Ana Sehife Secilmislere elave et E-mail

© 2007 Bütün
 hüquqlar qorunur


ejderol@rambler.ru


Saytın yaradılması və dəstəyi: «AzeriArt.Net ™» studiyası

Powered by Retro SaytAzeriArt.Net ™



PYESLƏR


YAD QADININ MƏKTUBU

(S.Sveyqin eyni adlı hekayəsinin motivləri əsasında lirik dram).

İştirakçılar:
Qadın
Kişi
Xidmətçi
 

I hissə


Bütün ətrafı pilləkənli məkan. Orta yaşlı bir kişi peyda olur. Əlində çoxlu qəzet var. İşığı yandırıb qəzetləri stolun üstünə atır. Pencəyini çıxarır. Bardan şərab şüşəsi götürüb qədəhə şərab süzür, içir və kresloda oturur. Tənbəl-tənbəl qəzetləri vərəqləyir.

KİŞİ: Sən demə, bu gün mənim qırx bir yaşım tamam olurmuş?! Bu isə
məni nə sevindirir, nə də məyus edir (qəzeti kənara tullayır. İri bir zərfi götürür). Qəribədir… Göndərənin ünvanı yoxdur. (zərfi açır, maraqla məktubun vərəqlərini sayır) 24 vərəqdir.
(oxuyur) «Sənə yazıram, ey məni tanımayan şəxs, sənə»! Görəsən bunlar mənə aiddir, ya uydurulmuş hər hansı başqa bir adama?

(Xidmətçi gəlir. Məcməyidə gətirdiyi qəhvəni stolun üstünə qoyur).

XİDMƏTÇİ: Evdə olmadığınız vaxt iki qadın gəlib, bir neçə dəfə də
telefon zəngi olub… (kağızdan oxumaq istəyir.) E…

KİŞİ: Sonra… (məktuba baxır, əliylə işarə edir ki, xidmətçi çıxsın.

Xidmətçi çıxır. Kişi qəhvədən bir qurtum içir. Məktubu oxuyur).

Dünən uşağım öldü. Üç gün, üç gecə bu kiçik, zərif həyatı xilas etmək üçün ölümlə mübarizə apardım…

(İşıqlar dəyişir. Orta yaşlı bir qadın pilləkənlərin üstündə büzüşüb oturub).

QADIN: Dünən uşağım öldü – Üç gün, üç gecə bu kiçik, zərif həyatı xilas etmək üçün ölümlə mübarizə apardım, onun bədəni od içində yanırdı. Qırx saat uşağın başı üstündə keşik çəkdim. Hərarətdən alışıb-yanan alnına buz qoydum, gecə-gündüz dinclik bilməyən narahat, kiçik əllərini ovcumda saxladım. Üçüncü günün axşamı qüvvəm tükəndi. Gözlərim tab gətirməyib, özüm də bilmədən yumuldu. Bərk divanın üstündə üç-dörd saat elə oturduğum yerdə mürgülədim və bu zaman fürsət tapan amansız ölüm oğlumu əlimdən aldı…
İndi mənim həyatımda olanım təkcə sənsən, təkcə sən, haqqımda heç nə bilməyən, mən burada dərddən üzülərkən hər şeydən xəbərsiz halda eyş-işrətlə məşğul olan, əşyalarla və insanlarla eyni cür davranan bir şəxs. Mənə həyan yalnız sənsən, ey məni heç vaxt tanımayan və daima sevdiyim insan, sən! Mən təkcə sənə müraciət etmək, hər sirrimi sənə açmaq istəyirəm. Həmişə sənin olmuş, lakin xəbər tutmadığın həyatımı indi tamamilə öyrənməli, bilməlisən. Deyəcəklərimin hamısına inan, mən səndən yalnız bunu xahiş edirəm. Adam yeganə övladının yası içində yalan danışa bilməz.
Sən biz yaşayan evə köçəndə 13 yaşında idim. Əvvəlcə gəlib yaşayacağın yerə baxdın. Həmin axşam sən fikrimdən çıxmırdın, hələ tanımaya-tanımaya sənin haqqında xəyala qapılmışdım. Ertəsi gün köçüb gəldin, lakin iki gün gözdən itdin, nə qədər göz gəzdirdimsə də, səni görə bilmədim, bu isə marağımı daha da artırdı. Nəhayət, üçüncü gün səni gördüm və uşaq xəyalımın uydurduğu bütlə heç bir əlaqən olmadığını, tamamilə başqa adam olduğunu anlayınca heyrətdən necə də sarsıldım. Sən mənim kimi, kiçik bir uşaq üçün neçə qəribə bir məxluq, necə ecaskar, sirli bir tapmaca olmuşdun. Axı kitablar yazdığına, mənə tanış olmayan başqa bir aləmdə məhşur olduğuna görə bütün insanların hörmət və ehtiram göstərdiyi bir şəxsi birdən-birə gənc, biçimli, uşaq kimi oynaq, iyirmi beş yaşında bir adam kimi görürdüm. Elə həmin vaxtdan səni sevdim. Bilirəm, qadınlar sənə, ərköyün gəncə bu sözləri çox tez-tez demişlər. Lakin inandırıram ki, səni heç kim, sənə bağlanmış və ömürlük öz eşqinə sadiq qalan bu məxluq qədər mütiliklə və fədakarlıqla sevməmişdir. Çünki yer üzündə heç nə qapalı həyat sürən bir uşağın pünhan məhəbbətilə müqayisə edilə bilməz. Axı bu məhəbbət elə ümidsiz, elə mağmın, elə itaətkar və elə coşğundu ki, heç bir qeyri-iradi, lakin qarşılıqlı sevgi tələb edən qadın məhəbbəti belə ola bilməz. Mən artıq dözə bilməyib, bir gün sənin yazdığın kitablardan birini götürüb sənə yaxınlaşdım.

İşıqlar dəyişir. Qadın əlində kitab kişinin qarşısına çıxır.

