Ana Sehife Secilmislere elave et E-mail

© 2007 Bütün
 hüquqlar qorunur


ejderol@rambler.ru


Saytın yaradılması və dəstəyi: «AzeriArt.Net ™» studiyası

Powered by Retro SaytAzeriArt.Net ™



ŞEİRLƏR


 

Könül vuruşu

Könlümü vuruşa çıxarmışam mən,
Səf-səf, qoşun-qoşun kədərlə, qəmlə.
Mənim ürəyimin hər döyüntüsü,
təzə bir hücumdur, yeni bir həmlə.

Bütün vuruşlardan uzundur, uzun,
bu saat, bu fəsil, bu il vuruşu.
Dönük zəmanəmlə aramızdakı
könül vuruşudur, könül vuruşu.

Mənim ürəyimin döyüş marşı var,
hər an eşidirəm, hər an o marşı.
Belə vuruşmayıb İmamsöyün də,
bir könül milyona, milyarda qarşı.

Mənə gələn zərbə özümə dəyib,
onu qardaşıma ötürməmişəm.
Bircə bayrağım var, döyüş bayrağı,
yanımca ağ bayraq götürməmişəm.

Yerindən oynayıb, yurdundan olub,
qəlbin sevən yeri hara bağlıdır?
Bədənə-çadıra sığışa bilmir.
elə bil qaçqındır, qarabağlıdır.

Mən öz ürəyimə yaxşı bələdəm,
döyüşər döyüşün sonuna qədər.
İnsanlar, mən sizin aranızdayam,
günəşli qiyamət gününə qədər.
 


***


Mən

Əzabı mən elə gözəl çəkirəm,
Çəkdiyim əzabdan heç kəs usanmır.
Özüm öz başıma sığal çəkirəm,
Məndən söz düşəndə söhbət uzanmır.

Dərd məndən əlini büsbütün çəkib,
dərdi sonalayıb, qəmi seçirəm.
Əzabın altından pis tütün çəkib,
üstündən şipşirin su da içirəm.

Ağrıya, əzaba qənim ürəyim,
hamını yatırdıb gecə ağrıyır.
Bircə mən bilirəm mənim ürəyim,
hərdən həzin-həzin necə ağrıyır.

Təmkinim elə tez pozulmaz, atam,
çox da iş pozulur, saç yelən salır.
Xoşbəxt günlərində quduran adam,
dərdə düşən kimi vay-şivən salır.

Başdan eləyirəm, başdan əkirəm,
kim doğan səhərə şükür eləmir.
Əzabı mən elə gözəl çəkirəm,
bir kimsə dərdimdən fikir eləmir.
 


***


Gizlənən


Baxmadı heç umana,
Dağ büründü dumana.
Duman qaldı gümana,
Qaya məndən gizlənir.

Arı keçir balından,
Kəpənəklər xalından,
Biri dönür yolundan,
Guya məndən gizlənir.

Gah çiçək arxasında,
Gah mələk arxasında,
Gah böcək arxasında
Dünya məndən gizlənir.
 


***


Ürəyin

Zoru sevmir, onu zora salmayın,
Ağlamadır, qara-qura salmayın,
İncitməyin, ora-bura salmayın,
Dilmancıyam gözləri nəm ürəyin,
Gup-gupunu çevirirəm ürəyin.

Bir ömürdə bircə çimir almaz o,
Biz yatarıq, öz işindən qalmaz o,
Nə qocalmaz, nə də yaşa dolmaz o,
İlk sevgindir hər yaşında ürəyin,
Dad-tamı var göz yaşında ürəyin.

Dolu qandır, qan-qan deməz, dedirtməz,
Ona qalsa, haram yeməz, yedirtməz,
Elə bilmə dediyini yeritməz,
Qırılanda ağrısı var ürəyin,
Hara çəksən, doğrusu var ürəyin.

Baxan deyil işarəyə, him-cimə,
Titrədimi, toxundumu sim simə,
Başlayacaq dodaqaltı zümzümə,
Həzin-həzin mələyəcək ürəyin,
Bildiyini eləyəcək ürəyin.

Mən bir ürək quruluşu qurmuşam,
Canla-başla qulluğunda durmuşam,
Bu köhləni çox dişimə vurmuşam,
Mənnən sözü yaxşı tutur ürəyin,
Ürəyindir sinəm cıdır, ürəyin!
 


***


Sağlıq dostum

Fantast yazıçı
Namiq Abdullayevin ölümünə


Yasına gələnlərin hamısı
sağlığında səndən qaçırdı.
Qəribədir, xətrinə dəymirdi
Bu, səni açırdı.
Biz yaşamaq dəlisiydik,
sağlıq dostuyduq.
İşini bilmişdin,
Mənə demədən
qəfil ölmüşdün.
Qohum-qardaş
axır ki, başına yığılıb
ölünü aparıblar
qırx il getmədiyin kəndinə.
Həmişə gələrdim indinə.
Yasına gəlmədim,
Ovsuna gəlmədim.
Bircə şərtlə gələrdim,
bilsəydim oturmusan,
məclisinin başında.
Bir kimsəyə baxmadan
ehsanında yeyirsən.
Arabir də lələşinə göz vurub,
xəlvət-xəlvət yüz vurub
özün-özünə rəhmət deyirsən.
 


***


Qəmciyəz

Xoş gəlmisən, qəmciyəz,
Nə deyirəm mənciyəz.
Qəmin içiyi olmaz,
Böyük-kiçiyi olmaz.
Sərçə kimi donmusan,
Əllərimə qonmusan.
Qəmlərimə gəl qoşul,
Mənim gözlərim yaşıl,
İsti qanıma buyur!
Yarı canıma buyur!
Mən səni tək qoymaram,
Gözlərindən doymaram.
Bit dilimin ucunda,
Saqqalımda, saçımda,
Dən sağlığına qismət!
Mən sağlığına qismət!
 


***


Qorxma!

Qorxursan qəfildən yağan yağışdan,
Zülmət gecələr də qorxan yerindir.
Qorxursan naqolay sözdən, baxışdan,
Səni qorxudan da sənin birindir.

Deyirsən, gizlətsən ağrı-acını,
Aralar qarışmaz, bulanmaz sular.
Əkmirik Allahın qoz ağacını,
Deyirsən düşəri-düşməzi olar.

Keçər düşər-düşməz, solar hər baxış,
Qara geyim də gey, səbrdən də keç.
Bilirsən nə deyir hər qəfil yağış,
Qorxma, ovcunu tut, bir qurtum su iç!
 


***



Dəyişik düşmüşük

Sizin aranızdan bəlkə də qaçdım,
Şərik yox dərdini bölən adama.
Bəlkə də dözməyib sirrimi açdım,
Özgə planetdən gələn adama.

Soyuq qarşılayıb belə küskünü,
O da şikayətə başlayacaqmı?!
Yerinin sirrini açan miskini,
Göydən gələn adam xoşlayacaqmı?!

Mənim güvəndiyim o boşqab – gəmi,
Yaxşını yamandan seçmədi bəlkə.
Duyub dediklərim Yerdəki kimi,
Göydə də bir işə keçmədi bəlkə.

Kaş göydən gələnim dərd bilən ola,
Bəlkə o da bizə dərdi-sər gəlir.
Bəlkə tanrı dözmür bu qalmaqala,
Meracdan təzə bir peyğəmbər gəlir?!

Bəlkə kimsə onu didərgin salıb,
Başqa planetə ümiddir o da.
Bəlkə mənim kimi havada qalıb,
Yer tapmır özünə quruda, suda.

Bəlkə də günahlar heç bizdə deyil,
Dəyişik düşmüşük, o, gəl-getdədir.
Bəlkə mənim yerim Yer üstə deyil,
Uzaqda, özgə bir planetdədir.
 


***



Üzülmə!


Mən gedərgəlməzdən qayıda bilsəm,
dur çıx yol üstünə, gedən gələr də…

Mən gedərgəlməzdən dönməyib, ölsəm,
üzülmə birdənəm, adam ölər də…
 


***


Sevən ki, eşqi yolunda


Ölmürsə, neynirsən onu?!
Gedib o dünyanı görüb
gəlmirsə, neynirsən onu?!

Ürəyimi al əlinə,
Qoy düşməsin kal əlinə,
Toxunanda gül əlinə,
bilmirsə, neynirsən onu?!

Düşsən şərə, qalmaqala,
xəbər göndər Əjdər Ola,
Əjdər gərək Əjdər ola,
olmursa, neynirsən onu?!
 


***



Təəssüf


Xəzəl işıq qurusudur,
Meyvə qurusu deyil.
Göz yaşım dup-duru sudur,
Bəndə ruzusu deyil.
 


***



İnsan adına


Yüzüncü babamın itmiş adı tək
adları ya torpaq, ya göy udacaq.
Köhnə divardakı qədim bir yazı,
suvaqlar altında itib-batacaq.

Bunu kim uçurub, onu kim tikib,
düşərli dənizin, dağın yadına?!
Axırda adları unudacaqlar,
hər şey çıxılacaq İnsan adına.
 


***


Xoşbəxt


Xoşbəxt günlərim olub,
anlarım olub,
Xoşbəxtliyi üzümdən
oxuyanlarım olub.
Xoşbəxtlik qəfildən gəlir,
qəfildən gedir.
Hər nədirsə, tez əldən gedir.
Yoxsa, necə olar,
deyəsən:
Bütün işlərimi
sahmana salıb,
xoşbəxt günlərimi yaşayım.
Belə olanda
Mən söhbətə hardan başlayım?
Xatırlayanda da xoşbəxtəm,
arzulayanda da.
Bəzən xoşbəxt-xoşbəxt işləmişəm.
sevgimi xoşbəxtlik bilmişəm.
Bəzən xoşbəxtlikdən
ürəyim ağrıyıb həzin-həzin.
Bəzən ondan qaçmışam,
Bəzən ona sarı sürünmüşəm
dizin-dizin.
Nə pis günümdə özümü itirmişəm,
nə yaxşı günümdə.
Odur ki, elə həmişə
bəxt quşu olub çiynimdə.
Ən dərdli adamı da
ən azı bir an
xoşbəxt edərəm indi.
Bu saat tam,
Könlümdən arxayınam!
 


***



Vaxtından gec doğulan şah


Ay səni, vaxtından gec doğulan şah,
Qarşında tək elə mən baş əyirəm.
Səni də bu cürə qarğıyıb Allah
Əlimdən nə gəlir, hayıf deyirəm.

Tifaqın dağılıb, taxtın-tacın yox,
Sən kimdən qaçasan, kimə çatasan?
Kimsədən qorunmaq ehtiyacın yox,
Bircə öz evində şahsan – atasan.

Durub öz döşündən fərman verirsən,
Eşidib-bilən də sözünə baxmır.
Bu qədər qaravaş, nökər görürsən,
Heç biri qanrılıb üzünə baxmır.

Gözündə eynidir daha ağ, qara,
Bahar onun kimi, qış onun kimi.
Küçəyə sığmayan izdihamlara
Baxırsan yiyəsiz qoşunun kimi.

Nə sənin qapına münəccim gəlir,
Nə yetir yerinə nəzirin hələ.
Özün bu əsrdə, eh, Allah bilir,
Haçan doğulacaq vəzirin hələ.

Şahlığın tək elə adında qalar,
Zaman alqışlamaz şahlıq cəhdini.
Eh, hələ səndən də pis günə salar,
Oğlunu – guya ki, vəliəhdini.

Vaxt dəbə salıbmı bic doğulmağı,
Şah doğan qızdanmı kişilər qaçıb?
Kim bilir, bəlkə də gec doğulmağın
Bizim başımıza min oyun açıb?!

Dərvişəm, ölkəni gəzib gəlmişəm,
Bir kimsə tapılmır sən adlı şaha.
Elə bil mən yoxam, mən də ölmüşəm,
Şahim, şahlığını yerə qoy daha!
 


***



Təki qəsd olmasın!


Qəsd olsa,
hər palıd bir dar ağacıdır.
hər döngə,
hər tin
pusqu yeri.
Əkil,
mumla,
kiri!
Qəsd olsa,
çəngəl-bıçaqdan ağır silah yoxdur.
Hər qab zəhər dolu tuluqdur.
Qəsd olsa,
gündüzlə gecənin,
evlə küçənin,
odla suyun,
toyla vayın
nə fərqi?
Boğazında qalar
etdiyin dua,
oxuduğun şərqi.
Təki qəsd olmasın!
çəngəl-bıçaq,
qab-qacaq
qarışmasın insan işinə.
Gündüzlə gecənin,
evlə küçənin,
odla suyun,
toyla vayın
fərqi olsun!
Dil-dodaqda
dua olsun,
şərqi olsun!
 


***



Bir dostluğun xatirəsinə


Dönük çıxdı əziz dostum
könlüm, mən qaraxəbərəm.
Bir təskinlik verən olsa,
onu gözümə təpərəm.

Darıxardım gec gələndə,
Deyərdim ki, uç gələndə,
Xatirələr güc gələndə,
hədiyyəsini öpərəm.

Day həsrətindən ölmürəm,
Ya getmirəm, ya gəlmirəm,
Onu görsəm, heç bilmirəm,
özümü necə aparam.
 


***



Səhər


Gördüm nimdaş buludların
bir ucdan süzülməyini.
Quşların ordudan qabaq
nizama düzülməyini.

Bulud bir çiçəkdən gördü,
Kəpənək küləkdən gördü,
Tanrı bir mələkdən gördü,
canımın üzülməyini.

Tapdalandı yollar, izlər,
İşə düşdü bütün sözlər,
Axmaqlar oturub gözlər,
dünyanın düzəlməyini.
 


***


Ləkə yeri


İşlənməkdən vicdanım
yüz yerdən ləkələndi,
Hər ləkəni yuyanda həyatım övkələndi,
Yuyub çatdırmaq olmur,
ləkənin biri qalmış,
Hər yuyulan ləkənin
apaydın yeri qalmış.
 


***



Çıxaram dərin quyudan


Qardaşlar ipi qırmasa.
Düşmənimlə bacararam,
harayçı məni vurmasa.

Sussa da, gülməz ağılar,
Üzdə barışar yağılar.
Evlər, saraylar dağılar,
Uşaqlar evcik qurmasa.

Əjdər, nə kef, nə ah qalır,
Ləzzət gedir, günah qalır,
Sol gedib, sağ cinah qalır,
Haqq solaxayda durmasa…
 


***



Yaz
 

Qış vaxtından qalan bulud,
Keçdi yazın tərəfinə.
Soyuqlayan qoca palıd
Keçdi yazın tərəfinə.

Oyanıb qış yuxusundan
Ayı çıxdı kahasından,
Qış əl çəkdi yaxasından
Keçdi yazın tərəfinə.

Tumurcuqlar budaq üstə,
Qaranquşlar dəstə-dəstə,
Qarı nənəm xəstə-xəstə
Keçdi yazın tərəfinə.

Gün gördü çox geyməyimi,
Gözlərimi döyməyimi,
Çıxartdı yun köynəyimi
Keçdi yazın tərəfinə.
 


***



Mübarək olmadı


Sən gəlmədin, bayramım
İnan, mübarək olmadı.
Könlümdə təzə arzu,
Təzə bir dilək olmadı.
Yüz köhnə sevincimin,
Heç biri gərək olmadı.
Sinəmdən daş asıldı,
O daşdan ürək olmadı.

 


***



Gözlədim


Daha nə gizlədim?
Məni gözləyənlər bağışlasınlar,
Onları gözlədib, səni gözlədim.

Əlimi üzmədim,
Kimi gözlədimsə harada, nə vaxt,
Həm onu, həm də ki səni gözlədim.

Yoruldum, bezmədim,
Uzaq bir şəhərdə bilmirəm niyə,
Dayanıb küçədə səni gözlədim.
 


***


Ölümlərin ucuz vaxtı


Ölüb getdi atam-anam
ölümlərin ucuz vaxtı.
Yerin-göyün bizə yağı,
Yağıların quduz vaxtı.

Yas kimi yas saxlamadıq,
Çox hündürdən ağlamadıq,
Tabutu qucaqlamadıq,
Üzümüzün o boz vaxtı.

Onlar adi insan idi,
Nə şəhid, nə qurban idi,
Ağ kəfənlər al qan idi.
Yaşımızın otuz vaxtı.
 


***


Elə buna görə…


Deyirsən: - Gəz, dolan, rahat, xatircəm,
qoy bilsin dağ-dərə… sevmişəm səni!
Gör mən nə deyirəm: - Ay əziz – bircəm,
elə buna görə sevmişəm səni!

Deyirsən: - Nə qədər bərkə düşmüşük.
demə birdən-birə sevmişəm səni!
Gör mən nə deyirəm: - Birgə düşmüşük,
elə buna görə sevmişəm səni!

Deyirsən: - Vuruldum sənə hər dəfə,
min yerdə min kərə sevmişəm səni!
Gör mən nə deyirəm: - Duydum bir dəfə…
elə buna görə sevmişəm səni!

Deyirsən: - Əlimdə, ovcumda qaldın,
döndün birə, pirə… sevmişəm səni!
Gör mən nə deyirəm: - Sən də sən oldun,
elə buna görə sevmişəm səni!
 


***


İnsan


Mübarək de hər üzə,
Hər kəs nadir nüsxədir.
Möcüzədir, möcüzə
Ulu, qadir nüsxədir.

Ucuz tutsan ucuzdur,
Baha tutsan lap baha.
Onun arxasında dur,
Dönsün yarımallaha.

Hər körpə bir tapıntı,
Hər qoca bir xəzinə.
Hər ürək bir qapındır,
Döy, açılsın üzünə.
 


***


Küləkli yağış


Külək əsir,
Budaqlar
nə üstəsə dalaşır.
Yağışın ayaqları
bir-birinə dolaşır.
Mən də qəfil düşmüşəm
bu küləkli yağışa.
Quş deyiləm dürtüləm
bapbalaca koğuşa.
Çətir-çətir ağaclar
yer-yerdən damır, damır.
Dörd tərəfim su, sucaq,
balaqlarım tey çamur.
Küləkdən su içirəm,
Suda həyat qoxusu.
Əzizim, islanmışın
yağışdan nə qorxusu?
 


***


Tənha yağış


Tənha bir yağış yağır,
çəkilibdir əl-ayaq,
Yuyur yerə səpilmiş
ulduzların tozunu.
Göylərdən axan çaya –
yağışa girdim bayaq,
Bilmədən nə qədərdir
onun eni, uzunu.
 


***


Deyəsən…
 

Yox, balam, bir belə möcüzə olmaz,
Məni də ölümdən qəza gizləyir.
Yaradan bu qədər qeydimə qalmaz,
deyəsən məndən də nəsə gözləyir.
Qalmayıb huşumda, körpə yaşımda
Dağ-dərə canına çəkəndə qarı,
Dayanıb mən yatan beşik başında,
üzümü tutublar qibləyə sarı.
Ayılıb, on il də ömür sürmüşəm,
On ildə çoxları dünyadan köçüb.
Uşaqlıq bitəndə, bir də görmüşəm
yaxam Əzrayılın əlinə keçib.
Özümü vermişdim bağın küncünə,
yatmışdım, sən demə, baxtım oyaqdı.
Eh, nə inanırdım həyat gücünə,
nə də ki, adamlar ağırayaqdı.
Mənə qıymayıbmı çəmənin üstə,
yaşıl budaqlarmı başını qatıb.
Onda ayıldım ki, sinəmin üstə,
qapqara bir ilan qıvrılıb yatıb.
Budur yaddaşımda ilişib qalan:
Gözlərim qaraldı, dilim tutuldu.
Sürünüb gedəndə o yazıq ilan
hələ arxasınca daş da atıldı.
Sonradan başıma az işmi gəldi,
oxundu alnımda təzə yazılar.
Yarımçıq ömrümü yüz yerə böldü,
şər, böhtan deyilən qara qəzalar.
Bir yol yıxılmışam evin damından,
İki yol başıma çevrilib maşın.
Bax, indi durmuşam sənin yanında,
Bax, ba da sağ canım, salamat başım.
Hər kəsin bir belə naxışı olmaz,
Ay da keşikçi tək məni izləyir,
Yaradan bu qədər qeydimə qalmaz,
deyəsən, məndən də nəsə gözləyir.
 


***


Sevgi


Şamdan…
şamdan
işıq.
İşıq,
meyvə,
mey

gözəl.
Göz,
əl
odda.
Od da
sevgi.
Sev ki,
sevil.
Sev,
il
qaçaq.
Qaçaq
qəmdən.
Qəm
dən
suyu.
Su,
yu,
susan!
Susan
daşdır.
Daşdır
qəlbi.
Qəlbi,
uca
uça
uçan.
Uç,
an
haqqı.
Haqqı
günün.
Gün
ün,
buta.
Bu da
sənsən
sən,
sən
ay Ol,
Ay ol!
 


***


Nəğmə


Bəh-bəh!
çöl şeh,
xoş meh.
Şax-şax
gəz,
bax,
əs,
ax!
Hey-hey,
yer,
göy
gömgöy.
Xam-xam,
şam-şam,
cam-cam
bol
gül,
al
gül,
əl
gül.
Tər-tər
gül
dər!
Tül,
zər
köz-köz,
göz-göz,
duy,
sez!
Xal-xal
döş,
yal,
düş,
qal.
Ön
yaz!
sən
yaz!
mən
yaz!
 


***


Başsız


Yaltaqlandı yamanca…
Qınağı ki, dinlədi,
Oldu yetim kamança
segah üstə inlədi.

Söysəydi nə vardı ki,
Yüyürüb canla-başla,
Çöküb yalvarardı ki,
günahkaram, bağışla!

Yaltaqlığa nə üzr?
Döndü gicə, girincə
Güzgü başını üzür
qapısından girincə.
 


***


Elə xoşum gəlir…


Elə xoşum gəlir, eyvanımızda
sakitcə oturub oxuyum, yazım.
Bir qom çiçək olsun güldanımızda
çiçəyin ətrini qoxuyum, yazım.

Xoş gəlib meh əssin göy məkanımdan,
Səhər Günəş deyim, axşam Ay deyim.
Hərdənbir armudu stəkanımdan
bir qurtum çay içib bir oxqay deyim.

Elə xoşum gəlir tənəkdən dərəm,
yuyub
qoyub gedəm sarı salxımı.
Əllərim belimdə qayıdıb görəm
quşlar dimdikləyib yarı salxımı.

Görəm bir kəpənək köynəyi mil-mil
uzaqdan bilinir şehdə çimdiyi.
Görəm ki, misramın üstündə deyil,
Altından xətt çəkib sərçə dimdiyi.

Günüm çiçəklərdən yoğurulanda,
Ətəyim yarpaqdan, yaxam kağızdan.
Elə xoşum gəlir, çağırılanda
boylanam qələmdən, baxam kağızdan.
 


***


Alqış adamı


Təbriki tükənmir Oqtay Rzanın,
Hər salam verənə şer yazanın.

Elə ki, gecəsi dönür səhərə,
Gözaydınlığına çıxır şəhərə.

Kefin durudursa, təbrik edəcək,
Saçın qaradırsa, təbrik edəcək.

Əynin ütülüdür – buna bir təbrik,
Başın örtülüdür – buna bir təbrik.

Hər şirin kəlməyə mübarək deyir,
Görüşə gəlməyə mübarək deyir.

Əlində gül görsə, bülbül olacaq,
Xeyir işin varsa, əlbir olacaq.

Hər xırda uğura,hər xırda işə,
Ərinməz, təbrikə gələr həmişə.

Alqış adamıdır, alqış adamı,
Ondan bir hənir al, al qış adamı!

Hər gün eşidilir təzə təbriki,
Gülərüz təbriki, məzə təbriki.

Təbriki tükənmir Oqtay Rzanın,
Təbrik üslubunda şer yazanın.
 


***


Ovcum güldanımdır


Bir qucaq çiçəyi bağrıma basıb,
zərif ləçəklərə sürtdüm üzümü.
Sız-sız sızıldayan ağrıma basıb
yaşıdım üzümü, örtdüm üzümü.

Ovcum güldanımdır…
Solub saralar
içirdim bir ovuc su çiçəklərə.
Ey məni incidən üzüqaralar,
sizi tapşırıram bu çiçəklərə.
 


***


Sirr


Altmış beş yaşlı atam durduğu yerdəcə keçinəndə mən də ölümcül oldum. Ölümə qarşı çıxdım gücsüzlüyümə baxmadan. Yaralı ayağımın zoqqultusunu tamam unutdum. Özümə yoldaş axtaranda nə görsəm yaxşıdır! Gördüm ağsaqqal əmim bu ölümlə barışıb, yas hayındadır. Mənə baxanda sirli adama oxşayırdı o. Elə bil atamın öləcəyi günü bilirmiş. Ovunmadığımı görüb qolumdan tutdu, qulağıma pıçıldadı: Toxta, sonra sənə hər şeyi deyərəm. İçim düşdü, şaxım sındı, kim öldürüb atamı?! Nə qədər çəkəcəkdi əmimin bu sonrası? İş işdən keçib deyə bildim. Qarışdım yasa. Süst, düşkün. Keçdi üç gün. Onun sonrası bitdi. Əmim xəlvətdə mənə pıçıldadı: Qağamı otuz yaşında düz doqquz ay əli-mizdə gəzdirdik, üzü qibləyə yatızdırdıq. Ürəyimizi yeyirdik, bugün – sabahlıqdır deyirdik. Amma bir gün səhər erkən yarımcan qağam özü qalxdı yatağından. İndiki kimi yadımdadır, gülmək istəyən dodaqları, açılan səsilə belə dedi: Yuxumda mənə altmış beşində öləcəksən dedilər. Hələ qabaqda otuz beş il var, qorxmayın! Otuz beş il qağamın bu sirrini özü, anam, anan, bir də mən gizli saxladıq. Elə bilirdik bu sirri açan kimi qağam öləcək. Qağam ömrünü yox, o sirri yaşadı. Daha nə anam vardı, nə anan. Mən də açmazdım bu sirri. Qağam öldü, sirri açıldı. Sən də özünü üzmə, burda heç nə yoxdur sənlik. Otuz beş il qabaq qağam özü razı olmuşdu altmış beşə. Üstünü vurmadım. Susdum. Çünki, bu sirdən mənim də vardı.
 


***


Ağgüruh


Sən qaragüruhdan,
mən ağgüruhdan…
Sən gücdən düşmüsən,
mən də ki, ruhdan.
 


***


Zəng


Zəng elədim, xəbər verəm yaşadığımı,
bu günümün həsrətinə başladığımı…
 


***


Səs


Ayın bir üzündə sən,
Ayın bir üzündə mən,
Telefonda həzin səs,
Telefonda bizim səs:
- Gecəmiz xeyrə qalsın!
- Gecəmiz şirə qalsın!

Sənin kölgən bir yana,
Mənim kölgəm bir yana.
Telefonda ilıq səs,
Məhrəm və xoşqılıq səs:
- Sabahın xeyir olsun!
- Birdənəm deyir… olsun!
 


***


Yazda


Yazın şehli çəməni
ip-iri bir səməni.

Gölməçələr, sucaqlar
göy otları qucaqlar.

Bulud yağıb durulmuş,
çadır kimi qurulmuş,

dayaqları mən, palıd,
çinar, vələs, şabalıd.

Budaqlarda puçurlar
yerindəcə uçurlar.

Civildəşir sərçələr,
xanımçalar, nərçələr.

Min-min çiçək balası
çəhrayısı, alası…

yel vuranda tərpəşir,
üşüyəndə ürpəşir.

Qayanın qatlağından,
daşların çatlağından

nur damcılar damırlar,
işıldayır mamırlar.

Arılar lap kefdədir,
Yəqin bugün siftədir,

başlayır bal ayları,
səfdədir alayları.

Yanımdadır balacam,
qalsa, burda qalacam.
 


***


Şair


Düşüb arxasınca beş-on arının,
şimşəklə, qartalla, divlə öcəşir.
O, bilmir Əzrayıl cənablarının
adam boğmayanda əli gicişir.

Günəş tellərinə bağlıdırmı o,
ürəyi çırpınır, qanı qaynayır.
Allahın bacısı oğludurmu o,
dayısı Allahla qoz-qoz oynayır.

Cənab Əzrayılı kim tanımır ki, kim,
onun nə birliyi, nə dirliyi var.
Baş qoşmur şairə Allah müəllim,
çünki, Allahın da şairliyi var.
 


***


Qəhrəman-düşmən


Bir xalqın qəhrəmanı
bir xalqın düşmənidir.
Nağılın qəhrəmanı,
nağılın düşmənidir.
Nə qəhrəman olmalı,
nə qəhrəmana düşmən.
Adi insan olmalı
sabahını düşünən.
 


***


Quş südü

Sənə zirvələrdən qar gətirirəm,
sönmüş ocaqlardan qor gətirirəm,
Dükanı, bazarı çəkərəm bura,
Allah da götürməz, mən dura-dura,
nəyəsə tamarzı olasan bir gün.
Hələ nə ölüm var, nə də ki, sırgün…
Yadırğa gileyi, tərgit ah-ufu,
qov getsin içindən qorxunu, xofu.
Gözdə, könüldə od, canda ki can var,
mənə neyləyəcək qasırğa, yanvar.
Başqa cür yoğrulub mənim palçığım,
balığ tək nağd olur pulum, pulcuğum,
İşim arzuları işə keçirmək,
ayağa düşəni başa keçirmək,
gedənə uğurlu yol diləməkdir,
gələnə göz üstə yer eləməkdir.
Ağlama, sızlama boş şeyin üstə,
çəkinmə, lap məndən quş südü istə!
 


***


Gələcəkdə yaşayıram!

İndi gələcəkdə yaşayıram mən,
Adəmin, Həvvanın gələcəyində.
Körpələr doğulur, qönçələr açır
atamın, babamın gələcəyində.

Ağaclar yaşını soruşur məndən,
Xəzəllər yağacaq qurumuş arxa.
İndi gəlib keçir başımın üstdən,
üç yüz il havada dolanan qarğa.

Bu uzun gecəni yarı elədim,
oyağam yuxuda gəzən adam tək.
Bir parça qızıldır,
köhnəlmir Ay da,
yüz nəsil ötürən təzə adım tək.

Yatanlar yuxuya inanır indi,
bircə mən bilirəm yalandır yuxu.
Uşaqlıq şəklim də baxır divardan,
neçə il sonrakı özünə baxır.

Keçmiş dörd tərəfdən üstümə gəlir,
baxıram pozulmuş xəritələrə.
Günümün yarısı özümə düşür,
yarısı keçmişə – xatirələrə.

Yiyəsiz səslərmiş göy gurultusu,
Küləkdə keçmişin nimdaş səsləri.
Qarşımda gücsüzdür Yuli Sezarın,
Çingizin, Teymurun min-min əsgəri.

Köhnə sənədləri atdım ocağa,
heç nəyə dəyməzdi ölü pul kimi.
Nə qədər yürüşlər bitib muzeydə,
gedib məzarlıqda bitən yol kimi.

…Oyadır küçəni ayaq səsləri,
Günəş də oyanıb səsə çıxacaq,
Dünən qaranlığa qarışan kölkəm,
bu səhər təzədən üzə çıxacaq.
 


***


Xarabalıq

Bir saray ovulub uçub
Bu saray xarabalığı.
Axar çayı quruyub
bu çay xarabalığı.
Bağları varmış kölgəsi üfüqəcən
Bu orman xarabalığı.
İnsanları varmış çeşid-çeşid,
Qəbirlər düzülüb yan-yana
Bu insan xarabalığı.
Paytaxt olub bu şəhər,
Bu paytaxt xarabalığı.
Burdan əsrlər keçib
Bu vaxt xarabalığı.
 


***


Dua

Mənim gücüm çatmır, qoru ilahi,
qoru, qoru mənim sevdiklərimi.
Yarıt, uşaqları barı, ilahi,
Qoru evlərini, evciklərini.

Sən mənim xətrimə çiçəkdən göz ol,
çiçəyin xətrinə qoru düzləri.
Axı gözləyən var, nə olar, tez ol,
Görürsən bu duru, qara gözləri…

Mən ki, bir zərrənəm, yaşa sevgimi,
Desən dur, dururam, qaçım, qaçıram,
Torpağa, dənizə, daşa sevgimi,
sirr kimi saxlayıb sənə açıram.

Elə sevdiyimi sən də sevərsən,
Sənə ev tikmişdik, ona çəpərəm.
Məni qəlbim boyda quşa çevirsən,
bulud ətəyindən gəlib öpərəm.

Çiçəyə verəntək təravətini,
Yerdən aldığını Yerinə göndər.
Qənim olduğunun səadətini,
min-min bədbəxtin var,
birinə göndər.

Axı, tanıyırsan hamını üzdən,
görürsən əlimə baxanları da.
Sən ki, xəbərdarsan ürəyimizdən,
unutma yadımdan çıxanları da.
 


***


Gözlərini hamıdan az


Qırpan bircə mən olaram.
Gözlərə də hamıdan az,
çarpan bircə mən olaram.

Yar telinin şəvəsinə,
marağına, həvəsinə,
gedib-gələn nəfəsinə,
qurban bircə mən olaram.

Düşsək sevgi qarğışına,
bais olsaq göz yaşına,
əlini daş tək başına,
çırpan bircə mən olaram.
 


***


Qar üstündən qar ələndi

Yaradanın öz işidir.
Qarşıdadır mənim qışım,
bəs bu qış kimin qışıdır?!

Gəzənə xoş pilə qarda,
ipək qarda, şilə qarda,
quş uçursa belə qarda
vallah, o quş bəxt quşudur.

And olsun bu təmiz günə,
haqq baxmır düzə, düzgünə,
Əjdər Ol kimi üzgünə
papağında qar daşıdır.
 


***


Gəzinti


Yorulub oturdum, gözümü yumdum,
Tanrıdan bir dəniz, bir qayıq umdum.
Gördüm dənizdəyəm, qağıyım üzür,
mənim yatmışım yox, ayığım üzür.
Baxıram sahildə boz qayalara,
hərdən yem səpirəm qağayılara.
Başımın üstündən ağappaq bulud
deyir ki, bir hovur hər şeyi unut.
Bilsə göy sulara vurğunluğunu,
dəniz çıxardacaq yorğunluğunu.
Səs gəlir: Sənindir dəniz, dənizlik,
bu mavi düzənlik, mavi təmizlik.
Sular pıçıldayır: Üz uzaqlara,
Ləpə yox, dalğa yox, düz uzaqlara…
Açdım gözlərimi nə dəniz, nə su?
yaxşı dincəlmişdim amma, doğrusu.
 


***


Yağış


Yağan
yağış
dama –
dama

damır
dama,
damdan
damır.

Damır,
damır,
damır,
damır.
Uful-
damır,
sızıl-
damır.

Qımıl-
danır:
– Dam,
dım,

dam,
dum,
damdım!
 


***


Gözləməm var


Misralar tutulub gülab suyuna,
aprel ətri verir nöqtə, vergülü.
Ağacın tumurcuq düşüb boyuna
bir az yuxuludur, bir az mürgülü.

Kəpənək deyilmi yazın bir adı?
Yazın özgə adı var hər qarışda.
Mənim gəzdiyim yer elə buradır,
burda hökm eləyir arı, qarışqa.

Xırda gölməçələr yağışdan qalıb,
Hər bir gölməçədə günəş balası.
Bilmirəm nə üstə hay-həşir salıb,
islaq sərçələrin bozu, alası.

Çobanyastığını sırıyır qönçə,
Qönçədə boyayır rəng çiçəkləri.
Bu bahar vaxtında çalacaq məncə,
nazlı zənglərini zəngçiçəkləri,

Otlar ləpələnir, sahili mənəm,
Bitmişəm sahildə sal qaya kimi.
Mənim gözləməm var,
gəlsə o dönəm,
tamam çiçəklərəm bir aya kimi.
 


***


Suyumum

Bənövşəyi boyadan
bənövşə ətri gəlmir.
Çiçəkləri oyadan
çiçəkdən ötrü gəlmir.

Yeldə, alovda, suda,
rəngdən-rəngə düşürəm.
Qalxıb ala buluda,
çəngə-çəngə düşürəm.

Qızıl bir piyaləyə
Sıxıb-sıxıb suyumu,
Deyəcəklər laləyə
çəkirmiş bir suyumu.
 


***


Qısa

Sözlərdən qısa-qısa,
Çalışdım qısa-qısa
xırda şerlər yazım
Uzunçuluq nə lazım?

Qardaş canı, hər işdə,
Xeyir işdə, şər işdə,
mətləb çox uzun deyil,
Yox, yox, yox… uzun deyil!
 


***


Bağışlayın!

Sağ əlin verdiyini
sol əl bilməsin gərək!
Sol əl bilsə də,
el bilməsin gərək!
Mən bir az qocafəndiyəm,
Ətəyimdən tutanlara
Gecdən də gec,
azdan-çoxdan
verdiyimi demirəm heç.
Ancaq, bağışlayın,
aldığımı deyəcəyəm.
Verən əli niyə kəsim, öyəcəyəm.
Yoxsa,
bu dünyanın qədir-qiyməti
bilinməz qəti!
 


