Ana Sehife Secilmislere elave et E-mail

© 2007 Bütün
 hüquqlar qorunur


ejderol@rambler.ru


Saytın yaradılması və dəstəyi: «AzeriArt.Net ™» studiyası

Powered by Retro SaytAzeriArt.Net ™



ESSELƏR


Ardıcıllıq

Olan gücümüzdən düzgün istifadə etmək üçün çox düşünüb baş sındırmaq gərək deyil. Bizim əvəzimizə də düşünüblər, özü də min illər boyunca. Ömrümüz uzunu nələr etməli olacağımızı anamız, nənəmiz laylaları ilə qulaqlarımıza pıçıldayıb, oxuduğumuz kitablar, yazılar dönə-dönə bizi başa salmağa çalışıb, gördüklərimiz isə keçmişdən miras qalan vəsiyyətlərin, nəsihətlərin doğruluğunu hər gün təsdiq edib. Yaşamaq haqqında saysız-hesabsız nəzəriyyələr əlimizin altında ola-ola yenilərini yaratmağa çalışırıq. Təzə yolların tapılmağı bəzən heç ömrümüz bahasına da başa gəlmir. Elə ideyalar var, min-min insanlar ona qurban gedib, ancaq heç kəs ondan yararlanmayıb. İnsanlıq xoşbəxt olmaq üçün həmişə asan vasitələrə can atır. Ancaq neyləyəsən ki, ora gedən yol ömrümüz qədər uzun və çətindir. Biz uşaqlığımızı bir ilə keçə bilmədiyimiz kimi, ağıllı, həqiqət tərəfdarlığını da asanca qəbul etmirik.
Tarix boyunca əcdadlarımız tərəfindən yaradılan həyat proqramlarının, «izm»lərin hamısında tərəfgirlik var. Hər proqram onu təklif edənin və onun ətrafındakıların tərəfini saxlayır. Bunlara qabaq olan insanlığın sınaqdan çıxmış ümumi əxlaqi fikirləri ta qədimdən indiyədək hər əsrdə dönə-dönə təkrar olunub. Hər əsrdə insanlar ya fəlsəfi, ya da dini baxımdan kamilliyə çağırılıb. Ancaq hər əsrdə kamillik məqamına barmaqla sayıla biləcək adamlar çatıblar. Onlar da o qədər az olublar ki, həlledici rol oynamayıblar. Həm də onları istədikləri kimi başa düşməyiblər. Axı, kamilliyin öz dili var:


Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilər ancaq.