QADIN: (titrək halda) Salam!
KİŞİ: (etinasız) Salam, qızcığaz! (qızın saçını sığallayır) Nə qəşəng hörüklərin var, yəqin anan hörüb?
QADIN: Uşaq deyiləm ki… Özüm hörmüşəm.
KİŞİ: (zarafata keçir) Oho! Bağışlayın, xanım qız, xətrinizə dəydim.
Bəlkə, tanış olaq?
QADIN: Mən sizi…
KİŞİ: Demək istəyirsiniz ki, məni tanıyırsınız? (gülür) ha…ha…ha.(əda
ilə) Əlbəttə, mən məhşuram! Bəs sizin adınız nədir?
QADIN: Mənim adım…
KİŞİ: Tutaq ki, sizin adınız Luizadır.
QADIN: (sevincək) Qoyun siz deyən olsun. Bu ad mənim çox xoşuma
gəlir. Sizin «Etiraf» adlı romanınızın qəhrəmanı da Luizadır.
KİŞİ: Belə de…
QADIN: Mən sizin kitablarınızı oxumuşam. Şeirlərinizdən çoxunu əzbər bilirəm.
KİŞİ: Maraqlıdır…
QADIN: İstəyirsiniz bir şeirinizi əzbərdən deyim?
KİŞİ: Özünüzə görə deyilsiniz, xanım qız!
QADIN: (farağat vəziyyətdə)
Daha nə gizlədim?
Məni gözləyənlər bağışlasınlar,
onları gözlədib, səni gözlədim.
Əlimi üzmədim.
Kimi gözlədimsə harada, nə vaxt
həm onu, həm də ki, səni gözlədim.

Yoruldum, bezmədim.
Uzaq bir şəhərdə bilmirəm niyə,
dayanıb küçədə səni gözlədim.

KİŞİ: (təəccüblə) Məgər bu şeir mənimdir?
QADIN: Əlbəttə!
KİŞİ: Xatırlamıram.
QADIN: Gözlədiyiniz qadın yadınızda deyil?
KİŞİ: Sən yasda olanda mən rastıma çıxacaq bir mələyi gözləyirdim.
İnanırdım ki, o, dünyanın ən gözəl, ən təmiz məxluqudur.
QADIN: O mələyə rast gəldiniz?
KİŞİ: Rastıma çıxan qızların çoxusunu əvvəlcə o mələyə oxşatmışam.
Vurulduqlarım da olub. Sonra görmüşəm ki, heç biri o deyil.
QADIN: Onu gözləyirsiniz?
KİŞİ: İndi o mələyin üzünün cizgiləri yadımdan çıxıb.
QADIN: Bu yaxınlarda sizin qəzetdə sevgi haqda çox təsirli bir hekayənizi oxudum.
KİŞİ: (zarafatla) İlk sevgi öpüşlərinin dadı damağımdan getməyib. Hələlik, xanım qız! (getmək istəyir)
QADIN: (sadəlövhcəsinə) Siz görüşə tələsirsiniz?
KİŞİ: (onun sadəlövhlüyünə gülür və yenə qızın saçını sığallayır) Kim istəyirsə, özü mənə baş çəkir.
QADIN: (kitabı ona uzadaraq) Xahiş edirəm bu kitaba avtoqraf yazın.
KİŞİ: (kitaba avtoqraf yaza-yaza) Təsəvvür edin ki, bu kitabdakı sevgi şeirlərinin hamısını sizə ithaf etmişəm (gedir).
QADIN: Ah, necə də xoşbəxtəm…

İşıqlar dəyişir. Qadın kişinin yazdığı avtoqrafı oxuyur.

QADIN: Mənim gənc pərəstişkarıma...
On yaşımdan on altı yaşıma qədər ömrümün hər saatı ancaq səninlə bağlı olmuş, bu saatları vüsal ümidi ilə yaşamışam… Necə axmaq hərəkətlər etmişəm! Əlin toxunan qapının dəstəyini öpüşlərə qərq etmiş, giriş qapısında yerə atdığın siqar kötüklərini oğurlamışam, bəli, onlar mənim üçün müqəddəs idi, çünki sənin dodaqlarına toxunmuşdular… Və günlərin bir günü anam dedi ki, biz İnsburqa köçəcəyik. Atalığımın orada böyük malikanəsi var. Daha heç nə eşitmədim. Gözlərimə qaranlıq çökdü… Və səndən ayrıldım… Mən o zamanlar yalnız sənin xəyalınla yaşayırdım. Nəhayət atalığımdan və anamdan ayrılıb vətənə döndüm. Səni tapdım… Bir həftədən sonra səninlə üz-üzə gəldim.

Restoranda bir künc. Kişi ilə qadın yemək yeyirlər. Kişi qədəhlərə şərab süzür.

KİŞİ: Heç tanış olmadıq?! Mənim adım…
QADIN: Mən sizi tanıyıram!
KİŞİ: Məhşur olsaydınız mən də sizi tanıyardım.
QADIN: Mən özümü təqdim etməli olacağam. Mənim adım…
KİŞİ: Tutaq ki adınız Luizadır.
QADIN: (gülümsəyir). Siz belə istəyirsinizsə, mən oldum Luiza.
KİŞİ: Bəri başdan sizi arxayın edirəm: Mənə qonaq olan qadınların heç birinə borclu qalmıram.
QADIN: Mən sizdən heç nə ummuram. Sizinlə üz-üzə, nəfəs-nəfəsə olmağı çoxdan arzulayırdım.
KİŞİ: (onu ələ salır) Oho…
QADIN: (başını aşağı salıb susur) İnanın ki…
KİŞİ: (gülür) Sizin sağlığınıza! (badəsini qadının badəsinə vurur, başına çəkir).
QADIN: (məmnun halda) Təşəkkür edirəm! (badəni dodaqlarına toxundurub yerə qoyur).
KİŞİ: Bayaq məni görən anda diksindiniz. Elə bil yolumu gözləyirdiniz.
QADIN: Düzünü desəm…
KİŞİ: Görünür baxışlarımız toqquşan anda biri-birimizi düzgün başa düşdük.
QADIN: Sizin baxışlarınız…
KİŞİ: (gülür) ha…ha… Ovsunludur. Bunu mənə çoxları deyib.
QADIN: Mən sizə etiraz edə bilməzdim…
KİŞİ: Bəlkə rəqs edək? (Ayağa durur)
QADIN: (sevincək ayağa qalxır) Böyük məmnuniyyətlə!

Həzin müsiqi çalınır. Onlar rəqs edirlər. Getdikcə musiqinin səsi azalır, lakin rəqs davam edir.

