Ana Sehife Secilmislere elave et E-mail

© 2007 Bütün
 hüquqlar qorunur


ejderol@rambler.ru


Saytın yaradılması və dəstəyi: «AzeriArt.Net ™» studiyası

Powered by Retro SaytAzeriArt.Net ™



ƏDƏBİ PORTRETLƏR


Yazıçı Namiq Abdullayevin axırı

 (hekayə-portret)

Hər dəfə maşınla fantast yazıçı Namiq Abdullayevin dəfn olunduğu Siyəzəndən keçəndə fikrimə gəlirdi ki, yoldan burulub onun qəbrinə baş çəkim. Nəsə ürək eləmirdim. Onunla bağlı sonuncu xatirəm ola biləcək həmən ziyarət məsələsini ehtiyatda saxlayırdım. Ancaq bu yazını yazmağa girişəndə özümü inandırdım ki, daha xatirə ehtiyatı saxlamağın yeri deyil. Getdim və Namiq müəllimin qara mərmərdən enli başdaşını, iri sinədaşını, başdaşı üzərində cavanlaşdırılmış şəklini, hasara alınmış qəbrini görəndə düşündüm ki, onun heç vaxt belə rahat, xudmani yeri olmayıb. Mərhumun qəbrinin üstünü çox təmtəraqlı götürmüşdülər. Başdaşının arxasında qalaktika cizgiləri vardı. Bu, onun fantast yazıçı olduğuna işarə idi. Amma yazıçılığı barədə heç yerdə bir söz yazılmamışdı. Sinədaşı elə iri və ağır idi ki, qiyamət günündə də Namiq müəllim onun altından çıxa bilməzdi. Rəhmətlik dostum hara, bu dəbdəbə hara?! O, heç vaxt belə təqdim olunmağı arzulamazdı. İnsanlar öləndən sonra da onu başa düşməmişdilər.
Əvvəllər bu kişini gendən tanısam da, Namiq müəllimlə dostluğumuzun binası onda qoyuldu ki, mən 1988-ci ilin avqustunda Yazıçıların Şüvəlandakı yaradıcılıq evində işləməyə başladım. Qısa müddətdə ədəbi qəhrəmanları Yer sakinləri olub paralel planetlərdə yaşayan insanlarla dostluq edən, işbirliyi yapan, sevişən, keçmişə və gələcəyə gedib-gələ bilən, beyinəqoşulmalarla yuxularda istəklisilə görüşən, xəyalında uşaq doğub böyüdən, olmayan övladının məişət qayğıları ilə özünü oda-közə vuran, su pərilərilə pıçıldaşan, divlərlə nəfəs-nəfəsə dayanan, ağacda meyvə əvəzinə çörək bitirən, çalışanda böyüyüb pəhləvanlaşan, işsiz qalanda barmaqca kiçilən adamlardan yazmış bir yazıçı ilə dost olmuşdum.
Həmin vaxt o, altmış bir yaşının içindəydi və möhkəm darıxırdı. Gündüzlər bir yana, yuxusuzluq ona güc gəldiyindən gecələr də yuxusu ərşə çəkilirdi. Ev dərdi çəkirdi, qadın həsrətində idi, uşaqlarından ötrü burnunun ucu göynəyirdi, öz mühitini axtarırdı. Qarovulçular zarafatla deyirdi ki, gecələr işıqlar sönəndən sonra Namiq müəllimin siqaretinin işığında həyət-bacanı güdürük. Onun siqareti sübhə qədər közərirdi. Sonralar bir dəfə necə oldusa soruşdum: «Namiq müəllim, təklik nədir?» «Təklik–vəhşilikdir!» – dedi.
Yazıçıların Yaradıcılıq evinin iki korpusu vardı – biri ötən əsrin otuzuncu illərində 26 Bakı komissarlarından olan Məşədi Əzizbəyovun yüksək rütbəli hərbçi oğlundan miras qalmış ikimərtəbəli mülk, o biri Heydər Əliyevin xüsusi göstərişilə tikilib 1981-ci ildə istifadəyə verilmiş yeddi mərtəbəli bina. Yaradıcılıq evinin inzibati binası köhnə korpusun böyründə idi. Demək istəyirəm ki, iş vaxtımda Namiq müəllimlə qonşuydum.
Evsiz-eşiksiz Namiq müəllim köhnə, təmirə böyük ehtiyacı olan ikimərtəbəli mülkün ikinci mərtəbəsinin həyətə baxan bir mənzilində təm-tək yaşayırdı. Bu baxımsız mülkün hamamı ümumi olduğundan burada heç kəs qərar tutmurdu. Yalnız yay aylarında Mərdəkanda və Şüvəlanda istirahət etməyə yer tapa bilməyən təsadüfi adamlar bu mülkdəki otaqların ucuz qiymətinə şirnikib özlərini bura təpirdilər. Lakin bir-iki gecə taxtabitilərlə vuruşduqdan sonra qonşu pansionatlarda özlərinə yer eləyib, köhnə korpusdan canlarını qurtarırdılar. Hamı gəlib-gedirdi, bircə Namiq müəllim buranın daimi sakini idi.
Namiq müəllim artıq yorulmuşdu, əli qələmdən soyumuşdu. Bəzən içki xumarlığından («zapoy»dan) günlərlə ayıla bilməyəndə yarıyuxulu-yarıyuxulu deyərdi: «Yazacağam, aydınlığa çıxan kimi yazacağam. Özü də yazdığım sanballı bir şey olacaq, mövzu başımdadır, qalır bircə onu kağıza köçürmək.» Ancaq mən görürdüm ki, o, özünə təsəlli verir, heç nə yaza bilməyəcək, artıq təpərdən düşüb.
Azərbaycan televiziyasının uşaq proqramı üçün ayda bir dəfə yazdığı balaca ssenarini ondan qopardınca bizimki bizə dəyirdi. Biz deyəndə üç nəfəri nəzərdə tuturam: Televiziyanın uşaq proqramları redaksiyasının baş redaktoru Kamran İbrahimovu, televiziyada ştatdankənar müxbir kimi çalışsa da, daimi iş yeri bizim idarə olan Qorxmaz Şıxəlioğlunu və özümü.
Hər ayın axırına yaxın Qorxmaz tez-tez baş vurduğu televiziyadan lo xəbər gətirirdi ki, Kamran müəllim ssenarini istəyir. Çox vaxt xəbər yiyəsinə mənim yanımda çatdırılırdı, çünki Namiq müəllim hər iki-üç saatdan bir kabinetimdə çaya qonaq olurdu. Xəbəri eşidən kimi o, əvvəlcə özündən çıxırdı: «Yox, uşaq verilişi üçün ssenari-zad yazan deyiləm, nə qədər ayı, keçi, it, pişik, tülkü haqqında əhvalat uydurarlar?! Bezmişəm! Həvəsdir-bəsdir! Qorxmaz, sən Kamrana mənim adımdan de ki, Namiq Abdullayevə ümid olmasın, özünə başqa müəllif tapsın.»
Namiq müəllim qırımımızdan ona haqq qazandırmayacağımızı duyub siqaretə cumurdu. O, yandırdığı siqareti sümürüb qurtarandan sonra Qorxmaz dodaqlarını marçıldadıb qırmızı-qırmızı dillənirdi:
– Namiq müəllim, ssenari yazılmazsa, qonorar da olmayacaq!
Namiq müəllimin yeganə qazanc yeri hər ay qonorar kimi televiziyadan aldığı iki yüz manat idi. «Qonorar» adı eşidən kimi o, duruxurdu və yenidən siqaretə dəm verib kövrək-kövrək deyirdi:
– Bilirəm, Kamran o iki yüz manata görə hər ay mənə ssenari yazdırır. İstəmir mən ac qalım. Bəyəm ssenari yazan azdır?! – sonra qəti şəkildə əlavə edirdi: – Yaxşı, Qorxmaz, Kamrana çatdır ki, iki gündən sonra ssenari onun stolunun üstündə olacaq.
Sonralar da hərdən Namiq müəllimin qəti danışıqlarını eşitdim, ancaq onun dediyini eləməyə heyi qalmamışdı. Bir dəfə mənim yanımda Qorxmaz ona dedi:
– Namiq müəllim, özünü düzəldə bilərsən, hayıf, iradən bir az zəifdir.
Namiq müəllimin cavabına fikir verin:
– İradəm zəif olsaydı, dərd yarıydı, o məndə heç yoxdur.
Namiq müəllim sözünə vaxtında əməl edə bilməyəndə Kamran müəllimin mənə zəngləri başlayırdı. Çox çək-çevirdən, təkiddən sonra Namiq müəllim bir saatın içində dörd-beş səhifəlik ssenarini candərdi yazıb qoltuğuna vurar və «Kamran müəllim» deyib şəhərə gedərdi.
Aradan illər keçəndən sonra bir sirri açım: Bəzən Namiq müəllim yazı sarıdan sifarişçini yarıtmayanda Kamran İbrahimov onun əvəzinə müəllifin köhnə ssenariləri əsasında yeni bir şey quraşdırıb əziz dostunu qonorardan məhrum olmağa qoymurdu. Namiq müəllimin yaddaşı korlandığına görə haqq-hesabı dolaşdırırdı. Elə bilirdi ki, öz halal haqqını alır.
O, Yazıçılar İttifaqının üzvlüyünə təzəcə keçirilmişdi. Təlimata görə ildə bir dəfə Yaradıcılıq evinə güzəştli yollayış ala bilərdi. 24 günlük yollayışın tam qiyməti qarşısında köhnə korpusun qiyməti nisbətən ucuz olsa da, o, buna il boyu duruş gətirə bilməzdi. Bəs Namiq müəllim Yaradıcılıq evində hansı hesaba məskən salmışdı?
Ədəbiyyat Fondunun sədri uzun müddət partiya, dövlət sistemində çalışmış, ehtiyatlı, suyu üfürə-üfürə içən Adil Hacıyevin qulağını o-bu doldururdu ki, Namiq Abdullayevi Yaradıcılıq evindən rədd eləyin. Görünür, Namiq müəllim tör-töküş görkəmilə baş idarəmizdə sözü keçən kimlərinsə xoşuna gəlmirdi. Və direktorumuz Əli Həsənovu görən gözü olmadığına görə sədr Yaradıcılıq evilə bağlı ən adi kəmkəsirləri şişirdirdi.
Adil Hacıyev bir gün məni kabinetinə çağırıb dedi:
– Deyirlər işgüzar oğlansan, ancaq bərkə-boşa düşməmisən, özünü yersiz dilə-dişə salırsan. Müdirinlə birləşib nə yapışmısınız o düşgün, avara N.Abdullayevin (o, qeydiyyat dəftərinə baxandan sonra belə dedi, görünür, kağızda Namiq müəllimin adının baş hərfini qeyd etmişdi) ətəyindən. Əli dinc durmayan ağzıgöyçəyin biri götürüb yazar qəzetə-məzetə, gəl indi cavab ver. Qarışıq zamandır, mənə lazımdırmı özümü təmizə çıxartmaqdan ötrü dəridən-qabıqdan çıxam? İl-on iki ay Yaradıcılıq evində lövbər salmaq olmaz axı… Günü sabahdan onu itirirsiniz oradan.
Bir anda evsiz-eşiksiz Namiq müəllimin küçəyə atılmasını təsəvvür edib, birbaşa onun müdafiəsinin yersiz olduğunu anladığımdan udquna-udquna dilləndim:
– Adil müəllim, Namiq Abdullayevin putyovkasının (yollayışının) vaxtına hələ var.
O, sərt-sərt mənə baxdı və son sözünü dedi:
– Bir gün də artıq saxlamayın! Gedə bilərsən!
Bu xəbərdarlıqdan sonra işimizi möhkəm tutmalıydıq. Direktorla məsləhətləşib bu qərara gəldik ki, məsələni Namiq müəllimə deməyək və xərcinin altına girməklə ucuz başa gəlsin deyə illik güzəştlərindən istifadə etməyən qələm dostlarımızın adına yollayış alıb onu burada saxlayaq. Təxminən bir il Namiq müəllim başqa yazıçıların (Qəşəm İsabəylinin, Adil Cəmilin, Ağalar Mirzənin, Əli Əmirlinin və s.) adına yazılmış yollayışlarla yanımızda yaşadı.
Belə-belə işlərə görə Namiq müəllim təklif, tələb və iradlarımı hərdən nəzərə alırdı.
Altmışından təzəcə ayrılmış həmən vaxtın Namiq Abdullayevini bir balaca təsvir edim: o, orta boylu, qarnı qabağa çıxmış, başının ortası dazlaşmış, tosqun bir adamdı. Çəkisi səhv etmirəmsə, yüz iyirmini haqlamışdı. Arada bir az da kökəldi. Deyəndə ki, Namiq müəllim əndazəni aşırsan, pəhrizə keç, cavabı belə olardı:
– Pəhrizə bir ətək pul lazımdır, mən lütün biriyəm.
Soyuq bir qış günündə onu həyətdə pencəkdə görüb soruşdum ki, niyə plaşını geyməmisən? «Kökəlmişəm, plaşım əynimə gəlmir» demək əvəzinə o, gülə-gülə dilləndi:
– Plaşım balacalaşıb.
Sir-sifətdən yaraşıqlı olmasa da, çox yapışıqlı və nurlu üzü vardı. Qanışirin adam olduğuna görə azacıq insanlıq duyğusu olan hər kəsə asanca isinişə bilirdi. O qədər sadə və iddiasız idi ki, uşaqdan-böyüyə hamı onunla «sən»lə danışırdı. Hərdən deyərdi: «Başqaları mənsəbi, malı-pulu ilə özünü dartıb gəzir, mən də sadəliyimlə fors eləyirəm.» Yaşımız arasında otuz illik fərq olmasına baxmayaraq çox vaxt özümüzü yaşıd kimi aparırdıq. Ümumiyyətlə, o, hamının yaşıdı ola bilən adamdı. Arada sözümüz çəp gəldiyinə görə şərt qoymuşduq, küsəndən bir saat sonra hər ikimizin barışmaq hüququmuz vardı. Bu bir saat bitən kimi yenidən dostlaşırdıq.
Ayaqlarında çoxdanın ağrısı qalsa da, yeriyəndə elə bil külək nəsə iri bir şeyi diyirlədə-diyirlədə gətirirdi. Yaradıcılıq evinin ocaqçısı Kamil, Namiq müəllimin gəldiyini uzaqdan görüb deyərdi: «Namiq müəllim tam sürətlə gəlir!» Doğrudan da o, həmişə tam sürətlə yeriyirdi. O, iti danışırdı, tək-tük adam onun birinci cümləsini tuta bilərdi. Çoxları üçün o, bütün söhbətlərə ikinci cümlədən başlardı.
Onu tanıyanların yaxşı yadında olar, Namiq Abdullayev özünə baxan deyildi. Əksər vaxtlarda onu üzü-başı tüklü, kirin-pasın içində görmək olardı. Əyninə geydiyi əzik-üzük paltarları mövsümə uyğun gəlməzdi. Qışı nazik plaşda və yay ayaqqabısında keçirən Namiq müəllim, yayda yun şalvar da geyinərdi.
Bir dəfə şaxtalı havada Namiq müəllimə rast gələn şair Vaqif Bəhmənli qələm dostunun başıaçıq olduğunu görüb soruşur:
– Namiq müəllim, belə soyuqda başın üşümür?!
Namiq müəllim ona tərs-tərs baxıb cavab verir:
– Nöş üşümür, adam döyüləm?!
Şəklindən bir suyu Namiq Abdullayevə oxşayan rus şairi Krılov da deyilənə görə çox pinti imiş. Bir dəfə qraf dostu onu malikanəsində təşkil etdiyi maskarada dəvət edəndə şair soruşur:
– Necə maska taxım ki, məclisdə məni tanımasınlar?
Qraf araları açıq olduğu üçün dostuna ərklə deyir:
– Narahat olma, təmiz və səliqəli geyinsən, səni heç kəs tanımayacaq.
Mən sonralar Namiq müəllimi bir dəfə doğrudan da tanımayacaqdım. Əhvalat, səhv etmirəmsə, 1989-cu ilin payızında baş vermişdi. Namiq müəllimin babat qazancının olduğunu, lakin əyin-başına fikir vermədiyini görüb özlüyümdə qərara aldım ki, növbəti qonorarını pal-paltara verməyə məcbur edim onu.
Kimsə soruşa bilər: «Sən kimsən ki, başqasının işinə qarışasan?!» Cavab verirəm: «Onun işinə qarışılmasaydı, o, yaşaya bilməzdi. Öz ümidinə qalsaydı, onu çoxdan qurd-quş yemişdi. Ona görə də bu dostumun hər hansı işini aşırmaqdan ötrü mütləq kimsə qabağa düşməliydi. İçkidən başqa hər şeyə pulu qızırqanan və «Bu araq zəhrimar ucuz olanda da ona pul çatdırmırdım!» deyən Namiq müəllimi növbəti qonorarını alanda darta-darta Mərdəkandakı bir geyim mağazasına apardım. Onsuz da o dar günü üçün dala pul atan deyildi. Deyərdi ki, bircə kəfən pulumun olmasını istərdim, ancaq ürəyimə damıb, kəfən pulum düzələn kimi öləcəyəm.
Ona kostyum, köynək, qalstuk, (hey deyərdi ki, mənə beret al, başıma beretdən başqa heç nə qoya bilmirəm. O illərdə zəhrimar beret qəhətə çıxmışdı. Ora-bura baxsam da, ölən gününə qədər ona beret tapılmadı.) ayaqqabı, corab və bəzi xırda-mırda şeylər alıb geri qayıdanda yolüstü bərbərxanada üzünə-başına da əl gəzdirilməsinə razı saldım.
Təzə korpusda Namiq müəllimi itələyib hamama salandan təxminən saat yarım sonra o, I mərtəbədəki foyedə peyda olanda heyrətdən hamının gözü kəlləsinə çıxdı. Namiq müəllim çox əzəmətli görünürdü. Amma qarşıdan gələn iki gün bəs elədi ki, o, zahiri əzəmətini itirsin. İki gün sonra həmişə onun otağını yığışdıran və güzəşt edib qəpik-quruşa paltarlarını yuyub-ütüləyən Əminə arvadın səsini eşitdim: «Bu kişinin köhnəsiynən təzəsi bilinmir.»
Namiq müəllim deyirdi ki, uşaqlıqda gedib küllükdə, sucaq yerdə eşələnməyim üstə anam məni hər gün danlayardı. İndiki kimi yadımdadır, yay günlərinin birində çöldən evə dönərkən o, həyətimizdə qabağıma çıxıb üstümə qışqırdı:
– Ay əfəl, yer-göy od tutub yanır, düzüdünya qupqurudur, sən yenə harda üst–başını palçığa batırıb gəlmisən?!
Anam məni qardaşımdan da, bacımdan da çox istəyirdi. Bəlkə bu ona görəymiş ki, mən ürəkkeçməliydim. Sarı rəng məni vururdu. Ərinmiş yağ doldurulmuş bankanın sarısına baxa-baxa Günəşə birləşirdim və ürəkkeçməm tuturdu. Anam qorxurdu ki, tezliklə öləcəyəm.
Onun bir söhbətini də xatırladım:
«Dəqiq yadımda deyil, təxminən beş yaşım olanda kitabı sərbəst oxuyurdum. Müəllim işləyən atamın bundan xəbəri yoxmuş. Bir dəfə atam «Nağıllar» kitabını oxuduğumu görüb, anama tərs-tərs baxmaqla soruşdu:
– Uşaq doğrudan oxuya bilir, yoxsa sən nağılı ona əzbərlətmisən?
Anam qürurla gülümsündü:
– Ona hərfləri mən öyrətmişəm, kitabı sərbəst oxuyur.
Atam səsini daha da sərtləşdirdi:
– Mən vunderkindi neynirəm?! Mənə kişi lazımdır.
«Vunderkind» sözü beynimə mıxlandı. Aradan illər keçəndən sonra onun mənasını öyrənəndə düşündüm ki, bəyəm vunderkinddən kişi çıxmaz?!»
Hə, harda qaldım?..
Doqquz yaşlı Namiqin atası 1937-ci ildə tutulandan sonra ondan bircə məktub gəlir. Həmin məktubda ata başqa uşaqlarının deyil, yalnız Namiqin adını çəkib arvadına tapşırırdı ki, bu mağmın balamdan muğayat ol, onun gələcəyindən nigaranam.
Atanın gümanları doğru çıxdı, ömrü boyu kimlərinsə Namiq Abdullayevin üstündə gözü olmalıydı. Hərdən söhbət düşəndə çox adamlar ona etdiyi yaxşılıqlardan danışırlar. Biri deyir, neçə gün onu evimdə qonaq saxlamışam, başqası paltarını yudurtduğundan söz açır, digəri ona hansısa yataqxanada müvəqqəti yer düzəltdiyini yada salır, bir ayrısı onun əlyazmalarını qaydaya salıb nəşriyyata verdiyini deyir. Onu «Yemək-içməyə qonaq etdim.» deyənlərinsə sayı-hesabı yoxdur. Hamısı da düz deyir. Onun boynunda çoxlarının haqqı var və əlimi ürəyimin üstünə qoyub hər kəsin haqqını ona halal etdiyini əminliklə deyə bilirəm. Nə qədər vasvası adam tanıyıram, Namiq müəllimlə vaxtilə əl görüşməyə çimçəşsə də, onun çayxana söhbətlərindən doymadığını indi səmimiyyətlə etiraf edir.
Namiq müəllim təklikdən qorxurdu, həmişə özünə qulaq yoldaşı axtarırdı. Amma elə bir adam tapılmırdı ki, daima onun yanında olsun. Bu səbəbdən də Namiq müəllimi Yaradıcılıq evinə gəlmiş tanış və tanımadığı müxtəlif adamlara yanaşan görürdüm. Sözütutan adamı tapmaq isə müşkül işdi.
Əksər yaradıcı adamlardan tam fərqli olaraq Namiq müəllimin arxivi qalmayıb. Nəinki arxivi, hətta demək olar ki, onun ortaya çıxarılası heç nəyi yoxdur. Haçansa Qorxmaz Şıxəlioğlu demişdi ki, Namiq müəllimin bütün sənədləri, əlyazmaları Kamran İbrahimovdadır. Bir gün Kamran müəllimlə görüşdüm. Sən demə, onun da boxçası boşmuş. O, mənə vaxtilə Namiq müəllimin uşaq verilişləri üçün yazdığı bir neçə ssenarisinin əlyazmasını, onunla çəkdirdiyi şəkli və yazıçının son müsahibəsi çap olunmuş bir qəzeti gətirmişdi. Kamran müəllim kövrələ-kövrələ dostu ilə bağlı yaddaşında qalan ən adi xatirələrini də mənə danışdı.
Namiq Ələkbər oğlu Abdullayev 1928-ci ilin yazında Xızının Darzarat kəndində anadan olmuşdu. 37-ci ildə yetim qalan Namiq atasının nəyin güdazına getdiyini ölənəcən bilmədi. 1957-ci ildə repressiya qurbanlarına bəraət veriləndə bircə onu öyrənmişdi ki, sərt və ötkəm adam kimi xatırladığı atasını həbs olunandan ikicə ay sonra güllələmişdilər.
«Tuthatut» dövrünün qorxusu balaca Namiqin sümüyünə işləmişdi, söhbət düşəndə deyərdi:
– Məni qorxaqlığa və cəsarətsizliyə görə heç kəs qınamasın. Çünki qorxu, gözüqıpıqlıq bir zaman anamı, qardaşımı, bacımı və məni ölümün ağzından alıb. «Xalq düşməni»nin oğlu necə başını dik tutub döşünə döyə bilərdi? Rəhmətlik babam atam tutulandan bir müddət sonra anamı guya öz ərizəsilə ərindən boşatdırdı. Yoxsa, anamı da atamın dalınca apara bilərdilər. Anam boşandığı gündəki kimi dərdli görünməmişdi. O gecə yorğanı başıma çəkib anamın hıçqırıqlarına qulaq asırdım. Onun qırıq-qırıq dedikləri sözbəsöz yadımdadır: «Ələkbər, ay Ələkbər, Allahın altında kaş indi harda olduğunu bileydim. Kaş bircə barmaq kağız yazıb sənə ötürmək olaydı. Vallah, səndən üzdə boşanmışam, ürəyim sənin yanındadır. İnanma dövlətin o sovxa kağız-kuğuzuna. Neynim, belə məsləhət oldu. Canımdan qorxmuram, səndən sonra nəyimə lazımdır bu can?! Ancaq tifillərini başsız qoya bilmirəm, onlardan sənin iyin gəlir. Təki sən qayıt gəl! Qapımızdan girən kimi görəcəksən dediklərim doğrudur.»
Müharibə yatandan sonra Namiqgilin ailəsi Siyəzənə köçür. Siyəzəndə neft tapıldığına görə ətraf kəndlərdən mədənlərdə işləməyə gəlirdilər. Əllinci ilin əvvəllərində Namiq Abdullayev Xarici dillər institutunu «İngilis dili» ixtisası üzrə bitirib Siyəzəndə müəllimliyə başlayır və bir qızı sevir…
Günlərin bir günü səhər-səhər Namiq müəllim kabinetimin qapısını açıb içəri girən kimi həyəcanla dedi:
– Gecəni səhərə qədər gözümə yuxu getməyib. Axır ki, tapdım… Bədbəxt olmağımın səbəbini deyirəm. Elə bədbəxt olmalıydım, oldum da. Mənə hələ bu da azdır! Gərək öləndə də yalquzaq kimi ulaya-ulaya öləm. Başqa adım yoxdur, mən alçağam, alçaq!
Mat-mat Namiq müəllimə baxırdım, donub qalmışdım, danışmağa söz tapmırdım. O, damağına qoyduğu siqareti yandırıb bir-iki qullab vurandan sonra sözünə davam etdi:
– İlk dəfə sevdiyim qız bilmirəm indi ölüb, ya qalıb. Qarayanız bir qız idi. Ürəkdən bağlanmışdım ona. O da meylini mənə salmışdı. Hətta bir müddətdən sonra nişanlandıq. Toyumuza bir həftə qalanda o, mənə dedi:
– Namiq, görürəm çox ürəyi təmiz oğlansan, səndən nəyisə gizlətmək günahdır. İstəyirəm sənə bir sirr açım.
Qızın bu sözlərini eşidən kimi elə bil başıma daş düşdü. Dizlərimə dəhşətli ağrı gəldi. Aradan az qalır qırx il keçsin, hələ də o ağrı dizlərimdədir. Həftə səkkiz, mən doqquz tutması tutur. Dedim: «Açma o sirri, lazım deyil, açma!» Yazıq qız nə hala düşdü? Nə qədər ağlayıb-sıtqısa da, yumşalmadım. Hətta dedi ki, inanmırsan, dur, bu saat qızlığımı yoxla! Susa da bilərdim, ancaq istədim hər şeyi biləsən. Onu biləsən ki, vur-tut bircə dəfə bir oğlanla görüşə getmişəm. Elə həmən görüşdə o oğlana nifrət edib ondan uzaqlaşmışam. İnsafın olsun, axı, hardan biləydim ki, dünyada sən varsan. Bilsəydim, oturub gözləyərdim. Axı, mən də hamı kimi xoşbəxt olmaq istəmişəm. Axı, mən də kimisə sevib onun görüşünə getməliydim, necə ki, bir gün sənin görüşünə gəlmişəm.
Mən nişanımı qaytaran gün qız özünü zəhərlədi, ancaq həkimlər onu ölməyə qoymadılar.
Namiq müəllim qənşərindəki çaydan bir qurtum alıb, siqareti siqaretə caladı və gözləri bir nöqtəyə zilləndi. Yalnız «prima»sına yanıqlı-yanıqlı qullab vuranda gözlərini qırpırdı. O, ah çəkib yenidən dilləndi:
– Hərdən o qızı yuxumda görürəm. Axırıncı dəfə necə görmüşəmsə, elə. Bəzən də onun yaşa dolmuş, dəyişmiş, qadınlaşmış görkəmi gözümün qabağına gəlir, bircə üzünü ayrı cür təsəvvür edə bilmirəm.
Təxminən iyirmi il bundan qabaq keçmiş nişanlımla görüşmək ehtirası baş qaldırdı məndə. Soraqlaşıb onun harada yaşadığını öyrəndim. O, ailəsilə Bakıda, ümumi həyətli bir evdə məskən salmışdı. Onların qapısına yaxınlaşanda mənim gəlişimi gözləyirmiş kimi həyətdən bir arvad çıxıb qabağımı kəsdi. Qəribəydi, bu qadın məni tanış adam kimi dindirib dedi:
– Niyə gəlmisən? Bu nə vaxtın gəlişidir? Onu təzədən bədbəxt eləmək istəyirsən? Üç uşağın anasını ərindən boşatdırıb alacaqsan?! Sən allah, ona yazığın gəlsin, necə gəlmisən, elə də çıx get!
Yerimdə quruyub qaldım, məni əcəl təri basdı. Yer-göy başıma fırlandı. Handan-hana özümü toplayıb ayılanda qadın yoxa çıxmışdı. Bu qadın kim idi? Məni hardan tanıyırdı? Heç üzünü də əməlli-başlı görə bilmədim. Bəlkə bu qadın bir zaman mənim sevdiyim qızdı? Yəni həyat onu bu qədər tanınmaz hala salmışdı? Yox! Yox! Hələ də özümü inandırmaq istəyirəm ki, o, başqa bir qadındı, tamam başqa bir qadın. Bəlkə də qadın deyildi, alarvadı idi.
Ötən əsrin yetmişinci illərində Namiq Abdullayev «İt» adlı bir hekayə yazıbmış. O, bir neçə qəzet, jurnal redaksiyasının qapısını döysə də, hekayəni çap etdirə bilmir. O, vaxtlar mətbu orqanlar belə əsərləri yaxına qoymurdular. Hekayədə bizim cəmiyyətdə insana bəzən itcə qiymət qoyulmamasından danışılırdı. Namiq müəllim həm saxlanclı-tutuşlu adam olmadığından, həm də kirayənişin kimi tez-tez yerini dəyişdiyindən hekayənin əlyazmasını itirir. Ancaq o, «İt» haqqında bəzi qələm dostlarına danışdığı üçün hekayənin sorağı yayılmışdı.
Yaradıcılıq evində Namiq müəllim əlyazması olmayan «İt»in adını çəkib deyərdi ki, ikicə saatın içərisində bu hekayəni təzədən yaza bilərəm, özü də əvvəlki variantından on qat yaxşı. Lakin, o, nəyi gözləyirdi, bilmirdim. Şair Məmməd İsmayıl «Gənclik» jurnalının baş redaktoru olarkən Namiq müəllimdən «İt» hekayəsini yenidən yazmağı xahiş etmişdi. Hətta qələm dostunu şirnikdirmək məqsədilə qabaqcadan qonorarını ödəməklə onunla müqavilə də bağlamışdı. Müəllif müqaviləyə qol çəkib qonorarı aldı, lakin «İt» hekayəsini yenidən yazıb təhvil verə bilmədi.
Bu hekayəni təəssüf ki, mən də sizə danışa bilməyəcəm. Çünki həmən hekayədən söz düşəndə dostum bu əsərin özünü yox, onun arxasında duran əhvalatdan danışmışdı.
Namiq Abdullayevi gözümün önünə gətirirəm və onun danışıq üslubuna uyğunlaşdırmaqla yaddaşımı qurdalayıram. Elə hesab edin ki, yazıçı deyir:
– Pencəyimi götürüb evdən birdəfəlik çıxmışdım. Gecə saat 10-a qalırdı. Çöldə hava xoş idi. Bəlkə də getməyə yer tapmaq olardı, ancaq indi heç kəsin qapısını döyməyəcəkdim, tək qalmaq istəyirdim. İnsan öz ağrı-acılarına bir gün təklikdə yiyə durmalıdır.
Piyada dənizin qırağına tərəf enməyə başladım. Yol boyu fikirləşirdim ki, görəsən inadımdan dönməyəcəyəm? Evdən çıxanda qapının açarını da cibimdən götürüb döşəməyə tolazlamışdım ki, bir də bu mənzilin qapısını açmaq imkanım olmasın. Allaha yalvarırdım mənə dözüm versin. Özümü ağır-ağır yeriməyə məcbur edirdim ki, sahilə gec çatım. Döyükə-döyükə ətrafa boylanırdım. Həyəcanımı, sevincimi başqalarından gizlədə bilmədiyimə görə tanış-bilişlərdən kiminsə qənşərimə çıxıb məni sorğu-suala tutacağından qorxurdum. Nə danışasan, axı? Qırx yeddi illik canı məndən alıb təzəsini verməyəcəklərdi ki?..
Bakının dənizi həmişə adama «gəl-gəl» deyir, illah da gecələr. Amma bu dəfə sahildə özümü çağırılmamış qonaq kimi hiss edirdim. Bəlkə dəniz kimi, haçan və necə qarşılamağı özü hamıdan yaxşı bilir?
Boş oturacaqların birində əyləşdim. Gözümün qarşısında dəniz olduğu üçün ona baxırdım. Dağ olsaydı, dağa baxacaqdım, divar olsaydı divara. Nə fərqi?! İndi düşündüklərimə «düşüncə» adı qoymaq olmazdı. Düşüncə odur ki, gözünün qabağında olanlardan başqa şeylər haqda da fikirləşə biləsən. Hirsim, həyəcanım getdikcə kütləşirdi. Bayaqdan yol boyu düşünürdüm ki, bir tərəfdə oturub bütün keçmişimi əməlli-başlı götür-qoy edəcəyəm. Ancaq xatirələr sürətlə biri-birini beynimdən qovurdu.
O qədər fikirli olmuşam, bir də gördüm ki, artıq gecədən keçib, park boşalıb. Bir az mürgüləmək olardı. Təzəcə gözümü yummuşdum ki, hiss etdim kimsə məni dümsükləyir. Gözümü açanda qarşımda iki milis gördüm. Allah bilir, indi onlar məni nə hesab edirdilər.
– Parkda gecələmək olmaz, icazə verilmir! – deyə milislərdən biri üstdən aşağı mənə baxa-baxa amiranə səslə dilləndi:
– Axı, mən heç kəsə mane olmuram – dedim.
– Mane olursan!
– Kimə?
– Bizə!
Onlar haqlıydılar, parkda səfillərdən, yurdsuz-yuvasız içki düşkünlərindən, dilənçilərindən başqa kim gecələyərdi? Başıma gələni onlara danışsaydım, inanacaqdılarmı?
Tənbəl-tənbəl ayağa durdum, milislərə yersiz «Sağ olun!» deyib ayaqlarımı işə saldım. Birdən gözlərim o biri oturacağın altında mışıl-mışıl yatmış arıq itə sataşdı. İt ona heç kəsin toxunmayacağından arxayın olmuş kimi dərin yuxuya getmişdi. Fikrimə gəldi ki, it olsaydım, indi məni yuxudan eləyən olmayacaqdı. Həmin anda it olmaq istədim. Ancaq it ola bilməsəm də, o gündən sonra mənim it həyatım başladı. Mən azdırılmış it idim…
Namiq müəllimin özü görəsi işlərini heç kəs onun əvəzinə görmək istəmədi sonrakı illərdə. Bu kişiyə onun nazı ilə oynayan dağ ürəkli qadın lazımdı. Amma belə qadın deyəsən yer üzündə yoxdu. Vardısa da, Namiq müəllim onu, o da Namiq müəllimi tanımırdı. O, ailədə ər yox, uşaq ola bilərdi. Ərköyün, şıltaq, həmişə nəvazişə, sığala, öyüd-nəsihətə ehtiyacı olan ömürlük uşaq. Onu nəzarətsiz buraxmaq olmazdı.
1990-cı ilin ortalarında Yazıçılar birliyinin Namiq müəllimə birotaqlı sığınacaq verməsi ürəyimizdən tikan çıxartdı. Nəhayət onun qapısını özü açıb-bağlayacağı balaca küməsi olacaqdı. Özü də qanad açıb uçurdu. Ancaq həm o, həm də biz tələsib sevincək olmuşuqmuş. Bu mənzil Namiq müəllimi daha da bədbəxt edəcəkmiş. Təzə mühit, həyətin tanımadığı adamları, gözdən-könüldən uzaq xəlvət guşə ömrünün böyük hissəsini qarışqa yuvası kimi qaynayan, gur, dost-tanışla dolu Televiziyada işləmiş, Yaradıcılıq evində iki il mehriban üzlərlə əhatə olunmuş, nəhayət, həmişə tənhalıqdan qaçmış Namiq müəllim üçün baş aça bilmədiyi qaranlıq dünyaya bənzəyirdi. İçərisi tabuta oxşayan bu mənzilin xəfəsi, miskin görkəmi Namiq müəllimin vur-tut ikicə il sonra axırına çıxacaqdı.
İstər qadın olsun, istər kişi, o qədər ikinci, hətta üçüncü dəfə özünə yeni həyat quran insanlara rast gəlmişik ki… Namiq müəllim bu adamların heç birindən deyildi. O, kövrək, tez sınan idi, dönüklüyə duruş gətirə bilməzdi.
Beş-altı il bundan qabaq şair Oqtay Hacımusalı mənə zəng edib bildirdi ki, gələn həftə Natəvan klubunda Namiq Abdullayevin xatirə gecəsi keçiriləcək, gəlib yazıçı haqqında xatirələrinizi söyləsəniz, yerinə düşər.
Namiq Abdullayevi bu yazıda necə təsvir edirəmsə, həmən tədbirdə də onun haqqında ən səmimi xatirələrimi dilə gətirdim. Namiq müəllim o qədər təbii, o qədər zəngin koloritli və maraqlı tip idi ki, aramızda olmadığına görə güzəştə gedib onun ölçülü-biçili, ütülü, nümunəvi tərcümeyi-halını uydurmaq bu insanın ruhunu lənətləmək kimi bir şeydi.
Lakin mənim çıxışım bu yığıncaqda iştirak və çıxış edən, ilk dəfə üzünü gördüyüm, ötkəm duruşlu, sərt danışıqlı, ahıl xanımın qətiyyən xoşuna gəlmədi. Bu xanım Namiq müəllimin keçmiş arvadıymış. O, həm çıxışında, həm də tədbirdən sonra başılovlu mənim bayaq danışdıqlarıma kəskin iradını bildirdi və mərhum haqqında «nesenzurnı» kəlmələrimə görə məni acıladı.
Namiq müəllimin dirisini öz arşınına tən gətirə bilməyən bu zavallı onun ölüsünü dəyişmək istəyirdi. Ona üzə tutula biləsi mərhum ər, ata, yazıçı Namiq Abdullayev lazım idi. Lakin bu xanımın arzuladığı Namiq Abdullayev nə olmuşdu, nə də olacaqdı. Sən demə, keçmiş ərinin xatirə gecəsini də özü təşkil etdiribmiş. O, qabaqdangəlmişlik etdiyi çıxışında yaxın zamanlarda yazıçı Namiq Abdullayevin əsərlərinin tam külliyatını çap etdirəcəyini, onun geniş təbliği ilə məşğul olacağını dönə-dönə desə də, aradan xeyli vaxt keçməsinə baxmayaraq ortada heç nə yoxdur.
Namiq müəllim tez-tez ölümdən danışırdı və deyirdi ki, iki dəfə Əzrayılı görüb – bir uşaqlıqda, bir də inişil.
Kənddə böyük həyətləri varmış, hər tərəfi ağaclıqmış. Qış axşamlarının birində balaca Namiq həyətin ətəyindəki ayaqyoluna getməkdən qorxub özünü ağacların arasına verir. İşini qurtarıb başını qaldıranda azacıq aralıda ağappaq geyimli, hündürboylu, adama oxşayan əcaib bir məxluq görür və dabanına tüpürüb evə qaçır. Rəngi qaçmış halda gördüyünü sobanın yanında oturub özünü istiyə verən nənəsinə danışanda arvad əllərini dizinə çırpıb deyir:
– Vay, Bağır kişi öldü!
Nənəsi qara şalını başına örtüb qonşuluqda çoxdan döşənmiş Bağır kişinin evinə sarı üz tutur və bir hovurdan sonra hay düşür ki, yataq xəstəsi keçinib.
İkinci dəfə Əzrayıl Namiq müəllimin kirayədə yaşadığı daxmaya gəlibmiş. Gözlərinə yuxu getməyən yazıçı işığı söndürüb çarpayıya uzanıbmış. Pəncərədən otağa ayın işığı düşürmüş. Birdən daxmanın küncündə adamşəkilli, parlaq tüklü, cəzbedici bir şey peyda olur. O, özünü itirmədən yerindən dik atılıb işığı yandırır. Onun Əzrayıl hesab etdiyi varlıq qeybə çəkilir. Namiq müəllim küçəyə çıxıb siqaretə dəm verir. Bir azdan canına elə üşütmə gəlir ki… Handan-hana özünə gəlib düşünür: «Bəlkə Əzrayılı görməyi çox arzuladığım üçün o, daxmama qonaq gəlmişdi? Nahaq onu ürkütdüm.»
Namiq müəllim tez-tez deyirdi ki, bizim nəslin kişiləri altmışı ötmür, görəsən niyə mənim ömrüm belə uzandı?! O, ölməkdən qorxmurdu, ölməməkdən qorxurdu. Təsəlli tapırdı ki, nə yaxşı İsgəndər Zülqərneyn zülmətdə dirilik suyunu tapmayıb, yoxsa, əbədi bədbəxt olardı. İlahi, insanın ölümsüzlüyü necə dəhşətdir! Təsəvvür elə, qurdla qiyamətə qalırsan, illər keçir, yaşıdların, arvadın, uşaqların, nəvələrin, dostların, tanışların hamısı ölüb gedir və sən axırda mürdəşirə, qəbirqazana aftafa tutursan.
Vaxtilə Namiq müəllimin mənə danışdığı bir rəvayəti sizə də söyləyirəm:
«Deyirlər qədim zamanlarda insanları azad, xoşbəxt və firavan yaşayan cənnət kimi bir ölkə olub. Bu məmləkətdə heç kəs biri-birinin xətrinə dəyməzmiş, hamı «can» deyib, «can» eşidərmiş. Günlərin bir günü ağsaqqallar yığışıb Allaha yalvarırlar ki, ey yeri-göyü yaradan, sən bizə hər şey; otlu-sulu, bərəkətli torpaq bəxş eləmisən, ruzimiz başımızdan aşır, insan xasiyyətlərindən ancaq işgüzarlığı, qayğıkeşliyi, mehribanlığı, gülərüzlülüyü bizə göndərmisən. Heç insafdırmı ki, belə mələk xislətli insanlar dünyadan köçsün?! Ölkəmizin adamlarını əbədi elə, qoy heç kəs ölməsin.
Gözəgörünməzdən bir nida gəlir ki, ey məndən əbədilik uman insanlar, yaşayın, sizə ölümsüzlük göndərdim. Ölkənin adamları xoş xəbəri eşidib sevincək olurlar, atılıb-düşürlər. On-on beş günlük kef-damaqdan sonra məmləkətin varağı çevrilir. Daha heç kəs işə can yandırmır, qazanc dalınca getmir, onsuz da kimsə acından ölməyəcəkdi ki… Uzaq səfərə gedənin dalınca su atıb ağlamırlar, onsuz da yolçu səfərdən sağ-salamat qayıdacaqdı. Xəstələrə baxan tapılmır, onsuz da Əzrayıl onlara baş qoşmayacaqdı. Sevgililər görüşməyə tələsmir, dünyanın axırı deyildi ki… Getdikcə hamı biri-birindən soyuyur. Sən demə, ölkəyə xeyir-bərəkəti, insanlara sevgini gətirən ölüm qorxusu imiş.
Ağsaqqallar əl-ayağa düşürlər, bir yerə yığışıb Allahı çağırdılar və peşmançılıqlarını bildirirlər. Tövbə qapısı həmişə açıq olan ucaların ucası öz bəndələrinin günahından keçib onlara yenidən ölüm bağışlayır.»
Namiq müəllim xəstə idi, alkoqol xəstəsi. Özü xəstəliyinə həkimlərdən də yaxşı diaqnoz qoyurdu. Deyirdi: adamlar tanıyırıq ki, ömrü boyu hər gün, günaşırı şüşə-şüşə araq-çaxır içir, amma heç vaxt alkaşa, yəni günlərlə içib sərxoş yatan içki düşkününə çevrilmirlər. Məşhur artist Sidqi Ruhullanın qırx yaşına qədər dilinə içki dəyməyibmiş. O, bircə dəfə arağın dadına baxmaqla badəpərəst olur.
Hərdən Namiq müəllimə qoşulub bir balaca araq içəndə o, mənimlə göz-gözə baxıb loğmanlıq edirdi:
– Sənin bədənin içki götürmür, fikir vermişəm içəndə meyid rəngi alırsan. O şeydən ki, ləzzət aparmırsan, ondan gen gəz! Amma mən içəndə xoşbəxt oluram, xəyalımda istədiklərimə qovuşuram. İndi içki hətta mənim üçün qadını da əvəz edir.
Bir dəfə hardansa kefikök qayıtmışdı.
– Yenə içmisən? – onu danışdırmaq istədim.
– Bir az. – dedi.
– Nə qədər?
– Qədərini bilmirəm, iki nəfərlə çaxırlamışıq. Badə əhli arağın qramını hesablayır, çaxırın yox.
Zarafatla soruşdum ki, bu vaxta qədər içkiyə verdiklərini pula çevirsək, nə qədər eləyər? Cavabında o, mənə məsəl çəkdi: «Altmışıncı illərin əvvəllərində iş yoldaşlarımızdan biri şair Əliağa Vahiddən radio üçün müsahibə götürmüşdü. Həmin müsahibənin o zaman efirə getməyən məqamı yadımda qalıb.
Jurnalist Əliağa Vahiddən soruşurdu:
– Vahid əmi, heç bu vaxta qədər qəzəllərinizdən itib-eləyəni olub?
Əliağa Vahid belə cavab verirdi:
– Əlbəttə! Vaxt olub ki, kimsə qəzəl sifariş verib, mən də yazmışam. O, mənim cibimə xərclik qoyub, mən də qəzəli ona bağışlımışam. Mən xərcliyi istədiyim kimi sərf eləmişəm, o da qəzəli.»
Namiq müəllim demək istəyirdi ki, kimə nə var mən necə yaşayıram?!
Araq-çaxır olmayanda Namiq müəllim içkisiz yaşaya bilirdi, heç bu barədə danışmırdı da.