Bu «quş dili»ni öyrənmək üçün zamanca, yaşca xeyli yol getməliyik. Hərdən düşünürsən ki, görəsən, cəmiyyəti, yaxud onu yaradan ayrı-ayrı adamları kamilləşdirmək mümkündürmü? Axı, müdriklər əsrlər boyunca insanlığın xilasını bunda görüblər. Əgər xilas olmaq yolunu tapmışıqsa, onda nə gözləyirik?
Bizim əsrimizdə kamillik haqqında az danışılsa da, mənəvi zənginlik mühitinin (min bir adda kitablar, ədəbiyyatın, incəsənətin saysız-hesabsız qolları, texniki üstünlüklər, kompüter çeşidləri və s. və s.) yaradılmasına çalışmaq elə bu deməkdir. Lakin bu zənginliyin adamlara bədbəxtlik gətirən üzü də var. Bu zənginlik içərisində məqsədini, yolunu aydınlaşdırmaq çətindir. Çaşbaş qalmaq qorxusu adamı qıpıq eləyir. Çox vaxt adamlar məqsədini, məramını nəinki başqaları, hətta özü üçün izah edib aydın kəlmələrə çevirə bilmir. Bəzən «Neyçün cahana gəldim?!» çaşbaşlığında ilişib qalırıq. Elə olur ki, insan özünə baxıb ağır vəziyyətini düşünəndə xeyli bədbəxt olduğunu fikirləşir. Lakin o, fərd yox, insan nəslinin bir üzvü kimi keçmişlə gələcək arasında körpü, ötürücü olduğunu düşünəndə toxdayır. Kamil insan təkcə uşaqlığını, gəncliyini deyil, bəşəriyyətin milyon illər keçdiyi yolu özünün keçmişi hesab eləyir. O, gələcəyə özünün yox, hamının gələcəyi kimi baxır. Belə olanda insan öz tarixi vəzifəsini yerinə yetirməyə çalışır.
Öz başına gələnlərdən ibrət dərsi götürmək asandır. Əsl ibrət dərsi odur ki, sən onu başqalarının həyatından götürəsən. Sən dostunun, tanışının, haqqında eşitdiklərini həyatının qabarıq tərəflərini özünə görk edəndə, onların naqis cəhətlərindən çəkinəndə insanlıq yoluna çıxmış olursan. Belə olanda sən min il əvvəl yaranmış xeyirxah bir ideyanın təəssübünü çəkə bilərsən. Başının üstündəki adamın deyil, min yaşlı bir müdrikin dediyini yerinə yetirməyə çalışırsan. Kiminsə dediklərinə kor-koranə əməl etmək çox asandır, müdriklərin vəsiyyətlərinə əməl etmək çətindən çətin. Adamların əksəriyyəti asan yolla gedirlər. Onlar yaxşı yeyib-içməyə, dəbdəbəyə, bəzək-düzəyə can atıb, özlərinin dediyi kimi «dünyadan kam almağa» çalışırlar. Guya, dünyadan doymaq olar. Əlbəttə, müdriklər də dünyadan «ləzzət aparmağa» çağırırlar. Ancaq onların ləzzəti ilə dünyadan kam almaq üçün özünü oda-közə vuranların kef-damağı arasında böyük fərq var. İnsan bu fərqi ayırd edib ona əməl etməyincə qayğısı çox olacaq.
Mənə elə gəlir ki, bədənimiz həmişə ruhumuza yük olub. Bədən dincəlməyi sevir, ruh isə həmişə harasa can atır. Bədən, necə deyərlər, çox vaxt ruhu gözəl səfərlərdən saxlayır. Ruhun bədənə güzəşt edib, onu özbaşına buraxması dəhşətdir. Biz bədənimizin nazı ilə oynayıb, düşündüyümüz xeyirxah əməlləri yerinə yetirməyə ləngiyəndə özümüzə xəyanət edirik. Biz nə qədər gözəl işlərə başlayıb onları yarımçıq qoymuşuq. Əslində məzmununa görə bütün işlər əbədidir. Xeyirxahlıq da əbədi olmalıdır. İnsanlar xeyirxah işlər arasında fasilə verəndə tarazlıq pozulur. Bir müstəbidin axırına çıxan insanlıq nəfəs dərmək üçün Şəri özbaşına buraxan kimi, başqa bir müstəbid yetişib meydana gəlir. İnsan xeyirxah əməllərində ardıcıl, sabitqədəm olmalıdır. Bir xeyirxah insanın ömrü başa çatanda onun yerinə başqası olmalıdır.