KİŞİ: Siz məlahətlisiniz!
QADIN: Əgər sizi cəlb edə bilmişəmsə, çox xoşbəxtəm.
KİŞİ: Gizlətmirəm, mən zərif qadınları sevirəm! Həm də onlara can atıram!
QADIN: O zərif qadınlar sizin sevginizi duya bilirmi?
KİŞİ: (tərəddüdlə, eqoistcəsinə çiyinlərini çəkir) Bu haqda düşünərəm.
QADIN: Mən sizi yaxından tanımaq istərdim.
KİŞİ: Bundan ötrü çox vaxt itirməli olardınız.
QADIN: Peşiman olmazdım.
KİŞİ: Sizə bir əhvalat danışım: Dörd-beş il bundan əvvəl Egey dənizi sahilindəki kiçik qəsəbədə iki həftə qalası oldum. Bu, balıqçılar qəsəbəsi idi. Balıqçıların həyatını öyrənmək istəyirdim. Hərdənbir gəlmə adam görən sakinlər yazıçı olduğumu bilib yaşadığım komaya gəlib-getməyə başladılar. Heç kəsin xətrinə dəymirdim. Geniş tərcümeyi-halımı danışırdım. Gələnlərin get-gedə artdığını görüb keçmişim haqda kəsə danışığa keçdim. Gördüm özüm barədə təkrar-təkrar danışmaq məni bezdirir, təzə ifadə forması tapmağa məcbur oldum. Tərcümeyi- halımı aydın və iri hərflərlə böyük bir kağıza yazıb otağın divarına yapışdırdım. Beləliklə, işim yüngülləşdi. Hər gələnə divardakı tərcümeyi-halımı oxutdurub, öz həyatından danışmasını xahiş edirdim.

Rəqs bitir, musiqinin səsi kəsilir.

QADIN: Balıqçı qəsəbəsindən ayrılanda tərcümeyi-halınız yazılan kağızı divardan qoparıb özünüzlə götürdünüzmü?
KİŞİ: Bağışlayın, tərcümeyi-halım yazılmış kağızı indi sizə verə bilməyəcəyəm. Onu elə oradaca cırıb atdım.
QADIN: Niyə?
KİŞİ: Çünki o, mənim ictimai tərcümeyi-halım idi. Bütöv tərcümeyi-halım isə uzundur, çox uzun. Hərdən bir kənara çəkilib bütün həyatımı ardıcıllıqla və bütün incəliklərinə qədər xatırlamaq istəyirəm. Ancaq mümkün olmur.
QADIN: Macal tapmırsınız?
KİŞİ: Təəssüf ki, elədir (şərab içir).
QADIN: Bəs həyatınızdakı adamları unutmaqdan qorxmursunuz?
KİŞİ: Xanım biz bura əylənməyə gəlmişik, gəlin əylənək! (qışqırır) Musiqi!

Yeyin musiqi çalınır. Kişi təkcə rəqs edir, özü-özünə əl çalır, gülür və qadını şövqə gətirmək istəyir. Qadın heyran-heyran ona baxır. Sonra musiqinin səsi kəsilir. (onlar əyləşirlər)Kişi yenidən özünə şərab süzüb içir.

QADIN: Siz gözəl rəqs edirsiniz.
KİŞİ: (zarafatla) Xahiş edirəm mənə vurulmayın!
QADIN: (həyacanla) Mən sizi çoxdan…
KİŞİ: (onun sözünü kəsir) Sevirsiniz. Ha… ha… ha… (gülür). Kişini ehtirasa gətirməkdə ustasınız.
QADIN: Birinci adamsınız ki, sizə könlümü açıram.
KİŞİ: Sizin zarafacıllığınız da varmış. Restoran qarşısında gözləyib ilk dəfə könlünüzü açmağa adam axtarırmışsınız.
QADIN: Mən sizin hər axşam «Astoriya» restoranına gəldiyinizi bildiyim üçün burada gözləyirdim.
KİŞİ: Hələki, çaşmırsınız. Dedikləriniz ağlabatandır.
QADIN: Mən sizi nəyəsə inandırmağa çalışmıram.
KİŞİ: (qədəhini doldurur və içir) Söz verirəm ki, bu gecə yalanınızı çıxartmayacağam.
QADIN: Sizin eyhamlı sözləriniz məni qətiyyən incitmir. Əksinə, indi özümü xoşbəxt sayıram.
KİŞİ: (siqar yandırıb tüstülədir) Siz hər gecə belə xoşbəxt olursunuz?
QADIN: Hə, bir nəfərin xəyalı ilə hər gecə qanad açıb uçuram.
KİŞİ: Deməli indi mənim yanımda başqasını düşünürsünüz.
«İkili yaşamaq necə çətindir,
yaxşı ki, təhər var hələ canında.
Bu sənin bölünmüş məhəbbətindir,
biri - ürəyində, biri - yanında.

Ekiz taleyində iki qadın var,
axıb aranızdan keçəcəkmi su?!
Sənin deyilişcə iki adın var,
birini o deyir, o birini bu.

Ev - ayrı, bəxt - şərik, ər - ikisinin,
qoşa öpmək olmaz, ər ki, büt deyil.
Ortaq əzabı var hər ikisinin,
axşam iki deyil, gecə cüt deyil.

Yasəmən gətirir əri birinə,
ər qızılgül alır birindən ötrü.
Qarışıb yaxanda biri-birinə
yasəmən qoxusu, qızılgül ətri.

Bir cüt istəyinə boyun əyirsən,
axırda deşəcək söz ürəyini.
Birinin yanında yemək yeyirsən,
birinin yanında öz ürəyini.

Dadırsan gözünün sirli yaşını,
soyuyur alnında tər gilə-gilə.
Biri ütüləyib əyin-başını,
səni yola salır o birigilə.

