bu minvalla gərək ki, dörd il aramıza dağlar düşdü. Çox qəribədi, bu illər ərzində bir dəfə də olmuş olsa üz-üzə gəlmədik. Yəqin ki, yana baxmazdıq.
60 yaşımın tamamında isə, qoy bilməyənlər də bilsin; 14 avqust 2008-ci ildə, əl telefonuma zəng gəldi:
–Salam, qardaş, hardasan?
–Salam! Oqtay müəllim, sizsiniz?!
–Ayə, nə Oqtay müəllim, mənəm ey, Əjdərdi... sənin iş otağındayam.
Elə bil gözləyirəmmiş bunu. Heç çaşmadım da:
–Əjdə-ər?! On beş dəqiqəyə yanındayam.
Görüşüb, öpüşüb, şəkil çəkdirib, çay içib, bu gündən, gələcəkdən danışdıq. Onu yola salanda:
–Öz aramızdı, müdriklik eləmisən,– dedim.
Pillələri düşə-düşə mənə sarı çevrilib, özünəxas gülümsədi:
–Mən həmişə müdrik olmuşam...
Həmin günün axşamı isə bizə yığışmışdıq. Əlbəttə, dövlət tədbiri olmayacaqdı ki. Onun üçün siyasi cəhətcə yetişmək lazımdı. Mən isə hələ ki, el deyəndən deyirəm.
Süfrəmin başında mənə doğma insanlar oturmuşdu; ustad şairimiz Məmməd İsmayıl, Əzizə bacı (M.İsmayılın həyat yoldaşı), sənətşünas Ziyadxan Əliyev, Qəbələdən qudam – qızımın qayınatası Şaiq müəllim, Kürdəmirdən babalarımın kəndçisi, yəni bir-iki pasportda sadəcə adı qalmış Qəhrmanbəylidən cavan şair Abduləziz Xanəhmədoğlu...
Əjdər Ol da burdaydı. Özü də ikiqat əli dolu gəlmişdi (fikirləşdim ki, arada küsmək lazım olacaq).
6 nəfərlə 60-mı yola salırdıq... Hərənin də payına 10 ilim ərməğan idi.
Əjdərin xarakterini tamamlayan bir keyfiyyəti də açıb göstərmək yerinə düşər. Bu da onun, indi hər kəsdə görə bilmədiyimiz yol yoldaşlığıdı. Əjdər vəzifəyə gedəndən Sadiqi onun yanında görmüşəm. Sadiq şofer də olsa, bir dəfə də olmuş olsa Əjdərin dilindən eşitməmişəm ki, desin, “şoferi göndərirəm”, “şofer gələcək”, sadəcə “Sadiq gedəcək”, “Sadiq gələcək” deyib.
Sadiq də sadiqdi, ha! Necə deyərlər, bu qədər vaxtı, Allaha and olsun... ən dözümlü arvad kişidə oturmazdı...
Heç kim şairi stol arxasında, ilham anlarında, ağrılı-əzablı yaradıcılıq məqamlarında görməyib. Amma Əjdər Olun əsərləri bu məqamlara şahidlik baxımından müəllifə ən etibarlı yoldaşdı.


20 noyabr 2000-13 dekabr 2008




Adil Mirseyid
Əjdər Olun dəftəri

80-cı illərdə ədəbiyyata gəlmiş bir çox şairləri şeirlərindən tanımışam. Sonra özlərini görmüşəm, bəziləri ilə qələm yoldaşı, bəziləriylə yol yoldaşı, bəziləriylə dost, qardaş olmuşam.
Bir zamanlar YB-də Ədəbiyyatı Təbliğat Bürosu deyilən bir qurum var idi. Şairlər bu büronun xəttiylə “kababdirovkalara”, üzr istəyirəm komandirovkalara, görüşlərə gedərdilər və ... para qazanardılar. Müxtəlif vaxtlarda Fikrət Sadıq, Əlisəmid Kür, Allahverdi Məmmədli, Əjdər Ol orada işləyirdilər. Bir də bir yaşıl tennis stolu var idi orada. Mən də hərdən tennis oynamağa gedirdim. Amma Büronun xəttiylə komandirovkalarda olmamışam, qol çəkib pul almamışam. Düzü heç təklif də eləyən olmayıb. Hə, Əjdəri ilk dəfə orada görmüşəm. Vallah səmimiyyətlə deyirəm və yəqin ki, Əjdər Ol da mənim səmimiyyətimə şübhə etməyən adamlardandı, o ilk tanışlıqda mənə bir qədər quru, rəsmi, hardasa rasional adam təsiri bağışladı. Və uzun müddət Əjdər Ola uyuşa bilmədim. Sonra “Əjdər Olun kitabı”nı oxudum. Bu kitabda Əjdərin incə yumor hissini duydum, o kitabdan sonra Əjdərin şeirləri də elə bil rəngini, ahəngini dəyişmiş kimi oldu, zərifləşdi, kövrəkləşdi, akvarel kimi şəffaflaşdı...
Sonra bir də uzun müddət bir-birimizi görmədik. Bir axşam dostum Vaqif Gərayzadə ilə çayxanada oturub dərdləşirdik. Əjdər də gəlib çıxdı o çayxanaya və bütün masaların yanından ötüb bizə yaxınlaşdı, uzun illərin dostu kimi öpüşüb-görüşdük.
Daha sonra Əjdərlə araq da içdik, bir-birimizə şeirlər oxuduq. Görüşlərimizin birində Əjdərin latış dilindən etdiyi uğurlu tərcümələrin müəllifi olduğunu bildim. Əjdər latış daynlarını türkcə oxuyur. Özü də necə oxuyur...
Əjdər Ol özlüyündə şairləri üç növə bölür:
“Birincilər yaxşı şeir yazsalar da şairlik eləmirlər, yəni kürsülərdə, oxucular qarşısında demək olar ki, görünmürlər.
Ikincilər yaxşı şeir yaza bilməsələr də gecə-gündüz şairliklə məşğul olurlar, hara gedirsən onların səsini eşidirsən, toyda-bayramda, yubileylərdə, növ-növ tədbirlərdə...
Üçüncülər, yaxşı şeir yazırlar, həm də yerində, məqamında şairlik edirlər”...
Mən hansı şairlərdənəm? - Əjdər Ol bunu bilir.
Əjdər hansı şairlərdəndir – mən bilirəm.