Keçmişi idealizə edən gözəl rəvayətlərə, nağıllara, əfsanələrə aldanıb insanların haçansa küll halında xoşbəxt yaşadığına inanmıram. Əgər hasansa dünyada hamı xoşbəxt olsaydı, bu gün saysız-hesabsız bədbəxtlərlə rastlaşmazdıq. «Qızıl dövr»lər kimlərinsə məqsədinə xidmət edir. Dövlətlərin qızıl dövrü olsa da, xalqların qızıl dövrü olmayıb. Məddahların yalanını başa düşmək çətin deyil.
Ümumiyyətlə, biz qəribə məxluquq. Keçmişin haqsızlıqlarına qəzəblənirik, əyər-əskiklərinə gülürük, yaxşı cəhətlərinə isə laqeydik. Əgər biz haqsızlıqları tənqid ediriksə, niyə haqqın tərəfində durub onu davam etdirmirik? Bunları desək də, həvəsdən düşməyə dəyməz. Dünyada xeyirxahlıqları ilə sabitqədəm, ardıcıl adamlar var. Ardıcıllıq kamillik əlamətidir.
Yenə də gəlib beş-on adamın üstündə dayandıq. Dünyanı düzəltmək fikrində olanların sayı nə qədər də azdır? Hər gün nə qədər adam «Dünyanı mən düzəldən deyiləm ki…» asan yoluna üz tutub öz mövqeyindən əl çəkir. Bir rəvayət yadıma düşdü. Yəqin bu rəvayəti uyduran adam da öz mövqeyindən əl çəkib, ardıcıl olmağın çətinliyinə dözməyərək çoxluğun tərəfinə keçmişlərdəndir:
«Deyirlər, bir gün Bəxt tanrısı başının dəstəsilə öz məqamında əyləşib bəxt paylayırmış. Xəbər gətirirlər ki, iki gənc oğlan bəxt diləməyə gəlib. Bəxt tanrısı birinci gənci hüzuruna çağırtdırıb onu dindirir.
Birinci gənc deyir:
– İstəyirəm elə bəxtim olsun ki, bütün ağıllı adamlar məni tanısın, onların arasında seçilim.
Əyanlar gəncin bu sözlərini eşidib biri-birinə baxırlar. «Bu gənc ağlı ilə dünyanı fəth edəcək!» deyirlər. Amma Bəxt tanrısı qaşqabağını töküb gəncin diləyini yerinə yetirəcəyini deyir.
İkinci gənc Bəxt tanrısının hüzuruna gəlib deyir:
– Ey Bəxt tanrısı, diləyim budur ki, bütün axmaqlar arasında ad çıxarım, onlar məni barmaqla göstərsinlər.
Əyanlar bu qəribə arzulu oğlanı ələ salıb gülürlər. Bəxt tanrısı isə məmnun-məmnun oğlanın istəyinə çatacağını deyir, onu yola salır. Bəxt tanrısının hərəkətlərindən təəccüblənən əyanlar ondan soruşurlar:
– Ey Bəxt tanrısı, niyə birinci gəncin ağıllı arzusuna dodaq büzdün, ikinci oğlanın axmaq istəyindən razı qaldın?
Bəxt tanrısı cavab verir:
– Çünki, birinci gəncə yazığım gəldi. O yazıq ağllı adamlar arasında hörmət qazanmaq istəyir. Bilmir ki, hər kənddə, hər şəhərdə bir və yaxud bir neçə ağıllı adam var. Onların da gücü heç nəyə çatmır. Elə adamların hörmətini qazanmaqla neyləmək olar? Buna görə də onun ağılsız arzusu məni məyus etdi. Ancaq ikinci gənc mənə ağıllı göründü. Çünki, dünya axmaqla doludur. O gənc böyük uğurlar qazanacaq, milyonlara başçılıq edəcək!»
Xeyirxah mövqeyindən əl çəkməyənlər, ardıcıl olmaqları ilə kiçik qələbələr qazanırlar. İnsanlığı yaşadan həmin kiçik qələbələrdir. Dünyada hər ölkənin öz siyasəti var. Biz ölkələrin hər beş-on ildən bir siyasətini, ardıcıllığını dəyişən bir dünyada yaşayırıq.
 