***


Birinci yerdən də qabaqda

Birinci yerdən də qabaqda yer var,
Bəlkə də heç kəsin xəbəri yoxdur.
O kimdir ilişib birinci yerdə
irəli getməyə təpəri yoxdur.

Bir fateh uduzdu torpaqlarını,
Ona qalsa-qalsa qəbri olacaq.
Kim bilir, bəlkə də bugünkü rekord
gələn il onuncu pillə olacaq.

Şaxtalı gecədən keçən sərsəri
səmada közərən Aya qızınar.
Tabutlar yetişər axır mənzilə,
mənimsə önümdə yollar uzanar.

Günorta kölgəmdə çox qısalan da,
axşam uzanan da mənim boynumdur.
Bütün keçmişimi uddum indicə,
axtarsan, bu da bir təzə oyundur.

Günbəgün azalır məsafələr də,
Qırxgünlük toyumuz sığır bir günə.
Durum təzələyim ayaq izimi,
özüm öz xoşumla gedim sürgünə.
 


***


Gecəm

Hər yanı bürüyəndə
gecənin zərif tülü,
Düşünüb bir gül üzü,
ya da elə bir gülü
xeyli yüngülləşirəm,
gündüz olmayan kimi.
Hər şey dönür dəyişir,
Biz, biz olmayan kimi.
Təsəllitək anlamı
xeyli ehtiyatım var.
Zarafatsız, mənim də
sirli bir həyatım var.
İllah da ki, havada
gözəl, yox ətir ola.
Yerim nə çala-çuxur,
nə kələkötür ola.
Kəsilə səs-səmir də,
ürək yerən gələ.
Fikrimə işıq düşə,
əlim-qolum dincələ.
Yadıma düşməsin heç,
kiminsə acı sözü.
Qalsın sabaha, qalsın
işin əyrisi, düzü.
Yorgumluğum canımdan,
buxarlanır buğ kimi.
Çırpınsam da rahatam
bətndə uşaq kimi.
Gündüzlər mənim deyil,
gecələr mənim olsun!
Qismətindən küsənə
gecələr qənim olsun!
Kim kimin sağlığına
nə qədər içir-içsin.
Nəyim varsa, bəsimdir,
qoy hələ gecə keçsin,
Bircə oyaq mən qalım,
bir də mən tək olanlar.
Gündüz adamlarıdır
vallah, yerdə qalanlar.
Gözdən, qulaqdan uzaq,
hücrəm olsa, bəsimdir.
Tənha, hamıdan ayrı,
gecəm olsa, bəsimdir.
Dan yeri qızarınca
qızaracaq gözüm də.
Sübhün mehi gəzəcək,
saçlarımda, üzümdə.
Aləm oyanan kimi,
mən də sizin biriniz.
Ondan sonra, adamlar,
alın bu mən, bu da siz!
 


***


Gözləyə - gözləyə

İndi bircə səni gözləmək qalıb,
bircə eşidilir saatın səsi.
Bu köhnə evimdə nəyim çatmasa,
xoş üzüm olacaq onun əvəzi.

Vaxt keçir, hələ də döyülmür qapı,
hər bir taqqıltıdan ümid başlayır.
Bilmirəm neyləyim sən gələnəcən,
bilmirəm bu vaxtı necə yaşayım.
 


***


Əvəz – əvəz

Getdi gözümün nuru,
çəmənə, düzə baxdım.
Dolandım quru-quru,
çaya, dənizə baxdım.
Gəzdim günəşli gündə,
soldu təzə köynəyim.
Canım həkdən düşəndə,
dedim daha neyləyim.
Yolları əldən verib,
qapımı aça bildim.
Gecələr yuxu görüb,
quş kimi uça bildim.
Odun yetirməyəndə
keçirdilər odunu.
Əlim gətirməyəndə
girov qoydum adımı.
Qərbdən üz çevirdim,
şərq can atırdı mənə.
Ürək nəyi sevirdi
baha oturdu mənə.
Qarışdırdı başımı
alıb-vermək oyunu.
Verib uşaq yaşımı
almışam bu boyumu.
Hər günümüz əməl, iş,
hər günümüz bir həvəs
Hamısı dəyiş-düyüş,
hamısı əvəz-əvəz.
 


***


Ev

Canım düşüb heydən,
çabalayır ürək.
Zənbil enib göydən
evimizə gedək!

Qulaq dincdir orda,
biz arı, o pətək.
Yığış, xırda-xırda
evimizə gedək!

Havalar buzlayır,
xəzəl ətək-ətək.
Dabanım sızlayır
evimizə gedək!

Tutulub göy üzü,
payızdır, gün gödək.
Görmürəm öy üzü,
evimizə gedək!
 


***


Adaş

Dedim ki, qalmasın dərd başım altda,
qoy onu gizlədim bir daşın altda.

Bir daşı qaldırdım, gəlmədi kara,
gördüm gecikmişəm, tutulub ora.

Altı daş, yeddi daş… boş yer hardadır?
Çaylaq keç, gədik aş… boş yer hardadır?

Gördüm bitən deyil daş gəzintisi,
Hər daşın öz dərdi, öz üzüntüsü.

Daşları qaytarıb yerinə qoydum,
hər daşdan hənirti, pıçıltı duydum:

- Gün gələr, ya çınqıl, ya daş olarsan,
Gün gələr bizlərə adaş olarsan.

Təzə bir çilvədə,təzə bir süsdə,
dayanıb durarsan dərdinin üstə.
 


***


Öpdüm

Öpdüm alnından –
öpdüm
ağlının ətəyindən.
Sinəndən hər öpəndə,
öpürəm ürəyindən.
 


***


Günəşli yağış

Bir yandan Günəş çıxıb,
bir yandan yağış yağır.
Qızıl dəvələr xıxıb
kövşəyir ağır-ağır.

Çəmənlər Günəş istər
yağışı Kürdən gəlib.
Sərçə qanadı üstə
ikisi birdən gəlib.

Hasarların, damların
bir damcı artmış boyu.
Vələslərin, şamların
boldur günəşi, suyu.
 


***


Çaşmayın

Bilmirəm
Şairlərə kim dəli deyib,
Yəqin onun ürəyi deməyib
dili deyib.
Min illik yaddaşım var,
dəli şair tanımıram.
Böyük şairlərin
hamısı böyük kişi olub.
Hamısının da adına layiq işi olub.
Necə dilin gələr
dəli deyəsən
şer şəhidi Nəsimiyə?!
Dəlini ya dəlixanaya salarlar,
ya da məclisə qoymazlar.
Dəlini soymazlar.
Necə dilin dönər
dəli deyəsən
Şah babam Xətaiyə?!
Qoşun çəkərlərmi
qarğı atlı dəlinin üstə?!
Dəlini Sabir kimi
çərlətməzlər dilinin üstə.
Dəlidirmi Füzuli?!
Dəlidirmi Cavid?!
Müşviq də elə…
Əli Kərim də elə…
Şer deyən dəli görsəniz
çaşmayın.
Dəlilərin içində də
şairlik eləyənlər var,
Baş qoşmayın!
 


***


Quşlar

Qoy məni yuxudan nə zəngli saat,
nə himn, nə də ki, marşlar oyatsın.
Bağda bir-birini çağırıb ad-ad,
çığrışan, oxuyan quşlar oyatsın.
 


***


Təhvil-təslim

Səni dostluqdan qovuram,
Gəl, təhvil-təslim eləyək!
Sənki səndə, mənki məndə,
vicdanı hakim eləyək!

Daha könül dəftərindən
adını cırıb atıram.
Minbir tel bağlardı bizi,
minini qırıb atıram.

Bundan belə aramızda
nə halal, nə haram olsun.
Olsa-olsa, quru salam
və əleykəssalam olsun!
 


***


Üz – üzə

Nə az, nə çox, vur-tut on beş yaşında
dünya mənə xeyli köhnə göründü.
Küçəmizin lap yuxarı başında,
ayaqlarım yavaşıdı, süründü.

Üşənirdim, Allah, Allah deyirdim,
ayağımı bərk basırdım torpağa.
Karıxmışdım, gözlərimi döyürdüm,
gücüm yoxdu kirpiyimi qırpmağa.

Budaqlardan qorxa-qorxa qalxışıb,
xırda-xırda tumurcuqlar baxırdı.
Yaxam hardan tapmışdı bu qarğışı,
axı, kimin dediyi düz çıxırdı?

Qarşıdakı macəralı ömrümün,
elçisiydi bəlkə həmən yaz günü.
Alan kimi şeytanların əmrini,
qara ruhlar kəsdirmişdi üstümü.

Yel əsmirdi, əsib məni apara,
heç yapışa bilərdimmi buluddan.
Vuran qəlbim dönsə də bir çapara,
hələ xəbər gətirmirdi umuddan.

Dəyişmişdi düşüncəmin axarı,
yanaşıydı doğru, yalan, möcüzə.
Nə dörd cəhət, nə aşağı-yuxarı,
mən həyatla dayanmışdım üz-üzə.
 


***


Ehtiramın son günündə

Sənə kim demişdi kürlük edəsən,
Evdən gecəyarı qəfil gedəsən.
Eh, sənin o gecə yiyən olmayıb,
Sənə yaxşı yol da deyən olmayıb.
Hər addım başında qəza var, axı!
Cızıqdan çıxana cəza var, axı!
Bu dəfə haqq səni bağışlamadı,
Haqq haqqı sevəni bağışlamadı.
Neyləyək, sən ölüm ayağındasan,
Mafaya oxşayan yatağındasan.
Alışıb yanırsan, yaydan istisən,
Verərik, verərik hər nə istəsən.
Kim gedib üstünə molla çağırıb,
Bilmirəm heç hansı yolla çağırıb.
Axı, inanmırdıq öləcəyinə,
Getsən, inanırdıq gələcəyinə.
Səni uzadıblar üzü qibləyə,
Mən baxa bilmirəm, düzü qibləyə.
Qiblədən gələcək bəlkə Əzrayıl,
Əzrayıl gəlməmiş əzizim, ayıl!
Ayıl, gör ki, necə sevirlər səni,
Belə cəm görməzsən səni sevəni.
Hərdənbir gözucu mənə baxırsan,
Özündən gedirsən, əldən axırsan.
Səkkiz ay yatmısan arxası üstə,
Yarısı ölüsən, yarısı xəstə.
Çoxdan ölüb gedib qəza yoldaşın,
Sənin də ölməyə qarışıb başın.
Mən axı, dayınam, Tanrı deyiləm,
Harayın, hayınam, Tanrı deyiləm.
Həkimə çatırdı gücüm, gəlib o,
Hər kimə çatırdı gücüm, gəlib o.
Ölürsən, yolundan kim saxlayacaq?
Nə fərqi, gözünü kim bağlayacaq!
 


***


Dağıntı

Neçə dəfə dünyanı dağıtmaq istəmisən,
dediyini deməyib boran, tufan, zəlzələ.
Ulduzları sularda axıtmaq istəmisən,
ulduzlar kəhkəşanda batıb çıxırlar hələ.

Sənin kimi çoxları dünya dağılsın deyir,
yüz yol kitab açdırıb fala baxdıracaqlar.
Görsələr ayaqları acacıq suya dəyir,
Nuh kimi qurtulmağa gəmi axtaracaqlar.

Qənim çıxıb özünə, evini yıxmısansa,
dünyanı bir tərəfdən söküb dağıtmaqdı bu.
Adəmsən, buğda yeyib cənnətdən çıxmısansa,
əlin günaha batıb, tez ol əllərini yu!

Çiçəyi tapdamısan, budağı sındırmısan,
dəyişmisən daşların milyon illik yerini.
Təzitmisən quşları, uzağa qondurmusan,
axmaqlara açmısan aşiqlərin sirrini.

Fikrin, saçın dağınıq,
bunca dağıntı nədir,
qarşına bax, yaz gəlib, ağaclar çiçək açıb.
Bəlkə də sən deyəndir, dünya dağılıb gedir,
dünən bir ürək sınıb,
bu gün bir bina uçub.
 


***


İşgörən

Atan atan kimi sevirsə səni,
Anan anan kimi sevirsə səni,
Bacın bacın kimi sevirsə səni,
Üçü qibləsinə çevirsə səni.
Atanın yerini verə bilərəm,
Ananın yerini verə bilərəm,
Bacının yerini verə bilərəm,
Səni qiblə kimi görə bilərəm.
Səni qəhər boğsa, səsin çıxmasa,
Özüm danışaram sənin adından.
Yolunu kəsmərəm yağış yağmasa,
Səni döndərmərəm bir inadından.
Özüm qoruyuram tək, özüm səni,
Kimsə şərikliyə həvəs eləmir.
Lazım olan yerdə əzizim, səni,
Heç kəs mənim kimi əvəz eləmir.
Sözümün canı var, mətləbim budur,
Bəxtinlə aranda araçı mənəm.
İşini aşıran ulu Tanrıdır,
Ancaq işi görən icraçı mənəm.
 


***


Canım

Üzün bərkmiş heç ölmürsən,
Yara gendən baxan canım!
İç-içə qırx otaq kimi,
Canından can çıxan canım.

Gəzmə belə şelli-şelli,
Qara günün qaravəlli,
Cikin-bikin oldu bəlli,
Alçı canım, toxan canım.

Hər işinə ara verən,
Əjdər Olu yara verən,
Bostan üstə qara verən,
Uyuq canım, xoxan canım.
 


***


Ürəyimdən daş asılıb,

Onu əlimə almaram.
Arxamca atılan daşı,
daş kimi yada salmaram.

Ölçüyə-zada gəlmirəm,
şöhrətdən ötrü ölmürəm,
başım itib, heç bilmirəm,
nə olaram, nə olmaram.

Salın siz məni zillətə,
çatın şöhrətə, sərvətə,
qalın qurdla qiyamətə,
yox, mən o vaxta qalmaram.
 


***


Necə sevməyəsən

Ürəyim ağladı gözümdən qabaq,
Qalsam yaxam yaşlı, ölsəm yerim nəm.
Ürəyim,
ürəyim qara daş deyil,
tullayım həsrətin dalınca, neynim!

Kəsilsə izlərin, yumulsa gözün,
ölü dodaqların öpülməyəcək.
Nə də məhəbbətin miras pul kimi
cibinin küncündən tapılmayacaq.

Nə dünya ovudar ömür boyunca,
nə əcəl qəlbinə, yaşına baxmaz.
O boylu qadına oxşayan məzar
nə səni, nə məni doğmaz ki, doğmaz.

Bu sevgi,
Bu sevinc,
Bu qəm,
Bu da sən,
Nəyi var dünyanın özgə…
Nə isə…
Nə qədər mən sağam sev ki, ürəyim,
ölsəm, məndən sonra qalan deyilsən!
 


***


Sən qürbət adamı deyilsən

Qürbətdən dönə bilmirsən
qiyabi dostum Tofiq Abdin!
Diribaş olsan da,
qorxursan
Bakıda
işsizlikdən,
dedi-qodudan,
cırtdandan,
Hadı-Bıdıdan.
Səni heç vaxt
razı görmədim.
Burda çırpınırdın,
indi də
çabalayırsan İstambulda,
Acıbadamda.
Sən qürbət adamı deyilsən.
Adam da
bu qədər
kövrək olar.
Elə bir gözün Bakıdadır,
yediyinin,
içdiyinin
hamısı Bakı dadır.
Ən qəribəsi bu ki,
zəmanədən qorxduğunu
tez boynuna alırsan,
bir sözdən yumşalırsan.
İnsan qorxmalıdır da
deyəcəksən, bilirəm.
Telefonda danışsaq
sən bütün mövzularda
tamam qızışacaqsan,
sonra da ürəyini
yeyəcəksən, bilirəm.
Sən Allah,
salma gözümdən İstambulu
unut o zəhrimarı,
o əl çirkini – pulu.
Andıra qalsın
dolanışıq,
ad,
şöhrət.
İstambulu qürbət demə,
gör kim
İstambulun həsrətini çəkib ey,
Nazim Hikmət!
 


***


Bəxtəvər

Girdiyin odada bir xanım olub,
bürüyüb odanı qızılgül ətri.
Kim imiş, nəçiymiş,
sənə nə qalıb?
Sən ki, gəlməmisən xanımdan ötrü.

Sənin ki, azacıq aynıdı başın,
Sənin ki, azacıq könlun isindi,
Yaxşı bir xatirən varınsa, düşün,
Bir an bəxtəvər ol, haydı bəsindi!
 


***


Qonaq

Ac-susuz gəlmisən, vaxtsız gəlmisən,
Lap əldən düşmüsən, görürəm, yolda.
Nə deyim şaxtaya, nə deyim qara,
Qışın günahıdır bu ağır palto.
Əlini mənə ver, yük olar sənə,
Ya da heç olmasa, çiynimdən yapış.
Bilirəm pilləkən zəhləni töküb,
Kəsib qabağını kilidli qapı.
İndicə yuyunub rahat olarsan,
Unut bədənini, qatarı, yolu,
Sən otur, mən gedim bir çaya baxım,
Yaxşı ki, axşamdan yemək də qalıb.
Bax belə… yuyundun çayı soyutma,
Yemək istəmirsən? – Nahaq, çox nahaq!
Hansı günümüzü xatırlayım ki,
Bir az yorğunluğun yadından çıxa.
Tavan da, divan da razı deyil heç
Qonaq mürgülüyə, qonaq əsnəyə.
Yıxıl yat, söhbəti sabaha qoyaq,
Dilində təpər yox kəlmə kəsməyə.
 


***


Bilirsənmi?

İş saatı qurtarıb, gözün qalıb qapıda,
Qapıda hər görünən bir an mənə bənzəyir.
Köhnə pilləkanların bitir tarap-tapı da,
Bir-bir sönən işıqlar
batan günə bənzəyir.
Telefon da yorulub, mürgüləyir bayaqdan,
Ayağını unudub gözləyirsən hələ sən.
Neçə dəfə demişəm gözləmə bu ayaqda,
Bundan artıq nə deyim, sən onsuz da beləsən.
Göyün üzü tutulub, yağış səni güdəcək,
Pəncərədən baxırsan xəzəl yağan döngəyə.
Gözətçi deyinir ki, eh, bu haçan gedəcək,
Deyirsən qoy gözləyim,
bəlkə bir az ləngiyər.
Ağır-ağır yeriyib, plaşını geyirsən,
Güzgü yadından çıxıb, daramırsan saçını.
Yenə gözləyəsənmi?
Gözlərini döyürsən,
Əl-ayağın soyuyub, fikirlərin haçalı,
Pillələri enirsən, bu yer mənə doğmadı,
Yəqin qırışsız alnın
bir balaca qırışıb.
Bilə-bilə bunları qabağına çıxmadım,
Bilirsənmi heç indi
başım necə qarışıb?!
 


***


Utana-utana

Sözündən qan damar yanaqlarıma,
Utana-utana çıxıb gedərəm.
Bir kimsə ovutmaz, oxşamaz məni,
Gözümü qəlbimə sıxıb gedərəm.

Gülər xısın-xısın yağışlı küçə,
Şimşəklər götürər hoydu-hoyduya.
Yağışın altında qalaram yalqız,
Ay-hay, bu adamlar məni duydu ha…

Heç də ağıllanmaz sərsəri yağış,
Elə bu könlüm də onun tayıdı.
Gözümdən axsa da sevgi yaşları,
Hamı elə bilir yağış suyudu.

Bulud aman verməz gözüm açıla,
Göyün insafından əlim üzülər.
İslana bilərəm belə yağışda,
Həyatım boyunca suyum süzülür.

Oxuya bilmərəm sevgi nəğməmi,
Səsimi içimə yığıb gedərəm.
Elə hey bir ucdan yağar bu yağış,
İslana-islana çıxıb gedərəm.
 


***


Qüzey

Açıldı quş qanadları,
Üstü güney, altı qüzey.
Çırpındı yaş qanadları,
Şehə batıb qaldı qüzey.

O quş ki, baxmaz sözünə,
Qonmaz çiyninə, dizinə,
Çox da gün düşür üzünə
Yanağında xaldı qüzey.

Vədə çatdı, Günəş batdı,
Oyaq qaldı, yoxsa yatdı,
Yeri tutdu, göyü tutdu,
Gözümüzə doldu qüzey.
 


***


Nə xoş oldum

Əziz canı,
səninlə yarı bölməkdən.
Bu dünyada şirin nə var,
acı göz yaşı silməkdən?

Nə min oyundan çıxıram,
nə yıxılıb, nə yıxıram,
əzabdan niyə qorxuram,
qorxum yoxdursa ölməkdən?

Əjdər Ol, gəl get kəsədən,
nə gedir, gedir kisədən,
çəkinməyim yox təzədən
bir də dünyaya gəlməkdən.
 


***



Nəyim vardı, verdim sənə

Yarı canı da üstəlik!
Nə çıxacaq yarı candan,
apar onu da üstəlik!

Açan açdısa kitabı,
necə çəkdi haqq-hesabı?!
mənə verdi bu əzabı,
bu hicranı da üstəlik.

Deyim sözün qısasını,
aşiq öldü, tut yasını,
alan olmaz qisasını,
batar qanı da üstəlik!
 


***


Mən neynəyim

Mən neynəyim, Allaha da,
sənə də bir can borcluyam.
Allah hələ möhlət verir,
sənin yanında suçluyam.

Allaha çatmaz harayam,
səndən də üzüqarayam,
gərək təzə can arayam,
həsrətliyəm, amaclıyam.

Sənə qurban getmək xoşdur,
Haqq yolunda ölmək borcdur,
mənə iki əcəl tuşdur,
mən də yarımcanam, buyam.
 


***


Sabahın xeyir!

Görüş qaldı sabaha,
bugünüm yoxdur daha.
Könlümün rahatlığı,
halımın babatlığı,
sabah bilinər hələ.
Bunları bilə-bilə,
fikrim-zikrim sabahda,
ruhum məndən qabaqda,
nədir bizi təntidən,
indidəsən, indidən,
Könlüm, sabahın xeyir!
Ömrüm, sabahın xeyir!
 


***


Gözəl qadın

Anınca köhnələn doğum ilini,
sən əzab çəkirsən, ah, gözəl qadın!
Süzüb şəkillərdə incə belini,
boynunu bükürsən, ah, gözəl qadın!

Əlində nə qədər çiçəklər solub,
əriyib gözündə qədim gecələr.
Hansı şikayətin yadımda qalıb,
əl açıb, Allaha dedim gecələr.

Hələ gözəlliyin çəkilmir geri,
Mən varam deyirsən, sən varsan hələ.
Sən də qolumuzdan tutanın biri,
balaca günəşsən, baharsan hələ.

Ya gizlət dərdini, ver mən çəkim,
giley-güzar hara, gözəllik hara?
Sənin əzabına baxan kimdi, kim,
özünə fikir ver, saçını dara!

Səni görən kəsin dəyişir üzü,
körpə uşaqdısa dodağı qaçır.
Sirlilər başından eləyib bizi,
gözəlliyinəmi sirrini açır?!

Bilmirlər gözlərin qaralır hərdən,
başın ağrı tapır, ürəyin sancı.
Çağırsan aşiqlər çıxacaq yerdən,
həmişə hazırdır yanında yançı.

Yaz mehi dolanıb telindən əsir,
üstündən əskilmir bənövşə ətri.
Bəlkə də kimlərsə bəhanə gəzir
bir anlıq xoşuna gəlməkdən ötrü.

Sənin də dərdlərin əlacsız olmaz,
səndədir, dərdimin dərmanını ver!
Dövlət fərmanı tək havada qalmaz,
yerinə yetəsi fərmanını ver!

Sənin ki, qorxun yox güzgüdən hələ,
gey təzə aldığın bəyaz donunu.
Sən mənim şerimdə belə qal, belə,
gül, xoşluqla bitir şerin sonunu.
 


***


Kağız-qələm vaxtı

Gecələr xeyrə qalsın,
kağız-qələm vaxtıdır.
İndi daha ilhamın
qonaq gələn vaxtıdır.
Bir gecədir, bir də mən,
yenə döyüb döşümə,
başlayıram sevinmək,
kədərlənmək işinə.
Ovsunlayıb sözləri
bağlayıram uc-uca.
Bir də gördün cavanam,
bir də gördün qos-qoca.
Ad qazanan yuxuda,
sevinən, öyünən mən.
Sevənlərin yerinə
ürəyi döyünən mən.
Qara-qura fikirlər
gəlir əlimin üstə.
Qələm vuruşa hazır
ağ kağız adlı düzdə.
Sətir-sətir fikirlər,
yığılıb qalaq qalır.
Sonuncu əsgər kimi,
yenə qələm sağ qalır.
Qələm paxır açandı,
qurdalanıram nəsə.
Sözlər çıxıb gecədən
gəlir işığa, səsə.
 


***



Şərt


Biz ki şərtləşmişik, küssək, dalaşsaq,
bir saat keçincə bu, yalan olsun!
Əgər bircə saat bizə əlacsa,
onda bircədənəm, qoy olan olsun!

Bu şərtin üstündə durduq yaxşı, pis,
küsdük, bir saata barışdıq yenə.
Dönük zəmanəyə görk olmuşuq biz,
gülüm, alqış sənə, afərin mənə!
 


***



Nə gətirim sənə?


Bax, nəfəs dərməyə gəldim, əzizim,
səsimi eşidib toxtadın bir az.
Bilirdim, yenə də bildim, əzizim,
səni təkbaşına buraxmaq olmaz.

Saatda saniyə əqrəbinə bax,
dözümsüz olmaqda ona oxşama.
Beş-üç saatlığa əlimi burax,
bir de, nə gətirim sənə axşama?!
 


***



Bu çinar


Yamanca döşümə yatdı bu çinar,
üzümü dayadım qart qabığına.
Mənim də əlimdə bəlkə nəsə var,
qoy çəkim əlimi bir çapığına.

Kölgəsi kölgədir, kölgədə qalsam,
onun yeri hara, mənimki hara?!
İşdir, mən özümü asası olsam,
kəndiri götürüb gələrəm bura.
 


***



İncimə


Sənə yaxın düşmək çətindir, çətin,
Nə göz kara gələr, nə də söz keçər.
Deyirlər su keçməz dost arasından,
Bizim aramızdan çay, dəniz keçər.

Mən divəm, şüşədə qalan canımsan,
Mənim sevincimsən, həyəcanımsan,
Səhərim, axşamım, gecəm, danımsan,
Sənsiz günüm keçər, amma pis keçər.

Baxma yad sözünə, baxma himcimə,
Qoy gəlib qovuşum öz sevincimə,
Səni dindirəndə məndən incimə,
Məndən inciyənin hirsi tez keçər.
 


***



Səni danmıram


Nə olsun, biz indi yad adamlarıq,
boynumdan atmıram, sevmişəm səni.
Sənə pıçıldayıb dediklərimi
hələ unutmuram, sevmişəm səni.

Xeyli dəyişmişəm, məni arabir
qəfil kövrələndə görəsən hələ.
Dağlardan, düzlərdən, sulardan keçib
sorağın gələndə görəsən hələ.

Vallah, nə gizlədim, kimisə hərdən
çaşıb çağırmışam sənin adınla.
Uçmaq istəmişəm yanına bəzən
bu sınmış, salıxmış tək qanadımla.

Ömür nə imiş ki, peşimançılıq,
min dəfə peşiman olmuşam azı.
İldə bir ətrini külək gətirsin,
razıyam mən indi ona da, razı.

Haqlısan arxamca nə deyirsən de,
gözümə görünmə, yuxuma girmə.
Bircə təsəllim var, səni danmıram,
səni anmağımı mənə çox görmə.
 


***



Bakı küləyi


Tozu tozanağı buluda qalxan,
qəzəbli, haraylı Bakı küləyi!
Çalxan, Xəzərimin suyunda çalxan,
döngəli, dolaylı Bakı küləyi!

Ey mənim dəcəlim, havalım, əs-əs,
hamıyla qovğalım, davalım əs-əs,
çalınsın hər daşım-qavalım, əs-əs,
bayatı, gəraylı Bakı küləyi!

Birinci küləksən, beşinci fəsil,
köhnə bakılısan, qədim bir nəsil,
İçərişəhərdir oylağın əsil,
Zirəli, Saraylı Bakı küləyi!

Bir adın Xəzridir, biri Gilavar,
gəmiyə yelkənsən, qayığa avar,
Arxamsan, Bakıdan səni kim qovar,
qoşunlu, alaylı Bakı küləyi!
 


***



Unutma


Qoru yaddaşını, qoru əzizim,
sən mənim sevgimi yadında saxla.
Viranə könlümü, sınıq könlümü,
uçuq bir ev kimi yadında saxla.

Qoy qıvrım saçını yel dağıdınca,
barmağım darayan yatımda qalsın.
Fikirli baxışım, fikirli üzüm,
qəmli şəkil kimi yadında qalsın.

Məni bircə anlıq ansan, bəsimdir,
ona ki vaxt, imkan çatışdırarsan.
Yadından çıxmasın mənim bu sevgim,
başqa sevgilərlə tutuşdurarsan.

Təzə bənzətmə tap mənim sevgimə,
altı cəhət kimi saxla yadında.
Yanmağı, itməyi səni yandıran,
vacib sənəd kimi saxla yadında.

Mənim xatirəmi gizlət hamıdan,
lap göyün yeddinci qatında saxla.
Yadında qalanı vergüllərindən
nöqtələrinəcən yadında saxla.

Hərdən sevilməyin yadına düşsə,
mən sənin yadında yaxşı qalaram.
Mən deyən olmasa, fikrində vur-tut
elə bu payızı, qışı qalaram.
 


***



Yanvar


Məni bu çovğunda sınağa çəkir,
sonuncu siqaret, sonuncu kibrit.
Şeytanın buyruğu zəhləmi tökür;
çəkil haqq yolundan, tütünü tərgit.

Şeytan öz işində, mən öz işimdə,
candan düşməmişəm,
canımda can var.
Çanaq çatlayacaq kimin başında,
bir mənəm, bir şeytan,
bir də ki, yanvar.
 


***



Hava


Axırda başıma hava gələcək,
ah-ufdan, səs-küydən, tarap-turupdan.
İlahi, qırılsa ürək tellərim,
təzədən sən onu çək ipək sapdan.

Mənim xəyalımda göy meşə saxla,
sənədsiz iri bir dənizim olsun.
Mənə bir ilahə göstər uzaqdan,
and yerim, təsəllim, təmizim olsun.

Başıma gələn iş birmi-ikimi,
Gəlir astar üzlə, eniş-yoxuşla.
Sənin şikayətçin çoxdur ilahi,
zəhləni tökürsəm, məni bağışla!

Mən hərdən gecələr gözümü yumub,
yatıram bəm-bəyaz buludlar üstə.
Ey məndən həmişə ruzu uman kəs,
bir gün də ağrımı-acımı istə.

Qeybət gəzdirənlər, ara vuranlar,
elə hey yaxamı çəkər davaya.
Adamın başına hava gəldimi,
ölüncə oynayar həmən havaya.
 


***



Allah evi


Demirəm, dua et, yeddiqat əyil,
bu nə quş yuvası, nə şah evidir.
Elə məscidin də hücrəsi deyil,
ürəyim ayrı cür Allah evidir.

Gir sınıq qapıdan, eh, nə desən də,
anlanar qiyamət sorağı kimi.
Səni haqq gətirib yellər əsəndə,
sapsarı bir Quran varağı kimi.
 


***



Süd qardaşım


Mənim əziz atam, gülərüz anam,
bəlkə də rahatdır məzarlarında.
Amma süd qardaşım, bağrıbadaşım,
çürüyür Moskva bazarlarında.

Həmişə vurdular burnunun üstdən,
döşündən geriyə itələdilər.
Bu əziz, boşboğaz, yazıq vətəndə
onu pisikdirib hədələdilər.

Yazın dilisidir Kür qırağında
di gəl ki, görməyə macalı yoxdur.
Bilirəm, Rusyatın qar-sazağında
ondan peşimanı, xəcili yoxdur.

Quruca mixəyin tamarzısıdır,
nə həsrət günahdır, nə sevgi ayıb,
Daha sənə, mənə yadırğasa da,
yovşanın ətrinə yadırğamayıb.

Yazıq nə oralı, nə buralıdır,
əridi ürəyi, ötdü gəncliyi.
Allah görür, bilir, mən də şahidəm,
burda işi yoxdur, orda dincliyi.

Arabir zəng açıb, deyir gəlirəm,
ay keçir, il dönür,
gəlmir ki, gəlmir.
Beş ildir evini qaçqınlar tutub,
nəsə, mən demirəm, özü də bilmir.
 


***



Füzuli qırığı


Günlərim bir bezin qırağı kimi,
Dava-dalaşlardan yorulacağam.
Mən də bir Füzuli qırığı kimi
Gedib bir gözələ vurulacağam.

Mənə də bu imiş Allahın əmri,
Nə böhtan, nə də ki, şər güdəcəyəm.
Yarısı zay oldu, bu yarı ömrü
Yönlü ortaq tapıb xırd edəcəyəm.

Beş günlük yalançı ad-sandan keçib,
Bir gözəl adını zikr edəm gərək!
Mənimki mən-məndən,
qan-qandan keçib,
Belə qalmağıma şükr edəm gərək!

Nə dilə gətirib məşhur adları,
Nə qəm-qüssəsindən danışacağam.
Bütün söhbətlərin, əhvalatların
Sevgi hissəsindən danışacağam.

Halalca haqqımı ləngitsələr də,
Bir gözəl nazıdır - deyib dözərəm.
Eh məni nə qədər incitsələr də,
Sevgi cəzasıdır deyib dözərəm.

Sonu uzaq başı qeybət olacaq,
Dəbə salacağam mən bu hikməti:
Dünyada ikicə millət olacaq: -
Sevməyən, bir də ki, sevən milləti.

Bu torpaq həmişə aşiq yetirmiş,
Yenə də sevənlər olacaq yəqin.
Məndən də üstünü alaq götürmüş
Bir aşiq məzarı qalacaq yəqin.
 


***



Ana duası


Bu ay, il yığınına
heç ömür demirəm mən,
qəlbimdən keçən arzu
gözümdə qalacaqsa.
Verdiyinə min şükür,
heç nə istəmirəm mən,
Tanrı birini verib, birini alacaqsa.
 


***



Aran balası


Bir az darıxıram dağda, meşədə,
Mən öz hayımdayam, çay öz hayında.
Kəndli tanışlarım, dostlarım kimi
çiçəyim çırtlamır aprel ayında.

Gözümün ilk ovu, ilk görəcəyi,
asfalt, stansiya, şoran düz olub.
Onda məndən ötrü lalə, qərənfil,
ətirşah, yasəmən adi söz olub.

Dəyişik salırdım şamı, qovağı,
harda palıd, vələs, iydə görürdüm?
Vallah fəsillərin dəyişməsini
açılıb tutulan göydə görürdüm.

Dənizim, ağacım adamlar olub,
yağışı göz yaşı başa düşmüşəm.
Onların üzündən boylanıb yazım,
onların üzündə qışa düşmüşəm.

Həm başıaşağı Bənövşə qarı,
həm də sinif yoldaşım Nərgiz –
adamdı.
Mənim dediyimə qulp qoyanların
biri Qızılgüldü, biri Badamdı.

Bir az bürküsü var şerlərimin,
Aran balasıyam, özgə yolum yox!
Yayın istisində yanıb-bişməsəm,
qışın soyuğuna dözən halım yox!

Deyir südlə gələn sümüklə çıxar,
xeyri yox, ələyim ələnib daha!
Qoy kəndli şairlər qəlbini açsın
çəmənə, bulağa, meşəyə, dağa!

Yenə də yaddaşım təkləyib məni,
təzə düşüncəyə, sözə əsirəm.
Sağım da ağacdır, solum da ağac,
söhbət eləməyə adam gəzirəm.
 


***



Qorxmuram


Qorxmuram dönüklərdən,
içiboşlardan,
qəlbi sönüklərdən,
Öyrəncəliyəm!
Məsələn,
qarabağlıyam,
şəkiliyəm,
gəncəliyəm.
Başım çox çəkib:
Mən lap onlara dağ çəkib,
Özümü tox tuturam,
Hirsimi nə çeynəyirəm,
nə uduram.
Elə belə
Günə sərib quruduram.
İşdən qorxmuram ki,
qorxum onlardan!
Adam Günəşin qaralmağından qorxar,
Yerin tərsinə
fırlanmağından qorxar,
Ayrılıqdan qorxar.
Kiçik qorxulara əl qaldıran,
Deyinə-deyinə
Fələyin qulağını dolduran,
Dağdan, düzdən,
Çöldən, çəməndən,
Axırda da məndən
utansın gərək!
Əzrayıl qarşısında
Məsələ qaldırın,
Qorxu bilməyənlərin
Ömrü uzansın gərək!
 


***



Bir gün


Dünya qəmlə dolu, çəkənə minnət,
Sökür içimizi amanlar, ahlar,
Bütün arzuların sonunda cənnət,
bütün nağılların başında şahlar.

Mən də azdan-çoxdan ona bələdəm,
Çıxmaram qurduğu köhnə tələdən,
Bizim boynumuzda qalıb hələ də,
Adəmdən, Həvvadan qalan günahlar.