O, mənə bir dəftər bağışlayıb – bu üstü yaşıl nəbati naxışlı adi bir ümumi dəftərdi. Mən o dəftərdə şeir yazıram...


“Palitra” qəzeti,
22-24 dekabr 1999-cu il


 


Aydın Dadaşov, teatrşünas
«Molla Nəsrəddin lətifələri»nin səhnə həlli


Türk xalqının şifahi xalq ədəbiyyatının incilərindən olan «Molla Nəsrəddin lətifələri» bütün tarixi mərhələlərdə insanların ətraf mühitdəki çatışmazlıqlara satirik münasibətinin barometri olub. Molla Nəsrəddin lətifələri əsasında qoyulan tamaşalar nəyinki xalq-meydan, hətta akademik teatrların səhnələrində özünə yer tutub. Bu lətifələr əsasında Leonid Vasilyeviç Solovyov və Viktor Stanislavoviç Vitkoviçin birgə yazdıqları «Salam, Hoca Nəsrəddin» silsilə pyesləri Şərq gülüşünün simvolu olan Molla Nəsrəddini bir neçə qitədə məhşurlaşdırıb. Müəlliflərdən biri Viktor Vitkoviç 1944-cü ildən davamlı olaraq Moskva Satira Teatrının səhnəsində gedən «Şən günahkar» tamaşası barədə yazdığı: «1978-ci ilin yayında Drezdendə olarkən şəhərdə yapışdırılmış afişaların Saksoniya İsveçrəsindəki bütün Avropada məşhur olan açıq səma altındakı Landes Byuxnen Saksen Teatrında bizim Nəsrəddinə baxmağa çağırdığının şahidi oldum. Afişada göstərildiyi kimi mən ikimərtəbəli yerli qatarla cənuba getdim. Ratten şəhərciyində bərəilə Elbanı keçərək Drezdenli tamaşaçılar və turistlərlə birlikdə qalın meşə və qayalıqlardan keçərək mənzərəli bir yolla üzü yuxarı teatra doğru addımladım. Hündür, üzərində kollar bitmiş qayalarla küləkdən qorunan səhnə təbii dekorasiya idi. Vaxtaşırı olaraq səhnədən gəlib tamaşaçıların arasından keçən atlar həyatilik yaradırdılar. Boz buludlar Günəş şüalarının qarşısını kəsərək yağış havası yaradırdılar. Yəqin ki, belə bir mühit Xoca Nəsrəddinin də ürəyincə idi.» (L.V.Solovyov, V.S.Vitkoviç «Salam, Xoca Nəsrəddin» M., 1982.səh. 135) cümlələri Molla Nəsrəddinin Avropanı «fəth» etməsini təsdiqləyir. Türk dünyasının fateh sərkərdəsi Əmir Teymur haqqında Hüseyn Cavidin, Necdad Sevincin, Timur Zülfüqarovun yazdıqları pyeslərin də uğurları məlumdur.
Şair-dramaturq Əjdər Olun dramaturgiya sahəsində ilk qələm təcrübəsi olan «Molla Nəsrəddin və Əmir Teymurun filləri» pyesində məşhur gülüş qəhrəmanının Əmir sarayındakı vaqeələrindən söhbət açılır. Əmir Teymurun döyüş fillərinin kənddə əkin sahələrini dağıdaraq əhaliyə ziyan vurmasından hiddətlənən Molla Nəsrəddinin saraya şikayətə gəlişi buradakı rüşvət və korrupsiya problemlərini əyani şəkildə təqdim edir. Fillərin saxlanılması üçün ayrılan xərcin məmurlar tərəfindən mənimsənilməsi mexanizmi ilə yanaşı, sənayedəki qeyri-sağlam münasibətlər sistemi də Molla Nəsrəddinin nəzərindən qaçmır. Lətifədə olduğu kimi Mollanın erkək döyüş filinin kənddə darıxdığını deyib əlavə olaraq ona dişi filin də ayrılması xahişini etməsi bu mövzuda daim yerlərdən şikayət alan Əmir Teymuru sevindirir. Mollanın Əmirdən xələt əvəzinə xahiş etdiyi yüz çubuğun divanxanadakı minbaşı və iki gözətçi arasında bölüşdürülməsi təklifi problemin həllini bəyan etməklə mövzuya işləyir. Divanxanadan çıxan Molla Nəsrəddinin Əmirin qəzəbindən qorxub içəri keçməyən kəndlilərə: «Hə, gözünüz aydın, kəndə bir dişi fil də gəlir» sözləri qorxaqlığın cəzalanması kimi səslənərək süjet xəttində yerini tapır. Fillərin kənddən çıxarılmasının yeganə çıxış yolunu Əmir Teymurun özünün istəməsində görən Molla Nəsrəddinin «Nə qədər ki, fillər kənddədir, orada Molla Nəsrəddinə yer yoxdur.» deməsi personajın niyyətini və əsas dramaturji hadisənin istiqamətini müəyyənləşdirir.