1988-ci ilin payızında uğuldayan Azadlıq meydanından oturaq mitinq dağıldıqdan sonra hökumət mağazalardan içkini tamamilə yığışdırdı. Qorbaçovun iki il qabaq başladığı alkoqolizmlə mübarizə Bakıda daha da gücləndi. Xeyli müddət Namiq müəllimin dilinə spirtli içki dəymədi. O, gecə-gündüz kitab oxuyurdu və oxuduqlarının əksəriyyətini mənə, başqalarına danışırdı. Hətta özünü iki-üç hekayə yazmağa da hazırlayırdı. Son dərəcə maraqlı həmsöhbət olan Namiq müəllimin ağzından dürr tökülürdü.
Aradan təxminən üç ay keçərdi, ya keçməzdi, Yaradıcılıq evində anbardar işləyən şüvəlanlı Yaqub ad günündə haradansa iki araq tapıb gətirmişdi və süfrə açıb Namiq müəllimqarışıq bizə qonaqlıq verirdi. Araq qədəhlərə süzüləndə bir gözüm Namiq müəllimdə idi. İlahi, onun gözləri necə də alacalanmışdı, dili-dodağı əsirdi. Yalnız dolu badəsini əlilə sığallayanda üzünü təbəssüm bürüdü. Artıq neçə ay qabaq ayrıldığı həmdəminə qovuşmağına bir sağlıqlıq vaxt qalmışdı. Sağlıq isə bitmirdi. Uzun və maraqsız tost deyən həmsüfrəmiz Namiq müəllimin əhədini kəsirdi. Birdən nə baş versə yaxşıdır? Sağlığın başa çatmasını gözləməyə hövsələsi çatmayan Namiq müəllim badəni götürüb qəfildən başına çəkdi. Artıq mənim üçün təəccüblü heç nə yox idi, mən dostumu başa düşürdüm. Bir də məndən ötrü onun içib-içməməyi maraqlı deyildi. Mən bir içki düşkününü yox, zəngin təxəyyülü, maraqlı kitabları olan yazıçını müşahidə edirdim. Hər içki düşkünü maraqlı deyil, ancaq hansısa içidolu insan həm də içkinin bazı ola bilər.
O, zarafatla deyirdi ki, içməyəndə məzmunumu itirirəm. Doğrusu, araq şüşəsinə, çaxır küpünə girdiyi günlərdə ondan yaddaqalan bir şey eşitmədim. Əksinə o, xumarlıqdan aydınlığa çıxanda kefimizi açırdı.
Bir dəfə səhər-səhər Namiq müəllim Yaradıcılıq evinin həyətində saçları çalağan yuvası kimi dağınıq, üzütüklü, kefsiz, süst halda durmuşdu. Elə bil ilıq yaz günəşinin ona dəxli yoxdu, üzündən-gözündən qaramat yağırdı. Həyətdə fəhlələr maşınla bağçanın otunu biçirdilər. Ətrafı biçilən otun gözəl qoxusu bürümüşdü.
Bu vaxt onun xoşu gəlməyən, üzünü qırxaraq yuyunub səliqə ilə saçını daramış, əynində təzə idman kostyumu olan alababat (istedadsız qələm adamları Namiq müəllimin gözünə ilan-qurbağa kimi görünürdü) bir yazıçı ona yaxınlaşıb salam verdi və dedi:
– Namiq müəllim, gör biçilən otun ətri adamı necə də bihuş eləyir. Otların şehi doğrudan da mirvari dənəsinə oxşayır. Adam lap cavanlaşır.
Namiq müəllim əzvay-əzvay dilləndi:
– Birincisi, otların ətri adamı bihuş eləmir. İkincisi, otların şehi mirvari dənəsinə qətiyyən oxşamır. Üçüncüsü də, adam heç cavanlaşmır.
Namiq müəllim yumşaq, üzüyola, ünsiyyətli adam olsa da, hərdən yüngül, saxta adamların şit sözlərinə, hərəkətlərinə dözməyib partlayırdı. Nadir hallarda qəzəblənən bu adamın hirsli vaxtı qabağında dayanmaq çətindi, həmin anlarda heç nə onun gözündə olmurdu, o ki, axırını düşünənlərdən deyildi.
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistandan qaçqın düşən soydaşlarımızdan bir neçəsinin ailəsini Yaradıcılıq evində yerləşdirdik. Aradan on-on beş gün keçəndən sonra burada bir oğlan uşağı doğuldu. O zaman hələ canımız odlu idi, gözümüz açılmamışdı, başımız daşdan-daşa dəyməmişdi, xam xəyallarla yaşayırdıq, hamımıza elə gəlirdi ki, tezliklə işlər qaydasına düşəcək, qaçqınlar bugün-sabah öz ev-eşiklərinə qayıdacaqlar.
Yaradıcılıq evindəki qaçqınlara ürək-dirək verməkdən ötrü yeni doğulan oğlan uşağının adqoydusuna həmən vaxtlarda daha da məhşurlaşan, adı dillərdən düşməyən şair Bəxtiyar Vahabzadəni dəvət etdik. Bəxtiyar Vahabzadə ərinməyib çağırışımıza gəldi, öz adını uşağa qoymaqla onun bələyinin üstünə diri bir yüzlük də atdı və dedi ki, arzum budur gələn il bu uşağın bir yaşını doğma ocağında birgə qeyd edək.
Qarşıdakı yeddi-səkkiz ay ərzində qaçqınlar Ermənistandakı evlərini Bakıda yaşayan ermənilərlə dəyişib şəhərə köçdülər.
Günlərin bir günü gördük ki, həmən körpənin babasının başçılığı ilə 25-30 nəfərlik qohum-əqrabası tökülüb gəldilər. Və Bəxtiyar Vahabzadənin bugün mütləq onları arayıb-axtaracağı ümidilə qonaqlar yeməkxanamızda süfrə tədarükü görməyə başladılar. Bir il əvvəlki arzusu çin olmayan, işi-gücü başından aşan ustadımız bəlkə də yeni bir soydaşımızın dünyaya gəlməsindən başqa heç bir əlamətdarlığı olmayan bu hadisənin tarixini çoxdan unutmuşdu.
Yeməklər bişib süfrəyə düzüləndən sonra şairin gəlib çıxmamasından qonaqlar məyus olsalar da, məclis başlandı. Bu adamları necə başa salaydın ki, o boyda şairi bir-iki saatın içərisində tapıb bura gətirmək onların düşündükləri qədər də asan məsələ deyil.
Ad günü süfrəsinin başında bizimlə bərabər Namiq müəllim də əyləşmişdi və o, bizim təqdimatımızla bir növ B.Vahabzadəni əvəz edirdi. Qaçqınların əksəriyyəti Namiq müəllimi tanımadığına görə onun bazburutdu görkəminə baxıb sağlıqlarını ona müraciətlə başlayırdılar. Namiq müəllim bir kəlmə də danışmayıb başını tərpətməklə məclisin axarına yön verirdi. Bu onu daha da sirli edirdi.
Gələnlərdən biri boşboğaz idi, bütün sağlıqlara əlavə edirdi. O, hər dəfə Namiq müəllimə sarı boylanaraq «Sağlığa əlavəm var!» deyib ayağa duranda Namiq müəllimin rəngi boğulurdu. Çürükçünün sicilləmə danışığı bizi də hövsələdən çıxardırdı.
Nəhayət məclis başa çatdı. Qonaqlar bir-bir bizimlə və Namiq müəllimlə görüşüb ayrılırdı. Bayaq adını çəkdiyim, bütün sağlıqlara qəmiş olan adam şəstlə Namiq müəllimə əl uzadıb, onunla görüşmək istəyəndə bayaqdan hirsini udan söz ustası qarşısındakının əlini havada qoyub ona dedi:
– Bağışlayın, mən sizə bir-iki kəlmə söz demək istəyirəm!
Həmən adam məclisdə fəal iştirakına görə «Sağ ol!» eşidəcəyini düşünüb sinəsini qabağa verdi:
– Buyurun!
Namiq müəllim hər sözün arasında ani pauza verə-verə dedi:
– Siz çox naqqal, boşboğaz, heyvərə və mənasız adamsınız! Ağzınızı açsanız, siyahını bir az da uzadacağam!
Onlar tez anlaşdılar, kişi ağzını açmadı, Namiq müəllim də siyahını uzatmadı.
Sonralar buna oxşar bir əhvalat da baş verdi.
Bir dəfə Yaradıcılıq evində Namiq müəllim yenə də məclisi qızışdırıbmış:
– Qədim yunan alimi Siseron çox kasıb, cır-cındır içində yaşayırmış. Elmdən, sənətdən başqa heç nədə gözü yoxmuş. Günlərin bir günü onun yaşadığı şəhərin ən gözəl fahişəsi Siseronu evində təşkil etdiyi kef məclisinə çağırır və tayı-bərabəri olmayan nərmənazik qızını müşaiyət etməyi ona tapşırır…
Bu yerdə Namiq müəllim söhbətini kəsib deyir:
– Gör fahişə öz millətinin alimini necə yüksək qiymətləndirib?!
Namiq müəllim danışdığından özü də təsirlənmiş kimi xeyli pauza verir. Söhbətə qulaq asanlardan biri, sadəlövh cavan oğlan intizar içində soruşur:
– Namiq müəllim, bəs sonra nə olur?
Namiq müəllim təəccüblə cavab verir:
– Nə sonra?
– Alimlə qızın məsələsi.
Namiq müəllim özündən çıxır:
– Xəncərin var?
Oğlan çaşbaş qalır:
– Yox!
– Tapançan var?
– Xəncər, tapança nəyinə lazımdır?
Namiq müəllim bir az da qızışır:
– Lazımdır! Xəncərin varsa, sox qarnıma! Tapançan varsa, təpəmə bir güllə çax, ölüm qurtarım sənin kimilərin əlindən. Sonra nə olmalıdırsa, o da olur. Məsələ alimin sayılmağındadır.
Bu söhbət qarovulçu otağında olmuşdu. Sözümün canı var, bir payız səhəri Namiq müəllim iş otağıma girib salam verər-verməz dedi:
– Kaçalka da (yerdən su çıxaran qurğu) xarab oldu.
Dostumun fikrini başa düşmədim. Kaçalkanın dayanmasının ona nə dəxli vardı? Elə-belə: – Düzələr! – dedim.
Namiq müəllim az qala yalvara-yalvara sözünü tamamladı:
– Sən allah tez düzəldin, imkan varsa, günü bu gün onu işə salın! Gecələr onun çax-çuxu mənə həyan olur. Heç olmasa, hənirdir də…
Həmən günlərdə binamızın növbə ilə işləyən üç qarovulçusundan biri bərk xəstələnmişdi, onu əvəz edəcək adam axtarırdıq. Beynimə düşdü ki, elə Namiq müəllimi fərdi müqavilə ilə fəhlə kimi müvəqqəti işə götürək, onsuz da gecələri oyaq qalır, üç gündənbir bir sutka işə çıxar, həm beş-on manat maaş alar, həm də başı qarışar.
Təklifimə o, dərhal razı oldu, direktor Əli Həsənov da Namiq Abdullayevin bu işinə pəl vurmadı.
Namiq müəllimin iri çay termosunu yanına qoyaraq bala-bala çaydan vurub, siqaret qutusunu boşaltdığı növbə günlərində onun otağı gur olardı. Yaradıcılıq evində dincələn yazıçılar, ziyalılar onun başına yığışıb, bəzən gecə saat ikiyəcən, üçəcən qarovulçunun maraqlı söhbətlərinə qulaq asırdılar. Namiq müəllimə də elə bu lazımdı. Daha içki də onun yadından çıxmışdı. Təxminən iki ay belə davam etdi. Sonra soyuqlar düşdü. Xəstə qarovulçu sağalıb işinə çıxdı, Yaradıcılıq evində dincələnlər seyrəldi.
Yay mövsümündə idarəmizdə iş həcmi çoxaldığına görə müqavilə ilə müvəqqəti işçilər götürərdik. Payıza dönəndə müvəqqəti işçiləri saxlamağa əmək haqqı fondumuz imkan vermədiyindən onları işdən azad edirdik. Bir gün Namiq müəllimə səbəbini başa salıb bildirdim ki, ərizə yazıb işdən çıxmalıdır, başqa yolumuz yoxdur. O, bu məsələni çox ağır qarşıladı, qaşqabağını sallayıb getdi. İşin axırınacan gözə dəymədi. Ertəsi gün qapımı açıb dedi:
– Sən mənə bir gün də vaxt ver, istəyirəm elə ərizə yazım ki, heç olmasa, ürəyim boşalsın.
Mən gülümsədim:
– Xətrin necə istəyir, elə də elə.
Yaman yerdə axşamlamışdıq. Yuxarıdan burada artıq işçi saxlamağa heç cür qol qoymazdılar. Özü də kimi, kimi, Namiq Abdullayevi. Ancaq onda məni ərizənin gecikməyi deyil, necə yazılacağı maraqlandırırdı.
Namiq müəllim güc qoyub istədiyi ərizəni yaza bilmədi. Axırda gəlib dedi:
– Axı necə yazım ki, xahiş edirəm məni işdən azad edin və tək qoyun? Sən mənim adımdan kiməsə ərizə yazdır, imza ataram.
Namiq müəllimin inadkarlığı, ayağını yerə dirəməyi də vardı. Amma təkəm-seyrək, düşəndən-düşənə…
Namiq Abdullayev ştatdankənar müəllif olsa da, Teleradio Komitəsinin binasına daxil olmaq üçün buraxılış vərəqəsi yox imiş. Lakin idarənin bütün kollektivi, növbətçi polislər onu tanıdığından heç bir çətinlik çəkmirmiş.
Bir gün o, içəri keçmək istəyəndə buraya yeni təyin edilmiş növbətçi polis qarşısını kəsir. Namiq müəllim nə illah eləyir, xeyri olmur. Hətta özündən çıxıb «Mən iyirmi yeddi il, səkkiz ay, dörd gündür ki, bu qapıdan girib-çıxıram!» desə də, sonralar «Kürən polis» adlandırdığı adam onun dediklərinə məhəl qoymur. Axırda redaksiya müdirlərindən birinin birdəfəlik sifariş kağızı ilə içəri buraxılır. İş bununla bitmir. Tərslikdən hər dəfə kürən polis adda-budda köhnə oylağına gələn Namiq müəllimə ilişir və əvvəlki hadisə təkrarlanır. O, üç-dörd yol incidiləndən sonra məcbur olub altı aylıq müddəti olan müvəqqəti buraxılış vərəqəsi alır. Lakin buraxılış vərəqəsini cibində gəzdirsə də, növbəti gəlişlərində daha kürənə rast gəlmir.
Aradan təxminən iki ay keçəndən sonra metroda gedərkən qəzet oxumaqdan başını qaldıran Namiq müəllim görür ki, həmin kürən polis qarşısında oturub onu marıtdayır. O, cəld ayağa qalxır və cibindən buraxılış vərəqəsini çıxardaraq qəniminin üzünə tutub deyir:
– Buyurun, baxın, bu da mənim vəsiqəm!
Polis üzünü turşudub cavab verir:
– Nəyimə lazımdır sizin vəsiqəniz?
– Yox, lazımdır, baxın!
– Mən indi başqa yerdə işləyirəm.
Namiq müəllim dediyindən dönmür:
– Bu vəsiqəyə baxın, bilin ki, sizi aldatmırdım…
Namiq müəllim hərdən qadın nəvazişinin həsrətini çəkirdi. Bir az da çılpaq desəm, könlü qadın istəyirdi. Deyirdi ki, gərək kişinin bədəninin bütün üzvləri eyni vaxtda qocalsın. Əgər özünü kişi kimi fəal hiss edirsənsə, qoca görkəmin istəyini dilə gətirməyə mane olursa, bu dəhşətdir.
«Bir səhər obaşdan kişi yanında yatan qadının hənirtisinə yuxudan ayılır. Qadın yataqdan durub vanna otağına keçir. Yarıyuxulu kişi mələfənin üzərində qadının bədən izlərini görür, hətta yataqda xoş ətir də duyur. Hava soyuq olduğundan ləzzətlə yorğana bürünüb ehtirasla qadını gözləməyə başlayır. Ancaq gözlədiyi gəlib çıxmır. Axırda kişi yerindən durub qadının dalınca gedir. Vanna otağında onu tapmır. İşığı sönmüş mətbəxdə də heç kəs yoxdur. Bəlkə qadın çölə çıxıb? Kişi əlini qapının dəstəyinə atanda yuxudan tam ayılır. Qapı içəridən bağlıdır. Axı, içəridə başqa kim ola bilərdi?! O ki, tək yaşayırdı.»
Bu əhvalatdakı Namiq müəllimdir. Qadınsız yaşayan kişinin belə illüziyaları olmalı idi.
Namiq müəllim yaşından artıq qocalsa da… Başımda onunla bağlı əhvalatlar sıraya düzülüb…
1980-ci ildə yazıçının «Gecələr uzanaydı» adlı fantastik hekayələr kitabı çıxandan iki-üç həftə sonra bir tələbə qız oxuduğu kitabın təsirilə onun iş yerinə zəng vurub müəlliflə görüşmək istədiyini bildirir. Onlar yazıçının iş yerinin qarşısına görüş təyin edirlər. Görüş yerində o, üzünü görmədiyi qızı uzaqdan tanıyır, çünki oxucunun əlində öz kitabını görübmüş. Müəllif qıza yaxınlaşıb salam verir. Qız ona yad adam kimi baxır.
Yazıçı dillənir:
– Məni siz çağırmısınız?
Qız tələsik cavab verir:
– Yox, mən sizi tanımıram.
Yazıçı gülümsəyir:
– Əlinizdəki kitab da, görüşə çağırdığınız yazıçı da mənəm!
– Ola bilməz! – qız duruxur və birbaşa mətləbə keçir. – Axı, bu kitabın müəllifi cavan olmalıydı. Siz yaşda adam çılğın məhəbbət səhnələrini necə yarada bilər?
Məsələ aydınlaşır. Qız kitabın cavan hesab etdiyi müəllifinə qiyabi vurulubmuş. Yazıçı köksünü ötürüb dillənir:
– Qızım, mən qocalsam da, hələ sevgi öpüşlərinin dadı damağımdan getməyib.
Qız özünü ələ alıb deyir:
– Xahiş edirəm, bu kitaba avtoqraf yazın!
Bütün kişilər kimi Namiq müəllim də qadınsız yarımcandı. O, hərdən qadın arzulamaqla bütövləşməyə çalışırdı. Amma qadın sarıdan onun bəxti kor idi.
Yaradıcılıq evində Namiq müəllimlə üzbəüz otaqda tək yaşayan kişi ona qonaq gəlmiş məşuqəsi ilə gecə yemək-içməkdən qayıdır. Sonradan həmən qadının Namiq müəllimə, Namiq müəllimin də mənə danışdığına görə sərxoşluqdan ayaqüstə dura bilməyən kişi otağa qədəm basan kimi tirtap yatağına uzanıb dərin yuxuya gedir. Qadın soyunub yerinə girir, ancaq nə qədər o üz bu üzə çevrikirsə də, gözünə yuxu getmir. Gecədən keçmiş o, yataqdan qalxıb paltarını geyinir və havasını dəyişmək üçün balkona çıxır. Balkonda isə həmişəki yerində, həmişəki stulunda oturub həmişəki kimi yanıqlı-yanıqlı siqaret dartan Namiq müəllim bitib. Əvvəlcə qoca kişi saydığı Namiq müəllimlə söhbətə başlayan xanım sonradan illərdən bəri axtardığı kişini tapmış adam kimi hayıl-mayıl olur. Gecənin tənhalığında həm hal əhli, həm də yarısərxoş füsünkar qadınla üz-üzə dayanan Namiq müəllimin ilhamı fontan vurur, onsuz da söhbətcilliyi ilə tanınan bu kişi necə şirin danışırsa, xanım az qalır özünü ona təslim etsin. Ancaq Namiq müəllim erkəyi qarşıdakı otaqda dünyadan xəbərsiz xor-xor yatan xanımın Ay işığında olduğundan da gözəl görünən üzünə, çiyinlərinə, sinəsinə, baldırlarına ehtirasla baxmaqla kifayətlənir.
Sübhün saf, bakirə havasında qüsl edib təmizə çıxmış xanım sidq-ürəkdən Namiq müəllimə söz verir ki, bu yaxınlarda məhz onunla xoşbəxt bir gecə yaşamaqdan ötrü Yaradıcılıq evinə gələcək.
Ertəsi gün Namiq müəllim arağın deyil – o gecə dilinə içki dəyməyibmiş – gecənin sərxoşluğundan gec ayıldı. O, günorta yeməyinə xumar-xumar ətrafa baxa-baxa gedirdi. Nahardan sonra iş yerimə gəlib gecə başına gələnləri yerli-yataqlı mənə danışıb dedi:
– Görəsən o qadın yanıma gələcəkmi?! Etibarsız adama oxşamırdı.
Bu hadisədən təxminən iki həftə keçmişdi, avqustun axırları idi. Axşamüstü qapıçı mənə xəbər verdi ki, bir qadın gəlib, Namiq müəllimi soruşur, ancaq o, günortadan qapıdan çıxandı, geri qayıtmayıb. Bəlkə siz onun yerini biləsiniz?
Bu, Namiq müəllimin dediyi qadın olacaqdı. Onu ayrı kim soruşasıydı?! Namiq müəllimə həzin bir gecə bağışlamış və bu subay kişini daha bir gecə xoşbəxt etməkdən ötrü onun yanına gəlmiş qadına hələ-həlbət xəbər yolladım ki, «Gözləsin, Namiq müəllim harada olsa, indilərdə gələr.»
Dünyanın qəribə, görkəzmə işləri varmış, ayda, ayyarımda bircə dəfə beş-altı saatlığa Bakıya, Televiziyaya dəyib qayıdan, pulu olanda tez-tez, olmayanda hərdənbir iyirmi dəqiqəliyə araq almaqdan ötrü mağazaya baş vurub geri dönən Namiq müəllim yoxa çıxmışdı. İllərlə həsrətində olduğu, bəzən yad planetdən gələcəyinə inandığı qadınsa səbirsizliklə onun yolunu gözləyirdi.
Mən həyətdə gəzişə-gəzişə uzaqdan göz qoyub oturacaqda əyləşmiş xanımın tez-tez saata baxdığını gördükcə darıxırdım və dodaqaltı Namiq müəllimin qarasınca deyinirdim. Xanım şübhəsiz, dostumun bir neçə gün əvvəl heyranlıqla mənə təsvir etdiyi qadındı. İş günü bitməsəydi, Televiziyaya, Kamran müəllimə zəng edib bugün Namiq müəllimi görüb-görməməsi barədə onun «hə-yox»unu öyrənərdim. İndi əlim heç yerə çatmırdı.
Qadın gecə saat ona işləmiş heç kəsə bir söz demədən çıxıb getdi. Namiq müəllim ertəsi gün səhər Yaradıcılıq evinə qayıdıb məndən xəbəri eşidəndə itə döndü. Məlum oldu ki, o, dünən günortadan sonra həmişə getdiyi mağazada yazıçı Əli Səmədliyə rast gəlib və qələm dostu zorrama onu dartıb bağına aparıb, gecəni birgə keçirdiblər.
Namiq müəllimin onda dedikləri indiki kimi yadımdadır: «Mənim günümə bax, qismətimə çıxan sonuncu qadın burada saatlarla məni gözləyir, orda da Əli qulağımı dəng edib deyir ki, Namiq, haqqında xatirə yazmışam, sən öləndən sonra çap etdirəcəyəm.»