Gəz, dolan aləmi, altı cəhətdi,
Min il işləsək də yox sonu, həddi,
Yenə də görürsən nəsə qəhətdi,
Gələcək günlərmi bizə gün ağlar?!

Bircə çətinlik var, vicdanı atmaq,
Sonra da halalı harama qatmaq,
Asandır, asandır istəyə çatmaq,
Olmasa tövbələr, andlar, qınaqlar.

Bu dünya bənzədir bizi hər şeyə,
Endirir quyuya, qaldırır göyə.
Məni sıxır-boğur Əjdər Ol deyə,
Bir gün axırıma çıxar sınaqlar…
 


***



Mavi sovqat


Dalğaların qayaları ovduğu yerdə
qoyub gəldik yosun-yosun xatirəmizi.
Zaman bizi gələcəyə qovduğu yerdə
ağ köpüklər yusun, yusun xatirəmizi.

Macal tapıb dönə bilsək həmən sahilə,
mavi sular oyadarmı həmən ovqatı?!
Yəqin nə sən deyəcəksən, nə mən sahilə
Geri qaytar o biz verən mavi sovqatı.
 


***



Yağış yağasıdır, durna köçəsi


Yağış yağasıdır, durna köçəsi,
Bəlkə xəzan yeli fikir gətirir.
Yenə də payızın uzun gecəsi
yadına nə düşür, çəkib gətirir.

Otur, papağını qoy qabağına,
Canım, ağrısan da ağrını unut.
Götür bir sətir də yaz ayağına,
dalını yağışla gətirər bulud.

Üşüdür ruhumu gecə küləyi,
İndi külək-xəzan, yarpaq-xəzəldir.
Birtəhər günümü axşam eləyib,
Yoxsa payız mənə ömür düzəldir?

Mənim kövrəkliyim yağışdan deyil,
Buludu, xəzanı təzə görmürəm.
Nə də bir ilahi baxışdan deyil,
həsrəti, hicranı təzə görmürəm.

Yağışlar aləmi yuyacaq guya,
Bitəcək bu umu-küsülər yəni?
Min ildən bəriyə dağılan dünya
işləsək, vuruşsaq düzələr, yəni?

Elə düşüncə var, sığala gəlmir,
Gərək hər sözümdən payız görünə?
Çoxdan bir tanışım
iş tapa bilmir,
onu işlədimmi misra yerinə?

Çəkirsən, çəkilib uzanır gecə,
Elə bu şeri də uzatmaq olar.
Qırılan bir uşaq qəlbini necə,
təzədən yamayıb düzəltmək olar?!

Sözün ağırlığı kağıza düşdü,
Canımın kağızca dözümü yoxdur.
Bu dəfə söhbətim payıza düşdü,
Ağrının, əzabın mövsümü yoxdur.
 


***



İtgin


Mən itgin düşmüşəm bu yer üzündə
Kimə bəllidir ki, itgin olmağım?
Məəttəl qalmışam, vallah özüm də,
Harda düşüb itib nişan-qolbağım.

Nə deyim bəxtimə baxdıranlara,
Hamısı yüz dəfə məni görüblər.
Məni gəzənlərə, axtaranlara
Çoxu özlərini nişan veriblər.

İtik axtarıram mən də həmişə
Ünvandan-ünvana köçüb gedirəm.
Bəlkə adi işə, ucuz görüşə,
Xəzinə üstundən keçib gedirəm.

Hansı ümidlərlə yaşadığımı,
Öz odum-ocağım, küməm bilərdi.
Alça çiçəyini xoşladığımı
Bircə o rəhmətlik nənəm bilərdi.

Harda saxlamışam bir ayaq yeri?!
İtdim ölənlərin xatirəsində.
Başınız ayıqsa, bir fikir verin,
Səsim var kamanın yanıq səsində.

Hərdənbir qatarda, yolda, küçədə,
Mənimtək adamdan danışan olur.
Deyə də bilmirəm kiməm, nəçiyəm,
Yerimi özümdən soruşan olur.
 


***



Günün macərası


Məktəbə getdi uşaqlarla,
Fəhlələrlə işə çıxdı gün.
Qocaların çəliyinə söykəndi…
Yamaclarda yaşıldı,
Suların üzündə ağdı gün.
Prezidentlə kürsüdə dayandı,
Balıqçı qayığında üzdü gün.
Lülələrdən çıxdı güllədə.
Yağışda yağdı, küləkdə əsdi gün.
Qoşulub oğlanlara
qızlara könül açdı.
Unudub vaxtını
Yuxusuzların gözündə doğuldu gün.
Bomba düşən evlərdə dağıldı,
Zəmidən sünbüllə yığıldı gün.
Sərhədlər boyunca uzandı,
Saatlarla qısaldı gün.
Gedən qatarlarda, təyyarələrdə,
Gəmilərdə səs oldu gün.
Bizi ötüb,
Hər şeydən keçdi gün.
Bizi təzədən ölçüb-biçdi gün.
 


***


Ömürlər qoruyuram


Köhnə dəbli stoluma
Təzə demək olur hələ.
Divarımdakı şəkil qalır hələ.
Min ömürdən gün düşüb otağıma
Qələm şəklində,
saat şəklində.
Ömürlər qoruyuram
kitab şəklində,
Şahmat şəklində.
Sabah ömürlər qanadında –
Təyyarədə uçacağam.
Yəqin məktub gələcək sabah
Mənə bir ömürdən.
Yüz cür mahnı oxunacaq
Yüz yerdən.
Neçə gün calanacaq
Bir günümə.
Gör neçə ömür verilir dünyada
Hər adama,
hər mənim kiminə.
 


***



Sapsarı


Kölgəm xəzəllərin altında qaldı,
yenə həyət-baca xəzəl qoxudu.
Sapsarı saralan məktublarını
bu payız gecəsi bir də oxudum.

Günəşin sarısı,Ayın yarısı
getdi ağacların yarpaqlarında.
Bu gecə o qədər siqaret çəkdim,
sapsarı saraldı barmaqlarım da.
 


***


Qollarım bir cüt kəndirdir


yüz düyün vurun, açılar!
Bağlıdırsa haqq qapısı,
qapanı qırın, açılar!

Qismətimə qış düşəndə,
Qarı bir qarış düşəndə,
Üzümə qırış düşəndə
qəlbimdə şırım açılar.

Həm zorun var, həm də zərin,
Allah, ölsəm, nədir xeyrin,
Tutular bir qəbir yerin
bir adam yerin açılar.
 


***


Son


Qapına gəlmişəm xəbər vermədən,
Hasarı aşmadan, evə girmədən,
Yarpağı öpmədən,gülü dərmədən,
Üstümə həyətin iti hürmədən,
Ey donu ipəkdən, şalı tirmədən,
Qayıdıb gedirəm səni görmədən…

Nələr etmədilər bu canı bərkə,
Eşitsən qorxuram ağılın ürkə,
Başım sığan deyil papağa, börkə,
Daha ehtiyac yox öyüdə, görkə,
Dəyməz yalvarışa, sığışmaz ərkə,
Daha kim nə deyir desin bu tərkə…

Bəlkə güvəncinəm, bəlkə hədənəm,
Açılmış yaranam, qanlı zədənəm,
Gəzəri xəyalam, quru bədənəm,
Bilmirəm dəmirdən, yoxsa nədənəm,
Nə şöhrət umanam, nə ad güdənəm,
Düşün birdəfəlik, day o gedənəm.

Hava bir udumdur, yel bir əsimdir.
Bilmirəm xəzandır, yoxsa nəsimdir,
Ətrini sinəmə çəkdim, bəsimdir,
Duysan eşitdiyin mənim səsimdir,
Heç kəsə söyləmə o bir kəsimdir,
Mən pəsəm, bu gediş mənim pəsimdir.
 


***


Ağırlıq


Dibçəyin otaqda fəsli bilinməz,
Qışda payız kimi saralar taya.
Ayın ağırlığı göyəmi düşər,
yoxsa, yuyunduğu dənizə, çaya?!

Sahilə səpilən izlərim oxşar
sahibsiz balıqçı qayıqlarına.
Hərdən ağırlığım qəlbimə düşər,
hərdən əllərimə, ayaqlarıma.

Quşlar qanadlanıb göyə uçanda,
yerdə kölgəsimi olur dayağı?!
Pilləkən bilmirsən yuxarı qalxır,
bilmirsən bəlkə də enir aşağı.

Bitməyən səfərlər, təzə görüşlər
istəyir təzədən yoxlasın məni.
Bu torpaq yerimi dəyişir tez-tez,
heç bilmir hayanda saxlasın məni.
 


***


İstək


Beş can istəmişəm, verən olmayıb,
Bölünüm, beş səsim, beş adım olsun!
Elə hey dedilər görən olmayıb,
bir adam çevrilib beş adam olsun.

Tək canı neylərəm, Tanrı deyiləm,
Yüzcə il yaşamaq gümanım da yox!
Biri gəlib desə mən Əzrayılam,
yerimə ölməyə qurbanım da yox!

Olandan-keçəndən nə deyim, axı,
qazancım yüz yerə köçməyə gedib.
Bəlkə də ömrümün yarıdan çoxu
tutduğum bu yolu seçməyə gedib.

Bu eşqin sonunu düzü, bilmirəm,
ocaq tüstülənir, hələ tutuşmur.
Hayana gedirəm, sizi bilmirəm,
hey mənim bir-iki canım çatışmır.

Deməzdim ağrılar məni haqlayıb,
onda mən belə yox, beş bu qədərdim.
Beş canın birini burda saxlayıb,
sonra dörd tərəfə çıxıb gedərdim.

Nə imkan, nə də qoy vaxt yada düşsün,
tərəflər, cəhətlər mənim əlimdə.
Canımın lap biri it-bata düşsün,
mənə kar etməzdi iki ölüm də.

Dur düş istəyini elliklə axtar,
saxla gözlərində bu beş qitəni.
Gör nələr gizlənib
bir kəlmə yox da
yazır ayağına ölüb-itəni.

Demirəm candan pay verəcəyimi,
amma heç nakama qıymaq olarmı?!
Beş canın nə işlər görəcəyini
durub bir nəfəsə saymaq olarmı?!

Bir candan, bir başdan
kimdi yarıyan,
heç başım açılmır, yoxdu macal da.
Fikrimi, arzumu, məni qoruyan
bir yarı canım var, o da nə halda…
 


***


Fürsət


Mən ləzzət alıram fani ömürdən,
bəyəndim dünyanın faniliyini.
Umma bir şəhərlik sevinci birdən
sev, sevək sevincin aniliyini.

Uzun gül ömrüdür ömrümüz bizim,
Qısa dağ ömrüdür yaşadığımız.
Vur, çıx, böl, üstə gəl, görərsən,
gözüm
yalquzaq ömrüdür yaşadığımız.

Ölümdən betərdir ölüm qorxusu,
ölümün şip-şirin yuxusu da var.
Sizləri bilmirəm, mənim doğrusu
canımda ölməmək qorxusu da var.

Canını güdənə, güddürənə bax,
şamama ya əldə, ya tağda ölür.
Ölməyə yataqdan qorxulusu yox,
onundan doqquzu yataqda ölür.

Ömrümün başına çəpər çəkmişəm,
bir ömrə yığışsın könlümdəkilər.
Sinəmi könlümə sipər çəkmişəm,
nə düşsün, nə daşsın könlümdəkilər.

Tamarzı yaşamaq düşgünə düşüb,
Özümü düşgünə tay eləmərəm.
Əbədi yaşamaq eşqinə düşüb
ömür fürsətimi zay eləmərəm.
 


***


Cizgilər

1
Başmaq cütləyən,
dəsmal tutandır.
Bir him eləsən,
papaq atandır.
Qoltuğa qarpız,
ələ əsadır.
Dili gah uzun,
gah da qısadır.
Qılığı qılıq,
ədəbi ədəb,
İş buyurmalı
adamdır əcəb.

2
Ahı siyasidir,
ufu siyasi,
Şübhəsi siyasi,
xofu siyasi.
Qılafı siyasi,
qını siyasi.
Nəfəsi siyasi,
canı siyasi.
Əşşi, lap uzundur,
uzun siyahı.
Mən deyim, götürün
yazın siyahı.

3
Elə usta ağlayırsan,
səndən ağı deyən çıxar.
Sanki yasda ağlayırsan,
bir müştərin, yiyən çıxar.
Sən nə üstə ağlayırsan,
Yaşın ləyən-ləyən çıxar?
Qışda, yazda ağlayırsan,
səndən Araz, Zəyəm çıxar.
Gözünün hər giləsindən
sulanmış bir göyəm çıxar.

4
Haqsız tənqidə
nə darılırsan?
Haqsız tərifə
ennənən kişi.
Nə toxtayırsan,
nə durulursan,
Kinnənən kişi,
cinnənən kişi.
Heç ələ düşməz
belə bir savab,
Özümü haqqa
qovuşdurardım.
Haqsız tərifə
versəydin cavab,
Haqsız tənqidi
sovuşdurardım.
 


***


Çək-çevir


Bizim tərəflərdə binadan elə,
çoxları barışmır mənim işimlə.
Mən də səbirliyəm, axmağı belə
yola gətirirəm pişim-pişimlə.

Diribaş olsa da onlar hər işdə,
heç biri şadlıqdan şitlik eləmir.
Qazanc az, çox da ki, alış-verişdə
heç biri naşılıq, kütlük eləmir.

Gəl indi bunların gününə ağla,
dərdini bir barmaq kağıza yazdır.
Deyirlər yazmağı sonraya saxla,
bizə nağıl deyən, söz verən azdır?!

Deyirlər üzünü görmürük, oğlan,
imzan görünsə də hər ay, hər həftə.
Ən gözəl şerimə, bu mən, bu Quran,
çay pulu verməzlər bizim tərəfdə.

Nə bilim, bəlkə də məni yoxlayıb,
elə yerli-yersiz pul-pul deyirlər.
Hərdən tay-tuşlarım basıb-bağlayıb,
Yığış gəl bizlərə qoşul! deyirlər.

Deyirlər bəlkə də əlin gətirdi,
üstəlik ayağın düşdü bizə də.
Onsuzda bu dünya ötür-ötürdü,
nicat nə sözdədi, nə möcüzədə.

Məni çək-çevirə salıb doyunca,
xeyli ucuz alıb, satırlar baha.
Tay-tuş saqqızımı oğurlayınca,
aradan çıxıram, ay tapdılar ha.
 


***


X X X


Əjdər Ol da çox döşünə döyməsin,
onun da sözünü yerə salarlar.
Bir gün dönük çıxar dost dedikləri
ürküdüb kürkünə birə salarlar.

Nə səsi, nə də ki küyü artıqmış,
Bir az çalışmağı, səyi artıqmış,
Şərə düşənlərdən nəyi artıqmış,
heç nədən şərləyib şərə salarlar.

Dəyişər zəmanə, qarışar ara,
Qoyular avara, üzü divara,
Düşər hörümçəklər toxuyan tora,
dərdlilər yanında mərə salarlar.
 


***


Tərsə


Tərsə bəxtinə
neyləsin fağır?
Əli yüngüldür,
ayağı ağır.
 


***


Qorxusuz


Yerli-yersiz can deyir,
bunun nə çox canı var?!
Görünür, ehtiyatda
ürəyi var, qanı var.
Qorxusu yox nə namus,
nə vicdan ləkəsindən,
Yəqin üç-dörd namusu,
beş-altı vicdanı var.
 


***


Kəfəndə dirilən tək


Elə bilim, təzəcə
xəstəlikdən durmuşam.
Ya da on il həbsimi
təzə başa vurmuşam.
Elə bilim, təzəcə
qayıtmışam davadan.
Ürəyim dinclik umur
otdan, sudan, havadan.
Axı kimsə gözləyir,
xəstəlikdən duracaq.
Kimsə on il həbsini
hələ başa vuracaq.
Kimsə qəhrəman kimi
döyə bilmir döşünə,
Gözləyir dava bitsin,
getsin köhnə işinə.
Kimsə yanıb, qaralıb
qürbətdən qayıdacaq.
O yazıq uzaqbaşı
gəlib mənə çatacaq.
Onda nə dayanmışam?
keçib qürbət, qan, ölüm.
Kəfəndə dirilən tək
ömrün qədrini bilim.
 


***



Siçan-pişik


Pişik marıtdayıb tutdu siçanı,
tutdu ömrü boyu yeyib qaçanı.
İndi də oynayır siçanla pişik,
pişiyin ağzıdır sonuncu deşik.
Biri məzələnir, biri öləcək,
budur dünən, indi,
budur gələcək.
 


***



Dəyənək


Bir pəzəvəng cangüdən
qəfil qarşıma çıxdı,
Dostumun tanışıymış…
Güldü, əlimi sıxdı,
Kürək boyda əlində
əlim xurd-xəşil oldu.
Rəng qarışdı gözümdə,
hər tərəf mil-mil oldu.
Bilmirmiş bu yaramaz
salam barış deməkdir.
Bu ətbaş adam deyil,
uzun bir dəyənəkdir.
 


***



Gəlir


Çörək kəsdim, peşman oldum
gündə bir xahişlə gəlir.
Hərdən bir kağız gətirir
təzə sifarişlə gəlir.
Elə ki, üz bozardıram
küsür, üçdə, beşdə gəlir.
Gah birini salır döşə
gah da özü döşdə gəlir.
 


***



Dəb


Nə qədər ki, dəbdədir yaşıl
hərbi geyimlər,
barışa güvənməyin əziz bəylər, bəyimlər!
 


***



Sevinc yaşı


Gözlərindən
ağ yaş axır,
sevinc yaşı…
Silmə onu,
heyifdir o.
Uzaqbaşı
isladacaq
kipriyini,
yanağını.
Gəl, küsdürmə
sevinc adlı
qonağını.
Silmə onu,
baxma nədir,
necə dadır.
Ələdüşməz
təbərrikdir,
tutiyadır.
Yaşlar
sevinc
qabarcığı
kürəsidir.
Ürəyinin
çıxarıdır,
şirəsidir.
İşıldayır
duyğuların
birincisi.
Yanağında
Xəzər,
Araz,
Kür incisi.
 


***


Ssenari


Götür-qoy etmişdim bugünü axşam,
Dediyim kimi də açıldı sabah.
Düşdü qaydasına həyət-bacamız,
Soyuyan evimdə alışdı soba.
Bir azdan həyətə səpələnən qar,
Həm də bir şerimin sətrinə düşdü.
Mənim sınağımda yoxdu bu külək,
Bu qarı ağlıma gətirməmişdim.
Boşluqdan izimi saydım həyətdə,
Hava soyuq-soyuq məni oxşadı.
Vaxtını ötürən görüşümüz də
filmdən kəsilən lentə oxşadı.
Üşüdüm hasara qonan sərçə tək,
Başına buraxdım bir cüt əlimi.
Bilmirəm hayandan ortaya çıxdı
qapıbir qonşumun qəfil ölümü.
Bəlkə qar dəyişdi günün rəngini,
Bəlkə gecəyə də ləkə salacaq.
Yarısı pozuldu qurduğum günün,
görəsən, yarısı necə olacaq?!
 


***



Ad


Mənim bir adım da olub qabaqlar,
Ancaq o imzalı yazım olmayıb.
Arabir tünlükdə, axın içində
indiki adım da lazım olmayıb.

Qərib yaddaşında gedən adımın
istisi, soyuğu çatmayıb mənə.
Yad yerdə adımı kim ki, bilməyib,
baxıb üst-başıma ad qoyub mənə.

Elçi yollamışam bir iş dalınca,
üstümə əliboş qayıdıb adım.
Sözüm ötməyəndə halal fikrimi,
məşhur adamların adından dedim.

Hərdən adımı da tanımamışam,
Dillərdə uzanıb, qısalıb adım.
Uzaq şəhərlərə yolum düşəndə
Bakının adına qısılıb adım.

Adımı yazmışdım bir ağac üstə,
onu üşüdəcək bu ilin qarı.
Məni çağırmısan, durub gəlmişəm,
sənin dilindəki adıma sarı.
 


***



Qoca


Fikir vermə,qocadır,
hövsələsi daralıb.
Damarlarında qanı
birdəfəlik qaralıb.
Canında heyi yoxdur
hər təzəyə öyrəşə.
Gözəllikdən həzz ala,
möcüzəyə öyrəşə.
Qəzəbinin, kininin
kimsəyə yox ziyanı.
Əliçıraqlı gəzir
onu az-çox duyanı.
Yerli-yersiz öcəşmə,
nə deyirsə, hə de sən.
Tutduğunu buraxmaz
indi ona nə desən.
Bir xoş sözün varsa, de
könlü çilik-çilikdir
Axırıncı dayağı
söykəndiyi çəlikdir.
 


***


Söyüş

Tülkü görüb sataşdım:
- Tülkünün biri tülkü!
Tülkü tülkülük etdi,
Nə can dedi, nə qan-qan.
Allahın fırıldığını
deyirdi edə bil ki,
Biz də belə söyürük:
- İnsanın biri insan!
 


***


İş

Əsas iş yerim özüməm,
əlavə iş yerim də var.
Mənəm, əliməm, gözüməm,
könüldə boş yerim də var.

Palım-palçığım tutulub,
Sarım-samanım qatılıb,
Arxamca çox daş atılıb,
hər gözdə bir tirim də var.

Bir ömür quraşdırıram,
üçüncü göz açdırıram,
Korluq çəkmirəm bir qram,
suyum – alım tərim də var.
 


***


İndi


Bəlkə bir saatlıq, bəlkə bir hovur,
Külək unutdurur olub-keçəni.
Xəzəli ürküdüb dünənə qovur,
Səs-küyü götürüb bütün küçəni.

Unutmaq xətrinə baxıram ancaq,
fikrim gözümdədir, gözüm budaqda.
Bir mənəm,
bir payız,
bir dayanacaq,
yalnız düşünürəm gördüyüm haqda.
 


***


Heç duydunmu bu dünyanın


tamını olduğu kimi?!
Tanıdınmı müdrükünü
xamını olduğu kimi?!

Sınadınmı lələsini,
sürgününü, tələsini,
çinarını, vələsini,
şamını olduğu kimi?!

Nə məşhər qur, nə qal elə,
nə sinəni təbil elə,
Əjdər Olsan, qəbul elə
hamını olduğu kimi?!
 


***


Gopçu

Aldatmaq istəyirdin,
ağlatmaq istəyirdin,
Nə incidim, nə küsdüm,
nə də sözünü kəsdim,
Belə yerdə nə öyüd?
Axı, bar verməz söyüd.
Aldatdın, aldanmadım
dillərdə hallanmadım.
Sən peşman oldun, neynim?!
Mən düşmən oldum, neynim?!
Getdim fit çala-çala,
arxayın, bala-bala.
Sən də get ovsuz ovçu,
gopçunun biri gopçu!
 


***


Bəxtsiz

Kaş mənə təklikdə,
yolda,
uçaqda,
qatarda,
gəmidə ürcah olaydın,
ya da bir komada, bir alaçıqda
yeri gözüm üstə qonaq olaydın.

Səni bircə anda tapdım, itirdim,
qarışdın axına adsız, ünvansız.
Fürsəti ötürdüm, vaxtı ötürdüm,
Mən kiməm?
Avara,
yaramaz,
qansız…
 


***


Azərbaycan

Mənim əziz vətənim,
Ruhum, canım və tənim,
Qüdrətə bax adında!
Hikmətə bax adında!
Deyim nəsən? – Xəzinə!
Baxıb nurlu üzünə,
Aranına, dağına,
Gözəl Qarabağına,
Ad qoyub, can deyiblər,
Azərbaycan deyiblər!

Canı dilə gətirib,
Canı cana yetirib,
Anacan çağırmışıq,
Nənəcan çağırmışıq,
Gah atacan demişik,
Gah babacan demişik,
Bir də göz açan kimi,
Ruhumuz acan kimi,
Vətənə can demişik,
Azərbaycan demişik!

Səni vətən seçənlər,
Adına and içənlər,
Çinarına xan dedi.
Dağına sultan dedi.
Lap işi qan olan da,
Yolunda qurban dedi.
Canında can olan da,
Yarımcan da can dedi.
Mən də can-can deyirəm.
Azərbaycan deyirəm.

Azərbay deyilincə,
Düşmənlər də can deyər.
Dönük çıxıb, gözündən
Düşənlər də can deyər.
Can deyər qan-qan deyən.
Od-alovdan don geyən.
Gəzdim söz sırasında,
Ölkələr arasında,
Tək sənə can deyərlər!
Azərbaycan deyərlər!

Mənim Azərbaycanım,
Adının da canı var.
Könlümün nə qorxusu,
Nə də həyəcanı var.
Yağı güc gələ bilməz,
Bu vətən ölə bilməz,
Niyə?
Nədən?
Nə üçün?
Çünki tükənməz gücün,
Hamı sənə can deyir,
Can Azərbaycan! deyir.
 


***


Oxşama

Mən
yarıdım,
yarımadım,
Vətənimi
qarğımadım,
Ona heç nə sırımadım,
Tək özümü
qorumadım,
Köküm varmış,
qurumadım.
Vətən dedim,
Vətən, Vətən!
Dolaşdıqca
addım-addım,
Baxdım ona
maddım-maddım.
Havasını
uddum,
uddum,
Dadmalısın
daddım,
daddım.
Necə şaddım,
Necə şaddım
Vətən dedim,
Vətən, Vətən!

Onu çox da
şişirtməyin,
Kiçik deyil,
kiçiltməyin,
Hər yetəni
eşitməyin,
Yuvamızı
üşütməyin,
Zirvədəyəm,
düşürtməyin.
Vətən dedim,
Vətən, Vətən!

Öz imzamdır,
öz qolumdur,
Bayrağımda
üç yolumdur,
Addımbaşı
parolumdur,
Sağ olumdur,
Var olumdur,
Hər nədirsə,
qəbulumdur.
Vətən dedim,
Vətən, Vətən!

Yağısı çox,
çətinlikdir.
Kimə nə var,
bu, mənlikdir.
Ruhum şehli
çəmənlikdir.
Heyim, gücüm
Vətənlikdir.
Bələklikdir,
Kəfənlikdir
Vətən dedim,
Vətən, Vətən!
 


***


İstiqlal

Ey, salam tək hamıya söylədiyim, İstiqlal!
Rəngini yaxşı ayırd eylədiyim, İstiqlal!

Tən gəlir qan çeşidim bayrağımın al qanına,
Nə yapar cansız ölüm məsləkinin qəltanına,
Döşümü qalxan edib girdim onun meydanına,
Öz içimdən doğulub etdi zühur İstiqlal!
Sözdə iş, işdə qürur, məncə budur İstiqlal!

Onu biz gözləməzdik, həm də can atdıq hey ona,
Başını hifz edənə söyləmişik baş əy ona,
Can atıb Kürlə Araz, mavi Xəzər, yer-göy ona,
Ey Yanardağda yanan məşəlimiz İstiqlal!
Ey Qobustanda donan heykəlimiz İstiqlal!

Deyirəm həm yaxına, həm uzağa, həm özümə,
Vermərəm əldən onu, diqqət elə son sözümə,
Amma ortaq edərəm Zəncanıma, Təbrizimə,
Adlasın qoy Arazı sürgün olan İstiqlal!
Dayağım, Ərkim olan, görküm olan İstiqlal!

Vurnuxur düşmənimiz lal kimidir,
kar kimidir,
Seçmir üç rəngini bayraqlarımı,
kor kimidir,
Şanlıdır keçmişimiz –
iyirmi yanvar kimidir,
Ey şəhid oğlu şəhid, ey dirimiz İstiqlal!
Qəhrəmanlıq işimiz, iksirimiz İstiqlal!

Necə ki, güclülərin hiyləsi var,
hikkəsi var,
Bu gözəl məmləkətin can kimi təhlükəsi var,
Çox da dünyanın, əzizim,
quru bir haqq səsi var,
Millidir, milli olub, milli olar İstiqlal!
Söz deyil, söz eləsən, sözdə qalar İstiqlal!

Vətəni hürr olanın fikri, sözü hürr olacaq,
Özünü hürr edənin oğlu, qızı hürr olacaq,
Ən azı şax gəzəcək, lap ən azı hürr olacaq,
Söyləyim mənmi daha neyləyəcək İstiqlal?!
Əjdər Oldum, bizi biz eyləyəcək İstiqlal!
 


***


Bəs bu Vətən?!

Dünya gözəl,
Həyat şirin,
Can sulu,
Qıymaq olmur bircəciyi heç olsun.
Girlənməyin yüz çəmi var, min yolu,
Bəs bu vətən,
Bəs bu vətən
Necolsun?!

Vətən darda, igid istər, nər olsun,
Vuruşmağa qollarında güc olsun.
Uşaq ata,
ana oğul, ər istər,
Bəs bu vətən,
Bəs bu vətən
Necolsun?!

Bir işimiz başa gəlməz havayı,
Yüz Kərbəla, Məşhəd olsun,
Həcc olsun.
Nəyimiz var bu vətəndən savayı,
Bəs bu vətən,
Bəs bu vətən
Necolsun?!

Bütöv yurdu
bölgə-bölgə
bölən kəs,
Olan olub, olmayan qoy gec olsun!
Ey filanı filan edən filankəs,
Bəs bu vətən,
Bəs bu vətən
Necolsun?!

Döşünə döy, quruca öy vətəni,
Damağın çağ, dadaş, öcün öc olsun!
Bu vətəni deyirəm ey, vətəni…
Bəs bu vətən,
Bəs bu vətən
Necolsun?!
 


***


Baha

Hərdən Günəşə də acığım tutur,
Deyinnəm buludun qarasınca da.
Haqqın dərgahına əlimmi çatır?
Yoxam küpəgirən qarısınca da.

Binadan Tanrı da, Günəş də bizdən
odu, hərarəti əsirgəmədi.
Əkinli-biçinli çöllərimizdən
xeyir-bərəkəti əsirgəmədi.

Hərdən qınayıram otu, yarpağı,
eh, bu nə saf sudur, havadır belə?!
Deyirəm, neynirdik belə torpağı,
həmişə üstündə davadır elə.

Tanrı bu torpağa əl bulasaydı,
yadlar ayaqaltı eləməzdilər.
Qarlı düzənlərdə qurd ulasaydı,
qurda yem olmağı diləməzdilər.

Sonra da özümə divan tuturam,
Günəşdən beşbetər, buluddan artıq.
Kənardan özümə söz də atıram,
sən nə istəyirsən bu yurddan artıq?!

Yurduma bu qədər göz dikilibsə,
vətənim gözəldir, yurdum gözəldir,
Yolunda bu qədər qan tökülübsə,
ölümüm gözəldir, dərdim gözəldir.

Dözək qovğasına, dözək yasına,
Göy gölü göy görmək havayı deyil!
Burda yaşayırıq qan bahasına
burda ömür sürmək havayı deyil!
 


***


Mənlik

Qəlbimiz çox yuxadır, bir sözə ağlatmaq olur,
Dibimiz bərkiməyib, boşları laxlatmaq olur.

Bizə kəf gəlsə biri bir də dönüb aldadacaq,
Bizləri bir dəfə yox, yüz dəfə aldatmaq olur.

Mənə dardır bu vətən, yerlibaz axmaq,
duy, eşit
Bağlanıb bir mahala, bir obaya, artmaq olur?!

Vətəni dövrələmir dövlətimin sərhəddi,
Bu qaxıncım var ikən,
qəddimi şaxlatmaq olur?!

Evini məmləkəti, külfətini xalqı bilən,
Qardaşı, dost-tanışı
birdəfəlik atmaq olur?!

Heyvərə, lovğa, düdük, şortu siyasətçilərin,
Dilini kündələmək, ağzını bağlamaq olur?!

İşimi tərsə yozan münsifə neynim, qardaş,
Münsifin münsifi yox,
münsifi yoxlatmaq olur?!

Tanıdırkən birini ya öyürük, ya söyürük,
Eləyik ki, baha satmaq və ucuz tutmaq olur.

Baxıram ki, düşünür alimimiz molla kimi,
Bunların bığlarını hər yağa yağlatmaq olur.

Bizə vermiş ki, əli Allahımız tikək, quraq,
Niyə biz əl açırıq göylərə…
bu lap ağ olur.

Bir əli rusda, biri farsda olan rəsmiləri
İngilis bayrağı tək hər yerə
mıxlatmaq olur.

Bizə düşmən yuxudur, kor yuxusu, gor yuxusu,
Bu qədər gözyumulu, ya gözaçıq yatmaq olur?!

Hələ min kəm-kəsirə göz yumuram, neyləməli,
Özümündür bu vətən, heç eli alçaltmaq olur?!

Əjdər Ol, günlər ötür, ay dolanır,
il dəyişir,
Bu yerişlə deyirəm, tısbağaya çatmaq olur?!
 


***


Güneylilərə

Ey mənim Urmiyam, Xoyum, Zəncanım,
Özgə məmləkətdən qopmursunuzmu?!
Başınız üstündə bayraq etməyə,
Bir şəhid köynəyi tapmırsınızmı?!

Ya rəhbər, ya rəhbər kiminiz yoxmu?!
Bir alayarımçıq himniniz yoxmu?!
Üst-üstə gələndə cəminiz yoxmu?!
Bir məclis, yığıncaq yapmırsınızmı?!

Bir dəstə yığışsın fəpman yazmağa,
Bir dəstə yollansın sərhəd cızmağa,
İnqilab yetirən münbit torpağa,
Azadlıq toxumu səpmirsinizmi?!

Bizə Araz deyin, Kür özünüzə,
Bizə qiblə deyin, pir özünüzə,
Siz bir bizə baxın, bir özünüzə,
Görün yolunuzdan sapmırsınızmı?!

Könlümün paytaxtı Təbrizdir, Təbriz,
Hay deyin, bu yandan huy deyərik biz,
Könül atlarında dikəlib yüz-yüz,
Üzü Təbrizimə çapmırsınızmı?!
 


***


Öz aramızdır

Əşşi, bu türkün də döşünə döyüb,
basıb-bağlamağı olmaya bircə.
İş-işdən keçəndə başına döyüb,
yersiz ağlamağı olmaya bircə.

Qurd kimi savaşda birə-beş arta,
Qurşunu üfürə, xəncəri yorta,
Namərd marığında gündüz-günorta
yatıb yuxlamağı olmaya bircə.

Minbir istəyini işə keçirdib,
Hərdən özününkünü şişə keçirdib,
Yadın gədəsini başa keçirdib,
ürək dağlamağı olmaya bircə.

Açıq-açığına tənə yollayıb,
Bircə mən ölümə sənəd qollayıb,
Səhvini tutanda burun sallayıb,
küsü saxlamağı olmaya bircə.

Bayraq eləsə də məhəbbətini,
Hərdən Allah kəssin xasiyyətini,
İllərlə çəkdiyi əziyyətini
əzib-çığnamağı olmaya bircə.

Əjdər Ol alqışlar bəy ərənləri,
Bəyənər dünyanı bəyənənləri,
Könlünü oynadıb əylənənləri
tez bağışlamağı olmaya bircə.
 


***


Qan

Mənim başım qanla dolmuş çanaqdır,
gözlərimi qan tutubdur, ana, qan!
Əlim,
üzüm,
sinəm qanaq-qanaqdır,
axır sözüm qana qandır, qana qan!

At oynadan, qan eyləyən könüldür,
Canım-gözüm,
nə inişil,
nə bildir,
Qan veririk bu torpaqda min ildir,
bayrağa qan, imana qan, dinə qan!

Sınırları nə şah, nə də xan çəkir,
Sınırları başa vurmuş qan çəkir,
O millət ki, vuruşmağa can çəkir,
qənim olmuş, qənim olur ona qan.

Torpağa bax, yerdə şəhid qanı var,
Başın üstə şəhid ruhu, canı var,
Daha bunun nə o yan-bu yanı var,
Qılınc deyil dönüb girə qına qan.

Haqq adından çağırıram döyüşə,
Nərə çəksək, qarışacaq leş-leşə,
Bizi qandan qan çıxardıb həmişə,
Bizi qandan çıxardacaq yenə qan!
 


***


Qəzan mübarək

Əgər gedirsənsə haqq savaşına,
Qəzan mübarəkdir, qəzan mübarək!
Bu halal kəlməni sətir başına,
Yazan mübarəkdir, qəzan mübarək!

Sən ki, qan tökmürsən, qanı alırsan,
Əlindən nə gedib, onu alırsan,
Sən Salur oğlusan, Banu alırsan,
Qazan, mübarəkdir, qəzan mübarək!

Namus savaşıdır sənin savaşın,
Başında tay-tuşun, dostun, yoldaşın,
Yağıdan aldığın torpağın, daşın
fəzan mübarəkdir, qəzan mübarək!

Qarabağ itməyib, bizdən getməyib,
Biz ordan getmişik, fürsət ötməyib,
Sən oxu, mənim də sözüm bitməyib,
Ozan, mübarəkdir, qəzan mübarək!

Yadından çıxmasın çoxdan verdiyin,
Artıq torpağın yox, yoxdan verdiyin,
Nahaq düşməninə haqdan verdiyin,
Cəzan mübarəkdir, qəzan mübarək!

Canında qalsa da lap yarı canın,
Qazi tək dönməyə vardır inamın,
Əgər şəhid olsan, şəhidlik qanın,
əzan mübarəkdir, qəzan mübarək!