Fillərə ayrılan pul hesabına Buxarada təzə mülk tikdirən vəzir, Səmərqənddə sərraf dükanı açan baş xəzinədar və rüşvət üstündə cəzalanan minbaşının, yaltaq saray şairi Əmirin haqq-ədalət mövqeyində duran Molla Nəsrəddini də pul hesabına ələ almaq istəmələri xeyr-şər qarşıdurmasını müəyyənləşdirir. Molla Nəsrəddinin Əmir Teymur məclisində barmağını bir pərdədə saxlayaraq ud çalması, badımcan çığırtmasına fərqli münasibət bildirməklə «Hökmdar sağ olsun, mən indi badımcana xidmət eləmirəm, Əmirin qulluğunda durmuşam.» deməsi, ayağını yerə vuraraq dünyanın göbəyinin burada olduğunu iddia etməsi fabulaya deyil, süjet xəttinə işləsə də, onun axirətə qovuşmuş münəccimbaşının yerinə sarayda vəzifə tutmasına və orada qalmasına keçid yaradır. Baş münəccim təyin olunmuş Molla Nəsrəddinin dunyadan köçən, tez-tez onunla mübahisə edən, daim keçmiş ərini yada salan arvadlarını xatırlamaqla lətifələr kontekstində söhbəti uzadaraq münəccimbaşılıqdan imtina etməsini rəğbətlə qarşılayan Əmir Teymurun: «Molla Nəsrəddin, mən həmişə insanda fəhmi və zəkanı yüksək qiymətləndirib əql sahiblərini uca tutmuşam. Onların sədaqət və məhəbbətini görüncə mərtəbələrini artırmışam. Mən səltənəti təkcə qoşunla deyil, həm də elm, mərifət əhlinin hünəri, xeyr-duası ilə qorumuşam. Burnunu dik tutanları, təkəbbürləri cəzalandırmışam.» deyərək Mollaya görə vəzirinin boynunu vurdurmayacağını, onu zindana atdırmayacağını söyləməsi avtoritarlığın mahiyyətini üzə çıxarır. Əmirin bu sözlərindən sonra Molla Nəsrəddinin: «Əmirin, bu gündən ölümünü gözümün altına alıram. Yerin də qulağı var. sənin indi dediklərini vəzirə çatdıracaqlar, o da gec-tez mənim başımı əkəcək.» sözləri Əmirin əks tədbir görməyə vadar edir. Əmir Teymurun: «Əgər Molla Nəsrəddinə bir xətəl yetirilsə, damların birindən onun başına daş düşsə, yaxud evi başına uçsa, qəfildən ölsə, itkin düşsə, at ayaqları altında qalsa, zəhərlənsə, boğulsa, sənin axırına çıxacağam. Onun həyatına sən cavabdehsən.» sözlərini vəzirinə ünvanlanması saray münasibətlərinin qaranlıq tərəfini açır. Vəzirin Əmir Teymurdan toxunulmazlıq alan Molla Nəsrəddini ulu xaqanın qəzəbinə tuş etməklə niyyətinə çatmaq istəməsi dramaturji ziddiyyəti gücləndirməklə hadisələri irəliyə doğru aparır. Əmir Teymurun özü ilə yürüşə aparmaq niyyətinə düşdüyü Molla Nəsrəddinin döyüş qabiliyyətini yoxlamaq üçün onun papağını və libasını nişançının atdığı oxlarla ağaca tikdirilməsi uğurlu bir epizodu gözönü təqdim edir. Parağından və libasından oxlar sallanan Molla Nəsrəddinin cəsarətinə rəğbəti artan Olcay Xatun onu ağır döyüşdən zəfərlə çıxmış ər igidə bənzətdikdə Mollanın təzə papaq, təzə libas əvəzinə bir alt tumanı da bağışlanmasını xahiş etməsi, Əmirin: «Biz ki, sənin alt tumanına ziyan yetirməmişik.» sözlərinə Mollanın məsələ burasındadır ki, alt tumanıma özüm ziyan yetirmişəm» cavabı dəqiq dialoqlar hesabına gözönü hadisəliliyi təqdim etməklə sağlam gülüş yaradır.