Sonralar Namiq müəllim həmən qadının yolunu çox gözləsə də, (O, həyətdən bayıra çıxmırdı, hətta mağazadan nəsə almağa da xahiş-minnətlə cavan uşaqlardan kimisə göndərirdi) qadından xəbər çıxmadı.
Yaradıcılıq evində buna oxşar başqa bir hadisə də olmuşdu.
Qorxmaz Şıxəlioğlu danışırdı ki, payız vaxtı, kövrək axşamların birində Yaradıcılıq evinin həyətindəki göbələyə oxşar yeməkxanada Namiq müəllim, mən, Donetskdən gəlmiş ər-arvad – dördümüz xudmani məclis qurmuşduq. Fantast dostumuz kosmik fəza, ulduzlar, yadplanetlilər, uçan boşqablar, zaman, olmuşlar, olacaqlar barədəki söhbətlərilə hamımızı ovsunlamışdı. Özümüzü çəkisizlikdə hiss edirdik. Sanki, istəsəydik boyumuzu, əlimizi-qolumuzu uzada bilərdik, qanadlanıb arzuladığımız yerə qonardıq. Xoşbəxtlikdən uçunurduq.
Gecə, məclis dağılana yaxın o, sevgi və qadın haqda elə ilahi sözlər pıçıldadı ki, biz ayağa duranda ərlə arvad hərəsi bir yandan Namiq müəllimin qoluna girdi. Biz şərqlilər üçün belə şeyi danışmaq ədəbdən-əxlaqdan kənar olsa da, həqiqət naminə söhbətdən və şərabdan məst olan ərin dostumuza etdiyi təklifi səsləndirməkdən çəkinmirəm. Ər yaşıdı olan cavan arvadını Namiq müəllimə göstərib dedi:
– O velikiy çelovek, yesli maya jena soqlasna, vozmite yeyo na noç, naslajdaytes! (Ey böyük insan, əgər arvadımın könlüncədirsə, aparın, gecəni onunla kef eləyin!)
Namiq müəllim özünü eşitməzliyə vurub araya başqa söhbət qatdı.
Əlinin qələmdən soyumağı da onun hövsələsini daraldırdı. Bəzən özünü nəsə yazmağa məcbur edirdi, ancaq ortaya yönlü bir şey çıxmayanda, bilmirdi neyləsin. Yazı-pozu ilə bağlı uğursuz cəhdlərinin birindən sonra deyirdi:
– Uşaqlıqda görmüşəm, barsız meyvə ağacını qorxudardılar ki, bəhər versin. Bundan ötrü kimsə qəfil həmən ağacın üstünə cumub ağacı baltalardı. Yaxud da ağacı məftillə sıxıb boğardılar. Qorxudulan tut ağacının qışda bar gətirdiyinin şahidiyəm. O, ağac kimi məni də qorxutmaq lazımdır ki, bəlkə əlim bir işə yata. Hansısa kitabda oxumuşam, bir Amerika alimi hesablayıb ki, indi yaşayan hər kəsin əmələ gəlməsində bəşəriyyət yaranandan bəri təxminən yeddi milyard adam iştirak edib. Deməli, hər birimiz yeddi milyardın nəticəsiyik, o qədər adamın əvəzinə nəfəs alırıq, yaşayırıq, nəhəng çoxluğu təmsil edirik. Ağlı başında olan adam bu məsuliyyəti dərk etməlidir…
Namiq Abdullayevin də tozanaq qaldıran vaxtları olub. Öz işindən bezən, peşəsini atıb neft buruqlarında fəhləlik etmək istəyən siyəzənli müəllimin birdən-birə bəxt üzünə gülür. O zaman «Uşaqgəncnəşr»in baş redaktoru işləyən, indi yaxşı tanıdığımız qocaman jurnalist Hacı Hacıyev mətbuatda fantastik hekayələri ilə görünən, həmən nəşriyyatda təzəcə ilk kitabını buraxdırmış gənc yazıçını Bakıya işləməyə dəvət edir. Fantastın həyatında ciddi bir dəyişiklik baş verir. Ancaq onun ayağı Hacı Hacıyevə düşmür, tezliklə baş redaktoru vəzifəsindən çıxarırlar. Təbii ki, vurulmuş adamın adamı sayılan Namiq Abdullayevin də mitili işdən bayıra atılır. Aradan ikicə ay keçməmiş, yenidən möcüzə baş verir, Hacı Hacıyevi Televiziya və Radio verilişləri komitəsində yüksək vəzifəyə təyin edirlər. Bu, həm də N.Abdullayevin işə düzəlməsi deməkdi. O, televiziyada qısa müddətdə iti qələmi və işgüzarlığı ilə seçilir. İşdə sürətlə qabağa gedir, redaktor, sonra şöbə müdiri olur, hətta «partbilet» sahibinə çevrilir.
Ancaq o, hansı vəzifədə olur olsun, azadlığını, sərbəstliyini saxlamağa çalışırdı. İclaslara demək olar ki, girmirdi. Bəzi həqiqətləri dilinə gətirə bilməsə də, yalan-palanla da arası yoxdu. Hərdən sözü şax üzə desə də, susmağı da bacarırdı.
Hazırladığı «Odlar diyarı» verilişi səs salmışdı. Bu veriliş ona o zamanlar adı-sanı olan «Qızıl qələm» mükafatını qazandırmışdı. Bir sözlə o, öz işindəydi.
Namiq müəllim nitqi qüsurlu olduğu üçün efirə çıxmırdı. Ancaq bir dəfə Komitənin rəhbərliyi «Odlar diyarı» verilişinin əsas yaradıcısını efirdə görmək istəyir və qəhrəmanımız bir verilişin sonunda 7 dəqiqə tamaşaçılardan gələn məktubları təhlil edir.
Ertəsi gün Komitənin sədr müavini, şair Nəbi Xəzrinin rəhbərliyilə keçirilən çaparaqda (letuçkada) «Odlar diyarı»ndan söz düşəndə kimsə deyir: «Mən verilişdə Namiq Abdullayevin danışığından heç nə başa düşmədim.»
Nəbi Xəzri qınaq yiyəsini çaparağa çağırtdırıb ondan soruşur:
– Burada deyirlər ki, axşam efirə gedən verilişdəki çıxışın başa düşülmürmüş.
Namiq Abdullayev həmişəki adamdır. O, boynuna alır:
– Düz deyirlər, Nəbi müəllim, axşam verilişə özüm də baxdım, çıxışımdan bir şey anlamadım, nitqim aydın deyildi.
Hamı gülüşür. Nəbi Xəzri əlilə yer göstərib, Namiq Abdullayevə «Otur!» işarəsi verir. Ayaqüstəki adam narazı-narazı dillənir:
– Nəbi müəllim, iclasda bağrım çatlayır, icazə verin, gedim.
Nə Nəbi Xəzri, nə də iclasdakılar onun bu sözlərindən incimirlər, bilirlər ki, bu, yekəxanalıq, hoqqabazlıq deyil, adi insan xasiyyətidir.
İndi kimi inandırasan ki, ömrünün axır illərində ortada qalan, düşkünləşən bu adam sovet hökumətinin kəshakəs vaxtında Televiziyada Tədris proqramları redaksiyasının baş redaktoru kimi sayılıb-seçilən bir vəzifədə çalışıb.
On ilin içində ədəbi-ictimai mühitdə tanınan, partapart kitablarını nəşr etdirən, pyesləri teatrlarda oynanılan Namiq Abdullayev ailəsinin dağılmağı ilə sınır. Tənha qalan yazıçının əli işdən soyuyur. Rəhbərlikdən, yan-böyürdən başına nə qədər ağıl qoysalar da, xeyri olmur, ərizə yazıb vəzifəsindən gedir. Sıraviliyi qəbul edən işçinin elə bir vaxtı gəlib çatır ki, o, əvvəlcə hərdənbir, sonralar günlərlə işə çıxmır.
Televiziyada Namiq müəllimin bir badə dostu vardı – rejissor Kərim Kərimov. Əslən bakılı olan bu rejissordan kim haçan soruşsaydı «Kərim, saat neçədir?» o, belə cavab verərdi: «Vaxtdır, qədeş!». Bu cavabın mənası bu idi ki, ceyran südü gillətməyin saata nə dəxli var?! Namiq müəllim də badə dostu kimi vaxtı vecinə almadan yaşamağa başlayır. Bu isə dəhşətdir.
O, növbəti kitabının qonorarını alandan sonra itmək qərarına gəlir və kirayəlik yeni mənzil tapıb hamıdan gizlənir. İş yoldaşları tanış-bilişdən soraqlaşsalar da, onu «gördüm» deyən olmur.
Və günlərin bir günü Komitə sədrinin adına şəhərin hansısa milis idarəsindən Ayıltma məntəqəsinə düşmüş Namiq Abdullayevin sovet ziyalısına yaraşmayan tüfeyli hərəkətləri barədə yazılı məlumat daxil olur. İndikilər belə yazılı məlumatın öldürücü gücünü dərk edə bilməzlər. O zamanlar belə məsələlərə görə adamı bərk incidirdilər. Rəhbərlik yerli həmkarlar təşkilatının iclasında onun işdən çıxmaq məsələsini gündəliyə qoymağa məcbur olur. Bəs necə? Şikayət məktubuna görülmüş tədbir barədə cavab getməlidir.
Komitənin sədri Elşad Quliyevdən tutmuş aşağı işçilərə kimi heç kəs ömründə rəqiblik etməyi bacarmayan, yaradıcılıqdan özgə iddiası olmayan Namiq Abdullayevin işdən çıxarılmasını istəməsə də, başqa çıxış yolu yoxdur.
Sonralar Namiq müəllim danışırdı ki, həmən iclasda məni möhkəm tərifləyirdilər. Axırda sədr Elşad Quliyev dedi:
– Namiq müəllim, bax, içimənqarışıq bu iclasdakıların hamısı bir yerdə tək sənin qədər bilmirik. Niyə bizi çətin vəziyyətdə qoyursan?
Namiq müəllim də qayıdır ki, ay Elşad müəllim, bilik başqadır, ağıl başqa, görünür ağlım çatışmır.
Namiq müəllim işdən çıxarılsa da, televiziyada ştatdankənar işçi kimi çalışmasına icazə verilir. Qonorar ümidinə qalan yazıçı hər gün vaxtında işə gəlib-getməyə başlayır. Ona tapşırılan veriliş ssenarilərini günə gün gətirib təhvil verir. Sədr deyirmiş: «İşdən çıxarılandan sonra bu kişi əməlli-başlı düzəlib, bilsəydik bunu çoxdan vəzifəsindən aralayardıq, adımızı da biabır eləməzdi.»
Əslində Namiq müəllimi məsuliyyət hissi deyil, kollektivdən uzaqlaşmaq qorxusu işə gətirirdi. Adı işdə olanda onun qorxusu yoxdu, ağlına gətirə bilmirdi ki, illərlə isinişdiyi adamlar haçansa onu ata bilərlər.
O zaman Namiq Abdullayevin elə vaxtları idi ki, su üzündə yelkənsiz gəmiyə bənzəyirdi. Artıq onun aydın fikri, məqsədi yox idi. Səhər evdən çıxanda hara gedəcəyi, hansı marşrutla hərəkət edəcəyi bəlli deyildi. Tutaq ki, şəhərdə qarşısına çıxan tanış-bilişlərdən kim istəsəydi, onu yanına salıb getdiyi yerə apara bilərdi.
Bir dəfə günorta vaxtı qabaqlar Namiq müəllimlə Televiziyada eyni redaksiyada çalışmış Əbülfət Misiroğlu Komitənin həyətində ona rast gəlir. Onlar hal-əhval tutduqdan sonra Ə.Misiroğlu keçmiş iş yoldaşını evinə nahara dəvət edir. Namiq müəllim ona qoşulur. Ev yiyəsi qonağın süfrəsini bol etməkdən ötrü yolüstü meyvə-tərəvəz dükanına baş çəkməli olur. Ə.Misiroğlu mer-meyvədən, tərəvəzdən lazımınca yükünü tutanda məlum olur ki, aldıqlarına pulu çatmır. Təbiətcə diribaş adam olan Ə.Misiroğlu Namiq müəllimi satıcının yanında girov qalmağa razı salıb dillənir: « – Qardaş, on dəqiqəyə bu taksiçiyə pul verib dalınca göndərirəm. Süfrəni açdırıb səni gözləyəcəyəm. Yubanma, tez gəl!»
Aclıq necə güc gəlirsə, Ə.Misiroğlu evə çatandan sonra borcunu və girov Namiq müəllimi unudur. O, nahar edib bir qədər dincəlmək üçün divana uzanan kimi xumarlanıb yuxuya gedir. Təxminən bir saatdan sonra hövlank yuxudan ayılıb işə gecikdiyini görən Ə.Misiroğlu tələm-tələsik üst-başını düzəldərək evdən çıxır və özünü işə çatdırır. O, axşam işdən qayıdanda oturduğu marşrut taksisinin pəncərəsindən gözü günorta alış-veriş etdiyi meyvə-tərəvəz dükanına sataşır və Namiq müəllimi dükanın qabağında görəndə ürəyi düşür. Tez marşrut taksini saxlatdırıb yerə atılır və üzünə üz tutaraq dükana yaxınlaşır. Çox dil-ağız edəndən sonra onu sakitcə dinləyən girov dillənir:
– Əbülfət, bu dükançı səndən qanacaqlı və maraqlı adam imiş. Onunla söhbətimiz yaxşı tutdu. O, hətta girovu nahara da qonaq etdi. Məni bura mismarlayıb saxlayan yox idi, ancaq oturub gözləyirdim ki, görüm haçan yadına düşəcəyəm.
Bəli, Namiq müəllim xoşu gəldiyi, ürək qızdırdığı adamın yanında lap əsir qalmağa da razı idi.
Dağılmaqda olan SSRİ hökümətinin xarabalıqları altında qalanlardan biri də Namiq müəllimdi. Kommunist rejiminin çökməsi üçün süvər yer kimi seçilən, 88-ci ildən başlayraq getdikcə qızışan Qarabağ hadisələri onun da sıxıb suyunu çıxardırdı. Xaos, qarışıqlıq içində kimdi Namiq Abdullayev kimiləri yada salan? Ömrünün çoxusu gedib azı qalmış, gücdən düşmüş, bir həsir, bir məmmədnəsir, sabahından nagüman, evsiz-eşiksiz, hökümətə olan altmış illik ümidləri puça çıxmış insan necə ola bilərdi ki?!
Bakıda hakimiyyət davası başlamışdı. Özbaşınalıq, qarşıdurma aləmi bürüyürdü. Ürəkaçan bir şey yoxdu.
Namiq müəllimin dediyidir:
– İndi də təzələr yağlı vədlər verib millətin başını piyləyir. Ancaq mənə bu vədlərdən nağd bir kasa isti, ləzzətli bozbaş daha sərfəlidir.
Doxsanıncı ilin yanvar qırğını Namiq müəllimin lap axırına çıxdı. Hamı kimi mənim də başım hadisələrə qarışdığından 20 yanvar şəhidlərinin dəfnindən beş gün sonra işə gedəndə gördüm ki, Yaradıcılıq evinin giriş qapısında hərbi post qurulub. Sənədimi göstərsəm də, məni çox çək-çevirə salıb içəri buraxdılar. Həyətdə heç kəs gözümə dəymədiyinə görə Namiq müəllimin yanına tələsdim. Görəsən o, burada idi? Onun qapısını döyəndə içəridən səs gəldi:
– Zaxodite!
Yəqin o, elə bilmişdi ki, gələn hərbçilərdəndir. Qapını açıb içəri girəndə Namiq müəllimin gözlərinə işıq gəldi. O, çarpayısının üstündə oturub siqaret çəkirdi. Dostumun danışdığından məlum oldu ki, Yazıçıların Yaradıcılıq evinə sovet hərbçiləri yanvarın 22-si gecəsi doldurulub.
Qəribə mənzərə idi: yüz iyirmi nəfərlik təzə korpusda iki yüzdən artıq hərbçi, köhnə korpusda isə tək Namiq müəllim. Həmin günlərdə xalqımız Sovet Ordusu qarşısında necə gücsüz idisə, Namiq müəllim də buradakı hərbçilərin qabağında elə aciz qalmışdı.
Namiq müəllim stolun üstündəki iri, qara çantasını göstərib dedi:
– Şələ-şüləmi yığışdırmışam, buradan gedirəm.
Onun verəcəyi cavabı qabaqcadan bilsəm də, dilim dinc durmadı, soruşdum:
– Hara?
O, çiyinlərini çəkdi:
– Heç özüm də bilmirəm. Haram var, hara gedəm?! Ancaq mütləq buradan rədd olub uzaqlaşmalıyam. Dünən axşam yeməkxanada bir podpolkovnik məni təhqir etdi.
Namiq müəllim siqaretinin kötüyünü külqabıya basıb söndürdü və növbəti siqaretini yandırdı. Ona sual vermək lazım deyildi, onsuz da özü danışacaqdı:
– İki gün əvvəl tanış olduğum bir polkovnik məni axşam yeməyinə dəvət etmişdi. Onunla yeməkxanaya daxil olanda polkovniki qəfil telefona çağırdılar. O, hər gün əyləşdiyi stolu mənə göstərib dedi ki, siz orada oturun, indicə gəlirəm.
Stolun başında bir podpolkovnik əyləşmişdi, yemək yeyirdi. Ona «Priyatnoqo appetita!» (Nuş olsun!) deyib təzəcə yanımı yerə basmışdım ki, podpolkovnik çeynədiyini udaraq kinli-kinli başını qaldırıb məni zəhərlədi:
– Yesli tı ne poyavilsya bı, yeşyo priyatneye bıla bı. (Əgər sən gəlməsəydin, daha artıq nuş olardı.)
Namiq müəllim ayağa duraraq çantasını götürüb gedərgəlməzə yollanırmış kimi qapıdan çıxdı. Daha onu burada saxlamaq bizlik deyildi…
Şair Məmməd İsmayıl Televiziyada birgə işlədiyi vaxtlarda Namiq Abdullayevin ona etdiyi hansısa yaxşılığı unutmurdu və fürsət tapan kimi dostuna əl tutmağa çalışırdı.
Namiq müəllimin sonuncu elmi-kütləvi janrda yazılmış «Piyada vəzirə çevrilir» kitabının ideyasını verən və həmən əsəri 1987-ci ildə direktoru olduğu nəşriyyatda nəşr edən də o idi.
1992-ci ilin mayında Məmməd İsmayıl Teleradio Komitəsinin sədri kimi fəaliyyətə başlayanda yenə Namiq Abdullayevi yada salır, hətta onu işə də götürür. Ancaq Namiq müəllim onun üçün geniş imkanlar açıldığı bir vaxtda zəmanə ilə ayaqlaşa bilmir, ayaqlarının ağrısı ara vermədiyi üçün günü-gündən geri gedir. İndi hesablayıram, görürəm o zaman onun beşcə ay ömrü qalıbmış. Altmış beş yaşının içində olan yazıçı yenidən özünə çəkilir.
Qorxmaz Şıxəlioğlu danışırdı ki, həmən günlərdə məhrəm münasibətimizi bildiklərindən televiziyada rəhbərlikdən mənə tapşırdılar ki, get gör Namiq müəllim niyə işə çıxmır? Dostumla görüşməyə fürsət tapmışdım. Onun mənzilinin qapısını xeyli döyəndən sonra qapını açdı və axşam içdiyi içkinin verdiyi başağrısından üzünü turşuda-turşuda mənə key-key baxıb durdu.
– Salam, Namiq müəllim, necəsiniz? – deyə quru-quru soruşdum.
Namiq müəllim salamımı almadan cavab verdi:
– Qorxmaz, o geydirmə sözləri yığışdır! Pulun varsa, get mənə araq al gətir, başım partlayır.
Daha Namiq müəllim çox vaxt içimizdəkiləri gizlədən, yetənə dilucu, candərdi dediyimiz «Salam!» «Əleykəssalam!» «Necəsən?» «Yaxşıyam!» sözlərinə içi çürük qoz kimi baxırdı.
Araqları gətirib ona verəndə Namiq müəllim dedi:
– Get, rəhbərliyə çatdır ki, içməklə məşğulam. Sabah da, birigün də işə çıxmayacağam, altdakı gün işdəyəm!
İstedadlı jurnalist Müsəllim Həsənovun «Yeni fikir» qəzetinin 1991-ci il 1 may tarixli sayında N.Abdullayevdən Qarabağ küçəsindəki mənzilində götürdüyü müsahibənin sonu belə bitirdi:
«– Bir sual da verim. Amma xahiş edirəm, inciməyin. Bu tənha gününüz üçün, ömrünüzün belə olmasında təqsiri kimdə görürsünüz?
– Özümdə! Yalnız özümdə… Ölmək istəyirəm… Elə istəyirəm ki…
– Əksinə, bütün adamlar yaşamaq istəyirlər…
– Yaşayın, yaşayın bu idbar həyatda… yaşayın…»
1992-ci il oktyabrın 22-də axşamüstü qara xəbər gəldi ki, Namiq Abdullayev ölüb. Mən başılovlu özümü onun yaşadığı mənzilə çatdırdım. Ətrafda heç kəs gözə dəymirdi, lələ köçüb yurdu qalmışdı. Onun mənzilinin çöl qapısından iri qıfıl asılmışdı – qapısı bağlı qalmaq bu imiş. Qonşulardan biri mənə yaxınlaşıb bildirdi ki, Namiq müəllim bugün səhər küçədə ağac altındakı oturacaqda əyləşdiyi yerdəcə yıxılıb keçinib. Onun yıxıldığını görən həyət uşaqlarından biri tez qaçıb atasına xəbər verib. Sonra meyidi soyumamış mərhumun təxminən iki il bundan qabaq aldığı mənzilə ilk dəfə qadın əli dəyib. Həyətin bir neçə qadını yığışıb mənzili, həyət-bacanı sahmana salıblar, ölünün yerini rahatlayandan sonra qohumlarına xəbər veriblər. Mən özümü ora yetirəndən təxminən iki saat qabaq cənazəni Siyəzənə aparmışdılar.
Rəhmətlik həmişə deyərdi ki, tez-tez gəl mənə baş çək, birdən düşüb ölərəm, xəbər tutanım olmaz.
Heç olmasa ayda azı bir-iki yol ona baş çəkməyim vardı. Namiq müəllimin ən böyük sevinci qapısının açılmağıydı. Yanına gedəndə çox vaxt onu astanada dayanıb siqaret çəkən görürdüm. Məni görən kimi gözləri gülürdü. Deyirdi ki, ürəyimə dammışdı indicə kimsə gələcək, ona görə qapıya çıxdım.
Bu kişinin Allah yanında hörməti varmış, ona görə də ölümü yüngül oldu, bir gün də yorğan-döşəyə düşmədi. O, təm-tək yaşadığı mənzildə gözləri sığanmadan canını tapşırsaydı, ruhu bizdən incik düşərdi. Şükür, yaxşı qurtardıq!
Mən dostumun yasına getmədim. Axı, kimin üstünə gedəydim? Amma bu barədə bir şeir yazdım və onunla belə vidalaşdım:

Hüzn çadırın
yelkən açırdı.
Yasına gələnlərin hamısı
sağlığında səndən qaçırdı.
Biz yaşamaq dəlisiydik,
sağlıq dostuyduq.
İşini bilmişdin,
Mənə demədən
qəfil ölmüşdün.
Qohum-qardaş
axır ki, başına yığışıb
aparmışdılar cənazəni
qırx il getmədiyin kəndinə.
Həmişə gələrdim indinə.
Yasına gəlmədim,
Ovsuna gəlmədim.
Bircə şərtlə gələrdim,
bilsəydim oturmusan,
məclisinin başında.
Bir kimsəyə baxmadan
ehsanından yeyirsən.
Arabir də lələşinə göz vurub,
xəlvət-xəlvət yüz vurub
sən özün-özünə rəhmət deyirsən.

2007


***


Rafiq Tağı ki, Rafiq Tağı…


(hekayə-portret)

Necə deyə bilərəm ki, Rafiq Tağı ilə mənimki tutmur?! Zarafat deyil, yalançılar sözü olmasın, bu günəcən onunla bir ton çörək kəsmişik, xeyirdə-şərdə yanaşı oturmuşuq, yol yoldaşı olmuşuq, ərklə bir-birimizin yazdıqlarını eninə-uzununa isladıb çırpmışıq, kalan mübahisələr eləmişik… Bəzən bir-iki saatlıq, bəzən bir-iki günlük aramız sərniyib, bir-birimizə yanpörtü baxmışıq. Sonra təzədən isinişmişik, necə deyərlər, çəkişib bərkişmişik. Amma, bütün bunlar o demək deyil ki, onun qələmindən tam sığortalanmışam. Rafiq bəydir, bir də gördün beyni qızdı, siyasətçidən tutmuş ədəbiyyat adamlarına qədər neçələri kimi mənim də pişiyimi ağaca dırmaşdırdı.
Rafiq Tağıdan qoruna bilməkdən ötrü gərək işi yaş olan hər bir kəs onu yaxşı tanısın və bu «naüzibillah» adamdan min ağac uzaq olmağın fənnini öyrənsin. Mənim canıma cəfa basıb bu sicilləməni yazmaqda bir məqsədim də gələcək «zərərdidə»ləri bəzi incə mətləblərdən duyuq salmaqdır.
Rafiq Tağının bağladığı vedrələrin (adam dolamaqda, yetənə yetib, yetmədiyinə vedrə, özü də əməlli səs çıxartsın deyə, kauçuk yox ha, alüminium vedrə bağlamaqda dəf mütəxəssis olan güləş Murad Köhnəqala yada düşür) danqıltısını çox eşitmişik. O, yaxasından yapışdığının leşini sürüməmiş əl çəkən deyil. Əndrəbadi bənzətmə olsa da, necə ki, killer aradan götürmək istədiyinin cəmdəyinə üç-dörd güllə boşaltdıqdan sonra onun gicgahına bir «kontrolnu» sıxır, Rafiq bəy də qəzetdə-məzetdə qabağına qatıb qovduğunun nəfəsini qaraltmayınca köpü yatmaz. O, axıracan gedənlərdəndir.
Yetmişinci-səksəninci illərdə ədəbi mühitdə çoxları həcvgu şair Şamxal Rüstəmin biədəb qələmindən tük salardı. Şamxal balaca dara-bara eləyən qələm dostlarından girinə keçənin məzələnə-məzələnə abrını ətəyinə büküb, xoruzunu qoltuğuna verərdi. Amma, indi Şamxal Rüstəm koroğluluğunu yerə qoyub, dişləri tökülmüş qoca yalquzağa oxşayır, daha heç kəs ondan qorxmur.
Bir an Şamxal Rüstəmi xatırlatsa da, Rafiq Tağı şəbədə qoşmaq sənətində bambaşqa qələm sahibidir.
Baş aparıb Rafiq Tağıdan yazıramsa, gərək lap başdan başlayam. Yəni, onun özünə görə olmayan arıq-uruq canının təsvirindən. Bu da halva deyil. Əvvəla, ona görə ki, Rafiq Tağının orda-burda (qəzetdə, jurnalda, kitabda) şəklini görənlər həyatda onunla min dəfə üz-üzə gəlsələr, nişan verən olmasa, qətiyyən bu əzvay yazıçını tanımazlar. Rafiq bəy böyüklü-kiçikli ədib bacı-qardaşlarından çox-çox fərqli olaraq, məsələn, Nizami, Məhsəti, Nəsimi, Füzuli, Vaqif, Saib Təbrizi (bunların portretini rəssam təxəyyülü yaratsa da), canım sizə desin, Axundov, Bakıxanov, Üzeyir bəy, Mirzə Cəlil, Sabir, Hadi kimi bircə şəklilə tanınır. Sanki, onun ayrı şəkli-zadı yoxdur. O, qismət olsa, ədəbiyyat müntəxabatlarında yer tutacaq «qəşəng şəkil» məsələsini həll eləyib. Rafiq (qızışdım, «bəy» əlavəsi yaddan çıxdı) bu məşhur şəklində cılız, ordubatıq olsa da, xeyli cavandır, hətta bazburutdu görünür. Dəstgaha baxın: qara kostyum, ağ koynək, ciddi qalstuk, münasib sağanaqlı eynək, ədibanə fors, geniş alın, hələ yerində möhkəm qərar tutmuş gur şəvə saçlar, nikbinliyə meylli dodaqlar, sanballı bığ və bütün bunları özündə cəmləşdirən onun «ilham vəziyyəti»ndəki anı.
Rafiq bəy bu şəkli redaksiyalara, nəşriyyatlara, mətbəələrə verib-almaqdan yorulmur. Bu şəkil artıq ona qanı qaynayan və onu burunlayan bütün qəzet redaksiyalarının kompüterlərində həkk olunub. Onun heç bir oxşarı olmayan yek şəkli bütün çap olunan yazılarının parovozudur. (Təzəlikcə Rafiq Tağı ilə oturan yerdə, köhnələrin dililə desək, «şiklimi atdırmışam». Gələcəkdə onun tutmacası tutub mənə ilişib-eləsə, həmin «şikli» uzun şəkilaltı sözlə qəzetlərin birində yapdırıb, onu təkşəkilli klassiklərin cərgəsindən aşırdacağam, bunu bilsin.)
Bu tək şəkil Rafiq bəyin pozitiv şəklidir. O, indiki görünüşünü yəqin özünün neqativi sayır. Necə ki, «Pozitiv. Neqativ» kitabının üz qabığında bu şəkillə yanaşı, indisinə işarə ilə həmən şəklin neqativini də verib. Hətta, eyni adlı bir hekayə də yazıb.
Çoxbilmişlərdən biri mənə dirsək göstərib deyə bilər: «Rafiq Tağının «Düşmənimin xatirinə» kitabındakı şəkli başqadır». Mən də onun sözünü ağzında qoyub deyərəm: «Həmən şəkil Rafiq bəyin məşhur şəklindən çox-çox qabaq çəkilib, onda dostum hardan bilərdi, vaxt gələcək gözəl-göyçək bir şəkli meydana çıxacaq, əlinin içini iyləməmişdi ki…»
İndi də Rafiq bəyin mənim onunla tanışlığımın yaşıdı, bəlkə də böyüyü olan qara, köhnə vaxtların kiçik çamadanına oxşayan yumşaq dərili «diplomat» çantası haqda bir neçə kəlmə. Bu qara «diplomat»dan nələr çıxmır?! Əlyazması, kitablar, qələm, uşaqlara «snikers», tonometr, yanında fonendoskop, birdəfəlik şprislər, cürbəcür «medikament»lər (axı, o, həkimdir), buzlu toyuq, mandarin torbası, bir cüt banan və sair və ilaxır. Son on-on beş ildə iri bir qarışıq mallar mağazasının malı girib-çıxıb bu «diplomat»a. Bu «diplomat» Rafiq bəyin yük yeridir, yəni heç vaxt maşını olmadığından «baqajnik»idir. Mistik duyğular oyadan, ilin dörd fəslində aramızda dolaşan bu dördkünc maddi kölgəni (qara sevdalı mistika aşiqi Adil Mirseyidin Rafiq bəyin «diplomat»ına bir düzüm şer həsr etməməsi məni təəccübləndirir) bir neçə dəfə əlimə alıb, gözəyarı çəkisini yoxlamışam, dolu vaxtı 5-7 kilo ağırlığında olur. Adı çəkilən çantanın uzaqbaşı 8 kiloqram yük tutumu var.
Bu «baqajnik»lə bağlı bizim…
Paho… Qapımızın zəngi çalındı. Qələmi vərəqə çırpıb yerimdən dik qalxıram və dodaqaltı deyinə-deyinə candərdi qapıya sarı gedirəm. Görəsən, hansı mərdümazardır əlimin üstünə gələn?
…Hə, gəldim. «On üçüncü qabırğa»nı, qohumbalanı birtəhər (41 dəqiqəyə) başdan elədim.
İlan-qurbağa yazıma baxıram: «Bu «baqajnik»lə bizim… (kələfin ucunu tapdım) ailənin də xüsusi bir xatirəsi var.
Səhv etmirəmsə, ötən əsrin doxsan dördüncü ilinin axırına yaxın aylardan biri idi. Bakıda ərzaq qıtlığı hökm sürürdü. Xalqı xoşbəxt eləməyə girişən «Vahidbank» əmanətçilərə verdiyi aylıq bank faizini otuza qaldırmışdı. Tüğyan edən inflyasiyadan yaxşı pul qıran «Vahidbank» mağazalar şəbəkəsində aylıq faizlər əvəzinə əmanətçilərə talonla verdiyi ərzağı od qiymətinə fırıldadırdı.
Rafiq Tağı da «Vahidbank»a pul qoyubmuş. Nə qədər? Bunu bilmirəm. Hər halda Rafiq bəy kimi lütün birinin bankda sanballı əmanəti ola bilməzdi. Qərəz, günlərin bir günü o, axşamüstü bizə zəng çaldı və bildirdi ki, yarım saata sizdə olacağam. Düz yarım saatdan sonra Rafiq bəy özünü yetirdi və bizə qardaş köməyi gətirdiyini deyib bayaqdan haqqında naqqallıq elədiyim qara «diplomat»ını şəstlə açdı. «Diplomat»a səliqə ilə yerləşdirdiyi makaron, pesok (şəkər tozu), qreçka (qarabaşaq yarması) torbalarını, sıx-sıx kağıza bükülmüş yarımkiloluq (çox olmazdı) kərə yağı, «squşonka»nı (qatılaşdırılmış südü), xırda doğranmış «rafinad» qənd qutusunu, buzlu «Doux» toyuğunu ərklə stolun üstünə düzdü.
Həmin anda Rafiq bəyin işıqlı üzü projektor kimi göz qamaşdırırdı. O, böyük bir işi başa çatdırmış adam kimi rahat və xoşbəxt görünürdü.
Rafiq bəyin qara dərili (Rədd olsun irqçilik!) «diplomat»ı milli iqtisadiyyatımız, səhiyyəmiz və ədəbiyyatımız qarşısında özünə görə xidmətləri olan hörmətə layiq bir zaddır. (Sitatın sonu.)
İlin dörd fəslində Rafiq Tağını «diplomat»sız görməzsən.
Yayın cırhacırı… Qısaqol ağ köynəkdə Rafiq bəy küçəni keçir. Əlindəki də əlində. Yəqin, iki işin (O, iki yerdə həkimlik edir.) birindən qayıdır.
İkinci görünüş: Payızın mısmırığını sallayan vaxtı… Əyninə yaxası düyməli bozarmış qara jaket geymiş qələmə (yəni içi içindən keçən) və qələm dostum dayanacaqda 10 nömrəli trolleybusu gözləyir.
«Trolleybus» dedim, yadıma bir əhvalat düşdü. Rafiq bəy («bəy» sözü sizi qıcıqlandırmasın, o, bu sözü bütün tanış-bilişinə yaraşdıra bilir) ekstremal yazıları ilə iqtidarla çiling-ağac oynayan vaxtlarda şair Əlisəmid Kür onun qarşısını kəsib həm əllə, həm də dillə deyir:
– Rafiq, (soruşacaqsınız, bəs Əlisəmidin «bəy»i harda qaldı? Mən də sizə deyəcəyəm, Əlisəmidə olar), yığışdır o cəncəl yazıları, trolleybusla-tramvayla gedib-gələn adamsan, cangüdənin zadın da yox, sənin qanını şoruldatmağa nə var…
Rafiq bəyin cavabına fikir verin:
– Yamyamlar (adamyeyənlər) ölkəsində yaşayırıq?!
«Yamyamlar» sözündən qaşınma tutub üz-gözü əyilən Əlisəmid Kür siqaretinə od vurub sarı Tula samovarı kimi pıqqıldaya-pıqqıldaya ondan aralanır.
Doğrudan da, trolleybus-tramvay Rafiq Tağının sevimli və əlverişli nəqliyyat vasitələridir. Bakımızın meri Abutalıbovun Rafiq bəygilin evinin yanından keçən tramvay xəttini sökdürdüyünü görəndə tramvaycıl dostumu düşünə-düşünə ürəyimdən qara qanlar axırdı.
Qapıları şaraq-şuraq açılıb-örtülən, trolleybusdan fərqli buynuzlarının tokdan çıxması ilə mənzil başına çatmaqda adamı dəngül-düngül «podvadit» eləyən, özü demişkən, «içi azadlıq havalı», babuşkalarla zəngin Bakı tramvayları Rafiq bəyə illərlə çaşqa-loşqa olduğu moskvalı dost-tanışlarını xatırlamaqda araçılıq eləyirdi. Eh… Dalağım sancıb, deyəsən, Bakıda tramvay xətlərinin bir ucdan sökülməsinə məhz Rafiq Tağı baisdir. Axı, Bakıda ondan çox tramvaydan istifadə edən yoxdur. (Elə yaxşı eləyirlər, iqtidara az sataşsın.) Hayıf o xətlərdən! Necə də bir başıpozuq sərnişinin diliuzunluğunun güdazına getdi…
Üçüncü mənzərə: Başında qara kepka, əynində təzəcə aldığı qəhvəyi gödəkçə (keçən qış nimdaş paltosunun dalından dəyib) Axundov kitabxanasının pilləkənləri ilə yuxarı qalxır, ağır «baqajnik»i də özü ilə. Rafiq Tağının bütün əlyazmaları «diplomat»ında dəm alıb çıxıb, ən azı Axundov kitabxanasından evlərinə qədər olan məsafə boyu. Çünki, o, Moskvadan Bakıya köçəndən sonra iş otağı kimi məhz bu kitabxananın iri oxu zallarını seçib və yazdıqlarının hamısını burda yazıb. (Moskvada yazdıqları «Leninka»nın yadigarıdır.) Elə buna görə də bu möhtəşəm bilik sarayına ən çox ayaq döyən oxucu və yazıçı kimi gələcəkdə heykəli olmasa da, Axundov kitabxanası kimi mötəbər bir binanın harasındasa onun balaca, ucuzvari büstünün qoyulmasına indidən razıyam.
Dördüncü qarşılaşma: Xeyrə-şərə və qalan bütün tədbirlərə ütülü-mütülü geyib getdiyi qara kostyumu əynində olan Rafiq bəy, tutalım, Bakı İncəsənət Mərkəzinin sərgi salonundan çıxır. Mərkəzdə rəssam Yusif Mirzənin norveçli səyyah Tur Heyerdalın xatirəsinə həsr etdiyi sərgisi açılıb. Deməli, Rafiq bəy dostumuz Yusifin ona bağışladığı bahalı kağızda çap olunmuş «buklet»i indicə «diplomat»ına qoyub, işlənməkdən köhnələn və yaxşı bağlanmayan qapağını yerinə oturtduqdan sonra onun yeyilmiş cəftəsini güclə yerinə dürtüb.
Bir gün eşitsəniz ki, qələm dostumun «diplomat»ından odlu silah, məsələn, pistolet, Kalaşnikov avtomatı (Sökülməsə, çətin yerləşər), qumbara çıxıb, matınız-qutunuz qurumasın. Özümdən heç nə uydurmuram, Rafiq bəy bu barədə ağzından «utka» buraxıb.
Onun «İki Tağıyev İlqar» hekayəsi çap olunandan sonra mətbuatda və «klassik» AXCP-çilərin yığıncaqlarında böyük səs-küy, vur-çatdasın başladı. (Rəhmətlik Əbülfəz Elçibəy barədə yazılan nataraz cümlələrə görə.) «Klassiklər»lə möhkəm dartışan vaxtlarda bir gecə Rafiq bəygilə zəng edən gənc səsinin cır və qəzəbli yerinə salıb ev yiyəsinə bəyanat verir: «AXCP «klassiklər» qanadının gənclər təşkilatı səni («sizi» yox ha) qətlə yetirmək barədə yekdil qərar qəbul edib».
Rafiq bəy cin atına minmir?! Və dərhal əks hücuma keçir: «Get, öz qanaddaşlarına de ki, çox o yan-bu yan eləməsinlər, tüpürərəm hər şeyə, evimi satıb verərəm partladıcı maddələrə (Vurhavurda bunun danışığının səliqəsinə baxın!), gətirib sizin bütün cəbhəçilərinizi binaqarışıq partladıb yerlə-yeksan edərəm!»
Mən Rafiq bəyin tünd xasiyyətinə bələdəm, eləyər, eləyər.
Xırdalasaq, görün bu bircə cümlədə onun kimliyini göstərən nə qədər incə məqamlar gizlənib.
«Evimi sataram» - yəni, silah –sursata pulum yoxdur, yəni, bərk ayaqda borc pula, onun-bunun hesabına iş görüb özümü abırdan salmaram, yəni, öz külüm də AXCP əhlilə göyə sovrulandan sonra oğul-uşaq miras borclarımın xəcalətini çəkməz və nəhayət, yenə də yəni, mən də mənəm.
Hə, yeri düşmüşkən, onu da deyim ki, Rafiq bəy haqq-hesabda düzlüyə son dərəcə qail adamdır. Borc pul alıb dalına keçən qələm sahiblərindən və başqalarından deyil.
Rafiq Tağı, doğrudan da, haçansa şərəf naminə terrorçuluğa əl atmaq üçün evini satsa, aldığı «limonka»ları mütləq «diplomat»ına yığacaq. Onun «baqajnik»inə üç sıra, beş-beş düzsək, düz on beş «limonka» yerləşər.
Yaxşı ki, cəbhəçilərin «klassik» qanadı çox dirənmədi. Yoxsa, Rafiq bəyin əlindən xata çıxacaqdı.
Düzdür, uzun çək-çevirdən sonra «ANS»-də onun dilindən «Üzr istəyirəm!» qopartdılar. Ancaq, gözünə döndüyüm günahkar, «klassiklər»dən deyil, üzrü Elçibəyin ruhundan dilədiyini bildirdi.
Onun vur-tut ikicə yolu vardı: ya qarşı tərəfdən üzr istəmək, ya da terrorist olmaq. (ABŞ-ın qulağına qurğuşun!) Yaxşı ki, o, terrorist olmadı, elə bircə bin Laden yazıçımız çatışmırdı.
Yazıçı Anarın bu mövzuda Rafiq bəyə atmacasını da yada salaq. Qulağımla eşitdim, Anar müəllim Yazıçılar Birliyinin «Natəvan» klubundakı yığıncağında Birliyin bu ərköyün üzvünə üz tutub dedi: «Elçibəyin şərəfini qoruyan təşkilat vardı, ona görə mərhumun ruhundan üzr istədin, amma Mirzə Cəlilin arxasında duran dılğır bir qurum olmadığı üçün onun incik ruhundan (Rafiq Tağı bir yazısında xərifləyib Mirzə Cəlili «ədəbi kollaborasionist» adlandırmışdı) üzr istəmək yadına düşmədi».
Aradan xeyli müddət keçib, hələ də Rafiq bəy Anarın bu sərrast ittihamına yönlü və yaxud yönsüz bir cavab verməyib.
Qələmi yerə qoyuram, köhnə vaxtlarda dediyimiz kimi, burda bir «perekur».
Əşşi, postmodernizm yançısı Həmid Herisçilə hardan bizə ürcah oldu? Modernizmi keçdik ki?! Hayıf deyildi, fikirlərimizi qələmimizin iynəyə bənzəyən ucu ilə sapa muncuq kimi düzə-düzə gedirdik. İndi dəbdə olmaq üçün gərək oxucuya xəbərdarlıq-zad eləmədən qəfil gedişlər edəsən, gözbağlaycıfason fokslar göstərəsən.
Daha iş işdən keçib. Həmid də özümüzünküdür, onun postmodernist qıdıqlamaları Rafiq Tağının «ilham atlarının mehtəri» adlandırdığı (Nə qansız adamdır bu R.Tağı?!) Vaqif Yusifli haqqında yazdıqlarının yanında toya-bayrama getməlidir.
Qərəz, postmodernizm kirvənin də könlünü aldıq.
Valı çevirib, havanı dəyişək.
Deyəsən, Allah Rafiq Tağını yaxşısını-pisini saf-çürük eləyənlərindən biri kimi yaradıb. Rafiq bəy gücsüz, yazıq, imkansız, bədbəxt, mağmın və bu seriyadan olan adamların həm dostu, həm də sözçüsüdür. Onun üçün, məsələn, il boyu səhərdən axşamacan «Azərbaycan» nəşriyyatının yan-yörəsində gicəllənən İlyas Ərnəfəs hər hansı ətli-canlı kişi, incə-mincə, xanım-xatın qadın millət vəkilindən çox-çox maraqlı tip və bədii obyektdir. O, bir ayağı o dünyada olan, huşu getmiş, haqqı tapdanan qocaya görə istənilən yekə adamı güdaza verməyə hazırdır. Onun demokratiyasında zərrəcə güzəşt yoxdur. Cəmiyyətdə problemlər yaradan obyektiv səbəbləri sadalayanda Rafiq bəy döyükə-döyükə sənə baxsa da, danışdıqlarının axırda beş qəpiklik qiyməti olmur.
Ay nə bilim, təzəcə qazandığımız dövlət müstəqilliyi, keçid dövrünün əngəlləri, Qarabağ müharibəsi, qaçqınlar, superdövlətlərin siyasi məngənəsində sıxılmağımız, iqtisadi gerilik – Rafiq bəyin demokratiya şüuru bunları nəzərə almır. Onun nəzərində demokratiya demokratiyadır, vəssalam!
Bayaq təxminən belə dedim ki, Rafiq Tağının tənqidi yırtıcı tənqiddir. Tənqidçi Vaqif Yusiflidən sitat gətirək: «Yazıçılar, özünüzü Rafiq Tağıdan qoruyun!» Zırıltı kəlamdır. Bu sözü elə-belə adam desəydi, fikir verməzdik, ancaq, avtoritetin sözündən sonra, indi Rafiq Tağını görəndə şəkkə düşürsən. Hətta, hərdən onun kamikadze kimi şübhəli davranışından ürəyin düşür. Allah, özün saxla!
Bilirsiniz ki, dozasına görə tənqidlər müxtəlif cür olur. Rafiq bəy bu məsələdə zəhər tuluğudur və onun saçmaları tənqidin sonuncu, öldürücü stadiyasıdır. Qabaqlar elektrik dirəklərində xəbərdarlıq lövhəsi asılardı və onun ruscadan tərcüməsi beləydi: «Əl vurma, öldürər!» Bax, Rafiq bəy də hərdən həmin elektrik dirəklərindən birinə dönür.
Onun yaşıdları gözlərini açıb ədəbiyyatda (elə siyasətdə də) ötəri, miyana, elə-belə, «xala xətrin qalmasın» tənqidlər görüblər. Uzun-uzadı tərifdən sonra cüzi, nəsihətvari iradlar eşidiblər. Məsələn, rəhmətlik Mirzə İbrahimov tanınmış dövlət adamını bacardığı qədər geninə-boluna öyəndən sonra deyir: Əziz yoldaş… icazə verin, bir az da sizi tənqid edim… Pauza. Rəyasət Heyətinin tən ortasında oturmuş həmən əziz yoldaş arif olduğu üçün ona məlum, lakin başqalarına naməlum üslubda tərifin qabağında xeyli təmkinli və toxdaq görünür. İclas iştirakçılarının isə gözləri bərəlir. Necə? Tənqid? Baho, deyəsən, hörmətli Mirzə müəllim çaşıb.