Oğul doğulmayıb döşəkdə ölə,
Bayraq tikilməyib tutasan yelə.
Deyirdim arxam var, igid, sən elə
Osan, mübarəkdir, qəzan mübarək!
Qəzan mübarəkdir, qəzan mübarək!
 


***


Qəlyanaltı

Ey bu gözəl vətənin
Bəyliyini edənlər!
Ey qabağa düşənlər,
Ey qabaqda gedənlər!
Ey bu gözəl vətənin
Hər kefini çəkənlər!
Gündə bir mif uydurub
Zəhləmizi tökənlər.
Kefiniz xatirinə,
Qoruyun bu vətəni!
Mifiniz xatirinə
Qoruyun vətəni!

Qələm, möhür, sərəncam,
Qızıl, silah sizdədir.
Siz ki, çoxbilmişsiniz
Axı, günah sizdədir.
Sizin ucbatınızdan
Qarı düşmən qudurdu.
Düşük çal-çağırların
Aqibəti budur, bu!
Təmizə çıxmaq üçün,
Qoruyun bu vətəni!
Qiblə tapın, and için,
Qoruyun bu vətəni!

Axı, yazıq vətəndən
Siz çox yarıyırsınız,
Axı, çətində, darda
Siz çox zarıyırsınız.
Bizə nə var, bir həsir,
Bir də Məmmədnəsirik.
Nə ölümdən qorxuruq,
Nə can üstə əsirik.
Qorxun qorxmalınızdan,
Qoruyun bu vətəni!
Dəyməmiş dalınızdan,
Qoruyun bu vətəni!

Vətən əldən gedəndə,
Pulunuz olmayacaq.
Min adda, min peşədə,
Qulunuz olmayacaq.
Sizin məşuqələrlə
Yadlar əylənəcəklər.
İçib quş südünüzdən,
Yeyib piylənəcəklər.
Məşuqəniz eşqinə,
Qoruyun bu vətəni!
Gəlin imana, dinə,
Qoruyun bu vətəni!

Oğlunuzu gizlədin,
Qızınızı bəsləyin.
Vətəni sevənləri
Vuruşlara səsləyin!
Bu sözləri deyirik,
Biz ki, öz xoşumuzla,
Siz bizim əlimizlə
Siz bizim başımızla
İrəliyə atılın,
Qoruyun bu vətəni!
Varınızı yatırın,
Qoruyun bu vətəni!

Siz bizim gözümüzlə
Baxın acı yovşana.
Hərdən qüsl tökməyə
Gedin Suqovuşana.
Üz tutmağa yer nə çox,
Göy-göl boyda güzgü var.
Hər gülün ləçəyində
Göz açan bir cizgi var.
Çinarlara qıymayın,
Qoruyun bu vətəni!
Duymursunuz duymayın,
Qoruyun bu vətəni!

Vətən azad olanda,
Yenə sizin olacaq.
Oğlunuza çatmasa,
Nəvənizin olacaq.
Əli silah tutanlar,
Əsgər olmağa hazır.
Heç olmasa ən azı
Əjdər Olmağa hazır.
Bu - biz, bu - siz, buyurun,
Qoruyun bu vətəni!
Bizi qından sıyırın,
Qoruyun bu vətəni!
 


***


Vətəndaşlıq işi

Hər ölürəm deyənə ölüvay kimi baxma,
Dili söz tutan kəsin hələ canında can var.
Bir dəri-bir sümüyə əfəl, zay kimi baxma,
Tükcə damarlarında xırda qaşıqca qan var.

Qan tərpəniş deməkdir,
qan hərəkət deməkdir,
Damarlarda o qanı oyat, coşdur, işə sal.
Elə quru nəfəs də bizə arxa, köməkdir,
Yığ gözüqıpıqları, dediyimi başa sal.

Toz basmış beyinlərin tozu çəkilən kimi,
Vuruşan əl, görən göz, ayıq baş
düzəldərik.
Dəmir qırıqlarından qılınc tökülən kimi,
Min-min əfəl-üfəldən
vətəndaş düzəldərik.

Yurdun dayaqlarını uzaqda aramazlar,
Neynək bir əsgər elə ikisini-üçünü.
Kütlər, əyri-üyrülər, yazıqlar, yaramazlar.
Əsgərə çevriləndə gör onların gücünü.

Daha belə olacaq sözümüzün əvvəli,
Hər kəs özünə görə bir ərdir, bir kişidir.
Keyi, boynubüküyü, ərincəyi, əfəli,
Hərəkətə gətirmək vətəndaşlıq işidir.
 


***


Bakı, İstiqlal küçəsi…

İstiqlal küçəsi… Bizim baş küçə,
Xəzriyə, bürküyə, böhtana düşən,
Yüz dəfə dəyişib sahmana düşən,
Divarı, səkisi, səbri daş küçə.

Hər addım başında bir-iki lövhə,
Yuyulmaz yağışla, göz yaşımızla.
Millət atasından qalır bu tövhə,
Onu qoruyuruq öz xoşumuzla.

Bu evdə yaşayıb qaragün Seyid,
Hara köçürülüb oğul-uşağı?
Bu evdə yaşayıb Hüseyn Cavid,
Yanında durmuşam başıaşağı.

Yalançı başdaşı, yiyəsiz ünvan,
Aldadır söz sözü, daş daşı burda,
O necə ölüdür, necə müsəlman,
Qəbri Sibirdədir, başdaşı burda?!

Qovluğa tikilib, içə çəkilib,
Qanunlar ölümə güzgü tuturdu.
Başlı adamların başı əkilib,
Al bayraq rəngində qanı batırdı.

Döngələr, dalanlar adam güdürdü,
Məətəl qalmışdı ölü də, sağ da.
Bayıl türməsində fikrə gedirdi
Bir millət özünün sabahı haqda.

Bu küçə bilirdi qələm götürüb,
Köhnə fərmanları dəf edəcəklər.
Bilirdi bir dəfə qətlə yetirib,
Cavidi iki yol dəfn edəcəklər.

Ölüm məşhurların adından uzaq,
Çox da olan olub, iş işdən keçib.
Bəs bunu, bəs bunu biz hara yazaq:
Burdan adsız-sansız qurbanlar keçib!

Yaşamaq yasaqmı, qəbir yasaqmı,
Nə desək, adam da göyə çəkilər?
Küçədən təzə bir lövhə asaqmı:
Gözləyin, havadan adam tökülər!

Baş küçə biləni bilirəm mən də,
Alnım bir sənədin pozulmuş yeri.
Nə düşər-düşməzi, ən ağır gündə
Təkrar oxuyuram bu lövhələri.

Kədər uzununda, tabut enində,
Asılan lövhələr ömür həddidir.
Lövhələr nə deyir, bəlkə sənin də,
Sənin də axırın otuz yeddidir?!
 


***


Bir bayraq, doqquz əsgər
(poema)

Bir bayraq, doqquz əsgər
Qurd ağzından çıxdılar.
Düşmən əhatəsində
O ki var vurnuxdular.
Duman çökdü araya
Dumana büründülər.
Dərələrdən keçdilər,
Yamacda süründülər.
Onlar dumansarayda
Bir az kef elədilər.
Su tapıb su içdilər,
Meyvə gəvələdilər.
Dumana etibar yox,
Duman çəkiləcəkdi.
Gecə alaçıq deyil,
Şəfəq söküləcəkdi.
Tək göyə yol açıqdı,
Bacarırsan çıx göyə.
Ya da Allaha yalvar
Zənbil sallasın deyə.
Hər cığırda on yağı,
Hər yol üstə bir alay.
Qorxudan göy üzündə
Sarılıq tutmuşdu Ay.
Dörd tərəf əliqanlı,
Yağılar yar bağında.
Necə əsir düşəsən
Doğmaca torpağında.
Ayaqlarının altı
Vətəndi… Möhkəm idi.
Məqsədləri ap-aydın,
Fikirləri cəm idi.
Təzədən dikəldilər,
Şütüdülər irəli.
Bayrağı oxşayırdı
Hərəsinin bir əli.
Görən varmış onları,
Alınıb-satıldılar.
Birdən aləm qarışdı,
Gülləyə tutuldular.
Şahə qalxdı silahlar
Durdu az çoxa qarşı.
Bunlar Allah adamı,
Onlar Allaha qarşı.
Otdan, sudan, havadan
Qan qoxusu gəlirdi.
Bir doğulan yox idi,
Doğulanlar ölürdü.
Bir bayraq, doqquz əsgər
Nə azdır, nə də çoxdur.
Tətikdəydi əlləri,
Öldü var, döndü yoxdur!.
Atışma güclənirdi,
Düşmən çevrəsi dardı.
Yaxınlıqda bir qədim
Alban kilsəsi vardı.
Ümid qalırdı ona,
Ümid yoxdu kimsəyə.
Yüyürüb sığındılar
Dediyimiz kilsəyə.
Kilsə nişangah oldu,
Kilsə döndü hədəfə.
Onlar Allah evində
Vuruşdular son dəfə.
Basılınca gülləyə,
Kilsə də döndü dindən.
Yəqin Allah özü də
Qaçaq düşdü evindən.
Güllə tutdu birini,
Tutdu üçüncüsünü…
Sonra… Qoy yağı saysın
Sonra neçəncisini.
Canını tapşırırdı,
Əsgərlər bir-birinə.
Ölürdülər… bu onun
O da bunun yerinə.
Sərildilər yana-yana,
Şəhidlər sıralandı.
Sonuncu əl yapışmış
Bayraq da yaralandı.
Coşdu sonuncu əsgər,
Qan tutmuşdu gözünü.
Yerə qoyan deyildi,
Qanaq-qanaq dizini.
Tükənirdi gülləsi,
Niyə yarılmırdı yer?
Yad silahların səsi,
Deyirdi ki, cavab ver.
Yiyəsiz silahlara
Əsgər əl atdı, atdı.
Bütün avtomatların
Darağını boşaltdı.
Daraqda son güllədir
Darağı yoxlamadı.
Bir yağı tutar deyə
Özünə saxlamadı.
O, susdu… susdu qarşı,
Nə desin bu duruşa?
Kaş bir yağı gələrdi
Əlbəyaxa vuruşa.
Ayağında son təpər
Əldə yaralı bayraq,
Tərk elədi kilsəni
O, birayaq-birayaq.
Bir vaxt vətən yolunda
Ölüm diləmişdi o.
Nə edə bilərdisə,
Onu eləmişdi o.
Dalğalanan bayrağı
Əsgərdən ayırdılar.
Dəstəyini sındırıb
Qumaşını cırdılar.
O bayrağı endirən
Baxın görün kim idi?!
Özünkü əyməyibsə,
Bayraq qalib kimidi.
Bayraq yenə əsgərin
Gözlərindən düşmədi.
Yenə göy qurşağının
Mənası dəyişmədi.
Yenə onun göyü göy,
Yaşılı da yaşıldı.
Dostlarının qanı tək
Alı işıl-işıldı.
Əsgər həsrətlə baxdı
Döyənək torpağına.
Bir dua pıçıldadı
Didilmiş bayrağına.
Bəli, əsir əsgərin
Belə olur torpağı.
Bəli, əsir torpağın
Belə olur bayrağı.
Apardılar əsgəri
Getdi qolları bağlı.
Bilmirəm bakılıydı,
Yoxsa ki, qarabağlı.
Nə onun ölüsündən,
Nə də ki, dirisindən,
Bir xəbər eşitmədim
Haçansa birisindən.
Bir bayraq, doqquz əsgər
Şəhid tək öldü, itdi.
Bilmədilər
Qarabağ savaşı necə bitdi


***


Yuxum gəlir...

Çağırsaydın, qaranəfəs gələrdim,
Ayaqlarım pişik kimi büzüşmüş.
Sağ olsaydı anam,
elə bilərdim,
isti əli saçlarımda gəzişmiş.
Yuxum gəlir...

Qış da gəldi, bəs hanı qış yuxusu,
Nə deyirlər xeyirimdən-şərimdən?!
İndi mənim yuxum da quş yuxusu,
Bir çırtma çal, dik atılım yerimdən.
Yuxum gəlir...

Çöldə şaxta, özü də ki, nə şaxta,
Üşütməm var, yorğan ayaz qoxulu.
Sən yatarsan,
Sən qalmazsan bu vaxta,
düşünürəm səni yarıyuxulu.
Yuxum gəlir...

Gedib yuxu mənzilinə çataram,
Kim ləngidər ürək adlı çaparı?
Salamat qal, tərpənəsi qataram,
Can verirəm, yoxsa yuxu aparır?
Yuxum gəlir...

2001
 


***


Ömrün şirəsi

İçində atəş var, çınqı sal, od al,
Gəz, dolan, könül aç, ətir duy, dad al,
Çalış, seçil, tanın, üzə çıx, ad al,
Qara siyahıdan adını çıxart!
Ömrün şirəsini, dadını çıxart!

Şellənmə, saçların şəvə kimidir,
Canın da dözüm də dəvə kimidir,
Həyat suluqlanmış meyvə kimidir.
Onun çürüyünü-zadını çıxart!
Ömrün şirəsini, dadını çıxart!

Qoyma iş qan ola, sevgi man ola,
Canda can saxla ki, yarın can ala,
Su ver gözlərinə, seçib sonala,
Ortaya ən gözəl qadını çıxart!
Ömrün şirəsini, dadını çıxart!

Yandırsan gözlərin bir cüt lampadır,
Ulduza yoldaşdır, Aya hampadır,
Nə gərək vay-şivən, giley, dambadum
Yadından hər dedi-qodunu çıxart!
Ömrün şirəsini, dadını çıxart!

Qəm də, çətinlik də bizdən ötrüdür,
Mərdlik, mətinlik də bizdən ötrüdür,
Həyat bütünlükdə bizdən ötrüdür
Demirəm şorunu-şitini çıxart!
Ömrün şirəsini, dadını çıxart!

Əjdər Ol, gözün tox, için doludur,
Sərmayən quş südü, balıq puludur,
Gözündə yulğun da çiçək koludur,
Köynəkdən sazını, udunu çıxart!
Ömrün şirəsini, dadını çıxart!

2001
 


***


Təsəlli

Məmməd Aslan gör bir nədən təsəlli tapır,
Əsir düşmüş Kəlbəcərin şəkillərindən.
Bu ağ-qara şəkillərdə nə kəklik izi,
Baş açılmır qayaların səkillərindən.

Oxşasa da şəkillərin yamac xətrini.
Gözü seçmir nərgizlərin sarı sətrini,
Bahar gəlib, gül iyini, yarpız ətrini
Necə alsın şəhidlərin əklillərindən?!

Bir dünya var, o da onun başına dardır,
Nisgilini sürütdəyib dalınca dartır,
Danışdıqca qanı qalxır, şəkəri artır,
Cınqır çıxmır millətimin vəkillərindən.

2001
 


***


Vaxt getmir ki…

Payız soldu... qışı qəfıl şaxta vurdu,
Qaranquşlar uçub gəldi, yuva qurdu.
İndi də yaz baş qaldırır puçur-puçur,
Vaxt getmir ki... Vaxt ya qaçır, ya da uçur.

2001
 


***


Minillik

Qismətə bax, durmuşam minillər ayrıcında,
minillik arzular var lap dilimin ucunda.

Qoy bu minillikdə də min il od saçsın Günəş,
vaxtında-vədəsində səhəri açsın Günəş.

Min ili də haqlasın torpaq, dəniz, ulduz, Ay
min ilin sakinləri - Qafqaz, Tibet, Himalay.

Dünya durduqca dursun, gözləri nəm olmasın,
bir ayı, bir həftəsi, bir günü kəm olmasın.

Mən minillik deyiləm, ey dadıma yetənim,
qoy bu minillikdə də min yaşasın vətənim!

2000
 


***


Qaynama

Kir-pas içində
bir kapal uşaq
yarısı da lal,
çəp, topal uşaq.
Polis sözünü
yerə salıblar.
Bazar başında
mərə salıblar.
Ona cumurlar:
- Çörək pulu ver!
Buna cumurlar:
- Çörək pulu ver!
Əlibərklərə
Lap dirənirlər.
Gah dilənirlər,
Gah sülənirlər.
Külək, tozanaq,
qar, sazaq, yağış,
ikibaşlı söz,
acı, sərt baxış
bircəciyinin
vecinə deyil.
Oynamaq ki, pul
gücünə deyil.
Girəvə düşsə,
oynayacaqlar.
Qaynama kimi
qaynayacaqlar.
Üzlərində də
Cırtdan işığı.
Axı, uşaqdır
köpəkuşağı.

2001
 


***


Yas çiçəyi

Can bacı, qanlı yanvar,
bizlərə gör neylədi?!
Bakı qərənfılini
yas çiçəyi eylədi.

Daha qaragünlülər
anar, xatırlar onu.
Qəbristanlıq yanında
cüt-cüt satırlar onu.

Yasa gedir qərənfıl
üçə, yeddiyə, qırxa.
Qız-gəlin qucağından
boylanır qorxa-qorxa.

Sinə daşları üstə
Xoş sözmü eşidir o?
Xəzridə, Gilavarda
titrədir, üşüdür o.

Qana düşüb.
nahaq qan
şahididir qərənfıl.
Şəhid məzarlarının
şəhididir qərənfıl.

Yas tuturam mən ona
neçə ildir Bakıda.
Ən çox şəhid verən də
qərənfıldir Bakıda.

Şəhidlər sıra-sıra
qərənfillər də say-say.
Şəhid qardaşlarım vay!
Şəhid qərənfılim vay!
 


***


Dost kimi

Əşşi, nəyə gərək
hay-küy, təmtəraq.
Süfrədə nə ola,
bir-iki araq,
bir dilim kolbasa,
bir qıça pendir.
Bir az yuxa çörək,
bir əlcə təndir,
bir baş quru soğan
bir dolça saf su.
Ayrı ləzzəti var
bunun doğrusu.
Bir də ki, əlbəttə
könül dostları.
İçək, təzələyək
köhnə tostları.
Məzə qurtararsa,
gözümüz toxdur.
Arağa dost kimi
zakuska yoxdur.

2001
 


***


Ondan da gözəl…

İlk sevgimi xoşbəxtlik?
Ondan da gözəl şey var!
Var div kimi xoşbəxtlik,
Ondan da gözəl şey var!
Bəlkə o kalan puldur?
Ondan da gözəl şey var!
Tövbə, ya da qüsuldur?
Ondan da gözəl şey var!
Xoşbəxtlik azadlıqmı?
Ondan da gözəl şey var!
Bayramdakı şadlıqmı?
Ondan da gözəl şey var!
Qırxıncı otaq… girdim,
Ondan da gözəl şey var!
Xoşbəxt oluban gördüm,
Ondan da gözəl şey var!

2001
 


***


Qonaq

Ramiz Qusarçaylı məni çağırıb
Qubanın yazına qonaq eylədi.
Aparıb gəzdirdi yalı, yamacı
güllərin xasına qonaq eylədi.

Yetişdik Qəçrəşin tən ortasına,
düşdük Babadağın günortasına,
dost dostu qırqovul yumurtasına
kəpənək tozuna qonaq eylədi.

Ordadır göz kimi göyün əngini,
gördüm təbiətin min bir rəngini,
bir zəngçiçəyinin çaldım zəngini,
qonağı nazına qonaq eylədi.

Əcəb bardaş qurduq yaz süfrəsində,
ürək süfrəsində, söz süfrəsində,
dost dost mahalında, dost süfrəsində
dostunu dostuna qonaq eylədi.

Dedi: lalə də yığ, üz bənövşə də,
baxsın qız Lalə də, qız Bərövşə də,
bir nərgiz istədim Qızbənövşədə
o məni yüzünə qonaq eylədi.

2001
 


***


İnansam...

- Mən sussam neynərsən?
- Çətin sualdır,
dayanıb gözümü döyərəm ancaq.
- Desəm bircə söz de,
- Bu ki, vüsaldır,
qışqırıb "Sevirəm" deyərəm ancaq.
- Birdən inanmasam...
- Kişnəyər ürək,
bu sözü başqa bir tonda deyərəm.
Bəs sən neynəyərsən?
- Yaxşı, de görək,
İnansam, cavabı onda deyərəm.

2001
 


***


Hamısı boş şeymiş…

Sənin ucbatından soyuqladım da,
tanınmaz halım da arada oldu.
Yuxuda adını sayıqladım da,
qanım it qanından qara da oldu.

Sənin ucbatından maşını əzdim,
sənin ucbatından axsadım işdə.
Hamısı boş şeymiş…
Yaxşı ki, dözdüm,
çıxdı ağrım-acım bircə görüşdə.

2001
 


***


Söz azadlığı

Bizə də verdilər söz azadlığı
Buyur, dos-doyunca danış, çərənlə.
Bala,
bala-bala çöz azadlığı
Kəpənək tutanla, çiçək dərənlə.

Azadlıq quşudur qonan budağa,
Sürgün yox, türmə yox, dəri soyulmur.
Qabaqlar düz sözə vardı qadağa,
indisə düz sözə məhəl qoyulmur.

2001
 


***


Bal ayı

Arıçı köçürtmüş arılarını
sımsıx cökəliyin
həndəvərinə.
Günlü günlər olsa,
mümkünlər olsa
cökələr çiçəklər
beş-altı günə.
Arılar gün altda vızıldaşırlar.
Pətəkdən uçuşa
hazırlaşırlar.
Böyüklü-kiçikli
hər biri bilir
Öhdəsinə düşən
işin adını
hamısı –
yaxşıca-yaxşıca çırpıb
sınayır,
yoxlayır tül qanadını
Arıçı düşübdür
arı dalına.
Göz dikib
bu ilin cökə balına.
Gördüm gözüm doydu,
könlüm açıldı.
Yaxşısı budur ki,
tez aralanım.
Axı niyə burda
avaralanım?
Qardaşlar,
sizə də
nişan vermirəm
Qoca arıçının,
arı yerini,
onlar yaxşı tapıb
biri-birini.
Gedib bala bulaşmayın,
Arıçının, arıların
iş vaxtı
əl-ayağına
dolaşmayın!

2001
 


***


Özümüzünkü

Araçı kimdir?
Özümüzünkü!
Qaraçı kimdir?
Özümüzünkü!
kimdir çuğulçu,
Sənin qudandır.
Kimdir oğurçu
Sahman adamdır
Kirvəmiz elə,
Özümüzünkü.
Qonşumuz belə…
Özümüzünkü.
Bicin biridir
xalanəvəsi.
Hərdən adamın
ölür həvəsi.
Əliəyri də
özümüzünkü.
Elə qeyri də
özümüzünkü.
Toyda üz-üzə
nəfəs-nəfəsə…
Vayda üz-üzə
nəfəs-nəfəsə…
Baxıb "Cinayət
Məcəllə"mizə
Sonra düşmüşəm
məhəlləmizə.
Görmüşəm, ay dad,
nə çox yaş iş var.
Hər bəndə uyğun
tanış-biliş var.
Biri vəkildir,
özümüzünkü.
Biri hakimdir
özümüzünkü.
Biri həkimdir,
özümüzünkü.
Biri hər kimdir,
özümüzünkü...
2001
 


***


Körpü


Yavaş-yavaş, ağır-ağır
üz tutmuşuq qəbristana
Çiynimizdə ağır mafə
dilimizdə Ana, Ana.
Bu dünyadan o dünyaya
bir körpü var – o da tabut.
Dayaqları bugün bizik,
biz dörd qardaş – bu da sübut.
2000
 


***


Acı


Şirnikdim bir xanıma,
xanım şirin çıxmadı.
Yeriklədi qanıma
qanım şirin çıxmadı.

Gül vurdum, zambaqladım,
Qan düşdü, qan bağladım.
Arı tək şan bağladım
şanım şirin çıxmadı.

Hələ meydan şərindir,
Əjdər, Allah kərimdir.
Deyirlər can şirindir,
canım şirin çıxmadı.

2001
 


***



Səsimin içində səs var

Alim Qasımov üçün


Mən həqiqət yolunun yolçusu oldum, bəylər!
Yol gedər-gəlməz imiş, kim məni saxlar, əylər?

Hərə bir cür dəlidir, mən də ki irfan dəlisi
Dərdimi güclə çəkər çəksə kamanlar, neylər.

Məni bir səs ovudar, qoy sizə qalsın dostlar,
Ad, mükafat, nə bilim, çox belə cüzi şeylər.

Dərvişəm yahu deyib pərdə-pərdə yüksəlsəm
Çataram haqq yerinə, ey gözü yaşlı göylər!

Kim azarsa zilimin Qatarında, Şurunda
Məni bir qatar söyər, Şuru günahkar eylər.

Səsimin içində səs var, tuta bilsəm onu mən
Yazacaq mən deyəni onda əliflər, beylər.

Yiyəsiz səslər uçub hey dolanır dövrəmdə
Yiyəsindən hərəsi min bir hekayət söylər.

Sərxoşam, içməmişəm, eşqdən hüşyar oldum,
Hanı məstlər, biri yox, qanəmi dönmüş meylər?!

Əjdər Ol, vəhy kimi bir səsə dönmüş Alim
İldırım çaxsa, boran qopsa, deyin, kim neylər?!

2001
 


***


Günəbaxan zəmisi


Dalğalanır, çalxanır günəbaxan zəmisi,
çatışmır bu dənizin bircə bəyaz gəmisi.

Düşüb qızıl dalğaya, girib sarı dumana,
üzəm gedəm şeh qonan ətirli bir limana.

Amma hanı o gəmi, hanı o şehli sahil,
çox da məni çağırır sapsarı zehli sahil.

Kürən günəbaxanlar Günəş balalarıdır,
nəğmələri bir qədim cütcü holavarıdır.

Sütül gövdələr yaşıl, tutaş kirpiklər sarı,
gedim yaşıla sarı, gedim sarıya sarı.

Yelpik-yelpik yel əsir sarıdonlu səhərdən,
durub Günə baxanlar baxır mənə də hərdən.
 


***


Miru - mir!


Şair Fikrət Sadığın
sol əlinin üstündə
bir yazı var:
Miru - mir!
Köhnə sovet şüarıdır.
türkcəsi Dünyaya sülh!
Deyir on üç-on dörd yaşında
qart-qurt biləndə
rus dilini,
Sənət məktəbində
döydürüb əlini,
Bu döymə yazı olmasa da
sülh adamıdır Fikrət Sadıq.
Heç kəs yumruqla
danışan görməyib onu.
Ancaq
yumruqlu sülh də olmaz,
yumruğunu qaldırsa,
gülüb deyəcəklər:
- Yumruğuna bax, şair,
yumruğunun üstündə
lap aydınca yazılıb
"Miru — mir!"
 


***


***

Maşına yaxşıca əl gəzdirmişəm,
gedək Şamaxıya gül iyləməyə.
Gedək yerindəcə zirinc, qantəpər,
mixək, kəklikotu, hil iyləməyə.

Arılar çəkəcək şirələrini,
bir azdan güllərdə hal olmayacaq.
Ağkirpik tökəcək kirpiklərini,
lalənin başında şal olmayacaq.

Körpə bulaqların, sısqa çayların
forslanıb şellənən fəslini görək.
Mor köynəyindəki xırda güllərin,
düymə çiçəklərin əslini görək.

Bir tanış kababçı var yolun üstə,
Əla, qocafəndi lüləsi olur.
Bağdan bircə-bircə dərdiyi tutun
barmaq uzunluqda giləsi olur.

Biçilmiş ot ətri bilirsən nədir?
Şeh üstə gəzərik ayağıyalın.
Min dərdə dərmandır bircə damcısı
ağac koğuşundan tapılan balın.

Bir az canımızın hovu alınsın,
bir azdan qurd salar zirvənin qarı.
Sabah, Allah qoysa, gün əyiləndə
durub fıtillərik şəhərə sarı.
 


***


İşıq

Yandır tutqun üzünün
sönmüş işıqlarını,
ürəkləndir həm bizi,
həm də uşaqlarını.
 


***


Ömrün əsas vaxtı

Ömrün boş saatları,
bom-boş dəqiqələri,
ya dörd-beş saatları,
ya beş dəqiqələri,
günlərin yonqarıdır,
saatların çıxarı.
Gah qışın son qarıdır,
gah yazın ilk buxarı.
O bəzən ilk görüşə
qalan bircə hovurdur.
Hərdən dönür təşvişə,
hərdən bizi ovudur.
O gah uçuşqabağı
qısa on dəqiqədir.
Gah da ilan qabığı –
uzun son dəqiqədir.
Ömrün əsas vaxtı var,
bir də əlavə vaxtı.
Hara yağdı yağan qar
saçımın şəvə vaxtı?!
Amma, ömrün sonunda
keçmişin adı birdir.

2001
 


***


Şəkər xanım

Teleşirkətin həyətində
qəfil döşümə çıxdı
şair Məmməd Aslan.
Qımışdım,
kefini soruşdum.
- Necə olacağam? – dedi
Günümü qara eləyib
Şəkər xanım.
Qəfil gileydən
qaraldı qanım.
Soruşdum:
- Dediyi nədir?
Dedi:
- Kölgəmi də güdür.
Deyir alacağam canını.
Dəyişdi səsimin tonu.
Sonrasını düşünmədən
partladım:
- Əşşi, qov getsin onu!
Dedi:
- Qovuram, yenə qayıdıb gəlir.
Mən heç
sən özünü qoru,
bir də gördün
kəsdirib sənin də
başının üstünü
o imansız qarı.
Eyhamı anladım,
Alındım.
Söz içində söz varmış…
Gördüm
oxun ha tərəfdən atıldığını.
Mən belə bildim
şairin şəkərə tutulduğunu.

2001
 


***


Dünən, Bugün, Sabah…

Ağlıkəsməz uşaqdım
yaşayırdım sabahla,
dərirdim göy üzündən
ulduzları tabaqla.
İndi yarı yoldayam
yaşayıram bugünlə,
kədərlə, ah-amanla,
sevinclə, toy-düyünlə.
Qocalanda dünəni
anacağam, bilirəm,
elə ona görə də
durub sizə gəlirəm.

2001
 


***


İkili

İkili yaşamaq necə çətindir,
yaxşı ki, təhər var hələ canında.
Bu sənin bölünmüş məhəbbətindir,
biri - ürəyində, biri - yanında.

Ekiz taleyində iki qadın var,
axıb aranızdan keçəcəkmi su?!
Sənin deyilişcə iki adın var,
birini o deyir, o birini bu.

Ev - ayrı, bəxt - şərik, ər - ikisinin,
qoşa öpmək olmaz, ər ki, büt deyil.
Ortaq əzabı var hər ikisinin,
axşam iki deyil, gecə cüt deyil.

Yasəmən gətirir əri birinə,
ər qızılgül alır birindən ötrü.
Qarışıb yaxanda biri-birinə
yasəmən qoxusu, qızılgül ətri.

Bir cüt istəyinə boyun əyirsən,
axırda deşəcək söz ürəyini.
Birinin yanında yemək yeyirsən,
birinin yanında öz ürəyini.

Dadırsan gözünün sirli yaşını,
soyuyur alnında tər gilə-gilə.
Biri ütüləyib əyin-başını,
səni yola salır o birigilə.

İkili yaşamaq necə çətindir,
yaxşı ki, təhər var hələ canında.
Bu sənin bölünmüş məhəbbətindir,
biri - ürəyində, biri - yanında.
 


***


Akvarium

Sulu şüşə içində,
yaşıl köşə içində,

xırda-xırda balıqlar,
ərköyünlər, şuluqlar,

üzə-üzə rəqs edir,
yaşamağa risq edir.

Bunların nə canı var,
bircə damcı qanı var,

Su yoludur yolları,
axçaları, pulları

düşməyibdir dəyərdən.
Yosunları göyərdən

yelpik nəfəsləridir,
körpə həvəsləridir.

Bunları nə çoyudur?
Qəzəbləri soyudur

ürkək sıçrayışları,
erkək sıçrayışları.

Budur, dayanıb biri,
gözləri var dipdiri.

Məni boyaboy süzür,
tanımayıb tez üzür,

itir kürül dəstədə.
Hamısı bir bəstədə

üzür çömçə balıqlar,
incə-mincə balıqlar…

2001
 


***


Səhv

Şirnikib yalan dedin…
gözləyirsən əhvini
Mən sənə inanmayıb
düzəldirəm səhvini.

2001
 


***


Azərbaycanım

Adlı Azərbaycanım!
Odlu Azərbaycanım!
Sənə içdən bağlıyam…
Belə köpəyoğluyam
basıb bağlayıramsa,
Qoltuq yağlayıramsa.

Lap genə-bol bəsimsən,
Öz ruhum, öz səsimsən.
Kim sənə tor qurursa,
İşinə pəl vurursa,
bil, ya zatıqırıqdır,
ya da işifiriqdır.

Torpağını öpərəm,
gözlərimə təpərəm,
suyuşirin almasan,
gözəgəlim olmasan
bunca müştərin olmaz,
müşkül işlərin olmaz.

Şuşa yağı əlində,
yağı da fənd - felində.
Boşla görək qılığı,
bu biabırçılığı
biz götürə bilmərik,
dinc otura bilmərik.

Dayan, bərk gedən oğlan,
Doğma yurduna bağlan,
Sənin də ölmüşünə,
mənim də ölmüşümə
ondan məhrəmi yoxdur,
yad yerin çəmi yoxdur.

Yad ölkəni öyürsən,
dindirməmiş, deyirsən;
- Xəzər nədir ki? – Şor su!
Vallah, burdakı forsu
orda edə bilmərik,
göynən gedə bilmərik.

Yaxşıca tapışmışıq,
Səndən bərk yapışmışıq.
Bircəciyim, birdənəm,
Sevgilim, dədəm – nənəm,
balam Azərbaycanım!
Salam Azərbaycanım!

2004
 


***


Yarımçıq beyt

Üzr istəmək də istəməkdi də…
Müdrik dövlət başçısına
Adi, yavan həqiqətdir:
Dövlət şərəf və qüdrətdir!
Adil,
Azğın,
Qarğa-quzğun,
İri, xırda…
Ən axırda
hamı görür
və eşidir.
Var onun da hər çeşidi -
halalı var
haramı var.
Müdrik dövlət başçısına
Əjdər Olun salamı var!
 


***


Fərq


Biri var çox vicdanlı adam, -
biri var çoxvicdanlı adam.
Biri çox mənalı,
biri çoxmənalı.
 


***


xxx

Dayanmışıq,
qızarmışam,
köz kimiyəm.
Sən - şəkil,
mən - şəkilaltı
söz kimiyəm.
 


***


Ömür


Ağrılara, əzablara darılma,
Öz işindən bərk-bərk yapış, yorulma,
Çalış ölmə, çalış itmə, vurulma,
Canım-gözüm, ömür elə budur, bu!
Tale, qismət deyirdin ha, odur bu!

Yağlı vədlər, yaman ayır-buyurlar,
Demə mənə nə ad, nə san qıyırlar,
Tez artmağa axı kimi qoyurlar?!
Canım-gözüm, ömür elə budur, bu!
Yarışmağa meydan budur, cıdır bu!

Adamsan də, incidərlər adamı,
O dünyadan haraylama atanı,
Alan yoxsa, dur özün al qadanı,
Canım-gözüm, ömür elə budur, bu!
Dadına bax, gör nə şirin dadır bu!

Neynəsən də, hər gələn gün xoş olmaz,
Adam gedib ağlağana qoşulmaz,
Fors eləmə, dünya sənsiz boşalmaz,
Canım-gözüm, ömür elə budur, bu!
Səni, məni diri-diri udur bu!

Keçmək olmur payızından, yazından,
Üzülürsən bir gözəlin nazından,
Əşşi, yüz yol mən demişəm azından,
Canım-gözüm, ömür elə budur, bu!
Ürəkdə od, gözümüzdə sudur bu!

Hər istəkdə, hər diləkdə düyün var,
Nə istəsəm, olmasa da, deyin: Var!,
Əjdər Olsan, kimsən,
boş hay-küyün var,
Canım-gözüm, ömür elə budur, bu!
Adəm budur, Nəbi budur, Xıdır bu!
 


***


Şans


Elə düşünmə ki, aldandım sənə,
Özüm yalanını üzə çırpmadım.
Hirsimi saxladım şeytana, cinə,
Coşub yumruğumu mizə çıpmadım.

Düzü, bilə-bilə azı on dəfə
sənə aldanmışam… Qurtardı konsert.
İnanmaq istədim sənə son dəfə,
İtirdin sonuncu şansını, çıx, get.
 


***


İndidən


Qardaşlar, indidən üz tutub sizə,
verim qiyamətin suallarını.
Allah bağışlamaz beş arşın bezə,
nə dəymişlərini, nə kallarını,

Allahın işinə baş aparmıram,
mən ki, qarışıram insan işinə.
Sizi cəhənnəmə tuş aparmıram,
cənnətlik deyiləm döyüm döşümə.

Ayılıb açınız sabahınızı,
qiyamət günündə ayılası tək.
Bir-bir sadalayın günahınızı,
qiyamət günündə sayılası tək.

Bizi sürüyürlər belədən belə,
elə hey günahlı yola çəkirlər.
Əliəyrilərdir min ildir elə
qiyamət gününü dala çəkirlər.