1991
 


***


Gücümüz çatmırsa…


Hər kəs başqalarından özünə qarşı qayğı, xeyirxahlıq umur. Ancaq nə hamının bir adama həmişə canıyananlıq etməyə gücü çatır, nə də bir nəfər başqalarına daim əl tuta bilir. Adam heç özü özünü hər işdə yarıtmaq gücündə deyil.
Görkəmli bir adam baxımsızlıq ucundan dünyadan köçəndə, qiymətli bir şey əlimizdən gedəndə təəssüflənirik. «Qədrini bilmədik!», «Onu qorumadıq!» deyirik. Hələ mən eşitməmişəm ki, deyən olsun: «Biz onu qoruya bilməzdik, gücümüz çatmazdı!». Bu, əslində döşünə döyüb özündən razı olmaqdır. Guya biz istədiyimizi edə bilərik. Özümüzü yalnız yüngülcə danlayırıq ki, nəyisə qorumaqda başısoyuqluq eləmişik.
Əgər əlimizdən birdəfəlik gedənlər bizi ayıldırsa, onda niyə baxımsızlıq içində yarımcan yaşayan gərəkli adamların köməyinə getmirik?! Niyə əlimizdə olan şeylərin qədrini bilmirik?! Yəni doğrudanmı bunlara gücümüz çatar? Məgər qayğı gözləyən azdır? Hara gedirsən, kiminlə görüşürsən, kiçikdən-böyüyə qədər hər şeydə, hamının qayğıya ehtiyacını görürsən. Bəşəriyyət gecə-gündüz qayğı «istehsal» edir. Ancaq bu cəhətdən dəhşət qıtlıqdır. Neyləyək ki, ehtiyaclıların hamısı bir vaxtda yaşayırlar.
Kimi dindirsən, xeyirxahlığından dəm vura bilər. Çoxları yerinə yetirdikləri adi insani borclarına xeyirxahlıq adı qoyurlar. Mən nə qədər adamın dilindən eşitmişəm, deyib: «Mən heç kəsə pislik eləməmişəm!». İstəyirəm onlardan soruşum (indi soruşuram): Kiməsə pislik eləməliydin ki…?!
İnsan öz qabında nə olduğunu biləndə daha güclü görünür. Gücümüzdən artıq iş görməyə çalışanda məğlub oluruq. Xeyirxahlıq imkana görə olmalıdır.
Niyə boynumuza almırıq ki, hətta hər gün gördüyümüz adamların hamısı ilə eyni həvəslə qarşılaşmağa gücümüz azlıq edir. Mən tanışlarıma deyirəm ki, hər dəfə sizə eyni diqqətlə yanaşmayanda fikir verməyin. Axı, mənim canımda o qədər can yoxdur. Elə sizi də özüm kimi görürəm.
Neçə il əvvəl müdrik bir qocanın qonşuluğunda yaşamalı oldum. O, həmişə özünü başqalarına mane olmaqdan qoruyardu. Kiməsə əl tutmaq imkanı olmasa da, özü də təmənnasız keçinərdi. Hərdən küçədə rastlaşardıq. Hal-əhval tutmazdıq. Elə bil, düşünürdü ki, nə mən onu cavanlaşdıranam, nə başının ağrısını azaldanam, nə də o mənim işlərimi irəli aparandı. (Doğrudan biz öz dost-tanışlarımızla həddindən artıq hal-əhval tuturuq, keflərini soruşuruq. Çox vaxt hadisənin, sevincin, dərdin, kefin tarixçəsini öyrənməkdən başqa heç nəyə nail olmuruq. «Necəsən?» sualına «Sağ ol, yaxşıyam!» cavabını verənlər öz yüklərini özləri çəkmək istəyənlərdir.) Yəqin ona elə gəlirdi ki, qonşu kimi xüsusi nidalı salam verməyə ehtiyac yoxdu. Mən istəyirdim ki, qonşuluq münasibətimi bildirim. Bəlkə elə buna görə də üz-üzə gələndə həmişə məni qabaqlayıb beş-altı addımlıqdan, «Deməliyəm ki, salam!» deyib, cavab almaq üçün addımlarını yavaşıtmadan sovuşub gedərdi. Arada quru cavab verməkdən artıq yer qalmazdı. Əvvəllər o qocaya adamyovuşmaz kimi baxırdım. Lakin onun müdrik görkəmi yavaş-yavaş məni bu fikrə gətirdi ki, salam allahın salamıdır və onu insan kimi hamı bir-birinə verməyə borcludursa, xüsusi canfəşanlığa nə ehtiyac?
Əgər mənəvi və fiziki gücümüzün məhdudluqlar içərisində olduğunu boynumuza alsaq, göylə getməsək, özündən razılığımızı yerə qoysaq, biri-birimizə daha çox gərək olarıq.
Bəla onda başlayır ki, başqalarından fikrimizdə tutduqlarımızı umuruq. Qarşımızdakının hansı halda, ömrün hansı məqamında olduğuna fikir vermirik. Hətta, çox vaxt insan münasibətlərinə belə yanaşma ağlımıza gəlmir.
Özümüzü qarşımızdakının yerinə qoyanda, onun sevincini, dərdini başa düşməyə çalışanda ürəyimiz qızır, gözəl insani hisslərimiz oyanır. Gəlin yadımıza salaq ki, biz ancaq başqalarının taleyini dərindən düşünəndə xeyirxah olmuşuq.
Həmişə demişik: «İnsan güclüdür!» Ancaq gücün həddi aşılanda başlanan gücsüzlükdən az danışmışıq. İnsan nələrə gücü çatdığını gözünün altına almalıdır. Bəşəriyyətin gücsüzlüyü onun ayrı-ayrı nəfərlərdən ibarət olmasında, gücü birləşməsindədir. İnsanların fikir birliyini yaratmaq heç vaxt mümkün olmayıb, heç olmayacaq da. Ancaq bundan qorxmaq da lazım deyil. Bu, o qədər də qorxulu fikir deyil. İnsanlıq milyon illər belə yaşayıbsa, milyon il sonraya da, ümid etmək olar. Hərdən mənə elə gəlir ki, dünyanın düzələcəyi xəyalilə deyil, «Dünya elə belə olmalıdır!» fikrinə söykənəndə daha güclü oluruq. Dünyanı necə düzəltmək haqqında çaşbaş düşüncələrlə yaşamaqdansa, tarixin gedişatına yön vermək daha faydalıdır.
İnsan həmişə vaxta uduzub. Vaxtla ayaqlaşmaq müşkül işdir. Çünki, vaxt yorulmadan eyni yüksək sürətlə gedir. Ancaq biz, çox baxanda gözümüz, çox yeriyəndə dizimiz, ayaqlarımız, çox düşünəndə başımız, çox işləyəndə bütün bədənimiz ağrıyır. Bu gününü unudub keçmişində gözü qalanlar və gələcəyə can atanlar daha artıq gücsüzdürlər. Keçmiş dalınca göz qalmaq üçün deyil, öyrənməkdən ötrüdür. Gələcək-bugündən qaçmaq üçün sığınacaq deyil, indinin davamıdır. Biz düşüncəmizlə bunların (keçmişin, indinin və gələcəyin) hansında çox yaşayırıqsa, o dövrün adamıyıq.