İkinci hissədə Molla Nəsrəddinin saray Əmirilə uzanan söhbətində xəzinədarın guya ona yüz qızıl verməsi məsələsi açılsa da, keçmiş baş münəccimin arvadı Zöhrənin özünü Mollaya sırımaq cəhdi, vəzirin qurduğu tədbirlə Qarğa və Quzğun adlı personajların iştirakı ilə bazarda təhqir olunan Mollanın haqq-ədaləti saymayan qazıya sillə vurması səbəb və nəticə əlaqələndirilməsinə xidmət edən sujet xəttini uzatsa da, «Mən Əmir Teymurun sarayına arvad almaqdan ötürü gəlməmişəm.» cavabı nəhayət ki, hadisələri fabula istiqamətinə qaytarır. Finalda yürüşdən qayıdan Əmir Teymura vəzirin guya Molla Nəsrəddinin Təbrizdən gəlmiş taxıl taciri Azaya topladığı taxılı gizlədib qüdrətli Əmirin ordusuna satmamağı tövsiyə etməsini və digər əməllərini bildirməsindən sonra hiddətlənən xaqan Mollanı asdırmaq əmri verir. Molla Nəsrəddinin «Bütün əyanlar sənin qüdrətindən, ədalətindən danışır. Hamısı deyir ki, Əmir Teymur uzaqgörəndir. Ancaq mən Molla Nəsrəddin deyirəm ki, nə olar Əmir yaxını da görsün də. Axı məmləkəti qurd kimi içindən yeyirlər» - deyə daxili siyasətdəki problemləri önə çəkməsi Teymuru daha da hiddətləndirir. Yalnız Əmir Teymurun sevgilisi Olcay Xatunun sayəsində yenidən söz alan Molla Nəsrəddinin zarafatları və nəhayət, kəndə göndərilən fillərdən qırxıncı balanın dünyaya gəlişi xəbərindən hədsiz sevinən xaqanın yumşalması və özünə layiq hədiyyələrlə Molla Nəsrəddini kəndə yola salması hadisələri şirin sonluqla bitirir.
Əsərlə bağlı Səlim Babullaoğlunun «Əjdər Olun debutu çoxlu mətləbləri anlatdı» məqaləsindəki: «Saray maneralarına konkret olaraq «qibleyi aləm» deyib təzim etməyi öyrənmək üçün məşqlər edən molla öz-özünə danışır. Tamaşaçıya gülməli və absurd – necə edim ki, bu qibləyə əyiləndə o birisinə, o birinə əyiiləndə bu birinə arxamı çevirməyim? Kimi sual ünvanlayır. Bizə sanki, «aləmlərin qibləsini» doğru seçin mesajı verir». (Səlim Babullaoğlu. «Əjdər Olun debutu çoxlu mətləbləri anlatdı.» «Yeni Azərbaycan» qəzeti 8 fevral 2005.) fikrləri cəmiyyətin sağlam inkişafına mane olan yaltaqlıq kimi naqisliyin ələsalınması faktını önə çəkir.
Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru, Stanislavski təlimini dərindən bilən rejissor-pedaqoq Nəsir Sadıqzadənin parlaq tələbələrindən olan, hələ 1985-ci ildə Uilyams Tennisinin «Şüşə heyvanxana» pyesi əsasında qoyduğu diplom tamaşasında Hökümə Qurbanova və Hamlet Xanızadə kimi peşəkar aktyorlarla işləmək bacarığını təsdiq edən, Nobel mükafatı laureatı Yudçin O Nilin «Qarağaclar altında ehtiraslar» əsərini səhnəyə qoyan, Moskvadakı Puşkin teatrında iki ildən bir keçirilən Çexov müsabiqəsində «Kral Lir»lə tamaşaçıları heyran edən, Sofoklun «Şah Edip» tamaşası ilə klassik yunan dramaturgiyasına uğurla baş vuran Bəhram Osmanovdur.