Bu dəm Mirzə müəllimin yastı səsi yenidən eşidilir:
– Əziz yoldaş… Siz çox işləyirsiniz, özünüzü yorursunuz, səhhətinizlə lazımi qədər məşğul olmursunuz. Xahiş edirəm, hərdən istirahət edin, sağlamlığınızın qeydinə qalın, siz xalqa çox lazımsınız.
Və salondakılar, elə Mirzə müəllimin özü də zəif, seçmə tütün doldurulmuş qəlyanın saçaq-saçaq tüstüsünə oxşayan rahathülqum bir nəfəs alır… Əla! Fantan! Neynədi əəə Mirzə müəllim!
İndi adamlar qazdan ayıqdır, belə tənqidlər yerimir. Obyektiv, bütöv tənqidlər olmasa da, fısqırıq öcəşmələr, «Dartma, yaxam cırıldı!» notları üstə boğuşmalar baş alıb gedir. Ancaq, motivindən və keyfiyyətindən asılı olmayaraq, finişə çatan tənqid lap azdır.
Niyə ədəbi, ictimai-siyasi tənqidlərdə müəyyən hədd gözlənilir?! Hə, bax, indi sarı simə toxunmalı olacağam.
Deyək ki, bir məşhur müxalifət nümayəndəsi başqa bir tanınmış iqtidar yetkilisini, əski və sürtük ifadə ilə desək, tənqid atəşinə tutur. Deyir, deyir, deyir… gəlib bir sərhəd ki var, ora çatanda dayanıb dəvə kimi xıxır. Yaxşı bilir ki, daha həddi aşmaq olmaz. Axı bundan o yana ikisi də eyni cür qələt qarışdırırlar. Bir az da aydınlaşdırıram; yığıb altını doldurmaq ehtirası, araçı, işdüzəldən kimi gecələr səlahiyyətli adamların qəbul otaqlarında üz-üzə gəlmələri, dəbdəbəli yaşam tərzini qazanmaqdan ötrü nəyə desən razı olmaları, kef, bazlıq məsələləri onları bir-birinin yanında boğaz eləyir. Belə məqamda onlar, dəllallar kimi razılaşma yolu ilə susurlar.
Rafiq bəyin yeyib-içdiyini zəhərə döndərən, şəkildən-şəklə düşən belələridir.
Son on ildə Rafiq Tağıdan çoxlarının ağzı yanıb.
Vaxt vardı o, bütün müxalifət qəzetlərinin ən dəbdə olan yazarı-yazıçısı idi. «Rafiq bəy, orda oturma, burda otur!» Bir oyun durğuzurdular, gəl görəsən. Ambisiyalılar hamısı rəqibinin əleyhinə ondan bəhrələnmək istəyirdi. Ancaq, qoltuğuna qarpız verdiklərini sonradan peşman eləmək Rafiq Tağının köhnə ibnəsidir. Rafiq bəy «Qırmızı dastan» kimi yazıları yazanda müxalifət camaatının əziz-bircəsinə çevrilmişdi. Onu «bəh-bəh»lə, xahiş-minnətlə partiyaya qəbul eləmişdilər, hətta əlüstü, sorğu-sualsız Siyasi Şuranın üzvü seçmişdilər. Elə ki, «Göy dastan» ortaya çıxdı, ondan soyudular, o, öz həmfikirlərini tənqid edəndə isə «əqidə» dostlarının əlləri yanlarına düşdü. Daha sonra yazdıqlarının bəhrəsi bu oldu ki, bütün müxalifətdə duran partiyalı qəzetlər ona əyri-əyri baxmağa başladılar və müxalifət Rafiq bəyin pisini vurdu. Axırda Rafiq bəyin gözündə müxalifət, müxalifətin gözündə Rafiq Tağı çürük çıxdı.
Artıq Rafiq Tağı müxalifətçilər üçün arzuolunmaz şəxsdir. Daha hər hansı bir müxalifət rəhbərinin nəyinə lazımdır «boşboğaz»ın birisini özünə yaxın buraxıb, olsun pis kişi. İndi həmin adamların onun haqda fikri məlumdur: «Rafiq Tağı vızqırdacaq!»
Daha Rafiq Tağı bütün siyasi təşkilatlardan gen gəzir, bitərəfdir. Ancaq o, bitərəf kimi yenə də şərəşür, ipə-sapa yatmazdır.
Bu yazıçı siyasətçilərin başına gətirdiyi oyunu indi də yazıçıların başına gətirir. O heç vaxt oxu atıb, yayını gizlətmir. Ümumi giley-güzar edib «Ad çəkmək istəmirəm» ifadəsini qətiyyən işlətmir, düznəquludur.
Bayaq başqa cür demişdim, indi də bakılılar demişkən, alayı cür deyirəm: dili şirin, qələmi acı olan Rafiq Tağıdan çoxlarının xoşu gəlmir, nəinki xoşu gəlmir, hətta zəndeyi-zəhləsi gedir. Bunlar adi adamlar olsaydı, dərd yarı idi. İllət burasındadır ki, həmən adamların əksəri bərkgedən tanınmışlar, Telman Orucovun sözü olmasın (lap olsun!), «qoliaf»lardır. Amma, insaf da yaxşı şeydir, gərək onu da deyək ki, meydangirliyindən və «lotuluğ»undan qalmayan bu «yaramaz»ın Zəlimxan Yaqub kimi bir məzhəbə qulluq eləyənlərdən heç vaxt solaxay yazısı olmayıb, olmayacaq da. Onun işi nala-muxa vuranlarladır.
Rafiq bəy qayğıkeş və «kəllə» həkimliyinə, adam içində ipək xasiyyətinə (dostumuz Paşa Qəlbinur kimi), yumşaq, lirik-psixoloji hekayələrinə görə böyük hörmət sahibi ola bilərdi, amma…
Amma, hayıf ki, onun buynuzu da var. Bir də gördün qəfildən kimisə götürdü buynuzuna.
Bir neçə müddət bundan əvvəl yenə onun beyninin qurdu tərpəndi.
Hər il uzunmüddətli Əylis səfərinə çıxıb oradan «dərs gətirməyə» (Əbdürrəhim bəyi də yad edək!) gedən şirin-şəkər Əkrəm Əylisli bu il də döş oğlan kimi Bakıya qayıdanda Rafiq bəy onu burunlayıb qəzetdə haylı-haraylı qələm dostuna papaq atdı: «Əkrəm Əylisli ictimai rəylə gizlənpaç oynayır». Yəni o, nahaq yerə Əylisə gedib-gəlməyini dilə-dişə salıb fors eləyir. Kiminsə öz kəndində lövbər salmağı nə matah şeymiş?
Əkrəm Əylisli Rafiq Tağının bu atmacasını eyninə almadı. Çünki Rafiq bəy haqqında mötəbər sözünü o, bildir, ya inişil deyib: «…Dostum Rafiq Tağı da orijinal görünməyin köhnə bazıdır, ixtisaslı həvəskarıdır». (Yəni Rafiqin dediklərinə bir qoz).
Rafiq Tağının çoxlarında olmayan bir yaxşı xüsusiyyəti var. O, haqlı oldu-olmadı, qaraladığı adamdan vur-tut bircə dəfə, amma karlı yazır. Məsələn, mən inanmıram ki, bu zəqqumçu «kişünas» (rəvayətə görə, elmi işi «ki» bağlayıcısından olduğu üçün mərhum dostu Vidadi Məmmədov bir zaman Kamil Vəliyevə zarafatla «kişünas» deyirmiş. Bu xəbər Rafiq bəyə indi çatıbmış kimi o, «kişünas»ı mənfur mənada ortaya ataraq, Kamil Vəli Nərimanoğlunu «Dədə Qorqud» kannibalı (düdəmə sözləri hardan tapır ey bu?!) adlandırıb və əlbəttə, kişinin xətrinə dəyib) Kamil Vəli Nərimanoğludan haçansa dübarə nəsə yazacaq. Hətta gələcəkdə Kamil müəllim yazılarında və teleçıxışlarında onu sancsa da… necə ki, indi belə eləyir.
(Bir-biri haqda yorulmadan, usanmadan «çevir tatı-vur tatı» döyənək, horra yazılar yazan qələm düşmənlərini heç cür anlaya bilmirəm. Deyək ki, cavanların beyni qandır, anlamırlar, bəs, bu ağsaqqallara nə xəbərdir?!)
Rafiq Tağı ilə mübahisələrim barədə…
Onun Qərblə Şərqi müqayisə edən və ikincini ayağa verən yarıfəlsəfi, yarıbədii yazısını (Qərəz janr deyil!) qəzetdə oxuyaraq dostumun xeyli subyektiv fikirlərindən incik düşüb ona zəng edirəm və iradlarımı bildirərək moizə oxuyuram:
– Ay Rafiq bəy, Şərq barədə belə qəzəbli, ümumi yazılar yazma, axı, Şərq geniş anlayışdır, sənin dediyin kimi, «şər mənbəyi» deyil. Uzaq Şərqdən tutmuş Orta, Yaxın Şərqə qədər bir məsafə birləşir bu adda. Sən bütöv Şərqin incəliklərini harda və nə zaman öyrənmisən? Bu mövzuda konkret faktların yoxdur, axı?! Elə Qərbi də qavramaq, onun nədə üstün olduğunu fəhm etmək hələm-hələm asan deyil.
Yaxud ona deyirəm: Ay qardaş, sənin nə işin var Mirzə Cəlillə?! M.F.Axundov Füzuliyə «zəif şair» deyib nə qazandı, sən o boyda kişiyə atmaca atıb nə irəli düşəsən? Niyə həlləm-qəlləm işlərimizin, korafəhm əməllərimizin acığını o rəhmətliklərdən çıxırsan? Onlar yazdıqlarını geri götürəsi deyil ki…
Kimə deyirsən?! Rafiq Tağı nəinki bircə cümləsindən, heç nöqtə-vergülündən keçməz. Heç kəs bilmir, mən bilirəm, yaddan çıxıb mətnə düşməmiş bir nöqtəli vergülə görə qəzetin məsul katibinə evindən zəng vurub düzəliş olunmasını xahiş edən bu vasvası qələm adamı sonradan ürəyi durmayıb iki marşrut dəyişərək, «Rezonans» qəzetinin redaksiyasına gəlib və nöqtəli vergülü mətndə yerinə qoyaraq rahat nəfəs alıb.
Bir tərəfdən baxanda düz eləyib. Yaddan çıxan nöqtəli vergül məsul katibin çox vecinədir? Bir də bizdə belə xırda-mırda şeyləri qıdan kimdir?
Rafiq bəydən başqa kimdir səhər qəzetdə şerini oxuyarkən «uzaq yerin prozektorlarından qorxuram» misrasında çoxbilmiş kimi prozektor (patoloq-anatom, çölləmə desək-meyityaran) sözünü guya düzəldib «projektor» şəklinə salan korrektorla çənə-boğaz edən?! Yenə Rafiq bəy!
Başqa bir telefon söhbətimiz:
Mən: Rafiq bəy, sən dünənki qəzetdə olan yazında nahaq yerə «Tanrı türkü qorusun!» deyiminə qulp qoyursan.
Onun köndələn cavabı: Bəs Tanrı başqa xalqların başına daş salsın?
Mən: Əvvəla, türkün Tanrısının səlahiyyətlərini ərəblər doqquzuncu əsrdə alıb veriblər Allaha. Biz indi Allahın «yurisdiksiya»sındayıq. Noolar, Tanrı qeyri-qanuni şəkildə türkü qoruya bilir, qorusun. Qoy Allah bizqarışıq cəmi müsəlmanları hifz etsin, Boq özününküləri oxranyat eləsin, büt bütpərəstlərə yiyə dursun, Krişna hinduların «Rama, Rama…» dualarını əlindən almasın, ingiliscə qart-qurt danışanlardan tutmuş köklü-köməcli ingilislərə qədər hamısı bir-birinə «God bless you!» (Allah səni qorusun!) desin və sair.
O: Sən məsələni ora-bura yozma, «Tanrı türkü qorusun!» şovinist ifadədəir.
Mən: Nə şovinizm, bu, bir türk alqışıdır.
O: Biz belə şüarla cılızlaşırıq!
Mən: Sən bu ifadəyə etirazınla ağzıgöyçəklərə dil verirsən, öz milli mənsubiyyətinə şübhə yaradırsan.
O: Onlar Azərbaycanın xəritəsini və kimin harada məskunlaşmasını bilməyən yelbeyinlərdir.
Mən: Sən qaşınmayan yerdən qan çıxardansan.
O, doğulduğu Masallıdakı Xoççobanlı kəndinin ləhcəsilə son akkordu vurur:
– Sən düz demersən!
Dediyindən ürəyi soyumur, öz üslubunda kürəyimdən zol çıxardır: «Bizim iqtidar nümayəndəsindən bundan artıq nə gözləyəsən?!» Hə, aldım payımı… Nə yaxşı ki, şifahi… Şifahi xəbərdarlıqla yazılı töhmət arasında nə fərq olduğunu yaxşı bilirsiniz. Rafiq Tağının qələm kəsəri şifahi danışığının kəsərindən xeyli artıqdır. Ümumiyyətlə, o, adi vaxtlarda dinləməyə daha artıq üstünlük verir. Düz də eləyir, deyəcəkləri onsuz da ona bəllidir, amma, eşidəcəklərini isə bilməyə bilər.
Bir dəfə də o, kiminsə barəsində xoş sözlər deyəndə dilim dinc durmadı, söz atdım:
– Rafiq bəy, sənin şifahi nitqinə etibar yoxdur, sən adam haqda sözünün «məmmədqulu»sunu qələm-kağızla deyirsən.
Dostum qımışdı:
– Bu fikri Baba Vəziroğlu da mənə deyib.
Rafiq bəy naqolay yazısı ilə hər hansı qəzetin bağlanmasının, fəaliyyətinin dayandırılmasının, çapının zəbt olunmasının və yaxud redaktorunun istefasının səbəbkarı ola bilər.
Uzağa niyə gedirəm, 1994-cü ilin yayında baş redaktoru olduğum «Quruluş» qəzetinin ilk sayında Rafiq Tağının hekayəsini çap etdiyim üçün təsisçinin məndən üzü döndü. Onunla düz gəlməməyimə başqa səbəblər olsa da, təsisçi «gic-gici» hekayəni əlində bayraq (soyuq silah mənasında) eləyib üstümə düşdü və mən ixtiyar sahibinə «əleykim» deyib, həmin qəzetdən o gedən getdim.
«Vətəndaş həmrəyliyi» qəzetinin işinin xeyli dayanması Rafiq Tağının hekayəsinin ucbatından olmayıbmı?!
Axır zamanlarda qəzet redaktorları onun çapa gedəcək yazılarını bittə-bittə oxuyurlar. Başqa əlac yoxdur, bu xatalı adamdan gərək özünü gözləyəsən.
«Ədalət»in baş yazarı Aqil Abbas kompüterin qabağında kəmali-ədəblə oturub sabahkı nömrədə çap olunası hekayəsinin korrektura səhvlərini düzəldən Rafiq Tağıya deyir:
– Rafiq bəy, işim çoxdur, bu yazını diqqətlə oxuya bilməmişəm, sənə etibar edib (kimə, kimə, Rafiq Tağıya?!) çapa verirəm, bax, mənimçün «əmma» çıxartma ha.
Rafiq Tağı dillənir:
– Aqil bəy, narahat olmayın, (o, hamı ilə «siz»lə danışır, hətta hərdən qəsdən «sən»ə keçsə də, tez özünü düzəldib «siz»i bərpa edir. O, bir dəfə ikimizin də dostu, telejurnalist Qorxmaz Şıxalıoğluna deyirmiş: Əjdərlə söhbətə əvvəlcə «siz»lə başlayıram. Elə ki, ara qızışır, «sən»ləri yağdırıram onun cəmdəyinə və «sən» deyə bilmədiyim bütün rəsmi adamların acığını çıxıram ondan.) bu, hekayədir, o biri (yəni vayqanlı) yazılardan deyil.
Yazıçılar arasında ən söyüşcül, ağzının qaytanı olmayan Aqil Abbas coşur:
– Sən elə hekayədə də adamın anasını sssss…
Bəlkə də ömrü boyu dilinə söyüş gətirməyən Rafiq bəyin bu anda Mahatma Qandinin sifətinə oxşayan, çöhrəsini və hədəqədən çıxmış gözlərini görən Aqil Abbasın dili paravoz kimi tormoz verib sürütdənir və o, biədəb söz əvəzinə başqa kəlmə işlətməyə məcbur olur:
– … ağladırsan!
Vaxt olub ki, Rafiq bəyin bəzi hərəkətlərindən baş açmamışam.
Bir neçə il bundan qabaq Aşura günü Rafiq bəy iş yerimə gəlib dedi: «Bu gün niyyətlərin qəbul olan günüdür, gəl Təzəpir məscidinə gedib nəzir paylayaq!». Onun qaraniyyət adam olmadığını bildiyimə görə, qoşalaşıb məscidə getdik. Dilənçilərə bir qədər nəzir paylayandan sonra rəfiqim Rafiqin təkidilə basırıqda İmam Hüseyn müsibəti çəkə-çəkə məscidin həyətinə təpildik. Bir neçə yerdə halaylanmış saqqallı cavanlar haray-həşirlə zəncir vururdular. Bir dövrəyə girdik. Mən həm saqqallı cavanların yeknəsəq hərəkətlərindən tez usandığımdan, həm də işə tələsdiyimdən Rafiq bəyin qulağına pıçıldadım ki, bəsdir, gedək.
O, sıxıla-sıxıla dedi:
– Sən işdəsən, get, mən hələ bir az burada qalmaq istəyirəm.
Mən ondan ayrılıb yenə də tünlüyü yara-yara məscidin həyət darvazasına doğru hərəkət etdim. Darvazaya çatanda geri qanrılıb Rafiq bəy tərəfə boylandım və gözlərimə inanmadım: Rafiq bəy bayaq durduğu yerdə «Şah Hüseyn! Vay Hüseyn!» deyənlərə dəm tutub şıdırğı sinəzənlik edirdi.
Mən yerimdə quruyub onun nə qədər novruzəlicəsinə və ürəkdən sinə vurduğuna heyrətlə baxırdım. Bu görkəzmə adamın səmimi müsəlmanlığı da varmış. Birdən onun gözü mənə sataşdı, dərhal çaşdı və enib-qalxan əli sinəsində quruyub asta-asta aşağı düşdü.
Mən bir andaca qeybə çəkilmək istədim və ildırım sürətilə dönüb məscidin həyətindən çıxan axına qoşuldum. Daha geri baxmadım və onun «oğurluğ»unu tutduğuma görə it kimi peşman oldum.
Rafiq Tağının «oğurluğ»unu heç vaxt üzünə vurmasam da, indi onun xarakter cizgilərini zənginləşdirmək istəyim mənə güc gəldi. Həmişə sivilizasiya haqda alabəzək ibarələr fırladan, Kirxada Amerika saksafonçusu Con Ferqussonun konsertini ötürməyən, ancaq plovu hələ də beş barmağının beşilə də yeyən qələm dostumu hərtərəfli tanıtmağa çalışmağım kimləri yorursa, zəhmət çəkib bu yazının gerisini oxumasın, incimərəm.
Rafiq bəyin məşhur şəklinə baxıram, yenə yadıma onunla bağlı başqa bir əhvalat düşür.
Yanılmıramsa, 2000-ci ilin 20 Yanvar günü Rafiq bəylə Şəhidlər Xiyabanını ziyarət edib çıxanda o, dedi: «Bəxtiyar Vahabzadə (B.Vahabzadə onun haqqında hansısa qəzetdə təzəcə isti sözlər yazmışdı.) «Kaspar»da yatır, gedək ona baş çəkək!».
Biz xəstəxanaya getdik, şairin yatdığı palatanı asanlıqla tapıb qapını döydük. İçəridən səs gəldi:
– Buyurun!
Qapını açıb içəri keçdik, «Buyurun!» deyən şairin köhnə dostu həkim Nurəddin Rzayev imiş.
Bizi görən Bəxtiyar Vahabzadə çarpayıdan dikəlib oturdu. Onların təkidilə Rafiq bəy tək boş stulda əyləşdi. Mən də yanımı çarpayının qırağına qoydum. Şairlə yüngülcə hal-əhval tutduq. O, zorla «Yaxşıyam!» desə də, canını dişinə tutub oturmuşdu, danışmağa heyi qalmamışdı.
İki həkim (Nurəddin doxturla Rafiq doxtur) Bəxtiyar müəllimin prostat vəzisində olan xəstəliklə bağlı pıçıldaşmağa başladılar. Köhnə kişilərə məxsus böyük-kiçik yanında ədəb göstərmək ustadı şair ağrıdan qıvrılsa da, özünü saxlayıb çarpayıya uzanmırdı. Rafiq bəyin başı söhbətə bərk qarışdığından onu görmürdü.
Bu dəqiqə Bəxtiyar müəllimə ən böyük hörmətin onu rahat buraxmaq olduğunu duydum və gözlənilmədən yerimdən qalxıb dedim:
– Bəxtiyar müəllim, yastığınız yüngül olsun! Biz gedək!
Rafiq bəy üzə düşüb ayağa qalxdı. Şair bizə ürəkdən «Çox sağ olun, zəhmət çəkmisiniz!» dedi.
Nədənsə, mənə elə gəldi ki, o, bizim gəlişimizdən çox gedişimizə sevindi. Neynəsin, can ağrıyanda heç kim adamın gözündə olmur.
Rafiq bəy yanıma düşüb mənimlə qapıdan çıxdı. Ona görə belə deyirəm ki, qapıdan çıxanda dostumun qırımı xoşuma gəlmədi. Binadan on-on beş addım aralanan kimi Rafiq bəy qoparağımı götürdü:
– Sən çox sərtsən. Sözümü ağzımda qoydun. Nurəddin Rzayevə bir-iki söz deyəcəkdim.
O, gülümsədiyimi görüb susdu. Yəqin düşündü ki, bu gülümsəməkdə bir hikmət var. Həm də, deyəsən, verəcəyim cavabdan çəkinib, dərinə getmədi.
Rafiq bəyin hər il bir günü iluzunu yerdə qalan bütün günlərindən, özü demişkən, səmərəli və mənalı olur. O gün dostum inzivaya çəkilib daha çox düşünməyə, daha çox yazmağa və oxumağa çalışır. Heç bir dəvət onun saqqızını oğurlaya bilməz. İlin mənalı və səmərəli gününə çevrilən həmin gün Rafiq bəyin ad günüdür - 5 avqust.
Yeniyetmə çağlarında gələcəyin bu «şipitilni» yazıçısı özünə söz verib ki, ömrünün axırına qədər ad günlərini bütün başqa günlərindən daha səmərəli və mənalı keçirəcək. Deməli, o, hələ də sözünün ağasıdır.
Rafiq Tağının 1991-ci ildə çap olunmuş «Düşmənimin xatirinə» kitabına ön söz yazan yazıçı Elçin təxminən belə deyib ki, on beş ildir Rafiqlə dostluq edirəm, onun dostluğunda konyunktura görməmişəm. Elçin müəllimin 91-dən bəri Rafiq bəydən yana fikrinin dəyişib-dəyişmədiyini bilmirəm. Ancaq işin üst-üstə düşməyinə baxın, mən də həmən 91-ci ildən Rafiq bəylə tez-tez oturub-dururam, bu günəcən onun dostluğunda konyunktura əlamətlərinin görünmədiyi barədə bütün konyunkturşiklərə arayış verə bilərəm.
Qabaqlar yazdıqlarına görə hərdən Rafiq bəyə acığım tutardı. İndisə, onun yazılı saçmalarını görəndə başımı bulayıb, qımışa-qımışa onun heç vaxt düzəlməyəcəyini gözümün altına alıb, öz-özümə deyirəm:
– Rafiq Tağı ki, Rafiq Tağı…
 