 
1991


***


Qarışıq zəmanə

Müharibələr, çeşidli çəkişmələr, iqtisadi-siyasi böhranlar insan xarakterinin min bir tərəfini açır. Təsadüfi deyil ki, insan münasibətlərini dərindən və genişliyi ilə göstərən möhtəşəm bədii əsərlər ya tarixi çarpışmalar vaxtında yaranır, ya da haçan yazılmasından asılı olmayaraq həmin dövrlərdən bəhs edir. Çünki, müharibələr, çəkişmələr insanların rahatlığını, yuxusunu, varını-yoxunu əlindən alır. İnsan elə hala düşür ki, taleyindən, arzusundan çox ruzusu, bir qarın çörəyi haqqında düşünür. Hər şeyi əlindən alınan insan təkcə daxili enerjisinin, mənəvi zənginliyinin ümidinə qalır. Belə hallarda insani dəyəri ucuz, heç bir çətinliyə hazır olmayanların qarşıdurmaları başlayır. Ağıl deyil, yalnız instinklər iş görür. Adamların çoxu yaşamaq uğrunda mübarizə adı ilə çalıb-çapmağa, çırpışdırmağa cumurlar. Dəhşət onda başlayır ki, insan sonuncu sərvətini, yəni özünü satmağa başlayır. Xəyanət, ikiüzlülük, yalançılıq, qəddarlıq və bu sözələrə qohum çıxan mənalar peşəyə çevriləndə İnsan qorxunc olur. Soruşula bilər, xəyanəti, ikiüzlülüyü, yalançılığı, qəddarlığı alan kimdir, yəni onlara da müştəri çıxan varmı? Elə birincisi insanın özü-öz əyriliklərinə müştəri ola bilər. İnsan ona arxalanana xəyanət edib müvəqqəti olsa da necə deyərlər, «çulunu sudan çıxardanda» ikiüzlülüklə boynundan məsuliyyəti atıb yüngülləşəndə, ürəyindəki bədxah fikirləri dilinə gətirməyib yalan danışanda, tamahı ucbatından qan tökməyə də hazır olanda şər əməllərə şərik çıxır.
Ta qədimdən bugünə qədər İnsana xeyirxahlıq kimi şər əməllər də gərək olub. İnsan məqsədinə çatmaqdan ötrü bədxahlığa da qulluq edib. Yoxsa şər xeyirə əbədi yoldaş olmazdı ki…Ancaq qanun, müqəddəs kitablar çalışıb ki, insanlar şər əməldən çəkinsin. Həyatda ən çətini namusla, vicdanla yaşamaqdır. Namusu, vicdanı atan hər bir adam maddi ehtiyaclarından yaxasını qurtarır. Ancaq namusluluq, vicdanlılıq necə şərəfli şeydirsə, ən alçaq adam da namuslu, vicdanlı görünmək istəyir. Müdriklər məhz insanın bu yaralı yerindən yapışıb onu saflaşdırmağa çalışırlar. Xeyir tərəfdarı olmaqdan şər tərəfdarı olmaq qat-qat asandır, çünki Xeyirin keçilməz mənəvi sərhədləri var. Şər qarşısına çıxanı süpürüb-təmizləməyə hazırdır. Əslində bizim dilimizdə «yaşamaq uğrunda mübarizə» kəlamı həmişə müsbət mənada səslənib. Müdriklər insanları daim yaşamaq uğrunda mübarizəyə səsləyiblər. İndi kimi dindirsən, bu çağırışa səs verəcək. Kim yaşamaq istəmir ki?! Elə sirr də bu mənadadır. Min bir çaları olan bu mənada. Hər kəs «mübarizə» çağırışınıi öz düşüncələrinə uyğun şəkildə qəbul edir.
Mən yaxın dostlarını aradan götürən bir qanqsterin qeydlərini oxumuşam. O, dostlarını öldürməyin səbəbini açıb deyir ki, onların ikisini də çox sevirdim. Ancaq ikisi də mənim əlimlə o dünyaya getdilər. Çünki, dəstəmizin ümumi işinə mane olurdular. Qanqster kimi düşünsək, o haqlıdır, öhdəsinə düşən işi görür, həmin dediyimiz «həyat uğrunda» mübarizə aparır. İş burasındadır ki, qanqsterliyi bir kənara qoyub, insan kimi düşünəndə, onu cəzalandırmaq istəyirik.
Qərb filosofunun fikridir: «Hakimiyyətə hansı yolla gəlirsən gəl, məqbuldur.» Bu ifadə necəliyindən asılı olmayaraq hər hansı hakimə haqq qazandırmaq deyilmi? Yaxud, dilimizin əzbəri olan bu ifadələr: «Qalib haqlıdır!», «Son söz qələbə çalanındır!»
Əgər ucdantutma hamı güc, zor, üstünlük tərəfdarıdırsa, qələbəni bunlardan sonra görürsə, məğlub tərəfin halı necə olacaq? Əgər onun haqqını qorumağa gücü çatmırsa, bəs ədalətin qeydinə kim qalsın?
Mənə elə gəlir ki, əsrlər boyunca qalib tərəflərin yazdığı tarix kitabları insanlara fəlakətdən başqa bir şey gətirməyib. Tarix kitabları keçmişimsizi bizə təhrif edilmiş şəkildə öyrədir. Əgər insan keçmişdən qəzəblənirsə, yaxud qalib babaları tərəfində yazılmış dünəni ilə öyünüb azğınlaşırsa, özü özünə qənim çıxır. Əgər bu xalqın qəhrəmanı başqa xalqın qəddar düşmənidirsə, (istənilən qədər belə qəhrəman adı çəkmək olar) deməli, insanlıq öz içində qarşıdurmaları bəsələməklə məşğuldur. Bir xalqın sevinc, qələbə bayramı başqa xalqın matəminə çevrilməsinin dəhşətini təsəvvür edin. Dövr dəyişəndə, ehtiraslar qızışanda, məqsədlər toqquşanda müdriklərin, fikir adamlarının da yazısı, danışığı sərtləşir.
On dördüncü yüzilliyin şairi Qazi Bürhanəddin bir beyt:


Gözümdən axan yaşlara tufan necə bənzər,
Ürəkdən olan qanlara ümman necə bənzər.


Adətən bənzədilən bənzənəndən kiçik, zəif olur. Həmişə gözdən axan yaşın gurluğunu və kəsilməzliyini (dərdin böyüklüyü) təsəvvürünü yaratmaqdan ötrü leysana (tufana), ürək qanına ümmana bənzətmişik. Ancaq bu beytdə hər şey əksinədir. İnsanın göz yaşı təbiətinkini keçir. O, təbiətdən güclü hönkürür. İnsan aləmin bir parçası olduğu halda, təbiətin haldan-hala düşməsi insanın yanında yalan olur.
İki əsr sonra on altıncı yüzillikdə Füzuli yazırdı:

Müxalif dövrdən gülgün şərabı qanə dəgşirdim,
Sürudun cəngü udun naləvi əfqanə dəgşirdim.

Zəmanənin qarışıqlığı ucbatından şair gül rəngli al şərabı qana, cəng və udun səsini, nalə və haraya dəyişdirir. Yəni qırmızı rəngdən söhbət gedəndə şərab yerinə qan yadına düşür. Cəng və ud səsi əvəzinə nalə və haraya qulaq asır.
Bizim də zəmanəmiz qarışıqdır. Deyəsən, yavaş-yavaş yolumuzu azırıq, özümüzü itiririk. Yalnız mənən güclü olanlar dövrün sınağına davam gətirə biləcəklər.
 

1991