Verin cavabları elə bu başdan,
yoxsa, işləriniz əngəl olacaq.
O vaxt başınıza tökülən daşlan,
indinin cəzası yüngül olacaq.

Günahın böyüyü-kiçiyi olmaz,
tükcə günahın da öz sualı var.
Qiyamət gününün bicliyi olmaz,
indi əlyeri var, çıxış yolu var.

Məni vəkil edib fələyin qəmi,
mələklər dilində suallar hazır.
Bir haqq divanının mirzəsi kimi
günahsız qələmim yazır, hey yazır.
 


***


İzn


Daha inanmışdım mən də bir sabah
elə həmişəlik ölüb gedərəm.
Mənə izn verdi yuxuda Allah
bir də bu dünyaya gəlib-gedərəm.

Bu vəhyi vecinə almaz bilirəm,
Allahın özünə inanmayanlar.
Onsuzda o vaxta qalmaz, bilirəm
indinin sözünə inanmayanlar.

Bəlkə tez qayıtdım, nə bilmək olar,
sonuncu yuxumu belə yozmuşam.
Dünyaya gəlməyə çox da növbə var,
mən ki, neçə dəfə növbə pozmuşam.

Təzə gəlişimi qəfil biləntək
adıma çiçəklər dəriləcəkmi?
Mənə o dünyaya gedib-gələntək
hər yerdə üstünlük veriləcəkmi?

İşbazlar körpədən düşsələr duyuq,
başımın üstünü kəsdirəcəklər.
Alsalar, bir qızıl qəfəsə qoyub,
məni ölkə-ölkə gəzdirəcəklər.

Olar təbriklər də, hədiyyələr də,
Böyüsəm, baş alıb hayana qaçım?
Üstümə cumacaq xəfiyyələr də,
gərək o dünyanın sirrini açım.

Bəlkə də gecikdi allahın əmri,
mənə verilmədi bu adım bəlkə.
Düşdüm dolaşığa, ikinci ömrü,
birinci ömür tək yaşadım bəlkə.

Ürək çırpınacaq, göz doluxacaq,
birinci qəbrimin yeri itəndə.
Bəlkə indikindən çox darıxacaq,
Mənim köhnə ruhum təzə bədəndə.

Ağlınız nə kəsir hekayətimdən,
ömür sözə dönsə, beş-on kəlmədir.
Bəlkə ölüb getdim, xəcalətimdən
heç geri dönməyə üzüm gəlmədi.
 


***



Allah qoysa…


Maşallah alnımın qırışı artıb,
ağ saçı özümə yaraşdırıram.
Ağrı, əzab verir qurban olduğum,
mən ondan ömür-gün quraşdırıram.

Vallah, ürəyimdən xeyli razıyam,
hərdən ağrısını kəsir, sağ olsun!
Bir böyrü üstə də keçinmək olar,
təki adam kimi yaşamaq olsun!

Belə gəzirəmsə, axtarıramsa,
bir gün itkinimlə tapışacağam.
Bir işim inşallah, başa gəlməsə,
gedib başqasından yapışacağam.

Şükür, dərdlərimi yaxşı çəkirəm,
mən bilən, əzaba dözərəm yenə.
Allahın yanında hörmətimə bax,
həyat hər üzünü göstərir mənə.

Aman verməsələr əl tərpətməyə,
əli ağ, ürəyi çat-çat olaram.
Nə olsun, ömrümdə dinclik görmədim,
ölüb, allah qoysa rahat olaram!

Nə Kəbə daşına sürtdüm üzümü,
nə tövbə elədim, nə də and içdim.
Gördüm doymayacaq gözüm dünyadan,
özümü tox tutmaq yolunu seçdim.
 


***



Dövlət quşumuzu gördüm yaxından


İş elə gətirdi, işləyib gördüm,
vəzifə dadını, stol dadını.
Tez-tez girilməyən qapıdan girdim,
duydum yağlı salam, sağ ol dadını.

Gördüm lap yaxından xalq deyiləndən,
yaltaqlıq umanı, tərif umanı.
Gördüm bellər, başlar hər əyiləndə,
yellənən başımdan qalxan dumanı.

Gördüm neçə-neçə məmur içində,
könlündən arxayın olan tək mənəm.
Bu saray deyilən çamur içində,
kövrələn olubsa, o kövrək mənəm.

Dəyişən baxışlar önündə gəzdim,
Gözlərin iqlimi nə sərt olurmuş.
Gücə düşməyincə bilə bilməzdim,
gücsüzlük adama nə dərd olurmuş.

Qanadı ütülmüş, yaralı, xəstə,
Dövlət quşumuzu gördüm yaxından.
Çiyindən çiyinə qondurmaq üstə
biç vuruşumuzu gördüm yaxından.

Gördüm elə olub, quşbazlar belə,
dövlət quşumuzun marığındadır.
Qoltuqaltılar var gözləri hələ
özgənin gerbində, bayrağındadır.

Dövlət quşumuza saldım mehrimi,
yoluq qanadına əlimi çəkdim.
Bir sehrim olsaydı, mən öz sehrimi,
Göstərib bilirdim neyləyəcəkdim.

Allaha çox şükür, müqəddəs bilib,
onun ayağıma yazdım adımı.
Səsinə səs verib, hayına gəlib.
vuruldum, itirdim bir qanadımı.
 


***


Söz kimi


Can candan olub, ağlama, can-can!
Şan-şan elədin könlümü, şan-şan.

Düşmən deyəcək: Boynunu əy, əy!
Əysən, deyəcək: Əslini dan, dan!

Qan-qan demirəm, dəyişdi məna,
Qan! Qan! eşidib, haqqını qan, qan!

Bir söz ki, yanır, söz deyil, Əjdər,
Sözdən alışıb, köz kimi yan, yan!
 


***


Uşaq ki, uşaq...


Buna nə deyəsən, uşaq ki, uşaq,
gecə də adamı qoymur yatmağa.
Deyir qollarını qaldır, gəl uçaq,
gəl gedək meşədən balıq tutmağa.

Vallah, mənə qalsa, uşaq yanında
durub nağıl demək əzablı işdir.
Ancaq əlacım yox, bir dərmanım da
uşaq dodağından qopan gülüşdür.

Mənə Qaraqabaq deyən nə bilsin,
qızımın yanında nəçi oluram.
Hərdənbir bilmirəm nə deyim, gülsün,
hürən it, mələyən keçi oluram.

Adam məcbur olur səsə alışsın,
yüyürür, tullanır, mayallaq aşır.
Oyuncaq alıram başı qarışsın,
bu dəcəl məni də oyuna qoşur.

İşim düz gətirmir, susuram ancaq,
sözündən çıxmağa bəhanə yoxdur.
Bilmir ki, olmuşuq əldə oyuncaq,
bilmir bu ölkədə nə var, nə yoxdur.

Yıxılır, dikəlir, nə qayğı, nə iş,
əzilir ütülü qırmızı donu.
Məni iş başına çağıran Günəş
körpə kölgəsilə oynadır onu.
 


***


Diqqət


Mən-mənə qan-qana
laqeyd olma,
Didir, sökür, yeyir
dünyanı onlar.
Zalıma, nadana
laqeyd olma,
İdarə eləyir
dünyanı onlar.
 


***


Sözümü qəribçiliyə salma


Gəz, dolan kənd-kəsəyi,
ayaqdan sal Bakının küçələrini.
Sinənə çək yaz havasını,
sonra çəkəcəksən davasını.
Ad-san qazansan,
imkan verməyəcəklər,
Dustaq olacaqsan,
vəzifə dustağı,
şöhrət dustağı.
çıxacaq canının cızdağı.
Bir kostyum qalacaqsan,
bir portfel,
bir də çəkəni olsan – siqaret.
Hara getsən, köməkçin biləcək,
kölgəndən min dəfə artıq
səni güdəcək cangüdənin.
Ölməyibsə, üzünü
Ölübsə, qəbrini
görməyəcəksən nənənin, dədənin.
Telefonlar batıracaq səsini,
güzgülər qırışdıracaq üzünü,
sağlıqlar gödəldəcək ömrünü.
Almayınca fərmanını, əmrini,
Dur, başını burax!
burdan vur, ordan çıx,
ordan vur, burdan çıx!
Hərə bir cür böləcək
sənin gününü.
Girinc qalacaqsan arada.
Vəzifəyə gedən də,
vəzifədən gedən də
peşmandır bu xarabada.
Sözümü qəribçiliyə salma,
başım çəkib bilirəm.
Sən gedirsən,
mən gəlirəm.
 


***


Sözün yalanını düzə çevirmək


Sən elə nə dedin, mən də inandım,
sənsən sözü çıxan, sözündən çıxan.
Harda itib-batdın, harda yubandın,
gəl gör necə olur özündən çıxan!

Sən itdin, əridin ağ bir yalanda,
sözümün dalında dayanıram mən.
İlhamım gələndə, şair olanda,
hamıya, hamıya inanıram mən.

Mən söz adamıyam, bilirsən axı,
səhərim başlanır şerlərimdə.
Yalan tək dediyin sözlərin çoxu,
düz söz tək işlənir şerlərimdə.

Adam olmayanı, bilmirəm düzü,
adamı söz çəkir, qan çəkir, axı!
Mən heç,
lap məndən keç,
urvatsız sözü,
qələm işlətməyə can çəkir axı!

Unut dilimizi, sözlükdən əl çək,
bəndə eşidəni Allah eşidir.
Sözün yalanını düzə çevirmək,
bir Allah, bir də ki, şair işidir!
 


***


Öt keç


Düşmənin çoxalır iki-bir, üç-bir,
gözün qoruqçudur ara-bərədə.
Sən kimsən, mən kiməm, başqası kimdir,
düşmən çıxıblarsa peyğəmbərə də.

Öt keç, böhtançılar haqqa qənimdir,
neyləyək böhtanla öyünürlərsə.
Sən kimsən, mən kiməm, başqası kimdir,
Allahın dalıyca deyinirlərsə…
 


***


Oxşamaq istəsən…


Pərəstiş etməyə bircə kimsə var,
yapış ətəyindən, nə bez, nə yorul.
Şumla torpağını, bağını suvar,
keçsin günahından təmizlən, durul.

Danış sularına ağır yuxunu,
təsəlli verəsi çiçəyinə bax.
Göndər dağlarına çəksin ahını,
min-min gözəlinə, göyçəyinə bax!

Ağa axtarırsan, odur yaxında,
günahsız gəzirsən, odur təmiz, saf.
Bəndəsi olsaq da, ona baxanda
nə səndə insaf var, nə məndə insaf.

Oxşamaq istəsən, tək ona oxşa,
elə odur kamil, odur bütöv, tam.
Oxşa ulduzuna, ayına oxşa,
nə olsan yarısı adamsan, adam.

Bismillah, adını çəkimmi onun,
dadına çatası min bir adı var.
Axırda tək ona qaynayar qanın,
axırda qəlbinin bir cahadı var.

Nə virdi çətindir, nə zəhmi ağır,
adlardan öncə yaz o böyük adı.
Səni də divana çəkəcək axır,
qalsan qiyaməti, ölsən siratı.
 


***


Bəsdi


Yarın həsrətində, dostun qəmində,
elə xəstə-xəstə yaşasam, bəsdi.
Sağ canı neynirəm vüsal dəmində,
Mən elə canüstə yaşasam, bəsdi.

Onsuz da dünyanın son ucu yoxdur,
Min-min dərd tanıram, əlacı yoxdur,
Heç bir məmləkətin haqq gücü yoxdur,
Bakıda, Təbrizdə yaşasam, bəsdi.

Arzuda, gileydə pəhriz gərəkdir,
Həm çöldə, həm öydə pəhriz gərəkdir,
Əjdər Ol, hər şeydə pəhriz gərəkdir,
bir ömrü pəhrizdə yaşasam, bəsdi.
 


***


Anilik


Gör bir nə gündəyəm, sinəmi yarıb,
səni ürəyimə qoya bilmirəm.
Üz-üzə əyləşib, tilsimi qırıb,
bircə görüşündən doya bilmirəm.

Sənə uyan kimi, bir kimsə bilmir,
alt-üst olub gedir bütün işlərim.
Əlim soyuyanda karıma gəlmir
nə öyrəndiklərim, nə vərdişlərim.

Hər günüm atılıb qalır daş kimi,
elə ki, görüşdük, ayrılmalıyıq.
Birtəhər çıxmasın, lap sərxoş kimi
ömrün nəşəsindən ayılmalıyıq.

Sevincin arxası kədərdir, kədər,
kədəri çevirsən, mənəm astarı.
Gözlə bu səfərdən dönənə qədər,
gözlə son payızı, birinci qarı.

Sıxıram özümü, yarı bölmürəm,
Könül xoşluğumun aniliyini.
Bu gözəl dünyanın, səni bilmirəm,
boynuma almışam faniliyini.

Ani sevincimiz olacaq yenə,
mənim tək özünü o günə saxla.
Baxmazsan saçımda çoxalan dənə,
Baxmazsan! Yaxşımı?
Yaxşı, az ağla!
 


***


Adam


Yaxşılıq elədin, a yaxşı adam!
sonra da qeyb oldun göz qırpımında.
Keçmişi anmaqda mən ki ustadam,
yaşarsan könlümün hər çırpımında.

Haqqın, haqq işinin əsgəri kimi,
basıb-bağlamadın, dil-dil ötmədin.
Xeyirxahlarımın əksəri kimi,
məndə ünvanını qoyub getmədin.
 


***


Gir-çıx


Gözlərim dünyaya açılan qapı,
açılıb-örtülür, girib-çıxırlar.
Azmı öz qapımın tap-tarap-tapı,
girənlər günümü görüb çıxırlar.

Gəlir işi əzab, günah olanlar,
yerdə çağrılmamış qonaq olanlar,
mənə rast gələnlər, ürcah olanlar,
kimsəsiz olurlar, qərib çıxırlar.

Olur yazıqlar da, lələyənlər də,
məndən ruzusunu diləyənlər də,
eh, mənə yaxşılıq eləyənlər də,
Onqat əvəzini vurub çıxırlar.

Həsrət gözlərimdə qara çıraq var,
bilən yox, qəlbimdə min bir quraq var,
güvəndiklərimdən nə bir soraq var,
nə də ki özləri gəlib çıxırlar.

Gəlib gedənlərin kəsilmir ardı,
daha gözlərimin otağı dardı,
Əjdər, ölməyibsə gözümün qurdu,
niyə başsağlığı verib çıxırlar?!
 


***


Əbədiyyət qarşısında


Əbədiyyət hövsələni daraldır,
məsafələr gözlərini qaraldır.
Mən baxmayıb heç ağına-bozuna,
bulaşmışam bu yolların tozuna.

Əbədiyyət şaxtasında donursan,
saçlarına yağan qara yanırsan,
Mənsə buza isnişirəm bir az da,
uşaq kimi sürüşürəm bu buzda.

Əbədiyyət sükutundan qaçırsan,
ürəyini kimə gəldi açırsan.
Mən sükutu qonaq edib bir daşa,
ürəyimlə dayanmışam baş-başa.

Əbədiyyət qarşısında fanisən,
Yalançısan, ağciyərsən, canisən.
Elə mən də uzaq başı, bir anam,
ancaq odam, ildırımam, leysanam!
 


***


Sabahın xeyir


Görüş qaldı sabaha,
bu günüm yoxdur daha.
Könlümün rahatlığı,
halımın babatlığı,
sabah bilinər hələ.
Bunları bilə-bilə,
fikrim-zikrim sabahda,
ruhum məndən qabaqda,
Nədir bizi təntidən,
indidəsən, indidən,
könlüm, sabahın xeyir!
ömrüm, sabahın xeyir!
 


***


Doldu könül dəftərimiz


Dərdimizi hara yazaq?!
Pozulmur könül yazısı,
Pozuban dübarə yazaq.

Ey daş yonub, büt qayıran,
könlünü qanla doyuran,
haqqı nahaqdan ayıran
bir yer varmı, ora yazaq?!

Əjdər, sənə əlim çatmır,
Deyirsən yaz, haqq unutmur.
hansı divarı uçurtmur,
gedək o divara yazaq?!
 


***


Kəramətim kəsilibmi


uçuq pirə oxşayıram.
Boy-buxuna qalanda da,
çatlıq tirə oxşayıram.

Yaman uydum çiçəklərə,
gözəllərə, göyçəklərə,
qəriblərə, kövrəklərə
ona görə oxşayıram.

Yeyilməlim yox yeyiləm,
geyilməlim yox geyiləm,
mən indi Əjdər deyiləm,
mən Əjdərə oxşayıram.
 


***


Gözəli var ölümün də


mənə gözəlindən gəlsin.
Sıxsam da əyri əlləri,
ruzum düz əlindən gəlsin.

Qorxusu birdir gülünün,
at ilinin, it ilinin,
Qoy qəmimiz Füzulinin
incə qəzəlindən gəlsin.

Qalıb canımın yarısı,
yarı torpaqdır, yarı su,
üzümə həsrət sarısı
çinar xəzəlindən gəlsin.
 


***


Gözlərini hamıdan az


qırpan bircə mən olaram.
Gözlərə də hamıdan az,
çarpan bircə mən olaram.

Yar telinin şəvəsinə,
marağına, həvəsinə,
gedib-gələn nəfəsinə,
qurban bircə mən olaram.

Düşsək sevgi qarğışına,
bais olsaq göz yaşına,
Əlini daş tək başına,
çırpan bircə mən olaram.
 


***


Nə xoş oldum

Əziz canı,
səninlə yarı ölməkdən.
Bu dünyada şirin nə var
acı göz yaşı silməkdən?

Nə min oyundan çıxıram,
nə yıxılıb, nə yıxıram,
əzabdan niyə qorxuram,
qorxum yoxdursa ölməkdən?

Əjdər Ol, gəl get kəsədən,
nə gedir, gedir kisədən,
çəkinməyim yox təzədən
bir də dünyaya gəlməkdən.
 


***


Dədə-baba yurduda


Şirvan ətəyində, Çölün düzündə,
qəbirlər şəklini gəzir gözümdə.
Baxır bapbalaca Haramı dağı,
dağılıb, pozulub İman qışlağı.
Mənim babalarım yaşayıb burda,
ömrü yelə verib, qoyunu qurda.
Elə yer deyil ki, burda azasan,
bir şey qalmayıb ki, nəsə yazasan.
Nəvələr zamana qoşulub getdi,
hərəsi bir yana baş alıb getdi.
Bu düzlər saxlayır mavi göyünü,
bir də dəyişməyib yovşan iyini.
Yatıb yuxudadır yorğun yolları,
qaralır uzaqda yulğun kolları.
Daha nə dalda var, nə də alaçıq,
qalsan, qal, binə sal,
getsən yol açıq.
 


***


Küdrünün yazı


Yal-yamaclar üzə düşüb,
naxışları özündəndi.
Adda-budda lalələri
quzuların dizindəndi.

Çox da yeri boldu, gendi,
ömürləri beş-on gündü,
olan budur, neynim indi,
hamısı su üzündəndi.

Bu Küdrünün quşotudur,
həm quru, həm də yaş otudur,
yaz otudur, qış otudur,
dadındandı, duzundandı.

Yer şorandı, çatdaq atır,
toxum atsan, itir, batır,
dərələri qotur-qotur,
təpələri bozundandı.

Qaçır alaca dovşanı,
arıq, balaca dovşanı,
Utanma, al bu yovşanı,
bizim Şirvan düzündəndi.
 


***


Küdrünün yayı


Bürkü döyür hey təpəndən,
sən də otur gözünü döy.
Göz-qulaq ol, iraq-iraq,
çalar ilan, əqrəb, ya bö!

Dil ağızda çəndir kimi,
açıl, yığıl kəndir kimi,
alışdıqca təndir kimi,
yanıb-yanıb ağarır göy.

Tər tökülür, güc tükənir,
tapdama ha gicitkəni,
sal çardaqda miçətgəni,
yata bilsəm, yat, quru bəy!

Gözlə haçan gün əyilir,
su içilir, həm yeyilir,
bir də görürsən deyilir:
- Axşam oldu, oyanın hey!
 


***


Alın yazıma düzəliş


Güvənmişəm,
mən ilahi arzularıma,
o arzular – ehtiyatım, sirrim, işimdir!
Alnımızın tale yazan yazılarına
onlar mənim əlavəmdir, düzəlişimdir!
 


***


Tarixdən nə qalır


Tarixdən nə qalır?
Quru rəqəmlər!
Ölümlər, itimlər görk olmur bizə.
Yer həmən, göy həmən, qəmlər o qəmlər,
təzədən qayıdıb üz tutaq Sözə.

Yenə nədən dolub ağlağan bulud,
torpaqlar qaralır qan qaxacı tək.
Uzaq bir meşədə körpə bir palıd
bəlkə də böyüyür dar ağacı tək.

Hər şeyi anlayan, qanan kişinin
ürəyi təpərsiz-toxumsuz qalıb.
Əslinin halına yanan kişinin
arvadı-uşağı baxımsız qalıb.

Döyənək eləyib qulağı bir səs:
bu zor haracandı, zər haracandı?!
Qolunu çırmayıb qan-qan deyən kəs
məndən yaxşı bilir şər haracandı.

Balıq tək sürüşür əldə qanun, din,
yalandan yalana sarı qaçırıq.
Çıxıb axırına bir müstəbidin,
başqa birisinə meydan açırıq.

Yağışlar yuduqca tökülən qanı,
üzümün qanı da çəkilir nədən?
Canımı alacaq sözümün canı,
sözə çevriləcək bu quru bədən.

Mən nə yaşamışam, ürəyim dolub?
danışsam söz olar, danışmasam qəm.
Bir ömür boyunca keçdiyim yolu
itirib-batırar bir-iki rəqəm.
 


***


Sənin adına


Bu son günlərimi, bu son ömrümü,
bəlkə də yazdılar sənin adına.
Səni görən gündən, tanıyan gündən,
bildim ki, kiçiyəm, yarımadamam.

Nə adım dəyişib, nə boy-buxunum,
yoxsa bu dünyanı təzə görürəm?
Hərdən bir məndən də razı qalırlar,
daha hər işimə fikir verirəm.
 


***


Ömür görüşlər deyil


Ömür təkcə kef-damaq,
isti görüşlər deyil.
Oğrun-oğrun baxışlar,
Xəfif gülüşlər deyil.
İstəyirsən yaşayaq
görüşlərdəki kimi.
Günümüzü başlayaq,
görüşlərdəki kimi
Görüş olar bir hovur,
olar lap beş-üç saat.
Bizi tale, vaxt qovur,
bu həyatdır, bu həyat!
Axşam-sabah, mən nəyəm,
səndən ötrü bəzənim,
Ay inciyib-küsməyə
yüz bəhanə gəzənim.
Çox da gözəlsən deyə
səhvini görməmişəm.
Eyni cür görünməyə
mən ki, söz verməmişəm.
Şişirtmə, mən kiməm, kim?
hanı elə macalım.
Hələ mən istəyirdim
səndən də vaxt borc alım.
Axı, hər gün görüşdə
çox şeyi gizlədirdim.
Həm küçədə, həm işdə
kimisə gözlədirdim.
Mən onda da bilirdim
yolumuz hamar deyil.
Üzdə deyib-gülürdüm
Ki, fürsətdir, danış, gül.
Bir də ki, xəbərin yox,
həftədə bir, ayda bir,
biz görüşə çıxarıq.
görüş yerimiz hər yer:
Gah sənin ata evin,
Gah dükan, bazar, küçə.
Hələ buna da şükür
görüşürük hər gecə.
Yoxsa günün birində,
Canım, durub lap ağ-ağ,
Köhnə görüş yerində
bəlkə görüşə çıxaq?
 


***


Ağac əkirik


Həyətdə on-on beş ağac əkirik,
allaha təvəkkül, nə tutar, tutar.
Tələsib, indidən hesab çəkirik,
vaxt gələr, bəhrəsi yüz evə çatar.

Suyunu vaxtında verək - deyirik,
yerdə qalanını Günəş eləyər.
Burda bir ağac var, tanış deyilik,
gələr Musa Yaqub tanış eləyə.
 


***


***

Bazar günü, sübh çağı,
lümbür şehə batmışıq.
Harda qalmışdıq axı,
günü günə satmışıq.

Alçalar çiçək açıb,
sən hayana baxırsan?
Dilimdən bir söz qaçıb,
hey başıma qaxırsan.

Burax ahı, qarğışı,
bizi qaramat basıb.
Otlar bir-bir qalxışıb,
deyəsən, qulaq asır.

Meh əsdikcə şellənir
körpə göyəm pöhrəsi.
Dibi təzə bellənib,
sənin olsun bəhrəsi.

Qismətindən bərk yapış,
gör torpaq nə bitirib.
Çəpər üstə qonan quş,
bəlkə müjdə gətirib?!

Qönçələrdən baxan yaz,
bax, özünü istədir!
Şükür, qaraçuxamız
hələ ayaq üstədir!
 


***


***

Bir vaxt yaşıl budaqları,
İndikindən şux görürdüm.
Uzun-uzun güzgülərdə
Qamətimi şax görürdüm.

Sevməzdim daş yuxusunu,
Ayının qış yuxusunu,
Gözümün quş yuxusunu,
Mən özümə çox görürdüm.

Sən məni nə sayırsan, say,
Nağılım bitdimi, ay-hay!
Öyrətdilər, qaşları yay,
Kirpikləri ox görürdüm.

Nə deyim o dəmlərimdən,
Çoxlarımdan, kəmlərimdən,
Dərdlərimdən, qəmlərimdən,
Saçlarımı sıx görürdüm.

Deyirsən, iç çaxırını,
Özün açdın paxırını,
Əvvəlindən axırını
görmürdünmü?
- Yox, görürdüm!
 


***


Haqq-hesab


Əcəldən, qəzadan ölən günlərin
Dərdini dərdimin üstə gəldim.
Nədənsə qarşıdan gələn günlərin
yaxşı tərəfini düşünə bildim.

Hayıf, it də gedib, ipi də gedib,
güc, qüvvət sarıdan kasıblamışam.
İtirdiklərimi ört-basdır edib,
qazandıqlarımı hesablamışam.
 


***


Mövsüm


Yazdır, sağollaşaq payıza qədər,
bitər beş-on günə yazı mövsümü.
Daha qarışqalar yan keçib gedər,
qatar başlarını ruzu mövsümü.

Payıza saxlayım təzə şerimi,
nə çoxdur çəməndə təzə gül-çiçək.
Mən susdum, təsəlli, ümid yerini
daha bundan belə Günəş verəcək!
 


***


Vətən boyda…


Vətənimiz böyükdür, dövlətimiz balaca,
yüz barmaq tuşlansa da qala olmaz qalaça,
keçən yox bir qarışdan, qıyan yox bir qulaca,
gərək coşam, hayqıram, var səsimlə səs salam,
Yetər ki, parçalandıq, bütövləşək, vəssalam!

Dərbənd o yanda qalıb, Göyçə bu yanda qalıb,
Borçalının bir gözü, odey Gilanda qalıb,
Şuşa boynunu burub, Laçın amanda qalıb
bir tərəfdə azadam, bir tərəfdə vəssalam,
Yetər ki, parçalandıq, bütövləşək, vəssalam!

O tay, bu tay deyil ki, vətən neçə taydadır,
beş yerə parçalanıb, hərəsi bir haydadır,
Onu bütöv eləsək, gör bütöv nə boydadır,
hər taydan bir səs gələr: - Salam!
- Əleykəssalam!
Yetər ki, parçalandıq, bütövləşək, vəssalam!

Vətən həmən vətəndir, qocalsa da qarımaz,
dad yarımçıq əlindən, yarımçıq ki, yarımaz,
Kişi də öz yurdunun yarısını qorumaz?!
Yurdumu aldımmı ki, özgə yurda göz salam,
Yetər ki, parçalandıq, bütövləşək, vəssalam!

Haçan sakit, arxayın baş qoyaram balınca,
Mənim körpə dövlətim Vətən boyda olunca.
Əjdər Ol da dikəldi, əl uzatdı qılınca,
Ərki tutam,
bərk tutam,
Bəzzi alam, həzz alam,
Yetər ki, parçalandıq, bütövləşək, vəssalam!
 


***


xxx


Moskvada
bizim uşaqların yay kafesində
birləşdirib stolları
xudmani
bir məclis qurduq.
Süfrədə
Gəncə göyərtisi,
Şəki halvası,
Bakı zeytunu,
düt deyincə vurduq.
Biri köhnə polisdir,
qovulub işdən,
çıxıb vətəndən.
Biri müəllimdir
atıb peşəsini,
biri işə
elə burda başlayıb
Artisti də var,
həkimi də
siyasətçisi də
biri elə,
biri belə…
Bu vaxtacan necə adam olub bunlar
bilmirəm,
ancaq indi
baş barmağımı yuxarı qaldırıb
deyirəm:
- Bax, belə oğlanlardır!
Sabah yuxudan
həm də içkidən ayılıb
hərəsi gedəcək bir iş dalınca.
Biri dəllallıq edəcək bazarda,
biri araba sürəcək
biri bəlkə də
nəşə buraxacaq
xəlvət bir dalanda
başları qarışacaq
alış-verişə.
Hamısının işi var
işə gedəcəklər, işə.
Hamısının da burnunun ucu göynəyir
vətəndən ötrü
bir ayaqları
burdan qaçaqdır.
geri dönmək istəyirlər haçaqdır.
 


***


İsti

Hərdən bir quş səksənib pırr eləyir havada,
Qanadlar yelpiklənib bir an mehi andırır.
Günəşimiz elə bil qızardılır tavada,
hər şüa yağ damcısı, hara düşsə yandırır.

Gün əyilib, di gəl ki, göydən od yağır hələ,
hər qara daş qızıxmış bir şeytan qafasıdır.
Qarışqalar vurnuxur, gəzir belədən belə,
hava elə deyəsən qarışqa havasıdır.

Qaynayıram, daşıram, tər tökürəm durmadan,
bura isti məskəni, bura aran bölgəsi.
Məni çölün düzündə qoruyur günvurmadan
bapbalaca sərçənin bapbalaca kölgəsi.
 


***


Parkda


Qrafin, külqabı, başqa bir cisim
onu sirkələyən adi kəlmələr.
Dabrıyır görüşə Qaraca Rasim
Yaşıl köynəyində sarı ilmələr.

Yenə hərlənirik bizim parkda,
Siqaret, çayxana, vizual Birlər
Mövzu genişlənir… Nyu-Yorkda
Parisdə səs salan yeni nəşrlər.

Keçilən mərhələ, ötürülən şans,
Əqrəbi geriyə çəkilən saat.
Söhbət içindəki hər yeni nüans
Alatoran üçün yarımfabrikat.

Herisçi Anarla düşünüşürsə,
bu, postmadernizm, özəl dönüşdür.
Güllər iyləşirsə, isinişirsə,
gördüyün erotik bir görünüşdür.

Deyir: qart sözlərlə özünü yorma,
hər sözün önünə neo yapışdır.
Mən baş aparıram: Modern forma
Şeirə tikilən təzə papışdır.

Onun sözləridir: Yalnız irəli!
Sözü azad burax! Qafiyə hörmə!
Qəlyan tüstülədir bitli-birəli
qaçqın və çadırda alışan kərmə.

Avanqard, arabesk və antilirik,
gör nə qopardırıq bitəcək gündən.
Gecə birə qalmış, çıxa bilirik
Alen Rob Qriyenin Labirintindən.
 


***


Yazdım yaddaşıma

Aradım saytımı, məktubun gəlib,
bir göz qırpımında açıram zərfi.
Görünür o qədər tələsmisən ki,
səhv düşüb adımın sonuncu hərfi.

Baho! Nə fısqırıq kəkilli qızsan,
tanıdım saçında quşüzümünü.
Bu şəklin deyəsən təzə şəkildir,
demək dəyişmisən saç düzümünü.

İçirəm hər sətri, içməlidir də…
Bax belə, belə yaz, aha, yaxşıdır.
Əzizim, əzizim, son məktubunda
Özünüifadə daha yaxşıdır.

Məktubun xoş günə dəvətnamədir,
tərpətdi içimi heç oxunmadan.
Yazdım yaddaşıma bütün məktubu
nöqtə-vergülünə heç toxunmadan.
 


***


Şirinlik


Söykənmişəm doqqaza,
bürünmüşəm bürküdə.
keçib nigarançılıq,
keçib qorxu-hürkü də.

Dünən gecə ağrıdan
yatanları ayıltdım.
O dünyanı sübhəcən
gedib görüb, qayıtdım.

Böyrəyimin sancısı
nəfəsimi kəsirdi.
Ağrıyan can can deyil,
ya dustaq, ya əsirdi.

Toxtamışam, rahatam,
ötürsəm də öynəmi.
Rafiq Tağı bir azdan
gəlib vurar iynəmi.

Yelləndikcə qovaqlar,
meh əsir, sərin gəlir.
İndi mənə yaşamaq
necə də şirin gəlir.
 


***


Atam-anam Vətən

Vətən mənə anadır,
analıq deyil.
Vətən mənə atadır,
atalıq deyil.
Mən də ona oğulam,
oğulluq ki, yox.
Soy-kökümdə haramlıq,
oğurluq ki, yox.
Amma hərdən işləyir
atı yalanın,
arasına girirlər
ana-balanın.
Azdırıb çaşdırırlar
duyğunu, ağlı,
vurub dalaşdırırlar
atanı-oğlu.
Bilmirlər ki, bərədən,
bənddən küsmərəm,
kəndçimdən incisəm də,
kənddən küsmərəm.
Dolabçıya neyləsin
Ağsu dolayı?
Yalaqçıya neyləsin
Lahıc qalayı?
Birini Kür xətrinə
bağışlamışam
birini gül xətrinə
bağışlamışam.
Məni müşkülə salmış
bir ərdəbilli,
amma elə deyil ki,
hər ərdəbilli.
Nə hava çalmışıqsa,
oynayıb vətən,
çinarı bələdçidir,
şamı cangüdən.
Borca qalsa, mən ona
borclu çıxaram.
Xərcə qalsa, mən özüm
xərcəm, çıxaram.
Vətən mənə anadır,
analıq deyil.
Hər günü öynəlikdir,
qonaqlıq deyil.
Vətən mənə atadır,
atalıq deyil.
Vətəndaşlıq qoçuluq,
lotuluq deyil.
Mən də ona oğulam
oğulluq ki, yox!
Mənəmsə, məndə qəlplik,
paxıllıq ki, yox.
 


***


Biz ki…


Küsmə,
bəri gəl görüm,
Biz ki, dostuq, ay axmaq!
Heç bilmirsən
səninlə
hətta qırğına çıxmaq,
eləsi var onunla
kef çəkməkdən yaxşıdır.
Vallah, qanqaraçılıq
ət tökməkdən yaxşıdır.
 


***


Neynim?!


Hər kim ki məni aldada bilmir,
məndən inişildən xoşu gəlmir.
 


***


Gücü çatsa…

Gücü çatsa, Allah köməyin olsun!
Dilin yatsa, Şükür deməyin olsun!
 


***


Şirin-şirin…

Şirin-şirin araq içdi
ay siqaret dartdı ha.
Şirin-şirin danışdı
Əhməd Oğuz
köhnə tanışdı.
 


***


Qeyrət məsələsi


Könlümü qırırlar,
yerli-yersiz
ağzımın üstündən vururlar:
- Qeyrətin var
get Qarabağı al!
Mat qalmışam,
axı, mən
nə əsgərəm, nə zabit,
nə də
səfərbərlik çağırışı
almışam.

Belə bir əmr də verməyib
Ali Baş Komandan.
Amma xalxda nə günah?!
Məncə qeyrətimizin çeşidi azdır.
Bir-iki növ qeyrətimiz var
nə bilim kişilik-filan
onlar da köhnəlib
cındırı çıxmış
köhnə palazdır.

Bəlkə bundan sonra
belə deyək bir-birimizə:
İclasda reqlament qeyrətin olsun,
Səndən sonra danışana
bircə dəqiqə vaxt saxla!

Vaxtında işə gəl,
Vaxtında işdən dön
vaxtı güdən
qaranquş,
sərçə,
məzmək qeyrətin olsun,
qanuna dözmək qeyrətin olsun!

Lazım deyil
Gözə kül üfürüb çirkli pula
beş-on qaçqın,
yetim-yesir saxlamaq
Nə Şuşa, Laçın deyib zarıyırsan,
keçmir ağlamaq.
Qeyrətin var alçalma,
hər düdüyə əl çalma!
Qeyrətin var
Səlahiyyətini aşma,
forslanma, coşma!
Qoyma Əlinin papağını
Vəlinin başına,
Vəlinin papağını
Əlinin başına
Qoy Əli də, Vəli də
Özü öz başına qoysun papağını
İşə sürmə lopağını.
Günəşin bir şüası qədər
risq, kəşf qeyrətin olsun!
Qeyrətsiz görəndə heyrətin olsun!
Olsa bu qeyrətlərimiz
bitsə qeybətlərimiz
əlacı görsək dirilərdə
Qarabağ da qayıdacaq
elə o birilər də.
 