Pyesin janrını «böyüklər üçün ibrətamiz nağıl» kimi görən quruluşçu rejissor bu müəyyənləşmə ilə maarifçi funksiyanı önə çəkməklə nağılçı təhkiyyəsilə də tamaşanın alqoritmini müəyyən edə bilmişdir. Bununla da tamaşanın oynanıldığı Gənc Tamaşaçılar Teatrına münasib olan maarifçilik və nağılçılıq prinsipi özünü doğrultmuşdur. Müdriklik və zarafatçılıq kimi ziddiyyətli xüsusiyyətləri özündə birləşdirən Molla Nəsrəddin rolunu bu teatrda rejissor kimi də özünü təsdiq etmiş əməkdar artist Ağaxan Salmanlıya tapşırılması sənətkarın yaradıcılıq laboratoriyasının təqdimatına şərait yaratmışdır. Və şübhəsiz ki, müdrikliyə daha çox diqqət yetirən aktyorun yüksək intellekti onun zarafatlarının da bayağı deyil, düşündürücü olmasına təminat yarada bilir. Tarixdə və ədəbiyyatda amansız və sərt hökmdar kimi qalmış Əmir Teymur rolunu yüksək peşəkarlıqla ifa edən (səhnəmizə bir-birindən maraqlı personajlar qalereyası təqdim edən bu sənətkarımıza hələ də ad verilməməsi ağrılı faktdır) Atabala Səfərov isə qəhrəmanın tarixi xüsusiyyətlərini deyil, pyesin diqtə etdiyi bədii qanunlar çərçivəsində uzaqgörənliyini və tədbirliliyini önə çəkir. Beləliklə, hay-küydən, yalançı pafosdan uzaq olan, zərgər dəqiqliyilə personajının plastikasını yaradan, peşəkar aktyor oyunu Əmir Teymuru mahiyyət daşıyıcısı sayılan obrazlılıq istiqamətində təqdim edə bilir.
Bununla belə, hər iki aktyorun mükəmməl oyun tərzinin qarşılıqlı ünsiyyət deyil, əlaqələrin mexaniki təqdimatı üzərində qurulması nəzərə çarpır. Bu iki baş qəhrəmanı dramaturgiya və səhnə plastikası baxımından birləşdirməsi Sevinc Mehrəliyevanın ifasındakı Olcay Xatunun üzərinə düşür. Könül Yusifqızının ifasındakı keçmiş baş münəccimin arvadı Zöhrə personajı isə əsasən fabula deyil, süjet kontekstində mövcud olduğundan hadisələrin gedişinə müdaxilə edə bilmir. Dramaturji taleyi sona qədər işlənən Olcay Xatundan fərqli olaraq yalnız epizod daxilində yer alan münəccimin arvadı Zöhrə isə qadınlıq imkanlarından bəhrələnməklə oynadığı personajı zənginləşdirə bilir. Yeri gəlmişkən dramaturji strukturda qadın xronotiplərinin azlığına disbalans yaratması nəzərdən qaçmır. Vəzir rolundakı Rahib Əliyev və Şair rolundakı Ramiz Sərkərov səhnədə sərbəst olduqlarından və hadisəli pauzalardan yerli-yerində, bacarıqla istifadə etdiklərindən bu personajları sona qədər diqqət mərkəzində saxlaya bilirlər. Qazı rolunda Ceyhun Məmmədov, Quzğun rolunda Eyvaz İbrahimli oynadıqları personajların öhdəsindən məharətlə gəlsələr də, bütövlükdə epizodun sujet kontekstində qalması aktyor üçün yalnız əsas dramaturji hadisə – fabula mexanizminin mövcudluğunun vacibliyi bir daha təsdiqlənir. Çünki, həqiqətən də fabula mexanizmində dramaturji maneələri dəf edən personajların ifası aktiyor üçün sənət bayramına çevrilir. Nədim rolundakı istedadlı aktyor Vüsal Mehrəliyev isə şəhərimizin meri, hörmətli Hacıbala müəllimi ustalıqla təqlid etməklə əsərin müasirliyinə də təkan verə bilir. Xəzinədar rolunda Elxan Qurbanov, kəndli rolunda isə Elnur Kərimov və xüsusən Elşən Şıxəliyev oynadıqları rolların öhdəsindən bacarıqla gəlirlər. Tamaşanın rəssamı Mustafa Mustafayev heç şübhəsiz ki, rejissor yozumuna uyğun olaraq səhnə məkanının bütün koordinatlarının bədii həllinə nail ola bilib. Bəstəkar Cavanşir Quliyevin musiqisi isə arxaizmi və müasirliyi özündə birləşdirib. Beləliklə, Gənc Tamaşaçılar Teatrının səhnəsində yaranan bu uğurlu tamaşanın uzunömürlü olacağı zənnindəyəm.