2004


***


Kür Əlisəmid

(hekayə-portret)


Ağıllısı dəli kimi,
dəlisi ağıllı kimi,
millətim hey!

Ə.Kür

Nəşə çəkib çox da ki, beynimi qurutmuşam,
elə bilmə, əzizim, mən səni unutmuşam.

Bir meyxanadan

Əsərinin qəhrəmanına əl qaldırma!

Müəllif

İndi şair Əlisəmid Kürdən yazmaq elə də sərfəli bir iş deyil. Çünki, son illərdə o, özünü xeyli adamın gözündən salıb, olub heç nə.
Heç şair də qulaq kəsər? «Qulaq kəsmək» deyəndə fikriniz kiminsə kimə kəf gəlməyinə, atmağına getməsin ey, söhbət həqiqi qulağa təcavüzdən gedir. Özü də kimin-kimin, şair dostunun. Hərçənd ki, bu, Əlisəmidin versiyasıdır. Zərərçəkən tərəfin dediyinə görə, Əlisəmid A-nın qulağını kəsməyib, dişləyib qopardıb.
Haqqında danışılan bədbəxt qulaq dibindən üzülməyib, onun üst tərəfinə, təxminən beşdən iki hissəsinə qəsd edilib. Yaxud, belə demək olar: «qulaq» sözünün «qu»su qoparılıb, «lağ»ı yerində qalıb. Sözümün «məmmədqulu»su budur ki, Əlisəmid qulaq kəsməyi qoçaqlıq hesab edirsə, deməli o, bir əməliyyat üzrə qəhrəmanlıq normativinin yalnız beşdə ikisinə əməl eləyib. Qulaqkəsənlər arasında o, uzaqbaşı ortadan axıra qədər olan yerlərdən birini tuta bilər.
Nəticə eyni olsa da, kəsməklə dişləməyin mənası bambaşqadır. Ortada şərəf məsələsi var. Əlisəmid hadisədən dərhal sonra A-nın qulağının kəsiyini qanlı-qanlı kağıza büküb cibinə dürtərək (Yaddaş məni öldürəcək - vaxtilə rəssam Van Qoq qulağını kəsib çiçək əvəzinə sevgilisinə aparmışdı). Yasamaldan şəhərə enib. O, həmin günün günortasına qədər şair dostunun bir qırıq bədən üzvünü «A-nın qulağını kəsdim!» deyib şəhadət üçün başqa qələm yoldaşlarına göstərib, ürəyi soyuyandan sonra həmin əşyayi-dəlillə özünü polis idarəsinə təslim edib.
Bayaq «şair dostunun» ifadəsini elə-belə işlətmədim. Vaxt vardı, Əlisəmid gələcəkdə bıçaqlayacağı A ilə cur idi. Onlar Baksovetdən mənzil alanda biri-birini qonşu seçmişdi. Mən bilən, aralarında hətta kirvəlik məsələsi də vardı. Bir gün sizdə, bir gün bizdə yeyib-içirdilər, qoşa gedib, qoşa gəlirdilər.
Əlisəmidin «Kentavr» kitabının Yazıçılar Birliyinin «Natəvan» klubunda təqdimatı keçiriləndə mən məclis aparıcısından canfəşanlıqla söz alıb şair haqqında ən isti və ən məhrəm «nitq irad edən» A idi. Onun dedikləri yadımda qalmasa da, amma çıxışının havasını yaxşı xatırlayıram. A-nın sözündən belə çıxırdı ki, Əlisəmiddən yoxdur.
Əlisəmidin Yasamaldakı dördotaqlı təzə mənzilinin (indi Əlisəmid o mənzildə yaşamır. Çünki Əlisəmidli, A-lı xatirələrlə dolu həmin mənzil artıq başqasına satılıb.) «evgördüsü»nə yığışmış qələm adamları arasında qonşusu A-nın yeri Səlyan idi. (Biz tərəfdə kimin yeri rahatdısa deyir: «Yerim Səlyandır!»).
A Əlisəmidin cinayətini ona bağışlamadı və istintaq müddətində orda-burda açıq-açığına bildirirdi ki, bu işdən keçən deyiləm, o vicdansız beş yaşlı oğlumun ağlaya-ağlaya dediyi «Əmi, atamı öldürmə!» sözlərinə də məhəl qoymayıb bıçaqla üstümə cumdu.
Zərərçəkənin danışdığına görə hadisə belə olmuşdu: səhər Əlisəmid onun mənzilinin qapısının zəngini basır. Həm qonşu, həm də dost kimi Əlisəmid hər gün bu qapını döydüyündən, A-nın xanımı heç nədən şübhələnmədən onu içəri buraxır. Əlisəmid ayağını astanadan içəri qoyan kimi qəzetə büküb götürdüyü bıçağın örtüyünü açıb tullayaraq yuxudan təzəcə durmuş A-nın üstünə atılır. Görünür, onun A-nı öldürmək məqsədi olmayıb, yoxsa bədənin istənilən yerinə bıçaq yeritmək qulaq kəsmək kimi çətin və incə bir işi yerinə yetirməkdən min dəfə asandır. A-nın konkret müqaviməti, yəni digər bədən üzvlərini müdafiəsiz qoyub yalnız qulaqlarını qoruması, evin xanımının araya girməsi, uşağın qıy-qışqırığı və bunların fonunda təcavüzkarın bir balaca özünü itirməsi qəsdçini məsələni tez çürütməyə tələsdirib. Tələsik iş də yarımçıq olur.
Cinayətin əsil səbəbi, Əlisəmidin lotuluğunun mənası bu günəcən açılmayıb. O, müttəhim kürsüsünə anlaqsız kimi çıxmışdı. A da axırda günahı keçmiş qonşusunun və dostunun dəliliyində gördü.
Əlisəmid türməyə düşmədi, çünki dəli çıxmışdı. Dostları Akif Kərimovun, Aşıq Pənahın oğlunun, daha kimlərin köməyilə dəlilik kağızı alan şairi Maştağa dəlixanasında cinayət törətmiş dəlilərə qatdılar. Bununla Əlisəmid böyük bir ütüdən qurtardı.
Sözü qoyub, sözə keçim, Əlisəmid dəlixanaya düşəndən sonra Həmid Herişçi qəzetdə çap etdirdiyi bir yazısında onu «Dəlisəmid» adlandırmışdı.
Əlisəmid dəlixanadan çıxandan sonra gəlib yapışır Həmid Herişçinin yaxasından ki, düdük, o nə sözdür işlətmisən yazında?! Həmid bərk ilişdiyini görüb zarafata keçir:
– Sən ağıllı çıxdın, olmasın Dəlisəmid, olsun Dəlihəmid.
Belə cavaba Əlisəmid nəinki qane olandır, hətta qonaqlıq da verəndir. Çünki, türmənin oğru qanunlarına görə hərif yek kəlmədə pas eləmişdi və razborkaya (məsələnin ayırd olunmasına) ehtiyac qalmamışdı.
Əlisəmid A-ya qədər yaxşı gəlirdi. Bu sözü o mənada deyirəm ki, qabaqlar onun heç bir dava-dalaşı bıçaqlaşma ilə bitməmişdi. Yan-böyürü bilir ki, əvvəl də Əlisəmid bir dəfə türmədə yatıb, amma başqa iş üstə. Düzdür, ötən əsrin səksəninci illərinin sonunda ölkədə azadlıq hərəkatı başlananda neçələri kimi Əlisəmid də adam içində «Biz də onda (yəni qadağalar dövründə) getdik!» deyib istədi dissidentliyinə görə türməyə düşdüyünü dilə-ağıza salsın, ancaq keçmədi. Çünki o, bir neçə il əvvəl Xarkovda nə üstə türmədə yatdığını artıq çoxlarına danışmışdı.
Əlisəmid dəliqanlı, coşqun, kür, kəmhövsələ adamdır, bir yerdə duruş gətirə bilmir. Kür çayı kür, yəni dəlisov olduğu üçün «Kür» təxəllüsü Əlisəmidin boyuna-buxununa biçilib. Dava-dalaş – onun yaraşığıdır. Əlisəmid dililə yox, həm də əlilə danışan şairdir. Bir dəfə məclisdə yazıçı Seyran Səxavət dedi ki, Əlisəmid Koroğlunun dəlilərindəndir. Həmin məclisdə bu fikri Vaqif Bayatlı başqa cür fırlatdı: «O ki, deyirlər ha ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi, bax, həmin ağıllı bilmirəm kimdir, ancaq o dəli Əlisəmiddir, çay da Araz çayı.»
Ədəbi mühitdə çoxları Əlisəmiddən gen gəzir, A-nın məsələsindən sonra hətta ondan qorxurlar. Olmadı elə, oldu belə, bir də gördün onun beyninin qurdu tərpəndi, bıçağı yortdu böyrünə. Fəhmim məni aldatmırsa, Əlisəmid cibində bıçaq gəzdirmir, amma çoxları düşünür ki, ondan nə desən çıxar. Çünki, doğrudan da ilk baxışda o, oturuşundan-duruşundan şər-xata adama oxşayır.
Şair dostum «Kentavr» kitabının üz qabığında özünü kentavra - adam başlı ata oxşadıb. Əfsanəvi at-adam olan kentavr keçmişdə bilmirəm, amma indi gözə görünsə, vahimə yaradar. Lakin, şirdən, pələngdən, kobradan qorxmayan adamlar, təlimçilər, ovsunçular tapıldığı kimi kentavra da mehr salanlar varmış.
Onu tək görmək çətindir, həmişə yanında yançısı olur. Bu yançı nə təhər Əlisəmidin sehrinə düşürsə, uzun müddət ondan ayrıla bilmir. Bunun bir səbəbi odur ki, Əlisəmid, dostu Tofiq Qaraqayanın sözü ilə desək, təkə kimi qabağadüşəndir, işdüzəldəndir, tikəsini yarıböləndir. Təkcə onu deyim ki, bir neçə qələm dostu məhz onun zirəkliyi hesabına Baksovetdən mənzil qopardıb.
Tofiq Qaraqayanın adını çəkdim, bu həmin mübarək şəxsdir ki, bir zaman Əlisəmid onunla gəzərdi. Əlisəmid Tofiqi günüsü sayırdı. Bilmirəm Əlisəmid «Günü» ayamasını haradan tapıb şair dostunun belinə yükləmişdi, çox vaxt dostunu «Günü» deyə çağırırdı. Tofiq də Əlisəmidə ad tapmışdı: «Canavar».
«Canavar»la «Günü»nü ədəbi mühitin adamları həmişə bir yerdə görərdi. Gah bu onun, gah da o, bunun kölgəsinə çevrilərdi. Yazıçılar Birliyinin mərtəbələrində, jurnal-qəzet redaksiyalarında, çayxanalarda, kafelərdə onları qoşa, pilləkən, keçid dar olanda isə dal-qabaq addımlayan görərdik. Tez-tez sahman rayonlara qonaq gedərdilər. İndinin özündə də ədəbi mühitdə dolaşan adam mütləq hər gün Əlisəmid və onun yazıçı ekiztayına rast gəlməlidir. Baxmayaraq ki, o, «Yol»un baş redaktorluğundan sonra heç bir ədəbi orqanda işləməyib.
Əlisəmid Tofiqdən aralanıb (deyəsən hansısa haqq-hesab üstə pozuluşmuşdular.) fotoqraf Şahinə qoşuldu. Fotoqraf Şahinin it ilindən qalma köhnə bir fotoaparatı vardı, həmişə boynundan asdığı qara çantasında olardı. Kişinin oğlu guya Əlisəmidin böyründə balalarına çörək qazanırdı. Əlisəmid hansı qapını döyürdüsə, onun yançısı fotoqraf Şahin mütləq tanış olduğu adamın şəklini çəkməliydi. Tutaq ki, şair təzə çıxan şeir kitabını kiməsə verib ondan muştuluq, şirinlik, nə bilim Yafəs Türksəs demişkən, nəmər alanda fotoqraf Şahinin fotoaparatı çırıkkaçırıq işləyirdi. Ancaq Əlisəmidin mənə boyun aldığına görə, Şahin hələ bir adamın şəklini çıxardıb yiyəsinə verməyib, işi hoqqabazlıqdır.
Bir ara Əlisəmid Murad Köhnəqala ilə oturub-durdu. Daha doğrusu, Əlisəmidə «oturub» sözü yaraşmadığına görə elə təkcə «durdu» sözü ilə də kifayətlənmək mümkündür. (Aralarından su da keçməyən vaxtlarda Murad bir gecə Əlisəmidgildə qonaq qalası olur. Səhər yuxudan oyanıb hamamda üzünü qırxmaq istəyən qonaq ətrafa göz gəzdirib görür ki, güzgü yoxdur. Əlisəmidi səsləyir:
– Səmid, (bəzən dostları onu belə çağırır.) bir güzgü qırığı ver, üzümü qırxım.
Əlisəmid cavab verir:
– Mən güzgüsüz də keçinirəm, üzümü əzbər bilirəm).
Muradın sözüdür: «Bakıda Əlisəmid Kürdən çox piyada gəzən yoxdur». Axırda Murad Əlisəmidlə ayaqlaşa bilmədi, biri yorğa yeriyən, biri astagəl, ayrıldılar. Ancaq ayrılmazdan əvvəl onlar qəribə bir sövdaya düşdülər. Bilmirəm, indikilərin dililə desək, bu layihə hansının idi.
Günlərin bir günü səhər vaxtı (Səhərdirsə, sabahınız xeyir!) Əlisəmid iş yerimə gəlib qonaq-qara üçün, yəni həm də ondan ötrü siyirtmənin gözündə saxladığım qutudan bir siqaret götürüb alışdırdı və dərin qullab vurandan sonra köks ötürüb dedi:
– Əji, (məni ondan başqa belə çağıran olmayıb) qapıları döyməkdən yorulmuşam. Daha yaş da o yaş deyil. İstəyirəm bir işin qulpundan yapışım.
– Hansı işin? – maraqla soruşdum.
– İstəyirəm – o dedi – Muradla Təzə bazarın yanındakı «Badi-kubə» kafesini kirayəyə götürüb işlədəm. (Onun xarakterinin bir cizgisini də görün: O heç vaxt «işlədək» deməz. Çünki, rəhbərliyi şəriklikdən üstün tutur. Əlisəmid kiminlə, yaxud kimlərlə gəzibsə, həmişə dəstəbaşı olub.) Bu bazar günü axşam saat altıda dost-tanışı yığıb açılış etmək fikrindəyəm. Sən də gələrsən.
Şair dostumun qulpundan yapışmaq istədiyi iş mənə gülməli göründü. Düşündüm ki, Əlisəmid – Murad hara, ticarət hara? Amma, üstünü vurmadım.
Əlisəmidin çağırışına getməmək olmazdı, sonra mütləq umu-küsü eləyəcəkdi, ona görə də deyilən vaxtda özümü «Badi-Kubə»yə çatdırdım. Məni qapıda Əlisəmid özü qarşıladı, hallı idi, yaxşıca vurmuşdu. O üzümdən, bu üzümdən marça-març öpüb mənə içəri keçməyi buyurdu. Hətta kövrəlib ağlamsındı da, guya uzun həsrətdən sonra ən böyük arzusuna çatmışdı. Əslən Salyandan olan yazıçı-jurnalist Mailə Muradxanlı bir dəfə dedi ki, səlyanlı (şifahi dildə «Səlyan» deyirik) kişilər yaşa dolandan sonra kövrək olurlar, göz yaşları sanki ovuclarının içindədir. Səlyanlı Əlisəmidi isə yaşa dolmamışdan qabaqlar da ürəyiyuxa görmüşəm. Araq içdisə, hər hansı bir səbəbdən mütləq dodaqlarını əsdirib gözlərindən bir-iki damcı yaş çıxardacaq.
Kafenin ortasında stollar birləşdirilib xudmani süfrə açılmışdı. Süfrədə nə yox idi? Rus arağından, Neftçala kürüsündən və balığından, Hövsan soğanından, Zirə xiyarından, pomidorundan tutmuş Xırdalan pivəsinəcən.
Qonaqlar yığışandan sonra süfrənin başında oturmuş şair Sabir Rüstəmxanlı ayağa duraraq məclisi açıb Əlisəmidin təzə işinə xeyir-dua verdi. (Yenə də Murad Köhnəqalanın adı çəkilmədi, yəqin ki, Sabir müəllimin şərikdən xəbəri yoxdu, Əlisəmid hər şeyi öz adına çıxmışdı.) O, cəmiyyətin şairdən qəhrəmanlıq, şəhidlik umması, onun şəxsi həyatına laqeyd qalması, ziyalıların öz qiymətini almaması, zamanla ayaqlaşmağın vacibliyi və s. məsələlərlə bağlı danışıb sağlıq deyəndən sonra keflilikdən güclə ayaq üstə duran Əlisəmidə baxıb əlavə etdi:
– Əlisəmid, bu işin himini araqla qoydun, sənə çətin olacaq.
Sabir Rüstəmxanlının zənni ikicə günün içində düz çıxdı.
Mən məclisdə axıra qədər oturmamışdım. O gecə səhərə qədər «Badi-kubə»də «ley-pey» olur. Ertəsi gün axşam ayılıb iş yerinə gələn Əlisəmidə və şəriki Murada bildirirlər ki, kafenin elektrik sərfindən iki min dollara yaxın borcu var. Əlisəmidlə Murad borc qaytarandır?! Ay-hay, ölmüşdü Xankişi… Beləliklə, biznesin ilk zərbəsi iki şairin sinəsindən itələyib onları köhnə mühitlərinə qaytarır.
Əlisəmid tək gəzə bilməz, bağrı çatlar. Ən azı ondan ötrü ki, ona yol yoldaşı, hər gün görüşməyə bir kimsə və nəhayət, sağlıq deyib badəni toqquşdurmağa hal əhli lazımdır. O, dəlixanadan-türmədən qayıdandan sonra Mübariz Məsimoğlu ilə tapışdı. Aradan neçə il keçsə də, onlar bir yerdədirlər. Düzü, son illərdə başım işə qarışdığına görə onlardan ara-sıra xəbər tuturam. Eşitdiyimə görə, əsas mərələri keçmiş qoburnat, indiki, filarmoniya bağının çayxanasıdır. Əlisəmid keçmiş curları ilə hansı fəaliyyət növü ilə məşğul idisə, Mübarizlə də həmin həyat tərzini yaşayır.
Əlisəmidin görkəzmə işləri çoxdur. Məsələn, az adam bilir ki, onun arağı içib sonra yonma araq stəkanını dişləyib çeynəməyi var. Tanımayan adam onun bu hoqqasını görəndə bağrı yarılır, amma mənim kimi onu tanıyanlar Əlisəmidin həngamələrinə öyrəncəlidir.
İlk dəfə Xarkovda iş alıb türməyə düşən gün kameraya daxil olanda onun başına bir əhvalat gəlir. İçəridəkilər pivə içirmiş. Bir nəfər yonma stəkana pivə süzüb Əlisəmidin qənşərinə qoyur. Əlisəmid ətrafa baxanda görür ki, başda şöngümüş pəzəvəng bir dustağın gözləri onu yeyir. Hamı stəkanda pivə içdiyi halda, bu adamın iri parçda pivə içməyindən Əlisəmidin dalağı sancır ki, gözlərini ona zilləyən yekəpər içərinin bərkgedənidir və sınayıcı vəhşi nəzərilə birinci gündən onun gözünü qırmaq istəyir. Türməyə girməzdən əvvəl Əlisəmidin qulağı çalıbmış ki, gərək türmədə ilk gündən özünü göstərəsən, yoxsa batdın, axıracan qapazaltı olacaqsan.
Əlisəmid asta-asta pivəsini içirmiş və arabir oğrun-oğrun baxırmış ki, görsün rəqibi neynir. Bu zındıq oğlu zındıq gözlərini ondan çəkmirmiş ki, çəkmirmiş. Axırda Əlisəmid ona «xox» gəlmək fikrinə düşür. O, köhnə şakərini işə salıb, qəfildən əlindəki boş yonma stəkandan bir diş götürüb çeynəyə-çeynəyə qızmış aslan kimi pəzəvəngin üstünə hücrəyir. Pəzəvəng təmkinini pozmadan qarşısındakı boş yarımlitrlik pivə parçını götürüb at ağzı ilə dişləyir və ən dadlı tikəni çeynəyirmiş kimi şüşəni gəvələməyə başlayır. Əlisəmid hesabını götürür və dala verir, olur birdəfəlik parçda yox, yonma iki- yüzqramlıq stəkanda pivə içənlərdən biri.
Başqası olsaydı, bu əhvalatın axırını öz xeyrinə dəyişərdi. Ay nə bilim, divə kəllə atdım, yaxud ona birini ilişdirdim və s. Əlisəmid kəllə atan olsa da, etmədiyini «Etdim!» deməz, başına gələnlərin hamısnı olduğu kimi boynuna alandır. Bax, onun ürəyimə yatan cəhətlərindən biri budur.
Dəngül-düngül Əlisəmiddən yazan bəzi qələm dostlarımız kimi mən də onun tərifini ala dağa qaldıra bilərəm. Elə bilirsiniz bacarmaram?! Allaha şükür, yaşadığım mühitdən mən boğazdanyuxarı danışmağı da öyrənmişəm, boğazdanaşağı danışmağı da. Amma çox yaxşı bilirəm ki, Əlisəmidə belə şeylər keçmir. Ona görə də qələmin başını buraxmışam.
Əlisəmid dişinə yem olan adamın qənimidir. Onunla bir yerdə olanda bilsə ki, sənə gücü çatır, qanın getdi. Bu sözləri elə-belə demirəm, 1990-cı il dekabrın 26-dan 1991-ci il aprelin 15-nə qədər, 3 ay, 21 gün Əlisəmidlə bir yerdə işləmişəm. Bir otaqda, başda o, ayaqda mən, üz-üzə otururduq. O zaman həmin idarənin, Bədii Ədəbiyyatın Təbliği bürosunun direktoru Hafiz Əli idi.
Hafiz Əli kimi ağırxasiyyətli, sərt, inzibatçı bir adamla işləmək dəmdəməki, cırtqoz, kəmhövsələ, nəinki Təbliğat Bürosunun çat-çat olmuş, rəngi bozarmış dörd divarının arasına, hətta yerə-göyə sığmayan Əlisəmid üçün necə məşəqqətli və cansıxıcı iş olduğunu anlamayana nə deyəsən?! Hafiz Əlinin Əlisəmiddən acığı gəlirdi. Həmişə ehtiyat edirdi ki, gözü-başı qaynayan bu dikbaş onu yıxıb yerinə keçəcək. Hətta bir dəfə hansısa məclisdə biri Əlisəmidə tanışlıq verib Hafiz Əlinin qohumu olduğunu bildirəndə gözünə döndüyüm Kür yekə-yekə cavab verib ki, hə, o, bizim işçimizdir. (Direktorumuz yox ha, işçimiz) Hafiz Əli kimi suyu üfürə-üfürə içən adam işçisinin bu itaətsizliyini necə həzm etsin? Beləsinin ipinin üstünə odun yığmaq olar? Bir də gördün verdi səni güdaza.
Əlisəmid rəhbərinin yanında etibarını tam itirdiyinə görə direktor onu gözdən qoymurdu, hər addımını izləyirdi. Əlisəmid də bu nəzarəti açıq-aşkar duyduğuna görə möhkəm darıxırdı, az qalırdı bağrı çatlasın. Qəfəsdəki yalquzaq kimi balaca iş otağımızda deyinə-deyinə var-gəl edirdi. Belə vaxtlarda yalquzaqdan onun vur-tut bircə fərqi vardı: o da siqareti-siqaretə calamağı. Ən dəhşətlisi bu idi ki, direktor onun çox siqaret çəkməyinə də deyinirdi və Əlisəmid altdan-altdan özünə təzə iş axtarırdı. Onsuz da 90-cı il yanvar qırğınından sonra cəmiyyət o qədər siyasiləşmişdi ki, ədəbiyyata maraq dəqiqəbədəqiqə azalırdı. Daha bizim idarəyə pul köçürdüb şairləri, yazıçıları görüşə çağırmırdılar, qəpiksiz-filansız siyasətlə məşğul olanları dəvət edirdilər. Hafiz Əli öz kreslosundan bərk-bərk yapışsa da, belə perspektivsiz iş Əlisəmidin nəyinə lazımdı?
İşçi kimi Əlisəmiddən bəhs etmək o qədər də maraqlı deyil. Onunla işlədiyim üç ay yarımda həmişə bu insanın fikrini dağınıq gördüm, işdə əli heç nəyə yatmırdı. Yalnız dostları gələndə fikri cəm olurdu, kefi durulurdu.
(Tofiq Qaraqaya hər gün Təbliğat Bürosuna gəlib dostuna baş çəkirdi. Son zamanlar o, tez-tez İçərişəhərdə yaşayan Əlisəmidə təklif edirdi ki, gəl, səhərlər dəniz qırağında qaçaq, siqareti, içkini ataq, bədənimizi möhkəmləndirək.
Hər dəfə iş yoldaşım bu təklifdən sonra üzünü turşudub susurdu və siqaretə cumurdu. Günlərin bir günü Tofiq yenə öz təklifini səsləndirəndə Əlisəmid partladı:
– Günü, bəsdir də! Atam xəstə, anam xəstə, qardaşımın biri türmədədir, biri dəlixanada, özüm də arvadımdan təzə ayrılmışam. Tanış-bilişin biri görüb deməz ki, ay alçaq, hansı gününə qaçırsan?!).
Bütün sənət adamları kimi onu da şöhrət azarına tutulmuş gördüm. Güc çatmayan xeyirxahlıq illüziyası, özündən zəiflərə əl tutmaq xülyası şöhrətpərəstliyin bir əlamətidir. Neyləməli, hər yaradıcı adamın nəsə bir, bəzən bir neçə kəm-kəsiri olur.
Əlisəmid bəzən gülünc xeyirxah roluna girir. Bir misal çəkəcəyəm: Soyuq və tutqun qış günü idi. İş otağımız qışa bütün güzəştləri edib onu içəri buraxmışdı. Təsəvvür edin: tavandan damır, «otopleniye» deyilən sovxa işləmir, pəncərənin dəlmə-deşiyindən külək sovrulur, içəridə çöldəki hava temperaturu və ən dəhşətlisi, Hafiz Əli iş yerində yüzcə qram da araq içməyə qoymur. (Əlisəmid bu vaxta qədər harada işləyibsə, orada hərdən yüz gillətməyə imkan olub). Hər ikimizin soyuqdan dişi-dişinə dəyir. Səbrsizliklə gözləyirik ki, iş günümüz başa çatsın. Bu vaxt qapıda qaçqın, başdanxarab, Əlisəmidi tanıyan qrafoman Kərim Nalə görünür. Əlisəmidin ona ərki varmış, bic-bic qımışır və soruşur:
– Maygülü, bu şaxtalı havada nə sülənirsən?
– Əlisəmid, – Kərim Nalə dillənir – qaranlıqda qalmışam, evdəki lampıçkaların (lampaların) hamısı yanıb. Lampıçka axtarıram.
– Bura lampıçka dükanıdır?
– Sənə umud olub gəldim, şair!
Əlisəmidə ümid eləyirlərsə, şair (belə çağırılanda xoşu gəlir) mütləq hərəkətə gəlməlidir və gəlir də. O, stullardan birini ayağının altına qoyaraq yazı stolunun üstünə çıxıb patrondan yeganə lampanı açır və şəstlə Kərim Naləyə uzadır. Kərim Nalə Əlisəmidlə məni işıqsız qoymağa razı olub lampanı alır və dil-ağız eləyə-eləyə bizdən ayrılır. Mən dinmirəm, niyə pis oğlan olum? Bir lampa nə olan şeydir?
İndicə direktorun içəriyə girib otağı işıqsız görə biləcəyi xofu Əlisəmidi diksindirir. O, «İndicə gəlirəm!» deyib otaqdan çıxır. Təxminən on dəqiqədən sonra böyük qənimətlə geri qayıdır. Bizim Bədii Ədəbiyyatı Təbliğ bürosu, «Azərbaycan», «Ulduz», «Qobustan», «Literaturnı Azərbaycan» jurnalları, «Ədəbiyyat fondu» və Karantin idarəsi yerləşən «Bakı soveti» metrosunun qabağındakı Mirzəbəyovun binasının V mərtəbəsinin dəhlizindən dörd lampa açıb gətirib. O, lampalardan üçünü stolun siyirtməsinə qoyub, birini bayaqkı üsulla patrona bağlayır. Otağımız yenidən işıqlanır.
Mən özümü saxlaya bilmirəm:
– Bir lampa bəsimiz idi də.