***


Misra

Üzr istəmək də istəməkdi də…
 


***


xxx


Nimdaş örtüklü miz
dama-dama vərəqlər
taxta qələm.
toz basmış külqabı
bir qutu nəm siqaret
ucuz alışqan
heç kəsi gözləməyən stullar
yiyəsiz çəkələklər
dal-dalı yeriyən böcəklər
döşəmədə
iri ölçülü ayaq izləri
küncdə müqəvva
divarda akvarel
kamodun üstündə
yarımçıq şam
mis güldan
qırış pərdələr
hörümçək toru
payız iyi
yağışın pərdəyə
yapışdırdığı xəzəl
tay-dəyişik qafiyələr
yəni taxtadan uzaq
boxça
əlcəkdən uzaq yelçək
şer ovqatın varsa az-maz
özün zənglə
özün düzəlt
özün yaz.
 


***


xxx

Birinci gün –
bir inci gün.
İkinci gün –
iki inci.
Üçüncü gün –
üç inci gün.
Dördüncü gün –
dörd inci.
Beşinci gün –
beş inci gün.
hə, necədir
işin-gücün?!
Ya şənbə, ya
bazar olsun
incin varsa,
bazar olsun!
 


***


Yanaşma


Çıxmayıbsa haqq sözünün canı, de,
eşidəni yaxşı-yaxşı tanı, de,
gördün səni burunlayır bir hərif,
nə eşitmək istəyirsə, onu de!
 


***


Xox gəlmək


Gördüm ki, burcudur dostum ürək də,
Çımxırdım üstünə: Yaxşı görək də…
 


***


İşıqlar

Uşaqlıqda
hər səhər
yatağımın başından
eşidərdim
saçımı sığallayan
anamın səsini.
- Balam lampalarını yandırsın
evimizi işıqlandırsın!
Lampalar gözlərimdi
elə bilirdim
gözümü açan kimi
işıqlanır evimiz.
İndi də mən anam kimi
oyadıram səhərlər
körpə uşaqlarımı:
- Balalarım lampalarını yandırsın,
evimizi işıqlandırsın!
İşıqlıdır evimiz
gözlər - işıqlar yanır
qara, yaşıl və qonur…
 


***


İlham pərisi

Ən qısqanc qadınsan, ilham pərisi,
məni cüt görüncə qaçaq düşürsən.
Ey tərs pərilərin üzübərisi,
düş görüm buluddan haçan düşürsən.

Bilirəm, bilirəm, gülməşəkərim,
Tələbin qətidir: - Ya mən, ya özgə!
Yad səs eşidincə qeyb olan pərim,
bu saat təm-təkəm, təngimə, tez gəl!
 


***


İstirahətdən qayıdanda…

Mənim gözlərimdə açıldı səhər
ayın üçündə.
Gəlib evimizə çatdıq birtəhər
qan-tər içində.

Dünəndən yoldayıq, təyyarə, qatar…
Qırıldıq-batdıq.
Adam ki, yoruldu evə gec çatar
axır ki çatdıq.

Yuyunduq, qurunduq, bir stəkan çay…
Ev ayrı şeydir.
Divan gəl-gəl deyir, çarpayı lay-lay
əcəb quzeydir.

Gəzdik beş-altı gün, meşə, dağ, bulaq…
yeriniz məlum.
Qoymadı doyunca bir nəfəs alaq
bu vaxt zalım.

Bir oxqay deməyə var imiş ellik
ehtiyacımız.
Çıxdı canımızdan beş-altı illik
ağrı-acımız.

Gələr qonum-qonşu xəbər tutarıq
şəhərimizdən.
Söhbətə bir çimdik duz da qatarıq
səfərimizdən.
 


***


Mən kiməm?!

Hansı gələn qaldı qalam, mən kiməm?!
Çox şişirtmə əziz balam, mən kiməm?!

Hər aşiqin dövranı var deyirlər
mənim dövrüm, bir də salam, mən kiməm?!

Eh, kişilər can çürüdüb, ad qoyub,
İskəndərəm, Rüstəm Zalam, mən kiməm?!

Qiyamətdə İsrafil sur çalanda
mən də gərək təbil çalam, mən kiməm?!

Həm şairəm, həm məmuram, həm rəqib
çox işim var, çox məşğulam, mən kiməm?!

Geci-tezi çəkəcəklər məşhərə
canlı-cansız bir sualam, mən kiməm?!

Gördüm, duydum, yazdım, sevdim, çalışdım,
Uzaq başı Əjdər Olam, mən kiməm?!
 


***


Könül dostu

köhnə dostum Zahir üçün

Dostuna heç kəm baxarmı,
yüzil dostu, minil dostu.
hələm-hələm ələ düşməz
nəfəs dostu, hənir dostu.

Dostluqda ustayam, usta,
Çevrilməsin sözüm tosta,
Hey mən ölüm dedim dosta
Heç olmadım sən öl dostu.

Sevinc, nisgil, görüş, vida,
Gah elə, gah belə nida,
Ya yanımda olur, ya da
Könlümdədir könül dostu.
 


***


xxx

Şirmayı burnun var
tam qoxuya bilərsən baharı.
suluqlanmış əriyə oxşayırsan.
şirəsi axır dodaqlarının.
Ancaq sənə dözmək çətindir
günü gündən çətinləşir daha da
Allah! Allah!
gündə iyirmi dəfə
zəng etməliyəm sənə,
o qədər də sənin zəngin
uzun-uzadı danışmalıyıq.
neynim, hərdən əlim dinc durmur
saçımı sığallayıram.
Baho!
Axı niyə
bütün keçmişini bilməliyəm?
nəyimə gərəkdir
uşaqlıqda keçirdiyin xəstəlik,
bugünədək saxladığın oyuncaqlar,
uşaqlıq dostlarından danışdığın
yorucu əhvalatlar?
Uff!
telefonda dediklərini
12 – 14 səhifəlik məktublarında
çərləyə-çərləyə oxuyanda
nəfəsim təngiyir.
Hər günüm barədə
izahat istəyirsən
özü də elə-belə yox ha,
əməlli-başlı.
Uyy!
səbrim daraldı,
Yumruğumu çırpdım
pəncərənin yaşmağına
əlim ağrıdı
Uff…
rəfiqələrinin cikinə-bikinə bələdəm
sənin təsvirində.
Tez-tez iş yerimə gəlirsən
xəbər vermədən.
Neçə dəfə işdən çıxmaq barədə
ərizə yazıb
sonra peşmanlamışam.
Vay-vay!
İşimi sənə görə qurmalıyam.
Dörd saat neçə də
üz-üzə otura birirsən.
Amma düppədüz ayaqlarına,
yaraşıqlı gözlərinə,
ipək dərinə söz yox.
Bax, görürsən neyləyirsən.
şeri qurtara bilmirəm.
O gün dedin
Mənə maşın sürməyi öyrət.
Sonra da naz-qəmzə…
Uymuşdum,
bir də gördüm
küknar ağacı
sıyırdı maşının böyrünü.
üç gündür piyadayam,
təmirdədir maşın.
Arabir qılığın olmasa
adamın ürəyi partlar.
Ay qısqancmışsan ha…
Qoymursan ləyaqətimi
şəxsən özüm qoruyum.
Yan-böyürə baxmağım
bərk yer eləyib sənə
Azz, canımı üzmə dənə…
Nədən ötrüdür axı, bu
istəyirsən sənin olum hər an.
Hərdən özümdən çıxıb deyirəm:
Ay günəş,
ay bulud,
ay dəniz,
ay tənək,
ay böcək
görürsünüz,
məni bir qısqanc qoymur,
hərdən sizi düşünməyə.
Amma, zalımın qızı,
ayrı aləmsən
adam ölər səninçün…
 


***


Kuklaların evi

Qapıdan girirəm
qarşılayır kuklalar.
Çənəmin altını kəsdirir
pambıq ayılar.
Gəlinciklər asılıb divardan
üzlərində təbəssüm
demək xoş gəlmişəm.
Pələnglər,
meymunlar,
pişiklər,
iki zürafə,
bir fil
çəlimsiz üç keçi
tanımadığım heyvanlar da var
nə qədər quşlar
hövsələ gərəkdir sayasan.
Bu mənzil kuklalara verilib
yəqin evin orderi
bir gəlinciyin adınadır.
Ya da zəbt edib kuklalar
bu mənzili.
Kuklaları
danışdır danışsınlar,
güldür gülsünlər,
ağlat ağlatsınlar
banlat banlatsınlar
böyürəni də tapılar,
mələyəni də
var şıltaqlıq eləyəni də…
Baş-başadır
kuklaların
qocası,
gənci,
körpəsi,
təzəsi,
köhnəsi.
Bəzisi evin nənəsindən qalıb
bəzisi anasından,
indi evin nəvəsidir
kuklaların nəslini artıran,
kuklalara baxan.
Kuklapərəst,
kukla kimi bir qızdır o,
yamsılayır kuklaları
ham-ham,
ü-ü-ü-ü,
vız-vız,
miyo-miyo…
 


***


Nə zəhmətdir çəkirsən

Ey dişi sədəfdən, incidən adam,
Məni boş-boşuna incidən adam,
nə zəhmətdir çəkirsən,
başımda turp əkirsən,
qəsdim yox üzünə tərs-tərs baxmağa,
hazıram özümdən acıq çıxmağa.

Hayıfsan, qanını qaraltma belə,
geniş hövsələni daraltma belə,
əziz canına qıyma,
duymursan məni duyma,
çatılmış qaşına quzu kəsərəm,
qıcanmış dişinə quzu kəsərəm.

Bahalı adamsan, eynəyin baha,
Qalstukun baha, köynəyin baha,
eh, mən kiməm-nəçiyəm,
kiçikdən də kiçiyəm,
mənə sirkələnən barmağın boyda,
balıq ovladığın qarmağın boyda.

Bu Əjdər Olmasın qəti eyninə
təptəzə paltonu geyin əyninə,
damağında siqaret,
məşuqən gözləyir, get,
Bu axşam özümə divan tutaram,
Kölgəmə, şəklimə kəllə ataram.
 


***


Pirquludan dönərkən…

Gəlmişəm baharın tən ortasından…
görmüşəm bildirçin yumurtasından
kəkliyin xınalı izinə qədər –
ot çıxıb quzunun dizinə qədər.
Keçmişəm al-əlvan gül dənizindən,
Öpmüşəm güllərin tül bənizindən.
Gəzməkdən yüngülcə yorulmuşam da,
di gəl ki, dupduru durulmuşam da,
gör nə gətirmişəm, bir zənbil şomu,
bir də sənin üçün bir çiçək gomu.
 


***


Xəbərdə xəbər

Könlündən bir zad keçir
üz-gözün əzbər bilir,
Üzdə olan söz-sovu
xəbərçi Dilbər bilir.
Sonra o - bu bilirsə
bilir hər bir qurumsaq.
Xəbərdə xəbər də var
hələ sağsan, hələ sağ…
 


***


Cavab

Deyirsən: - Sirrimi hamıdan gizlə!
- Gizləyirəm də…
Deyirsən: - Bir az da, bir az da gözlə!
- Gözləyirəm də…
 


***


* * *

Qəlbimdən başlayıb mənim yolum da,
Hər şeyi yaxşıya yozmuşam elə.
Bizim taleyimiz oxşadığından,
Mən öz taleyimdən yazmışam elə.

Yoldu bu sevgi də, dəniz də, göydə,
Keçdim xeylisini, qalan azdımı?!
Yazdım ki, ölümə məhkum canımdan
Barı xilas edim beş-üç arzumu.

Ağ tellər gizlənib qara saçımda,
Gözümdə köhnəlib qalıb göz yaşım.
Ümidsiz üzümü gizlətmişəm ki,
Ümiddən küsməsin kiçik qardaşım.

Xırda qayğılarda əridi ömrüm,
nə qədər yarpaqlar döndü xəzələ.
Əlimdən alınan vaxtları yığsam
başqa bir adama ömür düzələr.

Qəlbimdən başlayıb mənim yolum da,
Hər şeyi yaxşıya yozmuşam elə.
Bizim taleyimiz oxşadığından,
mən öz taleyimdən yazmışam elə.
 


***


Ərəfə

Doğum evlərinin qapısı açıq,
Yer təzə adamlar ərəfəsində.
Həyətdə əl-ələ gəzən uşaqlar
Mürgülü atomlar ərəfəsində.
Kölgəsi üstündə yatıb ölülər,
Baxır başdaşları qiblə tərəfə
Yolları uzadır ayaqlarımız,
Bitib-tükənməyən yollar-ərəfə.
Gecikir təyyarə, ləngiyir qatar,
Gəmilər sahilə can atan ada.
Doğma üzümüzə öyrəşən kimi,
Elə öyrəşirik bu həyata da.
Vurnuxur sərçə də, it də, pişik də,
Qanı soyuq balıq onlardan betər.
Tədarük görürük gün-axşamacan,
Tədarük görürük ölənə qədər.
Dəyişir sərhədlər, iqlimlər belə,
Şairlər qocalıb təbdən düşürlər.
Köhnəlir «izm»lər, pleyadalar,
Bayraqlar geyim tək dəbdən düşürlər.
Bizimdir günəşi, yağışı, qarı,
Dənizi, meşəsi, dağı, dərəsi,
Hərlənir-fırlanır, işlədir bizi,
Nəyə hazırlaşır bu yer kürəsi?!
 


***


Qaçış

Qaçırlar, qaçırlar finişə doğru,
Bəlkə də zamanı keçibdir çoxu.
Qaçanlar nə qədər, saya bilmirəm,
birinci yer isə cəmi bir dənə.
Startdan bilsə də uduzmağını
qaçır daldaqalan, bax, qaçır yenə.
Qaçır hər birisi bəxtinə doğru,
Nə tərəfkeşlik var, nə güzəşt-filan.
Ayaqlar altına düşsə birisi,
kimdir başqasının hayına qalan.
İrəli kim çıxsa görünür gözə…
Çıxır irəliyə indi də biri.
Alqışlar tökülür,
ancaq onu yox,
məncə, yad edirlər birinci yeri.
Birinci at kimi çapır özünü,
Hətta özünü də keçmək istəyir.
İkinci bəlkə də qorxur finişdən,
«bir az uzanaydı məsafə» deyir.
Biri möcüzəyə inanır indi,
Düşünür nə ola
qanadı ola.
Gücü ayağına vermək əvəzi,
başqası həsəddən az qala ölə.
Düşüb əl-ayağa şəkilçəkənlər,
birdən çəkdikləri kölgəli çıxar.
Ürəklər atlanır,
zarafat deyil,
qarşıda o boyda birinci yer var.
qarşıda yüksəliş, dost-tanış, medal,
onlardan savayı nəsə var yenə…
Qaçanlar nə qədər, saya bilmirəm
birinci yer isə cəmi bir dənə.
 


***


***

Bilmirəm ömrümə hardan başladım
Bəlkə doğulduğum payız günündə,
gəlib dayananda güzgü önündə,
ya stansiyada, vağzal tinində
Kimsə barmağını mənə tuşladı,
bəlkə də ömrümə ordan başladım.


Günlər gəlib keçdi, məni boşladı,
Kölgəmi sularda yudu balıqlar,
Ömrümü uzatdı bəlkə sağlıqlar,
Nakam sevgilərdən qalan qalıqlar
Dən düşən saçımda gəlib qışladı,
Bilmirəm ömrümə hardan başladım.

Ölümlər, itimlər ya baş qoşmadı,
ya da bilə-bilə məndən yayındı.
Günüm vaxtsız batdı, vaxtsız oyandı,
Balam, bu həyatdı, yoxsa, oyundu,
dediyim sözlər də ikibaşlıdır
Bilmirəm ömrümə hardan başladım.

Tale nə yaşladır, nə də başladır,
Özümü alova, közə atmışam,
Yağışda isladıb, günə tutmuşam,
Neçə il yol gəlib sənə çatmışam,
İlk görüş günümüz qardan başladı,
Bilmirəm ömrümə hardan başladım.
 


***


Bir də görürsən ki…

Bir də görürsən ki,..
Ömür boyunca
Buluda, ağaca, dənizə, yola,
Hətta anana da, sevgilinə də,
Baxa bilməmisən hələ doyunca.

Deməli, günəş də payız günəşi,
Xəzəllər tökülüb, durnalar köçüb.
Qayğıdan o zaman ayılırsan ki,
Hətta ad günündən neçə ay keçib.

Uşaq görkəmin də yadında deyil,
Daha artıq yükmü, qabırğamısan?!
Qışqırmaq, oynamaq, qaçmaq bir yana,
Uşaqlıq hissini yadırğamısan.

Ömrünün yarısı keçib bəlkə də,
Bu boyda yaşında sən işə bir bax,
Tək-tənha qalanda, yada salmağa
Əməlli-başlıca xatirən də yox.

Bir də görürsən ki,
təsəvvürlərin
puç oldu, başladı zəhlə tökməyə.
Sən demə, illərlə gözlədiyin gün,
Dəyməzmiş bu qədər həsrət çəkməyə.

Yad edə bilmirəm köhnə dostları,
Əlimdə heç yoxdur elə macal da.
Hələ bilmirəm ki, o dul qonşumu
illərdən savayı nədir qocaldan?!

Bir də nə görürsən?!
Ömür boyunca,
Yetim bir uşağı, qalıq bir qızı,
işini, özünü, ürəyini də
duya bilməmisən hələ doyunca.
 


***


Yaşıdıq

Uşaqlar, qocalar, yaşıdıq, yaşıdıq,
Dağların, düzlərin torpağı kimi.
Kölgəsi uzanan qoca palıdın,
Bir yaşlı pöhrənin yarpağı kimi.

Yaşıdıq, yaşıdıq keçmişə görə,
Yaş deyil yaşadan ağıllı başı.
Gör ki, yaşımızdan nə qədər azdır,
Füzulinin yaşı, Sabirin yaşı.
 


***


***

Bəlkə bir zamanlar mən də daş oldum,
Hörüldüm bir qala divarına.
Bəlkə yüz il, min il
daş şəklində baxdım yaşayanlara.
Onda qorxuram məni
görməyələr o daşda.
Söküb divardan
Kimsə kiməsə ata
filanıncı savaşda.
Sonra da yanımda
qəsd edələr kiməsə.
Deyələr:
heç kəs bilməz bu cinayəti,
bu daş dil açıb deməsə .
Qorxuram,
o yazığa
başdaşı qoyalar məni.
Mən də şahid ola-ola,
Susam illər boyu.
 


***


Fikrət Qocaya

Mən bu qədər yaşayıb,
gördüm ömür uzundu.
Gördüm ən ulu nəğmə,
ən xoş ümid bizimdi.

Ömür yaman uzundu,
illəri üst-üstə yığ.
Milyard il keçmişin var,
gələcək ondan da çox.

Ömrü bəlkə yüz dəfə,
mən təzədən başladım.
Bir ömürlük zamanda,
neçə ömür yaşadım.

Gəzdim, sevdim, işlədim,
neçə ünvan qazandım.
Hələ boş vaxt da qaldı,
ömür yaman uzundu.
 


***


***

Köhnə bir şey üstə düşəndə kölgəm,
az qalır kölgəm də köhnəlib gedə.
Əliboş olanda əllərim qısa,
Qışda ağacların boyları gödək.


Təzəni udacaq başqa bir təzə,
Təzənin ardını təzələməsən.
Dünya çempionu köhnəlib gedir,
Hər il rekordunu təzələməsə.


Bir rəngi, bir dəbi sevir ağaclar,
Mövsüm başladımı, yaşıl geyərlər.
Bircə nəğməsi var quşların onu
Hər səhər oxuyub təzələyərlər.


Yolundan dönməyə bir addım qalır,
əyri bir addımdan dəyişər ad da.
Yüz adım yığılıb üstümə qat-qat,
mənsə boylanıram sonuncu qatdan.


Elə hey özümü yada salıram,
yeni görüşlərdə, yolda, varaqda.
Köhnəlik az qalır haqlaya məni,
qaçıram,qaçıram azca qabaqda.
 


***


Yerişlər

Ürəyin təzə şəkli tək baxdım
Hər təzə ayaq izinə
Adamların üzündən çox
ayaq səsləri qaldı yadımda.
Yeriş ayırırmış
Uşağı qocadan,
qızı qadından.
Adamlar yerişini
gündə neçə yol
itirir, tapır,
tapır, itirir.
Dünyaya
təzə-təzə yerişlər gətirir,
Hər yerin yerişi varmış demə,
ayrıca yerişi varmış sevənlərin,
yaltaqlığın ayrıca yerişi varmış.
Yas yerişləri neçə yol
yorub ayaqlarımı.
Dar çəkmə kimidir,
üstündə dayandığım yad izlər.
Böyüklər yanında kiçiklər,
kiçiklər yanında böyüklər
yeriyəndə gördüm
yerişin iki növünü də.
Adamlar özgə cür yeriyirmiş evində.
Hərdən elə bilmişəm
adamların ayağındadır ürəyi.
Görmüşəm ki,
ayaqlar açıb
neçə-neçə fırıldağı, kələyi.
 


***


Mikrofon qarşısında

Qaldırır səsimi gümüş mikrofon.
Ürəyim əriyib tökülür sözə.
Qayğılı günlərim boylanıb bir an
odlu misralardan baxacaq sizə.
Axı, bir qarışdır günün amanı,
Qızıl anlarıma qıyıb gəlmişəm,
Bilən yox, evimdə xəstə anamı,
Təkliyin əlində qoyub gəlmişəm.
Ömrümdən-günümdən tökülüb qalan,
axıb ömrünüzə qarışacaqmı?
Sevgili şerimi oxuyan oğlan
Küsdüyü gözəllə barışacaqmı?
Əlimdən, dilimdən qopan vurğunu
necə ortaq edim böyük-kiçiyə.
Salonda bəlkə bir şer vurğunu,
sonuncu pulunu verib çiçəyə.
Gözünü döyənlər, gendə duranlar
soyuq misra kimi, kimi üşütməz.
Bu günü uğursuz başa vuranlar
Birinci sıradan məni eşitməz.
Kimsəsiz qalarsa, dönəcək buza,
Könlüm bapbalaca yuva deyilmi?
Sizin sual dolu baxışınıza,
sözlü baxışlarım cavab deyilmi?!
Balaca ah çəksəm, dönür fəryada
Zəif pıçıltımdan qulağım batır.
Dərdimi, arzumu salıram yada
Əsrmiz qarşımda mikrofon tutur.
 


***


***

Mənə çox şey vəd edir,
məni doğan səhərlər.
Xəbər yollar üstümə
görmədiyim şəhərlər.
Zəncilər yavaş-yavaş
əllərindən ağarır.
Yollarımı cəhətlər
dörd tərəfə çağırır.
Qaranquşlar az qalır
Havayaca qonalar.
Mənə çox şey vəd edir
oğul doğan analar.
Gəlib girir qoluma
Bakının ağ küləyi.
Tənha qalan izlərə
buludlar qar ələyir.
Kölgəsini silibdir
pəncərəmin şüşəsi.
Qızıl balıq vəd edir
balıqçılıq peşəsi.
İndi başım dumanlı,
gözümdə qış yuxusu.
Hələ yadıma düşmür
vədlərin çoxusu.
 


***


Unudulmuş gün

Qəfildən biz üç dost, üç yol yoldaşı
Ogünkü qəzadan ölsəydik əgər,
Sevgisi çiynində gedən dostların,
üzünün rənginə dönərdi kədər.
İlk dəfə, ilk dəfə bu kənddə hamı,
Hamı düşünərdi bizim barədə.
Axı, qəlbimizə nə dammışdı ki,
O gün çox göründük ara-bərədə.
Elə bil, həmənki adam deyildik,
arada sözlü tək dolaşırdıq biz.
Kəndin yaddaşında elə bil nəsə
xatirə qoymağa çalışırdıq biz.
Nədənsə yamanca deyib-gülürdük,
ortadan çıxmırdıq ogünkü toyda.
O axşam unudub sevgililəri,
bizim dalımızca düşmüşdü Ay da.
Alın yazısı tək
gecə yarısı
bilmirəm o səfər hayandan çıxdı.
Tərs kimi həmsöhbət gəzən qonşumun
mənim getməyimə heç könlü yoxdu.
Ölsəydik, beşini üstünə qoyub,
deyərdi mənimçün çox dil tökürmüş.
Mənsə dönməmişəm o səfərimdən,
guya mən yazığı əcəl çəkirmiş.
O gün dostlarım da qonşu qarının
uçmuş çardağını dikəltdi, qurdu.
İndi unudulan o kiçikcə iş
ölsəydik, böyük bir mövzu olardı.
Bu səhər təqvimi biz də çevirdik,
ölmədik, həmənki günümüz öldü.
Nə bizim qəzadan xəbər tutdular,
nə də ki,o gündən danışan oldu.
 


***


***

Çox da tanınmırsan, məşhur deyilsən,
Bir kimsə imzandan asılı deyil.
Ömründən, bəxtindən, qəlbindən keçən
Qırışsız alnına yazılı deyil.
Gəlib astanadan geri qayıtma,
Çəkinib yarıda qoyma yarışı.
Görürsən, hamının dərdi-səri var,
Görürsən, hamının başı qarışıb.
Usanıb qaçırsan gizli hücrənə,
Birisi vaz keçir, biri göz yumur.
Bir də ki, hər yerdə beş-üç qanan var,
Hər yetən onların üstünə cumur.
üstünə getdiyin «bəxtəvər» yazıq
Sənin keçəcəyin yoldan keçibdir.
Bəlkə də illərin imtahanında
Zaman
sınamağa səni seçibdir.
Kiçik qardaşına hayıfın gəlsin,
Ara söhbətini içində gizlə.
Ümidi səndəcə sınan uşaqdan
Oğulsan fərli bir gələcək gözlə!
 


***


***

Götürün aradan məntək körpünü,
Siz elə mənsiz də yaşayarsınız.
Mənsiz də ovunar yazıq körpəniz,
Səhəri mənsiz də başlayarsınız.
Aradan balaca külək əsəndə,
Gəlib barışdıram gərək mən sizi.
Hər kiçik söz-sova nolar dözəndə,
Bu xeyirxahlıqdan bezmişəm düzü.
Fikriniz başımdan çıxmayır bir an,
Ya üzün, ya düzün, nə olub, olub.
Tək sizin , tək sizin ucbatınızdan,
Nə qədər işlərim tökülüb qalıb.
Bax, indi beşiyə atılıb qalan,
körpəniz rahatca yata bilərdi.
Gəldiyim taksidə sevən bir oğlan
Görüşə vaxtında çata bilərdi.
Yerim görünəndə qonşu toyunda,
Sizin aranızda dilmanc olmuşam.
Hər gün başınıza ağıl qoyanda,
Elə bilirəm ki, lap qocalmışam
Yaşa qalanda da mən sizdən kiçik,
Sizi barışdırmır nə ay, nə həftə.
Daha durub gedim, gecədən keçir,
Məni gözləyənlər darıxar evdə.
 


***


***

Hamı rəqs eləyir məclis boyunca,
səsi olmayan da mahnı oxuyur.
Balıqlar məst olub akvariumda,
dibçəkdə çiçəklər tütün qoxuyur.
Gələnlər üzündə gülüş gətirib,
İnanmaq olmur ki, bezəcək kimsə,
Hələ bu məclisdə xoşa gəlməyə,
Yüz cürə bəhanə gəzəcək kimsə.
Biri qollarımla rəqs edir artıq,
mənə araq süzür öz qədəhində.
Sağlıq qopardırlar məndən bir təhər,
bir cür rəqs edirəm hər qədəmimdə.
Sonra da sallayıb qulaqlarımı,
guya mahnılara qulaq asıram.
Gərək yerli-yersiz gülümsəyəm ki,
fikirli durmağım yaman yozular.
Tüstüdən divarlar qaralar indi,
qollarım sustalıb, gecə də yarı.
Birdən bir baxışdan oxuyuram ki,
«qardaş, ya burdan get, ya bizə qarış».
 


***


***

Bakının küləyi ağ eləyir lap,
Bir də görərsən ki, həddini aşdı.
Vədəli-vədəsiz əsdi qəfildən,
başından papağı götürüb qaçdı.


Biz yenə yaxşıyıq, öyrəncəliyik,
Bizə kar eləməz lap tufan ola.
Vay onda Bakıya gələn qonağın
yanında arvadı gentuman ola.


Hey əsər, ağına-bozuna baxmaz,
Eh, haçan istəsə kefinə dəyər.
Obaşdan oyanan süpürgəçi də
elə acqarına küləyi söyər.


Böyründən-başından sürüşüb keçər,
Az qala yapışıb yaxandan tuta.
Bakının bir para cavanları tək
İsətəyər hələ bir sənə söz ata.


Yenə də dolanır havalı kimi,
Çətin dincələcək, çətin yatacaq.
Döyəcək qapını, pəncərələri,
sübhədək yuxuna haram qatacaq.
 


***


***

Kəndə getməyindən keçməmiş üç ay
Hələ tanınmayan şairə Humay
Bakıda qəfildən çıxdı qarşıma.
(Dur indi küçədə qonaq qarşıla)
Xeyli sınıxmışdı üç aya görə,

Sözü uzatmayaq Humaya görə.
Çiyninə düşmüşdü ipək yaylığı,
Bir az fikirliydi, bir az qayğılı.
Yanağı allanıb, gözü dolmuşdu.
Soruşdum,demədi, nəsə olmuşdu…
Ümiddən, inamdan xeyli danışdım,
Mənalı-mənalıbaxdı, qımışdı.
Söykənib bir tanış şer sətrinə,
Baş aça bilmədim kimin xətrinə,
Məndən xahiş etdi xeyirxah olum.
Tutuldum, duruxdum, dəyişdi halım…
Qoymadı ağzımda sözü bitirəm,
Ya onu vağzala qədər ötürəm.
Bir də görünməyi qaldı yaz-yaya-
Getdi evlərinə, getdi Göyçaya.
 


***


Payız kimi

Xəzəllər, deyəsən, nəğmə oxuyur,
Üşüyə-üşüyə qulaq asıram.
Saralan əllərim xəzəl qoxuyur,
Mən də payızıma daha hazıram.

Gecənin əlində qalıbdır yaxam,
Təklikdən adamın bağrı çatlayır.
Eh, sənə «sevirəm» demərəm daha
Eh, daha o sözə dilim yatmayır.

Tökür yarpağını bizim ağaclar,
Qonur əllərimə tək-tük yarpağı.
Gizlətsəm, elə bil, yaşayacaqlar,
Yazıqlar bilmir ki, mən də torpağam.

Axşamdan bəriyə qaralır bulud,
Bəlkə də indicə şimşək çaxacaq.
Sən mənim xətrimi çox da əziz tut
Onsuz da ürəyim dolub-yağacaq.

Mənim də qəmim var payız qəmində,
Qızarmış gözümdə kədər qızınır.
Elə payız kimi indi mənim də
Günlərim qısalır, gecəm uzanır.
 


***


***

Sən elə hey döşünə döy,
Deyib dur ki, belə getməz!
Ayağından ağırlığın,
Başından da bəla getməz.


Bal tapsan da pətəyindən,
Səs axsa da tütəyindən,
Çox da dartma ətəyindən
Zaman sağa-sola getməz.


Yüz yol, min yol yoxlasa da,
Hərdən-birdən haqlısa da,
Dünya bizi saxlsa da,
bir gün bizlə yola getməz.
 


***


Payız önündə

Qapıma gətirdim payızlı yolu,
Yol aza, payızı bir az uzada.
Hər keçən payızın nəğməsi olub,
bir nəğmə oxuyaq bu payıza da.


Çay, payız şerində gərək lil axa,
Gərək misra boyu uzana gecə.
gərək bir misrada yağışlar yağa,
o biri misrada durnalar köçə.


Açıldı çətirlər bir payız günü,
buluddan su içdi çətir gülləri.
Payız çinarları saraldan kimi,
göyərtdi çinarlı xatirələri.


Çıxdı köynəyindən xəzan ötəndə
kövrək musiqili unudulmuş val.
İndi hətta qatar, gəmi fitində
elə bil payızın həzinliyi var.


Sarı köynəyimdə xəzəlin ətri,
ağaca bənzədim ağac yanında.
Bir də bu payıza dönməkdən ötrü,
bir şəkil çəkdirək payız fonunda.
 


***


«Karol»


Gəlmişəm Raufun Novxanısına,
burdadır güllərin hakimiyyəti.
Titrədir adamı düymə çiçəklər,
üstəlik bağbanın gül xasiyyəti.

İşindən-gücündən gül iyi gəlir,
tər tökür, gülabdır alnının təri.
İlahi, qorumaq necə çətindir,
bunca zərifləri və zəifləri.

Xəzər sahilində, Xəzri önündə
Gül-çiçək becərmək lopaq deyil ha.
Güllərin libası tüldən də incə,
güllərin tül tacı papaq deyil ha.

Tanıyır əslini, nəcabətini,
o, min bir çiçəyin tərcümanıdır.
Gicitkən qanatmış əlini gördüm,
Raufun qanı da çiçək qanıdır.

Çiçəklər ərköyün balalarıdır,
gündüz verən deyil o, quyruq ələ.
Deyər sözün varsa, qoy şər qarışsın,
gülləri yatırdım, sonra zəng elə.

Dəstgahdır dostumun xaş qonaqlığı,
görürsən qəfildən xaşa çağırır.
Mənim ağzım nədir nəm-nüm eləyəm
Kral dəvət edir, paşa çağırır.

Pulu olmasa da, vecinə deyil,
üzür çarhovuzda pullu balığı.
Var quşbazlığı da, şairliyi də,
sevir yaşıllığı və ucalığı.

Gəlir gül dərən də, çiçək qıran da,
kiminə dərvişdir, kiminə «Karol».
Hərdən bir oturub yuz-yüz vuranda
Deyər bu lələşin Ol: «Karol-var ol!»

2005

 


***


Soyadım, adım Vətən!


Kim nə deyir qoy desin, səni sevib seçmişəm,
aranına düşmüşəm, yaylağına köçmüşəm,
əlimə dəryaz alıb iki vər ot biçmişəm,
iyini alım, vətən!
bir az yumşalım, vətən!

Dalğalanan zəmiyə əllərimi çəkmişəm,
bir qələmə götürüb sucaq yerdə əkmişəm,
bulağı ovuclayıb mən başıma çəkmişəm
tamını dadım, vətən!
Soyadım, adım vətən!

Məni çəkib aparar bircə ağız holavar,
köynəyimi şişirdər dəli xəzri, gilavar,
islanmışam gur yağan yağışda, nə var-nə var
səsini duyum vətən!
məst olum, uyum, vətən!

Mən bələdəm içinə, mən bələdəm çölünə,
belə upuzun adın yaxşı yatır dilimə,
əlimi uzatmışam, əlini ver əlimə
gözünə dönüm, vətən!
qənimə qənim vətən!

Əjdər Olam, o vaxtdan elə Əjdər olanam
sənə dodaq büzsələr, dava-dalaş salanam,
həmişə ərk et mənə, özünküyəm, balanam,
sən mənim canım, vətən!
Azərbaycanım, vətən!

2005


***


Uyu əzizim, uyu!


Yuxuladın indicə, sığışmırdın yatağa,
həkim kədərlənməyi sənə edib qadağa,
bir də aparacağam sabah səni çildağa,
uyu, əzizim, uyu!

Dincəlmirsən haçandır, rahatlığın pozulub,
Xocalı müsibəti üz-gözündə yazılıb,
alnında puçur-puçur tər soyuyub buz olub,
uyu, əzizim, uyu!

Yadından çıxmır bir an Bakı, yanvar, vurhavur,
orda idin görürdün, kim qaçır, kim qovur,
sabahların xətrinə bir balaca, bir hovur,
uyu, əzizim, uyu!

Atan-anan dözmədi illərin qəlizinə,
öldülər qarışdılar yüz ilin ölüsünə,
sən kimə ürcah oldun, yurdunun dəlisinə,
uyu, əzizim, uyu!

Çox əlləşib-vuruşduq, yuva qurduq bir təhər,
dinc oturmur yan-böyür, yeyib-içdiyin zəhər,
indicə dan sökülər, indi açılar səhər,
uyu, əzizim,uyu!

Alnında yüz şırım var, saçına enib qırov,
qardaşını apardı axıraxırda Murov.
Vuruş çoxdan səngiyib, amma Qarabağ girov,
uyu, əzizim, uyu!

Səksəkə içindəsən, deməyin nə xeyri var?
keçdi çevriliş xofu, bitdi qorxu, intizar.
Xeyirdə-şərdə birdir müxalifət, iqtidar
uyu, əzizim, uyu!

Qoy yay olsun, gedərik Pirquluya, yaylağa,
gül-çiçək toplayarsan anam verən yaylığa,
burdan aralanarsan barı yarım aylığa,
uyu, əzizim, uyu!

Yetişdik azadlığa, amma yarı-yarımçıq,
«can-can» deyən olmadım quru-quru, yarımçıq,
ey gündüzü yuxulu, yuxuları yarımçıq,
uyu, əzizim, uyu!

Sənə layla deyimmi, sən ki, körpə deyilsən,
düşərsən ağac kimi öz içindən yeyilsən,
dünya uçar başıma sındırılsan, əyilsən,
uyu, əzizim, uyu!