“525-ci qəzet”,
23 fevral 2006-cı il





Nailə Bənnayeva
“Kəlləmayallaq”


Gənc Tamaşaçılar Teatrında (GTT) növbəti premyera Əjdər Olun ²Molla Nəsrəddin və Əmir Teymurun filləri² tamaşasıyla bağlıdır. Quruluşçu rejissor Bəhram Osmanov, quruluşçu rəssam Mustafa Mustafayev və bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev Molla Nəsrəddin lətifələrinin orijinal versiyasını tamaşaçıların ixtiyarına veriblər.
Əmir Teymurun əmri ilə kənddə məskunlaşan döyüş filinin hədsiz qarınqululuğundan və kəndliləri müflis etməsindən təngə gələn şikayətçilərin Mollanı saraya göndərməsi barədə lətifə bu tamaşanın əsas süjet xəttini təşkil edir. Filin xiffət çəkməməsi üçün molla Əmirdən kəndə dişi fil göndərməsini xahiş edir. Pyesin əvvəli gülüş xarakterli alınsa da, ikinci hissədə hadisələr gözlənilmədən sərt qarşıdurmalarla əvəz olunur.
Sözsüz ki, hər şey həm kəndlilərin, həm də əsərin digər surətlərinin məmnunluğu ilə nəticələnir. Həm də Əmir Teymurun öz qanadı, himayəsi altına aldığı Molla Nəsrəddin bir müddət sarayda yaşamalı olur. O, bu arada saraydaxili çəkişmələrə cəlb olunur. Necə də tanış tiplərdir! Həm də hədsiz tanış… Baş rolun ifası Ağaxan Salmanlının təqdimatında təkrarsız və maraqlı alınıb. Eyni xoş sözləri vəzirin, xəzinədarın və digər saray əyanlarının ifası barədə də söyləmək olar. Rejissorun ideyası və aktyorların usta oyunu sayəsində tamaşaçılar ötəri də olsa, əsərin qəhrəmanlarını bizim bəzi millət vəkillərinə və ictimai xadimlərə oxşatma imkanı da qazanıblar. Bu baxımdan daha çox paytaxt meri Hacıbala Abutalıbovun "bəxti gətirib".
Geyimlərin və dekorasiyaların şərtiliyinə baxmayaraq, tamaşa bütövlükdə, sözün gerçək mənasında canlı, inandırıcı təsir bağışlayır. İkinci plan aktyorlarının bir çoxu səhnə əsərində bir neçə rol ifa edirlər. Tamaşanın əvvəlində aktyorların adi geyimdə səhnəyə çıxaraq elə oradaca pariklərini taxmaları, üst geyimlərinə bürünmələri əsərin tarixi illüziya olduğunu bir daha, həm də qabarıq şəkildə vurğulayır. Personajların geyimlərinin ilk baxışdan müxtəlif dövrlərə və xalqlara aid olduğu nəzərə çarpır: yalnız Molla, Əmir Teymur və baş qəhrəmanı "yoldan çıxaran" ehtiraslı dul qadın Zöhrə Şərq geyimlərində qarşımıza çıxırlar. Daha sonra başa düşürsən ki, hər bir geyimin orijinallığı onu geyinən personajın xarakterini açmağa xidmət edir ki, bu da öz növbəsində tamaşaçını əyləndirir. Silindr və frak geyinmiş hiyləgər vəzir Sovetlər dövrünə aid siyasi karikaturalardan yaxşı tanıdığımız Sem dayının obrazını xatırladır. Onun casuslarının geyimləri isə bizə «soyuq müharibə» dövrünün dəbini xatırladır: plaş, şlyapa və qara eynək.
Saray şairləri başçısının ("məliküşşüəra"nın) Oskar Uayld üslubunda, yəni Avropa modabazı kimi geyinməsi onun mədhiyyələrlə dolu qabiliyyətsiz şeirlər müəllifi olduğuna bir işarədir. Baş xəzinədarın qədim rus zadəganlarına xas bahalı kürkü və xəz papağı da bizə çox şey deyir: o dəqiqə bilinir ki, dövlət xəzinəsinin "üstündə oturmaq" belələrinə nə dərəcədə sərfəlidir.
Əmirin arvadı, gürcü knyazının qızı Olcay xatun isə əyninə gözqamaşdırıcı plaş və Bizans dövrünə aid saray geyimləri üslubunda gen don geyinmişdir. Burma və gur saçlarını çiyinlərinə tökən bu xanım bizdə Zeynəb Xanlarovanın karyerasının ən parlaq dönəmlərinə dostluq şarjı təəssüratı doğurur.
Rəssam Mustafa Mustafayevin sözlərinə görə, kostyumların şərtiliyi və səhnə tərtibatı həm Yeji Korotovskinin (ilk dəfə keçən əsrin 70-ci illərində o, teatr dekorasiyasında şərtilik üslubunu tətbiq edib) müddəalarına, həm də teatrın maliyyə imkanlarına uyğun şəkildə yaradılıb. Bütün dekorasiya qapalı dairə üzrə hərəkət edən faytondan və stullar sırasından ibarətdir. Zahiri cəhətdən Avropa faytonlarını xatırladan bu qurğu əslində daxili tərtibatına görə taxt-tac zalını xatırladır. Səhnədə təkcə əsl xalçalar həqiqidir, bu isə sübut edir ki, bizdə xalça gen-boldur.
Mollanın geyimi qeyri-ənənəvi narıncı rəngdədir və personaj özü cavan olmaqla yanaşı, həm də saqqalsızdır. M.Mustafayevin sözlərinə görə, kitab illüstrasiyalarından yaxşı tanıdığımız Molla Nəsrəddin stereotipi tamaşaçını və oxucunu çoxdan bezdirib. Qəhrəmanın yaşca cavan olması xalqı öz arxasınca aparan şəxsin adətən cavan, enerjili olması gərəkdiyi ideyasına bir işarətdir. Geyimindəki narıncı rəng isə qəhrəmanın «Günəş kimi ləkəsiz» olmasını göstərir.