İkili yaşamaq necə çətindir,
yaxşı ki, təhər var hələ canında.
Bu sənin bölünmüş məhəbbətindir,
biri - ürəyində, biri - yanında.»
.
QADIN: Siz mənə elə vəziyyətdə rast gəlmisiniz ki, mən həqiqəti axıra qədər deyə bilməyəcəyəm.
KİŞİ: Siz heç nə yemədiniz. Bu yeməkdən xoşunuz gəlmirsə, əlavə bir şey sifariş edə bilərik. (o, öz qədəhini şərabla doldurur).
QADIN: Yox, yox, lazım deyil! Mən bu şirəni içsəm bəsimdir (iri qədəhdəki şirədən bir-iki qurtum içir).
KİŞİ: (hiss olunur ki, artıq sərxoşdur. O, özünə şərab süzə-süzə) Heç şərab da içmirsiniz? (şərab içir).
QADIN: Mən içməmiş məst olmuşam.
KİŞİ: (çılqın halda ayağa durur) Əla! Siz əla kampanyonsunuz! (qadının saçlarından öpür, lakin sərxoş olduğu üçün müvazinətini saxlaya bilməyib səntirləyir. Qadın onun qoluna girib yerində oturdur. Kişi başını stola qoyub yatır).
QADIN: İlahi, mən indi necə də xoşbəxtəm! Çoxdan gözlədiyim saat gəlib çatmışdır. Həsrətində olduğum insana, sevgimə qovuşmuşam (arxa tərəfdən əllərini kişinin çiyninə qoyur) Ah, mənim əzizim, mən həmişə bu görüşü arzulamışam, yuxularımda görmüşəm. İnsburqda olduğum iki ildə fikrim-zikrim sənin yanında olub. Anam bütün arzularımı yerinə yetirməyə çalışırdı. Ailəmizə yaxın olan cavan oğlanlar yan-yörəmdə fırfıra kimi fırlanıb qılığıma girmək istəyirdilər, lakin həyatımı dəyişdirəcək bütün cəhdləri inadkarlıqla rədd edirdm. Səndən uzaqda rahat, qayğısız ömür sürmək istəmirdim. Atalığımın mənə aldığı bərli-bəzəkli paltarları geymir, konsert və teatrlara getməkdən, səyahətlərə çıxmaqdan yayınırdım, hətta dalana da ayaq basmırdım. İnana bilərsənmi, əzizim, iki il yaşadığım İnsburqun cəmi on küçəsinə bələd deyildim. Xəyala dalıb düşündükcə düşünmək istəyirdim, səni görmədiyim üçün özümə rəva bildiyim hər məhrumiyyətdən hədsiz dərəcədə zövq alırdım. Səninlə bağlı xatirələri, hər bir təsadüfü görüşü, hər dəfə səni gözlədiyimi göz önünə gətirməkdən, bu kiçik səhnələri teatrdakı kimi canlandırmaqdan savayı heç nə etmirdim. Yazdığın kitabların hamısını almışdım, adına qəzetlərdə rast gəldiyim gün mənə bayram idi. İnanırsanmı, kitablarını çox oxuduğumdan onların hər bir sətri əzbərimdir. İndi də varlığıma hakim kəsilən bir amal var: özümü sənə bağışlamaq, sənə qurban vermək! Bura, Vyanaya qayıdana qədər canımı dişimə tutub anamdan, atalığımdan, tanış-bilişdən sirlərimi gizlətdim.
Əzizim, özüm səni axtarıb tapmışam, sən təsadüfən mənə rast gəlməmisən. Cəsarətimi toplayıb bir gecə qadını kimi olsa da, sənin diqqətini cəlb edə bildim. Kaş biləydin ki, sənin quru nəfəsini eşitmək belə mənə həyat bağışlayır. Axı, mən nə edim ki, səni hamıdan artıq, dəlicəsinə sevdiyimi duyasan…
KİŞİ: (stoldan başını qaldırır) Artıq gecdir, tərpənək! (ayağa durur) Çox tələsmirsiniz ki?!
QADIN: (tezcə) Yox, vaxtım var.
(Pauza)
KİŞİ: Gecəni mənimlə keçirə bilərsiniz?
QADIN: Məmnuniyyətlə…
KİŞİ: Məmnuniyyətlə? Onda gedək!
QADIN: Siz… siz məni məhəbbət düşkünü, yaxud əxlaqsız saymayın. Mən sadəcə… mən sadəcə…
KİŞİ: Başa düşürəm.
QADIN: (kənara) Yox… Mən sirrimi sizə açmaqdansa, ağılsız görünsəm yaxşıdır.

İşıqlar dəyişir. Kişinin mənzili. Qadın xalça üstündə uzanıb.

QADIN: Bütün gecəni yanında qaldım. Əvvəllərdə mənə kişi əli dəymədiyini, heç kəsin bədənimə toxunmadığını, heç kimin onu görmədiyini duymadın. Sən bunu necə anlaya bilərdin əzizim, axı mən sənə heç bir müqavimət göstərmir, baş qaldıran həya hissini boğurdum ki, səni dəhşətə gətirə biləcək məhəbbətimin sirrini duymayasan. Çünki, axı, sən yalnız və yalnız qayğısız, oynaq, ötəri hissləri sevir, özünü bir taleyə bağlamaqdan, onunla qaynayıb qarışmaqdan çəkinirsən. İndi bakirə qız olduğum halda özümü sənə təslim etdiyimi söyləsəm, yalvarıram, məni səhv başa düşmə, axı mən səni günahlandırmıram. Sən məni tora salmamış, məni aldatmamış, qəsdən ləkələməmisən. Mən, bəli, mən özüm sənə meyl etmiş, özümü sənin ağuşuna atmış, öz taleyimə doğru yürümüşəm. Heç zaman, heç vaxt səni günahlandırmayacaq, yalnız minnətdar olacağam, çünki bu gecə mənim üçün ən fərəhli, ən zəngin, ən parlaq, ən xoşbəxt bir gecə idi.

(Kişi peyda olur. Əlində bir neçə dənə ağ gül var).

KİŞİ: Sabah da görüşə bilərikmi?!
QADIN: (sevincək) Bəli.
KİŞİ: Özünüzlə bu gülləri götürün.
QADIN: Hələlik!

İşıqlar dəyişir.

Qadın (yanan fənərin yanındakı skamyada oturub). Biz səninlə cəmi üç dəfə görüşdük. Sonra sən öz dediyinə görə iki aylıq səfərə çıxdın.Keçən iki ay ərzində hər gün səndən məktub gəlib-gəlmədiyini soruşdum… yox, bir də o iztirabın, o şübhələrin cəhənnəm əzabını sənə təsvir etməyin nə xeyri var?! Mən səni təqsirləndirmirəm, səni necə varsan eləcə də sevirəm – odlu-alovlu, dönük, fədakar və vəfasız…
Sən artıq çoxdan qayıtmışdın, bunu sənin işıq gələn pəncərələrindən görürdüm. Ancaq mənə yazılmış bircə məktubun da yox idi. Mən arzuları puç olmuş adamlar kimi xeyli gözlədim. Lakin sən məni çağırmadın, bircə cümlə də olsa yazmadın… Heç bircə cümlə də…

İşıqlar sönür
 


***


II hissə
 

Yenə həmin məkan. Axşamdır. Qadın tək oturub.