Yuxum quş yuxusudur, iynə üstə yatanam,
gah üstünü örtənəm, gah əlindən tutanam,
həm dostunam, həm yarın, həm anan, həm atanam,
uyu, əzizim, uyu!
uyu, əzizim, uyu!


2005
 


***


Azərbaycanım

Adlı Azərbaycanım!
Odlu Azərbaycanım!
Sənə içdən bağlıyam…
Belə köpəyoğluyam
basıb bağlayıramsa,
Qoltuq yağlayıramsa.

Lap genə-bol bəsimsən,
Öz ruhum, öz səsimsən.
Kim sənə tor qurursa,
İşinə pəl vurursa,
bil, ya zatıqırıqdır,
ya da işifiriqdır.

Torpağını öpərəm,
gözlərimə təpərəm,
suyuşirin almasan,
gözəgəlim olmasan
bunca müştərin olmaz,
müşkül işlərin olmaz.

Şuşa yağı əlində,
yağı da fənd - felində.
Boşla görək qılığı,
bu biabırçılığı
biz götürə bilmərik,
dinc otura bilmərik.

Dayan, bərk gedən oğlan,
Doğma yurduna bağlan,
Sənin də ölmüşünə,
mənim də ölmüşümə
ondan məhrəmi yoxdur,
yad yerin çəmi yoxdur.

Yad ölkəni öyürsən,
dindirməmiş, deyirsən;
- Xəzər nədir ki? – Şor su!
Vallah, burdakı forsu
orda edə bilmərik,
göynən gedə bilmərik.

Yaxşıca tapışmışıq,
Səndən bərk yapışmışıq.
Bircəciyim, birdənəm,
Sevgilim, dədəm – nənəm,
balam Azərbaycanım!
Salam Azərbaycanım!

2004

 


***


Soyadım, adım Vətən!

Kim nə deyir qoy desin, səni sevib seçmişəm,
aranına düşmüşəm, yaylağına köçmüşəm,
əlimə dəryaz alıb iki vər ot biçmişəm,
iyini alım, vətən!
bir az yumşalım, vətən!

Dalğalanan zəmiyə əllərimi çəkmişəm,
bir qələmə götürüb sucaq yerdə əkmişəm,
bulağı ovuclayıb mən başıma çəkmişəm
tamını dadım, vətən!
Soyadım, adım vətən!

Məni çəkib aparar bircə ağız holavar,
köynəyimi şişirdər dəli xəzri, gilavar,
islanmışam gur yağan yağışda, nə var-nə var
səsini duyum vətən!
məst olum, uyum, vətən!

Mən bələdəm içinə, mən bələdəm çölünə,
belə upuzun adın yaxşı yatır dilimə,
əlimi uzatmışam, əlini ver əlimə
gözünə dönüm, vətən!
qənimə qənim vətən!

Əjdər Olam, o vaxtdan elə Əjdər olanam
sənə dodaq büzsələr, dava-dalaş salanam,
həmişə ərk et mənə, özünküyəm, balanam,
sən mənim canım, vətən!
Azərbaycanım, vətən!


2005


***


Oxşama

Mən
yarıdım,
yarımadım,
Vətənimi
qarğımadım.
Ona heç nə sırımadım,
Tək özümü
qorumadım,
Köküm varmış,
qurumadım,
Vətən dedim,
Vətən, Vətən!
Dolaşdıqca
addım-addım,
Baxdım ona
maddım-maddım.
Havasını
uddum,
uddum,
Dadmalısın
daddım,
daddım.
Necə şaddım,
Necə şaddım
Vətən dedim,
Vətən, Vətən!

Onu çox da
şişirtməyin,
Kiçik deyil,
kiçiltməyin.
Hər yetəni
eşitməyin,
Yuvamızı
üşütməyin,
Zirvədəyəm,
düşürtməyin.
Vətən dedim,
Vətən, Vətən!

Öz imzamdır,
öz qolumdur,
Bayrağımda
üç yolumdur,
Addımbaşı
parolumdur,
Sağ olumdur,
Var olumdur,
Hər nədirsə,
qəbulumdur.
Vətən dedim,
Vətən, Vətən!

Yağısı çox,
çətinlikdir.
Kimə nə var,
bu, mənlikdir.
Ruhum şehli
çəmənlikdir.
Heyim, gücüm
Vətənlikdir.
Bələklikdir,
Kəfənlikdir
Vətən dedim,
Vətən, Vətən!
 


***


Azərbaycan

Mənim əziz vətənim,
ruhum, canım və tənim.
Qüdrətə bax adında!
hikmətə bax adında!
Deyim nəsən? – Xəzinə!
Baxıb nurlu üzünə,
aranına, dağına,
gözəl Qarabağına,
ad qoyub, can deyiblər,
Azərbaycan deyiblər!

Canı dilə gətirib,
canı cana yetirib,
Anacan çağırmışıq,
Nənəcan çağırmışıq,
gah atacan demişik,
gah babacan demişik,
Bir də göz açan kimi,
ruhumuz acan kimi,
Vətənə can demişik,
Azərbaycan demişik!

Səni vətən seçənlər,
adına and içənlər,
Çinarına xan dedi,
dağına sultan dedi.
Lap işi qan olan da,
yolunda qurban dedi.
Canında can olan da,
yarımcan da can dedi.
Mən də can-can deyirəm.
Azərbaycan deyirəm.

Azərbay deyilincə,
düşmənlər də can deyər.
Dönük çıxıb, gözündən
düşənlər də can deyər.
Can deyər qan-qan deyən,
od-alovdan don geyən.
Gəzdim söz sırasında,
ölkələr arasında,
tək sənə can deyərlər!
Azərbaycan deyərlər!

Mənim Azərbaycanım,
adının da canı var.
Könlümün nə qorxusu,
nə də həyəcanı var.
Yağı güc gələ bilməz,
bu vətən ölə bilməz,
Niyə?
Nədən?
Nə üçün?
çünki tükənməz gücün.
Hamı sənə can deyir,
Can Azərbaycan! deyir.
 


***


İstiqlal

Ey, salam tək hamıya söylədiyim, İstiqlal!
Rəngini yaxşı ayırd eylədiyim, İstiqlal!

Tən gəlir qan çeşidim bayrağımın al qanına,
Nə yapar cansız ölüm məsləkinin qəltanına,
Döşümü qalxan edib girdim onun meydanına,
Öz içimdən doğulub etdi zühur İstiqlal!
Sözdə iş, işdə qürur, məncə budur İstiqlal!

Onu biz gözləməzdik, həm də can atdıq hey ona,
Başını hifz edənə söyləmişik baş əy ona,
Can atıb Kürlə Araz, mavi Xəzər, yer-göy ona,
Ey Yanardağda yanan məşəlimiz İstiqlal!
Ey Qobustanda donan heykəlimiz İstiqlal!

Deyirəm həm yaxına, həm uzağa, həm özümə,
Vermərəm əldən onu, diqqət elə son sözümə,
Amma ortaq edərəm Zəncanıma, Təbrizimə,
Adlasın qoy Arazı sürgün olan İstiqlal!
Dayağım, Ərkim olan, görküm olan İstiqlal!

Vurnuxur düşmənimiz lal kimidir,
kar kimidir,
Seçmir üç rəngini bayraqlarımı,
kor kimidir,
Şanlıdır keçmişimiz –
iyirmi yanvar kimidir,
Ey şəhid oğlu şəhid, ey dirimiz İstiqlal!
Qəhrəmanlıq işimiz, iksirimiz İstiqlal!

Necə ki, güclülərin hiyləsi var,
hikkəsi var,
Bu gözəl məmləkətin can kimi təhlükəsi var,
Çox da dünyanın, əzizim,
quru bir haqq səsi var,
Millidir, milli olub, milli olar İstiqlal!
Söz deyil, söz eləsən, sözdə qalar İstiqlal!

Vətəni hürr olanın fikri, sözü hürr olacaq,
Özünü hürr edənin oğlu, qızı hürr olacaq,
Ən azı şax gəzəcək, lap ən azı hürr olacaq,
Söyləyim mənmi daha neyləyəcək İstiqlal?!
Əjdər Oldum, bizi biz eyləyəcək İstiqlal!
 


***


Uyu, əzizim, uyu!

Yuxuladın indicə, sığışmırdın yatağa,
həkim kədərlənməyi sənə edib qadağa,
bir də aparacağam sabah səni çildağa,
uyu, əzizim, uyu!

Dincəlmirsən haçandır, rahatlığın pozulub,
Xocalı müsibəti üz-gözündə yazılıb,
alnında puçur-puçur tər soyuyub buz olub,
uyu, əzizim, uyu!

Yadından çıxmır bir an Bakı, yanvar, vurhavur,
orda idin görürdün, kim qaçır, kim qovur,
sabahların xətrinə bir balaca, bir hovur,
uyu, əzizim, uyu!

Gəncədə qəsd olundu ölkənin polisinə,
öldü atan qarışdı yüz ilin ölüsünə,
sən kimə ürcah oldun, yurdunun dəlisinə,
uyu, əzizim, uyu!

Çox əlləşib-vuruşduq, yuva qurduq bir təhər,
dinc oturmur yan-böyür, yeyib-içdiyin zəhər,
indicə dan sökülər, indi açılar səhər,
uyu, əzizim,uyu!

Alnında yüz şırım var, saçına enib qırov,
qardaşını apardı axıraxırda Murov.
Vuruş çoxdan səngiyib, amma Qarabağ girov,
uyu, əzizim, uyu!

Səksəkə içindəsən, deməyin nə xeyri var?
keçdi çevriliş xofu, bitdi qorxu, intizar.
Xeyirdə-şərdə birdir müxalifət, iqtidar
uyu, əzizim, uyu!

Qoy yay olsun, gedərik Pirquluya, yaylağa,
gül-çiçək toplayarsan anam verən yaylığa,
burdan aralanarsan barı bircə aylığa,
uyu, əzizim, uyu!

Yetişdik azadlığa, amma yarı-yarımçıq,
«can-can» deyən olmadın quru-quru, yarımçıq,
ey gündüzü yuxulu, yuxuları yarımçıq,
uyu, əzizim, uyu!

Sənə layla deyimmi, sən ki, körpə deyilsən,
düşərsən ağac kimi öz içindən yeyilsən,
dünya uçar başıma sındırılsan, əyilsən,
uyu, əzizim, uyu!

Yuxum quş yuxusudur, iynə üstə yatanam,
gah üstünü örtənəm, gah əlindən tutanam,
həm dostunam, həm yarın, həm anan, həm atanam,
uyu, əzizim, uyu!
uyu, əzizim, uyu!

2005
 


***


Atam-anam Vətən

Vətən mənə anadır,
analıq deyil.
Vətən mənə atadır,
atalıq deyil.
Mən də ona oğulam,
oğulluq ki, yox.
Soy-kökümdə haramlıq,
oğurluq ki, yox.
Amma hərdən işləyir
atı yalanın,
arasına girirlər
ana-balanın.
Azdırıb çaşdırırlar
duyğunu, ağlı,
vurub dalaşdırırlar
atanı-oğlu.
Bilmirlər ki, bərədən,
bənddən küsmərəm,
kəndçimdən incisəm də,
kənddən küsmərəm.
Dolabçıya neyləsin
Ağsu dolayı?
Yalaqçıya neyləsin
Lahıc qalayı?
Birini Kür xətrinə
bağışlamışam
birini gül xətrinə
bağışlamışam.
Məni müşkülə salmış
bir ərdəbilli,
amma elə deyil ki,
hər ərdəbilli.
Nə hava çalmışıqsa,
oynayıb vətən,
çinarı bələdçidir,
şamı cangüdən.
Borca qalsa, mən ona
borclu çıxaram.
Xərcə qalsa, mən özüm
xərcəm, çıxaram.
Vətən mənə anadır,
analıq deyil.
Hər günü öynəlikdir,
qonaqlıq deyil.
Vətən mənə atadır,
atalıq deyil.
Vətəndaşlıq qoçuluq,
lotuluq deyil.
Mən də ona oğulam
oğulluq ki, yox!
Mənəmsə, məndə qəlplik,
paxıllıq ki, yox.
 


***


Qeyrət məsələsi

Könlümü qırırlar,
yerli-yersiz
ağzımın üstündən vururlar:
- Qeyrətin var
get Qarabağı al!
Mat qalmışam,
axı, mən
nə əsgərəm, nə zabit,
nə də
səfərbərlik çağırışı
almışam.

Belə bir əmr də verməyib
Ali Baş Komandan.
Amma xalxda nə günah?!
Məncə qeyrətimizin çeşidi azdır.
Bir-iki növ qeyrətimiz var
nə bilim kişilik-filan
onlar da köhnəlib
cındırı çıxmış
köhnə palazdır.

Bəlkə bundan sonra
belə deyək bir-birimizə:
İclasda reqlament qeyrətin olsun,
Səndən sonra danışana
bircə dəqiqə vaxt saxla!

Vaxtında işə gəl,
Vaxtında işdən dön
vaxtı güdən
qaranquş,
sərçə,
məzmək qeyrətin olsun,
qanuna dözmək qeyrətin olsun!

Lazım deyil
Gözə kül üfürüb çirkli pula
beş-on qaçqın,
yetim-yesir saxlamaq
Nə Şuşa, Laçın deyib zarıyırsan,
keçmir ağlamaq.
Qeyrətin var alçalma,
hər düdüyə əl çalma!
Qeyrətin var
Səlahiyyətini aşma,
forslanma, coşma!
Qoyma Əlinin papağını
Vəlinin başına,
Vəlinin papağını
Əlinin başına
Qoy Əli də, Vəli də
Özü öz başına qoysun papağını
İşə sürmə lopağını.
Günəşin bir şüası qədər
risq, kəşf qeyrətin olsun!
Qeyrətsiz görəndə heyrətin olsun!
Olsa bu qeyrətlərimiz
bitsə qeybətlərimiz
əlacı görsək dirilərdə
Qarabağ da qayıdacaq
elə o birilər də.
 


***


Təsəlli

Məmməd Aslan gör bir nədən təsəlli tapır,
əsir düşmüş Kəlbəcərin şəkillərindən.
Bu ağ-qara şəkillərdə nə kəklik izi,
baş açılmır qayaların səkillərindən.

Oxşasa da şəkillərin yamac xətrini,
gözü seçmir nərgizlərin sarı sətrini.
Bahar gəlib, gül iyini, yarpız ətrini
necə alsın şəhidlərin əklillərindən?!

Bir dünya var, o da onun başına dardır,
nisgilini sürütdəyib dalınca dartır,
danışdıqca qanı qalxır, şəkəri artır,
cınqır çıxmır millətimin vəkillərindən.

2001
 


***


Bir bayraq, doqquz əsgər

(poema)

Bir bayraq, doqquz əsgər
qurd ağzından çıxdılar.
Düşmən əhatəsində
o ki var vurnuxdular.
Duman çökdü araya
dumana büründülər.
Dərələrdən keçdilər,
yamacda süründülər.
Onlar dumansarayda
bir az kef elədilər.
Su tapıb su içdilər,
meyvə gəvələdilər.
Dumana etibar yox,
duman çəkiləcəkdi.
Gecə alaçıq deyil,
şəfəq söküləcəkdi.
Tək göyə yol açıqdı,
bacarırsan çıx göyə.
Ya da Allaha yalvar
Zənbil sallasın deyə.
Hər cığırda on yağı,
hər yol üstə bir alay.
Qorxudan göy üzündə
sarılıq tutmuşdu Ay.
Dörd tərəf əliqanlı,
yağılar yar bağında.
Necə əsir düşəsən
doğmaca torpağında.
Ayaqlarının altı
Vətəndi… Möhkəm idi.
Məqsədləri ap-aydın,
fikirləri cəm idi.
Təzədən dikəldilər,
şütüdülər irəli.
Bayrağı oxşayırdı
hərəsinin bir əli.
Görən varmış onları,
alınıb-satıldılar.
Birdən aləm qarışdı,
gülləyə tutuldular.
Şahə qalxdı silahlar
durdu az çoxa qarşı.
Bunlar Allah adamı,
onlar Allaha qarşı.
Otdan, sudan, havadan
qan qoxusu gəlirdi.
Bir doğulan yox idi,
doğulanlar ölürdü.
Bir bayraq, doqquz əsgər
nə azdır, nə də çoxdur.
Tətikdəydi əlləri,
Öldü var, döndü yoxdur!.
Atışma güclənirdi,
düşmən çevrəsi dardı.
Yaxınlıqda bir qədim
Alban kilsəsi vardı.
Ümid qalırdı ona,
ümid yoxdu kimsəyə.
Yüyürüb sığındılar
dediyimiz kilsəyə.
Kilsə nişangah oldu,
kilsə döndü hədəfə.
Onlar Allah evində
vuruşdular son dəfə.
Basılınca gülləyə,
kilsə də döndü dindən.
Yəqin Allah özü də
qaçaq düşdü evindən.
Güllə tutdu birini,
tutdu üçüncüsünü…
Sonra… Qoy yağı saysın
sonra neçəncisini.
Canını tapşırırdı,
əsgərlər bir-birinə.
Ölürdülər… bu onun
o da bunun yerinə.
Sərildilər yana-yana,
şəhidlər sıralandı.
Sonuncu əl yapışmış
Bayraq da yaralandı.
Coşdu sonuncu əsgər,
qan tutmuşdu gözünü.
Yerə qoyan deyildi,
qanaq-qanaq dizini.
Tükənirdi gülləsi,
niyə yarılmırdı yer?
Yad silahların səsi,
deyirdi ki, cavab ver.
Yiyəsiz silahlara
əsgər əl atdı, atdı.
Bütün avtomatların
darağını boşaltdı.
Daraqda son güllədir
darağı yoxlamadı.
Bir yağı tutar deyə
özünə saxlamadı.
O, susdu… susdu qarşı,
nə desin bu duruşa?
Kaş bir yağı gələrdi
əlbəyaxa vuruşa.
Ayağında son təpər
əldə yaralı bayraq,
Tərk elədi kilsəni
o, birayaq-birayaq.
Bir vaxt vətən yolunda
ölüm diləmişdi o.
Nə edə bilərdisə,
onu eləmişdi o.
Dalğalanan bayrağı
Əsgərdən ayırdılar.
Dəstəyini sındırıb
qumaşını cırdılar.
O bayrağı endirən
baxın görün kim idi?!
Özünkü əyməyibsə,
bayraq qalib kimidi.
Bayraq yenə əsgərin
gözlərindən düşmədi.
Yenə göy qurşağının
mənası dəyişmədi.
Yenə onun göyü göy,
yaşılı da yaşıldı.
Dostlarının qanı tək
alı işıl-işıldı.
Əsgər həsrətlə baxdı
döyənək torpağına.
Bir dua pıçıldadı
didilmiş bayrağına.
Bəli, əsir əsgərin
belə olur torpağı.
Bəli, əsir torpağın
belə olur bayrağı.
Apardılar əsgəri
getdi qolları bağlı.
Bilmirəm bakılıydı,
yoxsa ki, qarabağlı.
Nə onun ölüsündən,
nə də ki, dirisindən,
Bir xəbər eşitmədim
haçansa birisindən.
Bir bayraq, doqquz əsgər
şəhid tək öldü, itdi.
Bilmədilər
Qarabağ
savaşı necə bitdi.
 


***


Günəbaxan zəmisi

Dalğalanır, çalxanır günəbaxan zəmisi,
çatışmır bu dənizin bircə bəyaz gəmisi.

Düşüb qızıl dalğaya, girib sarı dumana,
üzəm gedəm şeh qonan ətirli bir limana.

Amma hanı o gəmi, hanı o şehli sahil,
çox da məni çağırır sapsarı zehli sahil.

Kürən günəbaxanlar Günəş balalarıdır,
nəğmələri bir qədim cütcü holavarıdır.

Sütül gövdələr yaşıl, tutaş kirpiklər sarı,
gedim yaşıla sarı, gedim sarıya sarı.

Yelpik-yelpik yel əsir sarıdonlu səhərdən,
durub Günə baxanlar baxır mənə də hərdən.
 


***


Elə xoşum gəlir…

Elə xoşum gəlir, eyvanımızda
sakitcə oturub oxuyum, yazım.
Bir qom çiçək olsun güldanımızda
çiçəyin ətrini qoxuyum, yazım.

Bir əsim meh əssin göy məkanımdan,
Səhər Günəş deyim, axşam Ay deyim.
Hərdənbir armudu stəkanımdan
bir qurtum çay içib bir oxqay deyim.

Elə xoşum gəlir tənəkdən dərəm,
yuyub
qoyub gedəm sarı salxımı.
Əllərim belimdə qayıdıb görəm
quşlar dimdikləyib yarı salxımı.

Görəm bir kəpənək köynəyi mil-mil
uzaqdan bilinir şehdə çimdiyi.
Görəm ki, misramın üstündə deyil,
altından xətt çəkib sərçə dimdiyi.

Günüm çiçəklərdən yoğurulanda,
ətəyim yarpaqdan, yaxam kağızdan.
Elə xoşum gəlir, çağırılanda
boylanam qələmdən, baxam kağızdan.
 


***


Ömrün şirəsi

İçində atəş var, çınqı sal, od al,
Gəz, dolan, könül aç, ətir duy, dad al,
Çalış, seçil, tanın, üzə çıx, ad al,
Qara siyahıdan adını çıxart!
Ömrün şirəsini, dadını çıxart!

Şellənmə, saçların şəvə kimidir,
Canın da dözüm də dəvə kimidir,
Həyat suluqlanmış meyvə kimidir.
Onun çürüyünü-zadını çıxart!
Ömrün şirəsini, dadını çıxart!

Qoyma iş qan ola, sevgi man ola,
Canda can saxla ki, yarın can ala,
Su ver gözlərinə, seçib sonala,
Ortaya ən gözəl qadını çıxart!
Ömrün şirəsini, dadını çıxart!

Yandırsan gözlərin bir cüt lampadır,
Ulduza yoldaşdır, Aya hampadır,
Nə gərək vay-şivən, giley, dambadum
Yadından hər dedi-qodunu çıxart!
Ömrün şirəsini, dadını çıxart!

Qəm də, çətinlik də bizdən ötrüdür,
Mərdlik, mətinlik də bizdən ötrüdür,
Həyat bütünlükdə bizdən ötrüdür
Demirəm şorunu-şitini çıxart!
Ömrün şirəsini, dadını çıxart!

Əjdər Ol, gözün tox, için doludur,
Sərmayən quş südü, balıq puludur,
Gözündə yulğun da çiçək koludur,
Köynəkdən sazını, udunu çıxart!
Ömrün şirəsini, dadını çıxart!

2001

 


***


Yazda

Yazın şehli çəməni
ip-iri bir səməni.

Gölməçələr, sucaqlar
göy otları qucaqlar.

Bulud yağıb durulmuş,
çadır kimi qurulmuş,

dayaqları mən, palıd,
çinar, vələs, şabalıd.

Budaqlarda puçurlar
yerindəcə uçurlar.

Civildəşir sərçələr,
xanımçalar, nərçələr.

Min-min çiçək balası
çəhrayısı, alası…

yel vuranda tərpəşir,
üşüyəndə ürpəşir.

Qayanın qatlağından,
daşların çatlağından

nur damcılar damırlar,
işıldayır mamırlar.

Arılar lap kefdədir,
Yəqin bugün siftədir,

başlayır bal ayları,
səfdədir alayları.

Yanımdadır balacam,
qalsa, burda qalacam.
 


***


Yuxum gəlir...

Çağırsaydın, qaranəfəs gələrdim,
ayaqlarım pişik kimi büzüşmüş.
Sağ olsaydı anam,
elə bilərdim,
isti əli saçlarımda gəzişmiş.
Yuxum gəlir...

Qış da gəldi, bəs hanı qış yuxusu,
nə deyirlər xeyirimdən-şərimdən?!
İndi mənim yuxum da quş yuxusu,
bir çırtma çal, dik atılım yerimdən.
Yuxum gəlir...

Çöldə şaxta, özü də ki, nə şaxta,
üşütməm var, yorğan ayaz qoxulu.
Sən yatarsan,
sən qalmazsan bu vaxta,
düşünürəm səni yarıyuxulu.
Yuxum gəlir...

Gedib yuxu mənzilinə çataram,
kim ləngidər ürək adlı çaparı?
Salamat qal, tərpənəsi qataram,
can verirəm, yoxsa yuxu aparır?
Yuxum gəlir...

2001


***


Minillik

Qismətə bax, durmuşam minillər ayrıcında,
minillik arzular var lap dilimin ucunda.

Qoy bu minillikdə də min il od saçsın Günəş,
vaxtında-vədəsində səhəri açsın Günəş.

Min ili də haqlasın torpaq, dəniz, ulduz, Ay
min ilin sakinləri - Qafqaz, Tibet, Himalay.

Dünya durduqca dursun, gözləri nəm olmasın,
bir ayı, bir həftəsi, bir günü kəm olmasın.

Mən minillik deyiləm, ey dadıma yetənim,
qoy bu minillikdə də min yaşasın vətənim!


2000
 


***


Gücü çatsa…

Gücü çatsa, Allah köməyin olsun!
Dilin yatsa, Şükür deməyin olsun!
 


***


Akvarium

Sulu şüşə içində,
yaşıl köşə içində,

xırda-xırda balıqlar,
ərköyünlər, şuluqlar,

üzə-üzə rəqs edir,
yaşamağa risq edir.

Bunların nə canı var,
bircə damcı qanı var,

Su yoludur yolları,
axçaları, pulları

düşməyibdir dəyərdən.
Yosunları göyərdən

yelpik nəfəsləridir,
körpə həvəsləridir.

Bunları nə çoyudur?
Qəzəbləri soyudur

ürkək sıçrayışları,
erkək sıçrayışları.

Budur, dayanıb biri,
gözləri var dipdiri.

Məni boyaboy süzür,
tanımayıb tez üzür,

itir kürül dəstədə.
Hamısı bir bəstədə

üzür çömçə balıqlar,
incə-mincə balıqlar…

2001
 


***


Ömür

Ağrılara, əzablara darılma,
Öz işindən bərk-bərk yapış, yorulma,
Çalış ölmə, çalış itmə, vurulma,
Canım-gözüm, ömür elə budur, bu!
Tale, qismət deyirdin ha, odur bu!

Yağlı vədlər, yaman ayır-buyurlar,
Demə mənə nə ad, nə san qıyırlar,
Tez artmağa axı kimi qoyurlar?!
Canım-gözüm, ömür elə budur, bu!
Yarışmağa meydan budur, cıdır bu!

Adamsan də, incidərlər adamı,
O dünyadan haraylama atanı,
Alan yoxsa, dur özün al qadanı,
Canım-gözüm, ömür elə budur, bu!
Dadına bax, gör nə şirin dadır bu!

Neynəsən də, hər gələn gün xoş olmaz,
Adam gedib ağlağana qoşulmaz,
Fors eləmə, dünya sənsiz boşalmaz,
Canım-gözüm, ömür elə budur, bu!
Səni, məni diri-diri udur bu!

Keçmək olmur payızından, yazından,
Üzülürsən bir gözəlin nazından,
Əşşi, yüz yol mən demişəm azından,
Canım-gözüm, ömür elə budur, bu!
Ürəkdə od, gözümüzdə sudur bu!

Hər istəkdə, hər diləkdə düyün var,
Nə istəsəm, olmasa da, deyin: Var!,
Əjdər Olsan, kimsən,
boş hay-küyün var,
Canım-gözüm, ömür elə budur, bu!
Adəm budur, Nəbi budur, Xıdır bu!
 


***


Şəkər xanım

Teleşirkətin həyətində
qəfil döşümə çıxdı
şair Məmməd Aslan.
Qımışdım,
kefini soruşdum.
- Necə olacağam? – dedi
Günümü qara eləyib
Şəkər xanım.
Qəfil gileydən
qaraldı qanım.
Soruşdum:
- Dediyi nədir?
Dedi:
- Kölgəmi də güdür.
Deyir alacağam canını.

Dəyişdi səsimin tonu.
Sonrasını düşünmədən
partladım:
- Əşşi, qov getsin onu!
Dedi:
- Qovuram, yenə qayıdıb gəlir.
Mən heç
sən özünü qoru,
bir də gördün
kəsdirib sənin də
başının üstünü
o imansız qarı.
Eyhamı anladım,
Alındım.
Söz içində söz varmış…
Gördüm
oxun ha tərəfdən atıldığını.
Mən belə bildim
şairin şəkərə tutulduğunu.

2001
 


***


Xox gəlmək

Gördüm ki, burcudur dostum ürək də,
Çımxırdım üstünə: Yaxşı görək də…
 


***


Mən kiməm?!

Hansı gələn qaldı qalam, mən kiməm?!
Çox şişirtmə əziz balam, mən kiməm?!

Hər aşiqin dövranı var deyirlər
mənim dövrüm, bir də salam, mən kiməm?!

Eh, kişilər can çürüdüb, ad qoyub,
İskəndərəm, Rüstəm Zalam, mən kiməm?!

Qiyamətdə İsrafil sur çalanda
mən də gərək təbil çalam, mən kiməm?!

Həm şairəm, həm məmuram, həm rəqib
çox işim var, çox məşğulam, mən kiməm?!

Geci-tezi çəkəcəklər məşhərə
canlı-cansız bir sualam, mən kiməm?!

Gördüm, duydum, yazdım, sevdim, çalışdım,
Uzaq başı Əjdər Olam, mən kiməm?!
 


***


Nə zəhmətdir çəkirsən

Ey dişi sədəfdən, incidən adam,
Məni boş-boşuna incidən adam,
nə zəhmətdir çəkirsən,
başımda turp əkirsən,
qəsdim yox üzünə tərs-tərs baxmağa,
hazıram özümdən acıq çıxmağa.

Hayıfsan, qanını qaraltma belə,
geniş hövsələni daraltma belə,
əziz canına qıyma,
duymursan məni duyma,
çatılmış qaşına quzu kəsərəm,
qıcanmış dişinə quzu kəsərəm.

Bahalı adamsan, eynəyin baha,
Qalstukun baha, köynəyin baha,
eh, mən kiməm-nəçiyəm,
kiçikdən də kiçiyəm,
mənə sirkələnən barmağın boyda,
balıq ovladığın qarmağın boyda.

Bu Əjdər Olmasın qəti eyninə
təptəzə paltonu geyin əyninə,
damağında siqaret,
məşuqən gözləyir, get,
Bu axşam özümə divan tutaram,
Kölgəmə, şəklimə kəllə ataram.
 


***


Söz azadlığı

Bizə də verdilər söz azadlığı
Buyur, dos-doyunca danış, çərənlə.
Bala,
bala-bala çöz azadlığı
Kəpənək tutanla, çiçək dərənlə.

Azadlıq quşudur qonan budağa,
Sürgün yox, türmə yox, dəri soyulmur.
Qabaqlar düz sözə vardı qadağa,
indisə düz sözə məhəl qoyulmur.

2001
 


***


Qaynama

Kir-pas içində
bir kapal uşaq
yarısı da lal,
çəp, topal uşaq.
Polis sözünü
yerə salıblar.
Bazar başında
mərə salıblar.
Ona cumurlar:
- Çörək pulu ver!
Buna cumurlar:
- Çörək pulu ver!
Əlibərklərə
Lap dirənirlər.
Gah dilənirlər,
Gah sülənirlər.
Külək, tozanaq,
qar, sazaq, yağış,
ikibaşlı söz,
acı, sərt baxış
bircəciyinin
vecinə deyil.
Oynamaq ki, pul
gücünə deyil.
Girəvə düşsə,
oynayacaqlar.
Qaynama kimi
qaynayacaqlar.
Üzlərində də
Cırtdan işığı.
Axı, uşaqdır
köpəkuşağı.

2001
 


***


Yas çiçəyi

Can bacı, qanlı yanvar,
bizlərə gör neylədi?!
Bakı qərənfılini
yas çiçəyi eylədi.

Daha qaragünlülər
anar, xatırlar onu.
Qəbristanlıq yanında
cüt-cüt satırlar onu.

Yasa gedir qərənfıl
üçə, yeddiyə, qırxa.
Qız-gəlin qucağından
boylanır qorxa-qorxa.

Sinə daşları üstə
xoş sözmü eşidir o?
Xəzridə, Gilavarda
titrədir, üşüdür o.

Qana düşüb.
nahaq qan
şahididir qərənfıl.
Şəhid məzarlarının
şəhididir qərənfıl.

Yas tuturam mən ona
neçə ildir Bakıda.
Ən çox şəhid verən də
qərənfıldir Bakıda.

Şəhidlər sıra-sıra
qərənfillər də say-say.
Şəhid qardaşlarım vay!
Şəhid qərənfılim vay!
 


***


Qonaq

Ramiz Qusarçaylı məni çağırıb
Qubanın yazına qonaq eylədi.
Aparıb gəzdirdi yalı, yamacı
güllərin xasına qonaq eylədi.

Yetişdik Qəçrəşin tən ortasına,
düşdük Babadağın günortasına,
dost dostu qırqovul yumurtasına
kəpənək tozuna qonaq eylədi.

Ordadır göz kimi göyün əngini,
gördüm təbiətin min bir rəngini,
bir zəngçiçəyinin çaldım zəngini,
qonağı nazına qonaq eylədi.

Əcəb bardaş qurduq yaz süfrəsində,
ürək süfrəsində, söz süfrəsində,
dost dost mahalında, dost süfrəsində
dostunu dostuna qonaq eylədi.

Dedi: lalə də yığ, üz bənövşə də,
baxsın qız Lalə də, qız Bərövşə də,
bir nərgiz istədim Qızbənövşədə
o məni yüzünə qonaq eylədi.

2001
 


***


Vaxt getmir ki…

Payız soldu... qışı qəfıl şaxta vurdu,
qaranquşlar uçub gəldi, yuva qurdu.
İndi də yaz baş qaldırır puçur-puçur,
Vaxt getmir ki... Vaxt ya qaçır, ya da uçur.

2001
 


***


İsti

Hərdən bir quş səksənib pırr eləyir havada,
Qanadlar yelpiklənib bir an mehi andırır.
Günəşimiz elə bil qızardılır tavada,
hər şüa yağ damcısı, hara düşsə yandırır.

Gün əyilib, di gəl ki, göydən od yağır hələ,
hər qara daş qızıxmış bir şeytan qafasıdır.
Qarışqalar vurnuxur, gəzir belədən belə,
hava elə deyəsən qarışqa havasıdır.

Qaynayıram, daşıram, tər tökürəm durmadan,
bura isti məskəni, bura aran bölgəsi.
Məni çölün düzündə qoruyur günvurmadan
bapbalaca sərçənin bapbalaca kölgəsi.

2005
 


***


xxx

Moskvada
bizim uşaqların yay kafesində
birləşdirib stolları
xudmani
bir məclis qurduq.
Süfrədə
Gəncə göyərtisi,
Şəki halvası,
Bakı zeytunu,
düt deyincə vurduq.
Biri köhnə polisdir,
qovulub işdən,
çıxıb vətəndən.
Biri müəllimdir
atıb peşəsini,
biri işə
elə burda başlayıb
Artisti də var,
həkimi də
siyasətçisi də
biri elə,
biri belə…
Bu vaxtacan necə adam olub bunlar
bilmirəm,
ancaq indi
baş barmağımı yuxarı qaldırıb
deyirəm:
- Bax, belə oğlanlardır!
Sabah yuxudan
həm də içkidən ayılıb
hərəsi gedəcək bir iş dalınca.
Biri dəllallıq edəcək bazarda,
biri araba sürəcək
biri bəlkə də
nəşə buraxacaq
xəlvət bir dalanda
başları qarışacaq
alış-verişə.
Hamısının işi var
işə gedəcəklər, işə.
Hamısının da burnunun ucu göynəyir
vətəndən ötrü
bir ayaqları
burdan qaçaqdır.
geri dönmək istəyirlər haçaqdır.
 


***


Təki qəsd olmasın!

Qəsd olsa,
hər palıd bir dar ağacıdır.
hər döngə,
hər tin
pusqu yeri.
Əkil,
mumla,
kiri!
Qəsd olsa,
çəngəl-bıçaqdan ağır silah yoxdur.
Hər qab zəhər dolu tuluqdur.
Qəsd olsa,
gündüzlə gecənin,
evlə küçənin,
odla suyun,
toyla vayın
nə fərqi?
Boğazında qalar
etdiyin dua,
oxuduğun şərqi.
Təki qəsd olmasın!
çəngəl-bıçaq,
qab-qacaq
qarışmasın insan işinə.
Gündüzlə gecənin,
evlə küçənin,
odla suyun,
toyla vayın
fərqi olsun!
Dil-dodaqda
dua olsun,
şərqi olsun!
 


***


Sağlıq dostum

Fantast yazıçı Namiq Abdullayevin ölümünə

Yasına gələnlərin hamısı
sağlığında səndən qaçırdı.
Qəribədir, xətrinə dəymirdi
Bu, səni açırdı.
Biz yaşamaq dəlisiydik,
sağlıq dostuyduq.
İşini bilmişdin,
Mənə demədən
qəfil ölmüşdün.
Qohum-qardaş
axır ki, başına yığılıb
ölünü aparıblar
qırx il getmədiyin kəndinə.
Həmişə gələrdim indinə.
Yasına gəlmədim,
Ovsuna gəlmədim.
Bircə şərtlə gələrdim,
bilsəydim oturmusan,
məclisinin başında.
Bir kimsəyə baxmadan
ehsanında yeyirsən.
Arabir də lələşinə göz vurub,
xəlvət-xəlvət yüz vurub
özün-özünə rəhmət deyirsən.
 