O, siqaretini alışdırıb həmişəki kimi dərin qullab vuraraq müdriklik edir:
– İndi işıqsız qalan çox kərimnalələr var. Bir də gördün biri azıb gəldi.
Baş aparıram:
– Hamam suyu ilə dost tutursan?
O, gülümsəyir:
– Təki dostun çox olsun!
Bu vaxt qapı döyülür.
– Deyəsən, bir dost da gəldi, Əlisəmid! – deyirəm.
– Qapı dalında durma, kimsənsə, gəl! – Əlisəmid səsini qaldırır.
Qapı açılır, qonaq nabələd adama oxşayır. O, döyükə-döyükə bizə baxıb soruşur:
– Ağalar, İsrafil ağa buralarda oturey?
Danışığından qonağın güneyli olduğu dərhal bilinir. Hələ o vaxtlardır ki, sərhədlər təzə açılıb, İrandan, Türkiyədən gələn adamları görən kimi hövllənirik. Onlara sevgimizi izhar etməkdən ötrü əldən-ayaqdan gedirik. Sonralar görməmişlik, (doğrudan da görməmişdik də) eyforiya dövrümüz keçəcək, insanın elə hər yerdə insan olduğuna bir daha inanacayıq, hətta bir çox güneyli soydaşlarımızı görəndə üzümüzü yana çevirəcəyik. Nə isə…
Qayıdaq yenə həmən vaxta, Əlisəmidlə mənim güneyli qonağı qarşıladığımız günə.
Qonaq beş-on kəlmə danışan kimi məlum oldu ki, o, Ərdəbil ətrafı kəndlərin birindən Bakıya iş axtarmağa gəlib, bənnalığı bacarır. Bu anda ötən əsrin əvvəlləri haqda oxuduqlarım yadıma düşdü. O zaman İrandan Bakıya ya tacirlər gələrdi, ya da hamballar. Neft mədənlərində də iranlı fəhlələrlə hambal kimi davranırdılar. Aradan səksən-doxsan il keçmişdi, tarix əclafcasına təkrar olunurdu. Yəqin ki, Əlisəmid də təxminən mənim düşündüklərimi fikrindən keçirirdi. O, güneyli qardaşımızın halına bərk acıdığından cibindən bir qırmızı sovet onluğu çıxardıb ərklə qonağın döş cibinə basdı. Ürəyi soyumadı, qeyrət vaxtının yetişdiyini duyub məni də tasa düşməyə çağırdı:
– Əjdər, sən də əziz qonağımıza bir onluq ver, qardaş dar gündə qardaşa əl tutmalıdır.
Mən də Əlisəmid kimi daxilən şeşələnib əlimi cibimə atdım və pullarımdan bir onluq ayırıb qonağın Əlisəmid kəşf edən cibinə qoydum.
Mirzə Cəlil demişkən, keçəl-küçəl, burnu fırtıqlı, bitli-birəli qardaşımız gedəndən sonra Əlisəmid siqaret alışdırıb dartdı və ayıldı. Deyəsən onun kövrək duyğuları əldən verdiyi sonuncu pulu ilə getmişdi. O, deyinməyə başladı:
– Harda dədəsindən-nənəsindən küsən var, gərək gəlib mənə ürcah ola. Onca manat pulum qalmışdı, onu da bu oğraş apardı.
Sonra o, üzünü mənə tutdu:
– Səndə pul var, on manat mənə borc ver! Görək başımıza nə gəlir. (O zaman Əlisəmid tez-tez qonşu «Qobustan» jurnalında işləyən şair Tofiq Abdindən xırda borclar alıb adını onun borc dəftərinə yazdırardı.)
Məndən on manatı qopardandan sonra Əlisəmidin kefi kökəldi. Təki onun əlində pul olsun. Bu pul azdır-çoxdur, borcdur, əmanətdir, dəxli yoxdur, mütləq həmin gün son qəpiyinəcən xərclənməlidir. Sonrası?! Eh, məyər o, sonrasını düşünəndir?!
Əlisəmid pul tapmaqda qoçaqdır, zalım balası pulun iyini bilir. Əlisəmidlə çox oturub-durmuşlardan biri – Adil Mirseyid danışırdı ki, bir dəfə mən, Aydın Uluxanlı və Əlisəmid içmək istəyirdik, ancaq pulumuz yoxdu. «Azərnəşr»in qabağında xeyli dayansaq da, ərk ediləsi bir tanışa rast gəlmədik. Birdən Əlisəmid itdi. Aradan on-on beş dəqiqə keçərdi, ya keçməzdi, yanımızda bir taksi saxladı. Taksinin arxa oturacağında əyləşmiş Əlisəmid əlində tutduğu iki iyirmibeşliyi pəncərədən çıxardıb dililə «Heyvagülü» çalmağa başladı. Bizim üzümüzə işıq gəldi, tez maşına təpildik. Yeməkxanada oturub bir şüşə arağı gillədəndən sonra ondan pulu hardan tapdığını soruşduq. Məlum oldu ki, qardaşımız yüzmanatlıq təzə dəri çantasını hansısa mağazanın sahibinə yarı qiymətə satıb. Təki məclis qurmağa imkan olsun. Əlisəmid belə Əlisəmiddir.
İki ildən artıq Maştağa dəlixanasında yatmağa məhkum edilən Kürün yanına Vaqif Bayatlının, Adil Mirseyidin, başqa dostlarının getdiyini eşitmişdim. Hətta Adil gecə dostu ilə bir çarpayıda baş-ayaq yatması barədə mətbuatda yazmışdı. Ancaq nə qədər yaxın olsaq da, mən onu bir dəfə də yoluxmadım. Elə buna görə də o, dəlixanadan çıxandan dərhal sonra mənim dönüklüyümün səbəbini öyrənməkdən ötrü boğazıma çökdü. İş yerimin qabağında qucaqlaşıb, öpüşüb, görüşüb iyləşəndən sonra birinci kəlməsi bu oldu:
– Səni çox gözlədim, nöş yanıma gəlmədin?
Quru-quru dilləndim:
– On il də yatsaydın, yanına gəlməzdim.
– Bıy?! Nöşün ki?! – O, əsl səlyanlı kimi təəccübləndi. – Akifə görə?
– Yox!
– Bəs…
– Eşidəndə ki, hadisədən bir az qabaq ikinci arvadından da ayrılmısan, səndən zəndeyi-zəhləm getdi. İki arvadı başsız, dörd uşağı yetim qoymusan.
Qırmızı danışığımdan Əlisəmidin dili tutuldu. Möhkəm ilişmişdi. Onu hər hansı məsələdə «neprav» (haqsız) çıxartmaq elə də asan məsələ deyil. Yarasının közü qopardılan, uşaqlarından iki il gen düşən anadangəlmə kövrək şairə indi gəl tamaşa elə! Əlisəmid leysanı başlamışdı…
Handan-hana dostumu sakitləşdirdim və taksiyə mindirib Salyana – anası ilə görüşə yola saldım. Onu da deyim ki, o, bərkə düşəndə Salyana, köhnə dostlarının yanına qaçandır.
Heç nədən çəkinmədən sözü üzə şax deyən, ürəyindəki dilində olan, işi düşdüyü adamın qapısın ərklə döyən, inadkar, ərincəklikdən min ağac uzaq Əlisəmidin daha hansı özəlliklərini dilə gətirmək olar? Hövsələnizi basın, deyə-deyə gəlirəm.
Onun küyə getməyi də var. 1990-cı ildə Bakıda 20 yanvar qırğınından sonra cəmiyyətin başqa təbəqələri kimi bir dəstə yazıçı da SSRİ Yazıçılar İttifaqının və Kommunist partiyasının üzvlüyündən çıxmaq barədə məsələ qaldırır. Bu çağırışa qoşulmaq üçün digər yazıçılara zəng edənlərdən biri də Bədii Ədəbiyyatı Təbliğ bürosunun əməkdaşı şair Əlisəmid Kür olur. Və o, yekə yerdən yapışıb Sovet hökümətinin hər üzünü görmüş, ayıq, tükü-tükdən seçən yazıçı Mirzə İbrahimovun evinə zəng vurur. Dəstəyi yazıçı özü qaldırır:
– Bəli!
Əlisəmid onu salamlayıb özünü nişan verir:
– Mirzə müəllim! Sizi narahat edən şair Əlisəmiddir, Bədii Ədəbiyyatı Təbliğ bürosunun əməkdaşı.
Belə səksəkəli vaxtda zəng edənin məhrəm yerdən olması Mirzə müəllimə xoş gəlir:
– Eşidirəm, oğlum!
Əlisəmid yazıçını məsələdən agah edir.
NKVD, KQB xofu canından çıxmayan, neçə dəfə gözdən salınmış, incidilmiş Mirzə müəllim necə şübhəyə düşməsin? Bəlkə onu sınağa çəkirlər?! Bəlkə ona qarşı təxribat törətmək istəyirlər?! Hər halda ehtiyatlı olmaq gərəkdir. O, yenidən soruşur:
– Üzr istəyirəm, kimdir dediniz?
Şairin hövsələsi daralır:
– Əlisəmid!
Mirzə müəllim:
– Əlisafir?! Yox, mən belə yazıçı tanımıram! – deyib dəstəyi asır.
Qocaman sənətkar, ictimai xadim provokatordan canını qurtarıb rahat nəfəs alır, havalı şair isə köhnənin kommunistini ürkütdüyünə görə şellənir. Birinə nəticə lazımdır, birinə məzəli situasiya.
Əlisəmidin tez-tez danışdığı bir əhvalat: «Bir dəfə Vidadi Məmmədov, mən və iki-üç yazıçı çayxanada oturub çay içirik. Birdən fantast yazıçı Namiq Abdullayev çayxanada peyda olub yanımızda əyləşir. Vidadi Məmmədov sadəlövh Namiq Abdullayevin zəif damarını tutub deyir:
– Namiq müəllim, bayaqdan burda müzakirə gedir. Atışıb pul yığmışıq, yeyib-içmək istəyirik, ancaq bir qərara gələ bilmirik nə alaq. Araq, konyak, yoxsa çaxır?
Namiq Abdullayevin gözləri alacalanır, dili-dodağı əsir və o, tələsik dillənir:
– Vidadi, nə fərqi var, içki olsun də…
Vidadi ciddiləşir:
– Namiq müəllim, özünüzü ələ alın, «Yeyib-içmək» adı eşidən kimi ifraz etdiyiniz mədə şirəsini geri qaytarın, zarafat edirdim, pulumuz yoxdur, nə yemək, nə araq, nə konyak, nə də çaxır olacaq.»
Əlisəmid hər dəfə bu əhvalatı elə şövqlə, elə həvəslə, elə yerli-yerində danışır ki, sanki danışdığı dünən olub.
Əlisəmid as qumarbaz olmasa da, onun arabir kart sıxmağı var. Hətta həyatda da hərdən qabaqdangəlmişlik, çoxbilmişlik eləmək istəyəndə, rəqibinin gözünün odunu almaqdan ötrü canı-başı özü ilə olmayanda qarşısındakına xox gəlir: «Get özünə, məndə üç tuzdur!» Əslində o, düz deyir, onda həmişə üç tuz olur, amma bu tuzların bəzən biri, bəzən ikisi, bəzən, hətta üçü də saxta olur.
Təsəvvür edin, şıdırğı qumar gedir, oyunçular bir-bir «Mən pəs!» deyib oyundan çıxır, axıra qalan Azər Əbilbəyli (yazıçıdır, indi Almaniyada yaşayır) ilə Əlisəmiddir. Ortada xeyli pul yığılıb. Gözlər alacalanıb, görək kim kimi yeyəcək?! Əlisəmid özünü əsl qumarbaz kimi göstərir, ürəkli gedişlər edib pulu artırmaqda davam edir. Azərsə rəqibinə və ətrafdakılara tox-tox baxıb arxayın-arxayın bığaltı gülümsəyir. Axırda Azər son gedişini edib dillənir:
– Əlisəmid, açıl!
Əlisəmid şəstlə üç tuzu stolun üstünə çırpır.
Azərin gözləri kəlləsinə çıxır:
– Axı, məndə də üç tuzdur – o, kartlarını açır. – Bu necə ola bilər, Əlisəmid?!
Bu vaxt Əlisəmid pulları qamarlayıb cibinə dürtə-dürtə deyir:
– Bunu özündən soruş, mənim əlim düzdür!
Aldandığını sübut edə bilməyən ölüvay Azərin deyinməkdən başqa nə çarəsi var?! Günahını Əlisəmidin boynuna qoymaq olar?!
Şair Sabir Sarvan Əlisəmidin doxsanıncı illərin əvvələrində «Azərbaycan» nəşriyyatında rəssam Gündüzün (bu da Almaniyaya köçüb) emalatxanasında baş verən qumar sərgüzəştləri barədə maraqlı müşahidələrini mənə danışır: «Əlində az xal olsa da, Əlisəmid hər oyunun sonuna qədər udmaq şansını əldən vermək istəmir. Bir dəfə qumarda o, mənimlə axıra qalmışdı. Üz damarlarının titrəməsindən aydınca oxuyurdum ki, hərif hərbə-zorba gəlir, əli aşağıdır. Əvvəlcə məni qaçırmaq məqsədilə o:
– Sabir, biz dostuq, ziyanın yarısından qayıtsan yaxşıdır. – dedi.
Mən möhkəm dayanıb oyunu davam etdirdim.
Əlisəmid bir az geri çəkildi:
– Sabir, dostumsan, səndən keçə bilmirəm, görürəm inad edirsən, eybi yox, gəl bölüşək.
Mən partladım:
– Əclaf, qumarda nə dostluq? Oyununu oyna!
Rəqibinin saqqalığını görən Əlisəmid daşın qayaya rast gəldiyini anlayıb dilləndi:
– Yaxşı, bu oyunu sənə güzəşt edirəm, pulları apar! Ancaq, yerpulumu qoyacaqsan.
Görürsən, o, nəsə qopartmadan adamın yaxasından əl çəkən deyil.
Bir dəfə də qumar vaxtı Əlisəmid görür ki, stolun altında iyirmidollarlıq göyərir. Yəqin ki, bu pul buradakılardan kimsə əlini cibinə salıb-çıxardanda yerə düşüb. O, baş sındırır, pulu yerdən necə götürsün ki, oyundaşları görməsin. Belə məsələlər ortaya çıxanda onun beyni iti işləyir, tez ayağa durub guya ayaqqabısının qopmuş hissəsini yapışdırmaq məqsədilə yapışqan götürür və diqqəti cəlb etmədən ayaqqabısının pəncəsini iki yerdən azacıq yapışqanlayaraq (pul korlanmasın deyə) sivişib yerində oturur. Növbəti əməliyyat ayaq uzadıb onunla üz-üzə oturmuş oyunçunun – iş yoldaşımız Kənanın stulunun altından pulu götürməkdir. Lazım olanda Əlisəmid qolunu və qıçını dartıb uzada bilir. Odur ki, o, rezinləşmiş qıçını gərib pulun üstünə şığımaqla əskinası hop götürür.
Kənan əlini cibinə atıb pullarını çıxardanda iyirmidollarlıq gözünə dəymədiyindən o biri ciblərini ələk-vələk etməyə başlayır və bu qənaətə gəlir ki, pulu çırpışdırılıb. O, səs-küy salıb rəqibləri arasından oğrunu axtarır.
İndicə söyüşmə başlanacağını duyan Əlisəmid oğru ayağını ayaqqabıdan çıxarır.
Kənan söyüşə keçir: Mənim pulumu kim oğurlayıbsa, onun var-yoxunu…
Əlisəmid özünü inandırır ki, söyüş ona yox, ayaqqabıya gedir, ona görə də sudan duru çıxmaq üçün Kənana qoşulur:
– İyirmidollarlıq hansı alçaqdadırsa, bu kişinin pulunu qaytarsın. Belə namərdlik olmaz. Gəlin, ciblərinizi çevirək.
Əlisəmid bir ayağı yalın, bir ayağı ayaqqabılı yerindən qalxıb bütün ciblərini çevirir və özünü təmizə çıxarır. Yazıq Kənan nə bilsin ki, doğrudan da pul heç kəsdə deyil, soyunulmuş ayaqqabı tayının altına yapışdırılıb.
Qumar məclisi dağılandan sonra Əlisəmid ayaqqabısının tayını ayağına keçirdib pulu zay eləməsin deyə həm asta-asta, həm də taytıya-taytıya «Azərbaycan» nəşriyyatının binasından aralanır və dalda bir yerdə üsulluca əskinası ayaqqabısından ayırıb cibişdanına basır.»
Uşaqlıqda dayısı Əlisəmidə kostyum alıbmış. O, köhnə paltarını soyunub təzə kostyumu geyinən kimi, əynindən çıxanları büküb-bükməliyib Kürə qaçır və qoltuğundakını çaya tolazlayır. Binadan başında qalıb, onun əyninin dəyişəyi olmaz, təzə paltar alan kimi köhnəsini ya atmalı, ya da kiməsə bağışlamalıdır. Son illərdə hər dəfə o, nimdaş paltarını Bakının «qul bazarı» deyilən yerlərinə yığışan qaçqın işaxtaranlardan birinə verməsə, ürəyi soyumaz.
Əlisəmid əliaçıqdır, həm də eləsindən ki, onu xəzinə üstünə qoysan, bir həftədən sonra gəlib görərsən ki, nəinki xəzinənin içindəkilər tanış-bilişə paylanıb, hətta xəzinənin yerləşdiyi bina da dostlardan birinin ayağına keçirilib. Ancaq onun bir eybi də budur ki, elədiyini başa qaxandır. Təsəvvür edin, o, Adil Mirseyidlə hansısa kafedə oturub bir şüşə arağı boşaldıb hallanandan sonra cibində qalan son manatları çıxardıb dostu ilə yarı bölür. Adil peyğəmbərlərdən birinin görkəmini alıb deyir:
– Sağ ol, əziz dost! Uşaqlarımı da unutmursan, bu axşam onlara çörək aparacağam. Ancaq səndən bir xahişim var.
– Nə xahiş? – Əlisəmid şeşələnir.
Adil Mirseyid yazıq-yazıq dillənir:
– Mənə qarşı heç vaxt «buynı» (amansız) olma! Axı, biz qardaşıq.
Əlisəmid özündən çıxır:
– Sənə qarşı necə «buynı» olmayım? Arağı mənim «şot»uma içirsən, cibinə pulu mən qoyuram, ancaq sən ayılan kimi məni hərrəməyib Abbas Abdullaya şeir həsr edirsən, Elçinə açıq məktub yazırsan.
Əlisəmidin əbədi və ədəbi məntiqi budur: onunla oturub-durursansa, mütləq hər işdə ona qahmar çıxmalısan. Ancaq onun əksər adamlarda olmayan bir cəhəti yuxarıda söylədiyim yaramaz xasiyyətinə kölgə salır. O, aldığını da deyəndir, gizli işi yoxdur, heç kəsin haqqını itirmir.
Yenə də Əlisəmidin Yazıçılar birliyinin «Natəvan» klubunda keçirdiyimiz yığıncağını xatırlayıram. Yığıncağın axırında o, çıxışını bitirib bütün məclis iştirakçılarını üst mərtəbədəki kafedə hazırlanmış banketə dəvət edərək qulağıma pıçıldayır: «Burdakıların hamısının məclisində yeyib-içmişəm, ucdantutma hamını qonaqlığa dəvət etməyə məcburam.» Adətən «Natəvan» klubunda keçirilən görüşdən sonra səbəbkar özünə yaxın olan beş-altı, on-on beş qələm dostu ilə yeyib-içməyə gedir. Ancaq bütün iştirakçıların banketə dəvət edilməsini yalnız ondan görmüşəm. Xırdaçılıq olsa da, yeri düşmüşkən bir məsələni deyim. Bəzən elələri tapılır ki, belə banketlərin xətrinə görüşlərə gəlib görüşü keçirilən adama qabırğa olurlar.
Doxsanıncı illərin sonunda «Natəvan» klubunda ayda iki dəfə keçirdiyim «Ədəbi klub»un bir görüşünə şair Ağalar Mirzəni çağırmışdım. Görünür, görüş müəllifin ürəyincə olmuşdu. Ağalar kimi insanlarla ünsiyyət qurmaqda çətinlik çəkən, ciddi, qaradinməz adam bu məclisi «yumaq» həvəsinə düşdü və mənə dedi ki, beş-altı nəfər götürək, gedib oturaq. Mən bu barədə bir neçə nəfərlə xosunlaşdım və əlbəttə, marıqda durmuş Əlisəmidə də göz vurub məsələni anlatdım. O, fikrimi göydə tutdu və yaxınlaşıb yavaşca soruşdu:
– Hara gedirik?
Mən çiynimi çəkdim və əlavə etdim ki, Xaqani küçəsilə mərkəzə tərəf gedəcəyik, görək rastımıza hansı kafe çıxır.
Biz beş-altı nəfərlə Xaqani küçəsilə xeyli getdikdən sonra bir də gördük ki, Əlisəmid arxadan deyinə-deyinə qaçaraq gəlir. Ondan nə baş verdiyini soruşdum. O, bir az da coşdu:
– Axmağın biri bayaqdan qəmiş olub ki, Əlisəmid hara gedirsən? Ona hirslənirəm ki, heç bilirəm hara gedirəm? Özümü dəstəyə gücnən saldırmışam, sən də qır-saqqız olub əl çəkmirsən.
Əlisəmid gələndə dörd tərəfdən adamın üstünə gəlir. Onunla eyni küçədə qarşı-qarşıya addımlayırsansa, mütləq səni uzaqdan görüb dörd cəhətdən hücuma keçən dörd adama çevrilib səni dövrəyə alacaq. Əlisəmid sərhəd gömrük məntəqəsi kimi bir şeydir, rüsum ödəməmiş ondan adlaya bilməzsən. Başına, bədəninə nisbətdə ayaqları qısa olan bu adamın (Hafiz Əli onun görkəmini belə ifadə edirdi) öz ayıqlığından və itiliyindən az bəhrələnməsi həmişə məni təəccübləndirib. Gendən zirək, diribaş, qıvraq adam təsiri bağışlayan qəhramanımın qapı-qapı gəzməkdən, dostlarla yeyib-içməkdən, ona-buna şəbədə qoşmaqdan, ara-sıra şeir yazmaqdan başqa sanki heç bir məqsədi yoxdur. Elə bil heç nəyin təəssübünü çəkmir, yaşamaq onun üçün ciddi bir şey deyil. Altımışına gedən adam müdrikləşməlidir, ancaq heç nəyi vecinə almır bu. Bir zamanlar «Yol» qəzetini yaxşı buraxırdı. «Yol» bağlanandan neçə il sonra Əlisəmid bu qəzetin baş redaktoru kimi fəaliyyətə başlamaq istədi, ancaq bir-iki nömrəni çıxartmağa gücü çatdı və «Yol» birdəfəlik qapandı. Daha o, «Yol»la bağlı xatirələrinə nəsə əlavə etmək iqtidarında deyil. Demə, bircə atımlıq barıtı varmış elə.
Əlisəmidin rəssamlığı alababat olsa da, çox gözəl xəttindən danışmağa dəyər, hərfləri muncuq kimi yan-yana düzür. Onun şeir oxuması, qiraəti həmişə mənə ləzzət verib. Öz şeirlərini elə məharətlə iliyinə yeridir ki, bir də görürsən ki, bütün diqqətinlə onu dinləyirsən.
Xasiyyətidir, həmişə təzə şeirini oxuyub qurtarandan sonra soruşur: «Necədir?» Sən fikrini toplayınca sənin yerinə özü dillənir: «Yaxşıdır! Yaxşıdır!» Və sən də ovsuna düşüb onun dediklərini təkrar etməyə məcbur olursan.
Əlisəmid çox maraqlı tipdir, gəldiyi yerə nəfəs (araq və siqaret qoxulu olsa da) gətirir. Dostu Akif Kərimovun dediyi kimi: «Əlisəmid məclisi gərginləşdirir». O, bir məclisdədirsə, mütləq diqqəti cəlb etməli, orada olduğunu bildirməlidir, yoxsa dinc durmayacaq. Ya ucadan atmaca atacaq, ya şuluqluq salacaq, ya yerli-yersiz nəyəsə kəskin etiraz edəcək, ya da nümayişkaranə surətdə qapını çırpıb məclisi tərk edəcək. Ancaq onun dözülməz bir cəhəti də var ki, qələti adam içində eləyib üzrü təklikdə istəyəndir. Məsələn, hansısa iclasda, banketdə kimlərəsə özünü göstərmək üçün sənin üstünə xoruzlanacaq, sən də abrına qısılıb onunla ağız-ağıza verməyəcəksən, sonra xəlvətə salıb boynunu qucaqlayacaq, səni öpə-öpə könlünü alacaq. Həmin iclasdakılar, yaxud banketdəkilər elə biləcəklər ki, Əlisəmid sənin arxanı yerə vurdu. Daha bilməyəcəklər ki, səhnə arxasında nələr baş verir. Şəxsən mənim başıma bir neçə dəfə belə oyunu gətirib o.
Bu yaxınlarda uzun fasilədən sonra mənə zəng etmişdi, səbəb «Sənət qəzeti»ndə yanaşı çap olunmağımızdı, bu fakt məni onun yadına salmışdı. Hal-əhvaldan sonra «Sənin haqqında bir yazı yazmışam» dedim.
– Nə yazıdır elə? – soruşdu.
– Açmışam sandığı, tökmüşəm pambığı.
– On il ömrüm qalıb, mən öləndən sonra çap elətdirərsən.
– Elə şey yoxdur, bu yazını oxu, sonra kefin istəyəndə ölərsən.
Danışığının qırımından hiss olunurdu ki, halı tarazdır. (Badəpərəst, rəhmətlik Məmməd Əkbər həmişə deyərmiş ki, ayılmaq təhlükəsi var.)
Əlisəmidin şair xəyalı göyün yeddinci qatına qalxmışdı, bu fani dünya onun vecinə deyildi. Ömrünün son illərində içkiyə qurşanan, səfil həyat keçirən, düşkünləşmiş və üzülmüş istedadlı şair Rüfət Zəbioğlu badə yoldaşlarına deyirmiş:
Mən öləndə qəbrimi butulkavari tikdirin,
Arada durun gəlin, yeyin-için və ……….!
Əlisəmid söyüşçüldür. Əslində o, həmin söyüşləri «Rədd ol!», «Açıl başımdan!», «Cəhənnəmə ki…» mənalarında işlədir. İçkidən beyni kütləşəndə, özündən, dost-tanışlardan, mühitdən baş tapmayanda bundan yaxşı hansı çıxış yolu ola bilər?!
Sonuncu dəfə keçmiş Torqovı küçəsində Əlisəmidə rast gələndə o, mənimlə çox soyuq görüşüb forsla dedi:
– Bir nəfərə demisən ki, Əlisəmid zəhləmi töküb, düt deyincə vurub iş yerimə gəlir, məni abırdan salır.
Mən güzəştə getmədim:
– Səndən bir adama yox, çoxlarına şikayət eləmişəm.
O, təəccübləndi:
– Hə?!
Mən nöqtəni qoydum:
– Hə!!!
Sərt cavabım onu tutmuşdu. O, siqaret yandırıb bir qullab vurdu, nəsə demək istədi, amma səsinin titrəyəcəyindən qorxub dillənmədi. Təəssüflə mən «namərd qardaş»ı başdan ayağa süzüb çıxıb getdi. Məni peşimançılıq bürüdü.
Əlisəmid Kürün bir misrası var:
«Sənin sağlığına içirəm, Allah!»
Ən ucada duran, yaratmaqdan usanmayan, içimizə sevgi dolduran, günahlarımızı bağışlaya bilən Allahın sağlığına içən şair heç də haram iş tutmur. Allahın sağlığına yalnız şairlər içə bilər.
Mən qələm dostlarımın arasında hərdən Əlisəmiddən söz açanda bəziləri üzünü turşudur, onu az, üzdən tanıdıqlarına görə söhbətə həvəssiz qoşulurlar. Ancaq elə ki, söhbəti genişləndirirəm, görürəm, qulaqlar getdikcə şəklənir, onun haqqında daha çox eşitmək istəyirlər. Nə qədər dəli-dolu, ipə-sapa yatmayan, haylı-küylü olsa da, onu yaxından tanıyan adam Əlisəmidə birkərəmlik biganə qala bilməz. Ən azı hərdən onun şux zarafatlarını, etiraflarını, qoçu hərəkətlərini xatırlayıb dodağı qaçmalıdır. Əlqərəz, Əlisəmidin söhbəti uzundur, onu görsəniz, məndən salam deyin!
 

2006-cı il, yay