QADIN: Uşağımız dünən öldü... – sən onu tanımırdın. Heç bir zaman, hətta təsadüf nəticəsində yanından ötərkən də baxışların bu gül kimi açılmaqda olan kiçik məxluqa – öz övladına baxmadın, sən onu görmədin. Uşaq olandan sonra bir müddət səndən gizləndim, həsrətin əvvəlki qədər ağır deyildi. Özümü səninlə onun arasında bölmək istəmirdim. Odur ki, həyatımı sənə, xoşbəxt ömür sürən, məndən yan ötən bir insana deyil, mənə ehtiyacı olan, yedirməli olduğum, öpüb bağrıma basa bildiyim uşağa həsr etdim. Zahirən sənə oxşar, əslində isə mənim olan uşağın dünyaya gəlməsilə sanki səni sevməyə məhkum edən taledən xilas edildim. Yalnız nadir hallarda hisslərim məni itaətkarlıqla sənin evinə sürükləyirdi. Mən yalnız bir şey edirdim: ad günündə həmişə sənə ilk məhəbbət gecəmizdən sonra mənə bağışladığın güllərə bənzər ağ gül dəstəsi göndərirdim. Bu keçən on-on bir il ərzində bircə dəfə də olsun özündən sual etmisənmi ki, bu gülləri kim göndərib? Bilmirəm və cavabını öyrənməyəcəm də. (oğlunun şəklini əlinə götürür). Sən onu, öz övladını tanımadın, uşağımızı səndən gizli saxladığım üçün bu gün özümü ittiham edirəm, çünki sən onu sevə bilərdin. Ah, o, elə gülərüz, elə sevimli idi ki… sən həyatla oynadığın kimi o da saatlarla hər şeyi unudaraq cürbəcür oyuncaqlarla oynayır və sonra eynilə sənin kimi qaşlarını çatıb dururdu. Böyüdükcə sənə daha çox oxşayırdı; səndə olan ikili xasiyyət onda özünü biruzə verirdi. Sənə oxşadıqca onu daha artıq sevirdim. Məktəbdə yaxşı oxuyur, fransızca bala sağsağan kimi qığıldayırdı: o, sinfin gözü idi. Hələ sən onu qara məxmər paltarında, yaxud ağ dənizçi gödəkçəsində görəydin…
Harada olur olsun, ən gözəgəlim uşaq idi; Parkda gəzintiyə çıxanda qadınlar bir anlığa ayaq saxlayıb onun uzun sarışın saçlarını sığallayırdı. Keçən il internata daxil olarkən XVIII əsrdə yaşamış pajlar kimi xususi geyimdə və şpaqada ön sırada dayananda hamı ona heyran olmuşdu. (qadın uşağın şəklini yerinə qoyur, işıq zəifləyir).
Sual edə bilərsən ki, mən uşağı necə firavan böyüdürdüm və hansı yolla onu ağ günə, kübar ailələrinə məxsus qayğısız həyata çıxara bilmişdim. Sevgilim, sənə qaranlıqdan müraciət edirəm; odur ki, utanmır, hər şeyi açıb demək istəyirəm. Mən özümü satırdım! Düzdür, küçə qadınlarından deyildim, amma özümü satırdım. Varlı pərəstişkarlarım, dövlətli məsuqlarım vardı. Əvvəlcə, mən onları axtarırdım, sonra onlar mənim sorağıma düşdülər, çünki mən çox gözəl idim. Özümü təslim etdiyim hər kəs mənə bağlanır, məni sevirdi, yalnız səndən, təkcə səndən başqa, əzizim!
Doğum klinikasında yoxsulluğun bütün dəhşətlərini öz üzərimdə duymuşdum. Heç bir vəcdlə sənin övladının, gül kimi yaraşıqlı balanın qaranlıq mənzillərin üfunətli havasında böyüməsinə razı ola bilmirdim. Onun zərif dodaqlarından küçə sözləri çıxmamalı, pambıq kimi ağ və yumşaq bədəninə yoxsulluğun cod, bədəni dalayan paltarı toxunmamalı idi. Sənin övladın varlı, firavan yaşamalı, yer üzünün bütün nemətlərindən dadıb zövq almalı, sənin həyat səviyyənə qalxmalı idi.
Bax, buna görə, yalnız bu səbəbdən mən öz namusumu satmışam, əzizim! Yaşlı dul bir qraf üç-dörd dəfə ona ərə getməyimi təklif etdi. Hər dəfə etiraz etmişəm. Əgər ona getsəydim, indi qraf arvadı kimi qayğısız ömür sürərdim. Bəlkə də ağılsızlıq etmişəm. Amma nə gizlədim, əl-qolumu bağlamaq istəmir, daim sənin üçün asudə olmaq niyyətilə yaşayırdım. Haradasa qəlbimin lap dərinliklərində hələ də belə bir uşaq xülyası gizlənirdi ki, bəlkə sən bir daha, bircə saatlıq olsa da, məni öz yanına çağıracaqsan.
Bir dəfə evinin ətrafında dolaşdığım vaxt xidmətçi məni görüb sənin mənzilinə dəvət etdi.

İşıqlar dəyişir.

Xidmətçi qadınla daxil olur.

XİDMƏTÇİ: (qadına) Gəlin içəri, xanım, gəlin içəri!

Qadın xidmətçinin ardınca daxil olur. Xidmətçi əlindəki bazarlıq zənbilini bir tərəfə qoyur.

QADIN: Təşəkkür edirəm!
XİDMƏTÇİ: Mən sizi uzaqdan görən kimi tanıdım. Xeyli dəyişmişsiniz amma, sizi tanımaq elə də çətin deyil.
QADIN: Çox sağ olun! (heyranlıqla ətrafa baxır).
XİDMƏTÇİ: Ağam son zamanlar mənzilinə əl gəzdirib.
QADIN: Hə, bu divan, şkaflar təzədir.
XİDMƏTÇİ: Yadınızdadırmı, bir dəfə otaqlarda yır-yığış edəndə çölə çıxarıb havaya verdiyim iri xalçanı içəri gətirməkdə mənə kömək etdiniz.
QADIN: (şövqlə) Yadımdadır.
XİDMƏTÇİ: Onda siz yeniyetmə idiniz.
QADIN: Ağanız hələ səfərdən qayıtmayıb?
XİDMƏTÇİ: Eh, bu sualı mənə buraya gələn çox qadınlar verir. Amma, siz o qadınlara oxşamırsınız. Gözləriniz deyir ki, siz çox məsum və ləyaqətlisiniz.
QADIN: (heyran-heyran mənzilə göz gəzdirməkdə davam edir. Əlilə divanın, stulun və ümumiyətlə yazıçının toxuna biləcəyi ehtimal olunan yerləri sığallayır). Minnətdaram!
XİDMƏTÇİ: Siz, bir neçə dəfə gecələr ağamın qonağı olmuşsunuz.
QADIN: Bəli, elədir.
XİDMƏTÇİ: Ağama sədaqətli olmaq mənim borcumdur. Ancaq sizə yalan danışa bilmirəm. Bu yaşda vicdan əzabı çəkmək çox çətindir.
QADIN: (həyacanla qırıq-qırıq danışır) Ba-ğış-layın, sizi na-rahat etdim.
XİDMƏTÇİ: (divanda əyləşir) Məncə, siz mənim ağama məftunsunuz.
QADIN: (utancaq) İlk gördüyüm gündən ona bağlanmışam.
XİDMƏTÇİ: Əgər siz mənim ağamın şöhrətinə vurulmuşsunuzsa, yanılırsınız. Ağam şöhrətini heç kəslə bölüşmək fikrində deyil.
QADIN: (səmimi) Şöhrəti olmasa da, mən onu sevirəm.
XİDMƏTÇİ: Yenə də yanılırsınız. Ağam həyatını kiməsə sərf etməyə hazırlaşmır.
QADIN: (çılğın) Amma, mən həyatımı ona qurban verməyə hazıram.
XİDMƏTÇİ: Xanım, ağam qurban tələb etmir. O, yalnız hərdən bir insanlarla əylənməyi xoşlayır.
QADIN: O, mənə söz verib ki…
XİDMƏTÇİ: Ağam «yox» deməyi bacarmır, lakin hərəkətlərində sərbəstdir.
QADIN: Siz sərt danışmağa cəhd edirsiniz.
XİDMƏTÇİ: Həyatın sərt üzünü görməkdən üzüm bərkiyib, xanım, indi mənim sözə yox, əmələ inanan vaxtımdır. Əyləşin, sizə qəhvə gətirim, həm də zənbildəkiləri yerbəyer edim (zənbili götürüb yan otağa keçir).
QADIN: Xidmətçinin dediklərində bəlkə də həqiqət vardır. Amma, hər bir adamın ayrı-ayrı insanlara münasibəti fərqlidir. Elə qoca xidmətçi da buraya gələn qadınlara eyni gözlə baxmır. (otaqda o yan - bu yana gəzib hər bir əşyaya diqqətlə baxır). Buranın hər bir cizgisini gözlərimə və yaddaşıma köçürmək istərdim. (Güldanı əlinə götürür) Həmin güldandır, amma içərisində gül yoxdur.
XİDMƏTÇİ: (əlində qəhvə dolu fincan daxil olur) Xanım, əgər güldanımız boşdursa, deməli ağam səfərdədir. Gəlin əyləşin, isti qəhvə için!