Dilimizə çevirdi – Xədicə SALAHLI “Azerbayjanskoe izvestiya”,
8 fevral 2005-ci il



 

Tofiq Abdin
ƏJDƏR OL Kİ ƏJDƏR OL


Növbəti Köşə yazısını nədən yazacağımı düşünürdüm ki, 525-ci qəzetdə yazar Əjdər Olun ( Əjdər Ol şairliyi ilə daha çox fəxr edirsə məni bağışlasın ki,ona yazar dedim) yazar Rafiq Tağı ki Rafiq Tağı adlı bir yazısı çıxdı və mənim Rafiq Tağıya bir minnət borcum vardı və bu minnət borcu da o idi ki,mən İstanbulda olduğum səkkiz ildə çox az adam mənə zəng eləmişdi Bakıdan, çünki ekonomik durum elədi ki, az pul tələb eləmir bir-iki dəqiqə danışıq, buna görə də onun o zaman ki, zəngi inanın mənə bir az daha yaşamaq sevgisi vermişdi…
Bu zəng məsələsi mənə başqa bir şeyi xatırlatdı elə bu məqamda.(Hətta bəzi dostlar bilir ki,mən bunun cəzasını da almışam bir dost tərəfindən.Ağır və ədalətsiz sözlə, yazar dostum Azər Abdulla Allah şahididir.) Çox maraqlıdı,düşünürəm ki,it xasiyətim var mənim.Baxıram ki,indi Bakıda da insanlar biri-birini çox az arayıb zəng eləyirlər.Şəxsən mən öz adıma deyim: buralara gələn müddətdən sonra mən bir çox dostlara həftə səkkiz mən doqquz telefon asıb hal-əhval tutsam da, baxdım ki,iki nəfərdən başqa məni yada salan olmur.Son dərəcə hörmət etdiyim Etibar Cəbrayıloğlu ( onu da məhz Bakıya gələndən sonra tanımışam,amma yazılarını İstanbulda internetdən oxuyurdum, bunu keçən həftəki yazımda da vurğulamışdım) və bir də heç tayı bərabəri olmayan, 525-ci qəzetin keçmiş İdman Yazarı, indi isə İnformasiya şöbəsinin başçısı və işi olmasa da belə mənə necəsən deməyə zəng eləyən yazar Aydın Bağırovdur. Aydın Bağırov tamam ayrı birisidir, tamam ayrı birisi. Mənə görə bu uşaq, mənim üçün həqiqətən möcüzədir və Ağdamlı balası olasan, bu qədər həssas olasan və bu qədər böyük-kiçik yerini biləsən, doğrudan da möcüzədir. Təbii «ağdamlı dostların və insanların xətrinə toxunmasın, bu ifadəni Azərbaycan dilinin söz quruluşuna görə deyirəm,yəni söz gəlişi deyilir.( saat altı 15-dir tələm-tələsik qəhvəmi hazırlayıram və davam edirəm yazıma).
Və zəngini umduğum dostlardan biri də elə bu Əjdər Oldur ki,mən bu yazını yazmağı düşünəndə istəyirdim ki, bu yazının adını ƏJDƏR OL DA BÜROKRATLAŞIR qoyum.Amma mənimlə bir otaqda oturan və Əjdər Olu bir şair kimi çox sevən və hörmət edən Aləmzər xanım Sadıqqızı dedi ki, bəs mən yazı yazsaydım yazardam: ARAMIZA XOŞ GƏLDİN,ƏJDƏR OL!
Bu adların ikisi də uzaqdan-uzağa eyni məqamı ifadə edir, yani Əjdər Ol həqiqətən get-gedə bürokratlaşır mənə görə və bunu mən heç də pis qarşılamıram.Amma Aləmzər xanımın dediyi ARAMIZA XOŞ GƏLDİN ƏJDƏR OL bir az insafsız səslənir, ona gərə ki,Əjdər Ol həmişə bu ədəbiyatın içindədir və lap içində idi dünənə qədər, ona görə ki, Yeni Dünya Düzəni deyilən bir ortamda Əjdər Ol bir Bakanlıqda mətbuat ataşesi işləyirdi və orda o bütün qəzetlərə baxmaq imkanını əldə eləyirdi, indi uzaqlaşıb o vəzifədən və onun o vəzifədən ayrılma xəbərini yazan YENİ MUSAVAT qəzeti maraqlı bir ifadə işlətmişdi, hər halda bu xəbəri gec yazsalar da.İfadə belə idi: mətubat işçiləri arasında MÜTƏVAZİLİYİ ilə seçilən…
Doğru və tam bir yanaşma.
Həqiqətən Əjdər Ol yaşadığı ortama aid mütəvaziliyə malik bir şəxsdir və maşallah,allah boy verib, buxun verib, bir kişi kimi diqqət çəkəndir və onun get-gedə bürokratlaşmasında da bu keyfiyyətlər rol oynamaya bilməz və son illərdə çox gözəl bir bürokrat kruqa düşüb ki, bir gün mən onu bir Bakan kreslosunda oturduğunu eşitsəm, inanaram.Amma çox təssəüf edərəm,çünki Əjdər indiki makamda bir Bakanlığın Aparat rəhbəri olsa da o işə keçəndən mən hələ onunla üz-üzə gəlməmişəm və Əjdər Ol çox sevdiyi və bəlkə də hörmət etdiyi Yazarlar Birliyinin iki addımlığında olsa da ora cəmisi bir dəfə gəlib, onda da mən orda olmamışam və bu işə keçəndən sonra bir dəfə də olsun mənə zəng eləməyib. (baxın mən ondan yaşlıyam, işin bu tərəfini unutmayaq və onu da unutmayaq ki,bütün bunlar onun öz haqqıdır.)