***


Səhv

Şirnikib yalan dedin…
gözləyirsən əhvini
Mən sənə inanmayıb
düzəldirəm səhvini.

2001
 


***


Neynim?!

Hər kim ki məni aldada bilmir,
məndən inişildən xoşu gəlmir.
 


***


Kitab sandığı

Kitab sandığıdır
maşınımın yük yeri.
Yeni kitabım çıxınca
qablayıram bu sandığa
Kitablarım gəzir maşında
dərviş heybəsində gəzən risalə kimi.

Qiyməti-sovqatlıq!
Can bahasına
çıxan kitabımı
məzəli avtoqraflarla
paylayıram döşümə çıxanlara.

Hətta bəzən üstünə
araq pulu qoyub
bağışlayıram
içmək həvəsinə düşmüş şair qardaşlarıma.

Həvəssizlərdən qaçıram,
xoş xəbər gözləyənlərə
kitab açıram,
həmişə də yaxşı gəlir.
Necə ki, çanağı boşalanda
əl-ayağa düşür arı,
mən də sandığın dibi görünəndə
düşürəm yeni kitab eşqinə.
Yaxın gəlin maşınıma-
şeir köşkünə.

2002
 


***


Küləkli yağış

Külək əsir,
budaqlar
nə üstəsə dalaşır.
Yağışın ayaqları
bir-birinə dolaşır.
Mən də qəfil düşmüşəm
bu küləkli yağışa.
Quş deyiləm dürtüləm
bapbalaca koğuşa.
Çətir-çətir ağaclar
yer-yerdən damır, damır.
Dörd tərəfim su, sucaq,
balaqlarım tey çamur.
Küləkdən su içirəm,
suda həyat qoxusu.
Əzizim, islanmışın
yağışdan nə qorxusu?
 


***


Müdrik dövlət başçısına

Adi, yavan həqiqətdir:
Dövlət şərəf və qüdrətdir!
Adil,
Azğın,
Qarğa-quzğun,
İri, xırda…
Ən axırda
hamı görür
və eşidir.
Var onun da hər çeşidi -
halalı var
haramı var.
Müdrik dövlət başçısına
Əjdər Olun salamı var!
 


***


Ürəyin

Zoru sevmir, onu zora salmayın,
Ağlamadır, qara-qura salmayın,
İncitməyin, ora-bura salmayın,
Dilmancıyam gözləri nəm ürəyin,
Gup-gupunu çevirirəm ürəyin.

Bir ömürdə bircə çimir almaz o,
Biz yatarıq, öz işindən qalmaz o,
Nə qocalmaz, nə də yaşa dolmaz o,
İlk sevgindir hər yaşında ürəyin,
Dad-tamı var göz yaşında ürəyin.

Dolu qandır, qan-qan deməz, dedirtməz,
Ona qalsa, haram yeməz, yedirtməz,
Elə bilmə dediyini yeritməz,
Qırılanda ağrısı var ürəyin,
Hara çəksən, doğrusu var ürəyin.

Baxan deyil işarəyə, him-cimə,
Titrədimi, toxundumu sim simə,
Başlayacaq dodaqaltı zümzümə,
Həzin-həzin mələyəcək ürəyin,
Bildiyini eləyəcək ürəyin.

Mən bir ürək quruluşu qurmuşam,
Canla-başla qulluğunda durmuşam,
Bu köhləni çox dişimə vurmuşam,
Mənnən sözü yaxşı tutur ürəyin,
Ürəyindir sinəm cıdır, ürəyin!
 


***


Könül dostu

köhnə dostum Zahir üçün

Dostuna heç kəm baxarmı,
yüzil dostu, minil dostu.
hələm-hələm ələ düşməz
nəfəs dostu, hənir dostu.

Dostluqda ustayam, usta,
çevrilməsin sözüm tosta,
hey mən ölüm dedim dosta
heç olmadım sən öl dostu.

Sevinc, nisgil, görüş, vida,
gah elə, gah belə nida,
ya yanımda olur, ya da
könlümdədir könül dostu.
 


***


İşıqlar

Uşaqlıqda
hər səhər
yatağımın başından
eşidərdim
saçımı sığallayan
anamın səsini.
- Balam lampalarını yandırsın
evimizi işıqlandırsın!
Lampalar gözlərimdi
elə bilirdim
gözümü açan kimi
işıqlanır evimiz.
İndi də mən anam kimi
oyadıram səhərlər
körpə uşaqlarımı:
- Balalarım lampalarını yandırsın,
evimizi işıqlandırsın!
İşıqlıdır evimiz
gözlər - işıqlar yanır
qara, yaşıl və qonur…
 


***


Bal ayı

Arıçı köçürtmüş arılarını
sımsıx cökəliyin
həndəvərinə.
Günlü günlər olsa,
mümkünlər olsa
cökələr çiçəklər
beş-altı günə.
Arılar gün altda vızıldaşırlar.
Pətəkdən uçuşa
hazırlaşırlar.
Böyüklü-kiçikli
hər biri bilir
Öhdəsinə düşən
işin adını
hamısı –
yaxşıca-yaxşıca çırpıb
sınayır,
yoxlayır tül qanadını
Arıçı düşübdür
arı dalına.
Göz dikib
bu ilin cökə balına.
Gördüm gözüm doydu,
könlüm açıldı.
Yaxşısı budur ki,
tez aralanım.
Axı niyə burda
avaralanım?
Qardaşlar,
sizə də
nişan vermirəm
Qoca arıçının,
arı yerini,
onlar yaxşı tapıb
biri-birini.
Gedib bala bulaşmayın,
Arıçının, arıların
iş vaxtı
əl-ayağına
dolaşmayın!

2001
 


***


Ondan da gözəl…

İlk sevgimi xoşbəxtlik?
Ondan da gözəl şey var!
Var div kimi xoşbəxtlik,
Ondan da gözəl şey var!
Bəlkə o kalan puldur?
Ondan da gözəl şey var!
Tövbə, ya da qüsuldur?
Ondan da gözəl şey var!
Xoşbəxtlik azadlıqmı?
Ondan da gözəl şey var!
Bayramdakı şadlıqmı?
Ondan da gözəl şey var!
Qırxıncı otaq… girdim,
Ondan da gözəl şey var!
Xoşbəxt oluban gördüm,
Ondan da gözəl şey var!

2001
 


***


Ev

Canım düşüb heydən,
çabalayır ürək.
Zənbil enib göydən
evimizə gedək!

Qulaq dincdir orda,
biz arı, o pətək.
Yığış, xırda-xırda
evimizə gedək!

Havalar buzlayır,
xəzəl ətək-ətək.
Dabanım sızlayır
evimizə gedək!

Tutulub göy üzü,
payızdır, gün gödək.
Görmürəm öy üzü,
evimizə gedək!
 


***


Ömrün əsas vaxtı

Ömrün boş saatları,
bom-boş dəqiqələri,
ya dörd-beş saatları,
ya beş dəqiqələri,
günlərin yonqarıdır,
saatların çıxarı.
Gah qışın son qarıdır,
gah yazın ilk buxarı.
O bəzən ilk görüşə
qalan bircə hovurdur.
Hərdən dönür təşvişə,
hərdən bizi ovudur.
O gah uçuşqabağı
qısa on dəqiqədir.
Gah da ilan qabığı –
uzun son dəqiqədir.
Ömrün əsas vaxtı var,
bir də əlavə vaxtı.
Hara yağdı yağan qar
saçımın şəvə vaxtı?!
Amma, ömrün sonunda
keçmişin adı birdir.

2001
 


***


İşıq

Yandır tutqun üzünün
sönmüş işıqlarını,
ürəkləndir həm bizi,
həm də uşaqlarını.
 


***


***

Maşına yaxşıca əl gəzdirmişəm,
gedək Şamaxıya gül iyləməyə.
Gedək yerindəcə zirinc, qantəpər,
mixək, kəklikotu, hil iyləməyə.

Arılar çəkəcək şirələrini,
bir azdan güllərdə hal olmayacaq.
Ağkirpik tökəcək kirpiklərini,
lalənin başında şal olmayacaq.

Körpə bulaqların, sısqa çayların
sellənən-şellənən fəslini görək.
Mor köynəyindəki xırda güllərin,
düymə çiçəklərin əslini görək.

Bir tanış kababçı var yolun üstə,
Əla, qocafəndi lüləsi olur.
Bağdan bircə-bircə dərdiyi tutun
barmaq uzunluqda giləsi olur.

Biçilmiş ot ətri bilirsən nədir?
Şeh üstə gəzərik ayağıyalın.
Min dərdə dərmandır bircə damcısı
ağac koğuşundan tapılan balın.

Bir az canımızın hovu alınsın,
bir azdan qurd salar zirvənin qarı.
Sabah, Allah qoysa, gün əyiləndə
durub fıtillərik şəhərə sarı.
 


***


Şirinlik

Söykənmişəm doqqaza,
bürünmüşəm bürküdə.
keçib nigarançılıq,
keçib qorxu-hürkü də.

Dünən gecə ağrıdan
yatanları ayıltdım.
O dünyanı sübhəcən
gedib görüb, qayıtdım.

Böyrəyimin sancısı
nəfəsimi kəsirdi.
Ağrıyan can can deyil,
ya dustaq, ya əsirdi.

Toxtamışam, rahatam,
ötürsəm də öynəmi.
Rafiq Tağı bir azdan
gəlib vurar iynəmi.

Yelləndikcə qovaqlar,
meh əsir, sərin gəlir.
İndi mənə yaşamaq
necə də şirin gəlir.
 


***


Yağış

Yağan
yağış
dama –
dama

damır
dama,
damdan
damır.

Damır,
damır,
damır,
damır.
Uful-
damır,
sızıl-
damır.

Qımıl-
danır:
– Dam,
dım,

dam,
dum,

d a m d ı m!
 


***


Biz ki…

Küsmə,
bəri gəl görüm,
Biz ki, dostuq, ay axmaq!
Heç bilmirsən
səninlə
hətta qırğına çıxmaq,
eləsi var onunla
kef çəkməkdən yaxşıdır.
Vallah, qanqaraçılıq
ət tökməkdən yaxşıdır.
 


***


Xəbərdə xəbər

Könlündən bir zad keçir
üz-gözün əzbər bilir,
Üzdə olan söz-sovu
xəbərçi Dilbər bilir.
Sonra o - bu bilirsə
bilir hər bir qurumsaq.
Xəbərdə xəbər də var
hələ sağsan, hələ sağ…
 


***


Parkda

Qrafin, külqabı, başqa bir cisim
onu sirkələyən adi kəlmələr.
Dabrıyır görüşə Qaraca Rasim
yaşıl köynəyində sarı ilmələr.

Yenə hərlənirik bizim parkda,
siqaret, çayxana, vizual Birlər
Mövzu genişlənir… Nyu-Yorkda,
Parisdə səs salan yeni nəşrlər.

Keçilən mərhələ, ötürülən şans,
Əqrəbi geriyə çəkilən saat.
Söhbət içindəki hər yeni nüans
Alatoran üçün yarımfabrikat.

Herisçi Anarla düşünüşürsə,
bu, postmadernizm, özəl dönüşdür.
Güllər iyləşirsə, isinişirsə,
gördüyün erotik bir görünüşdür.

Deyir: qart sözlərlə özünü yorma,
hər sözün önünə neoyapışdır.
Mən baş aparıram: Modern forma
şeirə tikilən təzə papışdır.

Onun sözləridir: Yalnız irəli!
Sözü azad burax! Qafiyə hörmə!
Qəlyan tüstülədir bitli-birəli
qaçqın və çadırda alışan kərmə.

Avanqard, arabesk və antilirik,
gör nə qopardırıq bitəcək gündən.
Gecə birə qalmış çıxa bilirik
Alen Rob Qriyenin Labirintindən.
 


***


Mən

Əzabı mən elə gözəl çəkirəm,
çəkdiyim əzabdan heç kəs usanmır.
Özüm öz başıma sığal çəkirəm,
məndən söz düşəndə söhbət uzanmır.

Dərd məndən əlini büsbütün çəkib,
dərdi sonalayıb, qəmi seçirəm.
Əzabın altından pis tütün çəkib,
üstündən şipşirin su da içirəm.

Ağrıya, əzaba qənim ürəyim,
hamını yatırdıb gecə ağrıyır.
Bircə mən bilirəm mənim ürəyim,
hərdən həzin-həzin necə ağrıyır.

Təmkinim elə tez pozulmaz, atam,
çox da iş pozulur, saç yelən salır.
Xoşbəxt günlərində quduran adam,
dərdə düşən kimi vay-şivən salır.

Başdan eləyirəm, başdan əkirəm,
kim doğan səhərə şükür eləmir.
Əzabı mən elə gözəl çəkirəm,
bir kimsə dərdimdən fikir eləmir.
 


***


Dost kimi

Əşşi, nəyə gərək
hay-küy, təmtəraq.
Süfrədə nə ola,
bir-iki araq,
bir dilim kolbasa,
bir qıça pendir.
Bir az yuxa çörək,
bir əlcə təndir,
bir baş quru soğan
bir dolça saf su.
Ayrı ləzzəti var
bunun doğrusu.
Bir də ki, əlbəttə
könül dostları.
İçək, təzələyək
köhnə tostları.
Məzə qurtararsa,
gözümüz toxdur.
Arağa dost kimi
zakuska yoxdur.

2001
 


***


xxx

Birinci gün –
bir inci gün.
İkinci gün –
iki inci.
Üçüncü gün –
üç inci gün.
Dördüncü gün –
dörd inci.
Beşinci gün –
beş inci gün.
hə, necədir
işin-gücün?!
Ya şənbə, ya
bazar olsun
incin varsa,
bazar olsun!
 


***


Özümüzünkü

Araçı kimdir?
Özümüzünkü!
Qaraçı kimdir?
Özümüzünkü!
Kimdir çuğulçu,
sənin qudandır.
Kimdir oğurçu
sahman adamdır
Kirvəmiz elə,
özümüzünkü.
qonşumuz belə…
Özümüzünkü.
Bicin biridir
xalanəvəsi.
Hərdən adamın
ölür həvəsi.
Əliəyri də
özümüzünkü.
Elə qeyri də
özümüzünkü.
Toyda üz-üzə
nəfəs-nəfəsə…
Vayda üz-üzə
nəfəs-nəfəsə…
Baxıb "Cinayət
Məcəllə"mizə
Sonra düşmüşəm
məhəlləmizə.
Görmüşəm, ay dad,
nə çox yaş iş var.
Hər bəndə uyğun
tanış-biliş var.
Biri vəkildir,
özümüzünkü.
Biri hakimdir
özümüzünkü.
Biri həkimdir,
özümüzünkü.
Biri hər kimdir,
özümüzünkü...

2001
 


***


İstirahətdən qayıdanda…

Mənim gözlərimdə açıldı səhər
ayın üçündə.
Gəlib evimizə çatdıq birtəhər
qan-tər içində.

Dünəndən yoldayıq, təyyarə, qatar…
Qırıldıq-batdıq.
Adam ki, yoruldu evə gec çatar
axır ki çatdıq.

Yuyunduq, qurunduq, bir stəkan çay…
Ev ayrı şeydir.
Divan gəl-gəl deyir, çarpayı lay-lay
əcəb quzeydir.

Gəzdik beş-altı gün, meşə, dağ, bulaq…
yeriniz məlum.
Qoymadı doyunca bir nəfəs alaq
bu vaxt zalım.

Bir oxqay deməyə var imiş ellik
ehtiyacımız.
Çıxdı canımızdan beş-altı illik
ağrı-acımız.

Gələr qonum-qonşu xəbər tutarıq
şəhərimizdən.
Söhbətə bir çimdik duz da qatarıq
səfərimizdən.
 


***


İlham pərisi

Ən qısqanc qadınsan, ilham pərisi,
məni cüt görüncə qaçaq düşürsən.
Ey tərs pərilərin üzübərisi,
düş görüm buluddan haçan düşürsən.

Bilirəm, bilirəm, gülməşəkərim,
Tələbin qətidir: - Ya mən, ya özgə!
Yad səs eşidincə qeyb olan pərim,
bu saat təm-təkəm, təngimə, tez gəl!
 


***


Yaz şöləni

Gör səhər şehində çimən gülləri,
toxtatsın qəlbini sulu mərsinlər.
Boylanır xırdaca çəmən gülləri,
hamısı istəyir səni görsünlər.

Gör yazın al-əlvan naxışlarını,
boylan üfüqlərin al yeləninə.
Günəş tuta bilmir baxışlarını,
sən niyə gəlmirsən yaz şöləninə.

Yupyumşaq havada duyğu bəsləyir,
quşların cəh-cəhi, suyun pıç-pıçı.
Him-cimə fikir ver, bizi səsləyir
çəmənin «gəl-gəl»i, bağın «quc-quc»u.
 


***


Pirquludan dönərkən…

Gəlmişəm baharın tən ortasından…
görmüşəm bildirçin yumurtasından
kəkliyin xınalı izinə qədər –
ot çıxıb quzunun dizinə qədər.
Keçmişəm al-əlvan gül dənizindən,
Öpmüşəm güllərin tül bənizindən.
Gəzməkdən yüngülcə yorulmuşam da,
di gəl ki, dupduru durulmuşam da,
gör nə gətirmişəm, bir zənbil şomu,
bir də sənin üçün bir çiçək gomu.
 


***


Xeyir - dua

Sabahın xeyir, səhərim,
gündüzüm, salam!
Axşamın xeyir, axşamım,
ay qarabalam!
Gecəm,
gecən xeyrə qalsın,
günüm gün olsun,
lay-lay, yuxun şirin olsun,
yuxun çin olsun!
 


***


Qısaca

Uşaqlıqda çox qoyulmuşam
üzü qibləyə
ölməmişəm,
üzüm bərkmiş.
Bəlkə bu ölümdən qorxanlara
görkmüş,
nə bilim.
Amma sonralar
üzünü qibləyə çevirdiklərim
hamısı öldü.
Altı ildə
altı qəbir qazdırdım
qəbristanlıqda.
Altı baş daşı qoydurdum.
Amma nə başımın bəlası azaldı
nə torpağı doydurdum.
İlgəkdən çıxartdım
özünü asmış
bədbəxtimizin ölüsünü.
Dəlixanaya təhvil verdim
nəslimizin dəlisini.
20 yanvar tabutlarını
çiynində aparanlardan
biri də mənəm
hələ də tabut ağırlığı var
çiynimdə
əsgər paltarı da olub əynimdə
bir addımlıqdan gördüm müharibəni
Füzulidə, Ağdamda.
Ölüm məni də qaraladı
yayındım.
Güllə məndən keçib
yamacda çiçəkləri
öldürdü, yaraladı.
88-də «Azadlıq» meydanına
girənlərdənəm,
Müstəqillik gününü görənlərdənəm.
Keçid dövründə yaşamışam,
bilirəm nədir işsizlik,
azğınlıq, qaragüruh,
hakimiyyətdə dişsizlik.
İllərlə çalışdım
böyük idarələrdə
xırda vəzifələrdə.
Nə gördüm?
Nə duydum?
Bizi gözüqıpıq edən bir qaşıq qandır.
İnsanı ha üzünə çevirsən
insandır.
On altı yaşımda
kaskadyorluq edəndə motosikillə
necə sevirdimsə həyatı
indi də sevirəm elə
Bax, belə…
 


***


Müdrik

Nikbin sevinci şişirdir,
bədbin qəmi.
Sevinci meynə kimi,
qəmi öynə kimi.
Sinirə birir
müdrik əmi.
 


***


Könül havası

Min bir zərbə yesəm də, ömür-gün davasında
beynin öz işindədir, könlüm öz havasında.
 


***


Bir variantda

Ona gərək deyil şahid də, and da,
yalanı danışar bir variantda.
 


***


Hər adam…

Peşmansan deyəsən: «Kefin necədir?»
dönüb qırsaqqıza durar qəsdinə.
Nə ki dərd-qəmi var sadalar bir-bir,
ağrı-acısını tökər üstünə.

Bu dünya hamının xətrinə dəyib,
qara ağı sevməz, ağ bulaşmağı.
Halını soranda «Yaxşıyam!» deyib
hər adam bacarmaz yaxşılaşmağı.
 


***


«Karol»

Gəlmişəm Raufun Novxanısına,
burdadır güllərin hakimiyyəti.
Titrədir adamı düymə çiçəklər,
üstəlik bağbanın gül xasiyyəti.

İşindən-gücündən gül iyi gəlir,
tər tökür, gülabdır alnının təri.
İlahi, qorumaq necə çətindir,
bunca zərifləri və zəifləri.

Xəzər sahilində, Xəzri önündə
Gül-çiçək becərmək lopaq deyil ha.
Güllərin libası tüldən də incə,
güllərin tül tacı papaq deyil ha.

Tanıyır əslini, nəcabətini,
o, min bir çiçəyin tərcümanıdır.
Gicitkən qanatmış əlini gördüm,
Raufun qanı da çiçək qanıdır.

Çiçəklər ərköyün balalarıdır,
gündüz verən deyil o, quyruq ələ.
Deyər sözün varsa, qoy şər qarışsın,
gülləri yatırdım, sonra zəng elə.

Dəstgahdır dostumun xaş qonaqlığı,
görürsən qəfildən xaşa çağırır.
Mənim ağzım nədir nəm-nüm eləyəm
Kral dəvət edir, paşa çağırır.

Pulu olmasa da, vecinə deyil,
üzür çarhovuzda pullu balığı.
Var quşbazlığı da, şairliyi də,
sevir yaşıllığı və ucalığı.

Gəlir gül dərən də, çiçək qıran da,
kiminə dərvişdir, kiminə «Karol».
Hərdən bir oturub yuz-yüz vuranda
Deyər bu lələşin Ol: «Karol-var ol!»


2005

 


***


Key

Söz alıb sarsaqlayır, haqsızlığı haqq sayır
bu key həm piyadadır, həm də yaman axsayır.
 


***


Papağında qar

Çöldə qar yağır
uzun-uzadı.
Qardan gələn var-
bizim Rzadı.
Döşünə yatıb
bəyaz möcüzə.
Papğında qar
gətirib bizə.
 


***


Göz dəyəndən sonra

Həkim,
sənin bir xəstən vardı…
Qanışirin bir xəstən.
Sütül bir oğlandı
saçları yaşıl otlar kimi şux,
ucaboy,
ayaqları çıxırdı azacıq
dəmir çarpayının
barmaqlıqları arasından.
Avtoqəzaya düşüb,
iflic olmuşdu tamam,
quru nəfəsdi.
Ancaq ölməli can deyildi.
Onu görüncə kövrəlirdin,
yumşalırdın,
həlak edirdin özünü
Ötürmürdün iynəsinin vaxtını,
ucuz bir güldan qoymuşdun
komodunun üstünə.
Hərdən dərman əvəzi
gül iylədirdin ona,
hərdən onun adından
danışırdın.
Onun yerinə baxırdın
pəncərədən
zeytun ağaclarına.
Onun əvəzinə düşünürdün.

Həkim,
sənin bir xəstən vardı,
səkkiz aylıq xəstən…
O qəzaya düşəndə
qadınların boyuna düşən uşaqlar
bugün-sabah doğulacaqdı.
Sənin xəstənsə
dünyaya gəldiyi doqquz aylıq yolu
doqquz aya da geri dönəcəkdi.

Həkim,
sənin bir xəstən vardı,
Göz dəyəndən sonra
anası gözmuncuğu taxmışdı
oğlunun yaxasına.
Get-gedə dərinləşirdi
yataq yarası,
şlanqla ötürülürdü qidası.

Həkim,
sənin bir xəstən vardı…
Anası nəzir demişdi
Nardaran pirinə.
Amma nə anası,
nə də bir başqası
ölə bilməzdi
onun yerinə.
 


***


Səni danmıram

Nə olsun, biz indi yad adamlarıq,
boynumdan atmıram, sevmişəm səni.
Sənə pıçıldayıb dediklərimi
hələ unutmuram, sevmişəm səni.

Xeyli dəyişmişəm, məni arabir
qəfil kövrələndə görəsən hələ.
Dağlardan, düzlərdən, sulardan keçib
sorağın gələndə görəsən hələ.

Vallah, nə gizlədim, kimisə hərdən
çaşıb çağırmışam sənin adınla.
Uçmaq istəmişəm yanına bəzən
bu sınmış, salıxmış tək qanadımla.

Ömür nə imiş ki, peşimançılıq,
min dəfə peşiman olmuşam azı.
İldə bir ətrini külək gətirsin,
razıyam mən indi ona da, razı.

Haqlısan arxamca nə deyirsən de,
gözümə görünmə, yuxuma girmə.
Bircə təsəllim var, səni danmıram,
səni anmağımı mənə çox görmə.
 


***


Unutma

Qoru yaddaşını, qoru əzizim,
sən mənim sevgimi yadında saxla.
Viranə könlümü, sınıq könlümü,
uçuq bir ev kimi yadında saxla.

Qoy qıvrım saçını yel dağıdınca,
barmağım darayan yatımda qalsın.
Fikirli baxışım, fikirli üzüm,
qəmli şəkil kimi yadında qalsın.

Məni bircə anlıq ansan, bəsimdir,
ona ki vaxt, imkan çatışdırarsan.
Yadından çıxmasın mənim bu sevgim,
başqa sevgilərlə tutuşdurarsan.

Təzə bənzətmə tap mənim sevgimə,
altı cəhət kimi saxla yadında.
Yanmağı, itməyi səni yandıran,
vacib sənəd kimi saxla yadında.

Mənim xatirəmi gizlət hamıdan,
lap göyün yeddinci qatında saxla.
Yadında qalanı vergüllərindən
nöqtələrinəcən yadında saxla.

Hərdən sevilməyin yadına düşsə,
mən sənin yadında yaxşı qalaram.
Mən deyən olmasa, fikrində vur-tut
elə bu payızı, qışı qalaram.
 


***


Zəng

Zəng elədim, xəbər verəm yaşadığımı,
bu günümün həsrətinə başladığımı…
 


***


Gözlədim

Daha nə gizlədim?
məni gözləyənlər bağışlasınlar,
onları gözlədib, səni gözlədim.

Əlimi üzmədim,
kimi gözlədimsə harada, nə vaxt,
həm onu, həm də ki səni gözlədim.

Yoruldum, bezmədim,
uzaq bir şəhərdə bilmirəm niyə,
dayanıb küçədə səni gözlədim.
 


***


Yazdım yaddaşıma

Aradım saytımı, məktubun gəlib,
bir göz qırpımında açıram zərfi.
Görünür o qədər tələsmisən ki,
səhv düşüb adımın sonuncu hərfi.

Baho! Nə fısqırıq kəkilli qızsan,
tanıdım saçında quşüzümünü.
Bu şəklin deyəsən təzə şəkildir,
demək dəyişmisən saç düzümünü.

İçirəm hər sətri, içməlidir də…
Bax belə, belə yaz, aha, yaxşıdır.
Əzizim, əzizim, son məktubunda
Özünüifadə daha yaxşıdır.

Məktubun xoş günə dəvətnamədir,
oxudum, duruldum bu oxunmadan.
Yazdım yaddaşıma bütün məktubu
nöqtə-vergülünə heç toxunmadan.
 


***


Üzülmə!

Mən gedərgəlməzdən qayıda bilsəm,
dur çıx yol üstünə, gedən gələr də…

Mən gedərgəlməzdən dönməyib, ölsəm,
üzülmə birdənəm, adam ölər də…
 


***


xxx

Dayanmışıq,
qızarmışam,
köz kimiyəm.
Sən - şəkil,
mən - şəkilaltı
söz kimiyəm.
 


***


Səs

Ayın bir üzündə sən,
ayın bir üzündə mən,
telefonda həzin səs,
telefonda bizim səs:
- Gecəmiz xeyrə qalsın!
- Gecəmiz şeirə qalsın!

Sənin kölgən bir yana,
mənim kölgəm bir yana.
Telefonda ilıq səs,
məhrəm və xoşqılıq səs:
- Sabahın xeyir olsun!
- Birdənəm deyir… olsun!
 


***


Elə buna görə…

Deyirsən: - Gəz, dolan, rahat, xatircəm,
qoy bilsin dağ-dərə… sevmişəm səni!
Gör mən nə deyirəm: - Ay əziz – bircəm,
elə buna görə sevmişəm səni!

Deyirsən: - Nə qədər bərkə düşmüşük.
demə birdən-birə sevmişəm səni!
Gör mən nə deyirəm: - Birgə düşmüşük,
elə buna görə sevmişəm səni!

Deyirsən: - Vuruldum sənə hər dəfə,
min yerdə min kərə sevmişəm səni!
Gör mən nə deyirəm: - Duydum bir dəfə…
elə buna görə sevmişəm səni!

Deyirsən: - Əlimdə, ovcumda qaldın,
döndün birə, pirə… sevmişəm səni!
Gör mən nə deyirəm: - Sən də sən oldun,
elə buna görə sevmişəm səni!
 


***


Şərt

Biz ki şərtləşmişik, küssək, dalaşsaq,
bir saat keçincə bu, yalan olsun!
Əgər bircə saat bizə əlacsa,
onda bircədənəm, qoy olan olsun!

Bu şərtin üstündə durduq yaxşı, pis,
küsdük, bir saata barışdıq yenə.
Dönük zəmanəyə görk olmuşuq biz,
gülüm, alqış sənə, afərin mənə!
 


***


Acı

Şirnikdim bir xanıma,
xanım şirin çıxmadı.
Yeriklədi qanıma
qanım şirin çıxmadı.

Gül vurdum, zambaqladım,
qan düşdü, qan bağladım,
arı tək şan bağladım,
şanım şirin çıxmadı.

Hələ meydan şərindir,
Əjdər, Allah kərimdir,
deyirlər can şirindir,
canım şirin çıxmadı.

2001
 


***


Dünən, Bugün, Sabah…

Ağlıkəsməz uşaqdım
yaşayırdım sabahla,
dərirdim göy üzündən
ulduzları tabaqla.
İndi yarı yoldayam
yaşayıram bugünlə,
kədərlə, ah-amanla,
sevinclə, toy-düyünlə.
Qocalanda dünəni
anacağam, bilirəm,
elə ona görə də
durub sizə gəlirəm.


2001
 


***


İkili

İkili yaşamaq necə çətindir,
yaxşı ki, təhər var hələ canında.
Bu sənin bölünmüş məhəbbətindir,
biri - ürəyində, biri - yanında.

Ekiz taleyində iki qadın var,
axıb aranızdan keçəcəkmi su?!
Sənin deyilişcə iki adın var,
birini o deyir, o birini bu.

Ev - ayrı, bəxt - şərik, ər - ikisinin,
qoşa öpmək olmaz, ər ki, büt deyil.
Ortaq əzabı var hər ikisinin,
axşam iki deyil, gecə cüt deyil.

Yasəmən gətirir əri birinə,
ər qızılgül alır birindən ötrü.
Qarışıb yaxanda biri-birinə
yasəmən qoxusu, qızılgül ətri.

Bir cüt istəyinə boyun əyirsən,
axırda deşəcək söz ürəyini.
Birinin yanında yemək yeyirsən,
birinin yanında öz ürəyini.

Dadırsan gözünün sirli yaşını,
soyuyur alnında tər gilə-gilə.
Biri ütüləyib əyin-başını,
səni yola salır o birigilə.

İkili yaşamaq necə çətindir,
yaxşı ki, təhər var hələ canında.
Bu sənin bölünmüş məhəbbətindir,
biri - ürəyində, biri - yanında.
 


***


İnansam...

- Mən sussam neynərsən?
- Çətin sualdır,
dayanıb gözümü döyərəm ancaq.
- Desəm bircə söz de,
- Bu ki, vüsaldır,
qışqırıb "Sevirəm" deyərəm ancaq.
- Birdən inanmasam...
- Kişnəyər ürək,
bu sözü başqa bir tonda deyərəm.
Bəs sən neynəyərsən?
- Yaxşı, de görək,
İnansam, cavabı onda deyərəm.

2001
 


***


Hamısı boş şeymiş…

Sənin ucbatından soyuqladım da,
tanınmaz halım da arada oldu.
Yuxuda adını sayıqladım da,
qanım it qanından qara da oldu.

Sənin ucbatından maşını əzdim,
sənin ucbatından axsadım işdə.
Hamısı boş şeymiş…
Yaxşı ki, dözdüm,
çıxdı ağrım-acım bircə görüşdə.

2001
 


***


Sevən ki, eşqi yolunda

ölmürsə, neynirsən onu?!
Gedib o dünyanı görüb
gəlmirsə, neynirsən onu?!

Ürəyimi al əlinə,
qoy düşməsin kal əlinə,
toxunanda gül əlinə,
bilmirsə, neynirsən onu?!

Düşsən şərə, qalmaqala,
xəbər göndər Əjdər Ola,
Əjdər gərək Əjdər ola,
olmursa, neynirsən onu?!


***


Kuklaların evi

Qapıdan girirəm
qarşılayır kuklalar.
Çənəmin altını kəsdirir
pambıq ayılar.
Gəlinciklər asılıb divardan
üzlərində təbəssüm
demək xoş gəlmişəm.
Pələnglər,
meymunlar,
pişiklər,
iki zürafə,
bir fil
çəlimsiz üç keçi
tanımadığım heyvanlar da var
nə qədər quşlar
hövsələ gərəkdir sayasan.
Bu mənzil kuklalara verilib
yəqin evin orderi
bir gəlinciyin adınadır.
Ya da zəbt edib kuklalar
bu mənzili.
Kuklaları
danışdır danışsınlar,
güldür gülsünlər,
ağlat ağlasınlar
banlat banlasınlar
böyürəni də tapılar,
mələyəni də
var şıltaqlıq eləyəni də…
Baş-başadır
kuklaların
qocası,
gənci,
körpəsi,
təzəsi,
köhnəsi.
Bəzisi evin nənəsindən qalıb
bəzisi anasından,
indi evin nəvəsidir
kuklaların nəslini artıran,
kuklalara baxan.
Kuklapərəst,
kukla kimi bir qızdır o,
yamsılayır kuklaları
ham-ham,
ü-ü-ü-ü,
vız-vız,
miyo-miyo…


***


Çıqqan

- Dilin dolaşmasın,
az belə hıqqan!
- Sənə qurban olum?
- Ol, amma çıqqan.
- Qoy bir az çox olum.
- Dedim: Yox, çıqqan!
- Çox de, inciyərəm!
- Yaxşı, çox çıqqan.
 


***


Cavab

Deyirsən: - Sirrimi hamıdan gizlə!
- Gizləyirəm də…
Deyirsən: - Bir az da, bir az da gözlə!
- Gözləyirəm də…
 


***


***

- Ölərəm səninçün!
- Yaşa mənimçün!
 


***


Qısaca

Uşaqlıqda çox qoyulmuşam
üzü qibləyə
ölməmişəm,
üzüm bərkmiş.
Bəlkə bu ölümdən qorxanlara
görkmüş,
nə bilim.
Amma sonralar
üzünü qibləyə çevirdiklərim
hamısı öldü.
Altı ildə
altı qəbir qazdırdım
qəbristanlıqda.
Altı baş daşı qoydurdum.
Amma nə başımın bəlası azaldı
nə torpağı doydurdum.
İlgəkdən çıxartdım
özünü asmış
bədbəxtimizin ölüsünü.
Dəlixanaya təhvil verdim
nəslimizin dəlisini.
20 yanvar tabutlarını
çiynində aparanlardan
biri də mənəm
hələ də tabut ağırlığı var
çiynimdə
əsgər paltarı da olub əynimdə
bir addımlıqdan gördüm müharibəni
Füzulidə, Ağdamda.
Ölüm məni də qaraladı
yayındım.
Güllə məndən keçib
yamacda çiçəkləri
öldürdü, yaraladı.
88-də «Azadlıq» meydanına
girənlərdənəm,
Müstəqillik gününü görənlərdənəm.
Keçid dövründə yaşamışam,
bilirəm nədir işsizlik,
azğınlıq, qaragüruh,
hakimiyyətdə dişsizlik.
İllərlə çalışdım
böyük idarələrdə
xırda vəzifələrdə.
Nə gördüm?
Nə duydum?
Bizi gözüqıpıq edən bir qaşıq qandır.
İnsanı ha üzünə çevirsən
insandır.
On altı yaşımda
kaskadyorluq edəndə motosikillə
necə sevirdimsə həyatı
indi də sevirəm elə
Bax, belə…
 


***


Biz ki…

Küsmə,
bəri gəl görüm,
biz ki, dostuq, ay axmaq!
Heç bilmirsən
səninlə
hətta qırğına çıxmaq,
eləsi var onunla
kef çəkməkdən yaxşıdır.
Vallah, qanqaraçılıq
ət tökməkdən yaxşıdır.