Qadın güldanı yerinə qoyub stulda oturur və fincandan bir qurtum qəhvə içir.

Ananızı xatırlayıram. O, işgüzar və səliqəli qadın təsiri bağışlayırdı.Elə qadınlar ailəcanlı olur.

QADIN: Bəli, anam indi ikinci ərilə İnsburqda yaşayır.
XİDMƏTÇİ: Elə siz də ananız kimisiniz. Yəqin istəyirsiniz ki, sevdiyiniz kişi məhz sizə məxsus olsun. (Qadın başı ilə təsdiq edir). Amma, mənim ağam ailə adamı deyil. Tez-tez dəyişdiyi qadınlar ona yalnız məşuqə kimi lazımdır.
QADIN: (kənara) Mən onun məşuqəsi də olmağa razıyam. Təki o, məni unutmasın, hər görəndə dərhal tanısın, bilsin ki, mən də bu həyatda varam (xidmətçiyə) Üzr istəyirəm, ağanızın gəlməyi nə vaxta gözlənilir?
XİDMƏTÇİ: (çiyinlərini çəkir) Ağam heç özü də bilmir nə vaxt gələcək. Bu, onun kefindən asılıdır.
QADIN: Salamat qalın, dəvətə görə minnətdaram!
XİDMƏTÇİ: Xoş getdiniz, xanım! (qadın gedir) O, bəlkə də gecə-gündüz ağam barədə düşünür. Ağam isə yəgin ki, bu xanımın ağlına gəlməyən bir yerdədir. (divanda oturur) Eh, hayıf ki, bu xanım barədə ağama heç nə deyə bilməyəcəm. Ağam, onun hər hansı işinə qarışmağı mənə qadağan edib.

İşıqlar dəyişir.

QADIN: Görəsən vaxtilə ağ güllər bağışladığın qadını heç yada salırsanmı? Mən yalnız qaranlıqlar içərisindən o gülləri sənə uzatmaqdan, ildə bir dəfə o saatları sənə xatırlatmaqdan başqa heç nə istəmirdim. Mən sənə hər yerdə, teatrlarda, konsertlərdə, küçədə rast gəlirdim. Hər dəfə də ürəyim yerindən oynayırdı. Lakin mənə tərəf baxmırdın. Axı zahirdən dəyişmiş, ürkək uşaqdan oturuşmuş qadına çevrilmişdim… Hər saat, hər an sənə qovuşmağa tələsirdim.
Bu saat, bu an doğrudan da gəldi. Təqribən bir il bundan əvvəl, sənin ad gününün sabahı. Pərəstişkarım, özümü və oğlumu hədiyyələrə qərq edən, ərə getməyə etiraz etdiyim varlı gənc fabrikantla restoranda bir yerdə idim. Başımızda dostlarımız da vardı. Yeyib-içib şənlənirdik. Birdən yerimdə qurudum. Dostlarınla birlikdə yanaşı masalarından birinin arxasında oturmuş, heyrət və istək dolu nəzərlərlə, həmişə varlığımı sarsıdan baxışlarınla məni süzürdün. On ildən bəri ilk dəfə böyük məftunluqla mənə baxırdın. Baxışların getdikcə daha davamlı olur və məni oda salırdı. Görəsən, məni tanımışdınmı, yoxsa məni yeni, özgə, yad qadın kimi ələ gətirmək arzusu ilə odlanırdın? Heç kəs hiss etmədən baxışının hərəkətilə işarə etdin ki, bir anlıq vestibülə çıxım.
Təsadüfən, elə bu an bir cüt zənci ayaqlarını yerə vura-vura və qulaqbatırıcı qışqırıqlarla yeni, qəribə rəqs havası ifa etməyə başladı, hamı nəzərlərini onlara zillədi. Mən fürsətdən istifadə edib ayağa qalxdım və aşnama tez gələcəyimi söyləyib sənin ardınca çıxdım.

İşıqlar dəyişir.

Restoranın vestübülü. Qapı açılıb-örtüldükcə gur musiqinin səsi artıb-azalır. Gözləri parıldayan kişi həyacanla qadını gözləyir. Qadının gəldiyini görüncə ona sarı cumur.

KİŞİ: Sizə heyran olmamaq mümkün deyil. Siz çox qəşəngsiniz.
QADIN: (kənara) Yenə məni tanımadı.
KİŞİ: Mənim üçün bir saat vaxtınız olarmı?
QADIN: Bəli. (kənara) Yenə o, məni bir gecəlik qadınlara oxşatdı.
KİŞİ: Bəs nə vaxt görüşə bilərik?
QADIN: (nisbətən laqeyd) Nə vaxt istəsəniz.
KİŞİ: İndi olarmı?
QADIN: Olar.
KİŞİ: Onda buyurun gedək!
QADIN: (kənara) İlahi, mən «Yox!» deyə bilmirəm. Bəlkə o, məni tanıyacaq?
KİŞİ: Bayırda bizi maşın gözləyir.
QADIN: (inamla) Gedək!