Güman ki başı çox qarışıqdır,bəs bürokrat olmaq asan iş deyil.Və hətta bu müddətdə zəngə bəhanə olan çox şeylər baş verib…
İş ondadır ki, RAFİQ TAĞI Kİ RAFİQ TAĞI adlı yazısı son dərəcə maraqlı və son dərəcə qısqandırıcı bir yazı və inanın ki, mən bu yazını məhz onun bu uğurunu təbrik eləmək üçün yazıram və son illərdə oxuduğum xalis bir ədəbi portre yazısı və Əjdər Olun mən bu cəhətini bilmirdim.Yox onun şerdən qırağa yazılarını oxumuşdum,nəsr üstündə yazılarına da bələddim və hətta Türkiyədə olanda onun məhz bu yöndə olan bir kitabı haqqında yazı da yazmışdım «ORTADOĞU» qəzetində.
Əjdər Ol Rafiq Tağı haqqında yazısında heç nəyi gizlətmədən və çox sevdiyi bir Adam haqqında onu uzun zaman gözaltı eləmiş kimi,bütün çikini-bikini ortaya qoyur və bu qədər korrektni olan Əjdər Ol heç nə olmayacağını da düşünür və güman ki, Rafiqə bələdliyindən gəlir bunlar. Xətrinə toxuna bilər deyə bir dillemadan tam uzaq, təkrar edirəm: son zamanların ən gözəl yazısını yazdı və doğrudur bir çox məqamlarda bizə bəlli olan şeylər olsa da, Əjdər Ol bizə bəlli olmayan şeyləri də elə gözəl, elə məqamında,elə rəvan verir ki,əlinə qələm alıb bu fikirlərin altını çızmaqdan özünü zorla saxlaya bilirsən və hətta o fikri sən nə zaman eşitmiş olsan da belə,çünki Rafiq Tağı son vaxtların ən modda olan atak və inqilabçı yazarı ( «inqilab hər şeyi özüylə gətirir» ifadəsini unutmayaq) və Əjdər Ol, hətta Rafiq Tağı haqqında bir zaman nəsrin dinozavrı adını verən Orucov adlı bir adamın yazısının başının üstündən elə tutarlı yazı yazmış ki, bəzən Rafiqin elə nöqtələrinə toxunmuş ki, mən düşündüm: Rafiq küsəcək.Amma sonra yenə də düşündüm: «nə tökərsən aşına o da çıxar qaşığına» Ata sözünü güman ki, Əjdər Ol məndən də çox gözəl bilir və gözəl bildiyi üçün də Rafiqdən çəkinməmiş və bəlkə də Rafiqin onu daha yaxşı başa düşəcəyini də içinə sindirib yazdığı yazının müxtəlif məqamlarında şairliyi tutub ağına- bozuna baxmadan ( amma Əjdər Ol son dərəcə mədəni bir yazar və indi deyək: bürokratdır) yenidən çox ustalıqla fırlanıb,onun gönlünü alır və yenə də yoluna davam edər.
Və Əjdər Ol Rafiqə toxunacaq sözləri də məharətlə seçir və işin içindən çıxmaq üçün bir vaxtlar onun haqqında yazan yazarlardan sitat gətirməklə bir gülləylə iki dovşan vurur.Sitat: «Əkrəm Əylisli Rafiq Tağının bu atmacasını eyninə almadı.Çünki Rafiq bəy haqqında mötəbər sözünü o, bildir, ya inşil deyib: «DOSTUM RAFİQ TAĞI DA ORJİNAL GÖRÜNMƏYİN KÖHNƏ BAZIDIR, İXTİSASLI HƏVƏSKARIDIR. (Yəni Rafiqin dediklərinə bir qoz).
Ayrıntı bizimdir.Mötərizə içi fikirlər Əjdər Olun.Bürokratiyanın sərt tərəfləri də varmış baxın.
Vəya Anar müəllimin, «Əbülfəz bəyi tənqid elədi, çağırdılar üzr istətdilər, Füzulinin adamı yoxdu ona gərə də onun haqqında nə desən eləmək olar» məhşur deyimindən sonra Əjdər Ol da Rafiqi haqlı qınağa çəkir.
Yazıdan daha müxtəlif məqamları mən misal gətirə bilərəm,amma Şair Əjdər Olun bu yazısı o qədər maraqlıdı ki, ondan misal gətirmək yalnız və yalnız mənim yazımın işarətlərinin sayının artmasına nədən ola bilər.Bu yazını yalnız və yalnız oxumaq lazımdır və həmişə aramızda olan və bürokratiyanın arasına hızlı bir sürətlə irəliləyən Əjdər Olu təbrik eləməkdən və bu yazını çap eləyən 525-li dostlara da minnətdarlıq borcunu ifadə etməkdən başqa bir şey qalmır.


“525-ci qəzet”in
10 və 11 mart 2003-cü il sayları