Onlar çıxış qapısına tərəf addımlayırlar. Birdən qadın dayanır.

KİŞİ: (yalvarıcı tərzdə) Ümid edirəm ki, fikrinizi dəyişməyəcəksiniz?
QADIN: Mənim paltom buraya birgə gəldiyim cənabın paltosu ilə eyni nömrəli asılqandan asılıb, nömrə isə ondadır.
KİŞİ: (çaş-baş qalır, öz-özünə) Əcəb işə düşdük!
QADIN: (kənara) Mən bu gedişimlə öz kavalerimi, gənc fabrikant dostumu, xeyirxah bir insanı amansız təhqir edirəm. Bu gülünc və yersiz hərəkət yəqin ki, mənə baha başa gələcək. Bu nankorluqdur. Lakin, öz sevgimə qovuşmağa fürsət tapdığım zamanda hərəkətlərimi saf-çürük etməyə dəyərmi?
KİŞİ: Xanım, mən öz paltomu sizin çiyninizə salaram. Qorxmayın, qoymaram sizə soyuq dəysin. (paltosunu əynindən çıxarıb qadının çiyninə salmağa cəhd edir)
QADIN: (əlilə paltonu kənar edir) Lazım deyil, şalıma bürünərəm, gedək!
KİŞİ: Buyurun, Xahiş edirəm!

İşıqlar dəyişir.

Qadın divanda əyləşib. Hiss olunur ki, yuxudan indicə ayılıb. Təəssüfqarışıq sevinc içindədir.

QADIN: Ah, necə də xoşbəxt bir gecə keçirdik. O, mənə, gecə restoranından gətirdiyi qadına qarşı elə nəzakətli, elə diqqətli, elə səmimi idi ki… Eyni zamanda qadından zövq almaqda mahir və ehtiraslı… Mənə yenidən nəsib olmuş keçmiş səadəti, hələ yeniyetmə ikən əsiri olduğum duyğuları yenidən yaşadım. (pauza) Ah, görəsən bu gecə mən kim idim? Sevgi oduna yanan neçə illər əvvəlki qızmı, onun uşağının anasımı, yoxsa yad bir qadınmı? Ah, bu ecazkar gecədə hər şey elə tanış, elə köhnə və yenidən ləzzət verəcək dərəcədə təzə idi ki… Allahdan istəyirdim ki, gecə qurtarmasın…

Kişi əlində padnos, padnosda iki fincan qəhvə daxil olur. Qadın yerindən durur.

KİŞİ: (gülə-gülə) Xidmətçidən padnosu alıb özüm gətirdim. Gözəl xanıma şəxsən qulluq etmək istədim. (padnosu stolun üstünə qoyur) Gəlin, qəhvə içək!
QADIN: Təşəkkür edirəm!
KİŞİ: Heç sizin adınızı soruşmadım…
QADIN: (yarızarafatla) Bir gecəlik qadının adını niyə soruşursunuz? Onsuz da onu unudacaqsınız, yadınızda qalmayacaq.
KİŞİ: Düzü, qadınların adları yadımda qalmır.
QADIN: Bircə «Luiza» adından başqa…
KİŞİ: (sevincək) Sizin adınız Luizadır? İndicə sizi bu adla çağırmaq istəyirdim.
QADIN: Bəlkə sizin üçün «Luiza» adı «qadın» sözünün sinonimidir. Bəlkə bütün gözəl qadınlar Luizadır?
KİŞİ: Siz indi bütün gözəl qadınları əvəz edirsiniz.
QADIN: Görəsən, sual etməyə haqqım varmı: Bu əvəzedicilik nə qədər davam edəcək?
KİŞİ: (kənara) Əhsən! Məşuqə rolunu axıra qədər oynayır, görünür çox pul qoparmaq fikrindədir. (Qadına) Məni vəd verməyə vadar edirsiniz.
QADIN: Sizi fikrinizdən döndərmək müşkül məsələdir. Həmişə inadkar olmusunuz, lap uşaqlıqda da…
KİŞİ: (təəccüblə) Sizə uşaqlığımdan kim danışıb?
QADIN: (dalğın) Uşaqkən ananızın iradəsinin əksinə olaraq vasvasılıq edər, hər yeməyi yeməz, hər paltarı geyinməzdiniz.
KİŞİ: Tutaq ki, doğru deyirsiniz.
QADIN: Bəzən yaşınıza yaraşmayan sözlər danışar, öz otağınıza çəkilərək saatlarla cınqırınızı çıxartmazdınız.
KİŞİ: Mən ki, bunlar barədə yazmamışam.
QADIN: Seçilmək, diqqəti cəlb etməkdən ötrü ətrafınızdakıları incitməkdən çəkinmirdiniz.
KİŞİ: Ətrafımdakıların sanki məndən xəbəri yoxdu.
QADIN: Bu, sizə əzab verirdi. Bəzən hikkədən gözləriniz dolur, ananıza qısılıb xısın-xısın ağlayırdınız.
KİŞİ: Məni anam da axıra qədər başa düşmürdü.
QADIN: Sizə elə gəlirmiş. O, sizi bəzi şeylərdən çəkindirsə də, dikbaş oğlu ilə fəxr edirdi. Desəm ki, hətta küsüb evdən qaçmağınız da olub…
KİŞİ: (heyrətlə) Olub. Bir dəfə küsüb evdən qaçmışdım. Bir neçə ilə xırda-xırda yığdığım pullar da cibimdə idi. Bilet alıb qonşu şəhərə gedən qatara minəndə polis məni yaxaladı və gətirib valideynlərimə təhvil verdi. (Pauza) Təxəyyülünüz güclüdür.
QADIN: Mən gördüklərimi deyirəm.
KİŞİ: Keçmişi görə bilirsiniz?
QADIN: (fikirli) Bugündən danışıram.
KİŞİ: Mənim ki, uşaqlığım keçmişdə qalıb.
QADIN: Yox! Hər gün uşaqlığınızı görürəm.
KİŞİ: Mən falçılara inanmıram.
QADIN: Mən falçı deyiləm.
KİŞİ: Bu söhbətləri boşlayın (onu öpür). Siz çox məlahətlisiniz. (Kənara) İncə ruhludur. Hissə qapılıb, ona elə gəlir ki, mənə vurulub. Görünür onunla rəftarımda həddimi aşmışam. (Qadına) Gəlin, ovqatımızı korlamayaq. Mən bu gün iki-üç aylığa şimali Afrikaya səyahətə yollanıram.

Qadın ayağa durub stoldan aralanır.

QADIN: (həyəcanla kənara) Ah, indi necə də fəryad qoparardım. Sənə yalvarardım ki, noolar, məni də özünlə apar, noolar, uzun illərdən sonra nəhayət məni tanı! Hər dəfə mənimlə təzədən tanış olub, təzədən unudursan. (qadın özünü ələ alır) Ayrılmağımıza təəssüflənirəm!
KİŞİ: Doğrudanmı təəssüflənirsiniz?
QADIN: Mənim bir zaman sevdiyim də tez-tez səfərə çıxardı…
KİŞİ: Bəlkə siz düşünürsünüz ki, mən gedərgəlməzə gedirəm.

Qadın susur. Kişi onun könlünü almağa çalışır və ona şeir oxuyur.

Mən gedərgəlməzdən qayıda bilsəm,
Dur çıx yol üstünə, gedən gələr də.
Mən gedərgəlməzdən dönməyib ölsəm,
Üzülmə, birdənəm, adam ölər də…

Ha…ha…ha… üzülməyin, gözəl xanım.
QADIN: Siz səfərdən qayıdana qədər məni unudacaqsınız.
KİŞİ: Şıltaqlığınız da varmış. (Qadının pırtlaşıq saçlarını sığallayıb onu öpür).
QADIN: İndi sizin üçün mən kiməm?
KİŞİ: (zarafatla) Kimliyinizi bilmək üçün sizi ən azı bir saat sorğu-suala tutmalıyam. Buna isə vaxt yoxdur. Mən yola hazırlaşmalıyam.
QADIN: (kənara) Axı, mən niyə sizin əsirinizəm? Niyə? Niyə?

Qadın pərt halda güzgünün qabağında saçlarını darayır. Kişi cibindən bir dəstə pul çıxarıb qadının divanın üstündəki əl çantasına basır. Qadın güzgüdən bunu görür.

(kənara) Mənə, səni dəlicəsinə sevən bir adama, doğma balanın anasına bu gecə üçün pulmu verirsən? Görünür, sənin üçün fahişədən başqa bir şey deyiləm. Unudulduğum bəs deyilmiş, hələ alçaldılmalıyam da…

Qadın cəld yığışıb getmək istəyir, birdən güldandakı güllərə baxıb dayanır və bir anlıq fikrə gedir.
(kənara) Mənim seçdiyim güllər, dünən sizi sevgilimin ad gününü təbrik üçün göndərmişdim. Gülsatan güllərini elə tərifləyirdi ki… Deyirdi, bu güllər bütün ürək sözlərinizi sevgilinizə çatdıracaq. Ah, siz də mənim kimi könlünüzdəkiləri dilinizə gətirə bilmirsiniz.
(güllərə işarə ilə kişiyə)
Bu güllərdən birini mənə vermək istəməzdinizmi?
KİŞİ: (güldandan bir gül götürüb qadına uzadır) Məmnuniyyətlə! Buyurun!
QADIN: Hesab edəcəyəm ki, bu gülü mənə göndərmisiniz.
KİŞİ: Siz zərifsiniz. Gecəmizdən məmnun qaldım.
QADIN: Bəlkə güldandakı gülləri sizə sevən bir qadın bağışlamışdır?
KİŞİ: Onları kimin göndərdiyini bilmirəm.
QADIN: Bəlkə onlar unutduğunuz bir qadının hədiyyəsidir?
KİŞİ: (gülümsəyir) Çətin sual verirsiniz.
Qadın «Of!!!» deyərək qapıya sarı cumur.

İşıqlar dəyişir.

Qadın onunla üz-üzə gələn xidmətçi ilə yüngülcə toqquşur.

XİDMƏTÇİ: Salam, xanım, həyəcanlısınız… bəlkə ağam xətrinizə dəyib. Axı, keçən dəfə mən sizə dedim ki…
QADIN: (o çantasından kişinin verdiyi pulları çıxarıb xidmətçinin ovcuna basır).
QADIN: Bu pulları sizə bağışlayıram!
XİDMƏTÇİ: Xanım…
Xidmətçi gedən qadının arxasınca baxır.

İşıqlar dəyişir. Qadın təkdir. Büzülüb yerdə oturub. Ətrafında şamlar yanır.

QADIN: Bütün insanlar məni xatırlayır, əzizləyirdilər, hamı mənə qarşı mehriban idi, sən, yalnız sən məni unutmuşdun, yalnız sən, təkcə sən məni tanımadın ki, tanımadın!.. Daha yaza bilmirəm… bütün əzalarım ağrıyır… Əlvida, əzizim, əlvida, bütün məhrumiyyətlərə baxmayaraq mən sənə minnətdaram… son nəfəsimə qədər də minnətdar olacağam… sən artıq bilirsən, yox, təsəvvür edirsən ki, mən səni necə sevirdim… Yaxşı, bəs kim məndən sonra ad günündə həmişə sənə ağ güllər göndərəcək?! Güldan boş qalacaq… Heç olmasa ildə bir dəfə səni oxşayan yüngül nəfəsim daha sənə çatmayacaq! Səndən xahiş edirəm… bu mənim səndən ilk və son xahişimdir. Mənim xatirimə hər ad günündə – axı bu elə gündür ki, adam istər-istəməz özünü düşünür – ağ gül alıb güldana qoy. Başqaları öz əziz ölülərinin ruhuna ildə bir dəfə dua oxudan kimi sən də bunu elə. Mənsə dua-filan istəmirəm. Mən yalnız sənə etiqad edir, yalnız səni sevir, ildə bir dəfə, lal sükut içərisində səninlə yanaşı ömür etdiyim kimi, qəlbində qərar tutmaq, qəlbində yaşamaq istəyirəm. Rica edirəm, dediyimi edəsən… bu mənim səndən ilk və son xahişimdir… mən səni sevirəm, sevirəm… əlvida… (şamları söndürür).

İşıqlar yanında kişi kresloda oturub son vərəqi oxuyub qurtarır. Ayağa durub siqaret yandırır. Bir qullab vurub qeyri-ixtiyari guldana baxır.

KİŞİ: Güldan boşdur.

O, öz səsindən diksinir. Və ilk dəfə olaraq soyuqluq hiss edir bədənində. Ətrafı kölgələr bürüyür. Və sanki ilk dəfə o keçən günlərini xatırlamağa çalışır.

Axı, o, hansı qadın idi?!

İşıqlar sönür


Pərdə
Son
2005